Mövzu 7. Əqdlər
Plan
1. Əqdlərin anlayışı və əlamətləri
2. Əqdlərin növləri
3. Əqdlərin formaları. Əqdlərin etibarsızlığı
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı. 2014.
2. Z.Əsgərov, E.Nəsirov, M.İsmayılov. Azərbaycan RespublikasıKonstitusiyası
və hüququnun əsasları. Dərslik. Bakı. 2005.
3. S. S. Allahverdiyev. Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları. Dərslik.Bakı. 2011.
4. S. S. Allahverdiyev. Azərbaycan Respublikasının mülki hüquq kursu. Dərs vəsaiti.Bakı, 2008.
1. Əqdlərin anlayışı və əlamətləri
Əqdlər hüquqi faktların ən geniş yayılmış növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində əqdin anlayışı verilmişdir: «Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir».
Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması hər şeydən əvvəl tərəflərin öz istəyi əsasında olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir.
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür:
-düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. Məsələn, müqavilənin bağlanması, zərərin əvəzinin ödənilməsi haqqında razılığın bildirilməsi və s.
-dolayı iradə ifadəsi. Əgər şəxsin davranışınlarından, hərəkətlərindən onun iradəsini müəyyən etmək mümkündürsə bu, dolayı iradə ifadəsi adlanır. Mülki hüquqda, adətən buna konklyudent (latınca concludere - nəticə çıxartmaq, nəticəyə gəlmək mənasını bildirir) iradə ifadəsi deyilir. Məsələn, elektrik qatarında getməyə bilet almaq və yaxud mağazaların piştaxtalarında qoyulmuş mallar şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s.
-susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi. Bu üsulla iradənin
bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin razılığı ilə yol verilir. Məsələn, iştirakçılarından birinin müqavilənin şərtlərinin dəyişdirilməsi haqqında verilmiş təklifinə digər tərəfin susması onun razılığını göstərir.
Dostları ilə paylaş: |