MÖvzu. İBTİDAİ-İcma cəMİYYƏTİNDƏ CİNSİ rol münasiBƏTLƏRİNİn təŞƏKKÜLÜ



Yüklə 313,39 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü313,39 Kb.

 

 

MÖVZU. 



İBTİDAİ-İCMA CƏMİYYƏTİNDƏ CİNSİ 

ROL MÜNASİBƏTLƏRİNİN TƏŞƏKKÜLÜ 

 

1. Qadın və kişilər arasında sosial rolların bölüşdürülməsi 



2. Kişi rolunun artması 

3.  Cinsi rol münasibətlərinin demoqrafik problemləri 

4.  İbtidai–icma cəmiyyətində cinsi rol münasibətləri haqqında E.Taylorun təkamül nəzəriyyəsi 

 

Qadın və kişilər arasında sosial rolların bölüşdürülməsi 

Eramızdan 30 min il əvvəl, yazılı tarixin başlanğıcında, cinslərarası münasibətlər barədə məlumat 

olduqca azdır. Yəqin ki, ilk zamanlar kişi və qadın arasında cinsi münasibətlərin  əsas forması 

promiskuitet (nizamsız cinsi əlaqələr) olub və, insanlar, hər yerdə mağaralarda yerləşməyə başlayanda 

(təxminən 250 min il əvvəl), daha sıx «ailə» əlaqələri inkişaf etməyə başladı.  

İbtidai insanların həyatı olduqca çevik idi. Bu, bir o qədər onların istəyindən deyil, nə  qədər ki, 

zərurətdən irəli gəlirdi. İbtidai insanlar, öz əcdadlarının ərazi instinktlərinə varis olsalar da, onların ağlı 

həmin instinktləri artıq üstələyirdi.  İqlim dəyişən zaman, məskun edilmiş  ərazidə  həyat  şəraiti o qədər 

dözülməz olurdu ki, bu, insanı yeni torpaqlara köçməyə məcbur edirdi. Bəzən o, yeni ərazi uğrunda yerli 

əhali ilə mübarizəyə girməyə  də  məcbur olurdu. Və bu mübarizədə insanlar qəbilələrə birləşməli 

olurdular. 

Mağara həyatı surən insanlar, müəyyən qaydalara riayət etməyə məcbur idi. Adətən insanlar kiçik 

mağaralarda qrup halında yerləşirdilər. Açıq havadakı  həyatdan mağaranın daş divarları arasındakı 

fiziki və psixoloji məhdudiyyətlərə keçid müəyyən sosial dəyişikliklərə – tədrici iyerarxiya 

təbəqələşməsinə gətirib çıxarmaya bilməzdi. Bu təbəqələşmə hətta insanın yeri ilə – oda yaxın və ya uzaq 

yerləşməsi ilə də diktə edilirdi. Didişmə və hakimiyyət uğrunda mübarizə labüd şəkil alırdı və yəqin ki, 

məhz bu mərhələdə «ailə» ideyası həyata keçirilməyə başlandı. 

Məlum olan tarixəqədərki ailə, qadın  ətrafında cəmlənmişdi, çünki tayfaları bir-birindən 

fərqləndirən yeganə  cəhət ana xətti ilə olan qohumluq idi. Antropoloqların fikrincə, insan təkamülü 

miqyasında nəslin davam etdirilməsində kişinin rolu çox gec aşkar edilmişdir – təxminən e.ə. X əsrdə. 

Neolit dövrünün adamı  ətraf aləm ilə «mən-sən» münasibətində olub. Müasir şəhər sakini onu 

əhatə edən aləm haqqında «o» deyirsə, ibtidai insan təbiəti elə qəbul edirdi ki, ona daha çox «sən» deyə 

müraciət edir, yəni onu, heyvanlar, quşlar, balıqlar və s. kimi özünün ayrılmaz hissəsinin olduğunu 

hesab edirdi. Hətta insan, əmək alətləri hazırlamağı öyrənsə  də, onun həyat tərzi dəyişilib təfəkkürü 

inkişaf edəndən sonra da, o, özü ilə, əhatə edən heyvanlar aləmi arasında möhkəm əlaqələri saxladı. O, 

öz primat əcdadlarına istiqamətlənirdi. Gələcək nəsillərə isə, paleolit dövrü başa çatdıqdan sonra 

istiqamətlənməyə başladı.  Əcdadlarından ona bir çox şey miras qalmışdı, lakin o heç vaxt bu barədə 

fikirləşmirdi, çünki bütün bu şeylər heyvanlar aləminin nümayəndələri üçün olduğu kimi, onun üçün də 

təbii idi. Əxlaq bir anlayış və hadisə kimi, ancaq sivilizasiyanın nisbətən aşağı pilləsində yarandı. 

