Platon və Platon Akademiyası
A.
Platon`un həyatı
Platon ([-428/7]-[-348/7]) Afinada kübar bir ailədə
doğulmuş, yaxşı təhsil
almış, musiqi və poeziya ilə, idmanla (güləşən olub) yaxından
maraqlanmışdır. 20 yaşında Sokrateslə yaxından tanış olmaqla həyatının
dəyişdiyi, şeir və incəsənəti rədd edib (yazdığı şeirləri yandırıb) özünü elm
və fəlsəfəyə həsr etmişdi. Siyasi həyatda fəal rol oynamaq, heç olmazsa bir
hökmdar tərbiyə etmək üçün bir neçə cəhdi boşa çıxmışdır. Sokrates
öldürüldükdən sonra Afinanı tərk edib Meqara`ya Euklides`in yanına, sonra
bir müddət Misirə getdiyi, orada riyaziyyat öyrəndiyi deyilir.
Dörd il sonra
yenidən Afina`da yaşamağa başlamışdır. “-387”-ci ildə Siciliya və İtaliyaya
(Magna Graecia) səfər etmiş, Sirakuz hökmdarı 1-ci Dionisios`un sarayında
yaşamış, lakin oradan geri göndərilmiş, Afina ilə savaşda olan Sparta
tərəfdarlarına əsir düşmüş, kölə kimi satılmış, onu tanıyan biri tərəfindən
azadlığa çıxarılmışdır.
Qədim Yunanıstanda Platon Akademiyası əslində Afinanın yaxınlığında
(şimalda) yerləşən, idman və müxtəlif festivallar keçirilən bağın adı ilə
bağlıdır. Əfsanəvi qəhrəman Akademus`un (və ya Hekademus adlı nüfuzlu
bir şəxsin, vətəndaşın) adı ilə adlandırılan bu bağın bir tərəfində b.e.ə. 388
və ya 387-ci ildən başlayaraq Platon`un ətrafında cəm olmuş cəmiyyətdə
riyaziyyat və fəlsəfi problemlər öyrədilirdi (2400 il əvvəl!).
Pifaqor
məktəbindən fərqli olaraq Akademiya hər kəsə açıq idi. Akademiya ərazi
adı kimi Platon Akademiyasından xeyli əvvəl də vardı, orada gimnazium
fəaliyyət göstərirdi. Platon öz Akademiyasının adını ilk dəfə “Menon”
dialoqunda çəkir. “-366”-cı ildə Platon yenidən Magna Graecia`ya, 2-ci
Dionisios`un sarayına getmiş, siyasi oyunlar nəticəsində hökmdara müxalif
duruma düşərək oranı tərk etməli olmuşdu. “-361”-ci ildə artıq 3-cü dəfə
Dionisios sarayına getmiş, bu dəfə daha da ağır vəziyyətə düşmüş,
yaxınlıqdakı Tarento hökmdarı riyaziyyatçı və filosof Arxitas`ın köməyilə
canını qurtara bilmişdir.
Əslində Akademiyada dərs deyilmir və ya dərs üsulu,
yəqin ki, az yer
tuturdu, əsas üsul ortaya məsələ, problem qoyub onu həll etməyə çalışmaq
və dialoq idi (Sokrat metodu); hər halda riyaziyyat kimi dərslərin daha
standart üsulla deyildiyi də şübhə doğurmamalıdır. Platonun əsərlərinin
dialoq şəkli (“Sokrates`in Apologiyası” istisnadır), görünür ki, onun
yazıçılıq istedadı ilə yanaşı (hər dialoq öz ideyası və dramatizmi, maraqlı və
güclü
şəxsiyyətləri, ibrətamiz rəvayətləri ilə yadda qalır), həm də
Akademiyadakı müzakirələrlə bağlıdır.Yəqin ki, şifahi danışıqdan yazıya
keçmək üçün də dialoq daha maraqlı görünürdü (Sokrates dialoq aparır,
amma yazmırdı)...
Akademiyada məşğələlər məşq xarakteri daşıyırdı, ruhi çalışmalar əsas yer
tuturdu. Bu, açıq havada və örtülü yerdə baş verə bilirdi. Akademiya
üzvlərinə akademiklər deyirdilər. Platon buradakı intellektual fəaliyyəti
tənzimləyir və ilhamlandırırdı (40 ilə yaxın Akademiyada, yəqin ki, 5-7 il
də ondan əvvəl!?).
Platonun əsərləri küllisi onun bir çox müasirlərindən fərqli olaraq
zamanımıza gəlib çatmışdır. Bunu Platonun böyüklüyü ilə yanaşı, bəlkə
ondan da çox, Platon Akademiyası`nın fəaliyyəti ilə bağlamaq mümkündür.
Eyni fikir Aristoteles`in əsərləri və onun Liseum`una da aiddir.
Platon filosofdur və filosof olduğu qədər də usta yazıçıdır,
şairanə dili olan
filosof-yazıçıdır. Zaman keçdikcə, yaşa dolduqca Platonun üslubu daha
nəzəri, daha dəqiq və quru olmuşdur. O, əsərlərinə bir daha nəzər salmış,
fikirlərini dəqiqlışdirmiş və müəyyən dərəcədə dəyişmişdir. “Sokratesin
müdafiəsi”, “Protaqoras”, “Dövlət”in birinci hissəsi kimi əsərlər gənclik
dövrünün, “Qorqias”, “Menon”, “Ziyafət/Simpozium”, “Faidon” və
“Dövlət”in (və ya başqa deyilişdə “Respublika”; yunanca:Πολιτεία/Politeia)
kimilər yetkin çağında, “Parmenides”, “Timaios”, “Qanunlar” kimi əsərləri
isə sonda, yaşlı dövründə yazılmışdır.
Platon fəlsəfənin, demək olar ki,
bütün sahələrinə toxunmuş, özündən
əvvəlki filosofların ideyaları üzərində düşünmüş, sistemli nəzəriyyələr
yaratmışdır. Adı Aristokles olan, ancaq enlikürəkli (geniş omuzlu) və ya
geniş alınlı olduğuna görə “geniş” (πλατύς/platis) mənası verən Platon
ləqəbini almış (guya ona bu ləqəbi güləş müəllimi veribmiş) bu filosof
fəlsəfəni əhatə etmək baxımından da (xüsusilə) ən geniş və dərin bir
mütəfəkkirdir (Ad haqqında bu məlumat xeyli sonralar meydana çıxdığı
üçün əsl adın Platon olduğunu müdafiə edənlər də var; Platon yunanlarda
yayılmış bir ad imiş). A.N. Whitehead`ə görə “The safest general
characterization of the European philosophical tradition
is that it consists of
a series of footnotes to Plato” (“Avropa fəlsəfi ənənəsinin ən etibarlı ümumi
səciyyəsi onun Platona haşiyələr silsiləsindən ibarət olmasıdır”)
(Alfred
North Whitehead. Process and Reality. N.Y. Free Press, 1979; p. 39).
B. Russell isə
“Həmişə Platonu tərifləmək düzgün hesab olunub, onu başa düşmək deyil”
deyir
(B. Russell, s.113).
O, başa düşmək (Platonun bəzi əsərləri çətin başa
düşüləndir) baxımından haqlı göründüyü halda, Platonun tənqidlərə məruz
qaldığını unutmuş kimi görünür; xüsusi halda Sovet marksist fəlsəfəsi
Platonu və onun carçısı olduğu idealizmi amansızcasına tənqid etmişlər.
Platon kainat haqqında fikirlərində
daha çox, yəqin ki, Pifaqor və
Empedokl`dan, əxlaq nəzəriyyəsində Sokrat`dan, riyazi görüşlərində
Pifaqordan, metafizika və dialektikada Heraklit və Parmeniddən
bəhrələnmişdi (?!).
B.