21
QIZBƏYƏNMƏ VƏ ELÇİLİK
Qızbəyənmə, elçilik və nişanlanma adətləri toy mərasiminə
qədər icra olunan ilkin mərhələni təşkil edir. Orta əsrlərdə bu adətin
icra olunması barədə məlumatlarımızın mənbəyini xalq yaradıcılığı
nümunələri və orta əsr müəlliflərinin əsərləri təşkil edir.
Gələcək ailə həyatının qurulmasında əsas məsələlərdən biri
məhz gəlinliyə namizədin seçilməsidir. Bu vacib məsələ kimi ailə-
nin evlilik planlarında hər bir dövr üçün əhəmiyyətli yer tutmuşdur.
Belə ki, hər bir ailə öz daxili qaydalarına uyğunlaşa biləcək, evin tə-
ləblərinə uyğun şəkildə davranacaq və əsli, nəsli öz səviyyələrinə
müvafiq olan bir qızı özlərinə gəlin seçməyi əsas şərt hesab et-
mişdir. Eyni zamanda gəlin seçilən qızın sağlamlığı, təsərrüfatda
yaxşı işləyə bilməsi, zirək olması, əməksevərliyi də əksər ailələr
üçün vacib şərt sayılmışdır. Bütün bu deyilənlər orta əsrlər döv-
ründə də əhəmiyyətli məsələlərdən idi.
Orta əsrlərdə evlilik məsələlərində qızların özlərinin bilavasitə
gələcək həyat yoldaşını seçmə hüququ yox idi. Bu məsələ böyüklə-
rin məsləhəti və yaxın adamların tövsiyələri ilə həll edilirdi. Qıza
söz haqqı düşmürdü. Bu isə bir ürək yanğısına çevrilərək aşağıdakı
bayatıların yaranmasına səbəb olmuşdur. Bayatılardan birində belə
deyilir ki,
Kisə tikdim olmadı,
Suya saldım, solmadı,
Elçi dilin qurusun
Özüm sevən olmadı (32, 16).
Əslində burada ümumiyyətlə qadına münasibət məsələsi bilava-
sitə özünü göstərir. Görkəmli tədqiqatçı S.A.Tokarev qeyd edir ki,
ailə mənəviyyatına və cinslər arasındakı münasibətlərə islami baxış-
larda patriarxal nəsli quruluşun təsiri özünü əks etdirirdi. Qadın tabe
olan varlıqdır. Bununla yanaşı, Quranda qadının insani və vətən-
daşlıq hüquqları da tanınır. Kişinin qadına hədsiz zülmkarlığı qı-
nanır, mülki və irsi hüququnun olduğuna işarə edilir. (25, 527)
22
Ailədə atanın sözü əsas olsa da, lakin bu bütünlüklə orta əsr-
lərdə qadınların sosial statusunun yoxluğu demək deyildir. Sadəcə
qızlar erkən yaşlarından ərə verilirdi və burada əsas qayğı anaya
məxsus olurdu. Qızı razılığa gətirmək, təbliğat aparmaq və məsləhət
vermək ananın öhdəsinə düşürdü.
Ailədə bütün problemləri təkcə onun başçısı sayılan kişidən
asılı deyildi. Burada eyni zamanda evin xanımından da tələb olunan
işlər vardı. Bu məsələ özünü xüsusən qızbəyənmə və elçilikdə daha
qabarıq göstərirdi. Oğlan evində qızın seçilib bəyənilməsində əsas
rol anaya məxsus idi.
Elçilik adəti ailə qurulmasında əhəmiyyətli mərhələdir. Qeyd
etməliyik ki, etnoqraf alim Hacı Qadir Qədirzadə də ailə məişəti ilə
bağlı adətləri və etnogenetik əlaqələri tədqiq edərkən qızbəyənmə
adətinin türkdilli xalqlarda mövcudluğu məsələsinə toxunmuşdur.
Bir adət kimi elçilik nəinki bütün türkdilli xalqlarda icra olunur,
eləcə də digər xalqlar üçün də xarakterikdir.
Qızbəyənmə adəti orta əsrlərdə müxtəlif şəkildə icra olunurdu.
Birincisi odur ki, analar öz evlilik çağına çatmış oğullarını evlən-
dirmək üçün xeyir mərasimlərində və xüsusən də hamamda qızlara
göz qoyurdular. Bu işdə əsas rol anaya və bacıya (bəzi hallarda isə
yaxın qohumlara) məxsus idi. İkincisi isə, oğlanlar özləri görüb bə-
yəndikləri qızlara elçi göndərilməsini arzu edirdilər. Nəhayət, yaxın
dostlar və ya qohum ailələr xalq arasında mövcud olan göbəkkəsmə
(beşikkərtmə) adəti ilə körpə yaşlı uşaqlarını erkən vaxtlardan etiba-
rən deyikli elan edirdilər və məlum olduğu kimi, burada əsas seçim
valideynlərdən asılı olurdu. Bu adət təkcə Azərbaycanda deyil, eyni
zamanda başqa türk mənşəli xalqlarda da indiyədək mövcuddur.
Eyni vaxtda yaxın dostların birinin qızı, o birinin oğlu olardısa və
ya birinin oğluna müvafiq digərinin qızı müəyyən yaş fərqilə uyğun
gələrdisə, valideynlər arasındakı sözləşmə ilə onlar deyikli sayılır-
dılar. Bu hal «Kitabi–Dədə Qorqud» dastanında da belə əks olun-
muşdur: «Baybican bəy dedi: «Bəylər, siz şahid olun, Allah-taala
mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı
olsun!» (31, 150) Etnoqrafik məlumatlar təsdiq edir ki, bu zaman
23
qızın beşiyini bir balaca kərtirdilər. Bəzən isə əmi uşaqlarının da
beşikkəsməsi olduğu bir sıra mənbələrdən aydın olur.
Qızbəyənmə və elçiliyin orta əsrlərdə nə cür icra olunduğunu
hərtərəfli öyrənmək üçün həmin dövrlərdə yaşayıb-yaradan müxtəlif
müəlliflərin (şair və mütəfəkkirlərin, müxtəlif mənbə müəlliflərinin)
əsərlərinə müraciət etmək zəruridir. Belə ki, hər bir müəllifin özünə-
məxsus şəkildə təsvir etdiyi ailə ilə bağlı məsələlər onların əsərləri
boyunca səpələnmişdir. Buna görə də onların hamısını seçib təqdim
etmək vacibdir.
Orta əsrlərdə qızbəyənmə və elçilik məsələləri ilə bağlı onu da
qeyd etməliyik ki, nikah əlaqələri əksər vaxt sosial bərabərlik əsa-
sında qurulurdu. Bərabər zümrələr arasında nikahın rəsmiləşdirilmə-
si məsələsi qız bəyənilərkən də əsas şərt hesab olunurdu. Lakin ən
əsas qız anasının öz şəxsi hörməti sayılırdı. Atalar məsəllərində də
deyildiyi kimi, «Qırağına bax, bezini al, anasına bax, qızını al»,
«Anası çıxan ağacı balası budaq-budaq gəzər».
Orta əsrlərdə seçiləcək gəlinin hansı cəhətlərinə diqqət yetirildi-
yi maraq doğurur. Bu barədə orta əsr müəlliflərinin əsərlərində mü-
hüm məlumatlar mövcuddur. Məsələn, orta əsrin böyük mütəfəkkiri
Qəzali qadında göstərilən xüsusiyyətlərin olmasını mühüm sayırdı
ki, bu da aşağıdakılardan ibarətdir: din, xoşxasiyyətlilik, gözəllik,
mehr yüngüllüyü, doğmaq qabiliyyəti, bakirəlik, əsil-nəsəb (30, 73).
