Kül olmuş şəhər
Xocalı toylu-düyünlü günlərini yaşayırdı. Buranın müəllimi, polisi, həkimi, mühəndisi də
öz yetirmələri idi. Xocalı günbəgün müasir şəhərə çevrilirdi. Böyüdükcə sanki ermənilərə dağ
çəkirdi. Şəhərin sayrışan işıqları gecələr erməni quldurlarının güllələrinin hədəfinə çevrilsə də,
gündüzlər ev-ev, məhəllə-məhəllə böyüyürdü. Qısa müddətdə əhalisinin sayı 7 mini keçmişdi.
Göyçədən, Zəngibasardan, Vedidən, Qarabağın doğma kəndləri - Daşbulaqdan, Ağbulaqdan,
Ballıcadan, Qışlaqdan, qədim Xankəndidən qovulan soydaşlarımıza ana qucağı olmuşdu Xocalı.
Fərqanədə faciələrlə üzləşən Ahıska türkləri də burada təsəlli tapmışdılar. Xocalı öz igidlərinin
qanı bahasına qorunsa da, yuxarıdan başlanan xəyanət, biganəlik, eləcə də marıqda dayanan
hiyləgər düşmənlər bu şəhərin ölüm tarixini yazdılar. İndi varlığı bir nağıla dönüb Xocalının.
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da yaradılmışdır. Sahəsi 0,97 min
kvadratkilometr, əhalisi 24417 nəfər idi. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi-
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində
yerləşirdi.
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (müvafiq
olaraq 2843 və 2827 metr). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Əsas çayları
Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Meşələri fısdıq, cökə,
ağcaqayın, qaraağac və digər ağaclar ilə dolu idi.
Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə
(XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid
nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə
(e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı
qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq,
şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar
edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar - Seyid
Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqar
çayının sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət
qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan
ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə
Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.
Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiristanlıq var idi. Burada 1400-cü illərə aid yazısı
olan qəbirlər, Kilsəli deyilən yerdə alban məbədi, 800 il əvvələ təsadüf edilən müsəlman
qəbiristanlığının qalıqları, alban pir-ocaqları və başqa tarixi abidələr mövcud idi. Rayonun
Kosalar kəndinin ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı Piri", "Ələm ağacı"
ziyarətgahları və daş qəbirlər ulu keçmişimizdən xəbər verirdi. Rayonun Meşəli kəndi ərazisində
- Meydan yaylağında müqəddəs ziyarətgah "Seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı),
"Yeddi kilsə" (alban kilsəsi), bundan əlavə 4 yerdə alban kilsəsi var idi.
Ermənistanın işğal etdiyi Xocalı rayonunun tarixi, mədəni, şəhər və kəndləri dağıdılmışdır.
Xocalı şəhərinin ən qədim qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli
kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, Meşəlidəki "Seyid qəbri", ümumilikdə 1 şəhər, 1
qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil
müəssisəsi. 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. yerlə-yeksan
olunmuşdur.
Erməni barbarlığı Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. On yeddi ildir ki, bu
dağın acısını çəkirik. Bir vaxt yurdumuzda Xocalı adlı füsunkar şəhər var idi. İndi yerində özü
boyda xarabalıq qalır.
Zəkurə Quliyeva
Azərbaycan.-2009.-24 fevral.-S.6.