ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
  1   2   3   4   5   6   7   8   9   ...   20

 

 
ŞİRİN   BÜNYADOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ORTA  ƏSR  AZƏRBAYCAN  AİLƏSİ 
 
 
Monoqrafiya    Azərbaycan Milli  Elmlər 
Akademiyası  Arxeologiya  və  Etnoqrafiya 
İnstitutunun elmi şurasının qərarı ilə nəşr 
edilir.  
 
 
                    
 
 
 
 
 
 
 
 
 
“Elm” nəşriyyatı 
Bakı - 2012 

 

 
Redaktor:      t.e.d., prof. Nərgiz Quliyeva 
 
 
Rəyçilər:        t.ü.f.d. Qəzənfər Rəcəbli 
                        t.ü.f.d. Bəhmən Əliyev 
                        t.ü.f.d. İlhamə Məmmədova 
 
 
 
 
 
 
Şirin  Bünyadova.  “Orta  əsr  Azərbaycan  ailəsi”.  Bakı-2012
Elm” nəşriyyatı, 384 səh

 
İSBN 978-9952-03-4 
 
«Orta  əsr  Azərbaycan  ailəsi»  kitabında  xalqımızın  orta  əsrlərdəki  ailə 
və ailə məişəti məsələləri ətraflı şəkildə işıqlandırılmışdır. Əsərdə ailənin 
quruluşu,  nikahın  növləri  və  nikahagirmə  formaları,  toy  mərasimi  ilə 
əlaqədar icra olunan müxtəlif mərasimlər (qızbəyənmə, ağızarama, elçilik, 
nişan,  xnayaxdı),  hamam  mədəniyyəti,  çilə  kəsmək  ayini,  ad  qoyma 
mərasimi, ailə tərbiyəsi, dayəlik, qonaqpərvərlik, sünnət, talaq, dəfn adəti 
ilə bağlı məsələlər hərtərəfli araşdırılır.  
 
     655 (07)-2012 
 
 
 
 
 
 
 
 
 

 “Elm” nəşriyyatı 
                                                                                      

 Şirin Bunyadova 

 

 
Anam Zivər xanımın  
əziz xatirəsinə ithaf edirəm. 
 
 
Ön  söz 
 
uasir dövrümüzdə milli oyanışla bağlı olaraq qədim ta-
riximizə  hədsiz  maraq  yaranmışdır.  Bu  maraq  nəinki 
Azərbaycanın  tarix  elmi,  eləcə  də  onun  tərkib  hissəsi 
olan etnoqrafiya elminin inkişaf etdirilməsi üçün təkanverici qüvvə 
ola  bilər.  Elmin  hərtərəfli  inkişafında  qədim  tariximizin  əhatəli 
şəkildə  araşdırılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  problem  bir 
sıra  məsələlərin  ortaya  çıxmasında  böyük  əhəmiyyətə  malikdir. 
Deməli,  bizdən  çox-çox  qabaqkı  nəsillərin  zəngin  irsini  öyrənmək 
etnoqrafiya elminin daha da geniş inkişafını təmin edə bilər.  
Tədqiqat  obyekti  xalq  olan  etnoqrafiya  elminin  tərkib  hissəsi 
kimi ailə və ailə məişətinin öz yeri vardır. Bu xüsusda qeyd etmək 
olar ki,  «hər bir bəşər etnosunun mədəniyyəti onun məişətilə qırıl-
maz  tellərlə  bağlıdır.  Fikrimizcə,  məişət  dedikdə,  onların  gündəlik 
həyatındakı,  yəni  həmişə  stabil  olaraq  baş  verən  gün,  il  və  həyatı 
boyu ərzindəki şərait, eyni zamanda insanlar arasında yaranan qarşı-
lıqlı  münasibətlər,  onlar  tərəfindən  maddi  və  mənəvi  tələbatların 
ödənilməsinə xidmət edən əşyaların istifadə üsulları, insanların özü-
nəməxsus davranış qaydaları başa düşülməlidir. Deməli, istehsal, ic-
timai və ailə, yaxud ev məişətindən danışmaq olar. Hər bir konkret 
insan kollektivinin həyatında (hətta qısamüddətli) həmişə məişət tə-
rəfi  vardır»  (7,  175).  Bu  məişət  xüsusən  ailə  münasibətlərində 
özünü daha qabarıq əks etdirir.   
Qeyd etməliyik ki, ailə problemi ilə nəinki etnoqrafiya elmi, ey-
ni zamanda, sosiologiya, psixologiya, tibb, hüquq, demoqrafiya ki-
mi sahələr də məşğul olur. S.A.Tokarevin verdiyi məlumatda deyilir 
ki,  bəzi  hesablamalara  görə  1900-1960-cı  illər  ərzində  təkcə  Qərb 
ölkələrində ailəyə həsr olunmuş 12 min kitab və məqalə dərc olun-
muşdur. Ailə və nikahın öyrənilməsi sahəsindəki belə marağın səbə-


 

 
bi  nədir?  Burada  ailə  mövzusuna  olan  yüksək  marağın  doğurduğu 
ictimai  əhval-ruhiyyənin  bilavasitə  təsirini  inkar  etmək  olmaz 
(13,15). 
Məlumdur ki, “etnoqrafiya elmi ailə münasibətlərini evlilik-va-
lideynlik-qohumluq vəhdətində götürür. O, bu vəhdəti ailənin həyat 
tərzinin  etnik  xüsusiyyətləri,  adət  və  ənənələri  prizmasından  həll 
edir. Etnoqrafiya ailə məişətinin keçmişdə özünəməxsusluğunu, ailə 
qanunlarının  ötürülməsini,  həyat  tərzi  formalarının  çoxsahəliliyini 
bilavasitə ailənin qurulmasında tarixi-etnik rəngarəngliliyi, böyüklə-
rin və kiçiklərin rollarının qarşılıqlı razılaşdırılmasını, qadın və kişi-
nin, valideynlər və uşaqların ailədaxili davranış stereotiplərini və s. 
təhlil  və  təsvir  edir”  (14,  22).  Əlbəttə  burada  hər  bir  xalqın  qət 
etdiyi  tarixi  inkişaf  yolunu  və  psixoloji  baxımdan  münasibətini, 
dəyərləndirmə və yanaşma xüsusiyyətlərini nəzərə almaq lazımdır. 
Qafqazın dilbər guşəsində yerləşən Azərbaycan elə bir məmlə-
kətdir  ki,  təbiət  gözəlliyi,  səxavəti,  bolluğu  bu  torpaqdan  əskik 
etməyib. Bu zənginlik təkcə təbiətin özündə deyil, eyni zamanda in-
sanların yaşam tərzində də özünü göstərir. Xüsusən ailə məişəti mə-
sələlərində bu daha qabarıq şəkildə özünü büruzə verir. Belə ki, ox-
şar mahiyyət daşıyan ailə adətləri ilə yanaşı, müxtəlif bölgələrimiz-
də ailə məişəti ilə bağlı icrası bir qədər fərqli olan adət və ənənələ-
rin mövcudluğu böyük maraq doğurur. Əsrlərdən bəri süzülüb gələn 
və əhali tərəfindən həvəslə icra olunan, onların məişətinin bir parça-
sı kimi uzun müddət hifz olunaraq qorunub saxlanan o qədər mütə-
rəqqi mahiyyət daşıyan adət və ənənələrimiz vardır ki… Zaman-za-
man unutmuşuq, bəzən isə adi bir hal kimi qəbul etdiyimizdən fər-
qinə varmamışıq, biganə yanaşaraq arxa çıxmamışıq mənəvi sərvət-
lərimizə.  Lakin  unutmamalıyıq  ki,  keçmişimizə xor baxa bilmərik, 
çünki o tariximizin bir parçasıdır. Bir də yaddan çıxarmamalıyıq ki, 
xalqın  tarixi  təkcə  onun  hadisələrlə  dolu  inkişaf  mərhələlərində 
deyil,  həmçinin  bu  günümüzə  gəlib  çatan  adət  və  ənənələrində  də 
yaşayır.  Bu  məmləkətdə  uzun  əsrlər  boyu  müxtəlif  dilə  və  dinə 
mənsub  olan  əhali  qaynayıb-qarışmış  və  bərabər  şərtlər  əsasında 
həyatlarını sürdürmüşlər.  

 

 
Azərbaycanda  yaşayan  müxtəlif  xalqların  uzun  əsrlər  boyunca 
bərabər  birgəyaşayışı  onların  adət  və  ənənələrinin  də  çulğalaşma-
sına  gətirib  çıxarmışdır.  Onlar  tarixin  bütün  sınaqlarına  birgə  sinə 
gərmiş, müxtəlif çətinliklərdə çiyin-çiyinə çalışmış və eyni zaman-
da, qədim köklər üzərində formalaşan vahid bir mədəniyyətin daşı-
yıcısına çevrilmişlər. Əlbəttə, hər bir xalqın və ya etnik qrupun özü-
nəməxsus  keyfiyyətləri  də  yox  deyildir.  Bu  özünü  müəyyən  qədər 
ailə məsələlərində də büruzə verir. Amma onu da nəzərə almaq la-
zımdır  ki,  islam  dini  Azərbaycanda  yayılıb  genişləndikdən  sonra 
onun  təsir  dairəsi  xüsusən  ailə  və  məişət  məsələlərinə  daha  çox 
sirayət  etmişdir.  Bu  da  dini  qəbul  edənlərin  hamısının  adət  və 
ənənələrində müəyyən izlər buraxmışdır.  
Ailə  məişəti  məsələsində  Azərbaycanda  yaşayan  müsəlman 
əhalinin  demək  olar  ki,  əksəriyyəti  eyni  normalara  riayət  etmişlər. 
Bu bir sıra adətlərin (qonaqpərvərlik, tərbiyə, dəfn mərasimi və s.) 
icrasında  özünü  bariz  göstərir.  Hər  bir  xalqı  ətraflı  tədqiq  etmənin 
yolu da məhz ailə məişətindən keçir.  
Ailə münasibətlərinin mahiyyəti həm islam dünyasında və həm 
də Qafqaz xalqlarının əksəriyyətində demək olar ki, eynidir. Qafqaz 
ailəsi bu bir anlayışdır, tarixi keçmişlərinə, ənənəvi mədəniyyətləri-
nə,  təsərrüfat-məişət  xüsusiyyətlərinə  görə  müəyyən  mənada  bən-
zərlik, bir oxşarlıq təşkil edir. Yaxın qonşuluq əlaqələri Qafqaz ailə-
lərinin bir-birinə təsir dairəsini gerçəkləşdirmişdir. Baxmayaraq ki, 
bu  müxtəlif  şəraitdə  mövcud  olmuş,  etnik  ənənələrin  müxtəlifliyi 
özünü  fərqli  şəkildə  büruzə  vermiş,  müxtəlif  tarixi  hadisələrin 
təsirinə məruz qalmışdır.  
Ailə elə bir qurumdur ki, burada həm maddi münasibətlər tən-
zimlənir, həm də mənəvi dəyərlər uzun əsrlər boyu qorunub saxlanı-
lır. Belə ki, ailə daxilində müxtəlif inanclarla bağlı məsələlər və dini 
münasibətlər də öz əksini tapır. Yəni bütün bu sadalananlar birlikdə 
cəm şəkildə ailə məişətində mövcuddur. Lakin ayrı-ayrılıqda götü-
rüldükdə  bu  məsələlərin  heç  biri  ailənin  məzmununu  təşkil  etmir. 
Çünki həmin münasibətlər bir-birilə çulğalaşmış şəkildə  ailəyə da-
xildir və onların qarşılıqlı əlaqələri daha da sıx olanda bir o qədər də 

 

 
ailə  dayaqları  möhkəm  olur.  Odur  ki,  göstərilənlərin  ailə  həyatına 
böyük təsiri olduğu danılmazdır. Onu da əlavə etməliyik ki, ailə da-
xilində psixoloji, bioloji, iqtisadi və mənəvi amillərin təsiri həmişə 
eyni  olmur, bu və  ya digər səbəblərdən asılı  olaraq fərqli çalarlara 
malikdir.  Göründüyü  kimi,  ailə  münasibətlərinin  özündə  daha  çox 
məsələlərin  birləşdiyi,  müxtəlif  həyat  şərtlərinin  və  qaydalarının 
vəhdət şəklində cəmləşdiyi aydın olur.        
Ailə  elə  bir  anlayışdır  ki,  o,  cəmiyyətdə  ən  əhəmiyyətli  birlik 
sayılır  və  hamı  tərəfindən  bir  sosial  qrup  kimi  qəbul  edilir.  Ailə, 
üzvlərinin ortaq baxışlarına söykənən və onların bu zəmində fəaliy-
yətini  gərəkli  edən  birlikdir.  O,  vahid  qayə  uğrunda  birlikdə  var 
olub  çalışan  üzvlərin,  qohum-əqrəbaların  cəmidir,  onların  yaşayış 
tərzində ən əhəmiyyətli bir yer tutan təməldir. Ailə daxilində hər kə-
sin aralarında qarşılıqlı olaraq bölüşdürülmüş özünəməxsus vəzifə-
ləri olmuşdur. Onlara hamı tərəfindən bərabər yanaşılması, məsuliy-
yətli davranma ailənin güclü vəziyyətə malik olmasını təmin etmiş 
olur. 
Əsərdə  bizim  məqsədimiz  isə  onun  orta  əsrlərdəki  yeri  və  və-
ziyyətini  araşdırmaqdan  ibarətdir.  İndiyədək  bu  məsələnin  tədqiq 
olunmaması  orta  əsr  ailə  məişətinin  öyrənilməsinin  əhəmiyyətini 
daha da artırır. Belə ki, qədimdə baş verənləri bu günümüzlə müqa-
yisəli şəkildə təhlil edərkən bir sıra məsələlər lazımınca dəyərləndi-
rildikdə, onların bəzilərinin keçmişdən bizə miras qaldığını və nələ-
rin isə tarix səhnəsindən silinib getdiyini daha yaxşı müəyyənləşdirə 
bilirik. Bu baxımdan da tariximizin bir parçası olan orta əsrlər döv-
rü  ailəsinin  araşdırılması  elmi  cəhətdən  olduqca  zəruri  bir  prob-
lemdir. 
Xalqımızın  tarixi  keçmişinin  öyrənilməsi  məsələsi  hələ  də  öz 
aktuallığını  qoruyub  saxlayır.  Ailə  probleminin  hərtərəfli  tədqiqi 
üçün onun yarandığı vaxtdan bu günədək keçdiyi yola nəzər salmaq 
əhəmiyyət kəsb edir. Orta əsrlərdə ailə məişətinin öyrənilməsi bizə 
onun  inkişaf  dinamikasını  izləmək  imkanı  verir.  Orta  əsrlərin  ailə 
məişətinin  elmi  baxımdan  təhlil  olunmasının  əhəmiyyəti  ondan 

 

 
ibarətdir ki, bu mövzunun indiyədək tədqiqi sahəsində mövcud olan 
boşluğu doldurmağa yardım edir.   
Orta əsrlərin Azərbaycan ailəsinin vəziyyəti və onun məişət tər-
zinin ayrıca tədqiqat obyekti kimi etnoqrafik ədəbiyyatda öz həllini 
indiyədək tapmaması məlumdur. Bunun da bir sıra obyektiv səbəb-
ləri vardır. Belə ki, bəzi mənbələrdə ara-sıra verilən  ötəri məlumat-
lar,  şair  və  mütəfəkkirlərin  əsərlərindəki  müəyyən  təsvirlər  nəzərə 
alınmazsa, bilavasitə bu mövzuya həsr olunmuş ayrıca yazılı mənbə 
yox  dərəcəsindədir.  Bəzi  tarixi  mənbələrdə  ara-sıra  verilən    ötəri 
məlumatlar isə bir o qədər də qənaətbəxş sayıla bilməz. Mənbələrin 
verdiyi  məlumatların  az  olmasına  baxmayaraq,  onlar  orta  əsrlərdə 
mövcud  olan  nikah  növlərinin  mövcudluğunu  və  kəbinin  əksərən 
bərabər  sosial  zümrələr  arasında  tətbiq  olunduğunu  təsdiq  etməyə 
imkan verir. 
Orta əsrlərdə müxtəlif xalqların həyat tərzi haqqında bu dövrdə 
Azərbaycanda  olmuş  səyyah,  tacir  və  diplomatların  verdikləri  bir 
sıra mühüm məlumatlar da əvəzsiz rola malikdir. Bir sözlə, mənbə-
lərin  verdiyi  məlumatlar  olmadan  elmi  cəhətdən  mühakimə  yürüt-
mək  olmaz.  Yalnız  şair  və  mütəfəkkirlərimizin  əsərlərindəki  ailə 
məsələləri ilə bağlı mühüm təsvirlər nəzərə alınmazsa, material top-
lamaq çətinlik törədərdi. Elə bizim də köməyimizə gələn məhz orta 
əsr şair və mütəfəkkirlərinin əlimizdə olan zəngin yaradıcılıq nümu-
nələridir.  Bir  sözlə,  onların  yaradıcılığı  əhəmiyyətli  informasiya 
mənbəyi kimi dəyərləndirilməlidir. 
Feodal  münasibətləri  Qərb ölkələrinə nisbətən Şərqdə daha er-
kən  formalaşmağa  başlamışdı.  Orta  əsrlər  dövrü  Azərbaycan  tari-
xində  həm  mühüm  siyasi,  iqtisadi,  həm  də  mədəni  hadisələrin  baş 
verməsi  ilə  müşayiət  olunur.  Bu  zaman  kəsiyində  inkişafla  yanaşı, 
müəyyən  vaxtlarda  tənəzzülün  olduğu  mənbələrin  verdiyi  məlu-
matlarla və müxtəlif tarixi faktlarla təsdiqlənir.  
Bütövlükdə  orta  əsrlər  dövründə  Azərbaycan  yadellilərin  çox-
saylı  hücumlarına  məruz  qalırdı.  Edilən  bu  hücumlar  xalqın mədə-
niyyətinə ziyan vursa da, onu müəyyən qədər ləngitsə də, tamamilə 
yox edə bilməmişdir. Onlar xalqın nə dilini, nə adət və ənənələrini, 

 

 
nə də əsrlərlə davam edən mədəniyyətini unutdura bilməmişlər. Ək-
sinə, sasanilər və ərəblər zamanı köç edən tayfalar özləri yerli əhali 
içərisində  əriyərək  təbii  assimilyasiyaya  uğramışlar.  Yerli  əhalinin 
məişət  və həyat  tərzi  onların  da  yaşamına öz  güclü  təsirini  göstər-
mişdir. Lakin Azərbaycan ərazisinə orta əsrlərin müxtəlif zamanla-
rında köçürülərək məskunlaşan bir sıra azsaylı xalqlar özlərinə sığı-
nacaq seçdikləri bölgələrdə kompakt şəraitdə yaşayaraq öz dillərini 
indiyədək  qoruyub  saxlaya  bilmişlər.  Burada  xüsusən  islam  amili 
mühüm rol oynamışdır.  Bu dini qəbul edən xalqların vahid  məişət 
tərzinin çoxdan bəri formalaşması bütün ölkə daxilində onların eyni 
adət və ənənələrə riayət etməsinə gətirib çıxarmışdı.
  
Bəşər  tarixinin  ümumi  gedişində  eynilə  sezilən,  feodalizmin 
əsas  mahiyyətinə  daxil  olan  məsələlər  vardır.  Belə  ki,  bütövlükdə 
orta əsrlər bizə xüsusi mülkiyyət, siniflər, natural təsərrüfatdakı qa-
palılıq,  dövlət  və  istismar  anlayışları  ilə  bərabər,  həmçinin  bir  sıra 
elmi - texniki kəşflər, əmək bölgüsü, ticarət münasibətlərinin artma-
sı, feodal şəhərlərinin formalaşması, bununla bahəm isə dünya din-
ləri  olan  xristianlıq  və  islamı  öyrənməyə  imkan  yaradır.  Eyni  za-
manda maddi istehsalın rolu, xalq anlayışı, tarixi şəraitin özünəməx-
susluğu, mədəni nailiyyətlər və onların inkişafı, elm, incəsənət, inti-
bah, xalq yaradıcılığı nümunələri və s. barədə fikir söyləmək müm-
kün olur. Həmçinin insanların fəaliyyətinin dini qayda – qanunlarla 
çərçivələnməsi,  rabitə  əlaqələrinin  zəif  inkişaf  etməsi,  ailə  məişə-
tində hökm sürən dəyişilməz qaydalar və həyat tərzinin məhdud, qa-
palı  ahəng  üzrə  davam  etməsi  də  dövrün  xüsusiyyətlərinə  daxildir. 
Bir sözlə, orta yüzillikləri köhnəliklə yenilik arasında bir körpü he-
sab etmək olar. O, yeni ilə köhnənin əlaqə məqamıdır, bəşəriyyətin 
əvvəldən başlayan inkişafı yolunda müəyyən bir mərhələ təşkil edir. 
Feodalizm daxilində müsbət olan ünsürlərin gələcəkdə də saxlanıl-
ması və daha yüksək inkişaf səviyyəsinə çatmasında orta əsrlərin öz 
payı vardır. «siyasi amillər bu və ya digər şəkildə ilkin orta əsrlərdə 
bölgə  xalqlarının  formalaşmasında  az  əhəmiyyət  kəsb  etmirdi.  Bu 
amillər  xüsusilə  inkişaf  etmiş  feodalizmin  mərkəzi  və  mərkəzdən 
qaçma  ənənələrinin  kəskin  mübarizəsinin  iyerarxik  siyasi  quruluşa 

 

 
xarakterik şəraitində özünü büruzə verdi. Bunun nəticəsində qeyri-
sabit  dövlət  sərhədləri  və  hələ  ilkin  orta  əsrlərdə  formalaşan  etnik 
birliklərin sərhədləri çox vaxt uyğun gəlmirdi. İri siyasi təşkilatların 
süqutu etnik parsiasiya prosesi ilə müşayiət olunurdu» (16, 284). 
İnsanların  müxtəlif  həyati  əhəmiyyət  kəsb  edən  tələbatlarının 
ödənilməsinin səviyyəsi, təminat dərəcəsi onların güzaranını əks et-
dirən aynadır. Bu güzəran bütün dövrlərdə maddi və mənəvi  göstə-
ricilərin ölçü meyarının real vəziyyəti ilə bağlıdır. Maddi nemətlərin 
bolluğu, yaşayış şəraiti, təhsil və mədəniyyətin səviyyəsi və s. mə-
sələlərdən asılıdır. Xalqın güzəranı ilk növbədə cəmiyyətin iqtisadi 
əsaslarının vəziyyətilə müəyyənləşir. Bu isə təbii və siyasi amillərlə 
də sıx surətdə əlaqəlidir. Təbiətdə ola biləcək fəlakətlər, orta əsrlər-
də  müharibələr,  ailənin  sabit  gəlir  qaynaqları  və  s.  kimi  bütün  bu 
deyilənlər xalqın həyat səviyyəsinin göstəriciləridir. İnkişaf qanuna-
uyğunluqlarına  və  həyat  səviyyəsinə  görə  müəyyən  davranışlar 
formalaşır.  Cəmiyyətin  həyat  tərzi  onun  müxtəlif  dövrlərə  uyğun 
şəkildə sürdürdüyü həyat fəaliyyətinin kompleks təzahürüdür.   
 Orta  əsrlərdə  ailə  münasibətlərində  müəyyən  xüsusiyyətlər  ay-
dın sezilir. Məsələn, hökmdarların və digər yüksək məqam sahiblə-
rinin  çox  arvad  alması,  kəniz  saxlaması,  hərəmin  mövcudluğu  sırf 
orta əsr gerçəkliyidir. Orta əsr müəllifi Əbu Cəfər Mühəmməd ibn 
Cərir ət-Təbəri «Tarix ər-rüsul va-l-müluk» əsərində Babəkin uşaq-
ları və arvadlarının əsir alındığı barədə məlumat verir (11, 85). Kə-
nizlərin  hədiyyə  olaraq  verilməsi  halları  orta  əsr  müəllifləri 
tərəfindən qeyd edilmişdir.  
Orta əsrləri öyrənməklə bu dövrdə ərazisinə olunan təcavüzlərin 
Azərbaycanda  yaşayan xalqların siyasi və iqtisadi həyat tərzilə  ya-
naşı,  mədəniyyətinə  təsirinin  izlərini  də  aşkar  etmək  mümkündür. 
Məhz bu baxımdan Azərbaycan xalqının tarixi etnoqrafiyasının öy-
rənilməsi aktuallıq kəsb edir. Azərbaycanda etnoqrafiya elminin bü-
tövlükdə inkişaf tarixini bərpa etmək üçün orta əsrlərin tarixi-etno-
qrafik nöqteyi-nəzərdən hərtərəfli tədqiqi vacib məsələ kimi qarşıda 
dururdu. Başqa sözlə desək, təqdim olunan monoqrafiya orta əsrlər-
də xalqın simasının, həyat tərzinin mahiyyətinin açılmasında məişət 

 
10 
 
və  mədəniyyətinin  gerçək  vəziyyətinin    öyrənilməsində  mühüm 
mərhələ təşkil edir. 
Orta əsr şairləri öz əsərlərində hansı dövrü təsvir etdiklərindən 
asılı olmayaraq zəmanələrinin ailə və ailə məişəti məsələlərini, gün-
dəlik  həyatda  yaşadıqlarını  əks  etdirmişlər.  Şairlərimizin  əsərlərin-
dən əldə olunan məlumatlarda bir dağınıqlıq gözdən qaçmır. Yəni, 
bir müəllifdə olan məlumat digərində yoxdur. Lakin bu məlumatlar 
bir yerə toplandıqda onların əhəmiyyəti xeyli artır.  
İndiyədək  öyrənilən  ailə  məişəti  məsələləri  yalnız  XIX  əsrin 
sonları və XX əsrin əvvəllərinə aiddir. Ailə məişətinin bu dövrünün 
öyrənilməsi  müasir  ailə  həyatının  etnoqrafik  baxımdan  müqayisəli 
təhlili üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda ailə və ailə 
məişətinin  tədqiqinin  bəzi  məsələləri  bir  sıra  araşdırıcıların  əsərlə-
rində  öz  əksini  tapmışdır:  R.Babayeva,  M.Atakişiyeva,  H.Quliyev, 
Ə.Əhmədov,  Q.Qeybullayev,  A.Sadıqov,  A.Əlizadə,  Ş.Salehov, 
G.Seyidova, M.Cəbrayılova, A.Trofimova, Q.Qədirzadə, N.Quliye-
va, M. Paşayeva və başqaları. Bununla yanaşı, bir sıra şair və mütə-
fəkkirlərin  əsərlərini  etnoqrafik  baxımdan  tədqiq  edən  müəlliflərin 
də tədqiqatlarında ailə məişəti məsələləri qismən də olsa, yer almaq-
dadır.  Buna  misal  olaraq  E.Cavadovanın  Həsən  bəy  Zərdabinin, 
Ş.Bünyadovanın Nizami Gəncəvinin,  R.İbrahimovanın Yusif Vəzir 
Çəmənzəminlinin, M.Əliyevanın Cəlil Məmmədquluzadənin, H.Za-
hidovanın  C.Cabbarlının  yaradıcılığını  və  s.  etnoqrafik  baxımdan 
tədqiq  edərkən  təsvir  olunan  ailə  məsələlərinə  müraciət  etmələrini 
də buraya əlavə etmək olar. Bununla bərabər şifahi xalq yaradıcılığı 
nümunələri də, həmçinin etnoqrafik tədqiqat obyektinə çevrilmiş və 
məhz  burada  orta  əsrlərin  ailə  məsələlərinə  müəyyən  qədər  yer 
verilmişdir.  Nəzərə  almaq  lazımdır  ki,  yalnız  Q.Qeybullayevin 
«Azərbaycanlılarda ailə və nikah» əsərinin birinci cildində bəzi orta 
əsr şairlərinin əsərlərinə müəyyən dərəcədə toxunulmuş, şifahi xalq 
yaradıcılığı nümunələrindən də yeri gəldikcə xülasə şəklində istifa-
də edilmişdir. Bu da həmin əsərin elmi məziyyətini artırır. 
Ailə  məişətinə  və  ailə  münasibətlərinə  həsr  olunmuş  ayrı-ayrı 
kitabların və dövri mətbuatda çıxan müxtəlif səpgili məqalələrin də 

 
11 
 
xalqımızın  ailə  həyatını  işıqlandırması  baxımından  öz  yeri  vardır. 
Buradaca  onu  da  əlavə  edə  bilərik  ki,  müqayisəli  təhlil  aparmaq 
baxımından  şəxsi  etnoqrafik  müşahidələrin  də  bu  işdə  yardımı  öz 
həlledici sözünü deyə bilər. Əsərdə təsvir olunan ailə məişəti əsasən 
XII-XVI əsrlərin məlumatları əsasında qələmə alınmışdır. 
*** 
Orta  əsrlərdə  ailənin  vəziyyətini  araşdırmazdan  əvvəl  ailənin 
yarandığı  ibtidai  cəmiyyət  haqqında  qısaca  da  olsa,  müəyyən 
məlumatı  nəzərə  çatdırmaq  lazımdır.  İbtidai  insanlar  arasında  ailə 
anlayışı  barədə  danışmaq  olmaz,  çünki  onlar  sürü  halında  yaşa-
yırdılar və nizamsız əlaqələr saxlayırdılar.  Baxofen  «Ana hüququ» 
əsərində  göstərir  ki,  «…əvvəllərdə  insanlar  qeyri-məhdud  cinsi 
əlaqə  (promiskuitet)  şəraitində  yaşayırmış  ki,  bu  cür  münasibətlər 
şəraitində  atanı  düzgün  müəyyən  etmək  qeyri-mümkün  idi.  Buna 
görə də qohumluq və mənşəyi yalnız qadın xətti üzrə – ana hüququ 
üzrə müəyyən etmək mümkün idi. Beləliklə, Baxofenə görə bir vaxt 
var imiş ki, ictimai quruluşda qadınlara gənc nəslin yeganə və qəti 
məlum valideyni olmaq etibarı ilə yüksək dərəcədə hörmət və ixlas 
göstərilirdi.  Buna  görə  də  qadınlar  tam  hökmranlıq  roluna  malik 
olmuşdular  (qnekokratiya)»  (1,  30).  Qadınların  belə  hökmranlığı 
tarixi ədəbiyyatda matriarxat – anaxaqanlığı adlanır. 
Ailənin  nə  zaman  yarandığını  dəqiq  söyləmək  mümkün  deyil-
dir.  Onun  yaranmağa  başladığı  zaman  neolit  və  eneolit  dövrü  təx-
min  edilir.  Bəşər  tarixinin  inkişaf  səviyyəsində  özünü  göstərən 
iqtisadi, siyasi və mədəni sahədəki mühüm dəyişikliklər ailə məişə-
tinə də sirayət etmişdir.     
Tədqiq  olunan  dövr  orta  əsrlərə  aid  olduğundan  artıq  ailənin 
çoxdan  formalaşaraq  möhkəmləndiyini  qeyd  etməliyik.  Belə  ki, 
«əsas istehsal sahələrində kişi peşələrinin üstünlüyü (unutmamalıdır 
ki, bu mərhələdə yığıcılıq da artıq öz əhəmiyyətini itirmişdi), ev tə-
sərrüfatının özündə belə müəyyən bölgünün əmələ gəlməsi tədricən 
qadınların  fəaliyyətini  tamamilə  ev  işlərinə  tabe  etmişdi.  Bu  isə, 

 
12 
 
qadınların  ictimai  mövqeyinə  həlledici  təsir  göstərərək  hətta  onun 
alınıb-satılmasına gətirib çıxarmışdı. Ona bir işçi qüvvəsi kimi ba-
xılmağa  başlanmışdı.  Qızı  ərə  verərkən  onun  ailəsi  müəyyən  işçi 
quvvəsini  itirmiş  olurdu  və  buna  görə  də  həmin  itkinin  əvəzinin 
ödənilməsini  tələb  edirdi»  (1,  168).  Patriarxal  münasibətlərin  for-
malaşması  ibtidai  cəmiyyətin  gələcəyini  müəyyənləşdirməyə  təkan 
vermişdir, ibtidai icma quruluşu dağılmağa başlamışdı.  
Orta  əsr  ailəsi  haqqında  məlumat  verərkən  ilk  növbədə  onun 
tərkibi  və  quruluşu  barədə  fikir  yürütmək  lazımdır.  Orta  əsrlərdə 
ailələrin tərkibi müxtəlif olurdu.  
Hər  halda  bir  sıra  orta  əsr  şairlərinin  əsərlərinə  istinad  edərək 
məhz o dövrdə də əsasən monoqam ailə formasının üstünlük təşkil 
etdiyini  söyləmək  olar.  Bununla  da  ailələrin  əsasən  kiçik  tərkibdə 
olduğunu  qeyd  etmək  olar.  Etnoqrafik  müşahidələrlə  də  patriarxal 
ailələrin XX əsrin 30-cu illərinədək mövcudluğu təsdiq olunmuşdur. 
Lakin  patriarxal  ailələr  haqqında  məlumata  orta  əsr  müəlliflərinin 
əsərlərində  rast  gəlmək  demək  olar  ki,  mümkün  deyildir.  Bu  o 
demək deyildir ki, orta əsrlərdə patriarxal ailələr mövcud olmamış-
dır,  əksinə  əgər  XIX–XX  əsrin  əvvəllərinədək  bu  cür  ailələr  qalıq 
şəklində  mövcud  idisə,  deməli,  orta  əsrlərdə  də  onların  var  olması 
şübhəsizdir. Həm də bunu Azərbaycan ərazisində mövcud olmuş bir 
sıra tikililər, o cümlədən qaradam tipli evlərin varlığı bir daha təsdiq 
edir.  Sula  Benetin  məlumatlarında  Qafqaz  ailələrində  möhkəm 
bağlılığın  üstünlüyündən  bəhs  edilir,  böyük  ailələrin  keçmişdə 
olduğu kimi mehribanlıq şəraitində yaşamaları, qarşılıqlı kömək və 
iqtisadi cəhətdən yardımlaşma və birgə fəaliyyət əsasında qurulduğu 
qeyd  edilir.  Bundan  əlavə  müəllif  göstərir  ki,  qafqazlıların  gücü, 
qüdrəti nəslə və kökə bağlılıqlarındadır (15, 337-338; 340).  
Aydındır ki, ailənin tərkibi məsələsini öz əsərlərində şərh etmə-
yi  qayə  seçməyən  orta  əsr  müəllifləri  ayrı-ayrı  bölgələrdə  yaşayan 
əhalinin  sayı  barədə  ötəri  də  olsa,  heç  bir  məlumat  verməmişlər. 
Yalnız Nizami Gəncəvi yaradıcılığında rast gəldiyimiz «külfət» sö-
zünü  patriarxal  ailə  formasına  aid  edə  bilərik.  «Leyli  və  Məcnun» 
əsərində  Nizami  ovçunun  diliylə  «bir  ev  külfətim  var»-deyir 

 
13 
 
(2,120). Burada ailənin böyük olduğuna işarə edilir. Yeri gəlmişkən 
qeyd  edək  ki,  xalq  arasında  da  böyük  ailələr  bir  bölük  külfət,  bir 
çətən adıyla anılır. Qafqaz xalqlarının əksəriyyətinin dillərində bö-
yük ailəyə xas külfət kəlməsi (külpet, külpət, külpat, külfət, kiflət) 
işlənməkdədir (3, 34 -35).  
Sonrakı dövrlərdə yəni XIX əsrdə H.Quliyevin də göstərdiyi ki-
mi, Azərbaycanın müxtəlif bölgələrində məhəllə adları (məhlə, dən-
gə  (dingə),  tabun,  oval,  həyət,  coma  və  s.)  mövcud  olmuşdur  (8, 
11). Əslində bu cür məhəllələrin olması bir tərəfdən onların sənət-
karlıq  baxımından  əhəmiyyətini  göstərirsə,  ikinci  bir  tərəfdən  də 
patriarxallığın  olduğunu  təsdiq  edir.  Belə  ki,  məhəllələrdə  də  qo-
humlar, qardaşların ailələri birlikdə yerləşirdilər. Bundan əlavə onu 
da  qeyd  etmək  lazımdır  ki,  belə  məhəllələrdə  H.Quliyevin  göstər-
diyi kimi patronimik adətlərin keçmişdə çoxlu  yerli adları mövcud 
idi. Müəllif tayfa, uşağı, törəmə, əqrəba,  evlad,  kürək (Əhmədli k. 
Abşeron),  tirə,  zu  və  ya  çu  (Türkan  k.  Abşeron),  simsar,  basalax, 
basmax,  arxa,  ova,  dinnix  (Gəncə,  Tovuz,  Şəmkir,  Qazax),  çoğa 
(Şirvan),  oymax  (Sabirabad),  tabun  (Zaqatala,  Qax)  və  s.  bu  kimi 
adların olduğunu qeyd edir. Təkcə Qubada «patronimiyanın müxtə-
lif adları: tayfa, toxum, şaqqa, nəsil, törəmə, tirə, cədd (azərbaycan-
lılarda), cins,  toxum  (ləzgilərdə), tum, şir, əqrəba, övlad (tatlarda), 
yux  (buduqlarda) geniş yayılmışdı» (8, 11).   
Qeyd edək ki, ailənin quruluşu Qafqaz xalqlarında da eyniyyət 
təşkil edir. XIX əsrdə Abxaziyada kənd icması («akıt») vardı. Lakin 
əsas  təsərrüfat  kollektivi  böyük  ailə  idi  (4,  114).  Yalnız  XX  əsrin 
əvvəllərində böyük ailə yerini tədricən kiçik ailəyə verirdi. XIX əs-
rin I rübündə böyük ailə icması «aindu» (böyük ev) və ya «ataasva-
radu» (böyük ailə) mövcud idi (4, 116-117). Gürcülərdə böyük ailə-
ni anladan bir sıra anlayışlar ailə icmasının təsərrüfat birliyini göstə-
rir: ertobis saxli, saerto saxli, didi ocaxi, calabi ocaxi (6, 9). Görün-
düyü kimi «ocaq» sözü gürcülərdə də işlənmişdir. Bu da ailənin bir 
ocaq  ətrafında  yığışmasını  göstərir.  Gürcüstanda  uzun  yüzilliklər 
boyu  böyük  ailə  icmaları  öz  varlıqlarını  fərdi  ailələrlə  bərabər  da-

 
14 
 
vam  etdirmişdir.  Belə  icmalar  həmçinin  qədim  adət  və  ənənələrin 
davamçısı olurdu (5, 44).
 
Qafqaz  xalqlarının  dilində  patronimiya  anlayışının  xüsusi  və 
müxtəlif adlarla işləndiyini qeyd edən M.O.Kosvenin misal gətirdi-
yi  nümunələrdəki  təsviri  ifadələrdə  müəllif  ümumi  olan  mahiyyəti 
belə açıqlayır: osetinlərdə, kartlilərdə «bir ocaqdan ayrılanlar», xev-
surlarda  «bir  ocaqdan  çıxanlar»,  adıqlarda  «bir  oddan  bölünənlər», 
kumıklarda  «bir ocaqdan ayrılanlar», abxazlarda «evi öz aralarında 
bölənlər», çeçenlərdə «bir evin adamları» və s. Yeri gəlmişkən qeyd 
edək ki, türk mənşəli «tirə» sözü eyni məzmun kəsb edərək noqay-
larda, ləzgilərdə, azərbaycanlılarda və ermənilərdə işlənir (17, 187-
188). 
Azərbaycanda patronimiyanın olduğunu təsdiqləyən bir sıra an-
layışlar  vardır  ki,  bunlara  tayfa,  nəsil,  kök,  ocaq,  toxum,  törəmə, 
tüstü, uşağı, evi və s. aiddir. Təsadüfi deyildir ki,  yer adlarında bu 
cür  sözlərdən  istifadə  olunur.  Böyük  kəndlərdə  müxtəlif  nəsillərin 
ailələri  kök  salıb  yaşayırlar  və  ya  onlardan  bir  başqa  yerə  köçüb 
məskunlaşanda  yenə  də  öz  köklərinin  adını  saxlayırlar.  İnsanlar 
uzun müddət mənsub olduqları tayfaların adlarını daşımışlar. Məsə-
lən, ağqoyunlu, qaraqoyunlu. Tüstü ailələrin yaşadıqları evlərin da-
mından çıxan tüstüyə əsasən bir ev hesab edilirdi. Rusiya çar höku-
mətinin hər bir ailə üzərinə tüstü pulu qoyması vergini ödəyə bilmə-
yən qardaşların bir böyük ailədə birləşməsinə zəmin yaradırdı.  
Sözlərin sonuna mənsubiyyət şəkilçiləri artırmaqla (lı, li, lu, lü) 
salınan  yurdlara  müxtəlif  adlar  verilirdi.  Müasir  dövrümüzdə  bir 
bölgədən olanlar özlərini «elli» və «yerli» kimi adlandırırlar. Sözlə-
rin sonuna oba, qışlaq, oymaq və s. kimi sözlər əlavə edilirdi. Türk-
lərin  yayıldığı  geniş  arealda  (Qafqaz,  Orta  Asiya,  Yaxın  və  Orta 
Şərq) oba anlayışı geniş yayılmışdı. Oba adətən bir böyük nəsildən 
ibarət olurdu. Lakin bəzi hallarda ayrı-ayrı ailələrdən təşkil olunmuş 
müəyyən  birliyi  özündə  birləşdirirdi.  Müasir  dövrdə  də  qədimdən 
mövcud olub bu gün də sabit qalıb dəyişməyən yer adlarında yaşa-
yaraq bu xüsusiyyət əsrlərdən bəri qorunub saxlanılır. Məsələn, To-
vuzda Böyük qışlaq, Xaçmazda Fərzəli oba, Masallıda Yeddioymaq 

 
15 
 
və s. qeyd etmək olar. Azərbaycan dilində işlədilən el-oba kəlməsi 
də müəyyən icmanın varlığını təmsil edir.           
Böyük ailənin uzun zaman boyunca hifz olunması ibtidai-icma-
da insanların  sürü halında  yaşamasının qalığı  kimi dəyərləndirmək 
olar. Eyni zamanda belə ailələrin mövcudluğu birgəyaşayışın üstün 
cəhətlərinin ailədə qorunub saxlanılması arzusundan da doğur. Pat-
riarxal ailələrin olmasını gerçəkləşdirən üstünlüklər onun üzvlərinin 
birgə  qorunması,  icma  arasında  vahid  güc,  qüvvə  kimi  qəbul  edil-
məsi,  daxili  yardımlaşma,  təsərrüfatın  birgə  idarə  olunmasında 
əmək  bölgüsü  və  nəhayət,  övladların  böyüdülməsi  və  tərbiyəsində 
kollektivçilik ruhunun aşılanması kimi xüsusiyyətlərdən ibarətdir. 
Böyük  ailələrdə  patriarxal  adət  və  ənənələr  hökm  sürürdü. 
Azərbaycanda böyüklərə dədə, qağa, lələ və s. kimi  müraciət edil-
məsi də ailənin idarə olunmasında onların əhəmiyyətli roluna dəla-
lət edir. Ailəni evin böyüyü olan kişi idarə edirdi. Ailədə söz və nü-
fuz  sahibi  o  hesab  olunurdu.  İlk  oğulun  ailə  daxilində  böyük  rolu 
var idi. Belə ki, böyük oğul atanın köməkçisi sayılırdı. Bu cür ailə-
lərdə sözsüz tabeçilik prinsipi hakim idi. Evin böyüyü sayılan ataya 
qarşı çıxmaq günah sayılırdı. Birgəyaşayış münasibətlərində illərin 
təcrübəsinə  əsasən  evin  böyüyü  təsərrüfat  işlərinin  təşkilatçısı  idi. 
Bu isə ailədə əmək bölgüsünün formalaşmasını təmin edirdi. Aydın 
məsələdir  ki,  böyük  ailələrin  olması  daha  çox  təsərrüfatı  birgə 
idarəetmə zərurətindən doğurdu.  
Azərbaycanda  orta  əsrlərdə  kiçik  ailələrin  olmasının  da  müəy-
yən  səbəbləri  olurdu.  Bu  heç  şübhəsiz  ailə  daxilində  baş  verən 
müəyyən narazılıqlar nəticəsində yaranırdı. Ailənin bölünmə səbəb-
lərində iqtisadi düşüncələrlə  yanaşı,  daxili  anlaşılmazlıqların da öz 
yeri vardır. Belə ki, kövrək ailə daxili münasibətlərdə özünü göstə-
rən  bir  sıra  münaqişələr  istər-istəməz  onun  müvazinətini  pozur  və 
dağılmasını  gerçəkləşdirirdi.  Kiçik  ailələr  məhz  böyük  ailədən 
qopub ayrılan və müstəqillik əldə etmiş özəklərə çevrilirdilər. Ümu-
miyyətlə, əsrlərdən bəri qalan el qaydasına görə valideynlərlə kiçik 
oğul  qalırdı.  İstər-istəməz  ayrılmaq  məcburiyyətində  olan  digər 
üzvlər kiçik ailənin  əsasını qoyurdu. El arasında əsrlərin süzgəcin-

 
16 
 
dən  keçib  gələn  belə  bir  məsəl  də  vardır  ki,  «yaxşı  qardaşın  axırı 
ayrılıqdır.» Bu məsəldə əvvəl-axır hər bir müstəqil yaşamaq istəyən 
ailə başçısının kiçik ailə yaratmasına işarə edilir. 
Böyük ailələrin bölünməsi əsasən evin ağsaqqalı vəfat etdikdən 
sonra baş verirdi. Bəzən bu onun sağlığında da ola bilirdi. Ata mül-
kü  oğlan  övladların  sayına  görə  bölünürdü.  Torpağın  çatışmaması, 
oğullarla  bərabər  nəvələrin  də  böyüməsi  istər-istəməz  buna  zəmin 
yaradırdı.  Müasir  dövrdə  də  əvvəlki  dövrlərdə  olduğu  kimi  atanın 
yurdu  kiçik  oğula  qaldığı  üçün  digərləri  özlərinə  yeni  ev  tikərək 
ayrı-ayrı ocaqların sahiblərinə çevrilirlər.   
Tarixən adət şəklini almış mal bölgüsündə hamı nəzərə alınırdı: 
«əgər ailədə vəfat etmiş qardaşın uşaqlı dul qadını qalırdısa, ona da 
pay çatırdı. Mövcud adətə görə evdə olan bacılar qardaşlara nisbə-
tən  iki  dəfə  az  pay,  ana  isə  ümumi  payın  1,8  hissəsini  alırdı.  Ana 
qardaşlardan  birinin  yanında  qaldıqda  onun  payı  həmin  qardaşın 
ixtiyarına keçirdi.  Böyük qardaş  əlavə olaraq, həm  də atanın palta-
rını və silahını alırdı. Subay qardaşa toy xərci olaraq (buna «əyrən-
cəlik» və  ya  «əyrəni»  - subaylıq deyilirdi) əlavə pay verilir, subay 
bacı üçün cehizlik adı ilə əlavə hissə ayrılırdı. Ata və anaya «xeyrat-
lıq» deyilən ayrı pay nəzərdə tutulurdu. Ata evi qiymətləndirilir və 
məbləğ  bölüşdürülürdü.  Bəzən  ev  böyük  qardaşa  qaldıqda  digər 
qardaşların  payını  əmlak  hesabına  bir  qədər  artırır,  yaxud  birləşib 
onlar üçün təsərrüfat binası və ya ev tikirdilər.» (8, 9)  
M.Muradi  qeyd  edir:  «mənbələrdən  aydın  olur  ki,  Sasanilərin 
hakimiyyəti dövründə İranda qız 15, oğlan 20 yaşında ailə qura bi-
lərdi. Qeyd edilməlidir ki, bu qayda indi də qadmaqdadır. Bu onun-
la bağlı idi ki, İran azərbaycanlılarında ailədə islama qədər vərəsəlik 
hüququna görə varidat  bölüşdürüldükdə oğlanlar bərabər miqdarda 
pay  alırdılar,  ərə  getməmiş qızlar üçün  yarım pay  ayrılırdı.  Əmlak 
bölgüsü adət üzrə yerinə yetirilirdi.» (12, 8) 
Kiçik ailə dedikdə, ata-ana və onların uşaqları ilə bərabər yaşa-
ması  nəzərdə  tutulur.  Bəzi  hallarda  isə  kişinin  ata  anası  da  onlarla 
bərabər  yaşaya  bilərdi.  Bu  cəhət  xüsusən  kiçik  oğulların  ailələrinə 
aid  olurdu.  Kiçik  ailələrin  də  daşıdığı  funksiyalar  böyük  ailələrdə 

 
17 
 
olduğu  kimi  eyni  mahiyyət  kəsb  edirdi.  Bir  sıra  ailə  ənənələri 
əvvəlki kimi qalırdı. Məsələn, kişi yenə ailə böyüyü sayılırdı. Qadın 
əsasən ev, kişi isə çöl  işlərilə məşğul  olurdu.  Lakin  kiçik ailələrdə 
müstəqillik  özünü  hər  sahədə  qabarıq  şəkildə  təzahür  etdirirdi. 
Qadının  da,  kişinin  də  öz  fəaliyyətlərində  tam  sərbəstliyi  təmin 
edilirdi. Ailədə qadının əməyi çox idi. O, müxtəlif ev işlərilə bəra-
bər, həm də xalça toxuyur, tikmə sənəti ilə məşğul olur, qışa tədarük 
görür,  barama  saxlayır  və  s.  ev  təsərrüfatında  məhsuldarlığın 
artması üçün fəal qüvvəyə çevrilirdi.    
Orta əsr müəlliflərinin əsərlərinə əsasən belə fikir söyləmək olar 
ki,  tədqiq olunan dövrdə kiçik ailələr üstünlük  təşkil edirdi. Bu da 
bir sıra amillərdən asılı idi. Belə ki, artıq çoxdan bəri təsərrüfat hə-
yatında baş verən bir sıra dəyişikliklərin mövcudluğu, əmək alətlə-
rinin təkmilləşdirilməsi, əmək məhsuldarlığının artması, sənətkarlıq 
sahəsində ixtisaslaşmanın getməsi, ticarətin durmadan genişlənməsi 
və s. kimi amillərin təsiri olmuşdur. Bundan əlavə, maddi mədəniy-
yət  nümunəsi  kimi  bir  sıra  ev  tiplərinin  adlarına  mənbələrdə  rast 
gəlməyimiz onu deməyə əsas verir ki,  belə  evlər  yalnız kiçik ailə-
lərə məxsus olmuşdur. Fikrimizə onu da əlavə edə bilərik ki, böyük 
ailələrin dağılması prosesi kəndlərdə ləng getsə də, şəhərlərdə daha 
intensiv surətdə gedirdi. 
Q.Qeybullayev  haqlı  olaraq  Azərbaycanda  qədimdə  əhalinin 
böyük  patriarxal  ailələr  şəklində    yaşadığını  qeyd  edir.  O,  böyük 
ailələrin parçalanaraq kiçik ailələrə çevrildiyi dövrü dəqiq müəyyən 
etməyin  qeyri-mümkünlüyünü  göstərir.  Müəllif  bir  sıra  alimlərin 
İran  və  Orta  Asiyada  V  əsrdə  patriarxal  ailələrin  dağıldığı  barədə 
mülahizələrini əsas götürərək Azərbaycanda da həmçinin bu prose-
sin həmin əsrə aid edilə biləcəyini güman edir. (10) Böyük ailələr-
dən  kiçik  ailələrin  ayrıldığı  vaxtı  dəqiq  müəyyən  etmək  mümkün 
deyildir. S.Hacıyeva bu xüsusda qeyd edir ki, böyük ailələrin parça-
lanmasının daha intensiv prosesi  IX–XIV əsrlərdə başlamış və qo-
humluğun (toxumun) zəifləməsi və iri məskənlərin yaranması ilə sıx 
bağlı  olmuşdur.  (3,  26)  Müəllif  bunu  bir  zamanlar  Azərbaycanın 
ərazilərinə  daxil  olan  Şirvanşahlar  dövlətinin  tərkib  hissəsi  olan 

 
18 
 
indiki Dağıstana şamil edərək qeyd etmişdir. Məlumatçılara əsasla-
naraq XIX əsrdə də böyük ailələrin olduğunu söyləyən müəllif gös-
tərir ki, «nəvələrin nəvələri olunca böyük atalar birgə yaşayırdı.» (3, 
31)  
Orta  əsr  müəllifi  F.Rəşidəddin  yazır  ki,  qədimlərdən  türklərdə 
və  monqollarda  belə  bir  adət  vardı  ki,  hələ  sağlığında  öz  böyük 
oğlanlarını  ayırırdılar,  ona  mal-qara,  qoyun  sürüsü  və  s.  verilirdi, 
yerdə  qalan  isə  kiçik  oğula  məxsus  olurdu.  Kiçik  oğul  «odçigin» 
(yəni oda və ailə ocağına aiddiyyatı olan mənasında – Ş.B.) adlanır-
dı, bununla da onun evin dayağı, odun əmiri, sahibi və ailənin əsası 
olduğunu vurğulayırdılar. Bəzən onlara odçi də deyirdilər. (9, 107)  
Toydan sonra qurulmuş yeni ailənin qarşılıqlı münasibətləri, ev-
lənənlərin üzərinə düşən vəzifələr və böyük məsuliyyət mühüm mə-
sələlər kimi ön plana çıxır. Evlənmə yalnız iki gəncin cütləşməsi de-
mək  deyildir.  Burada  ailənin  həyata  keçirdiyi  funksiyalar  özünü 
göstərir. Ailənin funksiyalarına nəslin davam etdirilməsi, təsərrüfa-
tın  idarə  olunmasında  iştirak,  ailə  daxili  münasibət  və  övlad  tərbi-
yəsi daxildir.  
İlk  növbədə  orta  əsrlərdə  ailənin  daxilində  bütün  məsələlərdə 
əsas söz sahibinin kişi olduğunu qeyd etmək lazımdır. Ailənin baş-
çısı olan kişi bütün məsələlərin tənzimləyicisi idi. Hər şey evin ağ-
saqqalından  asılı  idi.  Çünki  ailə  qurularkən  onun  məsləhəti  nəzərə 
alınırdı.   
Ailənin funksiyası kimi  nəsilartırma evlənən tərəflər üçün mü-
hüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi ailədə əsas mə-
sələ hesab olunurdu. Xüsusən ərə gələn qız üçün bu özünü yeni ailə-
də müəyyən qədər təsdiq xarakteri daşıyırdı. Belə ki, övladı olma-
yan qadının həmin evin tamhüquqlu bir üzvü kimi gələcəkdə yaşaya 
bilməsi sual altında qalırdı. Cəmiyyət tərəfindən də uşağı olmayan-
lara  qarşı  bəzi  məsələlərlə  bağlı  mənfi  münasibət  hər  addımbaşı 
nəzərə çarpırdı. Məsələn, təzə gəlin üstünə, doğulmuş uşaq və zahı 
yanına  getməmək kimi  maneələr ortaya çıxırdı. Çox təəssüf ki,  bu 
cür  geridəqalmış  düşüncə  tərzinin  kənd  yerlərində  indi  də  qalması 
müşahidə olunur.   

 
19 
 
Övladı  olmaq  hər  bir  ailə  üçün  böyük  sevinc  və  fərəh  gətirən 
hadisədir.  Varislikdə  və  təsərrüfatın  gələcəkdə  idarə  olunmasında 
övlad  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Belə  ki,  o  təsərrüfatın  idarə 
olunması  məqsədilə  torpaq  payçısı  sayılırdı.  Ata  evindən  ona  da 
müəyyən torpaq payı çatırdı. Bildiyimiz kimi, hər bir dövrdə təsər-
rüfatın davam etdirilməsi, ailənin dolandırılması və məişətin inkişaf 
etdirilməsi  zəruri  həyat  məsələləri  sayılmışdır.  Xalqımızın  özünə-
məxsus mənəvi sərvətləri və əsrlərin sərhəddini aşaraq bu günümü-
zə qədər gəlib çatan müəyyən əxlaqi dəyərləri, mənəvi keyfiyyətləri 
və bunları özündə ehtiva edən adət və ənənələri vardır.  
Ailə insan həyatında elə təzahürdür ki, onun həyatının bütün tə-
rəflərini özündə ehtiva edir. İnsanın maddi və mənəvi aləminin tər-
kib  hissəsi  olmaqla  ailə  həm  də  bütün  cəmiyyətin  qəbul  etdiyi  bir 
özəkdir. O eyni zamanda hüquqi baxımdan da təsdiq olunan və cə-
miyyət  tərəfindən  qəbul  olunan  bir  institutdur.  Uşaqların  tərbiyə 
olunmasında ailə əvəzsiz bir vasitədir. O bütün bu sadalanan xüsu-
siyyətlərin  cəm  şəkildə  birləşdiyi,  vəhdət  təşkil  etdiyi  münasibət 
formasıdır.  Onu  fərqli  edən  cəhət  də  məhz  budur.  Ailə  təməlini 
möhkəm  tutan  onun  müxtəlif  məsələlərdəki  qarşılıqlı  münasibətlə-
rindəki bütünlüyü və birliyidir. Əks təqdirdə ailə təməli büdrəyər və 
müəyyən  çatlar  verə  bilər.  İbtidai  cəmiyyətdən  bu  günə  qədərki 
inkişafda  insanların  müəyyən  əsas  qayğıları  özünü  ailə  daxilində 
yaşama mücadiləsində, patriarxal münasibətlərin qorunmasında, tə-
sərrüfat əlaqələrinin saxlanılmasında, mənəvi psixoloji amillərin ro-
lunun möhkəmləndirilməsində göstərmişdir. Burada əsrlərdən gələn 
ənənələr  də  öz  sözünü  demişdir.  Xüsusən  ailənin  müqəddəsliyi  və 
qorunması ilə bağlı xalqın psixologiyasında yer tutan məqamlar bə-
rabərində qarşılıqlı güzəştlərin olmasını zəruri etmişdir. Bu keyfiy-
yət ailənin qorunmasının təminatçısı olmuşdur. 
Bəşər cəmiyyətinin inkişafında əhəmiyyət kəsb edən ailə onun 
mədəni  səviyyəsinin  göstəricisidir.  İnsanların  davranışı  cəmiyyətin 
inkişaf səviyyəsindən asılıdır. Fəaliyyət və davranış tərzində təzahür 
olunan xalqa məxsus xüsusiyyətlərin, yəni elimizin-obamızın həmi-
şəyaşar  adət  və  ənənələrinin  hərtərəfli  öyrənilməsi,  onların  dərin 

 
20 
 
köklərə  malik  olduğunu  sübuta  yetirmək  üçün  mühüm  əhəmiyyət 
kəsb edir. Bir sıra ənənələri özündə ehtiva edən mərasimlərdə və ta-
rixən formalaşan adətlərdə xalqa xas olan keyfiyyətlər özünü bütün 
çalarları ilə birlikdə qabarıq şəkildə təcəssüm etdirir. Xalqın psixo-
logiyasını,  dünyagörüşünü,  bu  və  ya  digər  məsələyə  bəslədiyi  mü-
nasibətini,  eyni  zamanda  dini  təsəvvürlərini  üzə  çıxarmağa  imkan 
yaradan adət və ənənələr öyrənilməyə dəyər. Göründüyü kimi, ailə 
məişəti  özünəməxsus  çalarlara  malik  olmuşdur.  Azərbaycanın  ailə 
məişətinin etnoqrafik cəhətdən öyrənilməsində əhəmiyyət kəsb edən 
adətlərdən biri də qızbəyənmə, elçilik və nişanlanmadır. 
 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin