Sevinc Əskərova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Kulturologiya kafedrasının doktorantı
E:mail:pinko88@mail.ru
Çex-Azərbaycan diplomatik əlaqələri
Açar sözlər: Avropa, Çexiya, Azərbaycan, prezident, əməkdaşlıq, qarşılıqlı münasibətlər, diplomatik əlaqələr, iqtisadi göstəricilər, beynəlxalq əlaqələr.
Məqalədə Azərbaycan-çex diplomatik əməkdaşlığı araşdırılıb təhlil olunmuşdur. Diplomatik əlaqələrin tarixinə nəzər salınmış, iqtisidi göstəricilərə diqqət yetirilmişdir. Qarşılıqlı yüksəksəviyyəli səfərlərin hər iki ölkə üçün siyasi-iqtisadi əhəmiyyəti araşdırılmışdır.
Müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin hazırkı düzümunun nəzəri təhlili özünün xarici siyasət strategiyasını müəyyənləşdirən hər bir müstəqil dövlət üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, müstəqillik yolu seçmiş hər bir dövlətin dünya ölkələri içərisində gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən, iqtisadi-siyasi və təhlükəsizlik meyllərini hansı beynəlxalq güc mərkəzinə yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət strateji müttəfiqlik əlaqələrini yaratmasından asılıdır.
Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özunəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq məqsədiylə Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən beynəlxalq aləmdə qəbul edilmiş ölçulərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə təbiidir, çünki hər bir ölkənin iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin qurulmasını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir.
XX əsrin sonlarında dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında yaranan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşmasına gətirib çıxartdı. Bu bir tərəfdən beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdu. Sosialist sisteminin və Sovetlər Birliyinin dağılması eyni zamanda həm Varşava Müqaviləsi Təşkilatına üzv dövlətlərin, o cümlədən Çexoslovakiyanın, həm də postsovet məkanı olan ölkələrin, o cümlədən Azərbaycanın əsl suverenlik əldə etməsinə münbit şərait yaratdı.
SSRİ dağıldıqdan sonra Azərbaycan bir müstəqil dövlət kimi dünya sivilizasiyasına sürətlə inteqrasiya olunmağa başladı. Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri də Şərqi Avropada siyasi və iqtisadi maraqların qorunmasına yönələn əlaqələrin möhkəmləndirilməsi oldu. Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və ayrı-ayrı ölkələrlə diplomatik münasibətlərin yaradılması onun eyni zamanda Slavyan ölkələri ilə yeni zəmində münasibətlər qurmasına rəvac verdi. Respublikamızın Slavyan ölkələri ilə çoxtərəfli əməkdaşlığının formalaşmasında totalitar cəmiyyətdən demokratik cəmiyyətə, mərkəzləşdirilmiş dövlət iqtisadiyyatından (?) bazar iqtisadiyyatına, hegemon kommunist ideologiyasından plüralizmə keçidin mühüm rolu olmuşdur (Мамед-заде, 21) (1).
Ümumavropa evinə daxil olmağı özünün əsas hədəfi hesab edən Azərbaycan ilk növbədə qərbi slavyan ölkələri ilə, yəni Polşa və Çexoslovakiya ilə əməkdaşlığını inkişaf etdirməyə səy göstərdi. Lakin Polşa ilə sıx əlaqələr yaratmağa müyəssər olsa da, Çexoslovakiya ilə, ölkə iki müstəqil dövlətə bölündükdən sonra isə Çexiya ilə uzun müddət qarşılıqlı diplomatik, iqtisadi və mədəni təmaslar qurmaq mümkün olmadı. Hərçənd ki, 29 yanvar 1993-cü ildə yenicə yaranmış Çex Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər haqqında, daha sonra isə 1995-ci ildə əməkdaşlığa və iqtisadi əlaqələrə dair sazişlər bağlanmış, lakin bu sazişlər formal xarakter daşıdığından kağız üzərində qalmışdır (4)Bakinckiq raboçiy 1995, 25 noyabr).
Bağlanmış sazişlərdən sonra iki ölkə arasında əlaqələrin intensivləşməsi gözlənilsə də, parodoksal haldır ki, 2007-ci ilə qədər cəmi bircə rəsmi səfər gerçəkləşdirilmişdir. 1989-cu ildə ilk Məxməri inqilaba imza atmış Çexoslovakiya Respublikasının, sonra isə Çex Respublikasının ilk prezidenti olmuş, keçmiş dissident və yazıçı Vatslav Havel isə ölkəmizə ümumiyyətlə səfər etməmiş, onun dövründə çex-Azərbaycan əlaqələri özünün durğunluq dövrünü yaşamışdır. Elə bu səbəbdən də müstəqilliyimizin bərpasından 16 il keçməsinə və qısa müddət ərzində Azərbaycanın bir çox ölkələrlə diplomatik nümayəndəliklərinin yaranmasına rəğmən nə Çexiyanın Azərbaycanda, nə də Azərbaycanın Çexiyada səfirliyi təsis olunmamışdır. Doğrudur, sporadik şəkildə olsa da çex-Azərbaycan diplomatik əlaqələri mövcud olmuşdur. Məhz bu əlaqələrin ilkin təzahürü kimi 1992-ci il yanvarın 8-də Azərbaycan Respublikası Çexoslovakiya dövləti tərəfindən rəsmi sürətdə tanınmışdır. Digər tərəfdən müəyyən zaman kəsiyində Azərbaycanda fəaliyyət göstərən Slovakiyanın Ticarət Nümayəndəliyi eyni zamanda Azərbaycan–çex münasibətlərinin tənzimlənməsinə öz töhfəsini vermişdir.
XXI əsrdə çex-Azərbaycan münasibətləri tamamilə yeni bir dövrə - qarşılıqlı, çoxtərəfli əlaqələr dövrünə qədəm qoyur. Yeni əsrdə Azərbaycan yeni xarici siyasət kursunu formalaşdıraraq bir sıra Avropa dövlətləri, o cümlədən Çexiya ilə diplomatik əlaqələr qurmağı özünün prioritet məqsədlərindən olduğunu bəyan etmişdir. Özü də bu əlaqələr istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlər müstəvisində təzahür edirdi. Məsələn, 2002-ci ilin noyabrında prezident Heydər Əliyev NATO-nun Praqadakı sammitində iştirak etmək məqsədilə müstəqillik dövründə Çexiyaya ilk rəsmi işgüzar səfər etmişdir.
Yaxud Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyev AŞ-nın Varşavada keçirilən zirvə görüşü çərçivəsində çex prezidenti Vatslav Klausla görüşmüşdür.
2005-ci ilin yanvar ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbüssü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Praqada görüş keçirmişlər. Elə həmin ildə Çexiyanın xarici işlər naziri K.Svoboda öz azərbaycanlı həmkarına Sürət Hüseynovun sabiq köməkçisi, Çexiyada siyasi sığınacaq almış Saday Nəzərovun həbsdən azad olunması ilə bağlı məktubla müraciət etmişdir. Nəticədə S.Nəzərov həbsdən azad edilmiş və Çexiyaya qayıtmışdır. K.Svoboda bununla bağlı azərbaycanlı həmkarına məktubla öz təşəkkürünü bildirmişdir.(6)
Yeni əsrdə Azərbaycan-çex diplomatik əlaqələri tədricən inkişaf edərək 2007-ci ildə özünün pik nöqtəsinə çatdı. Məhz həmin ilin 15 avqust tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasında səfirliyi açıldı, Tahir Tağızadə Azərbaycanın Çexiyadakı ilk səfiri təyin olundu. Buna cavab olaraq Çexiya da Azərbaycanda səfirliyini yaratmaq qərarına gəldiyini bəyan etdi. Lakin Çexiya Respublikasının Azərbaycandakı səfirliyi yalnız 2009-cu il dekabrın 1-də təsis edildi və Radek Matula Çexiya Respublikasının Azərbaycandakı ilk fövqalədə və səlahiyyətli səfiri kimi Bakıya göndərildi. Onun bu missiyası təsadüfü xarakter daşımamışdır. Belə ki, R.Matula hələ 1995-ci ildən Moskvada bir diplomat kimi fəaliyyət göstərmiş, elə bu səbəbdən də postsovet məkanına yaxşı bələd idi.
Bakıda Çex Respublikası səfirliyinin açılması çex-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ oldu. Bu ilk növbədə yeni-yeni əlaqələrin yaranmasına və inkişafına gətirib çıxartdı(bax bu barədə 2.2 yarımfəslinə). Doğrudur, ilk dövrlərdə bu əlaqələr əsasən iqtisadiyyatla bağlı inkişaf edirdi.
Səfirlik özünün başlıca vəzifəsini rəsmi görüşlər zamanı iki dövlət arasında bağlanan sazışlərdən irəli gələn direktivlərin həyata keçirilməsi üçün münbit şərait yaratmaqda görür. Məhz bu direktivlərdən bəhs edən çex səfiri R.Matula demişdir: “Xəzər dənizi hövzəsinə biz Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi baxırıq. Azərbaycanın Çexiya üçün əhəmiyyəti təkcə onun neft və təbii qazla zəngin olması ilə deyil, həm də mühüm geostrateji durumu ilə ölçülür. Biz istəyirik ki, energetika sahəsindəki əməkdaşlıqla Azərbaycanla digər əlaqələrimizə də yol açaq” (intervyu).
Hazırda Azərbaycanın Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyev, Çexiya Respublikasının Azərbaycandakı səfiri isə Vityezslav Penonkadır.
Çexiya və Azərbaycan xarici işlər nazirləri K.Şvartsenberq və E.Məmmədyarovun qarşılıqlı rəsmi səfərləri isə 2008-ci ilə təsadüf etmişdir. 2012-ci ildə isə E.Məmmədyarov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün yenidən Praqada işgüzar səfərdə olmuşdur.
Çex və Azərbaycan prezidentləri də uzun müddət qarşılıqlı rəsmi səfərlər etməmişlər, hərçənd ki müxtəlif Avropa forumları çərçivəsində onların görüşləri baş tutmuşdur. 2009-cu ilin may ayında prezident İ.Əliyevin “Şərq Tərəfdaşlığı” və Enerji sammitində iştirak etmək üçün Praqada işgüzar səfərdə olmuşdur.
2012-ci ildə isə prezident İlham Əliyevin Praqaya dövlət səfəri baş tutmuşdur. Bu səfərlərdən sonra çex - Azərbaycan əlaqələri xeyli dərəcədə intensivləşmişdir. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir. Ümumilikdə götürdükdə isə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında müxtəlif sahələri əhatə edən 23 sənəd imzalanmışdır.
Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakıya iki çex prezidenti təşrif gətirmişdir: 2011-ci ildə Vatslav Klaus və 2015-ci ildə Miloş Zeman. Son 4 ildə 2 çex prezidentinin, eləcə də Çexiyanın yüksək səviyyəli dövlət təmsilçilərinin Azərbaycana səfər etməsi və bu zaman siyasi, iqtisadi və humanitar sahələri əhatə edən bir sıra mühüm qərarların imzalanması çex-Azərbaycan münasibətlərinin strateji həddə qədəm qoymasından xəbər verir. Belə ki, dünyada neft ətrafında cərəyan edən son hadisələr çexləri artıq Qərbi Avropa ilə kifayətlənməməyə və sərhədlərindən kənarda da yeni-yeni bazarlar axtarmağa vadar etmişdir.
Dostları ilə paylaş: |