Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr
BAKI 2013
Ön söz Hesabatın hazırlanması zamanı dövlət qurumları, əlil təşkilatları və əlillər arasında keçirlməsi məqsədi ilə sorğu anketləri hazırlanıb və Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində sorğular təşkil olunub. Sorğu ümumi problemin öyrənilməsi, problemlərin konkretləşdirilməsi və ümumi mənzərənin müəyyənləşdirilməsinə köməklik göstərilib. Sorğuda ümumilikdə 100-dən artıq əlil vətəndaş, 5 əlil təşkilatı iştirak edib. Sorğuda qoyulan suallar dövlət orqanlarının nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılıb və onların fikirləri öyrənilib. Ölkə qanunvericiliyi analiz edilib və beynəlxalq təcrübə öyrənilib. Əlil və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına məsul dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilib və bəziləri ilə fərdi müsahiblər təşkil edilib. Onlardan əldə edilən informasiyaların yekun hesabatın hazırlanması zamanı istifadə olunub. Sağlamlıq imkanları məhdud olan şəxslərin dövlət orqanlarına əlçatımlılığı və əlil vətəndaşların dövlət orqanları ilə təması zamanı yaranan problemlərin öyrənilməsi məqsədilə bir sıra dövlət qurumlarında müşahidələr aparılıb. Dövlət qurumlarında sağlamlıq imkanları məhdud olan insanlara ayrıca olaraq şərait yaradılıb, yaradılmağı eyni zamanda bu istiqamətdə perspektiv layihələrin mümkünlüyü öyrənilib. İctimaiyyətin geniş istifadə etdiyi-parklar, keçidlər, metro, ictimai nəqliyyat, istirahət mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait və bu istiqamətdə perspektiv layihələrin mümkünlüyü araşdırılıb.
İKT-nin yaratdığı imkanlardan sağlamlıq imkanları məhdud olan şəxslərin istifadə imkanları öyrənilib və bu istiqamətdə görülə biləcək işlərlə bağlı müvafiq araşdırmalar aparılıb.
Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.