1
ŞİRİN BÜNYADOVA
ORTA ƏSR AZƏRBAYCAN AİLƏSİ
Monoqrafiya Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun elmi şurasının qərarı ilə nəşr
edilir.
“Elm” nəşriyyatı
Bakı - 2012
2
Redaktor: t.e.d., prof. Nərgiz Quliyeva
Rəyçilər: t.ü.f.d. Qəzənfər Rəcəbli
t.ü.f.d. Bəhmən Əliyev
t.ü.f.d. İlhamə Məmmədova
Şirin Bünyadova. “Orta əsr Azərbaycan ailəsi”. Bakı-2012 ,
“Elm ” nəşriyyatı, 384 səh
.
İSBN 978-9952-03-4
«Orta əsr Azərbaycan ailəsi» kitabında xalqımızın orta əsrlərdəki ailə
və ailə məişəti məsələləri ətraflı şəkildə işıqlandırılmışdır. Əsərdə ailənin
quruluşu, nikahın növləri və nikahagirmə formaları, toy mərasimi ilə
əlaqədar icra olunan müxtəlif mərasimlər (qızbəyənmə, ağızarama, elçilik,
nişan, xnayaxdı), hamam mədəniyyəti, çilə kəsmək ayini, ad qoyma
mərasimi, ailə tərbiyəsi, dayəlik, qonaqpərvərlik, sünnət, talaq, dəfn adəti
ilə bağlı məsələlər hərtərəfli araşdırılır.
655 (07)-2012
“Elm” nəşriyyatı
Şirin Bunyadova
3
Anam Zivər xanımın
əziz xatirəsinə ithaf edirəm.
Ön söz
uasir dövrümüzdə milli oyanışla bağlı olaraq qədim ta-
riximizə hədsiz maraq yaranmışdır. Bu maraq nəinki
Azərbaycanın tarix elmi, eləcə də onun tərkib hissəsi
olan etnoqrafiya elminin inkişaf etdirilməsi üçün təkanverici qüvvə
ola bilər. Elmin hərtərəfli inkişafında qədim tariximizin əhatəli
şəkildə araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu problem bir
sıra məsələlərin ortaya çıxmasında böyük əhəmiyyətə malikdir.
Deməli, bizdən çox-çox qabaqkı nəsillərin zəngin irsini öyrənmək
etnoqrafiya elminin daha da geniş inkişafını təmin edə bilər.
Tədqiqat obyekti xalq olan etnoqrafiya elminin tərkib hissəsi
kimi ailə və ailə məişətinin öz yeri vardır. Bu xüsusda qeyd etmək
olar ki, «hər bir bəşər etnosunun mədəniyyəti onun məişətilə qırıl-
maz tellərlə bağlıdır. Fikrimizcə, məişət dedikdə, onların gündəlik
həyatındakı, yəni həmişə stabil olaraq baş verən gün, il və həyatı
boyu ərzindəki şərait, eyni zamanda insanlar arasında yaranan qarşı-
lıqlı münasibətlər, onlar tərəfindən maddi və mənəvi tələbatların
ödənilməsinə xidmət edən əşyaların istifadə üsulları, insanların özü-
nəməxsus davranış qaydaları başa düşülməlidir. Deməli, istehsal, ic-
timai və ailə, yaxud ev məişətindən danışmaq olar. Hər bir konkret
insan kollektivinin həyatında (hətta qısamüddətli) həmişə məişət tə-
rəfi vardır» (7, 175). Bu məişət xüsusən ailə münasibətlərində
özünü daha qabarıq əks etdirir.
Qeyd etməliyik ki, ailə problemi ilə nəinki etnoqrafiya elmi, ey-
ni zamanda, sosiologiya, psixologiya, tibb, hüquq, demoqrafiya ki-
mi sahələr də məşğul olur. S.A.Tokarevin verdiyi məlumatda deyilir
ki, bəzi hesablamalara görə 1900-1960-cı illər ərzində təkcə Qərb
ölkələrində ailəyə həsr olunmuş 12 min kitab və məqalə dərc olun-
muşdur. Ailə və nikahın öyrənilməsi sahəsindəki belə marağın səbə-
M
4
bi nədir? Burada ailə mövzusuna olan yüksək marağın doğurduğu
ictimai əhval-ruhiyyənin bilavasitə təsirini inkar etmək olmaz
(13,15).
Məlumdur ki, “etnoqrafiya elmi ailə münasibətlərini evlilik-va-
lideynlik-qohumluq vəhdətində götürür. O, bu vəhdəti ailənin həyat
tərzinin etnik xüsusiyyətləri, adət və ənənələri prizmasından həll
edir. Etnoqrafiya ailə məişətinin keçmişdə özünəməxsusluğunu, ailə
qanunlarının ötürülməsini, həyat tərzi formalarının çoxsahəliliyini
bilavasitə ailənin qurulmasında tarixi-etnik rəngarəngliliyi, böyüklə-
rin və kiçiklərin rollarının qarşılıqlı razılaşdırılmasını, qadın və kişi-
nin, valideynlər və uşaqların ailədaxili davranış stereotiplərini və s.
təhlil və təsvir edir” (14, 22). Əlbəttə burada hər bir xalqın qət
etdiyi tarixi inkişaf yolunu və psixoloji baxımdan münasibətini,
dəyərləndirmə və yanaşma xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Qafqazın dilbər guşəsində yerləşən Azərbaycan elə bir məmlə-
kətdir ki, təbiət gözəlliyi, səxavəti, bolluğu bu torpaqdan əskik
etməyib. Bu zənginlik təkcə təbiətin özündə deyil, eyni zamanda in-
sanların yaşam tərzində də özünü göstərir. Xüsusən ailə məişəti mə-
sələlərində bu daha qabarıq şəkildə özünü büruzə verir. Belə ki, ox-
şar mahiyyət daşıyan ailə adətləri ilə yanaşı, müxtəlif bölgələrimiz-
də ailə məişəti ilə bağlı icrası bir qədər fərqli olan adət və ənənələ-
rin mövcudluğu böyük maraq doğurur. Əsrlərdən bəri süzülüb gələn
və əhali tərəfindən həvəslə icra olunan, onların məişətinin bir parça-
sı kimi uzun müddət hifz olunaraq qorunub saxlanan o qədər mütə-
rəqqi mahiyyət daşıyan adət və ənənələrimiz vardır ki… Zaman-za-
man unutmuşuq, bəzən isə adi bir hal kimi qəbul etdiyimizdən fər-
qinə varmamışıq, biganə yanaşaraq arxa çıxmamışıq mənəvi sərvət-
lərimizə. Lakin unutmamalıyıq ki, keçmişimizə xor baxa bilmərik,
çünki o tariximizin bir parçasıdır. Bir də yaddan çıxarmamalıyıq ki,
xalqın tarixi təkcə onun hadisələrlə dolu inkişaf mərhələlərində
deyil, həmçinin bu günümüzə gəlib çatan adət və ənənələrində də
yaşayır. Bu məmləkətdə uzun əsrlər boyu müxtəlif dilə və dinə
mənsub olan əhali qaynayıb-qarışmış və bərabər şərtlər əsasında
həyatlarını sürdürmüşlər.
5
Azərbaycanda yaşayan müxtəlif xalqların uzun əsrlər boyunca
bərabər birgəyaşayışı onların adət və ənənələrinin də çulğalaşma-
sına gətirib çıxarmışdır. Onlar tarixin bütün sınaqlarına birgə sinə
gərmiş, müxtəlif çətinliklərdə çiyin-çiyinə çalışmış və eyni zaman-
da, qədim köklər üzərində formalaşan vahid bir mədəniyyətin daşı-
yıcısına çevrilmişlər. Əlbəttə, hər bir xalqın və ya etnik qrupun özü-
nəməxsus keyfiyyətləri də yox deyildir. Bu özünü müəyyən qədər
ailə məsələlərində də büruzə verir. Amma onu da nəzərə almaq la-
zımdır ki, islam dini Azərbaycanda yayılıb genişləndikdən sonra
onun təsir dairəsi xüsusən ailə və məişət məsələlərinə daha çox
sirayət etmişdir. Bu da dini qəbul edənlərin hamısının adət və
ənənələrində müəyyən izlər buraxmışdır.
Ailə məişəti məsələsində Azərbaycanda yaşayan müsəlman
əhalinin demək olar ki, əksəriyyəti eyni normalara riayət etmişlər.
Bu bir sıra adətlərin (qonaqpərvərlik, tərbiyə, dəfn mərasimi və s.)
icrasında özünü bariz göstərir. Hər bir xalqı ətraflı tədqiq etmənin
yolu da məhz ailə məişətindən keçir.
Ailə münasibətlərinin mahiyyəti həm islam dünyasında və həm
də Qafqaz xalqlarının əksəriyyətində demək olar ki, eynidir. Qafqaz
ailəsi bu bir anlayışdır, tarixi keçmişlərinə, ənənəvi mədəniyyətləri-
nə, təsərrüfat-məişət xüsusiyyətlərinə görə müəyyən mənada bən-
zərlik, bir oxşarlıq təşkil edir. Yaxın qonşuluq əlaqələri Qafqaz ailə-
lərinin bir-birinə təsir dairəsini gerçəkləşdirmişdir. Baxmayaraq ki,
bu müxtəlif şəraitdə mövcud olmuş, etnik ənənələrin müxtəlifliyi
özünü fərqli şəkildə büruzə vermiş, müxtəlif tarixi hadisələrin
təsirinə məruz qalmışdır.
Ailə elə bir qurumdur ki, burada həm maddi münasibətlər tən-
zimlənir, həm də mənəvi dəyərlər uzun əsrlər boyu qorunub saxlanı-
lır. Belə ki, ailə daxilində müxtəlif inanclarla bağlı məsələlər və dini
münasibətlər də öz əksini tapır. Yəni bütün bu sadalananlar birlikdə
cəm şəkildə ailə məişətində mövcuddur. Lakin ayrı-ayrılıqda götü-
rüldükdə bu məsələlərin heç biri ailənin məzmununu təşkil etmir.
Çünki həmin münasibətlər bir-birilə çulğalaşmış şəkildə ailəyə da-
xildir və onların qarşılıqlı əlaqələri daha da sıx olanda bir o qədər də
6
ailə dayaqları möhkəm olur. Odur ki, göstərilənlərin ailə həyatına
böyük təsiri olduğu danılmazdır. Onu da əlavə etməliyik ki, ailə da-
xilində psixoloji, bioloji, iqtisadi və mənəvi amillərin təsiri həmişə
eyni olmur, bu və ya digər səbəblərdən asılı olaraq fərqli çalarlara
malikdir. Göründüyü kimi, ailə münasibətlərinin özündə daha çox
məsələlərin birləşdiyi, müxtəlif həyat şərtlərinin və qaydalarının
vəhdət şəklində cəmləşdiyi aydın olur.
Ailə elə bir anlayışdır ki, o, cəmiyyətdə ən əhəmiyyətli birlik
sayılır və hamı tərəfindən bir sosial qrup kimi qəbul edilir. Ailə,
üzvlərinin ortaq baxışlarına söykənən və onların bu zəmində fəaliy-
yətini gərəkli edən birlikdir. O, vahid qayə uğrunda birlikdə var
olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış
tərzində ən əhəmiyyətli bir yer tutan təməldir. Ailə daxilində hər kə-
sin aralarında qarşılıqlı olaraq bölüşdürülmüş özünəməxsus vəzifə-
ləri olmuşdur. Onlara hamı tərəfindən bərabər yanaşılması, məsuliy-
yətli davranma ailənin güclü vəziyyətə malik olmasını təmin etmiş
olur.
Əsərdə bizim məqsədimiz isə onun orta əsrlərdəki yeri və və-
ziyyətini araşdırmaqdan ibarətdir. İndiyədək bu məsələnin tədqiq
olunmaması orta əsr ailə məişətinin öyrənilməsinin əhəmiyyətini
daha da artırır. Belə ki, qədimdə baş verənləri bu günümüzlə müqa-
yisəli şəkildə təhlil edərkən bir sıra məsələlər lazımınca dəyərləndi-
rildikdə, onların bəzilərinin keçmişdən bizə miras qaldığını və nələ-
rin isə tarix səhnəsindən silinib getdiyini daha yaxşı müəyyənləşdirə
bilirik. Bu baxımdan da tariximizin bir parçası olan orta əsrlər döv-
rü ailəsinin araşdırılması elmi cəhətdən olduqca zəruri bir prob-
lemdir.
Xalqımızın tarixi keçmişinin öyrənilməsi məsələsi hələ də öz
aktuallığını qoruyub saxlayır. Ailə probleminin hərtərəfli tədqiqi
üçün onun yarandığı vaxtdan bu günədək keçdiyi yola nəzər salmaq
əhəmiyyət kəsb edir. Orta əsrlərdə ailə məişətinin öyrənilməsi bizə
onun inkişaf dinamikasını izləmək imkanı verir. Orta əsrlərin ailə
məişətinin elmi baxımdan təhlil olunmasının əhəmiyyəti ondan
7
ibarətdir ki, bu mövzunun indiyədək tədqiqi sahəsində mövcud olan
boşluğu doldurmağa yardım edir.
Orta əsrlərin Azərbaycan ailəsinin vəziyyəti və onun məişət tər-
zinin ayrıca tədqiqat obyekti kimi etnoqrafik ədəbiyyatda öz həllini
indiyədək tapmaması məlumdur. Bunun da bir sıra obyektiv səbəb-
ləri vardır. Belə ki, bəzi mənbələrdə ara-sıra verilən ötəri məlumat-
lar, şair və mütəfəkkirlərin əsərlərindəki müəyyən təsvirlər nəzərə
alınmazsa, bilavasitə bu mövzuya həsr olunmuş ayrıca yazılı mənbə
yox dərəcəsindədir. Bəzi tarixi mənbələrdə ara-sıra verilən ötəri
məlumatlar isə bir o qədər də qənaətbəxş sayıla bilməz. Mənbələrin
verdiyi məlumatların az olmasına baxmayaraq, onlar orta əsrlərdə
mövcud olan nikah növlərinin mövcudluğunu və kəbinin əksərən
bərabər sosial zümrələr arasında tətbiq olunduğunu təsdiq etməyə
imkan verir.
Orta əsrlərdə müxtəlif xalqların həyat tərzi haqqında bu dövrdə
Azərbaycanda olmuş səyyah, tacir və diplomatların verdikləri bir
sıra mühüm məlumatlar da əvəzsiz rola malikdir. Bir sözlə, mənbə-
lərin verdiyi məlumatlar olmadan elmi cəhətdən mühakimə yürüt-
mək olmaz. Yalnız şair və mütəfəkkirlərimizin əsərlərindəki ailə
məsələləri ilə bağlı mühüm təsvirlər nəzərə alınmazsa, material top-
lamaq çətinlik törədərdi. Elə bizim də köməyimizə gələn məhz orta
əsr şair və mütəfəkkirlərinin əlimizdə olan zəngin yaradıcılıq nümu-
nələridir. Bir sözlə, onların yaradıcılığı əhəmiyyətli informasiya
mənbəyi kimi dəyərləndirilməlidir.
Feodal münasibətləri Qərb ölkələrinə nisbətən Şərqdə daha er-
kən formalaşmağa başlamışdı. Orta əsrlər dövrü Azərbaycan tari-
xində həm mühüm siyasi, iqtisadi, həm də mədəni hadisələrin baş
verməsi ilə müşayiət olunur. Bu zaman kəsiyində inkişafla yanaşı,
müəyyən vaxtlarda tənəzzülün olduğu mənbələrin verdiyi məlu-
matlarla və müxtəlif tarixi faktlarla təsdiqlənir.
Bütövlükdə orta əsrlər dövründə Azərbaycan yadellilərin çox-
saylı hücumlarına məruz qalırdı. Edilən bu hücumlar xalqın mədə-
niyyətinə ziyan vursa da, onu müəyyən qədər ləngitsə də, tamamilə
yox edə bilməmişdir. Onlar xalqın nə dilini, nə adət və ənənələrini,
8
nə də əsrlərlə davam edən mədəniyyətini unutdura bilməmişlər. Ək-
sinə, sasanilər və ərəblər zamanı köç edən tayfalar özləri yerli əhali
içərisində əriyərək təbii assimilyasiyaya uğramışlar. Yerli əhalinin
məişət və həyat tərzi onların da yaşamına öz güclü təsirini göstər-
mişdir. Lakin Azərbaycan ərazisinə orta əsrlərin müxtəlif zamanla-
rında köçürülərək məskunlaşan bir sıra azsaylı xalqlar özlərinə sığı-
nacaq seçdikləri bölgələrdə kompakt şəraitdə yaşayaraq öz dillərini
indiyədək qoruyub saxlaya bilmişlər. Burada xüsusən islam amili
mühüm rol oynamışdır. Bu dini qəbul edən xalqların vahid məişət
tərzinin çoxdan bəri formalaşması bütün ölkə daxilində onların eyni
adət və ənənələrə riayət etməsinə gətirib çıxarmışdı.
Bəşər tarixinin ümumi gedişində eynilə sezilən, feodalizmin
əsas mahiyyətinə daxil olan məsələlər vardır. Belə ki, bütövlükdə
orta əsrlər bizə xüsusi mülkiyyət, siniflər, natural təsərrüfatdakı qa-
palılıq, dövlət və istismar anlayışları ilə bərabər, həmçinin bir sıra
elmi - texniki kəşflər, əmək bölgüsü, ticarət münasibətlərinin artma-
sı, feodal şəhərlərinin formalaşması, bununla bahəm isə dünya din-
ləri olan xristianlıq və islamı öyrənməyə imkan yaradır. Eyni za-
manda maddi istehsalın rolu, xalq anlayışı, tarixi şəraitin özünəməx-
susluğu, mədəni nailiyyətlər və onların inkişafı, elm, incəsənət, inti-
bah, xalq yaradıcılığı nümunələri və s. barədə fikir söyləmək müm-
kün olur. Həmçinin insanların fəaliyyətinin dini qayda – qanunlarla
çərçivələnməsi, rabitə əlaqələrinin zəif inkişaf etməsi, ailə məişə-
tində hökm sürən dəyişilməz qaydalar və həyat tərzinin məhdud, qa-
palı ahəng üzrə davam etməsi də dövrün xüsusiyyətlərinə daxildir.
Bir sözlə, orta yüzillikləri köhnəliklə yenilik arasında bir körpü he-
sab etmək olar. O, yeni ilə köhnənin əlaqə məqamıdır, bəşəriyyətin
əvvəldən başlayan inkişafı yolunda müəyyən bir mərhələ təşkil edir.
Feodalizm daxilində müsbət olan ünsürlərin gələcəkdə də saxlanıl-
ması və daha yüksək inkişaf səviyyəsinə çatmasında orta əsrlərin öz
payı vardır. «siyasi amillər bu və ya digər şəkildə ilkin orta əsrlərdə
bölgə xalqlarının formalaşmasında az əhəmiyyət kəsb etmirdi. Bu
amillər xüsusilə inkişaf etmiş feodalizmin mərkəzi və mərkəzdən
qaçma ənənələrinin kəskin mübarizəsinin iyerarxik siyasi quruluşa
9
xarakterik şəraitində özünü büruzə verdi. Bunun nəticəsində qeyri-
sabit dövlət sərhədləri və hələ ilkin orta əsrlərdə formalaşan etnik
birliklərin sərhədləri çox vaxt uyğun gəlmirdi. İri siyasi təşkilatların
süqutu etnik parsiasiya prosesi ilə müşayiət olunurdu» (16, 284).
İnsanların müxtəlif həyati əhəmiyyət kəsb edən tələbatlarının
ödənilməsinin səviyyəsi, təminat dərəcəsi onların güzaranını əks et-
dirən aynadır. Bu güzəran bütün dövrlərdə maddi və mənəvi göstə-
ricilərin ölçü meyarının real vəziyyəti ilə bağlıdır. Maddi nemətlərin
bolluğu, yaşayış şəraiti, təhsil və mədəniyyətin səviyyəsi və s. mə-
sələlərdən asılıdır. Xalqın güzəranı ilk növbədə cəmiyyətin iqtisadi
əsaslarının vəziyyətilə müəyyənləşir. Bu isə təbii və siyasi amillərlə
də sıx surətdə əlaqəlidir. Təbiətdə ola biləcək fəlakətlər, orta əsrlər-
də müharibələr, ailənin sabit gəlir qaynaqları və s. kimi bütün bu
deyilənlər xalqın həyat səviyyəsinin göstəriciləridir. İnkişaf qanuna-
uyğunluqlarına və həyat səviyyəsinə görə müəyyən davranışlar
formalaşır. Cəmiyyətin həyat tərzi onun müxtəlif dövrlərə uyğun
şəkildə sürdürdüyü həyat fəaliyyətinin kompleks təzahürüdür.
Orta əsrlərdə ailə münasibətlərində müəyyən xüsusiyyətlər ay-
dın sezilir. Məsələn, hökmdarların və digər yüksək məqam sahiblə-
rinin çox arvad alması, kəniz saxlaması, hərəmin mövcudluğu sırf
orta əsr gerçəkliyidir. Orta əsr müəllifi Əbu Cəfər Mühəmməd ibn
Cərir ət-Təbəri «Tarix ər-rüsul va-l-müluk» əsərində Babəkin uşaq-
ları və arvadlarının əsir alındığı barədə məlumat verir (11, 85). Kə-
nizlərin hədiyyə olaraq verilməsi halları orta əsr müəllifləri
tərəfindən qeyd edilmişdir.
Orta əsrləri öyrənməklə bu dövrdə ərazisinə olunan təcavüzlərin
Azərbaycanda yaşayan xalqların siyasi və iqtisadi həyat tərzilə ya-
naşı, mədəniyyətinə təsirinin izlərini də aşkar etmək mümkündür.
Məhz bu baxımdan Azərbaycan xalqının tarixi etnoqrafiyasının öy-
rənilməsi aktuallıq kəsb edir. Azərbaycanda etnoqrafiya elminin bü-
tövlükdə inkişaf tarixini bərpa etmək üçün orta əsrlərin tarixi-etno-
qrafik nöqteyi-nəzərdən hərtərəfli tədqiqi vacib məsələ kimi qarşıda
dururdu. Başqa sözlə desək, təqdim olunan monoqrafiya orta əsrlər-
də xalqın simasının, həyat tərzinin mahiyyətinin açılmasında məişət
10
və mədəniyyətinin gerçək vəziyyətinin öyrənilməsində mühüm
mərhələ təşkil edir.
Orta əsr şairləri öz əsərlərində hansı dövrü təsvir etdiklərindən
asılı olmayaraq zəmanələrinin ailə və ailə məişəti məsələlərini, gün-
dəlik həyatda yaşadıqlarını əks etdirmişlər. Şairlərimizin əsərlərin-
dən əldə olunan məlumatlarda bir dağınıqlıq gözdən qaçmır. Yəni,
bir müəllifdə olan məlumat digərində yoxdur. Lakin bu məlumatlar
bir yerə toplandıqda onların əhəmiyyəti xeyli artır.
İndiyədək öyrənilən ailə məişəti məsələləri yalnız XIX əsrin
sonları və XX əsrin əvvəllərinə aiddir. Ailə məişətinin bu dövrünün
öyrənilməsi müasir ailə həyatının etnoqrafik baxımdan müqayisəli
təhlili üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda ailə və ailə
məişətinin tədqiqinin bəzi məsələləri bir sıra araşdırıcıların əsərlə-
rində öz əksini tapmışdır: R.Babayeva, M.Atakişiyeva, H.Quliyev,
Ə.Əhmədov, Q.Qeybullayev, A.Sadıqov, A.Əlizadə, Ş.Salehov,
G.Seyidova, M.Cəbrayılova, A.Trofimova, Q.Qədirzadə, N.Quliye-
va, M. Paşayeva və başqaları. Bununla yanaşı, bir sıra şair və mütə-
fəkkirlərin əsərlərini etnoqrafik baxımdan tədqiq edən müəlliflərin
də tədqiqatlarında ailə məişəti məsələləri qismən də olsa, yer almaq-
dadır. Buna misal olaraq E.Cavadovanın Həsən bəy Zərdabinin,
Ş.Bünyadovanın Nizami Gəncəvinin, R.İbrahimovanın Yusif Vəzir
Çəmənzəminlinin, M.Əliyevanın Cəlil Məmmədquluzadənin, H.Za-
hidovanın C.Cabbarlının yaradıcılığını və s. etnoqrafik baxımdan
tədqiq edərkən təsvir olunan ailə məsələlərinə müraciət etmələrini
də buraya əlavə etmək olar. Bununla bərabər şifahi xalq yaradıcılığı
nümunələri də, həmçinin etnoqrafik tədqiqat obyektinə çevrilmiş və
məhz burada orta əsrlərin ailə məsələlərinə müəyyən qədər yer
verilmişdir. Nəzərə almaq lazımdır ki, yalnız Q.Qeybullayevin
«Azərbaycanlılarda ailə və nikah» əsərinin birinci cildində bəzi orta
əsr şairlərinin əsərlərinə müəyyən dərəcədə toxunulmuş, şifahi xalq
yaradıcılığı nümunələrindən də yeri gəldikcə xülasə şəklində istifa-
də edilmişdir. Bu da həmin əsərin elmi məziyyətini artırır.
Ailə məişətinə və ailə münasibətlərinə həsr olunmuş ayrı-ayrı
kitabların və dövri mətbuatda çıxan müxtəlif səpgili məqalələrin də
11
xalqımızın ailə həyatını işıqlandırması baxımından öz yeri vardır.
Buradaca onu da əlavə edə bilərik ki, müqayisəli təhlil aparmaq
baxımından şəxsi etnoqrafik müşahidələrin də bu işdə yardımı öz
həlledici sözünü deyə bilər. Əsərdə təsvir olunan ailə məişəti əsasən
XII-XVI əsrlərin məlumatları əsasında qələmə alınmışdır.
***
Orta əsrlərdə ailənin vəziyyətini araşdırmazdan əvvəl ailənin
yarandığı ibtidai cəmiyyət haqqında qısaca da olsa, müəyyən
məlumatı nəzərə çatdırmaq lazımdır. İbtidai insanlar arasında ailə
anlayışı barədə danışmaq olmaz, çünki onlar sürü halında yaşa-
yırdılar və nizamsız əlaqələr saxlayırdılar. Baxofen «Ana hüququ»
əsərində göstərir ki, «…əvvəllərdə insanlar qeyri-məhdud cinsi
əlaqə (promiskuitet) şəraitində yaşayırmış ki, bu cür münasibətlər
şəraitində atanı düzgün müəyyən etmək qeyri-mümkün idi. Buna
görə də qohumluq və mənşəyi yalnız qadın xətti üzrə – ana hüququ
üzrə müəyyən etmək mümkün idi. Beləliklə, Baxofenə görə bir vaxt
var imiş ki, ictimai quruluşda qadınlara gənc nəslin yeganə və qəti
məlum valideyni olmaq etibarı ilə yüksək dərəcədə hörmət və ixlas
göstərilirdi. Buna görə də qadınlar tam hökmranlıq roluna malik
olmuşdular (qnekokratiya)» (1, 30). Qadınların belə hökmranlığı
tarixi ədəbiyyatda matriarxat – anaxaqanlığı adlanır.