Atalığın iki səviyyəsi var – istimai və bioloji. İkinci səviyyə düzgün başa düşülməsə, birinci səviyyə 

mövcud ola bilməz. Promiskuitet üstünlük edən cəmiyyətdə bu səviyyələr yox idi və gələcək nəslə görə 

bütün məsuliyyət qadının üzərinə düşürdü. Qadın ilə kişi arasında, yaxud bir kişi və bir neçə qadın 

arasında sabit əlaqə yaranan yerdə atalığın ictimai səviyyəsi avtomatik olaraq yaranır. Paleolit dövrünün 

kişisi ictimai səviyyədə atalıq borcunu öz çiyinləri üzərinə götürməyə, bəyəndiyi qadının uşaqları üçün 

rəhbər, məsləhətçi və köməkçi olmağa tam hazır idi. Buna baxmayaraq, kişi qadına olan münasibətində 

əlavə psixoloji rol oynayırdı. Nəslin artırılması  uğrunda mübarizədə kişi, köməkçi vasitədən başqa bir 

şey deyildi.  

İnsanların daha çox yayılmış birlik növü, xüsusilə də paleolit dövrünün sonunda, ovçuluq, bitki və 

meyvə  yığmaqla məşğul olan tayfalar idi. Bu tayfalar ətraf aləmdə olan bütün nemətlərdən istifadə 

edirdilər. Onlar daimi olaraq mağaralarda yaşayır, lakin yay aylarında xırda heyvanlar – maral, qoyun və 

keçilər – yüksək dağ yaylaqlara gedəndə, onların dalınca həmin yaylaqlara köçürdülər. 

Paleolit dövründə  əməyin bölgüsünə dair nöqteyi-nəzərləri ümumiləşdirərək, demək olar ki, kişi 

ovçuluq, qadın isə meyvə yığmaqla məşğul olurdu. Arabir qadının kişidən heç də pis ovçuluq bacarığına 

malik olmamasının xeyrinə arqumentlər gətirilir. Prinsip etibarilə cavan və sağlam qadının cavan və 

sağlam kişi ilə eyni güclə ovçuluq edə bilməməsi üçün heç bir səbəb yox idi. Lakin iş ondadır ki, uşağı 



 

 

əmizdirən, xüsusən də hamilə qadın ov zamanı heyvanları uzun müddət izləyib tapmaq iqtidarında 



deyildi, çünki bu cür məşğuliyyət onun yaşayış yerindən uzunmüddətli uzaqlaşmasını, iqlimin sərt, ov 

quşlarının sayı  məhdud olduqda isə,  əla idman formasında olmasını  tələb edirdi. Belə qadınların 

əkinçilik işlərində  iştirak etmələri üçün real problemlər yox idi, çünki, birincisi, bu işlərlə  məşğul olan 

qadın uzun müddətə yaşayış yerindən uzaqlaşmırdı, ikincisi isə, çöl işləri zamanı  uşağa süd verən bir 

neçə qadın bir-birini əvəz edə bilirdi. 

Genetik araşdırmalara  əsaslanaraq, fərz etmək olar ki, kişilərin ovçuluq sahəsində ixtisaslaşması 

təxminən milyon il bundan əvvəl baş vermişdi. Müasir kişi fəzada oriyentasiya (görmə, gördüyünü 

dərketmə  və  ağılda saxlama qabiliyyəti) ilə bağlı testlərdə daha yaxşı  nəticələr göstərir. Alimlər 

tərəfindən müəyyən olunmuşdur ki, adı  çəkilən qabiliyyətlərlə ovçuluq məharəti (məsafənin 

qiymətləndirilməsi və atışın dəqiqliyi daxil olmaqla) arasında  əlaqə mövcuddur. Bu qabiliyyət genetik 

olaraq cinslə bağlıdır və buna görə qadınlarla müqayisədə kişilərin malik olduğu müəyyən üstünlüyə 

əsaslanır. Qadınlar tərəfindən tayfanın qida ilə təmin edilməsi – bitkilərin, meyvələrin yığılması, quru və 

suyun xırda heyvanlarının ovlanması – onların məsafəni qiymətləndirmək və silah atmaq 

bacarıqlarından asılı deyildi. Digər tərəfdən, müəyyən edilmişdir ki, alaqaranlıqda qadınlar kişilərdən 

daha yaxşı görür və daha yaxşı  eşitmə qabiliyyətinə malikdirlər – bu qabiliyyətlər xırda heyvanları 

pusmaq, yeməyə yararlı bitkiləri və meyvələri tapmaq üçün demək olar ki, zəruri idi. 

«Ov etmək, yaxud bitki və meyvələri yığmaq?» sualı, məğzinə görə gündəlik həyatla bağlıdır. Axı, 

ovçu tayfalarının həyatı onların ovladığı heyvanlardan və, müvafiq olaraq, ovçunun məharətindən tam 

asılı idi. Tayfanın yaşaması ovçulardan asılı olduğuna görə, həyat onların ətrafında cəmləşirdi, və hətta 

dövran dəyişdikdən və ovçuluq əvvəlki əhəmiyyətini itirdikdən sonra da tayfadakı köhnə münasibətlər 

saxlanıldı – kişi statusu üstünlük təşkil edirdi. 

Həm ovçuluq, həm də bitki və meyvələrin yığılması ilə  məşğul olan tayfalarda işlərin gedişatı 

başqa cür idi. Mülayim iqlimdə yaşayan qadın, kişi əldə etdiyi qədər qida toplaya bilirdi və buna görə 

cinslər arasında müəyyən tarizlıq saxlanılırdı. Lakin ovçu kişinin maldara çevrilməsi, qadının isə bitki və 

meyvə  yığılmasından  əkinçiliyə keçməsi labüd idi. Və bu cür dəyişiklik kişi və qadın münasibətlərinin 

bütün gələcək xarakteristikalarına çox güclü təsir göstərdi. 

Mağara həyatının yeniliyi, vaxtı ilə tayfanın daxili quruluşuna təsir etdiyi kimi, mağaraların təmin 

etdiyi sabitlik, daha iri insan birliklərinin yaranmasına gətirib çıxartdı. 

Soyuq iqlim şəraitində mağara həyatının inkişaf etməsi həmçinin o demək idi ki, insan daha böyük 

heyvanları – mamontları, bizonları və s. ovlamalı olacaq. Belə böyük ölçülü heyvanı bir və ya iki nəfər, 

hətta qadınların və yeniyetmələrin köməyi olduğu halda, öldürə bilməzdi. İri birliklərə ehtiyac yarandı. 

Birgə  səylər hesabına öz ərazisini qonşuların basqınlarından müdafiə etməyin daha asan olması da bu 

işin vacibliyinə dəlavət edirdi. 

Tarixçilər təsdiqləyirlər ki, məhz bu mərhələdə qonşu tayfalar arasında diplomatik danışıqlar 

aparılmağa və ovçular ittifaqları yaranmağa başlandı. Bunun təbii nəticəsi ictimai birliklərin 

formalaşması oldu; kiçik tayfalar birləşərək qəbilələri yaratdı. Baxmayaraq ki, hər bir tayfa müəyyən 

dərəcədə müstəqil idi, ittifaqa daxil olan bütün tayfalarda eyni vərdişlər, oxşar təfəkkür və oxşar ənənələr 

inkişaf edirdi. Birgə  şənliklər və bayramlar keçirilirdi, məsələn, inisiasiya (yetkinlik yaşa girməsi) 

mərasimi ilə yarışların bir-birini əvəz etməsindən ibarət olan kişinin yetkinlik yaşına daxil olmaq adəti. 

Bu mərasim neçə əsrlər yaşadı. 

Tayfalar arasında əlaqələrin inkişaf etməsinin nəticələrindən biri də cinslər arasında əlaqələr üçün 

imkanların genişlənməsi oldu. Tarixçilər Yeni dövrün kral ailələrinin  ənənələrini yada salaraq, israr 

edirlər ki, tayfalararası nigahlardan siyasi ittifaqların möhkəmləndirilməsi üçün istifadə olunub, hətta bu 

kontekstdə nigah sözü qəribə  səslənsə  də, bu, tamamilə mümkündür. Lakin tarixçilər iki dovşanı eyni 

zamanda öldürməyə  səy göstərərək, həmçinin tez-tez bildirirlər ki, belə nigahlar tayfadaxili cinsi 

əlaqələrə qadağa qoyma yolu ilə alqışlanırdı və belə strategiya, ibtidai insanların inkişafını əhatə edən bir 

neçə milyon il ərzində mövcud olan bir adətə – yaxın qohumlar arasında evlənməyə son qoydu. 

İnsan cəmiyyətində tayfalararası  əlaqələrin inkişafına qədər yaxın qohumlar arasında nigahlar 

demək olar ki, labüd idi. Tarixdə elə bir uzun sürən dövrlər olub ki, bu dövrlərdə qırx-əlli nəfərdən ibarət 

olan bir qrup bütün dünyadan təcrid olunmuş  vəziyyətdə yaşaya bilib. Əgər insanlar bütün 

dəyişikliklərə üyğunlaşaraq, mutasiya edə bilməsəydi, onda insan nəsli pleystotsenin sərt iqliminin 


 

 

əziyyətlərinə dözə bilməzdi.  İnsanlar sadəcə olaraq yaxın qohumlar arasında cinsi əlaqələrə müəyyən 



qadağalar qoymalı idi, əks təqdirdə onlar yaşama qabiliyyətini itirə bilərdi. 

İnsestə tabu qoyulmasının geniş yayılmasını  nəzərə alaraq, fərz etmək olar ki, belə qadağa 

əvvəldən insan təbiətində olub. Məhz insest dünyada birinci tabuiləşdirilmiş hadisə oldu. Tayfalararası 

əlaqələr bir-biri ilə qohum olmayan insanlar arasında nigah bağlanmasını mümkün etdikdən sonra, belə 

nigahlar qısa bir müddətdə geniş yayılmış hadisəyə çevrildi və neolit inqilabından  əvvəlki 50 min il 

ərzində  bəşəriyyətin sürətlə inkişaf etməsi, daha çox onun intellektual və fiziki adaptasiya bacarığının 

artırılması nəticəsində baş verdi. 

 

Kişi rolunun artması 

Təxminən 12 min il bundan əvvəl kişi və qadınlar bir çox fəaliyyət növlərinə yiyələnmişdilər: onlar 

əmək alətləri və geyiminin necə düzəldilməsini bilir, ev tikməyi bacarırdılar. Lakin bu bacarıqlardan heç 

biri onları, təbiətdən asılılıq vəziyyətindən azad edə bilmirdi. Onların bütün həyatı, onlar tam nəzarət 

edə bilmədikləri sahə-qida  ətrafında cəmləşmişdi. Lakin neolit dövrü insanın həyat tərzini tam 

dəyişdirdi: bu, Yer kürəsinin müxtəlif yerlərində, müxtəlif vaxtda başlanmış ictimai inkişaf mərhələsi idi. 

Asiyanın cənub-şərqində bu mərhələ təqribən e.ə. 9750-ci ildə, Yaxın Şərqdə təqribən e.ə. 8-ci minillikdə, 

Meksikada e.ə.7-ci minilliyə yaxın, kontinental Avropanın  şimal sahələrində e.ə. 5-ci minillikdən sonra, 

Britaniya adalarında isə təqribən e.ə. 4-cü minillikdə başlanmışdır. 

Neolit dövründə kişi və qadın  əkinçi, maldar, dulusçu oldu. Onların itaət ettikləri allahların 

heykəlləri qorunub saxlanılır; saxsı lövhəciklər, insanların həmin zamanda artıq yazı  və hesab 

bilmələrini, təqvim yaratdıqlarını, qanunları yaradaraq, onlara tabe olduqlarını, mövsüm mərasimlərinə 

riayət etdiklərini təsdiq edir. 

Təfəkkür və iqlim dəyişmələri arasında olan uyğunluq və harmoniya amili, burada böyük rol 

oynamışdır. Təqribən e.ə.  11-ci minillikdə buzlaq şimal tərəfə  çəkilməyə başladı  və, nəticədə, Yaxın 

Şərqdə  qış-soyuq və rütubətli, yay isə isti və quru oldu. Tez yetişən yabanı otlar əvəzinə bunun üçün 

daha çox vaxt tələb edən bitkilər yetişməyə başladı. Düzənlərdə yabanı buğda və arpa bitdi. Yabanı taxıl 

dənləri tez töküldüyünə görə yalnız yetişmiş  dənlər sünbüllərdə ikən onları iki-üç həftə  ərzində  yığa 

bilən insanlar bol məhsul ala bilirdilər. Bunu əldə edə bilənlər bütün il ərzində kifayət qədər yemlə təmin 

olunurdu. O vaxtlar hələ çarx icad edilməmiş və işlək heyvanlar əhlilləşdirilməmişdi. Məhz buna görə də 

ailələr, tarlaları evin yanında salmaq əvəzinə, artıq istifadə olunan tarlalara daha yaxın olmaq üçün oraya 

köçməli olurdular. 

Alimlər hesab edirlər ki, məhz bu mərhələdə tarla ətrafında kəndlər yaranmağa başlandı, bunun 

nəticələrindən biri də torpağın qüvvədən düşməsi problemi oldu. Bu problemi yalnız insanların könüllü 

müdaxiləsi həll edə bilərdi. Tədricən qida əldə olunmasının köhnə sistemi – bitki və meyvələrin yığılması 

– primitiv, lakin tamamilə  şüurlu  şəkildə idarə olunan əkinçiliklə  əvəz olundu. Çox mühüm tarixi 

kəşflərdən biri üçün neolit dövrünün qadınına minnətdar olmaq lazımdır – məhz o, əkinçiliyin inkişafı 

üçün lazım olan biliklərə malik idi. İnsan əqli yeni və olduqca sərt intizama öyrəşməyə başlayırdı.  

Qidanın əldə edilməsi üzərində insan nəzarətinin artırılması demək olar ki, dərhal yeni imkanların 

açılmasına gətirib çıxartdı. Əkinçiliyin tətbiq edilməsi, maldarlığın da hər yerdə yayılması ilə nəticələndi. 

İnsanları cəlb edən tarlalar, isti iqlimdə çox tez artmağa başlayan xırda heyvanları da cəlb etməyə başladı. 

İnsana aydın oldu ki, heyvanları əhlilləşdirmək və axurda saxlamaq, tarlaları onlardan qorumaqdan daha 

asandır. 

Yüz min illər uzunu kişi, heyvanların vərdişlərini, qadın isə bitkilərin xüsusiyyətlərini öyrənirdi. 

Sağlam düşüncə və irsiyyat, rolların bu cür bölünməsinə tərəf çıxırdı. Qadın, vaxtilə bitkilərin köklərini 

qazıyıb çıxartmaq üçün istifadə etdiyi ağacı  kərkiyə, sonralar isə kotana çevirdi. Kişi vəhşi heyvanlar 

əvəzinə ev heyvanları ilə  məşğul olmağa başladı  və gördü ki, onlar bütün tayfanı  ət, yun, dəri, piy və 

südlə təmin edə bilir. Kişi rahatca sürüləri otarmağa başladı və onun xeyli boş vaxtı əmələ gəldi – o, artıq 

ov mövsümünə  əsaslı hazırlıq görmürdü, ov quşlarını  tapmaq  üçün  günlərlə  gəzməli olmurdu, 

heyvanlarla çarpışmağa gücünü sərf etmirdi. Qadınlar işə gündəlik qidalanma haqqında həddindən artıq 

fikirləşir və qayğı göstərirdilər. Onlar əkinçiliklə  məşğul olur, yanacaq yığır və ev təsərrüfatını idarə 

edirdilər, uşaq doğur və böyüdürdülər, dəyirman daşı ilə taxılı üyütmək kimi ağır, üzücü iş görürdülər. 

Alimlərin fikrincə, neolit inqilabından yazılı tarixin əvvəllərinə  qədər, yəni 7 min il ərzində, kəşflərin 

çoxunun məhz kişilər tərəfindən edilməsinin əsas səbəbi – əmək bölgüsünün bü cür olması olub. 


 

 

Yeddi min illik neolit dövrü ərzində kişi, tədricən, qadının cəmiyyətdə nisbətən bərabərhüquqlu 



partnyorundan zülmkara və  ağaya çevrildi. Bu işdə  onun  ev  heyvanlarının qeydinə qalması öz rolunu 

oynadı, işin belə gedişatına kişinin döüyşçü və müdafiəçi olması  da  öz  təsirini göstərdi. Lakin bütün 

məsələ  məhz bundan ibarət olsaydı, onda neolit dövründə yaranmış kişi hökmranlığı heç bir vaxt bu 

qədər davamlı, monolit və uzun müddətli olmazdı. Neolit dövründən çıxmış kişidə o qədər özünə 

arxayınlıq hissi, ambisiya və nüfuz var idi ki,bunlar onun cəmiyyət üçün faydalılığına və  işinin yaxşı 

yerinə yetirilməsinin başa düşülməsinə  əsaslana bilməzdi; bunlar ancaq, onun nəslin dünyaya 

gəlməsində olan mühüm rolunun dərk edilməsinə  əsaslanırdı. Və o vaxta qədər nigah adətlərinin necə 

olmasından – monoqam, poliqam, çoxərlilik – asılı olmayaraq, qadının azadlığı  kəskin  şəkildə 

məhdudlaşdırılmağa başlandı.  

Beləliklə, nəslin dünyaya gəlməsində kişi öz rolunu e.ə.  10 min ildən tez olmayaraq (əkinçiliyin 

inkişafı dövründə) dərk etdi və bu hadisə kişi şəxsiyyətinə çox böyük təsir göstərdi. Bundan başqa, neolit 

inqilabı dövründə kişi öz əqlini müəyyən səbəblərdən texnoloji tərəqqiyə  və yeni kəşflərə yönəltdi, 

halbuki qadın həyat reallıqlarına bağlı qaldı. Belə vəziyyət davam etdikçə, cinslər arasında  əhəmiyyətli 

intellektual fərqlər yarandı. Neolit inqilabına qədər kişinin və qadının vəziyyəti nisbətən bərabər idi. 

Lakin həmin inqilab müddətində kişi özünü təsdiqləmək üçün böyük imkanlar əldə edərək, özünün 

qadından üstün olmasını  yəqin etdi. Bəşəriyyət yazını öyrənib, tarixi hadisələri qələmə almağa 

başlayanda, kişi artıq sahib idi.  

 

Cinsi rol münasibətlərinin demoqrafik problemləri 

10-cu minillikdə dünya əhalisinin sayı 3 milyona yaxın idi; 7 min il bundan sonra əhalinin sayı 100 

milyona qədər çoxaldı. Həmin demoqrafik partlayış, kişinin, öz yeni atalıq nəzəriyyəsinin təcrübədən 

keçirməsinin bilavasitə nəticəsi deyildi. Bu, qidanın keyfiyyətinin və kəmiyyətinin xeyli yaxşılaşmasının 

nəticəsi olub. Neolit inqilabına təkan verən, sonra isə onun simasını müəyyənləşdirən qidanın 

yaxşılaşması  əhalinin sayının çoxalması üzərində  nəzarətin həyata keçirilməsi zərurətini azaltmadı, 

əksinə,  əhalinin sayının artırılmasını arzu olunan amilə çevirdi. Ailədə  uşaq çox olduqca, işçi qüvvəsi 

artır və bir o qədər də məhsul çox və keyfiyyətli olurdu. Qidanın yaxşılaşması ona gətirib çıxartdı ki, diri 

doğulan uşaqların sayı artır, körpə ölümü azalır, orta ömür uzunluğu artırdı. 

İqlimin dəyişməsi  əkinçiliyə  əlverişli  şərait yaradaraq, həyat keyfiyyətini təmin etməklə yanaşı 

əvvəllər mümkün olmayan miqrasiyaya səbəb oldu: bu, könüllü kollektiv yerdəyişmələr idi. Neolit 

dövrünün insanları başqa yerlərə köçür, yurd salır, köçəri həyat sürür, münasib olmayan yerlərdən daha 

əlverişli yerlərə köçürdü, həmin münbit torpaqların  əhalisi çox sıx olanda, əhalinin bir hissəsi oradan 

gedərək, yeni torpaqları axtarıb tapırdı. 

Neolit dövründə miqrasiya və ticarət xüsusən tayfılararası nigahların (tarixdə ilk dəfə olaraq) geniş 

və davamlı yayılmasına təsir etdi. Bu dövrün sonunda genetik müxtəlifliyinin nəticələri bəşəriyyətin əldə 

etdiyi qidanın yaxşılaşması  və  gələcəyə inam hissi ilə birlikdə  təkcə  əhalinin sayının çoxalmasına təsir 

göstərmədi, bunlar insanlarda tamamilə yeni, fəal və dinamik keyfiyyətlərin yaranmasına səbəb oldu. 

Qadınların sayı kişilərin sayından xeyli az idi. İbtidai insanların sümük qalıqlarının  əsasında 

alimlər belə bir nəticəyə  gəlirlər ki, cinslər arasında say nisbəti üçdə iki kişilərin xeyrinə idi və kişi 

ömrünün uzunluğu qadın ömrünün uzunluğundan təxminən 8 il artıq idi.  

Qadınların uşağı dünyaya gətirmək dövrü nisbətən qısa idi. Neandertal adam dövründə (təqribən 

70 min il əvvəl) yetkinliyə çatan hər on adamdan yalnız ikisi 30 yaşadək ömür sürməyə ümid bəsləyə 

bilərdi. Təxminən 30 min il bundan əvvəl vəziyyət qısa müddətdə yaxşılaşdı  və yüz nəfərdən  12-si 40 

yaşadək yaşamaq şansını əldə etdi. Lakin sonra vəziyyət yenə pisləşdi və neandertal adamların yaşadığı 

dövrdən də ağır oldu: 100 nəfərdən 86-sı 30 yaşa çatmamış ölürdü, sağ qalanlardan isə yalnız 5-i 40 yaşa 

çatırdı. Beləliklə, qadının yetkinlik yaşına çatdığı dövrdən ölümünə qədər uşaq doğmasına orta hesabla 

15–16 il ayrılırdı.  Əhali artımı, bütün qeyd edilən amillərə uyğun olduğundan da aşağı idi. Burada bir 

neçə səbəbi göstərmək olar, onlardan bəziləri obyektiv xarakter daşıyırdı. Yəqin ki, ən çox yayılmış ölüm 

səbəbi – xəstəliklər idi. Əhalinin sayının artmasına  ən böyük maneə  həm də qida çatışmamazlığı  və 

təbiətin dağıdıcı qüvvələri qarşısında insanın aciz olması idi. Aclıq ölü uşaqların doğulmasına, qadınların 

doğuş zamanı ölməsinə, eləcə  də körpə  uşaqlar arasında yüksək ölüm faizinə  səbəb olurdu. Həmçinin 

ehtimal olunur ki, insan ömrünün ilk iki ilində, qida çatışmamazlığı beynin inkişafına təsir edir, paleolit 


 

 

dövründə isə aclıq yalnız ayrı-ayrı insanlara deyil, bütün bir qrupa toxunduğuna görə, bu, bütün 



insanların nəinki fiziki, eləcə də intellektual inkişafını ləngidə bilərdi. 

İbtidai insanlar demək olar ki, bütün bu məhrumiyyətlərə müqavimət göstərə bilmirdi və yəqin ki, 

buna heç cəhd də etmirdilər. Axı qida çatışmayanda nə baş verə biləcəyini onlar yaxşı dərk edirdilər və 

instinktiv olaraq (sosiobioloqların ifadəsinə görə «genetik olaraq») əmin olmaq istəyirdilər ki, tayfada 

yeməklə təmin edilə biləcək saydan artıq adam olmasın. 

Əhalinin süni azalmasının ən sadə və əyani üsulu – uşaqların öldürülməsi idi. Bir çox hallarda bu, 

sözün  əsl mənasında öldürülmə deyildi: körpəni sadəcə olaraq baxımsız qoyurdular və ya xəstə  uşağı 

müalicə etmirdilər. Bəzən uşaqları  həqiqətən öldürürdülər. Uşaq qatilliyi zamanı adətən qızlar qurban 

verilirdi, çünki qız bir müddətdən sonra böyüyəcək və özü nəsil verməyə başlayacaqdı. Beləliklə, tayfa 

üçün nəinki qızın özü, həmçinin də onun potensial uşaqları da təhlükə yaradırdı. Bundan əlavə, ehtimal 

olunurdu ki, oğlan döyüşdə həlak olaraq təbii yolla ölə bilərdi. 

 

İbtidai-icma cəmiyyətində cinsi rol münasibətləri haqqında E.Taylorun təkamül nəzəriyyəsi 

İngilis etnoqrafı və ibtidai mədəniyyət tədqiqatçısı, ser Edvard Bernett Taylor (1832-1917) Kral Elmi 

Jəmiyyətinin (Britaniya Elmlər Akademiyasının) üzvü, Oksford Universitetinin antropologiya sahəsində 

professoru, həmin universitetin nəzdində (Pitt – Riversdə) Etnoqrafiya muzeyinin yaradıcısı və mühafizi, 

Böyük Britaniyanın  İrlandiyadakı Antropologiya İnstitutunun prezidenti olub, elmdə müstəsna 

xidmətlərinə görə zadəgan tituluna layiq görülmüşdür. Özünün «İbtidai mədəniyyət» (1871) adlı 

əsərində, eləcə  də  «İnstitutların inkişafının tədqiqat metodu haqqında» (1889) məqaləsində E.Taylor 

patrixətli (ata), matrixətli (ana) və ikili (ana-ata) mənşə hesabını araşdırıb, varisliyin müxtəlif formalarını 

(məsələn, soyadını, mülkiyyəti, vəzifəni, hakimiyyəti) həmin bölmələrə uyğun təsnif etmişdir. O, sübut 

etməyə çalışırdı ki, bəşəriyyət ana tipli cəmiyyətdən ata tipli cəmiyyətə doğru ardıcıl hərəkət edib. Əsas 

material kimi, o, leviratı seçib, ona müraciət etmişdir. (Taylor levirat ilə dul qadınların varislik qaydaları 

arasında fərq qoymurdu) Onun fikrincə, levirat «nigahın iki fərd arasında bağlanmış müqavilədən daha 

çox, iki ailə arasında bağlanmış müqavilə olduğu bir dövrünə aid olan» əvəzedilmə adəti idi. Üç mərhələ 

bir-birini dəyişdikcə, leviratın cəmiyyətdə yayılma dairəsi genişlənir. Ata-ana mərhələsində levirat, 

oğulların dul analarından sonra varis olma adəti ilə yarışa girir. «Bu qrup adətlərin yayılmasını izləyərək, 

müşahidə etmək olur ki, levirat prinsipi yalnız o mövqe ilə üst-üstə düşür ki, ata hüququ ana hüququnun 

ardınca yaranır; levirat isə, dul qadınların varis olmaq hüququnu hətta, ata hüququ, ana hüququnu axıra 

qədər əvəz etmədiyi zaman belə qəbul etməyinə səbəb olur. 

Burada Taylor «təlxək hoqqası» adlandırdığı kuvalda (ağır çəkic) adətinə keçir. Bu adətə ana 

mərhələsində rast gəlinmir. O, ana-ata mərhələsində aşkar olunur (bunu 20 misal təsdiq etmişdir), atalıq 

mərhələsində isə köhnəliyin qalığına çevrilir. Teylor Bahofenlə o barədə razılaşır ki, kuvalda «insan 

cəmiyyətinin dönüş nöqtəsinə aiddir: valideyn bağlılığı ana tərəfində  qəbul olunmaqla yanaşı, ata 

tərəfində də qəbul olunurdu; bunu hətta, atanın ana kimi düşünülməsi faktında görmək olar». Beləliklə, 

kuvalda «cəmiyyətin ana mərhələsindən ata mərhələsinə keçməsi meylinin təsadüfi işarəsi yox, bu böyük 

dəyişikliyin təsdiqidir». 

Taylor, tarixi mərhələlərin tipoloji təsnifatında  əks olunmasının sübutunu, ana mərhələsi üçün 

səciyyəvi qalıqların olmamasında və ata mərhələsinə xas qalıqların mövcudluğunda görürdü. Ana və ya 

ata sisteminə aid olan bu və ya digər adətlər qrupunun əlaməti – məskunlaşma tipidir. Ana sistemi və 

matrilokallıq inkişaf etdiyi kimi, ata sistemi və patrilokallıq da inkişaf edir. Taylorun fikrincə, 

məskunlaşma tipi kimi sadə bir faktda ata, yaxud ana sistemini formalaşdıran bu və ya digər adətlərin 

əsas şərtləndirici səbəbini tapmaq olar. 

Daha sonra Taylor «böyük sosial transformasiyanı» açıqlamaq üçün qızı qaçırtmaq yolu ilə nigaha 

daxil olmaq adətini araşdırır. Adətləri öyrənilmiş 350 xalqdan 100-də qız qaçırtmaq yolu ilə nigahın üç 

forması var: hücum nəticəsində qız-qaçırtma, mərasimlə bağlı qız qaçırtmaq və adi qızqaçırtma. «Deməli, 

ana sisteminin dağılmasında və onun ata sistemi ilə əvəz olunmasında qız qaçırtmaq adətinin yolu sosial 

inkişafın ciddi amili kimi nəzərə alınmalıdır». 

Nəhayət, Taylor ekzoqamiya və qohumluğun təsnif sistemi məsələlərinə toxunur – onlara o, vahid 

bir tamlığın hissələri kimi baxır. Onun rəyinə görə, qohumluğun təsnifatı bir-birini ər və arvadla təchiz 

edən yalnız iki qrupa bölünmüş  cəmiyyətdə ekzoqamiya adətindən irəli gəlir və beləliklə, krosskuzen 

nigahı ilə bağlıdır. O, həmçinin güman edir ki, məhz bu, ekzoqamiyanın ilkin formasıdır. Taylor tərtib 


 

 

etdiyi cədvəllərdə göstərir ki, ekzoqamiya ilə qohumluğun təsnifat sistemi arasında olan korrelyasiya, 



statistik təsadüfilik həddindən xeyli artıqdır, krosskuzen nigahı ilə qohumluğun təsnifat sistemi 

arasındakı korrelyasiya həmçinin «təsadüf»i sərhədləri keçir. Lakin bu, «törəmə yox, tamamilə oxşar 

münasibətdir, çünki krosskuzen qaydası  əslində ekzoqamiya qanununun yarımçılıq forması  və ya 

natamam təzahürüdür». Onun təssəvvürlərinə görə, ekzoqamiya siyasi funksiya, yaxud nigah 

əlaqələrinin yaradılması vasitəsilə siyasi birliyin güclənməsi və genişlənməsi funksiyasını  və beləliklə, 

qəbilələr arasında əlaqələrin yaradılması funksiyasını yerinə yetirir. 

 

 

 



 

 

 



 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Matrilokal, 

matrixətti və patrixətti cəmiyyətlərin tərifinin verilməsi və fərqlərinin göstərilməsi 

2.  İbtidai-icma cəmiyyətində sosial rolların paylanması 

3. Demoqrafik 

göstəricilərin cinsirol münasibətlərinə təsiri 

4. Ç.Darvinin 

təkamül nəzəriyyəsinin qender aspektləri 

 

İş üsulları: diskusiya 

 

 

 

ƏDƏBİYYAT 

 

Abdullayev O. İctimai münasibətlər sistemi və adət-ənənələr. – B., 1996, s.187 

Fərəcova F. Qender və mədəniyyət. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə kursu – B., 2002 

Həbilov H. Azərbaycan etnoqrafiyası. – B., 1991 

Məmmədova F. Azərbaycan tarixində qender aspekti. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə 

kursu – B., 2002 



Антологии исследования культуры. – СПб., 1997, Т. 1 

Клайд Кей Мейбен Клакхон. Зеркало для человека. Введение в антропологию. – СПб., 1998 

Крывелев И.А. История религий. Очерки в двух томах. – М., 1975 

Леви-Брюль. Сверхжестественное в первобытном мышлении. – М., 1994 

Леви-Стросс. Первобытное мышление. – М., 1994 

Леви-Стросс. Структурная антропология. – М., 1985 

Токарев С.А. Ранние формы религии. – М., 1990 

Эванс-Причард Э. История антропологической мысли. – М., 2003 

Эйзенштадт Ш. Революция и преобразование обществ. – М., 1999 

 

 



 


Yüklə 313,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə