MƏlumat və TƏBLİĞat məSƏLƏLƏRİ



Yüklə 36,78 Kb.
tarix06.09.2017
ölçüsü36,78 Kb.
#29080
MƏLUMAT VƏ TƏBLİĞAT MƏSƏLƏLƏRİ

Səfirliyimiz  tərəfindən 2014-cü il ərzində  iş planına uyğun olaraq məlumat və təbliğat məsələləri sahəsində müvafiq işlər görülərək, Bolqarıstanın aparıcı KİV-ində ölkəmizlə, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirilmiş, radio və televiziya kanallarına müsahibələr verilmiş və müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. Səfirliyimizin  vebsaytında daim ölkəmizlə bağlı maraq kəsb edən məlumatlar yerləşdirilmiş,  ölkəmizin daxili və xarici siyasəti ilə, eləcə də Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü, erməni vəhşilikləri ilə bağlı Mərkəzdən daxil olmuş materiallar və Səfirliyimiz tərəfindən hazırlanmış həftəlik xəbərlər bülletenləri və press-relizlər Bolqarıstanın dövlət və özəl qurumlarına, ölkədə akkreditə olunan diplomatik korpusa və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir. Bununla yanaşı bu istiqamətdə iki ölkənin  KİV-ləri arasında əlaqələrin genişlənməsi üçün, Bolqarıstanın aparıcı  KİV-nin rəhbərləri ilə çoxsaylı görüşlər keçirilmiş,  onların ölkəmizə səfərləri təşkil edilmiş, eləcə  də iki ölkənin KİV-ləri arasında əməkdaşlıq haqqında yeni sənədlərin imzalanması istiqamətində müvafiq işlər görülmüşdür.

Bolqarıstanın KİV-in nümayəndələrinin Azərbaycana səfərləri:

2014-cü ilin iyun ayında Bolqarıstanın ən nüfuzlu qəzetırindən biri olan “Duma” qəzetinin mühbiri Milena Nikolova Bakı şəhərinə səfər etmişdir.



2014-cü ilin 01-03 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə “Bolqarıstan” Media holdingin icraçı direktoru cənab İ.Mihalev Bakıya səfər etmişdir.
Bolqarıstanın nüfuzlu KİV-nin rəhbərləri ilə keçirilmiş görüşlər:



  • Cari ilin 28 yanvar tarixində Səfir E.Kərimovun Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Dnevnik” qəzetinin  Baş redaktoru xanım D.Popova və “Trud” qəzetinin yeni təyin olunmuş Baş redaktoru İ.Mixalev  ilə ayrılıqda görüşləri keçirilmişdir. Gorüşlər zamanı Səfir E.Kərimov qarşı tərəfə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti, xarici siyasəti, mədəniyyəti, aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, dövlətimizin beynəlxalq arenadakı rolu, ikitərəfli əlaqələr, eləcə də iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri haqqında ətraflı məlumat vermişdir. Bununla yanaşı Səfir E.Kərimov ölkəmizdə fəaliyyət göstərən tanınmış KİV-lər barədə qarşı tərəfi məlumatlandıraraq, Azərbaycanla Bolqarıstan arasında hərtərəfli sıx əlaqələrin genişləndirilməsi üçün və dövlətimiz haqqında dəqiq və dolğun məlumatların Bolqarıstan ictimaiyyəti arasında yayılması istiqamətində bolqar KİV-nin oynadığı vacib rolun əhəmiyyətini xüsusi vurğulamışdır. (Səfirliyinin SSOF/040/14 saylı, 28.01.2014-cü il tarixli məktubu)




  • Cari ilin 25 fevral tarixində Xocalı  soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı Səfirliyimizdə Səfir E.Kərimovun Bolqarıstanın ən iri KİV-nin (“Trud”, “24 Çasa”, “Teleqraf”, “Darik”, “Novinar”, “BTA”, “Standart”, “BNR” və digər) rəhbərləri və məsul əməkdaşlarının iştirakı ilə görüşü keçirilmişdir. Görüşdə Səfir E.Kərimov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ həqiqətləri, münaqişənin kökləri, tarixi faktları, erməni təcavüzü, təcavüzün ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Bununla yanaşı KİV nümayəndələri üçün "Lider" televiziya kanalı tərəfindən çəkilmiş ”Məhv edilmiş şəhər” adlı sənədli film və ”Xocalıya Ədalət” adlı videoklip  nümayiş etdirilmiş və Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Xocalıya Ədalət kampaniyasını əks etdirən kitablar, jurnallar, broşuralar, press-relizlər, disklər paylanılmışdır. (Səfirliyinin SSOF/079/14 saylı, 26.02.2014-cü il tarixli məktubu)


Həmçinin qeyd edilməlidir ki, Hesabat ili ərzində Səfirliyimiz Bolqarıstanın bir çox KİV nümayəndələri ilə mütəmadi olaraq sıx əlaqələr saxlayaraq, ölkəmizlə bağlı çoxsaylı məqalələrin dərc olunmasına nail olmuşdur.

Məlumat və təbliğatla bağlı keçirilmiş tədbirlər:
Hesabat ili ərzində məlumat və təbliğat sahəsi üzrə Səfirliyimiz tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:


  • 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər planına müvafiq olaraq, Səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanın bir sıra nüfuzlu qəzet və vebsaytlarında, o cümlədən “Standart” qəzetində, “Kross” İnformasiya Agentliyində, novini.dir.bg, news.info7.me, novinitednes.bg, sofiautre.bg, radiomilena.com, blitz.bg, novo10.com, bulbox.net və digər internet səhifələrində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 20 Yanvar Faciəsi ilə bağlı materiallar dərc etdirilmişdir. Bununla yanaşı, 19 və 20 yanvar  2014-cü il tarixlərində Səfirliyimizdə, habelə Sofiya Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Səfirliyimizin təşkilatçılığı ilə 20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə Bolqarıstan ictimaiyyəti və KİV nümayəndələri, ziyalılar, diplomatik korpusun nümayəndələri,Sofiya Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti, ölkəmizdə 1950-70-ci illərdə təhsil almış Bolqarıstan vətəndaşları, Səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Tədbirlərdə çıxış edən Səfir E.Kərimov 1990-cı il 20 Yanvar  faciəsindən 24 il keçməsindən,  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına toplaşaraq buna qətiyyətlə etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu tərəfindən silahın yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarılmasından danışmışdır. O, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üstün tutan Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmalarından və faciəyə yalnız Ümumilli Lider H.Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi  qiymətin verildiyini bildirmişdir. Tədbirlərdə Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri prof. A.Fedotov, Bolqarıstan Milli Radiosunun müxbiri xanım V.Dvoretskaya, ölkəmizdə təhsil almış  prof. G. Georgiyev və prof. Ç.Hakov çıxış edərək, Bakıda olduqları müddət ərzində Şəhidlər xiyabanını ziyarət etdiklərini və bu günahsız insanların amansızca qətlə yetirildiklərini təsəvvürlərinə gətirdiklərində çox məyusluq hissi keçirdiklərini qeyd etmişlər. Onlar sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti qınadıqlarını bildirmişlər. Həmçinin tədbirdə Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan Azərbaycan diasporasının nümayəndələri öz çıxışlarında vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı faciəni yaxşı xatırladıqlarını və bunu heç bir zaman unutmayacaqlarını dilə gətirmişlər. Tədbirlərin sonunda iştirakçılar üçün "Lider" televiziya kanalı tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.Qanlı 20 Yanvar faciəsi ilə bağlı Səfirliyimiz tərəfindən həmçinin pres-relizlər hazırlanaraq,  Bolqarıstanın dövlət və özəl qurumları, ölkədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında yayılmışdır. (Səfirliyinin SSOF/023/14 saylı, 20.01.2014-cü il tarixli məktubu)




  • Xocalı  soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı Səfirliyimizdə Səfir E.Kərimovun Bolqarıstanın ən iri KİV-nin (“Trud”, “24 Çasa”, “Teleqraf”, “Darik”, “Novinar”, “BTA”, “Standart”, “BNR” və digər) rəhbərləri və məsul əməkdaşlarının iştirakı ilə görüşü keçirilmişdir. Görüşdə Səfir E.Kərimov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ həqiqətləri, münaqişənin kökləri, tarixi faktları, erməni təcavüzü, təcavüzün ağır nəticələri, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafiq qətnamələri və bu qətnamələrə indiyənədək Ermənistan dövləti tərəfindən əməl edilməməsi, o cümlədən erməni separatçıları tərəfindən torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın düşmüş məcburi köçkünlərimiz barədə  ətraflı məlumat vermişdir. Səfir E.Kərimov Xocalı qətliamını  20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri adlandırmış, 1992-ci ildə fevral ayının 25-dən  26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən keçmiş Sovet imperiyasının 366-cı alayının dəstəyi ilə “Dağlıq Qarabağ” ərazisində yerləşən Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım hadisəsinin həyata keçirildiyi, nəticədə 613 nəfər mülki şəxsin amansızcasına qətlə yetirildiyi, onlardan 106 nəfərinin qadın, 63-nün uşaq, 70 nəfərinin yaşlı insanlar olduğu, 487 nəfər insanın ağır yaralandığı, 1275 nəfər şəxsin əsir götürüldüyü, 155 nəfər şəxsin itkin düşdüyünü, 76 nəfər (1 yaşında olan) körpənin əlilə çevrildiyi, 6 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd etmişdir. Bundan əlavə Səfir E.Kərimov faciəyə dövlətimiz tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildiyi və onun təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 1994-cü ildə 26 fevralın “Xocalı Soyqırımı günü  və milli matəm günü” elan edildiyini  bildirmişdir. Bundan sonra  KİV nümayəndələri üçün "Lider" televiziya kanalı tərəfindən çəkilmiş ”Məhv edilmiş şəhər” adlı sənədli film və ”Xocalıya Ədalət” adlı videoklip  nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra  Səfir E.Kərimov qonaqlara Azərbaycanın daxili və xarici siyasəti, iqtisadıyyatı, mədəniyyəti, aparılan islahatlar, dövlətimizin beynəlxalq arenadakı rolu barədə geniş məlumat vermişdir. O, Azərbaycanla Bolqarıstan arasındakı mövcud münasibətlərə toxunaraq, Azərbaycan tərəfinin Bolqarıstanla həm enerji sahəsi üzrə, həm də qeyri enerji sahələrində, xüsusilə yünqül sənayə, kənd təsərrüfatı, turizm, mədəniyyət,  idman, təhsil və digər sahələr üzrə əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verdiyini xüsusi qeyd etmişdir. Səfir E.Kərimov həmçinin dövlətimiz haqqında, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dəqiq və dolğun məlumatların Bolqarıstan ictimaiyyəti arasında yayılması istiqamətində bolqar KİV-nin oynadığı vacib rolun əhəmiyyətini vurğulayaraq, ölkəmiz haqqında həqiqətlərin müxtəlif yerli informasiya vasitələrində yayılması üçün Səfirliyimizin əməkdaşlığa daim hazır olduğunu bildirmişdir. Görüşün sonunda qonaqlara Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Xocalıya Ədalət kampaniyasını əks etdirən kitablar, jurnallar, broşuralar, press-relizlər, disklər paylanılmışdır. Xocalı faciəsi ilə bağlı Səfirliyimizdə həmçinin anım mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələri və həmvətənlilərimiz qarşısında çıxış edən Səfir E.Kərimov, Xocalı faciəsi barədə ətraflı məlumat vermiş və faciəyə yalnız Ümumilli Lider H.Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi  qiymətin verildiyini bildirərək, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi giymətləndirmişdir. Xocalı faciəsi ilə bağlı Səfirliyimiz tərəfindən müvafiq press-relizlər hazırlanaraq,  Bolqarıstanın dövlət və özəl qurumları, ölkədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında yayılmışdır. (Səfirliyinin SSOF/079/14 saylı, 26.02.2014-cü il tarixli məktubu)




  • Cari ilin 22 may tarixində Səfir E.Kərimov Bolqarıstanın ən nüfuzlu özəl telekanallarından biri olan “News7” televiziya kanalına 28 May Respublika günü münasibəti ilə müsahibə vermişdir.Səfir E.Kərimov müsahibəsində 1918-ci il 28 may tarixində Şərqdə ilk demokratik müsəlman dövləti- Azərbaycan Demokratik Respublikasının yarandığını, bu müstəqilliyin cəmi iki il sürdüyünü, lakin bu illər ərzində ölkənin dövlət rəmzlərinin təsdiq edildiyini, məhz 1918-ci ildən bəri ölkədə Parlamentin yarandığını, xarici ölkələrlə diplomatik əlaqələrin qurulduğunu, həmçinin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yarandığını qeyd etmiş və Azərbaycan Demokratik Respublikasının qurucularından birinin görkəmli mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin olması barədə məlumat vermişdir.Səfir E.Kərimov 1991-ci ilin 18 oktyabr tarixində  xalqımızın öz müstəqilliyini bərpa etməsi, müstəqilliyin ilk dövrlərində ölkədə ağır vəziyyətin  hökm sürməsi,  əhalinin acınacaqlı vəziyyətindən, eləcə də həmin ərəfələrdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməsi nəticəsində torpaqlarımızın 20% -ni işğal etməsi, 1 milyondan çox insanın öz torpaqlarından qaçqın düşməsi və bu çətin vəziyyətdə xalqımızın müraciəti ilə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi, hakimiyyəti dövründə onun yüksək səyi və siyasi bacarığı ilə  ölkədəki acınacaqlı vəziyyətə son qoyulması barədə ətraflı məlumat vermişdir. Bununla yanaşı, Səfir E.Kərimov Azərbaycan xalqının Ümummilli lideri və onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bütün sahələr üzrə ölkədə apardığı uğurlu islahatlar nəticəsində iqtisadiyyatımızın  güclənməsindən, Azərbaycanın Qafqazda lider ölkəyə çevrilməsindən bəhs edərək, son 10 ildə ölkəmizin əldə etdiyi nailiyyətlər barədə danışmışdır.Səfir E.Kərimov müsahibəsində həmçinin Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin uğurla orbitə buraxılması, ölkəmizin  son illər ərzində bir çox beynəlxalq əhəmiyyət daşıyan tədbirlərə ev sahibliyi etməsi, onların içərisində Krans Montana Forumu, Beynəxlalq Mədəniyyətlərarası dialoq  forumu, Beynəlxalq Humanitar Forumu və s. çoxsaylı tədbirlərin keçirildiyini  bildirərək, 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə baş tutacağını vurğulamışdır.Səfir E.Kərimov eyni zamanda Azərbaycanın ən böyük və ağrılı problemi olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin və torpağlarımızın 20%-nin Ermənistan tərəfindən işğalının davam edilməsinin regionumuzda böyük təhlükə olduğunu bildirmişdir.Səfir E.Kərimov müsahibəsində həmçinin Azərbaycan və Bolqarıstan arasında əlaqələrin inkişafının əsas prioritetlərinə toxunaraq, energetika sahəsi ilə yanaşı, yüngül sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, turizm, elm və təhsil, inşaat və s. sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. (Səfirliyinin SSOF/198/14 saylı, 22.05.2014-cü il tarixli məktubu)




  • Cari ilin 28 may tarixində Səfir E.Kərimov Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Trud” qəzetinə Naxçivan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə bağlı müsahibə vermişdir. Müsahibədə Səfir E.Kərimov Azərbaycanın ən qədim və gözəl məskanlarından biri olan Naxçivan Muxtar Respublikası barədə məlumat verərək bu il 1924-cü ildə yaradılmış Naxçivan Muxtar Respublikasının dövlətimizdə 90-illiyinin qeyd edilməsini bildirmişdir. Həmçinin müsahibədə Naxçivan Muxtar Respublikasının qədim tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri, şəhərləri və mətbəxi barədə geniş məlumat verilmişdir. (Səfirliyinin SSOF/205/14 saylı, 28.05.2014-cü il tarixli məktubu)




  • Cari ilin 28 may tarixində Səfir E.Kərimov Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Trud” qəzetinə Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı müsahibə vermişdir. Müsahibədə Səfir E.Kərimov, Azərbaycanla bağlı, habelə ikitərəfli əlaqələrə aid suallarla yanaşı, həmçinin Ermənista-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermişdir. Bundan əlavə Səfir E.Kərimov Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnaməsinə uyğun olaraq, erməni işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasına dair tələblərini yerinə yetirməməsindən, bu ildə Azərbaycanın işğal olunmuş rayonlarından biri olan Kəlbəcərin işğalından 21 ilin ötdüyünü qeyd etmişdir. (Səfirliyinin SSOF/210/14 saylı, 29.05.2014-cü il tarixli məktubu)



  • Cari ilin 28 may tarixində “28 may – Respublika günü” münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın ən nüfuzlu “Şeraton” mehmanxanasında  rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə təqribən 500 yaxın qonaq iştirak etmiş və iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV-nin nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan tələbələrimiz, bolqar  və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olmuşlar.  Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizm potensialını əks etdirən sənədli filmlər və video roliklər nümayiş etdirilmişdir. Bununla yanaşı,  tədbir iştirakçılarına ölkəmizlə bağlı müxtəlif  məzmunlu  ingilis və bolqar dillərində kitablar, jurnallar, broşuralar,  həmçinin milli suvenirlər təqdim edilmişdir. (Səfirliyinin SSOF/208/14 saylı, 29.05.2014-cü il tarixli məktubu)




  • Cari ilin 14 iyun tarixində Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Duma” qəzetində  “Bakı- neftlə bütün xəyallar gərçəkləşir” başlığı altında dərc olunmuş məqalədə  müəllif Azərbaycanın sürətli və dinamik inkişafına toxunaraq, ölkədə, xüsusilə də Bakıda yeni müasir yolların çəkildiyini, bütün zəruri infrastruktur obyektləri ilə təchiz olunduğunu, yeni yaşayış kompleksləri, müəssisələr, xəstəxanalar, məktəblər, istirahət və əyləncə parkları və bir sıra başqa obyektlərin tikildiyini qeyd etmişdir.Məqalədə bildirilir ki, Azərbaycan iqtisadiyyatına qoyulmuş sərmayələrin ümumi həcmi təxminən 140 milyard ABŞ dollarına bərabərdir və hökumət  müxtəlif sahələrə sərmayə qoyaraq, regionları inkişaf etdirir. Ölkədə bir milyondan çox yeni iş yerlərinin açıldığı, yoxsulluq göstəricisinin xeyli azaldığı və ölkədə istehsal edilən ümumi məhsulun dəyəri 70 milyard ABŞ dollarına bərabər olduğu qeyd edilmişdir. Bakını çətinliklə tanıdığını etiraf edən müəllif göstərir ki, burada yeganə oriyentir şəhərin köhnə hissəsi – İçərişəhər olduğu və əsrarəngiz Qız qalası hələ də bu şəhərin qədim rəmzi kimi ucaldığı və İçərişəhərdə yerləşən qədim abidələri, o cümlədən Şirvanşahlar sarayını ətraflı təsvir edərək, müəllif Bakıdakı yeni memarlıq qurğularının möhtəşəmliyinə, bərpa olunmuş teatr binalarına və yaşayış evlərinə heyran olduğunu gizlətmir. Məqalədə Şərq ilə Qərbin qovuşuğunda yerləşən, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın daxili və xarici siyasətdə mühüm uğurların qazanılmasında, ölkənin müstəqilliyinin möhkəmlənməsində Prezident İlham Əliyevin əvəzolunmaz rolundan ətraflı bəhs edilmişdir. Müəllif yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildiyindən və regionun iqtisadiyyatının 80 faizinin ölkəmizin payına düşdüyünü bildirmişdir. Azərbaycanın hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında olduğunu qeyd etmişdir. (Səfirliyinin SSOF/245/14 saylı, 23.06.2014-cü il tarixli məktubu)




  • Cari ilin 11 oktyabr tarixində Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Trud” qəzetində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı,“Media Holding” şirkətinin baş icraçı direktoru İvan Mixalevin “Bakı, təşəkkür edirəm” başlığı altında məqaləsi dərc olunmuşdur. Məqalədə müəllif ölkəmizin qədim tarixi adət-ənənələrə və böyük enerji resurslara malik olduğunu qeyd etmişdir. O, xüsusilə Bakının gözəlliyinə heyran qalaraq, paytaxtımızın məşhur məkanlarının orijinallığının qorunduğunu vurğulamışdır. Bakını Dubaya bənzədən müəllif, bu şəhərə səfər edənlərin Şərqin sirli-sehrli ab-havası ilə Qərb müasirliyinin bir araya gəldiyi iki dünya ilə qarşılaşdığını qeyd etmişdir. Müəllif daha sonra Heydər Əliyev mədəniyyət mərkəzindən söz açaraq, mərkəzin böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, muzeylər, sərgi salonları, idarə ofislərini birləşdirdiyini qeyd etmişdir. VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Heydər Əliyev Mərkəzində  600 yaxın xarici nümayəndənin Azərbaycana gəldiyini, iştirakçılar sırasında nobel mükafatçılarının və tanınmış siyasi və ictimai xadimlərin olduğu barədə məlumat vermişdir. İ.Mixalev nüfuzlu Bakı Beynəlxalq Humanitar Forumunun ildən-ilə böyüdüyünü  və onun qeyri-formal olaraq "İntellektual Davos" adlandırıldığından bəhs etmişdir. Eyni zamanda multikulturalizmin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan müəllif dövlətimizin bu məsələyə xüsusi diqqət ayırdığını bildirmişdir.Sonda müəllif Birinci Avropa Olimpiya Oyunlarının, İslam Olimpiya oyunlarının, Formula 1 yarışının və digər beynəlxalq tədbirlərin ölkəmizdə baş tutacağı barədə ətraflı məlumat vermişdir. (Səfirliyinin SSOF/367/14 saylı, 13.10.2014-cü il tarixli məktubu)




  • Cari ilin 31 oktyabr - 02 noyabr tarixlərində Azərbaycan Respublikasının Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Bolqarıstan - MDB ölkələri ilə  Dostluq Federasiyasının rəhbəri Z.Zaxarievin dəvəti əsasında Bolqarıstanda səfərdə olmuş və səfər zamanı Bolqarıstanın Kitabxana Araşdırmaları və İnformasiya Texnologiyaları Universitetinin rektoru c-b Stoyan Dençev tərəfindən Ç.Abdullayevin adıçəkilən Universitetin fəxri doktoru adına layiq görülməsinə dair təntənəli tədbir mərasimi keçirilmişdir. Tədbirdə Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova, həmçinin BR Xarici İşlər və Mədəniyyət Nazirlərinin müavinləri, BR Prezident Aministrasiyasının məsul şəxsləri, Bolqarıstanda akkreditə olunan Səfirlər, Universitetlərin rektor və prorektorları və sair rəsmi şəxslər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru S. Dençev Ç.Abdullayevin  192 əsərin bir çox xarici dilə tərcümə olunduğu, 26 milyon nüsxə ilə dünyanın bir çox ölkələrində çap edilməsi və əsərlərinin geniş oxucu kütləsi tərəfindən oxunması barədə geniş məlumat vermişdir.  Həmçinin rektor yazıçının əsərlərinin Bolqarıstanda da çap edilməsinin və bu əsərlərin bolqarlar tərəfindən sevilib oxunması ilə ölçüldüyünü qeyd etmişdir. Çıxışın sonunda rektor Ç.Abdullayevə fəxri doktor diplomunu və müvafiq geyimi təqdim etmişdir. Sonra tədbirdə çıxış edən BR vitse-prezidenti xanım Marqarita Popova Ç.Abdullayevin  Universitetin fəxri doktoru adına layiq görülməsinin əlamətdar hadisə olduğunu qeyd edərək, belə uca adın verilməsinin Bolqarıstan-Azərbaycan  arasındakı dostluq əlaqələrinə verilən töhfələrin göstəricisi olduğunu vurğulamışdır. Bununla yanaşı vitse-prezident ölkələrimiz arasında dinamik şəkildə inkişaf edən əlaqələri qeyd etmişdir.Tədbirdə çıxış edən Ç.Abdullayev yüksək fəxri ada layiq görülməsinə görə bu ali təhsil ocağının professor-müəllim heyətinə, bu qərarın təşəbbükarlarına təşəkkürünü bildirmiş və müasir dünyada ədəbiyyatın rolu, həmçinin Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında ətraflı məlumat vermişdir. Bundan sonra tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı Səfiri E.Kərimov yüksək səviyyədə təşkil edilmiş, bu təntənəli mərasimin keçirilməsinin təşəbbüskarlarına minnətdarlığını bildirərək, Ç.Abdullayevin fəxri doktor adına layiq görülməsinin iki  dost ölkə arasında humanitar, mədəni və digər sahələrdə əlaqələrin daha da möhkənlənməsinə töhfə verəcəyini qeyd etmişdir. Mərasim tədbir iştirakçıları tərəfindən böyük maraq hissi ilə qarşılanmış və  Ç.Abdullayevin müxtəlif dillərdə nəşr olunmuş kitabları qonaqların xahişi əsasında müəllifin xatirə yazısı ilə onlara hədiyyə edilmişlər. Səfər çərçivəsində Ç.Abdullayev, həmçinin BR Vitse-Prezidenti xanım M.Popova və Yazıçılar İttifaqının sədri  B.Angelov ilə  görüşmüşdür. Görüşlərdə ikitərəfli mədəni əlaqələr müzakirə edilmişlər. (Səfirliyinin SSOF/389/14 saylı, 03.11.2014-cü il tarixli məktubu)



  • Səfirliyin təşəbbüsü ilə cari ilin 06 noyabr tarixində Bolqarıstanın Dunay çayının sahilində yerləşən Vidin şəhərində Bolqarıstanın məşhur dirijoru, III Bakı Humanitar Forumun iştirakçısı Kiril Lambovun dirijorluğu ilə Vidin simfonik orkestrinin ifasında Azərbaycan klasik musiqisinin konserti keçirilmişdir. Konsertdə Q.Qarayevin və F.Əmirovun əsərləri, həmçinin K.Lambovun “Laçın” improvizasiyası ifa edilmişdir. Konserti çıxış sözü ilə açan Vidin Dövlət  Filarmonik orkestrinin direktoru M.Krastev tamaşaçıları salamlayaraq, Azərbaycan klasik musiqisinin Vidin şəhərində ilk dəfə olaraq ifa edilməsinin vacibliyini bildirmişdir. Sonra “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri İvan Palçev Azərbaycanın zənqin və qədim mədəniyyətindən, həmçinin musiqisindən məlumat vermişdir. Azərbaycanın Bolqarıstandakı səfiri E.Kərimov çıxışında konsertin təşkilatçılarına təşəkkürünü bildirərək, Azərbaycanla Bolqarıstan arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi üçün  Azərbaycan klasik musiqisinin Vidin şəhərində ifa edilməsinin vacibliyini qeyd etmişdir. Konsertdə Vidin şəhərinin icra hakimiyyətinin və Vidin vilayətinin rəhbərləri, şəhərin rəhbər işçiləri və sakinləri, həmçinin Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak etmişlər. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. (Səfirliyinin SSOF/395/14 saylı, 06.11.2014-cü il tarixli məktubu)



  • Cari ilin 26 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında  rəsmi qəbul keçirilmişdir. Rəsmi qəbulda iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək rütbəli nümayəndələri, dövlət və özəl qurumların nümayəndələri, müxtəlif siyasi partiyaların nümayəndələri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-nin rəhbərləri və  nümayəndələri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlilərimiz, Azərbaycan diasporasının  üzvləri və s. şəxslər olmuşlar.  Tədbirdə çıxış edən Səfir E.Kərimov tədbir iştirakçılarına Naxçivan Muxtar Respublikasının yaradılmasının 90 illiyi və Muxtar Respublikası haqqında məlumat vermişdir. Daha sonra Bolqarıstanda səfərdə olan Naxçivan Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri Naxçıvan şəhərinin icra hakimiyyətinin başçısı V.Səfərov iki ölkə arasında ənənəvi sıx dostluq əlaqələrindən danışaraq, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin məhz Sofiya şəhərində qeyd olunmasından məmnunluğunu bildirmişdir. O, Naxçıvan Muxtar  Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri, ö cümlədən Naxçıvan Muxtar  Respublikasının paytaxtı Naxçıvan şəhəri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qəbulda qonaqlara Naxçıvan Muxtar Respublikası ilə bağlı video film nümayiş etdirilmiş, həmçinin Azərbaycan bəstəkarlarının klassik əsərləri qonaqlar üçün  səsləndirilmişdir. Sonda qonaqlara AR Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi tərəfindən təqdim edilmiş materiallar və fotoşəkillər əsasında Səfirliyimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində nəşr edilmiş broşüralar, o cümlədən Muxtar Respublikasına aid digər nəşrlər və milli suvenirlər təqdim edilmişdir. (Səfirliyinin SSOF/453/14 saylı, 01.12.2014-cü il tarixli məktubu)



  • Cari ilin 03 dekabr tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin və BR Xarici İşlər Nazirinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun  birgə təşkilatçılığı və Sofiya İcra hakimiyyətinin  himayəsi ilə Azərbaycan xalqının mədəni irsinin və xalq sənətinin nümunəsini təşkil edən kəlağayı sənətinin cari ilin 26 noyabr tarixində Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi ilə əlaqədar, kəlağayı sənətinin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək rütbəli nümayəndələri, yerli icra hakimiyyəti başçıları, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlilərimiz, və s. şəxslər olmuşlar.   Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı Səfiri Emil Kərimovun həyat yoldaşı Təranə xanım Kərimova Azərbaycan rəhbərliyinin Azərbaycan xalqının mədəni irsinin təbliği və inkişafına böyük önəm və dəstək verdiyini bildirərək, cari ilin 26 noyabr tarixində Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Mərasimdə daha sonra çıxış edən Sofiya şəhərinin İcra hakimiyyətinin başçısının müavini  xanım Mariya Boyadjiyska qeyd olunan tədbirin Sofiya İcra hakimiyyətinin himayəsi ilə təşkil olunmasından məmnunluğunu ifadə edərək, həmin tədbirin keçirilməsinin vacibliyini bildirmişdir. BR  Xarici İşlər Nazirinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun direktoru xanım Lyudmila Dimitrova öz çıxışında isə belə bir tədbirin ilk dəfə olaraq Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirildiyinin vacibliyini bildirmiş və Azərbaycan Kəlağayısının YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edildiyindən sonra qeyd olunan tədbirin  ilk olaraq  məhz Sofiya şəhərində təşkil olunmasından məmnun olduğunu vurğulamışdır. Xanım L. Dimitrova Azərbaycan xalqının qədim və zəngin mədəniyyətə malik olduğunu və mədəni irsinin bir çox nümunəsinin, o cümlədən kəlağayı sənətinin,  YUNESKO-nun mədəni irsinin siyahısına daxil edildiyinin əhəmiyyətini vurğulamış və bu tədbirin bolqar ictimaiyyətinə Azərbaycan xalq tətbiqi sənətinin bir parçası olan kəlağayı sənətilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirmişdir. O, həmçinin bu cür tədbirlərin ikitərəfli mədəni əlaqələrin, o cümlədən mədəni diplomatiyanın daha da genişlənməsinə yardım etdiyini qeyd etmişdir.Tədbirdə daha sonra çıxış edən Bakı Dövlət Universitetinin dosenti “Gender və Tətbiqi psixologiya” kafedrasının müdiri Rəna xanım İbrahimbəyova Kəlağayı faylının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlandığını bildirmiş və Heydər Əliyev Fondu, Nazirlik və ölkəmizin YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun mədəni irsinin siyahısına daxil edilməsinə dair  qərar qəbul edildiyini və  bu qərarla komitənin kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq edildiyini bildirmişdir.  R.İbranimbəyova həmçinin ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdikləri yüksək dəstəyin və qayğının nəticəsində baş verdiyini qeyd etmişdir. Sonda R.İbranimbəyova kəlağayı sənətinin  tarixi, ənənəsi, incəlikləri və s. barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, çıxışlardan sonra kəlağayının nahışlanması üsulunu tədbir iştirakçılarına təqdim etmiş və qonaqlar həmin prosesdə yaxından iştirak etmişlər. Tədbirin sonunda YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası zamanı kəlağayı sənəti  barədə nümayiş edilmiş sənədli film tədbir iştirakçılarına göstərilmişdir. Tədbirin sonunda Azərbaycan kəlağıyaları və Səfirliyimizin təşəbbüsü ilə bolqar və ingilis dillərində nəşr edilmiş “Kəlağayı haqqında” adlı broşüralar qonaqlara hədiyyə edilmişdir. Kəlağayı sənətinin təqdim etmə mərasimi qonaqlar tərəfindən böyük maraq hissi ilə qarşılanmışdır.(Səfirliyinin SSOF/462/14 saylı, 04.12.2014-cü il tarixli məktubu)

Məlumat və təbliğat istiqamətində görülmüş digər işlər.
Qeyd olunan işlərlə yanaşı, Mərkəzdən göndərilmiş müvafiq təlimatlara uyğun olaraq, il ərzində Səfirlik tərəfindən  keçirilmiş görüşlərdə, müxtəlif tədbirlərdə, konsulluq qəbullarında Bolqarıstanın dövlət və özəl qurumlarında çalışan rəhbər işçiləri, Parlamentin və Aİ Parlamentinin üzvləri, ictimai və siyasi xadimləri, BR KİV-nin nümayəndələri, iş adamları, konsulluq şöbəsinə müraciət edən şəxslərin diqqətinə tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsinin ölkəmizə məxsus olduğu, bu bölgə ilə ölkəmizin razılığı olmadan hər hansı bir əlaqənin yaradılmasının və həyata keçirilməsinin, o cümlədən səfərlərin, tədbirlərin təşkili, ticarət, turizm və s. əlaqələrin qurulmasının qeyri-qanuni olduğu, həmin şəxslərə qarşı dövlətimiz tərəfindən hüquqi tədbir görüldüyü çatdırılmış və bu cür xoşagəlməz halların ölkələrimiz və xalqlarımız arasında münasibətlərə mənfi təsir göstərəcəyi barədə məlumatlar verilmişdir.

    Eyni zamanda il ərzində Bolqarıstan KİV-lərində dərc edilən və səsləndirilən məlumatlar Səfirlik tərəfindən diqqətlə izlənilmiş, ölkəmizlə bağlı qərəzli materialların dərc edilməsinin qarşısı alınaraq, Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətləri haqqında  məlumatların Bolqarıstanın KİV-də yayılması təmin edilmişdir.



          Digər tərəfdən, Səfirliyin vebsaytı mütəmadi olaraq operativ şəkildə yenilənərək səhifəsində bolqar və ingilis dillərində ölkəmiz, Azərbaycan-Bolqarıstan münasibətləri, nümayəndəliyimizin fəaliyyəti barədə  hazırlanmış geniş məlumatlar yerləşdirilmişdir. Bununla yanaşı Mərkəzin müvafiq təlimatına əsasən Səfirliyimizin “AzEmbBulgaria” adlı  Twitter səhifəsində (3000-dən artıq izləyici) Səfirliyimizin fəaliyyəti və ölkəmizlə bağlı məlumatlar mütəmadı olaraq yerləşdirilmişdir.

2014-cü il ərzində keçirilmiş bütün tədbirlərdə qonaqlara ölkəmizlə bağlı bolqar və ingilis dillərində kitablar, jurnallar, broşüralar və digər təbliğat xarakterli materiallar təqdim edilmişdir. 
Yüklə 36,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin