İnstitusional investorlar
Nəzarət funksiyalarının daha fəal icrası üçün institusional investorlar daha yaxşı vəziyyətdədirlər. ABŞ-da institusional investorlara məxsus olan ümumi səhmdar kapital korporasiyaların məcmu kapitalının 60%-nə yaxınlaşır, bəzi nəhəng şirkətlərdə isə bu rəqəm daha iridir. Bundan əlavə, belə investorlar fərdi investorlardan fərqli olaraq səhmlərin iri zərfinin sahibidirlər və onların sərəncamında olan səhmdar kapitalı çox yüksək dərəcədə təmərküzləşibdir. Səksəninci illərin sonunda əlli iri institusional investor korporasiyaların məcmu səhmdar kapitalının 27%-nə və Amerikanın yüz nəhəng şirkətinin bundan ikiqat çox sayda səhmlərinə (kurs dəyəri üzrə) sahib olublar. «Standard ənd Puers»in siyahısına daxil olan 500 şirkətin səhmlərinin 34%-i iyirmi institusional investora məxsus olub.
Ayrıca bir xüsusi qrup kimi institusional investorların korporasiyanın fəaliyyətinə fəal nəzarətlə məşğul olmaq üzrə həm əsasları və həm də imkanları var. Buna baxmayaraq bu yaxın zamanlara qədər onlar da fərdi səhmdarlar kimi qeyri-fəal olublar. Xüsusilə də direktorlar şurasının işində birbaşa iştirak edərək korporasiya üzərində nəzarət məsuliyyətini öhdələrinə götürməkdən boyun qaçırırdılar. Son zamanlar institusional investorların fəallığının artması, xüsusilə də təqaüd fondlarının fəaliyyətinin geniş reklam edilməsi səhmlər üzərində institusional sahiblik probleminə ictimaiyyətin diqqətini cəlb edib. İri zərflərin sahibi olan iri investorların korporasiyanın menecmentinə göstərdiyi təsir iki məqamla (şərtlə) bağlıdır. Birincisi, korporasiyanın fəaliyyətinə nəzarət işində iri institusional investorların əsaslandığı dəlillər, iri fərdi investorları elə bu işi görməyə təhrik edən dəlillərlə hansı dərəcədə eynilik təşkil edir və bu iki tip investorun imkanları hansı dərəcədə biri-birinə oxşardır? İkincisi, əgər şirkətlərin menecerləri institusional investorların maliyyə menecmentinə hesabatlıdırsa, onda axırıncılar kimə hesabatlıdır?
Birinci sual fərdi və institusional investorların müxtəlif məqsədlərinin olması, müxtəlif norma və qaydalara tabe olması, özlərini müxtəlif cür aparması ilə əlaqədar meydana gəlir. İnstitusional investor istilahı öz mahiyyətinə görə özündə bir sıra bağışlama və investisiya fondları, banklar və təqaüd fondları kimi müxtəlif təşkilatları cəmləşdirən anlamdır. Bu təşkilatların hər birinin öz məqsədləri, məhdudiyyətləri vardır və onlara müvafiq fəaliyyət göstərir. ABŞ-da təqaüd fondları ən iri institusional investorlardır. Müxtəlif qiymətləndirmələrə görə korporasiyaların ümumi səhmdar kapitalının təxminən 40%-i onların sərəncamındadır. (Müqayisə üçün demək olar ki, həcminə görə ikinci yerdə duran investisiya institutu olan qarşılıqlı fondlar səhmdar kapitalın yalnız 8%-nə malikdir.) Bu səhmlərin təxminən yarısı korporasiyaların ciddi federal standartlarla idarə olunan təqaüd fondlarına məxsusdur. Bununla yanaşı, fondların və emitent-şirkətlərin arasındakı münasibətlərdə yaranan maraq konfliktləri səbəbindən bu fondların korporasiyaların idarəedilməsi işində iştirakı əslində mümkünsüzdür. Təqaüd fondunun menecerində öz hesablarındakı vəsaitlərin qorunması üzrə aşkar istək vardır, rəhbərlik isə bu müqavimətinə görə onu qovulma ilə də hədələyə bilər. Bütün bünlar maliyyə menecerlərini korporasiyanın fəaliyyətinə nəzarətdə fəal iştirak etmək arzusundan çəkindirməyə bilməz. Həqiqətən də, «etimadnamə uğrunda yarış» çərçivəsində dissidentlər əleyhinə mübarizədə təqaüd fondları menecmentə müxalif olmur və hətta onun tərəfini tutur.
ABŞ-ın təqaüd fondlarına məxsus səhmdar kapitalın təxminən üçdə birinə sahib olan ictimai təqaüd fondlarında bu kimi konfliktlər yoxdur. Buna görə də, korporasiyaların təqaüd fondlarına nisbətən onlar daha fəaldır və fəaliyyətləri daha aydındır. İctimai təqaüd fondları özləri təkliflərlə çıxış edir, yaxud səhmdarların təkliflərini müdafiə edir, menecmenti nəzarətin ötürülməsindən qoruyan təklifləri dəstəkləyir (lobbilik edir), eləcə də korporasiya fəaliyyətində islahatların təsir rolunun artmasına yönəlmiş təbliğatı dəstəkləyir. Bunula yanaşı, ictimai təqaüd fondlarının fəallığı ayrıca götürülmüş yox, əksər şirkətlər üçün səciyyəvi olan ümumi planlı problemlərdə cəmləşir. Kapital bazarının özünün həcmləri və təqaüd fondlarının aktivlərinin diversifikasiya dərəcəsi onların direktorlar şurası səviyyəsində korporasiyanın idarəedilməsində iştirakını məlum dərəcədə məhdudlaşdıran amillərdir. Amerikanın fond bazarında hətta iri institusional investorlar cırtdan şəklində görünür. Təqaüd fondlarının əksəriyyəti isə kapitallarını çoxlu sayda şirkətlərə qoymaqla öz aktivlərinin diversifikasiyasına nail olmağa səy göstərir . Bu isə korporasiyaya nümayişkaranə «tərketmə», yaxud «məlumatlı» səsvermə vasitəsilə fəal təsirin edilməsi məsələsini çətinləşdirir və fondların əksəriyyəti bu addımların heç birini atmır. Onlar bazara uyğunlaşmaq üçün öz səhmlərini indeksləşdirir, onu ram etməyə cəhdlər göstərmir və bununla da öz səhm çantalarından (porfel) qeyri-fəal istifadə edirlər.
Bununla yanaşı, təqaüd fondlarının idarəetmədə iştirak cəhdləri bir sıra məsələləri meydana gətirib, sahiblik və idarəetmə funksiyaları arasındakı fərqin aradan qaldırılması üçün onların həm məqsədəuyğun və həm də səmərəli vasitə kimi istifadə edilməsi üzrə problemləri yaradıb. Bu problemlər fondların siyasi təsirlərə məruz qalması məsələsinə mənsubdur. Özəl təqaüd fondlarından fərqli olaraq, ictimai təqaüd fondlarına ştatlar tərəfindən nəzarət edilir. Ştatlar onların investisiya siyasətini müəyyən hüdudlarda saxlayır (fondların edəcəyi investisiyalara münasibətdə) və direktorlar şurasının tərkibini təyin edir. Bu şuraların tərkibinə, adətən vəzifələrinə görə avtomatik üzv olanlar, fondun benefisiarlarının nümayəndələri və görkəmli şəxsiyyətlər daxildir. Şuranın tərkbinin belə qurulması maraqların ciddi konfliktinin yaranması üçün potensial səbəbdir. Çünki, adətən ştatın təyin etdiyi şəxslər eyni zamanda həm işverənləri, həm də muzdlu işçiləri təmsil edir və hakimiyyət tərəfindən siyasi təzyiqlərə yüksək dərəcədə məruz qalır. Onlar maliyyə çətinlikləri zamanı, ştat rəhbərliyində vəsaitlərə ehtiyacı olan yerli orqanların maliyyələşdirilməsi zərurəti yarananda və bu məqsədlə təqaüd fondlarına məxsus iri kapitalın istifadəsi siyasi cəhətdən xüsusilə cəlbedici olduğu zaman daha çox zəif olurlar. Bu kimi siyasi təzyiqlərə yetərincə misal çəkmək olar. Ən məşhur hadisələrin birində Nyu-York ştatı və şəhər təqaüd fondunun adı hallanır. Fond yaşayış binalarının tikintisi və biznesin inkişafı sahələrindəki layihələri maliyyələşdirməklə məşğul olan təşkilatlara maliyyə yardımını göstərməyə məcbur edilib. Belə ki, fond ştatın təzyiqi altında bu təşkilatların iflasdan can qurtarmaq üçün buraxdıqları istiqrazları almağa razılıq verib. Fondun vəsaitinin bu kimi istifadəsindən hiddətlənmiş şəhər həmkarlar ittifaqının liderlərindən biri qeyd edib ki, göstərilən təzyiq açıq-aşkar şantaj şəklində olub .
Siyasi təzyiq və siyasi nəzarət halında təqaüd fondlarının səbatsız vəziyyəti korporasiyaların fəaliyyəti üzərində nəzarət orqanı kimi institusional investorların səmərəliliyinə dair daha bir ciddi problemi üzə çıxarır. Bu, menecmentin investor-təşkilatlara hesabatlılıq problemidir. Fondların benefisiarlarının həyata keçirdiyi daxili nəzarət korporasiyalar üzərindəki nəzarətdən daha da məhduddur. Təqaüd fondları benefisiarlarının parçalanma və «xırdalanma» dərəcəsi iri korporasiyaların səhmdarlarınınkından az deyil. Bundan əlavə, şirkətin iri səhmdarının əvəzinə monitorinq üzrə xərcləri çəkmək istəyində olan digərinin tapılması çətin ola bilər. Korporasiyanın fəaliyyəti üzərində düşməncəsinə udulma (qəsb edilmə), «etibarnamələr uğrunda yarışlar», yaxud maliyyə bazarının təsirləri kimi nəzarət vasitələri həm nəzəri və həm də əməli cəhətdən çox az mövcud olur. Buna görə də, korporasiya çərçivəsində münasib olan adi hesabatlılıq mexanizmləri institusional investorlara münasibətdə ya imkan daxilində deyildir, ya da ki, səmərəsizdir .
Bununla yanaşı şübhəsiz ki, institusional səhmdar kapitalın həcminin artması korporasiyaya təsir üsulları olan «tərk etmə» - «səs vermə» dilemmasının daha çox axırıncının xeyrinə həll olunmasına vadar edir. Bir tərəfdən, investor-təşkilatlar kollektiv aksiyaların keçirilməsinə daha çox qadirdir. Digər tərəfdən, özlərinə məxsus kapitalın böyük itkisiz geri götürülməsinin mümükünsüzlüyü onları elə bu cür hərəkətə məcbur edir. Nəticədə, bu təşkilatların Amerika korporasiyalarının idarəedilməsində oynamalı olduğu və oynadığı rol son zamanlar yeni diqqət və müzakirə mərkəzinə çevrilib. Lakin korporasiyalar üzərində institusional investorlar tərəfindən nəzarətin həm tərəfdarları və həm də tənqidçiləri vahid bir rəylə razılaşıblar: onların fəaliyyət göstərdikləri siyasi mühiti nəzərə almadan, yalnız onların korporasiyaların menecmentini intizamlandırmaq qabiliyyətinə bel bağlamaq olmaz. Bu pis nəticələr verə bilər.
Dostları ilə paylaş: |