İÇİNDƏKİLƏR
Con D.Sallivan
ÖN SÖZ
Kolin Meyer
BAZAR VƏ KEÇİD DÖVRÜ İQTİSADİYYATI ŞƏRAİTİNDƏ KORPORATİV İDARƏETMƏ
Marek Hessel
KORPORASİYANIN DİREKTORLAR ŞURASI: NÜMAYƏNDƏLİK VASİTƏSİLƏ NƏZARƏT
QOŞMA 1
QOŞMA 2
QOŞMA3
KORPORATİV İDARƏETMƏ
Bu kitabça 1996-cı ildə Moskva şəhərində nəşr olunmuş «Korporativnoe upravlenie» kitabında dərc edilmiş bir sıra seçilmiş məqalələrin tərcüməsini özündə əks etdirir.
Yuxarıda adı çəkilən kitab keçid iqtisadiyyatlı ölkələrdə səhmdar cəmiyyətlərinin idarə edilməsi problemlərinə həsr olunub. Kitabın müəllifləri korporativ münasibətlər sahəsində aparıcı qərb mütəxəssisləridirlər. Bu kitab, əslində menecerlər üçün təlimat rolunu oynayan idarəetmə üzrə çoxsaylı kitablardan fərqli olaraq direktorlar şurasının və səhmdarların, yəni şirkətin mülkiyyətçilərinin maraqlarını təmsil edən səhmdar cəmiyyətinin digər qurumlarının vəzifələrinə və əməli işinə həsr olunub.
Kitabın tərtibatçısı və tərcüməçisi
Kitabın kompüter tərtibatçısı
Assistent
ÖN SÖZ
Kommunist rejiminin dağıldığı beş il müddətindən sonra yeni yaranmış demokratik ölkələrin qarşısında geniş və mürəkkəb məsələlər hələ də durmaqdadır. Qərbin bəzi dairələrində bunun əksinə olan fikirlərin mövcudluğuna baxmayaraq, gənc demokratiyaların yeni əldə etdikləri siyasi və iqtisadi azadlıqlar hələ də institutlaşdırılmayıb. Bunun nəticəsində inanılmaz görünən fenomen meydana gəlib: keçmiş kommunist ölkələrində bazara doğru ümidverici hərəkətlər tərəddüdlü baş verir və bu, siyasi və iqtisadi azadlıqlar möhkəmlənənə qədər davam edəcəkdir.
Özəl sektorun təşəkkül etdiyi yol bu keçidin təyinedici mühüm əlamətidir. Lakin bu, baş verən proseslərin çoxsaylı tərəflərinin yalnız bir hissəsidir. Siyasi planda gənc demokratiyaların qarşısında siyasi azadlıqlar ilə bu azadlıqların onlar üçün təhlükəli olan daxili təzyiqlərdən qorunması zərurəti arasındakı lazımi balansın tapılması məsələsi durur. Sosial planda isə onlar cəmiyyəti birləşdirməli, iqtisadiyyatın bütün səviyyələrində iqtisadi artımı təmin etməli, əhalini rifahlı gələcəyin yalnız bazar iqtisadiyyatı ilə bağlı olduğuna inandırmalıdırlar. Və nəhayət, demokratiyanın möhkəmləndirilməsi məlumatlılığı və yeni biliklərin əldə olunmasını tələb edəcəkdir. Gənc demokratiya ilə bazar iqtisadiyyatının uğura nail olması və möhkəmlənməsi yeni siyasi və iqtisadi sistem qarşısında duran təzə və geniş məsələlərin dövlət rəhbərləri tərəfindən həll edilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
Gənc demokratik ölkələrin (və onlara yardım səyləri göstərən qərbdəki yeni müttəfiqlərinin) əsas diqqətinin ən əvvəl dəyişikliklərin ictimai münasibətlərə aid olan aspektlərinə yönəldilməsi təəssüflər doğurur. Bura ədalətli və səmərəli seçki sisteminin yaradılmasını, şəxsi hüquqların müdafiəsini təmin edən qanunvericiliyin işlənib hazırlanmasını, kommunist üsul-idarəsinə xas olan inzibati sistemin aşkarlanması və sökülməsini, hərbi sektorla onun mülki rəhbərliyə hesabatlılığını təmin edən yeni münasibətlər sisteminin qurulmasını daxil etmək olar.
Bu tədbirlərin hamısı çox mühüm və vacibdir, lakin onlara görə özəl sektorun təşəkkülü məsələlərinə az diqqət ayrılıb. Doğrudur ki, iqtisadi azadlığın zəmanətçisi olacaq özəl sahibkarlığın inkişafının zəruriliyi əhval-ruhiyyəsi üstünlük təşkil edir. Buna baxmayaraq, dünyada bir çox insanlar daxilən hesab edirlər ki, özəl sahibkarlıq sisteminin uğuru ən əvvəl biznesin aparılmasının etik normalar kodeksinin şüurlu surətdə qavranılmasından çox asılıdır. Bu, həmin məsələyə maarifçi yanaşmanı tələb edir. Beləliklə, keçmiş kommunist ölkələrində azadlığın bərqərar olması yalnız demokratik siyasi sistemin təsisi deyil, həmçinin gəlirin təmini, eləcə də insanlar arasında ciddi münasibətlər üçün zəruri olan korporativ etika və davranış normalarına hörmətə əsaslanan özəl sektorun iqtisadiyyatda inkişafı deməkdir.
Mərkəzi və Şərqi Avropanın gənc demokratik dövlətləri öz iqtisadiyyatlarının mühüm hissəsinin özəlləşdirilməsi işində yaddaqalan uğurlara nail olublar və hal-hazırda çoxmilli korporasiyaların əksəriyyətindən kapital oraya yönəlib. Orada özəl müəssisələrin miqdarı həndəsi silsilədə artır. Lakin bu artım həmin ölkələri səhmdar cəmiyyətlərinin idarəedilməsinin məsuliyyət və iqtisadi uğuru təmin edən üsullarının tapılması zərurəti qarşısında qoyub.
Mərkəzi və Şərqi Avropa ölkələri bu vəzifəni yerinə yetirdikləri zaman direktorlar şurasının rolunun qavranılması üzrə artan zərurət ilə üzləşəcəklər. Bu dolğun məzmunlu kitabda göstərilib ki, direktorlar şurası əksər hallarda qanunverici orqanın ekvivalenti olur. Onun üzvləri uzunmüddətli proqramlar qəbul edir və həmin proqramların korporasiyanın idarəetmə aparatının heyəti tərəfindən icrasına nəzarət edir. Parlament kimi, korporativ şura da təmsilçilik funksiyaları daşıyır. O, bu zaman səhmdarların maraqlarının qorunmasını və korporasiyanın idarəedilməsi üzrə səhmdarların nöqteyi-nəzərini əks etdirən qərarların qəbulunu təmin edir.
Bu səpgidə uğurlu korporasiyalar demokratik model üzrə fəaliyyət göstərirlər. Bu modelə görə menecerlər səhmdarların maraqları naminə fəaliyyət göstərməli, direktorlar şurası isə bunu təmin etməlidir. Buna baxmayaraq, hər bir uğurlu lider aldığı mandat ruhundakı seçkilər günü cavabdeh olacağı qərarları operativ qəbul etməsi üçün müəyyən fəaliyyət azadlığına malik olmalıdır. Lakin korporasiyalar birbaşa demokratiyanın bu cür nümunəsi üzrə tam fəaliyyət göstərə bilməzlər. Səhmdarlar tərəfindən menecerlərə səlahiyyətlərin verilməsi və etimadın göstərilməsi son dərəcədə zəruridir. Əks halda menecerlər şuranın qəbul etdiyi ümumi strategiyaya cavab verən qərarları operativ qəbul edə bilməzlər.
Son nəticədə hər bir strategiya yalnız hesabatlılığa və məsuliyyətə əsaslandıqda işləyir. Öz səhmdarlarının ümidlərinə uyğun olaraq müəssisələrinin artımını təmin etməyə qabil olmayan menecerlər səhmdarlarda və direktorlar şurasında narazılıq doğurur. Korporasiyanın idarəedilməsindən narazı olan səhmdarlar isə öz səhmlərini bazarda sata bilər və şirkətin kapitalının artmaması və hətta azalması barədəki şübhələrini bu tərzdə aydın göstərmiş olar.
Gənc demokratik ölkələr öz koroporativ quruluşlarını islah etdikcə dövlət və korporativ idarəetmələri arasındakı paralellik daha çox təzahür edəcək. Aşağıdakı mərkəzi sual doğur: korporasiya eyni zamanda hesabatlılıq prinsipinin rolunu artırmaqla öz səmərəliliyini hansı üsulla qoruyub saxlaya və artıra bilər? Bu kitabın müəllifləri həmin dilemmanın həlli üçün korporasiyanın, xüsusən də onun direktorlar şurasının quruluşunun çox əhəmiyyətli olması mülahizəsinin xeyrinə müxtəlif dəlillilər gətirirlər.
Beləliklə bu kitabda gənc demokratik dövlətlərin qarşılaşdığı özlüyündə çox mühüm olan məsələyə baxılır: özəl sahibkarlıq azad cəmiyyətin ayrılmaz bir hissəsi olduğuna görə, bu sahədəki uğur, yaxud itkilər demokratiyanın möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edə bilər. Azad cəmiyyətdə korporasiyanın rolu həmişə çox əhəmiyyətli olacaqdır. Onun iş yerlərinin yaradılması, məhsul və xidmətlərin istehsalındakı rolunu digər heç bir institut öz üzərinə götürə bilməz. Buna görə də, həm işgüzar adamlar, həm siyasətçilər və eləcə də gənc demokratik dövlətlərin rifahının asılı olduğu şəxslərin hamısı korporasiyaların qurulmasına xüsusi diqqət yetirməlidirlər.
Bütün yuxarıda deyilənlər göstərir ki, gənc demokratik cəmiyyətlər korporasiyaların və onların quruluşunun problemlərinə Qərbdə bu sahədə toplanmış müsbət nəticələrdən istifadə edərək və bəlkə də orada mövcud olan korporativ idarəetmə modellərini təkmilləşdirərək yaradıcı yanaşmalıdırlar.
Gənc demokratik cəmiyyətlər öz korporativ idarəetmə sistemlərini yaratmağa başladıqları zaman onlar siyasi və iqtisadi azadlıqları təmin edən institutların yaradılması və möhkəmləndirilməsi yolu ilə irəliləyirlər. Həmin azadlıqlar isə bəşəriyyətin bütün tarixi boyu onun irəliyə inkişafının şahidi olmuşlar.
Con D.Sallivan
Özəl sahibkarlığın inkişafı üzrə
Beynəlxalq mərkəzin icraçı direktoru
Dostları ilə paylaş: |