Fars nəsrinin görkəmli əsəri «Qabusnamə»də də qızbəyənmə ilə
bağlı məqamlar vardır. Burada deyilir ki, həyat yoldaşı seçilərkən
onda əsas xüsusiyyətlər ismət, namus, dindar, evdar, təmizkar, başı-
aşağı, üzüyola, əlidüz və malyığan olmasıdır. (33, 113) Bu Azər-
baycan xalqı ilə minilliklər boyu yanaşı, yaşayan farsların vahid bir
təfəkkür tərzinə malik olmaları barədə fikir söyləməyə imkan verir.
Eyni mahiyyət daşıyan fikirləri N.Tusi yaradıcılığında da izləmək
mümkündür.
XIII əsrin tanınmış mütəfəkkir alimi, görkəmli şəxsiyyəti və
dövlət xadimi olan Nəsirəddin Tusi özünün məşhur «Əxlaqi–Na-
siri» əsərində deyilən məsələ ilə əlaqədar yazır ki, «bakirə bakirə ol-
mayandan daha yaxşıdır: ərin tərbiyəsini qəbul etməyə, onun xa-
24
siyyətinə uyğunlaşmağa, qayda–qanuna tabe olmağa daha çox
təmayül edər, bunlarla yanaşı, özü gözəl, əsli nəcib, ailəsi dövlətli
isə, butun məziyyətlər bir yerə toplanmış olar, üstünə əlavəyə heç
bir ehtiyac qalmaz. Bü xüsusiyyətlərin bəzisi olmasa da, ağıl, iffət
(ismət) və həya mütləq vacibdir. Yerdə qalan üç xüsusiyyəti: gö-
zəllik, sərvət, əsil-nəsəbi o birilərindən üstun tutmaq, din və dünya
işlərinə xələl gətirib fəlakət və həlakətə səbəb ola bilər»
(1, 152).
Göründüyü kimi, N.Tusi burada gözəlliyi, sərvəti və əsil-nəsəbliliyi
başqa keyfiyyətlərdən üstün tutmağı vacib saymır. Çünki bunlar
doğrudan da qalıcı şeylər deyildir. Ailəyə daxil olunacaq qızın
seçilib bəyənilməsi məsələsində N.Tusinin verdiyi bu məsləhətləri
təqdirəlayiqdir. Göründüyü kimi, müəllif burada toy mərasimindən
əvvəl icra olunan qızın bəyənilməsi kimi el adətinə işarə etmişdir.
Maraqlı cəhət budur ki, «Əxlaqi-Nasiri» əsərində bu göstərilən-
lər orta əsrlərdə qızın seçilməsi məsələsinə xüsusi əhəmiyyət veril-
diyinə müəllif tərəfindən diqqətin ayrılmasıdır. N.Tusinin bu əsərin-
də belə bir fikir də vardır ki, o qızlardan söhbət açarkən deyir ki,
həddi-büluğa çatmışları babına ərə vermək lazımdır (1, 162). Bu
çox dəyərli fikirdir. Belə ki, xalq arasında da yayılmış məsəl vardır
ki, tay tayını tapmasa, günü ah-vayla keçər. Babı dedikdə, görünür
ki, müəllif ilk növbədə ailə səviyyəsi və sosial durumu uyğun gələn,
el arasında müəyyən hörmət sahibi olan, əsilli-nəsilli ailə üzvünü
nəzərdə tutmuşdur. Ona görə də hərə öz babını tapmağa üstünlük
verib. Güman edə bilərik ki, N.Tusi bab dedikdə, həm də yaş məsə-
ləsindəki uyğunluğa da toxunmaq istəmişdir. Həddi-büluğa çatmış
qızlar haqqında el arasında deyirlər ki, «qızlar bulağından su içib».
Bu o deməkdir ki, artıq qızlar ərgənlik yaşına çatmışlar. Bu xüsusda
da məhz belə atalar sözləri yaranmışdır: Ailənin səadəti yüz ölçüb
bir biçməkdədir. Ailədə yanılmaq yamanlıq gətirər. Ailənin üzüağlı-
ğı namusdur. Anası halal olanın balası da qanan olar. (1, 120) Qızın
isməti - atanın dövləti! (38, 73) El-obada gözəlliyi dillərə düşən
qızlar haqqında deyirlər ki, «qızılquş əldə gəzər, gözəl qız dildə».
(39, 317) Bundan əlavə, «anasına bax qızını al, qırağına bax bezini
al» el sözü dillər əzbəri olmuşdur. Suli Fəqih yazır:
25
Gözəl oldur ki, məlahətli ola,
Həm sözi dəxi həlavətli ola (34, 73).
El arasında belə deyirlər ki, «elini ürküt, ağsağından yapış». Bu
bilavasitə öz elindən kənar düşmə, obandan olan qız al anlamına
gəlir. Yəni, öz axsağın başqasının iti gəzənindən daha yaxşıdır və
həm də yaxındır. Odur ki, uzun əsrlər boyu adətən hər bir kənd
sakini öz tayfası içindən evlənməyə üstünlük verirdi.
Orta əsr müəlliflərinin yaradıcılığında nəzəri cəlb edən bir mə-
sələ vardır ki, bu da onların ailə həyatının qurulmasında mühüm şərt
saydıqları qarşılıqlı məhəbbət kimi müqəddəs hissi tərənnüm etmə-
ləridir. Səmimi eşq duyğusu və gözələ bəslənilən ülvi hisslər onların
əsərləri boyunca vəsf olunan əsas xüsusiyyətlərdən biridir. Fikrimizi
təsdiq etmək üçün orta əsrin görkəmli şairlərinin bəzilərinin yara-
dıcılığında yer alan bir neçə fakta müraciət edək. Məsələn, XII əsrin
görkəmli şairəsi Məhsəti Gəncəvinin eşq haqqında dediklərindən:
Eşqin minbərinə cıxandan ki, biz
Eşqdən başqa söz bilmədik hərgiz.
Bizim bu mənzilə ayaq qoymasın
Eşq ilə yanmayan, buz kimi hissiz (12, 6).
Məhsəti Gəncəvi kimi həmin dövrün tanınmış söz ustası Əfzə-
ləddin Xaqani yaradıcılığında da eyni duyğular tərənnüm olunur. İn-
sanın daxili emosional vəziyyətini dolğunluqla əks etdirməyə çalı-
şan Xaqani isə eşqi belə vəsf edir:
Aşiqlik dünyasına qədəm qoymayan insan
Ürəyinə gözündən axıtmamışdır al qan.
Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət,
O, eşqin əhvalını biləcəkdir haradan?
Sevginin mənasını duya bilməz o kəs ki,
Həmnəfəsi olmayıb bir nazəndə mehriban (13, 308).
26
Məsələn, XIII əsr Azərbaycan ədəbiyyatının nümayəndələrin-
dən biri İzzəddin Həsənoğlunun zəmanəmizə gəlib çatmış qəzəllə-
rində gözəllərin vəsfi, ona bəslənilən səmimi eşq duyğuları belə əks
olunmuşdur:
And içərəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər canım bənim.
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim (2 , 25).
Burada müəllifin qeyd etdiyi «əsli yuca» – yəni, uca, yüksək
əsilə, nəsilə malik olan» deməkdir, «könlü alçağım» isə «təvazökar»
mənasında işlənmişdir. Şair göründüyü kimi, burada üstüörtülü də
olsa, ailədə əsasən əsilli-köklü, nəcabətli və daxilən, mənəvi cəhət-
dən zənginliyi ilə seçilərək daim təvazökarlıq nümayiş etdirən xa-
nımlara üstünlük verildiyini göstərmək istəmişdir. Belə misalları
çox çəkmək olar. Çünki ülvi hisslər orta əsr müəlliflərinin hamısının
əsərlərində tərənnüm olunmuşdur. Belə ki, «əsl məhəbbət şəxsiyyəti
fəallaşdırır. İnsan sevərkən, cavab sevgisinə nail olmaq istəyir; bu
onda yaradıcı enerjini, ən yaxşı insani keyfiyyətləri oyadır, onu fasi-
ləsiz inkişafa, təkmilləşdirməyə, mənəvi comərdliyin tamamilə
aşkara çıxmasına təhrik edir. İnsan özünə qarşı daha tələbkar olur,
onun xarakterində xeyirxah, yaxşı nə varsa, hamısını həyata keçirir.
Ona görə də məhəbbət ən yüksək dərəcədə əxlaqi hissdir, o, insanı
yeni əxlaqi yüksəkliyə qaldırır, onda öz hərəkətləri üçün məsuliyyət
hissini gücləndirir, kəskinləşdirir» (29, 262). Məhəbbət həyatı bir-
birinə həsr etmək duyğusudur.
Başqa orta əsr müəllifləri kimi, İmadəddin Nəsimi də eynilə ailə
münasibətlərinin əsasında eşq və məhəbbəti görür. O, hətta eşqə gü-
nah kimi baxan adamların özlərini günahkar adlandırır. Şair bütün
yaradıcılığı boyu ən ülvi duyğu hesab etdiyi məhəbbət hissini tə-
rənnüm edərək onu «möhkəm iş» adlandırır. (23, 253) Bu xüsusda
şair yazır:
27
Ey təbib – ami, əl çək çarə qılmaqdan mana,
Aşiqin canında daim dərdi – canan gizlidir (23, 279).
Nəsimi əsasən lirik mövzulara müraciət etdiyi üçün əsərlərində
gözəllərin vəsfi müəyyən yer tutur. Onu da qeyd etməliyik ki, «Nə-
simi lirikasında ən yüksək romantik məhəbbət tərənnüm olunur. Qa-
dın vəfalı, sədaqətli könül həmdəmi kimi təsəvvür edilir. Aşiqə isə
tövsiyə olunur ki, belə incə, zərif və vəfalı varlığın etibar və etiqa-
dını doğrultsun, onun yolunda hər cür fədakarlığa hazır olsun» (21,
167-168).
Nəsimi qadına ən gözəl, incə bir məxluq kimi baxır. Romantik
ruhlu Nəsimi qadına qəmər üzlü, gül yanaqlı, ənbər saçlı, həq sifətli
nigar, pəri, dildar, dilbər, huri və s. kimi xoş sözlərlə müraciət edir.
Hətta Nəsimiyə görə «Qadın ən gözəl və ən yüksək bir varlıqdır.
Onun cəmalı «ilahi hüsnün» təcəllisidir.» (22, 281) Şair ona o qədər
incə münasibət bəsləyərək müraciət edir ki, Nəsimi şeriyyəti baş-
dan-başa qadına hörmət, məhəbbət və ehtiramla doludur - desək, ya-
nılmarıq. Onu da əlavə etmək lazımdır ki, «Nəsimi qadın ləyaqətini,
gözəlliyini qiymətləndirirkən, ümumiyyətlə nifrət etdiyi din xadim-
lərinə bu cəbhədən də hücum etməli olurdu.» (22, 25) Ümumiyyət-
lə, orta əsr müəllifləri məhz qarşılıqlı məhəbbət hisslərini əsas götü-
rürərək ailə xoşbəxtliyinin və səadətinin də əsasının məhz bunda
olduğunu dönə–dönə qeyd edirlər. Aydındır ki, gələcək ailə həyatını
qurmaq istəyən insanlar arasında qarşılıqlı istək olarsa, o da öz bə-
rabərində qarşılıqlı hörməti, ehtiramı və həmçinin güzəşti də gətirər.
Orta əsr müəlliflərinin əsərlərində diqqəti cəlb edən mühüm
cəhət bir də budur ki, onların yaradıcılığında qızbəyənmə adəti oğ-
lanla qızın məhz bir-birini görüb bəyənməsi kimi təqdim olunur.
Məsələn, XII əsrin görkəmli mütəfəkkir şairi, dünya şöhrətli Nizami
Gəncəvinin bütün əsərlərində təsvir olunan obrazların hamısı bir-
birini özləri görüb bəyəndikdən sonra sevirlər. Yəni, bu işdə kənar
adamların iştirakı yoxdur. Bu xüsusiyyət özünü hələ məşhur «Kitabi
Dədə-Qorqud» dastanında da göstərir. Belə ki, dastanda qarşılıqlı
bəyənilib xoşlanmaq məsələsi Beyrəklə Banıçiçək arasındakı müna-
28
sibətdə öz əksini tapmışdır. Ümumiyyətlə, qızbəyənmə və elçilik
adəti ilə bağlı motivlər digər dastanlarda da mövcuddur. Bu xüsusda
Azərbaycanın məhəbbət dastanlarını etnoqrafik mənbə kimi tədqiq
edən Vüsalə Veysəlovanın kitabında öz əksini tapan məlumatlar da
maraq doğurur (18, 93-101). Xüsusən də nağıllarımızda və dastanla-
rımızda qızla oğlanın bir-birini görüb «bir könüldən min könülə
aşiq olması», yuxuda qızla oğlanın butasının verilməsi halları əks
edilir. Bu da onu deməyə əsas verir ki, görüb qarşılıqlı bəyənilmə
halları orta əsrlərdə də mövcud idi. Bundan əlavə keçmişdə belə bir
adət olub ki, qız bəyəndiyi oğlana öz qırmızı rəngli baş örtüyünü
verirdisə, bu birbaşa razılıq əlaməti kimi qəbul olunurdu. Elçilər bu
yaylığı elçilik zamanı qız evinə göstərməklə onun əvvəlcədən razı
olduğunu valideynlərinə eyham edirdilər. (20, 355) Yaylığın bəyə-
nilən oğlana qız tərəfindən verilməsi başının ona bağlanmasına, el
içində adının onunla bərabər çəkilməsinə, ona mənsub olub nikahını
qəbul etməsinə razılıq əlamətidir.
Azərbaycan xalq dastanlarında yuxuda buta verilməsi geniş əks
olunmuş bir məsələdir. Suli Fəqih «düş içində əhdlərin bərgitdilər»
deməklə, yuxuda buta verilərək əhd olunduğunu söyləyir. (34, 59)
Ümumən buta bir naxış növü kimi də müxtəlif məna çalarlarına
(sevgili buta, küsülü buta, qoşa buta və s.) malik olmaqla Azərbay-
can tətbiqi sənət nümunələrində görünməkdədir. Bu butanın nəinki
yuxularda, eyni zamanda təfəkkürün məhsulu kimi, məişətdə müəy-
yən yer almasında da özünü göstərir. Türk dillərində but sevgili an-
lamı verir. «Avesta»da sevgili sözü «butay» kəlməsi ilə əlaqədardır.
Q.Qeybullayev IV əsr müəllifi Tanaisə əsaslanaraq göstərir ki,
yuxuda buta verilməsi əqidəsi qədim türk tayfaları olan saklarda da
vardı. (20, 350) Yuxu insanların tam aydınlaşdıra bilmədiyi qeyri-
adi görünən bir təzahürdür. Ona görə də burada insana verilən buta
ilahi qüvvə tərəfindən təqdim olunan bir ömürlük bağlılıq rəmzi ki-
mi qiymətləndirilə bilər. Təsadüfi deyildir ki, Azərbaycan dastanla-
rında butasının ardınca uzun yol qət edərək uzaq məsafədə yaşayan
sevgilisini axtarmağa gedən qəhrəmanlar təsvir olunur. Belə qəhrə-
manlar min bir əzaba qatlaşaraq butasına qovuşur. Bəzən buta kəl-
29
məsini Budda ilə əlaqələndirənlər də olur. (35, 77-78) Butanı Budda
ilə əlaqələndirmək elmi və dini nöqteyi-nəzərdən yanlış fərziyədir
və heç bir məntiqi əsasa söykənmir. Çünki Budda ilahi sayılan qüv-
vədir, o özü nələrisə etməyə qadir müqəddəs varlıq sayılır, onu gö-
türüb kimə isə yuxuda vermək dini baxımdan da qəbul edilə bilməz.
XIII əsrin müəllifi bəlli olmayan «Dastani-Əhməd Hərami»
poemasında toya qədərki müxtəlif adət və ənənələr öz geniş əksini
tapmışdır. Bunlardan biri də elçilikdən əvvəl qızbəyənmə adətidir.
Bu işdə ən çox məsuliyyətin yenə də ananın üzərinə düşdüyü işıq-
landırılır. Belə ki, əsərdə ananın bəyəndiyi qızı öz oğluna kəbin et-
mək istəyi təsvir edilir. Yəni əvvəlcə ana qızı «gözaltı» edir. Burada
deyilir:
Der idi kim gecə – gündüz arasam,
Sərasər dünyayı bir – bir darasam.
Bunun kimi lətif qanda bulaydım,
Ki, oğluma anı kəbin qılaydım (2, 133).
Güləndam ilə ünsiyyətdə olduqdan sonra qızı bəyənib onu öz
oğluna almaq istəyən ana oğlunun yanına gedir. O məsləhət görür
ki, oğlu da eyni zamanda özü qızı görüb bəyənsin. Bu minvalla da
oğlu ilə söhbətində ana qızın gözəlliyini vəsf etməklə yanaşı, eyni
zamanda onun hansı ailəyə mənsub olduğunu, ailənin yeganə övladı
olduğunu da vurğulamağı unutmur. Oğlanın anasına bu xüsusda
cavabı isə belə olur ki, əgər onun da canı sevsə və qıza könül versə,
bu işdə razılıq hasil oluna bilər. Anası da əvvəlcədən oğlu ilə
şərtləndirdiyi kimi, aynabəndin önündən qızı gətirərkən onu gör-
məsi üçün oğlunun köşkün pəncərəsindən boylanmasını məsləhət
görür (2, 133-134). Beləliklə də, qızın bəyənilməsində ilk olaraq
əsasən ananın rəyinə üstünlük verildiyi əsərdən aydın görünür.
Qız bəyənildikdən sonra atılan addım oğlan tərəfinin qız evinə
elçi göndərməsidir. Azərbaycanın qədim adətlərindən biri olan
«elçilik ailənin qurulmasında ilk addımdır, evlənmək məqsədilə
oğlan evinin yaxın qohumlarından ibarət numayəndələrin qız evinə
30
elçiliyə getməsidir. Lakin hər bir ailədə elçiliyə getməzdən əvvəl
oğlan evində ağsaqqallar məsləhətləşir və razılıq əldə olunur. Bu
məsələyə geniş yer verən Nizami elçiliklə bağlı şərtlərdən ətraflı
bəhs etmişdir (3, 72–73). Məsələn o, el arasında «ağız aramaq»
adlanan adətə toxunaraq yazır:
O xəzinədən inci istəyənlər tərəfindən
Min elçi qadın gedib gəlirdi» (7, 131).
Burada şairin demək istədiyi odur ki, qız başqası ilə sözlü olma-
dığına görə, onda müxtəlif ailələrin istəyi əsasında qız evinə ağız
aramaq bəhanəsilə qadınlar göndərilirdi. Çünki adətdir ki, başqasına
verilmiş qızı istəməzlər.
Kişilər elçiliyə getməzdən əvvəl qız ailəsinin münasibətini öy-
rənmək məqsədi ilə ilk növbədə onun evinə oğlan evi tərəfindən
yalnız qadınlar gedir. Bu xüsusiyyət həm orta əsrlərdə, həm də
müasir dövrümüzdə icra olunan dəyişməz adət olaraq qalır. Müasir
dövrdə də məhz yaşlı qadınlar elçi gedirlər. Elçiliyin nəticəsi isə
müxtəlif ola bilər. Bu baxımdan da ilk olaraq qadınların getməsi qız
evinin razı olub-olmayacağını öyrənmək məqsədi daşıyır. Qəti ola-
raq «yox» cavabı alınarsa, kişilər elçi sifətilə o evə gedə bilməzlər.
Elçi getməzdən əvvəl kişilərin məsləhətləşməsi haqqında «Kitabi-
Dədə Qorqud»da belə deyilir: «Baybörə bəy dedi: «Oğul, Qalın
Oğuz bəylərini evimizə dəvət edək, necə məsləhət görərlərsə, ona
uyğun da iş görək.» Bütün Qalın Oğuz bəylərini çağırıb evlərinə
yığdılar. Zəngin qonaqlıq verdilər. Qalın Oğuz bəyləri dedilər: «Bu
qızı istəməyə kim gedə bilər?» Məsləhət gördülər ki, Dədə Qorqud
getsin.» (31, 153)
Elçilik zamanı kişilər gedirsə, qız yiyəsinə əsasən hansı sözlərlə
müraciət edildiyi «Kitabi-Dədə Qorqud»da şərh olunmuşdur:
Qarşı yatan uca dağını aşmağa gəlmişəm.
Coşub daşan təmiz suyunu keçməyə gəlmişəm.
Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm.
31
Tanrının əmriylə, peyğəmbərin rəyi ilə
Aydan arı, gündən duru bacın Banıçiçəyi
Bamsı Beyrəyə diləməyə gəlmişəm! (31, 154)
Nizami yaradıcılığında baş tutan və baş tutmayan elçilik haq-
qında ətraflı məlumat vardır. Şair «Leyli və Məcnun» əsərində bu-
nun hər ikisini incəliklərinə qədər təsvir etmişdir. Məsələn, oğlan
evinin ağsaqqallarla məsləhətləşməsi, elçi gedərkən qız evinə müəy-
yən hədiyyələr təqdim etməsi və qız evinin də yox cavabı verməsinə
baxmayaraq, gələn elçiləri bir qonaq kimi ləyaqətlə qarşılaması
kimi məsələlər öz əksini tapmışdır.
El adətinə görə elçi də bir qonaq hesab olunduğundan onu təh-
qir etmək, qovmaq ədəbsizlik sayılır. Çünki «hələ qədim dövrlərdən
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir.
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur. Qız
evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır»
(17, 94). Qeyd etməliyik ki, elçilikdə mahiyyət etibarilə qonaqpər-
vərliyə xas olan əlamətlər özünü büruzə verir. Əsərdən aydın olur
ki, «elçilik zamanı valideynlər arasında aparılan danışıqlar da söv-
dələşməyə bənzəyir» (10, 45).
Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərində toya qədərki
el adətlərindən biri olan elçilik haqqında bəhs edilir. Füzuli Məcnu-
nun atasının öz yaxın adamlarını cəm edib Leylini atasından istəmə-
yə getdiyini qeyd etmişdir. Danışıq əsnasında Məcnunun atası əsli-
nəsəbi barədə qız evinin məlumatı olduğunu söyləyir. Sonra belə
deyir:
Bir ləlin eşitmişəm sənin var
Kim, lölöümə odur səzavar.
Lütf eylə, inayətü kərəm qıl!
Ol ləl ilə dürrü möhtərəm qıl!
Qılsın gülü sərv sayəpərvər,
32
Olsun gülə sərv sayəgüstər.
Fəhm et sözümü, təğafül etmə,
Bir xeyr işidir, təəllul etmə!
Gər hasil olur bu kam səndən,
Hər nə ki, dilərsən, istə məndən (26, 89–90).
Leylinin atası qızını o zaman Qeysə verə biləcəyini söyləyir ki,
atası oğlunun divanəliyinə əlac qılsın, çarə etsin. Məcnunun atası
eşitdiklərindən məyus şəkildə evinə qayıdır. Bu xüsusda M.O.Kos-
ven yazır ki, elçi tacirə, gəlin isə mala çevrilir. (10, 214) Nizami
Gəncəvi «Leyli və Məcnun» əsərində atasının oğlu üçün elçiliyə
getməsi məqamını belə təsvir etmişdir:
Əhvalatı eşidib bu qərara gəldi ki,
Gülünün (oğlunun) üzündən o tozu silsin
Dünyanı işıqlandıran o incini
Öz murad tacına tiksin.
Qəbilənin o ziynətini yüz təmtəraqla
Öz gülünün işığına (oğluna) istəsin.
Qəbilə ağsaqqallarının hamısı da
Haman murad üçün razılıq verdilər ki,
O qəbilədəki bakirə incini (Leylini - Ş.B)
Öz tək gövhəri ilə (yeganə oğlu ilə) qoşalaşdırsın (7, 71–72).
Şair bu təsvirilə Azərbaycan xalqının elçilik adətində mövcud
olan ağsaqqallarla məsləhətləşməni misal göstərmişdir. O, eyni za-
manda razılıq hasil olduqdan sonra elçiliyə gedənlərin müəyyən tə-
darük gördüklərini də sözlərinə əlavə etmişdir:
O tayfanın fikri onunla nəticələndi ki,
Oradan səfərə hazırlaşsınlar.
Əgər bacarsalar, kəbin yolu ilə
O ağlını itirmişi aya çatdırsınlar.
Amirilər ağası (işi) belə gördükdə,
33
Ağlamağı buraxıb yenə gülməyə başladı.
Böyük bir dəstə ilə qalxaraq,
Hər cəhətdən yol tədarükünü gördü.
Elə bir dəstə ilə bəzənmiş halda,
Böyük cah-cəlalla yol gedirdi. (7, 72)
Əsərdən də göründüyü kimi, oğlan evi qız evinə əliboş getmir-
di. Əlbəttə, burada aparılan şeylərin mahiyyəti açıqlanmasa da, şai-
rin böyük cah-cəlalla yol getmələri – deməsi qız evinə müəyyən hə-
diyyələr təqdim edilməsinə bir işarədir. Nizami qarşı tərəfin də oğ-
lan evindən gələn elçilərə münasibətdə özünü nə cür aparmasını
təsvir etmişdir:
Xəbər tutduqda böyüklü-kiçikli
Vəfa və mehribanlıq yolu (niyyəti) ilə
Qonaqpərvərliklə pişvaza (qarşıya) çıxdılar.
Hörmət mənzilində möhkəm dayandılar.
Nə ki, varlarıydı, ortaya qoydular.
Sonra amirilər ağasına (başçısına) dedilər:
İstəyin nədir, aç, söylə?!
Məqsədini de! (dinləməyə) hazırıq,
Onu verməkdə (yerinə yetirməkdə) müzayiqə etmərik.
Dedi: muradım (məqsədim) dostluqdur,
O da iki işığın (övladın) xatirinədir.
Sonra gəlinin (qızın) atasına dedi:
(Qoy) tay tayı ilə zinətlənsin.
Mən məhəbbət və qohumluq qaydası ilə
Sənin qızını öz oğluma istəyirəm (7, 72).
Lakin qız evi tərəfindən rədd cavabı alan oğlan evinin adamları
pərt və naümid vəziyyətdə, incik halda geri qayıtmalı olurlar. Bir
sözlə, burada baş tutmayan elçilik haqqında söhbət gedir. Baş tut-
mayan elçiliklə yanaşı, elə həmin əsərdə Nizami baş tutan elçilikdən
xəbər verərək göstərir ki, «İbn Səlam Leylini görüb bəyəndikdən
34
sonra ona «dilli-dilavər» bir elçi göndərir, vasitəçi salır, çoxlu hə-
diyyələr təqdim edir. Burada onu da qeyd etmək lazımdır ki, elçilik-
də vasitəçi sifətilə təşrif buyuran adamın özünün danışıq qabiliyyəti
və ünsiyyətdə olarkən qız evinə təsiretmə bacarığından da çox şey
asılıdır. Leylinin valideynləri öz razılıqlarını bildirsələr də, hələ oğ-
lan evinin gözləməli olacaqlarını söyləyirlər. Çünki qədim el adəti-
nə görə elçi gələn oğlan evinə birinci dəfədən «hə» deyilməzdi. Qı-
zın valideynləri bu vaxt tam cavab verməyib bir daha məsləhətləş-
mək lazım olduğunu bildirərdilər. Bu qız evinin öz ləyaqətini saxla-
ması ilə əlaqədar idi» (3, 75 – 76).
Qızbəyənmə və elçilik kimi adətlərin icrasında valideynlərin
xüsusi rolunu qeyd etmək lazımdır. Belə ki, gənc ailənin yaranma-
sında maddi və mənəvi təminat məsələləri məhz onların üzərinə dü-
şən məsuliyyətli iş olaraq qalır. Qız evinə müxtəlif mərasimlərlə
əlaqədar təqdim olunacaq hədiyyələr və başlıq pulu şəxsən oğlanın
özünün deyil, məhz onun ata-anasının və qohum-əqrəbasının öhdə-
sinə düşür. Elçilik adəti ailənin bütün üzvlərini vahid bir məqsəd
yolunda səfərbər edir və birgə fəaliyyətə sövq edir. Ona görə də qız
bəyənilərkən də son söz yenə valideynlərə məxsusdur. Nikah olduq-
ca ciddi bir məsələ sayıldığından gəlinin seçilməsi məsələsində
ictimai fikirlə yanaşı, həmçinin uzun ömür yolu keçib böyük həyat
təcrübəsi qazanan valideynlərin rəyinə xüsusi qiymət verilirdi. El-
çiliyi valideynlərin arzularına çatması, övladlarının xoşbəxtliyə qo-
vuşmasını görmək yolunda atılan addım kimi dəyərləndirmək
lazımdır. Bu adət həm də əziyyətlə övlad böyütmüş ata və ananın
şəxsiyyətinə hörmətdir. Belə bir işdə valideynlərin də övladlarına və
onların duyğularına qarşı hörmətlə yanaşa bilməsi, onların seçimini
razılıqla qarşılaması daha yaxşı olar. Bu xüsusiyyət öz əksini
Nizaminin «Leyli və Məcnun» əsərində də göstərir.
Elçiliyi qurulacaq ailə həyatının açarı hesab etmək olar. O, mü-
tərəqqi xarakterə malik olmaqla toy mərasiminə gedən yolun müj-
dəçisidir, bir vəsilədir, ailə xoşbəxtliyinə gedən yolun zəruri olan
başlanğıc mərhələsidir. Elçilik oğlan evində öncədən düşünülmüş
xeyirli niyyətin qız evinə bəyan edilməsi şəklində təzahür edir. O,
35
həm qız, həm də oğlan evinin arasında yaranan xoş ünsiyyət və
əlaqənin təməl daşıdır, həmçinin gələcək qohumluq münasibətləri-
nin inkişafına əsaslı zəmin yaradır və bu işdə körpü rolunu oynayır.
Elçilik vasitəsilə gələcək ünsiyyətə yol açılır, əlaqələr zəruriləşir.
Əgər elçilikdə iştirak edən tərəflər eyni elin - obanın bir - birini
uzun müddət tanıyan ailələridirsə, buradakı ünsiyyətdə bir o qədər
də problem yaranmır. Ailələrin bir-birilərinə olan qarşılıqlı münasi-
bətlərini öncədən müəyyənləşdirmək də mümkündür. Lakin müxtə-
lif bölgələrin icmalarına malik olub bir-birilərinin adət və ənənəsinə
bələd olmayan ailələr arasında münasibətlər qurulursa, onda elçilik
zamanı ilk tanışlıq başlayır və bu gələcək qohumluq əlaqələrindəki
fəaliyyətin nizamlanmasında əhəmiyyətli rol oynayır. N.Gəncəvi
«Xosrov və Şirin» əsərində elçiliyin əhəmiyyətini vurğulayaraq
qeyd edir:
Səni vəfalı və namuslu görsə,
El qaydası ilə gəlib səni məndən istər. (11, 116)
XIV əsr Azərbaycan poeziyasının görkəmli şairi Yusif Məddah
«Vərqa və Gülşah» poemasında elçiliyə getməzdən əvvəl də ağsaq-
qalların bir yerə toplaşaraq məsləhətləşməsi məsələsinə ötəri toxu-
naraq elçilik mərasiminə hazırlıq haqqında belə yazır:
Ol xəlayiqlər cəm oldu bir yerə,
Qövmi ta Gülşahi Vərqayə verə.
Dedilər ki, ey rəislər biz qamu,
Cümləmiz ana razıyüz, ey əmu,
Məsləhətdir kim, baxasan halinə,
Verəsən Gülşahı Vərqa əlinə,
Ta muradına dəgələr bular,
Həm sizə rəhmət qıla pərvərdigar.
Məsləhətdür deyü qıldılar qəbul,
Ol rəislər evlərinə qıldı yol.
Gəldilər evlərinə, oturdular,
Ol mübarək iş üçün od urdular. (2, 151)
36
Göründüyü kimi, şair burada yığcam şəkildə elçilik adəti ilə
əlaqədar ağsaqqalların məsləhətləşməsi barədə söz açmışdır. Müasir
dövrümüzdə də xüsusən kənd ailələrində bu cür məsləhətləşmələr
qalmaqdadır. Məsələn, Qarabağ bölgəsində bu məsələ daha qabarıq
şəkildə özünü göstərir. Lahıcın ailə məişətindəki ənənələri tədqiq
edən A.Əlizadə də təsdiq edir ki, keçmişdə olduğu kimi, indi də oğ-
lunu evləndirməyə qərar verən ata (əksər hallarda) hörmətli ağsaq-
qalları yığıb öz məqsədini bildirir və onların da bu işə fikir bildir-
mələrini xahiş edir. Lakin qızın seçimində valideyn əsasən öz dü-
şündüklərini rəhbər tuturdu (19, 147–148).
M.Füzulinin ailə ilə bağlı fikirləri vardır. O, ehtiraslı və alovlu
məhəbbətlə sevməyi, Leyli ilə Məcnunun qarşısıalınmaz meylini
təsvir etmişdir. Bu xüsusda Ç.Qacar haqlı olaraq yazır: «Vergili eşq
şairi ilahi eşqi, yaradana - yaranana sevgini, poetik obrazlarla, zər-
gər incəliyi ilə işləyərək qeyri-adi sənət səviyyəsinə ucaltmışdır.»
(5, 211) Füzuli canfəda bir məhəbbəti tərənnüm edir. Onun aləmin-
də yüksək eşq duyğusunun əsasında qarşılıqlı bağlılıq, sədaqət,
fədakarlıq, əzabkeşlik və əzmkarlıq durur. Şair zəmanəsinin gerçək-
liklərini canlandırmağa çalışsa da, haradasa dövrün adət və ənənələ-
rini təsvir etsə də, əslində bütün yaradıcılığı boyu daha çox görmək
istədiyi dünyanı vəsf etməyə çalışmışdır. Onu da əlavə edək ki, bu
cəhətdən Füzulinin yaradıcılığı açıqdır, aydındır, səmimiyyətlə
yoğrulmuşdur. Belə ki, «Füzuli lirikasında məhəbbət fərdi, cinsi
duyğuların təsvirindən uzaq olub, dərin ictimai-fəlsəfi məzmun kəsb
etmişdir.» (6, 370)
İlk olaraq onu qeyd etməliyik ki, şair ailənin təməlində eşqi əsas
götürür və onu əbədiyaşar bir hiss kimi «Leyli və Məcnun» əsərində
ölümsüzləşdirir. Şair əsərin qəhrəmanı Məcnunu insanlar olmayan
səhraya aparıb çıxarır. Heyvanlarla ünsiyyət bağlayan Məcnun in-
sanlardan uzaqlaşaraq tənha həyat tərzi sürməyə çalışır. Onu yaşa-
dan isə yalnız Leyliyə olan sevgisidir. Leyli onu həyata bağlayan
qüvvə, ilham pərisi və sevinc mənbəyidir. Düzdür, bir canfəza Leyli
yolunda Qeys məcnun olur, əsər çoxlu ölüm hadisələrilə, bir sözlə,
faciə ilə nəticələnir. Lakin Füzulinin qayəsi bu deyildir. Çünki
37
məqsədi başqa olan şair demək istəyir ki, eşqə bu dünyada əngəl ol-
maq mümkün ola bilər, lakin o biri dünyada əsla. Çünki bu dünyada
birləşə bilməyən əsərin qəhrəmanları öz məhəbbətlərini cənnətdə
yaşadırlar. Belə ki, əsərin sonunda Leyli ilə Məcnun öldükdən sonra
dostlarının onları yuxuda cənnətdə görməsi dediklərimizi bir daha
təsdiqləyir. Bu onu göstərir ki, Füzuli «axirətə sığınmağı üstün
tutub» (8, 181). Əsər boyu saf və təmiz bir eşqin təntənəsi və zəfər
çalmasının labüdlüyü təsdiq edilir. Şairin orijinallığı da məhz bun-
dadır. Füzulinin özünəməxsus dünyasında mühüm yer tutan məhəb-
bət məsələsinə müxtəlif alimlərin də münasibəti maraq doğurur.
Məsələn, Z.Cöyüşov «Həzz və iztirab» kitabında Füzuli yaradıcılı-
ğına əsaslanaraq şairin eşq fəlsəfəsini belə açıqlayır: «Eşqi, məhəb-
bəti çox geniş və çox əhatəli şəkildə başa düşən Füzulinin şərhində
məhəbbət çox böyük mənəvi qüdrətə malik olan ülvi və müqəddəs
bir hissdir. Onun fikrincə məhəbbət aşiqlərin həyat yolunu işıqlan-
dıran bir qüvvədir. Həqiqət yolunun yolçuları məhəbbətdən qüvvət
almalıdır. Məhəbbət elə bir kamil nəşədir ki, şərab öz hərarətini,
musiqi sədası təsir qidasını ondan almışdır. Məhəbbət aləmi bəra-
bərlik, birlik aləmidir.» (9, 287) Bu şərh Füzuli yaradıcılığında tə-
rənnüm olunan məhəbbət hissini dolğunluğu ilə əks etdirir. Şairin
«Leyli və Məcnun» əsərində elçilik adəti haqqında bəhs edilir. Hər-
çənd ki, Leylinin atası elçiləri xoş qarşılayır. Lakin Leylinin atası
qızını o zaman Qeysə verə biləcəyini söyləyir ki, atası oğlunun
divanəliyinə əlac qılsın, bir çarə etsin. Məcnunun atası eşitdik-
lərindən məyus şəkildə yaxın adamları ilə bərabər evinə qayıdır. (7,
74) Bəhs etdiyimiz mövzu ilə bağlı Marağalı Əvhədi yazır:
Evlənmək istəsən naçar qalaraq
Bakir bir nigarla həyat qur ancaq.