Ailənin nə zaman yarandığını dəqiq söyləmək mümkün deyil-
dir. Onun yaranmağa başladığı zaman neolit və eneolit dövrü təx-
min edilir. Bəşər tarixinin inkişaf səviyyəsində özünü göstərən
iqtisadi, siyasi və mədəni sahədəki mühüm dəyişikliklər ailə məişə-
tinə də sirayət etmişdir.
Tədqiq olunan dövr orta əsrlərə aid olduğundan artıq ailənin
çoxdan formalaşaraq möhkəmləndiyini qeyd etməliyik. Belə ki,
«əsas istehsal sahələrində kişi peşələrinin üstünlüyü (unutmamalıdır
ki, bu mərhələdə yığıcılıq da artıq öz əhəmiyyətini itirmişdi), ev tə-
sərrüfatının özündə belə müəyyən bölgünün əmələ gəlməsi tədricən
qadınların fəaliyyətini tamamilə ev işlərinə tabe etmişdi. Bu isə,
12
qadınların ictimai mövqeyinə həlledici təsir göstərərək hətta onun
alınıb-satılmasına gətirib çıxarmışdı. Ona bir işçi qüvvəsi kimi ba-
xılmağa başlanmışdı. Qızı ərə verərkən onun ailəsi müəyyən işçi
quvvəsini itirmiş olurdu və buna görə də həmin itkinin əvəzinin
ödənilməsini tələb edirdi» (1, 168). Patriarxal münasibətlərin for-
malaşması ibtidai cəmiyyətin gələcəyini müəyyənləşdirməyə təkan
vermişdir, ibtidai icma quruluşu dağılmağa başlamışdı.
Orta əsr ailəsi haqqında məlumat verərkən ilk növbədə onun
tərkibi və quruluşu barədə fikir yürütmək lazımdır. Orta əsrlərdə
ailələrin tərkibi müxtəlif olurdu.
Hər halda bir sıra orta əsr şairlərinin əsərlərinə istinad edərək
məhz o dövrdə də əsasən monoqam ailə formasının üstünlük təşkil
etdiyini söyləmək olar. Bununla da ailələrin əsasən kiçik tərkibdə
olduğunu qeyd etmək olar. Etnoqrafik müşahidələrlə də patriarxal
ailələrin XX əsrin 30-cu illərinədək mövcudluğu təsdiq olunmuşdur.
Lakin patriarxal ailələr haqqında məlumata orta əsr müəlliflərinin
əsərlərində rast gəlmək demək olar ki, mümkün deyildir. Bu o
demək deyildir ki, orta əsrlərdə patriarxal ailələr mövcud olmamış-
dır, əksinə əgər XIX–XX əsrin əvvəllərinədək bu cür ailələr qalıq
şəklində mövcud idisə, deməli, orta əsrlərdə də onların var olması
şübhəsizdir. Həm də bunu Azərbaycan ərazisində mövcud olmuş bir
sıra tikililər, o cümlədən qaradam tipli evlərin varlığı bir daha təsdiq
edir. Sula Benetin məlumatlarında Qafqaz ailələrində möhkəm
bağlılığın üstünlüyündən bəhs edilir, böyük ailələrin keçmişdə
olduğu kimi mehribanlıq şəraitində yaşamaları, qarşılıqlı kömək və
iqtisadi cəhətdən yardımlaşma və birgə fəaliyyət əsasında qurulduğu
qeyd edilir. Bundan əlavə müəllif göstərir ki, qafqazlıların gücü,
qüdrəti nəslə və kökə bağlılıqlarındadır (15, 337-338; 340).
Aydındır ki, ailənin tərkibi məsələsini öz əsərlərində şərh etmə-
yi qayə seçməyən orta əsr müəllifləri ayrı-ayrı bölgələrdə yaşayan
əhalinin sayı barədə ötəri də olsa, heç bir məlumat verməmişlər.
Yalnız Nizami Gəncəvi yaradıcılığında rast gəldiyimiz «külfət» sö-
zünü patriarxal ailə formasına aid edə bilərik. «Leyli və Məcnun»
əsərində Nizami ovçunun diliylə «bir ev külfətim var»-deyir
13
(2,120). Burada ailənin böyük olduğuna işarə edilir. Yeri gəlmişkən
qeyd edək ki, xalq arasında da böyük ailələr bir bölük külfət, bir
çətən adıyla anılır. Qafqaz xalqlarının əksəriyyətinin dillərində bö-
yük ailəyə xas külfət kəlməsi (külpet, külpət, külpat, külfət, kiflət)
işlənməkdədir (3, 34 -35).
Sonrakı dövrlərdə yəni XIX əsrdə H.Quliyevin də göstərdiyi ki-
mi, Azərbaycanın müxtəlif bölgələrində məhəllə adları (məhlə, dən-
gə (dingə), tabun, oval, həyət, coma və s.) mövcud olmuşdur (8,
11). Əslində bu cür məhəllələrin olması bir tərəfdən onların sənət-
karlıq baxımından əhəmiyyətini göstərirsə, ikinci bir tərəfdən də
patriarxallığın olduğunu təsdiq edir. Belə ki, məhəllələrdə də qo-
humlar, qardaşların ailələri birlikdə yerləşirdilər. Bundan əlavə onu
da qeyd etmək lazımdır ki, belə məhəllələrdə H.Quliyevin göstər-
diyi kimi patronimik adətlərin keçmişdə çoxlu yerli adları mövcud
idi. Müəllif tayfa, uşağı, törəmə, əqrəba, evlad, kürək (Əhmədli k.
Abşeron), tirə, zu və ya çu (Türkan k. Abşeron), simsar, basalax,
basmax, arxa, ova, dinnix (Gəncə, Tovuz, Şəmkir, Qazax), çoğa
(Şirvan), oymax (Sabirabad), tabun (Zaqatala, Qax) və s. bu kimi
adların olduğunu qeyd edir. Təkcə Qubada «patronimiyanın müxtə-
lif adları: tayfa, toxum, şaqqa, nəsil, törəmə, tirə, cədd (azərbaycan-
lılarda), cins, toxum (ləzgilərdə), tum, şir, əqrəba, övlad (tatlarda),
yux (buduqlarda) geniş yayılmışdı» (8, 11).
Qeyd edək ki, ailənin quruluşu Qafqaz xalqlarında da eyniyyət
təşkil edir. XIX əsrdə Abxaziyada kənd icması («akıt») vardı. Lakin
əsas təsərrüfat kollektivi böyük ailə idi (4, 114). Yalnız XX əsrin
əvvəllərində böyük ailə yerini tədricən kiçik ailəyə verirdi. XIX əs-
rin I rübündə böyük ailə icması «aindu» (böyük ev) və ya «ataasva-
radu» (böyük ailə) mövcud idi (4, 116-117). Gürcülərdə böyük ailə-
ni anladan bir sıra anlayışlar ailə icmasının təsərrüfat birliyini göstə-
rir: ertobis saxli, saerto saxli, didi ocaxi, calabi ocaxi (6, 9). Görün-
düyü kimi «ocaq» sözü gürcülərdə də işlənmişdir. Bu da ailənin bir
ocaq ətrafında yığışmasını göstərir. Gürcüstanda uzun yüzilliklər
boyu böyük ailə icmaları öz varlıqlarını fərdi ailələrlə bərabər da-
14
vam etdirmişdir. Belə icmalar həmçinin qədim adət və ənənələrin
davamçısı olurdu (5, 44).
Qafqaz xalqlarının dilində patronimiya anlayışının xüsusi və
müxtəlif adlarla işləndiyini qeyd edən M.O.Kosvenin misal gətirdi-
yi nümunələrdəki təsviri ifadələrdə müəllif ümumi olan mahiyyəti
belə açıqlayır: osetinlərdə, kartlilərdə «bir ocaqdan ayrılanlar», xev-
surlarda «bir ocaqdan çıxanlar», adıqlarda «bir oddan bölünənlər»,
kumıklarda «bir ocaqdan ayrılanlar», abxazlarda «evi öz aralarında
bölənlər», çeçenlərdə «bir evin adamları» və s. Yeri gəlmişkən qeyd
edək ki, türk mənşəli «tirə» sözü eyni məzmun kəsb edərək noqay-
larda, ləzgilərdə, azərbaycanlılarda və ermənilərdə işlənir (17, 187-
188).
Azərbaycanda patronimiyanın olduğunu təsdiqləyən bir sıra an-
layışlar vardır ki, bunlara tayfa, nəsil, kök, ocaq, toxum, törəmə,
tüstü, uşağı, evi və s. aiddir. Təsadüfi deyildir ki, yer adlarında bu
cür sözlərdən istifadə olunur. Böyük kəndlərdə müxtəlif nəsillərin
ailələri kök salıb yaşayırlar və ya onlardan bir başqa yerə köçüb
məskunlaşanda yenə də öz köklərinin adını saxlayırlar. İnsanlar
uzun müddət mənsub olduqları tayfaların adlarını daşımışlar. Məsə-
lən, ağqoyunlu, qaraqoyunlu. Tüstü ailələrin yaşadıqları evlərin da-
mından çıxan tüstüyə əsasən bir ev hesab edilirdi. Rusiya çar höku-
mətinin hər bir ailə üzərinə tüstü pulu qoyması vergini ödəyə bilmə-
yən qardaşların bir böyük ailədə birləşməsinə zəmin yaradırdı.
Sözlərin sonuna mənsubiyyət şəkilçiləri artırmaqla (lı, li, lu, lü)
salınan yurdlara müxtəlif adlar verilirdi. Müasir dövrümüzdə bir
bölgədən olanlar özlərini «elli» və «yerli» kimi adlandırırlar. Sözlə-
rin sonuna oba, qışlaq, oymaq və s. kimi sözlər əlavə edilirdi. Türk-
lərin yayıldığı geniş arealda (Qafqaz, Orta Asiya, Yaxın və Orta
Şərq) oba anlayışı geniş yayılmışdı. Oba adətən bir böyük nəsildən
ibarət olurdu. Lakin bəzi hallarda ayrı-ayrı ailələrdən təşkil olunmuş
müəyyən birliyi özündə birləşdirirdi. Müasir dövrdə də qədimdən
mövcud olub bu gün də sabit qalıb dəyişməyən yer adlarında yaşa-
yaraq bu xüsusiyyət əsrlərdən bəri qorunub saxlanılır. Məsələn, To-
vuzda Böyük qışlaq, Xaçmazda Fərzəli oba, Masallıda Yeddioymaq
15
və s. qeyd etmək olar. Azərbaycan dilində işlədilən el-oba kəlməsi
də müəyyən icmanın varlığını təmsil edir.
Böyük ailənin uzun zaman boyunca hifz olunması ibtidai-icma-
da insanların sürü halında yaşamasının qalığı kimi dəyərləndirmək
olar. Eyni zamanda belə ailələrin mövcudluğu birgəyaşayışın üstün
cəhətlərinin ailədə qorunub saxlanılması arzusundan da doğur. Pat-
riarxal ailələrin olmasını gerçəkləşdirən üstünlüklər onun üzvlərinin
birgə qorunması, icma arasında vahid güc, qüvvə kimi qəbul edil-
məsi, daxili yardımlaşma, təsərrüfatın birgə idarə olunmasında
əmək bölgüsü və nəhayət, övladların böyüdülməsi və tərbiyəsində
kollektivçilik ruhunun aşılanması kimi xüsusiyyətlərdən ibarətdir.
Böyük ailələrdə patriarxal adət və ənənələr hökm sürürdü.
Azərbaycanda böyüklərə dədə, qağa, lələ və s. kimi müraciət edil-
məsi də ailənin idarə olunmasında onların əhəmiyyətli roluna dəla-
lət edir. Ailəni evin böyüyü olan kişi idarə edirdi. Ailədə söz və nü-
fuz sahibi o hesab olunurdu. İlk oğulun ailə daxilində böyük rolu
var idi. Belə ki, böyük oğul atanın köməkçisi sayılırdı. Bu cür ailə-
lərdə sözsüz tabeçilik prinsipi hakim idi. Evin böyüyü sayılan ataya
qarşı çıxmaq günah sayılırdı. Birgəyaşayış münasibətlərində illərin
təcrübəsinə əsasən evin böyüyü təsərrüfat işlərinin təşkilatçısı idi.
Bu isə ailədə əmək bölgüsünün formalaşmasını təmin edirdi. Aydın
məsələdir ki, böyük ailələrin olması daha çox təsərrüfatı birgə
idarəetmə zərurətindən doğurdu.
Azərbaycanda orta əsrlərdə kiçik ailələrin olmasının da müəy-
yən səbəbləri olurdu. Bu heç şübhəsiz ailə daxilində baş verən
müəyyən narazılıqlar nəticəsində yaranırdı. Ailənin bölünmə səbəb-
lərində iqtisadi düşüncələrlə yanaşı, daxili anlaşılmazlıqların da öz
yeri vardır. Belə ki, kövrək ailə daxili münasibətlərdə özünü göstə-
rən bir sıra münaqişələr istər-istəməz onun müvazinətini pozur və
dağılmasını gerçəkləşdirirdi. Kiçik ailələr məhz böyük ailədən
qopub ayrılan və müstəqillik əldə etmiş özəklərə çevrilirdilər. Ümu-
miyyətlə, əsrlərdən bəri qalan el qaydasına görə valideynlərlə kiçik
oğul qalırdı. İstər-istəməz ayrılmaq məcburiyyətində olan digər
üzvlər kiçik ailənin əsasını qoyurdu. El arasında əsrlərin süzgəcin-
16
dən keçib gələn belə bir məsəl də vardır ki, «yaxşı qardaşın axırı
ayrılıqdır.» Bu məsəldə əvvəl-axır hər bir müstəqil yaşamaq istəyən
ailə başçısının kiçik ailə yaratmasına işarə edilir.
Böyük ailələrin bölünməsi əsasən evin ağsaqqalı vəfat etdikdən
sonra baş verirdi. Bəzən bu onun sağlığında da ola bilirdi. Ata mül-
kü oğlan övladların sayına görə bölünürdü. Torpağın çatışmaması,
oğullarla bərabər nəvələrin də böyüməsi istər-istəməz buna zəmin
yaradırdı. Müasir dövrdə də əvvəlki dövrlərdə olduğu kimi atanın
yurdu kiçik oğula qaldığı üçün digərləri özlərinə yeni ev tikərək
ayrı-ayrı ocaqların sahiblərinə çevrilirlər.
Tarixən adət şəklini almış mal bölgüsündə hamı nəzərə alınırdı:
«əgər ailədə vəfat etmiş qardaşın uşaqlı dul qadını qalırdısa, ona da
pay çatırdı. Mövcud adətə görə evdə olan bacılar qardaşlara nisbə-
tən iki dəfə az pay, ana isə ümumi payın 1,8 hissəsini alırdı. Ana
qardaşlardan birinin yanında qaldıqda onun payı həmin qardaşın
ixtiyarına keçirdi. Böyük qardaş əlavə olaraq, həm də atanın palta-
rını və silahını alırdı. Subay qardaşa toy xərci olaraq (buna «əyrən-
cəlik» və ya «əyrəni» - subaylıq deyilirdi) əlavə pay verilir, subay
bacı üçün cehizlik adı ilə əlavə hissə ayrılırdı. Ata və anaya «xeyrat-
lıq» deyilən ayrı pay nəzərdə tutulurdu. Ata evi qiymətləndirilir və
məbləğ bölüşdürülürdü. Bəzən ev böyük qardaşa qaldıqda digər
qardaşların payını əmlak hesabına bir qədər artırır, yaxud birləşib
onlar üçün təsərrüfat binası və ya ev tikirdilər.» (8, 9)
M.Muradi qeyd edir: «mənbələrdən aydın olur ki, Sasanilərin
hakimiyyəti dövründə İranda qız 15, oğlan 20 yaşında ailə qura bi-
lərdi. Qeyd edilməlidir ki, bu qayda indi də qadmaqdadır. Bu onun-
la bağlı idi ki, İran azərbaycanlılarında ailədə islama qədər vərəsəlik
hüququna görə varidat bölüşdürüldükdə oğlanlar bərabər miqdarda
pay alırdılar, ərə getməmiş qızlar üçün yarım pay ayrılırdı. Əmlak
bölgüsü adət üzrə yerinə yetirilirdi.» (12, 8)
Kiçik ailə dedikdə, ata-ana və onların uşaqları ilə bərabər yaşa-
ması nəzərdə tutulur. Bəzi hallarda isə kişinin ata anası da onlarla
bərabər yaşaya bilərdi. Bu cəhət xüsusən kiçik oğulların ailələrinə
aid olurdu. Kiçik ailələrin də daşıdığı funksiyalar böyük ailələrdə
17
olduğu kimi eyni mahiyyət kəsb edirdi. Bir sıra ailə ənənələri
əvvəlki kimi qalırdı. Məsələn, kişi yenə ailə böyüyü sayılırdı. Qadın
əsasən ev, kişi isə çöl işlərilə məşğul olurdu. Lakin kiçik ailələrdə
müstəqillik özünü hər sahədə qabarıq şəkildə təzahür etdirirdi.
Qadının da, kişinin də öz fəaliyyətlərində tam sərbəstliyi təmin
edilirdi. Ailədə qadının əməyi çox idi. O, müxtəlif ev işlərilə bəra-
bər, həm də xalça toxuyur, tikmə sənəti ilə məşğul olur, qışa tədarük
görür, barama saxlayır və s. ev təsərrüfatında məhsuldarlığın
artması üçün fəal qüvvəyə çevrilirdi.
Orta əsr müəlliflərinin əsərlərinə əsasən belə fikir söyləmək olar
ki, tədqiq olunan dövrdə kiçik ailələr üstünlük təşkil edirdi. Bu da
bir sıra amillərdən asılı idi. Belə ki, artıq çoxdan bəri təsərrüfat hə-
yatında baş verən bir sıra dəyişikliklərin mövcudluğu, əmək alətlə-
rinin təkmilləşdirilməsi, əmək məhsuldarlığının artması, sənətkarlıq
sahəsində ixtisaslaşmanın getməsi, ticarətin durmadan genişlənməsi
və s. kimi amillərin təsiri olmuşdur. Bundan əlavə, maddi mədəniy-
yət nümunəsi kimi bir sıra ev tiplərinin adlarına mənbələrdə rast
gəlməyimiz onu deməyə əsas verir ki, belə evlər yalnız kiçik ailə-
lərə məxsus olmuşdur. Fikrimizə onu da əlavə edə bilərik ki, böyük
ailələrin dağılması prosesi kəndlərdə ləng getsə də, şəhərlərdə daha
intensiv surətdə gedirdi.
Q.Qeybullayev haqlı olaraq Azərbaycanda qədimdə əhalinin
böyük patriarxal ailələr şəklində yaşadığını qeyd edir. O, böyük
ailələrin parçalanaraq kiçik ailələrə çevrildiyi dövrü dəqiq müəyyən
etməyin qeyri-mümkünlüyünü göstərir. Müəllif bir sıra alimlərin
İran və Orta Asiyada V əsrdə patriarxal ailələrin dağıldığı barədə
mülahizələrini əsas götürərək Azərbaycanda da həmçinin bu prose-
sin həmin əsrə aid edilə biləcəyini güman edir. (10) Böyük ailələr-
dən kiçik ailələrin ayrıldığı vaxtı dəqiq müəyyən etmək mümkün
deyildir. S.Hacıyeva bu xüsusda qeyd edir ki, böyük ailələrin parça-
lanmasının daha intensiv prosesi IX–XIV əsrlərdə başlamış və qo-
humluğun (toxumun) zəifləməsi və iri məskənlərin yaranması ilə sıx
bağlı olmuşdur. (3, 26) Müəllif bunu bir zamanlar Azərbaycanın
ərazilərinə daxil olan Şirvanşahlar dövlətinin tərkib hissəsi olan
18
indiki Dağıstana şamil edərək qeyd etmişdir. Məlumatçılara əsasla-
naraq XIX əsrdə də böyük ailələrin olduğunu söyləyən müəllif gös-
tərir ki, «nəvələrin nəvələri olunca böyük atalar birgə yaşayırdı.» (3,
31)
Orta əsr müəllifi F.Rəşidəddin yazır ki, qədimlərdən türklərdə
və monqollarda belə bir adət vardı ki, hələ sağlığında öz böyük
oğlanlarını ayırırdılar, ona mal-qara, qoyun sürüsü və s. verilirdi,
yerdə qalan isə kiçik oğula məxsus olurdu. Kiçik oğul «odçigin»
(yəni oda və ailə ocağına aiddiyyatı olan mənasında – Ş.B.) adlanır-
dı, bununla da onun evin dayağı, odun əmiri, sahibi və ailənin əsası
olduğunu vurğulayırdılar. Bəzən onlara odçi də deyirdilər. (9, 107)
Toydan sonra qurulmuş yeni ailənin qarşılıqlı münasibətləri, ev-
lənənlərin üzərinə düşən vəzifələr və böyük məsuliyyət mühüm mə-
sələlər kimi ön plana çıxır. Evlənmə yalnız iki gəncin cütləşməsi de-
mək deyildir. Burada ailənin həyata keçirdiyi funksiyalar özünü
göstərir. Ailənin funksiyalarına nəslin davam etdirilməsi, təsərrüfa-
tın idarə olunmasında iştirak, ailə daxili münasibət və övlad tərbi-
yəsi daxildir.
İlk növbədə orta əsrlərdə ailənin daxilində bütün məsələlərdə
əsas söz sahibinin kişi olduğunu qeyd etmək lazımdır. Ailənin baş-
çısı olan kişi bütün məsələlərin tənzimləyicisi idi. Hər şey evin ağ-
saqqalından asılı idi. Çünki ailə qurularkən onun məsləhəti nəzərə
alınırdı.
Ailənin funksiyası kimi nəsilartırma evlənən tərəflər üçün mü-
hüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi ailədə əsas mə-
sələ hesab olunurdu. Xüsusən ərə gələn qız üçün bu özünü yeni ailə-
də müəyyən qədər təsdiq xarakteri daşıyırdı. Belə ki, övladı olma-
yan qadının həmin evin tamhüquqlu bir üzvü kimi gələcəkdə yaşaya
bilməsi sual altında qalırdı. Cəmiyyət tərəfindən də uşağı olmayan-
lara qarşı bəzi məsələlərlə bağlı mənfi münasibət hər addımbaşı
nəzərə çarpırdı. Məsələn, təzə gəlin üstünə, doğulmuş uşaq və zahı
yanına getməmək kimi maneələr ortaya çıxırdı. Çox təəssüf ki, bu
cür geridəqalmış düşüncə tərzinin kənd yerlərində indi də qalması
müşahidə olunur.
19
Övladı olmaq hər bir ailə üçün böyük sevinc və fərəh gətirən
hadisədir. Varislikdə və təsərrüfatın gələcəkdə idarə olunmasında
övlad mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, o təsərrüfatın idarə
olunması məqsədilə torpaq payçısı sayılırdı. Ata evindən ona da
müəyyən torpaq payı çatırdı. Bildiyimiz kimi, hər bir dövrdə təsər-
rüfatın davam etdirilməsi, ailənin dolandırılması və məişətin inkişaf
etdirilməsi zəruri həyat məsələləri sayılmışdır. Xalqımızın özünə-
məxsus mənəvi sərvətləri və əsrlərin sərhəddini aşaraq bu günümü-
zə qədər gəlib çatan müəyyən əxlaqi dəyərləri, mənəvi keyfiyyətləri
və bunları özündə ehtiva edən adət və ənənələri vardır.
Ailə insan həyatında elə təzahürdür ki, onun həyatının bütün tə-
rəflərini özündə ehtiva edir. İnsanın maddi və mənəvi aləminin tər-
kib hissəsi olmaqla ailə həm də bütün cəmiyyətin qəbul etdiyi bir
özəkdir. O eyni zamanda hüquqi baxımdan da təsdiq olunan və cə-
miyyət tərəfindən qəbul olunan bir institutdur. Uşaqların tərbiyə
olunmasında ailə əvəzsiz bir vasitədir. O bütün bu sadalanan xüsu-
siyyətlərin cəm şəkildə birləşdiyi, vəhdət təşkil etdiyi münasibət
formasıdır. Onu fərqli edən cəhət də məhz budur. Ailə təməlini
möhkəm tutan onun müxtəlif məsələlərdəki qarşılıqlı münasibətlə-
rindəki bütünlüyü və birliyidir. Əks təqdirdə ailə təməli büdrəyər və
müəyyən çatlar verə bilər. İbtidai cəmiyyətdən bu günə qədərki
inkişafda insanların müəyyən əsas qayğıları özünü ailə daxilində
yaşama mücadiləsində, patriarxal münasibətlərin qorunmasında, tə-
sərrüfat əlaqələrinin saxlanılmasında, mənəvi psixoloji amillərin ro-
lunun möhkəmləndirilməsində göstərmişdir. Burada əsrlərdən gələn
ənənələr də öz sözünü demişdir. Xüsusən ailənin müqəddəsliyi və
qorunması ilə bağlı xalqın psixologiyasında yer tutan məqamlar bə-
rabərində qarşılıqlı güzəştlərin olmasını zəruri etmişdir. Bu keyfiy-
yət ailənin qorunmasının təminatçısı olmuşdur.
Bəşər cəmiyyətinin inkişafında əhəmiyyət kəsb edən ailə onun
mədəni səviyyəsinin göstəricisidir. İnsanların davranışı cəmiyyətin
inkişaf səviyyəsindən asılıdır. Fəaliyyət və davranış tərzində təzahür
olunan xalqa məxsus xüsusiyyətlərin, yəni elimizin-obamızın həmi-
şəyaşar adət və ənənələrinin hərtərəfli öyrənilməsi, onların dərin
20
köklərə malik olduğunu sübuta yetirmək üçün mühüm əhəmiyyət
kəsb edir. Bir sıra ənənələri özündə ehtiva edən mərasimlərdə və ta-
rixən formalaşan adətlərdə xalqa xas olan keyfiyyətlər özünü bütün
çalarları ilə birlikdə qabarıq şəkildə təcəssüm etdirir. Xalqın psixo-
logiyasını, dünyagörüşünü, bu və ya digər məsələyə bəslədiyi mü-
nasibətini, eyni zamanda dini təsəvvürlərini üzə çıxarmağa imkan
yaradan adət və ənənələr öyrənilməyə dəyər. Göründüyü kimi, ailə
məişəti özünəməxsus çalarlara malik olmuşdur. Azərbaycanın ailə
məişətinin etnoqrafik cəhətdən öyrənilməsində əhəmiyyət kəsb edən
adətlərdən biri də qızbəyənmə, elçilik və nişanlanmadır.
Dostları ilə paylaş: |