SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə1/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
  1   2   3   4   5   6   7   8   9   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti



1
OQTAY
ƏFƏNDİYEV
AZƏRBAYCAN
SƏFƏVİLƏR DÖVLƏTİ
ŞƏRQ-QƏRB
BAKI 2007


2
ISBN 978-9952-34-101-0
947.5405-dc22
1.Azərbaycan-Tarix.2.Səfəvilər dövləti.
Oqtay Əfəndiyev.Azərbaycan Səfəvilər dövləti
.
Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh.(illüst.)


3
Azərbaycan xalq şairi
Rəsul Rzanın əziz xatirəsinə
həsr edirəm
Müəllif
GİRİŞ
XVI əsr ümumdünya tarixinin yeni mərhələsinin başlanması ilə
əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun
yaranması, feodal münasibətlərinin dağılması və Avropanın bir sıra
inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və
çoxmillətli dövlətlərin təşəkkül tapması dövrü idi. Bu dövrdə Qərbi
Avropa ölkələrinin əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi
və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı.
Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq
monarxiya idi.
Lakin Asiya ölkələrində dövlətin bir qədər spesifik tipi formalaşdı.
Bu dövlətlər müəyyən dərəcədə feodal pərakəndəliyini aradan qaldırsalar da,
Avropanın feodal-mütləqiyyətçi dövlətlərindən əhəmiyyətli surətdə
fərqlənirdilər. Sonunculardan fərqli olaraq Asiya ölkələrində siyasi birləşmə
prosesi məhsuldar qüvvələrin nisbətən zəif inkişafı, feodal münasibətlərinin
durğunluğu, natural təsərrüfatın hökmranlığı və vilayətlər arasında iqtisadi
əlaqələrin zəifliyi şəraitində baş verirdi. Bir sıra səbəblər üzündən Asiyanın
feodal dövlətləri (onlardan bəziləri hətta güclü hakimiyyətə malik olsalar
da) optimal daxili sabitlikdən məhrum idilər, onların ərazi bütövlüyünü
sarsıdan mərkəzdənqaçma proseslərini tamamilə zərərsizləşdirə
bilmirdilər.Asiya ölkələrində siyasi qurumların səciyyəvi xüsusiyyətlərindən
biri ondan ibarət idi ki, xarici istilalar nəticəsində onlar sürətlə bir ölkə
çərçivəsindən kənara çıxır, geniş regionları öz sərhədləri hüdudunda
birləşdirirdilər.
Belə dövlətlərdən biri XVI əsrin əvvəllərində yaranmış, Osmanlı
imperiyası və Böyük Moğollar dövləti ilə yanaşı, o dövrün ən iri Asiya
dövlətlərindən olan Səfəvilər dövləti idi.
Səfəvilər dövləti onun tərkibinə daxil olmuş Cənubi Qafqaz, İran və


4
digər ölkələrin xalqlarının tarixi taleyində əhəmiyyətli rol oynamışdı. Bu
dövlət sosial - iqtisadi inkişafın müxtəlif pillələrində olan, dil, mədəniyyət və
din baxımından fərqlənən bir çox xalqları və tayfaları vahid dövlət
hakimiyyətində birləşdirmiş, tabeliyindəki ölkələrdə feodallaşma prosesini
daha da sürətləndirmişdi.
Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı
etnik konsodilasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və
şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş
hüdudları daxilində birləşdirilməsi, bu vilayətlərin keçmişə nisbətən daha sıx
siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaranmışdı. Onilliklər
boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə
yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət
sahəsində müəyyən tərəqqiyə nail olmuşdu. Səfəvilər dövlətinin yaranması
Azərbaycan ərazisində və həmhüdud ölkələrdə feodalizm cəmiyyətinin
təkamülündə mühüm mərhələ oldu. Səfəvilər dövləti ilk növbədə
Azərbaycan tayfa əyanları - əmirlər tərəfindən onların sinfi mənafelərinə
xidmət etmək üçün yaradılmışdı. Başlıca vəzifəsi öz həmtayfaları və tabe
etdikləri vilayətlərin əhalisi üzərində hakimiyyəti möhkəmləndirmək və
genişləndirməkdən ibarət olan yeni yaranmış dövlətdə qızılbaş əmirləri
hakim qüvvə olmuşdular. XVI əsrdə Azərbaycan və onun ən böyük ticarət-
sənətkarlıq mərkəzi olan Təbriz yalnız siyasi baxımdan deyil, həm də
iqtisadi cəhətdən Səfəvilər dövlətinin əsasını təşkil etmişdir.
Göstərilən cəhətləri inkar edən Qərb şərqşünasları XVI əsr Səfəvi
dövlətinə əsassız olaraq İran dövləti kimi baxmışlar və baxmaqda davam
edirlər. Azərbaycan xalqının tarixi yaradıcılığının, milli ləyaqətinin və
özünəməxsus mədəniyyətinin, müstəqil yaşamaq və inkişaf etmək
hüququnun şovinist tarixşünaslığa xas olan şəkildə tamamilə inkar edilməsi
ənənəsi bu münasibətdə özünün təzahürünü tapır. Başqa xalqlara həqarətli,
təkəbbürlü münasibət bəslənməsi, onların tarixi rolunu, bəşəriyyət tarixinə
və mədəniyyətinə töhfəsini nəzərə almamaq tarixi gerçəkliyə ziddir. Təsadüfi
deyildir ki, məhz Azərbaycan tarixçiləri ən qədim dövrlərdən etibarən
Azərbaycan ərazisində baş vermiş tarixi proseslərin axarını təhlil etmiş,


5
Azərbaycan dövlət quruculuğunun və mədəniyyətinin müxtəlif inkişaf
mərhələlərində xalqın rolunu səciyyələndirmiş, habelə XVI əsr Səfəvilər
dövlətinin yaranmasında və inkişafında Azərbaycan xalqının rolunu aşkara
çıxarmışlar. Bu kitab XVI əsr Səfəvilər dövlətinə dair Şərq və Avropa
mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə şərh olunması və
ümumiləşdirilməsi, göstərilən dövrdə Azərbaycanın siyasi və sosial - iqtisadi
həyatının işıqlandırılması istiqamətində ilk cəhddir. Onun mühüm
məqsədlərindən biri Səfəvilər dövlətinin meydana gəlməsi və inkişafında
Azərbaycan etnik ünsürünün rolunu elmi surətdə əsaslandırmaqdan
ibarətdir. Kitab müxtəlif dillərdə olan irihəcmli mənbələrin, o cümlədən
ilk dəfə elmi dövriyyəyə daxil edilən nadir əlyazma əsərlərinin tənqidi
surətdə öyrənilməsi və təhlili əsasında yazılmışdır. Müəllif iş prosesində
görkəmli tarixçi şərqşünaslardan V.V.Bartoldun, A.Y.Krımskinin,
V.A.Qordlevskinin, İ.P.Petruşevskinin, Ə.Ə.Əlizadənin, B.N.Zaxoderin və
başqalarının əsərlərindəki nəticələrə ümumiləşdirmələrə xeyli dərəcədə
istinad etmişdir. Bu kitaba müəllifin 1961-ci ildə Bakıda rus dilində nəşr
olunmuş ”XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması”
əsərində başlanğıcı qoyulmuş mətləblərin davamı və həlli faktı kimi
yanaşılmalıdır. Buna görə də bu kitabda I Şah İsmayılın dövlətinin
yaranmasına və onun hakimiyyəti dövrünə yalnız əvvəlki monoqrafiyanın
materillarına əlavələr və dəqiqləşdirmələrlə əlaqədar zəruri ölçüdə
toxunulmuşdur. Bu, keçmişdə bizim üçün əlçatmaz olan bəzi salnamələr və
tədqiqatlar, xarici alimlərin keçən dövr ərzində meydana çıxmış əsərləri
sayəsində mümkün olmuşdur. Müəllif imkan daxilində nəzərə alınmış qeyd
və arzularına görə Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix
İnstitunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin əməkdaşlarına
minnətdarlığını bildirir. Müəllif iş prosesində ortaya çıxan problemlərin
aradan qaldırılmasına görə görkəmli tarixçi - şərqşünas, mərhum professor
İlya Pavloviç Petruşevskini və əsərin hazırlanması dövründə öz yardımını
əsirgəməmiş Respublika Elmlər Akademiyasının müxbir üzvü, mərhum
professor Əlövsət Nəcəfqulu oğlu Quliyevi minnətdarlıqla yad edir.


6

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin