Qərbi Kaspi Universitetinin Kolleci
HESABAT
Tədris Təcrübəsi
TƏLƏBƏ: SƏMƏDOVA XƏDİCƏ
İXTİSAS: TURİZM VƏ ONUN TƏŞKİLİ
QRUP: 407 /0
TƏDRİS İLİ: 2021/2022
MÜƏLLİM: MƏDƏTOVA AYNURƏ
BAKI-2022
PLAN
Tarixi turizm anlayışı
Tarixi turizm və onun perspektivləri
Mədəni turizm anlayışı
Turizmin təşkili sistemində mədəni-tarixi resurslar
Mədəni turizm: uğur və çağırışlar
Tarixi turizm anlayışı
“Turizm” və “turist” sözləri müasir dövrün ən çox dəbdə olan ifadələrinə çevrilib. Bu sözlərin kökündə latın və yunan mənşəli “tur” sözü dayanır. İngilis dilinə keçən bu söz XVII əsrdən “səyahət” mənasını ifadə edir. Beləliklə, tur sözündən əmələ gələn turizm bu prosesi, turist isə onun iştirakçısını ifadə edir. “Turizm” sözünün meydana gəlməsi fransız yazıçı Anri Stendalın (1783-1843) adı ilə əlaqələndirilir.
Hazırda turizm nəhəng sənaye sahəsinə çevrilib. Turizmdə baş verənlər bununla da kifayətlənmir. Bu sahədəki proseslərin dərindən dərk edilməsi və idarə olunması yeni elmi istiqamətin yaranmasını da zəruri edib. Turistika, turizmologiya və ya tirizmşünaslıq adlı elmin yarandığı bildirilir. Turist bu elmin subyekti, turizm sənayesi obyekti, turizm məhsulu isə predmeti hesab olunur.
Turizm ümumi ifadə olduğu üçün onun tərkibinin öyrənilməsinə xüsusi diqqət verilir. Bu məqsədlə turizmin təsnifatı aparılır, onun tip, növ və forması müəyyən edilir. Hazırda turizmin üç yüzdən çox növündən bəhs olunur və onlar artmaqda davam edir. Turizmin yeni növləri içərisində selfi, industrial və s. dəbdədir. Bir zamanlar xəyal kimi görünən kosmik turizm isə bu gün reallığa çevrilir.
Turizmin təsnifatı zamanı akademik əsərlərdə və ya dərsliklərdə məqsəd və motivasiya əsas götürülərək mədəni və ya mədəni-idraki (dərk etmə) turizm növü xüsusi ayrılır. Bu nominasiya ilə tarixi, dini, etnik, etnoqrafiya, arxeologiya və s. turizm növləri bir araya gətirilir. Turizmə dair publisistikada isə kombinə edilmiş tarixi-mədəni turizmdən bəhs olunur.
Turizm üçün olduqca mühüm olan beynəlxalq təcrübəni nəzərə alaraq, unifakasiya məqsədi ilə belə yanaşma Azərbaycan üçün də qəbul edilə bilər. Hər bir halda tarixi turizm bu kompleksdə mərkəzi yer tutur. Əsas məsələ isə tarixi turizmin şərhi ilə bağlıdır. Belə ki, tarixi turizm dedikdə, əsasən, mədəni-tarixi abidələr ilə tanışılıq kimi məsələ ön plana çəkilir, bu da onun mahiyyətini və əhəmiyyətini tam ifadə etmir. Beləliklə, müasir turizmin nəzəri-təcrübi nailiyyətləri əsasında tarixi turizmin əsas məsələlərinin, həm mədəni-idraki turizm kontekstində, həm də ümumi turizm sistemində yerinin müəyyən edilməsi qarşıda durur.
Tarixi turizmin prinsipial məsələsi tarixlə turizmin qovşağında meydana gəlməsindədir. Burada hər iki bilik sahəsinin-tarix və turizmin nailiyyətləri üzvi şəkildə birləşir. Tarixi turizmin predmetinin müəyyən edilməsində əsas rol turizmə məxsus olur. Tarix isə turizmin tələbinə uyğun olaraq turistlərə yüksək səviyyəli turizm məhsulları təqdim edə bilməlidir.
Tarixi turizm turistika elmi sisteminin tərkib hissəsi olmaqla bərabər, özü də sistem kimi çıxış edir. Bunu nəzərə alaraq tarixi turizmin predmetinə yeni münasibət yaranır. Tarixi turizm tarix və mədəniyyət abidələrinin ümumi və konkret tarixi dövrlər ilə əlaqəsini, şəhər tarixi, hərbi tarix, turizmin yeni istiqamətlərindən olan industrial tarixi turizmi, əlamətdar ildönümləri üzrə hadisəvi turizmi, tarixi hadisələrin rekonstruksiyasını, ölkə üzrə dünyanın müəyyən xalqlarının tarixi izləri üzrə səyahəti (nostalji turizmi) və s. əhatə edir.
Tarixi qoruqlar, tarix və tarix-diyarşünaslıq muzeyləri üzrə turizm də burada mühüm yer tutur. Arxeoloji, memarlıq, etnoqrafik, etnik və dini motivlər tarixi turizmin ümumi məqsədinə daxil olur. Bununla yanaşı, həmin sahələr daha geniş şəkildə ayrıca turizm növləri kimi də nəzərdən keçirilə bilər. Bütün bunları nəzərə alsaq, Azərbaycan turizmi tərkibində də tarixi turizmin yenidən nəzərdən keçirilməsi vacibdir.
Tarixi turizmin meydana gəlməsi turizm tarixi daxilində baş verib.Turizm qədim zamanlardan başlayaraq uzun inkişaf yolu keçib və yalnız 1841-ci ildə kütləvi hal alıb. Turizm fenomeninin banisi ingilis Tomas Kuk (1808-1892) hesab olunur. O zamandan keçən dövr ərzində turizm geniş inkişaf yoluna qədəm qoyub və qlobal hadisəyə çevrilib.
Azərbaycanda da qədim zamanlardan səyahətlər başlayıb. Azərbaycanın turizm tarixində, adətən, qədim dövr – XIX əsrin əvvəlləri, Rusiya imperiyası, sovet və müstəqillik dövrləri ayrılır. Azərbaycanın ümumi turizm tarixində tarixi turizmin meydana gəlməsini izləmək üçün daha təfsilatlı dövrləşmə lazımdır. İlk olaraq, qədim zamanlardan e.ə. IV əsrdə Albaniya dövlətinin yaranmasınadək olan dövr ayrıla bilər. Azərbaycanda tarixi turizmin ilk təcrübəsi bu zamanlar meydana gəlib. Albaniya dövrü (e.ə.IV-e.VII əsrləri), xüsusilə xristianlığın yayılması və dövlət dini kimi qəbul edilməsi səyahətlərdə də yeni meyllərə gətirib çıxardı. Albaniya dövrünə aid əsas məlumtaların olduğu yunan və Roma müəlliflərinin (Herodot, Strabon və s.) informasiyası səyahətlərin nəticəsinə əsaslanırdı. Xristianlığın yayılması ilə dini zəmində səyahətlər əmələ gəlir.
Dostları ilə paylaş: |