Əsilli-nəsəbli elə bir qız al,
Ancaq səni görüb çevsin o maral.
Yaşamış olarsa qeyr ilə fəqət,
Çətindir bağlasın sənə məhəbbət.
Pulu və hüsnü də olarsa əgər,
38
Belə bir xoşbəxtlik az ələ düşər.
Qadında əsas şey həya, ismətdir,
Bunlar qadın üçün böyük sərvətdir. (2, 218)
Adətən elçiliyin cümə gününə salınması əhəmiyyət kəsb edirdi.
(24, 94)
Etnoqrafik müşahidələrlə müəyyən olunmuşdur ki, «elçilər qız
evinin rəsmi razılığını aldıqdan və həmin gündən bir cümə axşamı
keçdikdən sonra yenə də qız evinə «kəsi-biçi»yə gedirlər. «Kəsi -
biçi» qız evinin tələbləri və oğlan evinin tələb olunan xərclərlə razı-
laşması söhbətinə deyilir» (27, 161). Bu mərasim tez toy etmək istə-
yəndə elçilikdən sonra başlayır. Ailəsi qızı tez vermək istəmədikdə,
nişan mərasimi keçirilir.
Elçilik zamanı qız evinin də münasibəti mühüm məsələlərdən
biridir. Bu məsələyə də orta əsr müəllifləri öz əsərlərində yer ver-
mişlər. Belə ki, «Dastani-Əhməd Hərami»də elçilik edənə qızın
atası tərəfindən bildirilən münasibət əsərdə belə təsvir olunur:
Bu dənli ki kərəmlər qıldı bana
Qızımı verirəm şükranə ona.
Bana bir qol - qanad olsun otursun
Elinə getməsin, bənimlə dursun. (2, 118-119)
Burada maraqlı bir məqam nəzəri cəlb edir. Belə ki, hər bir va-
lideyn kimi, atanın da qızının uzaq ellərə qismət olmasını istəməmə-
si bəllidir. Gözündən uzaq olmasına könlü dayanmayan ata qızının
və kürəkəninin onunla bərabər qalmasını arzulayır. Əsərdən aydın
olur ki, ata öz qızını ərə verməyə razı olsa belə, yenə də yeganə öv-
ladının rəyini nəzərə almağı vacib sayır. Elə bu məqsədlə də o
qızının yanına gedib öz fikrini belə bəyan edir:
Ana söylən, nədir fikri biləyin.
Mübarək dügün edib başlayavuz.
Ana görə işimiz işləyəvuz.
Hələ bir qıza dəxi söyləyəlim
Nə dürlüdür anın könlüm görəlim. (2, 119)
39
Əsərdə marağa səbəb olan bir şey vardır ki, bu da atanın qızı ilə
söhbətində gözlədiyi həddir. Atanın necə mehribançılıqla, xoş
sözlərlə övladına müraciət etməsini gətirdiyimiz nümunədə izləyək:
Əyalımsan bənim sən, həm canımsan,
Cigərimsən, damarım, həm qanımsan.
Qərəz bir boşluq isə bu zamanda
Neçün istəməyəsən anı sən də?!
İraq yerə səni verir olursam.
Bənə (bir) dərddürür sənsiz olursam.
Səni bu yigidə kəbin edəm bən,
Yüzünü görə durum dəmbədəm bən.
Sözüm yanlış olur isə utanam.
Əyalımsan, sənə yavuzmu sanam.
Atanın qızı ilə necə şəfqətlə danışdığını, öz müraciətlərilə onun
fikrinə necə hörmət etdiyini və övlad fikrinin onun üçün nə qədər
əhəmiyyət kəsb etdiyini bu şeir parçasında görməmək mümkün de-
yildir. Əsərdən atanın övladına münasibətində təbii bir nigarançılıq
aydın sezilir. Burada təsvir olunan bu müraciət qızını yad ellərə
vermək istəməyən, gözündən uzaq olmasına dözməyib daim öz
yanında saxlamağa çalışan narahat bir atanın ürək sözləridir. Eyni
şəfqət qızın cavabında da sezilməyə bilməz. Misal üçün:
Atasın dinlədi ol mehribanı,
Qızardı gül kibi bənzi, utanı.
Təri dür kibi yüzündə düzüldü,
Gözü nərgizlərin ol dəm süzüldü.
Yanağı gül kibi öylə qızardı
Atasından utanır, həm qızardı.
Ədəb birlə der: ey dövlətli ata
Səxavət kanı, ey mürvətli ata.
Sizə biz qarşı söyləmək eyibdir,
Ulular bu sözü böylə deyibdir.
40
Bizə söz söyləmək düşməz qatında,
Həmin qulluq gərəkdir həzrətində.
Nə deyəyən, ata, fərman sənindir,
Əgər dərdli isəm dərman sənindir. (2, 122)
Övladın da ataya eyni hörmətlə yanaşması, ədəbli davranışı diq-
qətdən yayınmır. Qızından belə sözlər eşitdikdən sonra ata el adə-
tincə toy tədarükünə başlayır.
Orta əsrlərdə qıza atanın müraciət etməsi maraq doğurur. Bu
qəbildən elçiliklə bağlı ananın deyil, birbaşa atanın qızına müraciət
etməsi Suli Fəqih tərəfindən də qeyd edilmişdir:
Çəvrə bənlərədən kişilər gəldilər,
Hər birisi səni oğlinə dirlər.
Elçilər şəhrim içi tolmuşdur,
Qamusi sənün çün gəlmişdür.
Bən bunlarə nə cavab eyləyəlim,
Ay qızum, bunlarə nə söyləyəlim.
Bunca ərməğan bəna gətürdilər,
Məğsudi sənsən, bulər səni dilər.
Neyliyəlüm imdi tədbir eyləgil,
Bənə nə ögüt verirsin, söyləgil! (34, 61-62)
Orta əsr müəlliflərinin əsərlərində rast gəldiyimiz bir məsələ də
ailə məişətində əhəmiyyət verilməsi gərəkli hesab olunan əsl-nəca-
bətə münasibətdir. Belə ki, bu xüsusən qız bəyənilərkən diqqət
yetirilməsi vacib olan məsələ kimi ortaya çıxır. Lakin nəzərə almaq
lazımdır ki, xalq arasında elə indi də oğlan tərəfə də qiymət verilər-
kən onun da hansı nəslin nümayəndəsi olduğuna diqqət verilir və
namizədliyinin məqsədəuyğun görülüb-görülməməsində ailə tərə-
findən mühüm şərt kimi qəbul edilir. Bu baxımdan XIV əsrin
tanınmış şairlərindən biri olan Arif Ərdəbili yaradıcılığında ötəri də
olsa, qeyd olunan məlumatlara diqqət yetirək. Onun «Fərhadnamə»
əsərində bu məsələ aşağıdakı şəkildə vurğulanır:
41
Fərhadı o görərək əhvalını yazıbmış,
Övladından, nəslindən həm də o danısıbmış. (15, 27)
Arif Ərdəbilinin «Fərhadnamə»sində toy mərasimi ilə bağlı mə-
qamlara yer verilərkən toydan qabaqkı mərhələ olan elçilik adəti
haqqında da söhbət açılır. Bu barədə şairin əsərini tədqiq edən
Nüşabə Araslı yazır: «Ziyafət zamanı Fərhad şəklini Çində görmüş
olduğu Gülüstanı görür. O, fürsət düşdükcə öz məhəbbətini qıza bil-
dirməyə çalışır. Gülüstan da bunu hiss edir. O da Fərhada hüsn–rəğ-
bət bəsləyir. Sonra Fərhad öz məhəbbətini açıb Şaura deyir. Şaur
Fərhad tərəfindən Gülüstan üçün elçilik edir. Bu zaman o qızın ata-
sına Fərhadın Çin şahzadəsi olduğunu söyləyir. Ancaq usta qəti bil-
dirir ki, o, qızını daş sənətinə özü kimi yaxşı bələd bir sənətkara ve-
rəcəyinə and içmişdir. Onlar belə qərara gəlirlər ki, Fərhad elə sa-
bahdan daş sənətini öyrənmək üçün usta ilə işə başlasın.» (14, 62)
Bu şərt qarşısında Fərhad yenilmir, əksinə qarşısında məsuliyyətli
bir vəzifənin durduğunu bütün varlığı ilə hiss edir. Bu xüsusda N.
Araslı belə yazır: «Bu məhəbbət Fərhada ilham verir, onu daş sənə-
tini öyrənməyə ruhlandırır. Fərhad məhz öz məhəbbətinin şiddəti ilə
az bir müddətdə məşhur sənətkarı istedad və bacarığı ilə heyrətdə
qoya bilir. Poemada birinci hissədə qarşılıqlı məhəbbət ifadə olunur.
Arif Gülüstanın da saf məhəbbətlə sevdiyini göstərir.» (14, 67)
Buradan görünür ki, bəzi hallarda elçilikdə oğlan tərəfin razılıq
cavabını əldə etməsi üçün hətta qız evinin qoyduğu bir sıra icrası
uzun vaxt tələb edən ağır şərtləri belə yerinə yetirmək lazım gəlir.
Əbu Bəkr əl–Oütbi əl-Əhəri yazır: «Şeyx Həsən oraya getdikdə
şahzadə Əli Padşahın qardaşı Məhəmməd bəyin qızını istədi, bun-
dan sonra Məhəmməd bəyin məqamı yüksəldi və onun adı aləmə
yayıldı». (28, 41) Bu onu göstərir ki, elçilik vasitəsilə, qohumluq
əlaqələri yaradıldıqdan sonra hətta müəyyən məqama çatanlar da
olurdu.
H.Sarabski dövrünün adət və ənənələrinə yer verərək əsrlər
boyu eyni mahiyyət daşıyan və İçərişəhərdə XX əsrin əvvəllərində
də dəyişməz qalan qızbəyənmə adəti haqqında məlumat vermişdir.
42
Qızbəyənmə haqqında H.Sarabskinin məlumatlarından da bəlli olan
məsələ vardır. Burada əks olunan mərasim həm də orta əsrlərlə
səsləşir. Orta əsrlərdə olduğu kimi XX əsrin əvvəllərində də qız bə-
yənmə eyni qaydada oğlan anasının qayğısı ilə həll edilirdi. Sarab-
ski göstərir ki, belə işlərdə xüsusi qadınların rolu olurdu. Belə qa-
dınlar oğlan və qız evi arasında vasitəçi rolu oynayırdılar. Yeri gəl-
mişkən qeyd edək ki, qız evinə çağrılmadan qəfil qonaq gedib səli-
qə-sahmana nəzarət etmək də oğlan anasının qayəsi olurdu. (24, 90-
91) Müəllif oğlan anasının diliylə belə qeyd edir: «əsl mənim evi-
min adamıdır. Dilsiz-ağızsız, sərri-sahmanlı, hər şeyin yerini bilən,
yırtıqlı-yamaqlı, şirəli-şəftəli, bir dəqiqədə ələyər, yoğurar, yapar.
Qız döyü balam yıxılmış evin dirəyidir. Belə tikəni əldən vermək
olmaz…Hələ günü bugün dur mənilən qəfildən gedək evlərinə.»
(24, 85) Bu o məqsədlə edilirdi ki, qızın bəzəyi-düzəyi olmasın.
Həm də evdə təmizliyə riayət olunmasına, geyimin səliqəliliyinə
xüsusilə diqqət verilirdi.
Nəmçilər, ay nəmçilər,
Qapını kəsib elçilər.
Anam deyir vermərəm,
Atam deyir dur görək. (24, 91)
Sarabskinin qeydlərindən aydın olur ki, qız evi də «hə» cavabı
verməzdən əvvəl dayısını çağırırdılar, yaxın qohumlarla məsləhət-
ləşirdilər.
Azərbaycanda «günün vaxtları (dan, ajım, övnə, ikindi, yaxud
günbatan) içərisində ikindidən yaxud alaqaralıqdan, alatoranlıqdan
sonra cəşt (axşam saat 8-10 arası) elçilik üçün münasib vaxt sa-
yılırdı.» (20, 356)
Müsəlmanlarda «İslam elçilik və nişanı xitbə adı altında tanıyır.
Xitbə odur ki, kişi qadına, yaxud onun vəlisinə-himayəçisinə (hima-
yəçi ata, baba, əmi, qardaş, yaxud digər yaxın qohumlar ola bilər)
evlənmək təklif etsin. Qadının, yaxud onun himayəçisinin razı
olduğu təqdirdə xitbə bitir, baş tutur. Xitbə elə bir ilkin razılaşmadır
43
ki, ona əsasən qız oğlanın olur, oğlan da qızın.» (30, 89) Tatarlarda
elçilik surat adlanır.
Oruc bəy Bayatın məlumatlarından aydın olur ki, qız bəyənən
oğlanlar bəzən istəklilərinə bəzəkli məktublar göndərirlər. Hətta öz
məhəbbətlərinin böyük gücünü göstərmək üçün bədənlərinin bəzi
yerlərini yandırırlar və sonra isə qızın qarşısına çıxıb göstərirlər.
Qız isə oğlana dəsmal, yaranı bağlamağa ipək şal və geyim göndə-
rir. Daha çox yanıq yeri göstərən gənc qadının ürəyini qazanaraq
onunla daha tez nikaha girə bilir. (36, 36) Naxçıvanda oğlan evi qı-
zın «hə»sini almazdan əvvəl, onların həyətindən bir daş oğurlayıb
gətirdikdən sonra bir həftə gözləyər. Əgər oğlan evi xeyir çəksə, qı-
zın ayağının «düşümlü» olduğunu sınayar və elçi gedərlər. (37, 54)
Yuxarıda deyilənlərə belə bir xulasə vermək olar ki, qızbə-
yənmə və elçilik kimi adətlər ailə daxili qəti formalaşmış qərarın
yekunlaşmış nəticəsidir. Bu adətlər xeyirli vəsilə ilə bir ailənin
digərinə xoş münasibətini əks etdirən bir vasitədir, bir başlanğıcdır.
Eyni zamanda bu adətlər ailə həyatını istiqamətləndirir və evlənəcək
insanın həyat tərzinə müəyyən mənada möhür vurur. Həmçinin
nəzərə almaq lazımdır ki, bu adətlər öz növbəsində hər iki ailənin də
maraqlarının əsasını təşkil edir. Ailə məhz elçiliklə başlanan bir
bünövrə üzərində qurulur. Uzun əsrlər gəlib keçsə də, zaman bu
adətlərin məzmununu və mahiyyətini əsla dəyişməmişdir. Belə ki,
«keçmişdə olduğu kimi əvvəlcə qız evinə ana, xala, bibi gedir. Bu,
«ağız bilmək», «ağız aramaq», «öyrənmək» adlanır (16, 182).
Beləliklə də, orta əsrlər dövrünün ailə münasibətlərində mühüm
rola malik olan qızbəyənmə və elçiliklə yanaşı, digər adət və ənənə-
lərin də öyrənilməsi vacib məsələdir. Qızbəyənmə və elçilik adətləri
orta əsrlər dövründə olduğu kimi, müasir dövrümüzdə də eyni əhə-
miyyət daşımaqda davam edir.
44
Şirin Xosrovun şəklinə baxır.
Xosrov Şirinin görüşünə gedir.
|