PEDAQOGİKA ELMİ HAQQINDA ÜMUMİ ANLAYIŞ
Əhatə olunan məsələlər:
1.
. Elm anlayışı.
2. Pedaqogika nəzəri və tətbiqi elmdir.
3. Pedaqogika nəyi öyrənir: pedaqogika elminin obyekti
və predmeti.
4. Pedaqogikanın anlayışlar sistemi.
5. Pedaqoji cərəyanlar.
6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi.
7. Pedaqogikanın sahələri. Pedaqogikada diferensiasiya prosesləri.
1. Elm anlayışı
Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi elmi tərəqqi ilə sıx bağlıdır. Elm
anlayışı (ər.
“elm”) “bilmək, məlumatlı olmaq” mənalarını verən
“aləmə”
kökündəndir. Alim ( ər.
, cəmi
“ üləma”) sözü də
“elm” sözündən
əmələ gəlmişdir.
İctimai fikir tarixində öz xidmətləri ilə seçilən, elm və mədəniyyət aləmində
tanınan görkəmli şəxsiyyətlər elm haqqında qiymətli fikirlər söyləmişlər.
Qədim yunan filosofu Diogen elmi dünyada ən böyük xeyir, nadanlığı isə ən
böyük şər hesab edirdi. Böyük türk mütəfəkkiri və şairi Cəlaləddin Rumiyə görə
elm sahilsiz bir dəryadır, alim də sahilsiz dəryaya dalmış bir dalğıcdır. Dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yazırdı:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət.
Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğətində (Bakı, 2005) “elm”
və “alim” kəlmələri belə xarakterizə olunur:
“Elm-real gerçəkliyin ictimai şüurda inikası olan və onu (gerçəkliyi)
təkmilləşdirməyə yönələrək cəmiyyətə fayda verən obyektiv biliklər sistemidir.
Alim - iqtisadiyyatın, ticarətin, inşaatın, mədəniyyət və incəsənətin, habelə təbiətin
bu və ya digər sahəsindəki hadisələr arasında səbəb və nəticə əlaqələrini,
qanunauyğunluqlarını elmi cəhətdən araşdıran əsasən elmlər namizədi (indi fəlsəfə
doktoru) və ya elmlər doktoru elmi dərəcəsi olan şəxsə deyilir”.
Azərbaycan dilinin izahlı lüğətində (II cild, “Şərq-Qərb”, 2006) elm - təbiət
və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını
meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi adlandırılır.
Müəllim (ər.
“öyrədən, müəllim”) sözü də
“elm” kökündəndir.
Pedaqoji anlamda müəllim - sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri, mənəvi,
əxlaqi keyfiyyətləri öyrənənlərə, yetişən nəslə məqsədəyönlü, planlı və mütəşəkkil
aşılayan, öyrədən, istiqamət verən və fəaliyyəti ilə cəmiyyətin inkişafına təkan
verən pedaqoji təhsilli mütəxəssisdir.
İnsanlara xeyirli, faydalı işlər aşılamaq tərbiyənin ana xəttidir. Tərbiyə
hikmətə aid mühüm məsələlərdən biri olduğundan, hikmət vərdişinin
formalaşdırılması tarixən ən aktual məsələ sayılmışdır və indiki şəraitdə bu
aktuallıq daha da artmışdır. Hikmət mərifət sahibləri arasında hər şeyi olduğu kimi
dərk etmək, hər işi lazımi səviyyədə yerinə yetirməkdir. Hikmət nəticəsində
insanın mənəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəl-
məlidir. Deməli, hikmət bir-birini tamamlayan iki hissənin – elm və əməlin (işin,
fəaliyyətin) vəhdətidir. Professor Z.İ.Qaralovun fikrincə, elm təbiətdə, cəmiyyətdə,
insan beynində gedən dəyişmələrin, hərəkətin mahiyyətini, qanun və qanunauy-
ğunluqlarını düzgün dərk etmək, insanın yaradıcı ağlı, sağlam düşüncəsi, iti
təfəkkürü dairəsində varlıqlarda daim fəaliyyət göstərən çevrilmələri, onların səbəb
və nəticələrini, xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarıb sistemə salmaqdır. Elm
dərk olunmuş həqiqətlər sistemidir. Bu sistemə yiyələnməyə vərdiş etmək
insanların insanlıq borcudur. Əks təqdirdə insan nadanlığa doğru gedər. Bu vərdişə
sahib olanlar bilikli, ağıllı, bəşəriyyətə və özünə xeyir gətirən insanlar kimi tanınır.
Quranda yazılıb: “Uca Tanrı kimi istəyirsə, ona hikmət verir, kimə hikmət verirsə,
ona böyük nemət bəxş edir.”
Elm onunla həqiqətən məşğul olanlara məmnuniyyət bəxş edir. Lakin onun
idraki qiyməti bununla bitmir. Elm – azad insan zəkasının ən böyük nailiyyəti,
idealı və onun narahat ağlının məhsuludur. Elm – bəşər sivilizasiyasının məhək
daşıdır. Elmin məqsədi həqiqəti axtarmaqdır. Miletli Falesdən üzü bəri həqiqəti
tapmaq uğrunda mübarizə bu günə qədər davam edir və davam etməkdədir. Elmin
məqsədi dünyanı və bizim özümüzü dərk etməkdir. Elmin böyük kəşflərə doğru
gedən yolu, Bekonun dediyi kimi, heç də şahrah deyil, əksinə daşlı-kəsəkli,
sıldırımlı və tufanlıdır.
Elmdə seçmə çox vacibdir. Alim, faktlar düzgün gəlmədikdə ən sevimli
nəzəriyyəni belə məmnuniyyətlə dəyişməyi, hətta rədd etməyi bacarmalıdır. O,
inanmalıdır ki, təbiətdə rasionalizm mövcuddur, ancaq hesab etməməlidir ki,
gerçəyin qanunları tamamilə determinikdir (Həqiqi, kəskin dəlillər gətirməlidir,
unutmamalıdır ki, determinizm obyektiv gerçəklikdə baş verən bütün hadisələri, ma-
hiyyətdə, dərin qatlarda bütün mənaları izah edə bilmir). Buna baxmayaraq, elm,
hadisələrin
sonrakı gedişini əvvəlcədən xəbər vermək üçün onların
qanunauyğunluqlarla cərəyan etdiyini qəbul edir.
Ç.Darvinin qeyd etdiyi kimi, elm adamının işinin müvəffəqiyyəti
aşağıdakılarla təyin olunur:
Elmə məhəbbət;
Müşahidə aparmaq və faktları toplamaq səyi;
Hər hansı məsələ haqqında uzun müddət düşünmək, lazım
gəldikdə intəhasız səbrə malik olmaq;
Kifayət qədər ixtiraçılıq qabiliyyəti və sağlam düşüncənin
olması.
A.A.Blok yazır: “Şair – ahəngin oğludur və ona dünya mədəniyyətində
müəyyən rol verilmişdir. Ona üç iş həvalə olunmuşdur: birinci – səsləri öz əzəli
yatağından oyadıb azad etmək; ikinci – bu səsləri müəyyən qəlibə salıb, onları
müəyyən bir ahəngə gətirmək; üçüncü – bu ahəngi xarici aləmə təqdim etməkdir”.
Əgər bu keyfiyyətləri elmə uyğunlaşdırmağa cəhd etsək, aşağıdakılar alınar:
Təkrar olunan faktlar və hadisələr arasındakı əlaqələri müəyyən etmək;
Fərziyyə və nəzəriyyələrin köməyi ilə qarma-qarışıq faktları müəyyən
ahəngə, qanuna gətirmək;
Tədqiqatın nəticələrini müzakirəyə vermək.
Ehtimal ki, ən çətin üçüncü məsələdir.
İnsan bütün böyük ümidlərini elmə bağlayır, qarşısına çıxan çətinliklərdən,
təhlükələrdən xilas yolunu elmdə axtarır. Baxmayaraq ki, bu gün bəşəriyyət üçün
ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm yaratmışdır.
Doğrudanmı hər bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi
doğuran səbəbin özündə axtarmaq lazımdır? Qarşıda duran böyük vəzifə heç
olmazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyələnməsi və inkişaf
səviyyəsinə görə “fəsad əhlini” qabaqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti
həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.
Elmin əsas funksiyası heç də sadəcə olaraq insanın mənəvi-intellektual
maraqlarına deyil, onun dünyanı məqsədyönlü surətdə dəyişdirmək, öz əməli
fəaliyyətini elmi əsaslar üzrə qurmaq məqsədinə xidmət etməkdir. Bütün əməli
fəaliyyət sahələri ancaq elmi əsaslarla təşkil olunduqda səmərə verir. Buna görə də
ixtisasından asılı olmadan bütün fəaliyyət sahələrində çalışan insanlar həmin
sahənin elmi əsaslarını öyrənmək məcburiyyətindədirlər (Elmi əsaslar təkcə elmin
deyil, müvafiq fəaliyyət sahəsinin də tərkibinə daxildir. Yəni ixtisas təhsili alan
şəxs elm adamı olmasa da, müvafiq fəaliyyət sahəsinin elmi əsaslarına yiyələnmiş
olmalıdır).
Elmin ön xəttinə çıxmaq üçün ilk növbədə onu mənimsəmək tələb olunur.
Həm də təkcə konseptual məzmun baxımından deyil, sosial və təşkilati struktur
baxımdan. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil.
Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər
keçdiyi tarixi yolu izləmək, inkişaf meyillərini aşkara çıxarmaq və məqsədəuyğun
istiqamətə yönəltmək tələb olunur.
“Elm” anlayışının başa düşülməsindən asılı olaraq onun nə vaxtdan başlandığı
sualını cavablandırmaq mümkündür. Elm dedikdə, bir neçə en kəsiyi ehtiva edən
mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur. İstər “elm” sistemi, istərsə də elmi
inkişaf prosesi yalnız son dövrlərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu
da elmin sosial və iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır.
Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə bir
vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün
meyara çevrilir, artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, onları tamamlamaq
elmiliyin şərti kimi çıxış edir.
Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni
faktiki material gözləmədən yeni bilik almaq imkanı yaranır, başqa sözlə, mövcud
biliklər öz-özünü inkişaf etdirmək keyfiyyəti əldə edir.
Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin ümumi inkişaf
qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Belə
ki, bütöv “elm” sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi
yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyin
toplanma və saxlanma vasitələrinin, informasiya mübadiləsi və s. cəhətlərin müx-
təlif dövrlərdə müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə
müəyyənləşdirilə bilər.
“Elm” sisteminin başlıca elementlərindən birini də elmi yaradıcılıq prosesi
təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və
onu yalnız bir en kəsiyində, qnoseoloji müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda
elmi bilik istehsalı, prosesin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir.
Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əvvəlcə onu
bütöv dinamik bir sistem kimi təsəvvür etmək və elmi səciyyələndirən müxtəlif
hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik obyektini müəyyənləşdirmək
lazımdır.
Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öyrənilməsində məntiqi-
qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca bir fərdin deyil, ictimai
fəaliyyətin məhsulu olduğundan cəmiyyətə xas olan müəyyən xüsusiyyətlər elm
hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və hər hansı bir ölkədə elmi
fəaliyyətin özünəməxsus cəhətləri, elmin qarşısında qoyulan məqsəd və vəzifələr,
elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqamətləri, bu və ya digər elmi
axtarışa ictimai maraq və bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin
dəyişməsi həmin dövrdə və həmin ölkədəki ictimai quruluşun xarakterindən,
ümumi mədəni inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi
təhlillə elmin inkişaf qanunauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna
görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixin vəhdətindən
çıxış etmək, digər tərəfdən də elmi mürəkkəb tədqiqat obyekti kimi götürmək,
onun qnoseoloji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan
sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi sahə – elmi
bilikdir. Elmi bilik “elm” sisteminə daxildir. “Bilik” anlayışı elmi bilikdən başqa,
əməli biliyi də əhatə edir ki, sonuncu “elm” sisteminə daxil deyildir. Yaxud da
“elm” anlayışının əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları,
laboratoriyalar, “elm texnikası” və s.) və yaradıcılıq axtarışları “bilik” sisteminə
daxil deyil.
Biliklər sistemi özündə fəaliyyət məqamını əks etdirmir. Elm isə məhz elmi
axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət zamanı cəmiyyətin
tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır.
Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək təhsil siyasətinin
formalaşması üçün çox önəmlidir. Çünki təhsilin məzmununda elmi-texniki
biliklərə birtərəfli qaydada geniş yer verilməsi və onların insanın daha böyük
amallar uğrunda mübarizəsində ancaq bir vasitə olduğunun öyrənilməsi, gənclərin
bu amallardan xəbərsiz qalması təhsilin alı məqsədindən uzaqlaşmasına səbəb ola
bilər. Elmin məqsədi insanın intellektual dünyasını zənginləşdirmək, onu daha
məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun
imkanlarını artırmaq, sözün həqiqi mənasında, daim uğrunda çarpışdığı azadlığa
qovuşdurmaqdır.
Yuxarıda söylədiklərimizi belə xülasə edə bilərik: elm-təbiət, cəmiyyət və
təfəkkürün obyektiv inkişaf qanunları haqqında bəşəriyyətin tarix boyu əldə etmiş
olduğu biliklər sistemindən və həmin biliklər zəminində yeni qanunların kəşf
olunması üçün göstərilən fəaliyyətdən ibarətdir. Maddi aləm (bizi əhatə edən ger-
çəklik) vahid olduğundan onu tədqiq edən elm də vahiddir; elmin müxtəlif sahələrə
bölünməsi, yəni diferensiasiya edilməsi müəyyən mənada şərtidir, varlığın müxtəlif
sahələrini daha dərindən araşdırmağa xidmət edir.
Dostları ilə paylaş: |