ADQOYMA MƏRASİMİ
Hər bir xalqda olduğu kimi azərbaycanlıların da zəngin və özü-
nəməxsus antroponimiyası etnosun mədəniyyəti, dili, tarixi haqqın-
da müəyyən qədər məlumat verir. O özündə tarixi hadisələrin təsir
xüsusiyyətlərini əks etdirməklə bir mənbə rolu oynayır.
Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özü-
nəməxsus yeri vardır. Ailə məsələlərində adqoyma adətinin öyrənil-
məsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən
biridir. Adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların
digərlərindən seçildiyinin göstəricisidir. Bu isə əsasən ilk növbədə
uşaqlıqdan etibarən tətbiq olunan bir adət şəklini almışdır. Doğulan
uşağa ad verilməsi bir növ mənsubiyyət və kimlik nümunəsidir.
Adlar özündə müəyyən məna və çalarları ehtiva edir. Hər bir şəxsə
körpəlikdən verilən və dəyişilməz qalan ad mühüm bir əlamətdir.
Lakin nadir hallarda adlar bəzən dəyişdirilə də bilər.
Adların tədqiqat obyekti kimi öyrənilməsi mühüm əhəmiyyət
daşıyır, «çünki isimlər xalqın və çevrənin mədəni mayasına, dünya-
görüşü səviyyəsinə, nələrdən xoşlanıb nələrdən xoşlanmadığına və
bilgi və ədəb-ərkanına
işarə edər. Bu da dil, tarix və antropologiya
tədqiqatçıları üçün əhəmiyyətli fayda kəsb edər» (25, 204).
Adqoyma mərasimi haqqında danışmazdan əvvəl adqoyma
mərasiminin tarixi köklərindən bəhs etmək lazımdır. Lakin daha qə-
dim zamanlar haqqında əlimizdə məlumat olmadığından bu barədə
tam təsəvvür yaratmaq mümkün deyil. Çünki ibtidai insanlarda nitq
yarandıqdan sonra adqoymanın necə olduğunu söyləmək çətinlik
törədir. Onların bir-birlərinə necə müraciət etdikləri naməlumdur.
Buna baxmayaraq, onların adlarının təbiət və gündəlik həyatla bağlı
olduqlarını ehtimal etmək mümkündür. Güman edə bilərik ki, ad
əvvəllər yalnız tayfaya və onun başçılarına şamil edilirdi. Yalnız
onu qeyd edə bilərik ki, ibtidai insanlar arasında şəxs adlarının tət-
biq olunması tələbat əsasında yaranmağa başlamışdır. İlk insanlar
saylarının az olması etibarilə bir adla kifayətlənmişlər. Sonralar əha-
linin çoxalması və eyni adların təkrarlana bilməsi ehtimalı ilə fərdi
149
adla bərabər əlavə olaraq soyaddan istifadə edilmişdir. Soyadın belə
əhəmiyyət kəsb etməsi, görünür hansı qəbiləyə mənsub olma
zərurətindən doğa bilərdi. Elə insanlar qəbilənin adını soyad kimi
qəbul edə bilərdilər. Aydın məsələdir ki, sonralar göstərdikləri
qoçaqlığa və qəhrəmanlığa görə digərləri də adlara layiq görülürdü.
Bir mərasim kimi adqoymanın keçirilməsi haqqında isə sonrakı
dövrlərin məlumatları köməyimizə çatır.
Adqoyma haqqında məlumatlarımızın mənbəyini təbii olaraq
dastan və nağıllarımızla yanaşı, eyni zamanda şair və mütəfəkkirlə-
rimizin də əsərləri təşkil edir. Tədqiq olunan məsələnin araşdırılma-
sında bu məlumatların əhəmiyyəti isə danılmazdır.
İnsan yarandığı andan ilk kövrək addımlarıyla ailə mühitinə,
ona baxacaq insanlara möhtacdır. Uşaq ailənin davamıdır. Uşaqlara
ad qoyulması bütün dövrlərdə olduğu kimi orta əsrlərdə də xüsusi
əhəmiyyət kəsb edirdi. «Kitabi-Dədə Qorqud» dastanında ad veril-
məsi məsələsi öz geniş əksini tapmışdır.
Dastandan məlum olduğu
kimi, uşağa adı göstərdiyi hünərə və əməlinə görə layiq bilərdilər və
bu adı oğlan uşağına ağsaqqal verərdi. Dədə Qorqud qeyd edir ki,
güclü, ərdəmli, hünərli və cüssəli olduğuna görə oğlana ad qoyulur.
Maraqlıdır ki, dastandan da məlum olduğu kimi oğuz bəyləri ad qo-
yarkən Dədə Qorqudu çağırır, yeniyetmənin atasından isə bəylik və
taxt alıb verməsini istəyirlər. Dastanda deyilir: «Bu oğlan Bayandır
xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldür-
müşdür, qoy adı «Buğac» olsun. Adını mən verdim, yaşını Allah
versin - dedi» (6, 134). Buradakı ad əsasən şan-şöhrət mənasında
başa düşülür və veriləndən çox, qazanılan bir məna çaları kəsb edir.
El ağsaqqalı hesab olunan Dədə Qorqudun gəlib mərasimdə həddi-
büluğa çatmış oğlana ad verməsi kimi təqdim olunur. Burada ad
qəhrəmanlıq rəmzi və hünər əlaməti kimi təqdim olunur. Deməli,
oğuzlarda da başqa xalqlarda olduğu kimi kişilik mərhələsinə keçid
müəyyən ayinlə müşayiət olunurdu və bu zaman ad da qoyulurdu.
Mirəli Seyidovun qeyd etdiyi kimi, «türkdilli xalqlarda şəxsi ad al-
maq şərəf imiş. Qəbilənin üzvü qəbilənin ümumi işi və ümumi xeyri
üçün böyük bir iş gördükdən sonra ad almağa layiq görülərmiş.»
150
Müəllif adqoyma adətinin xalqın etnopsixologiyasını da öyrənməyə
kömək etdiyini söyləyir (4, 48; 52). Təsadüfi deyildir ki, dahi mütə-
fəkkir şair Nizami Gəncəvi adın əhəmiyyətini xüsusi vurğulayaraq
deyir:
İstər gözəl, istər çirkin surətlə get, bunun əhəmiyyəti
yoxdur.
Sənə qalan yalnız apardığın ad olacaq (12, 177).
Qul Əlinin «Qisseyi-Yusif» əsərində də ad qoyma ilə bağlı
məqam yer almışdır. Qardaşının başına gələn hadisələrlə əlaqədar
ad qoyan və bunu öz övladlarının adlarında yaşatmağa çalışan digər
qardaşın daxili duyğuları şair tərəfindən belə təsvir olunur:
Beniyəmin aydı: Tanrı buyruq oldı,
On iki oğlana bana ruzi qıldı,
Hər birinə bir dürlü ad atanıldı,
Sənin qayğun üzə səbəb qıldım imdi (16, 127).
Bu adlar qardaşı Yusifin aqibəti ilə bağlı (Tənqiz, Qurt, Quyu,
Qayğu, Arslan, Qərib və s.) verilmiş adlardır.
Q.Rəcəbli haqlı olaraq qeyd edir ki, oğlan uşaqları yalnız həddi-
büluğa çatdıqda «igidlik imtahanı» verəndə adlara layiq görülürdü-
lər (11, 243). Əlbəttə, uşağa hünər göstərdikdən sonra verilən ad heç
də onun çatdığı yaşa qədər adsız yaşadığına dəlalət etmir. Bu sadəcə
uşaqların yaş dövrünün böyüklük mərhələsinə qədəm qoyması ilə
əlaqədardır. Əslində bu ad sonradan aldığı təxəllüs və ya ləqəb kimi
mahiyyət kəsb edirdi. Sadəcə fərq onda idi ki, adəti üzrə təxəllüsu
hər kəs özü götürür, burada isə kiminsə tərəfindən verildiyi bəlli
olur. Yeri gəlmişkən qeyd edək ki, «türk etnik-mədəni sistemində
Qorqud atanın kainatda olan nə varsa, hamısına ad verməyi ilə bağlı
inanış Qorqudu həmin məna aləminin yaradıcısı kimi səciyyələn-
dirməyə imkan verir» (10, 38).
151
«Kitabi Dədə-Qorqud» dastanında qoyulan adların hamısı (Qa-
zan xan, Qanturalı, Dönəbilməz, Tüləkvuran, Bamsı Beyrək və s.)
türk mənşəlidir. Burada ərəb mənşəli adlara az rast gəlinir. Deməli,
adlar özü də müəyyən məsələlərin həll edilməsinə xidmət edir. Ad-
larda Məhəmməd, Əli, Həsən, Hüseyn, İsmayıl, Fatma, Aişə, Səki-
nə, Zeynəb, Zəhra və başqalarına rast gəlinməsi lap sonrakı dövr-
lərə, İslam dininin daha çox yayıldığı dövrə gedib çıxır. Maraq do-
ğuran cəhət odur ki, sonrakı dövrlərdə ərəb mənşəli adların qoyul-
ması daha üstün hesab olunmuşdur. Məsələn şah Təhmasibin qızla-
rının adları belə idi: Gövhər, Pərixan, Xədicə, Zeynəb, Məryəm,
Fatimə, Şəhrəbanu, Xanış. Oğlanlarının adları isə Hüseyn, İbrahim,
Bədiüzzaman olmuşdur (18, 298-300). Şah İsmayılın oğlanlarının
adları isə Təhmasib, Əlqas, Bəhram, Sam Mirzə idi (27, 77).
İslam dininin yayılmasından sonra adların tərkibinə yenilərinin
daxil olması dövrün reallığına çevrilməyə başlayır. Antroponimiya-
da ərəb adlarının artması dinin yayılması ilə bilavasitə əlaqədardır.
Ətraf mühit, müxtəlif hadisələrin insanlar tərəfindən qəbul edilməsi
şəxs adlarında da özünü təzahür etdirən xüsusiyyətlərdəndir. Başqa
qonşu xalqlarla əlaqələrin olması tarixən eyni ərazini paylaşan
qövmlərin advermə məsələsinə də təsir etmişdir. Bu baxımdan azər-
baycanlıların adlarında fars və ərəb kökənli adların olmasını misal
göstərmək olar. Qeyd edək ki, «məlum olduğu kimi bütün türkdilli
xalqların qədim dini görüşlər sistemində səma kultu əsasında təbiət
qüvvələrinin canlandırılması duran tenqri xüsusi yer tutur» (32, 83).
Qədim dövrlərdə adlar əsasən uşaqların fiziki görünüş və inkişa-
fından asılı olaraq qoyulurdu.
Ərəblərin cahiliyyə dövründə aldığı adlar sonralar dəyişməmiş-
dir. Lakin zaman keçdikcə sonrakı dövrlərdə daha gözəl adların qo-
yulması əmr edilmişdir. Dinini dəyişib müsəlman olmaq istəyən
şəxsin adını da dəyişməsi onun öz haqqıdır. Məhəmməd peyğəmbə-
rin arvadları və qızlarının adlarının qoyulması böyük hörmət əlamə-
ti sayılmışdır.
Məhəmməd peyğəmbər Mariyyadan doğulan oğluna elə səhəri
gün İbrahim adını verir (23, 106). Deməli, adqoymanın vaxtı yox-
152
dur. Onu yeddi və qırx gün gözləməyin əhəmiyyəti yoxdur. İslama
görə ad qoyma atanın hüququ sayılır. Ad qoyulmasında ehtiyatlı
davranmaq, diqqət yetirmək lazımdır. Hədislərdə deyilir ki, siz qi-
yamət günündə öz və ata adıyla çağrılacaqsınız. Ən sevimli adlar
Abdulla və Əbdürrəhmandır. Məhəmməd peyğəmbər peyğəmbər-
lərin isimlərini qoymağı məqbul saymışdır. Bundan əlavə, Məryəm
zamanında özlərindən əvvəlki peyğəmbərlərin və yaxşı adamların
adlarını qoyardılar. Hədislərdən aydın olur ki, peyğəmbər ad qoy-
manın çox keçmişdən adət olduğunu bəyan etmişdir. O, Allahdan
başqalarına qulluq mənası daşıyan adların qoyulmasını haram bu-
yurmuşdu. Bununla yanaşı Məhəmməd peyğəmbər bütpərəstliklə
bağlı qoyulan adlarla yanaşı, mənası gözəl olmayan isimlərin dəyiş-
dirilməsini tövsiyə etmişdir (23, 108-109). Qurani-Kərimdə Mə-
həmməd peyğəmbər Rəsul, Nəbi, Emin kimi 64 adla qeyd olun-
muşdur. Öz adı isə həm anasının arzusu, həm də babası Əbdülmü-
təllibin rəyi ilə qoyulmuşdur.
Adlar orta əsrlərdə döyüş meydanında da kimlik göstəricisi ki-
mi səslənmişdir. «Kitabi Dədə-Qorqud» dastanında deyilir:
Sübh tezdən öz yerindən duran igid, nə igidsən?
Bədəvi atını oynadaraq gələn igid nə igidsən?
İgidin igiddən ad gizlətməsi eyibdir,
Adın nədir, igid, söylə mənə! (6, 219)
Deməli, igidin ad gizlətməsi eyib sayılmışdır.
M.Özgü Aras
mə nbə lə r ə sasında yazır: «ə rə blə rdə n kə narda
müsə lman olan millə tlə rin fə rdlə rinin isimlə ri də , islam inanc və
ə xlaqına zidd olmadıqca qalmış, müsə lman adı olaraq tanınmış və yayıl-
mışdır. İlk müsə lman Türk Dövlə tlə rində n Qaraxanlıların dövlə t xadimi
Satuk, X ə srdə müsə lman olunca, Ə bdülkə rim adını almışdır.
«Satuk'un
müsə lman
adı
Ə bdülkə rim
, oğlu Musanın əvvəlki adı
Baytaş idi»-
deyə qeyd edilir. Amma Sə lcuk, Alpaslan kimi isimlə r
də yişmə miş, müsə lman adı olaraq tanınmış və yayılmışdır» (23, 113).
Xalqımızda adqoyma ilə bağlı maraqlı məqamlar mövcuddur.
Tarixən qızlara və oğlanlara nənə və babaların adlarının qoyulması
153
bir adət şəklini almışdır. Bəzən anaların adları qoyulan ailələrdə
uşaqları «nənə» deyə çağırırlar. Bundan əlavə, ailədə çoxlu qızlar
olanda Bəsti, Ziyadə, Yetər, Kifayət, Qızyetər, Qızbəs və başqa
adlar qoyulurdu. Bu da ailədə daha çox oğlan uşağının olması
arzusu ilə edilirdi.
Orta əsrlərdə işlədilən ləqəb, künyə və nisbə kimi sözlərə elmi
və bədii əsərlərdə rast gəlmək mümkündür. Ləqəb müəyyən istedad,
xalq arasında qazanılan şöhrət və rəğbətə görə hökmdar və yaxud
xalqın özü tərəfindən verilirdi, məsələn, Nizamülmülk. Künyə isə
atanın adının əvvəlinə bin və ya ibn sözləri əlavə olunmaqla şəxsiy-
yətin adından sonra ifadə edilir. Nisbə haqqında sözü keçən adamın
haraya mənsub olduğu, yəni anadan olduğu boya başa çatdığı yer
nəzərdə tutulur. Misal üçün Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsi-
rəddin Tusi və s. qızlara orta əsrlərdə «xatun»- deyə müraciət
edilməsi Suli Fəqihin «Yusif və Züleyxa» əsərində yer almışdır. O
yazır: «Züleyxa xatun idi ol qızun adı» (19, 57). Orta əsrlərdə adlı-
sanlı, ad qazanmış adamları namdar adlandırırdılar. Xalq arasında
adlı-sanlı kəlməsi işlənir. Bu söz böyük hörmət sahibi ağsaqqallar,
el içində sayıla bilən adamlar haqqında işlədilən kəlmədir. İraqın
Kərkük vilayətində «kişi arvadına arvad nənəsi, Məhəmməd nənəsi
deyə müraciət edir. Arvad isə ərini, atam babası, Məhəmməd babası
deyə çağırır» (30, 55).
Bir sıra adlar isə bilavasitə dinlə bağlı qoyulur. Məsələn, Fəx-
rəddin, Sədrəddin, Kəmaləddin, Cəmaləddin, İslam, Allahverdi,
İmamverdi, Məhəmməd, İsa, Musa və s. İlkay, İlkin, İlknur kimi ad-
lar adətən ailədə ilk doğulan uşaqlara verilir. Adların müxtəlif bay-
ramlarla əlaqədar da verilməsi halları ad qoymada öz yerini almaq-
dadır. Belə ki, Novruz, Qurban, Məhərrəm, Oruc, Xıdır və başqaları
buna misal ola bilər. Buna ən gözəl misal xalq dastanlarımız ola
bilər. Məsələn, «Novruz» dastanında deyilir: «Aylar, günlər keçdi,
paşanın bir qəşəng, göyçək oğlu oldu. Oğlan Novruz bayramı günü
anadan olduğu üçün adını da Novruz qoydular» (1, 170).
Sosial zümrə bildirən orta əsr adları da mövcuddur ki, bunlara
Şahzadə, Xanbala, Bəylər, Ağalar, Paşa, Sultan və s. misal çəkmək
154
olar. Toponimlərlə bağlı adlar da (Təbriz, Şirvan, Nəcəf) vardır.
Dağ adları olan Altay, Elbrus, Qoşqar, Qafqaz oğlanlara verilir.
Adlarla bağlı dastanlarımızda olan məqamlar maraq doğurur.
Məsələn, «Alı xan» dastanında ipək qarının qoyduğu ad əsas sayılır.
Belə ki, o deyir: «mən oğlanın adını qoyuram Məhəmməd, qızın
adını Pəri, o tapılan oğlanın da adını Tapdıq» (1, 199). Buradan da
aydın olduğu kimi, hər bir ad öz-özlüyündə bir məna kəsb edir və
müəyyən hadisələrə söykənir. Bu dastandan da aydın olduğu kimi,
Tapdıq adı uşağın məscid hücrəsi yanında tapıldığına görə belə
verilmişdir. Bundan əlavə, «Qurbani» dastanında qəhrəmanın nəzir-
niyazla, uğrunda qurbanlar kəsilməklə anadan olduğuna işarə edilə-
rək adının Qurbani qoyulduğu aydınlaşır. «Qurbani» dastanında ad
qoyma ilə bağlı məqamı qeyd edək: «Mirzalı xana müjdə getdi.
Mirzalı xan ac qarınları doyurdu, çılpaq əyinləri geydirdi. Sonra
uşağa ad qoymaq istədilər. Bir ağıllı qoca kişi gəlib dedi: - Oğlanın
adını mən qoydum – Qurbani. Çünki, bunu qurbanla tapıbsınız» (1,
39). Burada göstərilir ki, ataya oğlunun olduğu xəbəri çatar-çatmaz
o, qonaqlıq mərasimi keçirir. Deməli, ad qoyarkən qonaqlıq
mərasimi keçirmək qədim adət olmuşdur.
Nağıllarımızda da adqoyma ilə bağlı bir sıra məlumatlar möv-
cuddur. Məsələn, «Ağ atlı oğlan» nağılında deyilir: «Gün keçdi, ay
dolandı, padşahın hər arvadından bir oğlu oldu. Padşahın arvadla-
rından biri xan qızı idi. Odur ki, ondan olan oğlanın adını Xanbala
qoydular. İkinci arvad bəy qızı idi. Onun da oğlunun adını Bəybala
qoydular. Üçüncü arvad bir yoxsul dəvəçinin qızı idi. Padşah onu
gözəl olduğuna görə almışdı. Ondan olan oğlanın adını da Nərbala
qoydular» (9, 66).
Azərbaycanda uşağı olmayan çarəsiz qadınlar müxtəlif pirlərə
gedir, niyyət diləyir, qoç kəsdirirdilər. Belə ziyarətlərdən sonra hə-
min qadınların uşaqları olardısa, onlara Pirverdi, Ocaqverdi, Seyid-
verdi, Bibixanım və s. kimi adlar qoyulurdu.
Elə adlar da vardır ki, gül-çiçəklə bağlı məhz qız uşaqlarına qo-
yulurdu. Belələri əsasən Təzəgül, Gülnar, Qızılgül, Qönçə, Yasə-
mən, Lalə, Çiçək, Yazgül, Nərgiz, Bahar, Süsən, Bağdagül, Nargilə,
155
Güllü, Gülşən, Gülzadə və başqa bu kimi adlardan ibarətdir. Bun-
dan əlavə heyvan adlarının da verilməsi halları da mövcuddur. Mə-
sələn, oğlanlara Şirxan, Şirzad, Aslan, Bəbir, Şahin, Tərlan, qızlara
isə Maral, Ceyran, Kəklik, Ahu, Turac, Tutu, Durna kimi adların
verilməsi hallarına rast gəlmək mümkündür. Təbiətlə bağlı adlar sı-
rasında ay, ulduz və günəşlə əlaqədar adlar yer almaqdadır. Belə ki,
Aygün, Aytac, Aytən, Aysel, Aynur, Aytəkin, Ulduz, Ülkər, Səyya-
rə, Günəş, Güntəkin, Səma və başqaları. Bir sıra adlar isə xüsusən
qızlara şirinliklə bağlı qoyulurdu. Nabat, Şirin, Şəkər, Qəndab bu
qəbildəndir. Maraqlıdır ki, zər, bəzək, qiymətli daşlarla bağlı adlar
da var: Zivər, Zərinə, Almaz, Yaqut, Zümrüd, Gövhər, Füruzə, Mir-
vari, İnci və s. Bundan əlavə Sücayət, Zəfər, Qadir, Qalib, Qabil,
Əsgər kimi kişi adları da vardır ki, onlar da cəsarəti, qabiliyyəti və
hünəri əks etdirir. Fəxri və Vüqar kimi adlar isə qürurun təmsilidir.
Yeganə, Vahid, Nadir kimi adlar da təkliyin simvolu kimi xarakteri-
zə olunur. Elə adlar da vardır ki, onlar hiss və həyəcanı, ədaləti, ira-
dəni təmsil edir. Bunlara misal olaraq Sevinc, Fərəh, Xoşbəxt, Vəfa,
Sədaqət, Səadət, Həqiqət, Ədalət, İradə kimi adları göstərmək olar.
Adlar özündə başqa dillərdən alınma olduğunu da ehtiva edirdi. Mə-
sələn, ərəb dilindən əmələ gələn Bünyad bünövrə, əsas mənasını ve-
rir. Bu da xalqların müəyyən müddət ərzində qarşılıqlı münasibət-
lərdə olmasını göstərir.
Ənənəvi olaraq ad seçmə özü də təkmilləşmə prosesi keçmişdir.
Ailədə məişətin müxtəlif sahələrində olduğu kimi ad qoyma da
müəyyən mərasimlə qeyd olunurdu. Körpəyə adın nə vaxt verildi-
yini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Bəzən körpəyə 40-ı
çıxdıqdan sonra ad qoyulurdu. İndi isə uşağa ad çox erkən gün-
lərdən qoyulur. Ad qoyularkən çalışırlar ki, yaxın qohumlarda hə-
min adlar təkrarlanmasın. Azərbaycanda böyüklər (nənə və baba)
dura-dura anadan olan uşağa ata və anasının ad qoyması hörmətsiz-
lik sayılardı. Ona görə də əvvəlcə onlara müraciət edilir, rəy birliyi
ilə razılıq əldə edilir. Körpənin ata və anası razı olmasalar da, çox
vaxt qəbul etməli olurlar. Əks təqdirdə bu böyüklərə – evin ağbirçə-
yinə və ağsaqqalına qarşı ədəbsizlik sayılır.
156
Adətən uşaqlara həyatdan köçənlərin adları qoyulardı. Lakin
müasir dövrdə artıq sağlığında da nənə və babaların adları nəvələrə
qoyulur. Ailədə uşaqları qalmayan və tez-tez ölənlərə, təki onlar
qalsın deyə, bəzən başqa millətlərə xas adlar da qoyulur. Bundan
əlavə mənşə bildirən adların da (Türkan, Türkel, Azərin) xalqımız
tərəfindən qoyulması hallarına rast gəlmək mümkündür. Tarixən
tayfa və yer adları (Qacar, Muğan, Əfqan, Altay, Qoşqar, Afşar) ilə
bağlı qoyulan adlar da vardır. Uşaqlarını arzu etdikləri kimi görmək
istəyən böyüklər ağıllı, kamallı, savadlı hərtərəfli inkişaf etmiş
olsun deyə, onları Vaqif, Aqil, Kamal, Alim, Maarif adlandırmışlar.
Yüksək insani keyfiyyətlər əsasında zəruriləşən adlardan kişilərə
verilən Etibar, Mötəbər, Əmin, Ehtiram və başqalarını misal göstər-
mək olar. Zamanla əlaqədar adlar isə Səhər, Gündüz, Zaman və baş-
qalarından ibarətdir. Adların böyük əksəriyyəti gözəlliyi, işığı, mu-
siqini tərənnüm edir. Bu cür adlara Gözəl, Ziya və Təranəni misal
göstərmək olar. XX əsrdən etibarən alınma adlar da (Rafael, Flora,
Roza, Telman və s.) xalqımız tərəfindən mənimsənilmişdir.
El arasında uşağın adı ilə əlaqədar alqışlarda «adıynan böyüsün,
adıyla yaşasın, torpağı sanı Allah ömür versin»-deyirlər. Bəzən hə-
min körpəyə bir xəsarət yetdikdə və o vəfat etdikdə el arasında adın
uşağa düşmədiyini deyirlər. Bundan əlavə əgər bir ailədə (Salyanda)
doğulan uşaqlar dalbadal ölürdüsə, axırıncı dəfə doğulan uşağa ata
və anasının adını qoymaq adəti vardı və bu zaman onun öz ağırlı-
ğında əti qəbiristana aparıb basdırırdılar ki, bu «kəfən dəfn» adla-
nırdı (13, 281).
XVIII əsr şairi Xəstə Qasım ad qazanmaq barədə yazır:
Aşiq deyər: adala,
A çalgınan a dala,
Əyri, çətin cahanda,
Ad qazana ad ala (21, 112).
Azərbaycan bayatılarında da ad qazanma haqqında deyilir:
El batır qəm dəryada,
157
Kimə gedim mən dada?
İgid döyüşdə ölsə,
Adı qalar dünyada.
və ya
Mən aşiq xoşa dalı,
Xoş üzlü, xoş ədalı,
Mərd igiddə qaydadı,
Meydanda xoş ad alı (7, 20; 23).
Atalar sözlərində deyilir ki, «yaxşılıq adda qalar, yamanlıq
yadda». (20, 131) Ad adamı bəzəməz, adam adı bəzər və s.
Orta əsr müəlliflərinin əsərlərində (Nizami, Füzuli və başqaları)
ad qoyulması barədə xatırlatmalar vardır. Görkəmli alim Nəsirəddin
Tusi isə yazır ki, yeni doğulmuş uşağa ilk növbədə yaxşı bir ad qoy-
maq lazımdır. Çünki münasib olmayan addan xəcalət çəkə bilər (3,
156).
Adın əhəmiyyəti, insanın cəmiyyətdə yeri və fəaliyyəti ilə bağ-
lıdır. O, insanı ucaldır. Ad keyfiyyət göstəricisi kimi insanın
yaxşılığı ilə də bağlı olmuşdur. Məsələn,
Xəstə Qasım kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı (22, 3).
Müraciət forması olduğundan ad yaddaşlara qazınır. Tələffüz
olunduğu andan etibarən adın həm milli, həm də dini məzmuna ma-
lik olması da müəyyən edilir. Belə ki, bütün müsəlmanlarda müx-
təlif tələffüz şəklində də olsa, Məhəmməd oğlanlara verilən addır.
Lakin elə adlar da (Məryəm) vardır ki, müxtəlif xalqlarda fərqli
tələffüz şəklində mövcuddur. Adlar müəyyən reallıqlar əsasında
formalaşır. O, eyni zamanda dilin inkişafı ilə də bağlıdır.
158
Maraqlıdır ki, bir sıra ailələrdə (Naxçıvan ailələri nəzərdə tutu-
lur – Ş.B.) «adı uşağın qulağına babası, nənəsi və ya çoxuşaqlı
qadınlardan biri (ağbirçək) çağırırdı. O, ağzını uşağın qulağına
dayayıb üç dəfə ucadan deyir: «sənin adın oldu filankəs»» (5, 167).
Qubada isə «uşaq doğulduğu gündən on gün keçdikdən sonra mama
(mamaça nəzərdə tutulur) onu çimizdirir və qundaqlayıb qucağa
alır. Sağ qulağına əzan, sol qulağına qamət oxuyub, qoyulacaq adı
uşağın qulağına üç dəfə ucadan söyləyir.» Bundan sonra mama
üçün xonça hazırlanır və onun qabağına qoyulur, qohum-əqrəba da
bu xonçaya pul atırlar (15, 24).
Adqoymanın mərasimlə keçirilməsi bakılılar arasında geniş
yayılmışdır. Lakin bəzi ailələrdə belə də edilirdi ki, uşağa ölən
adamın adı qoyularkən onun qulağına bu adı evə məhz bu məqsədlə
çağırılan molla tələffüz edirdi. Məlumdur ki, «uşağa ad da, əsasən
qırx töküləndən sonra qoyulur və həmin münasibətlə mərasim
keçirilir (Bu bəzi yerlərdə–Abşeronda «Şəbbəxeyir» adlanır). Oğul-
qız böyütmüş ağbirçək bir qadın uşağı qucağına alır və qulağına üç
dəfə ucadan ona qoyulmuş adı deyir» (2, 116). Bəzi hallarda isə bu
məqsəd üçün evə molla çağırılır.
Adqoyma ilə əlaqədar qədim zamanlarda mollanın yanına gedib
ona müraciət edildikdə o, «Quran» açıb həmin səhifədə yer almış
bir sıra müqəddəslərin adları üzərində dayanır və bu adlardan biri
körpəyə qoyulurdu. Əslində bütün ailələrdə adın seçilməsində ailə-
nin zövqü, dünyabaxışı və səviyyəsi əsas təşkil edir. Müasir dövrdə
milli ənənələrə uyğun gələn adların seçilməsinə diqqət yetirilir.
Bakıda adqoyma mərasimi barədə məlumat verən informatorun
dediklərindən aydın olur ki, körpəyə hansı adın qoyulması əvvəlcə-
dən bəlli olsa da, yalnız qırxı çıxdıqdan sonra xüsusi mərasimlə ona
ad verilir. Əgər körpəyə imam və ya ölən adamın adı qoyulursa, ev-
də mütləq «quran tapşırılır» və molla adı uşağın qulağına oxuyur.
O, imamların adlarını bir-bir körpənin qulağına sayır. Nəhayət «oğ-
lum sənin adını qoydum məsələn, Həsən» deyir. Bundan əlavə uşa-
ğın qulağına kəlmeyi-şəhadət, teyyubə oxunur. Sonra isə uşağı qo-
naqlıq məclisinə dəvət olunan yaxın qohumlara və əziz adamlara
159
bir-bir verirlər. Onlar da hərə öz növbəsində xeyir-dua və alqışlarla
körpəni bir-birilərinə ötürdükdən sonra qonaqlıq mərasimi başlayır.
Bu mərasim zamanı adı verilən ölünün ruhu yad olunur. Yeri gəl-
mişkən qeyd edək ki, qız uşaqlarına da müqəddəslərin adı veriləndə
(məsələn, Ayişə, Fatma, Zəhra və s.) mütləq Quran oxunulur. Adətə
görə, məclisdə süfrə açılır, müxtəlif təamlarla (məsələn aş, bozbaş
və s.) yanaşı, mütləq halva çalınır. Halva çalınan zaman adı qoyulan
mərhumun ismi çəkilir. Bu ölənin ruhunu yad etmək, adını yaşat-
maq, xatirəsini əziz tutmaq kimi xüsusiyyətləri özündə ehtiva edir.
Sağ olan adamın da adı körpəyə qoyula bilər, lakin bu zaman quran
oxunmur (8).
Şiəliyin üstün olduğu ərazilərdə, xüsusən də Bakıda «adqoyma-
da körpə üçün aşağıdakı kəlmələrin deyilməsi müstəhəb (məsləhət
görülən əməl) sayılırdı: Başında nə var?- Taci-dövlət. Alnında nə
var?- Möhri-ibadət. Qaşında nə var? - Qələmi-qüdrət. Gözündə nə
var? - Nuri-Məhəmməd. Üzündə nə var?- Pərdeyi-ismət. Dilində nə
var?- Kəlmeyi-şəhadət. Qulağında nə var? Zəngi-saət. Qəlbində nə
var? İnsafi-mürvət. Əlində nə var?- Xeyirxahi-xeyrat. Dizində nə
var? Əbədi taqət. Ayağında nə var?-Düz yola ibadət. Təmayülündə
nə var?- On iki imamət» (17, 200-201).
Azərbaycanın müxtəlif bölgələrində uşağa adın verilməsi üç
gün keçdikdən sonra baş verir, ya yeddi gündən və yaxud da qırxın-
dan sonra ad qoyulur. İslam dini yayıldıqdan sonra adqoymada baş
verən xüsusiyyət özünü onda göstərir ki, molla tərəfindən körpənin
sağ qulağına azan, sol qulağına isə iqamə oxunur.
«Ə zan oxumağın si-
rri; insanın bu dünyadan çıxışında kə limeyi-şə hadə tlə tə lqin edildiyi
kimi dünyaya gə lişində də , islamın süarı olan kə limeyi-şə hadə tin,
Allahın böyüklüyünü ifadə edə n kə lmə lə rin insanın qulağına ilk çarpan
şey olması üçün vacibliyi zə rurə tində ndir. Hə m də , yaradılışda ilk insanı
qandırdığı kimi yeni doğan uşağa şeytanın də və tində n ə vvə l, onu
Allaha, onun dini Islama və ona ibadə tə də və t üçün oxunduğu mə nası
da çıxarılır. Zira ə zanın oxunması ilə seytanın qacdığı, uzaqlaşdığı da bir
hə disdə bildirilmişdir. Yenə bir hə disdə , doğan uşağın qulağına ə zan
oxumaqla, o uşağa
«Ümmüs-Sıbyan»
zə rə r vermə z deyilmə kdə dir.
Ümmüs-Sıbyan
isə , cinlə rdə n uşağa müsə llat olan şeydir deyə izah
edilmişdir» (23, 119).
160
Əqiqi qız və ya oğlan fərq etmədən anadan olmasının yeddinci
günündə başı qırxılaraq onun adına kəsilən qurbandır. Əqiqi uşağın
adı qoyulub söyləniləndə «Bismillahi Allahu-əkbər, ey Allahım bu
sənin rizan üçün filanın əqiqəsidir» - deyə kəsilir. Əqiqə qanının
uşağın
tə raş edilmiş başına toxundurulması yerinə ə tir sürülmə sini Hz.
Peyğə mbə r tövsiyə etmiştir. Ə qiqinin ə tində n sahibi yeyir və
başqalarına da yedirir. Uşağa doğulduğu anda adla bə rabə r edilə n başqa
bir şey də tə hnikdir. Tə hnik bir kimsə nin damağını ovmaq mə nası
daşıyır. Xurmadan bir parça ağıza alıb yaxşıca çeynə yə rə k ə ldə olan
ağız suyunu uşağın damağına sürtmə kdir (23, 121). Ə fqanlarda da uşağın
doğulmasının yeddinci günündə adqoymasında qulağına dua oxuyurlar.
Qeyd edə k ki, «ə fqanların ə qidə sincə yeddi gündə n ə vvə l uşağa ad
qoyulsa, onun bə də ninə ziyankar ruhlar dola bilə r və uşaq
xə stə lə nə r». Bundan ə lavə varlı ailə lə r oğlanın başını birinci də fə
qırxanda onun tükü ağırlığında qızıl və ya gümüş paylayırlar. Bu adə t
«sə rkə li» adlanır (26, 119-120).
Qurani-Kərimdə deyilir: «Onları əsil-nəsəbləri bilinsin deyə öz
atalarının adı ilə çağırın, Bu Allah yanında daha düzgün, daha əda-
lətlidir. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaş-
larınız və yaxınlarınızdır, əmioğlanlarınız və ya azad kölələrinizdir;
onları qardaşım, əmioğlum, dostum-deyə çağırın. Etdiyiniz səhvlərə
məsələn birinin atasını bilmədən səhv saldığınıza görə sizə günah
yoxdur» (24, 236).
Xalqımızın adlara münasibətdə maraqlı məqam özünü göstərir.
Böyüklərə – ağsaqqal və ağbirçəklərə hörmət o qədər böyük əhə-
miyyət kəsb edib ki, evli gənclər onların yanında bir-birilərini adla
çağırmağa belə cürət etməyiblər. Əks təqdirdə bu etik normalardan
kənar davranış hesab edilib və ad çəkilməsi «eldən ayıb sayılıb».
Xüsusən də həyat yoldaşlarından söz düşəndə kişilər adıyla deyil,
əksər vaxtlarda «uşaqların anası», «filankəsin qızı»-deyə söz açıb-
lar. Eləcə də kişilər barəsində qadınlar «uşaqların atası» deyiblər.
Belə müraciət qaydası hələ «Kitabi-Dədə Qorqud» dastanından bəlli
olur. Belə ki, elə o zamanlardan qadınlara müraciət edilərkən onla-
rın adı çəkilməz, kimin qızı isə o adla da (xan qızı,) xatırlanardı. Bu
xüsusiyyət xalq düşüncə tərzinə elə sirayət edib ki, hətta XX əsrin
161
ortalarında belə bəzi ailələrdə qadın tərəfindən ərinin adını çəkmə-
yib ona «ə», «ağa» və s.- deyə müraciət edilib.
«Kitabi-Dədə Qorqud» dastanında «böyük qardaşı Əgrəkdən
söz düşəndə Səgrək onu hörmətlə «ağam» adlandırır, ata-anası da
«sənin ağan» deyirlər» (31, 10). Ümumiyyətlə, böyüklərə ağa, qağa,
lələ, bəy, xanım, banu və s. deyə müraciət edilmişdir. Hətta sonrakı
dövrlərdə «dünyaya sadəcə Həmid kimi, Səməd kimi gələn onlarla
dünənki cavan oğlanlar əlinə maya salıb ticarətə uyandan sonra, ya
da bir karxana sahibi olandan sonra dönüb olurdu Həmidağa, yaxud
Ağasəməd. Əsil adı Ağasəməd olan isə varlanandan sonra ikiqat
«ağalanırdı»- Ağasəməd ağa» (31, 9).
Adlar özündə tarixi reallığı yaşadır. Onlardan müxtəlif əşyaların
adlandırılmasında, hətta pulda istifadə olunur. Məsələn, «Şah Abba-
sın adı ilə əlaqədar tariximizdə bir söz də yaşayır - abbası» (31, 6).
«Qədim türk dillərində alp «bahadır, hünərpərvər» deməkdir.
Ona görə də «Dədə-Qorqud»dakı igidlərin adı məhz Alp Ərən, Alp
Rüstəmdir. Müasir dilimizdə hərfi tərcümədə «alp ərən» igid kişi
deməkdir» (31, 25).
Azərbaycanın müxtəlif ərazilərində ümumən adla əlaqədar
maraqlı məqamlar da mövcuddur. Belə ki, xüsusən kənd yerlərində
bir sıra şəxslərə öz adı ilə bərabər el arasında ayama kimi adlar
«taxılır». Bu adların bəziləri məzəli mahiyyət daşıyır, bəziləri isə
həmin adamın hər hansı bir fəaliyyəti ilə bağlı olur. Bu xüsusiyyət
orta əsrlərdə də mövcud idi. Məlik adlı şahzadə çox vaxt sərxoş
olduğuna görə Bəngi Məlik deyə (ləqəb kimi) çağırılırdı. Bu ad da
ona keçirdiyi içkili həyat tərzinə görə verilmişdi. (27, 132) Bəzən
isə insanları kənddə eyni ada malik adaşlarından fərqləndirmək
üçün ikinci bir ad tətbiq edilir. Bununla bərabər insanlara verilən
ləqəblər onların xarici görkəmi ilə də bağlı olurdu. Məsələn, tarix-
dən məlum olan İsgəndər Zülqərneyn, topal Teymur, gödək Əhməd,
Uzun Həsən və s. Bəzi şəxsiyyətlər isə özlərinə müəyyən adlar
götürməklə mahiyyətlərini açıqlamağa çalışmışlar. Məsələn, orta əsr
şairi Qul Əli. Əslində şairin özünü qul adlandırması onun Allah
bəndəsi, onun qulu sayılması deməkdir.
162
Adqoyma ilə bağlı qəribə hallara da rast gəlmək mümkün olur.
Məsələn, bir ailədə baba öldükdən sonra oğlan nəvələrinə adı qo-
yularkən həmən uşaqlar qalmayıb tələf olurdular. Nəhayət, vali-
deynlər doğulan digər oğlan uşaqlarına babanın adını qoymamaq
qərarına gəlirlər. Bu uşaqlar isə sağ qalır. Belə olduğu təqdirdə
«ölənin öz adını vermədiyini» söyləyirlər. Bəzi ailələrdə ölən uşağın
adını elə həmin ailədə yenidən doğulan körpəyə qoyulması faktları
da vardır.
Uşaqları doğulub fəqət qalmayaraq ölən ailələr gələcəkdə
doğulan uşaqlara Yaşar, Dursun kimi adlar qoyurlar ki, onlara bir
xətər dəyməsin. Belə halların olduğu bir sıra digər ailələr isə uşağın
qalması üçün onun adını başqa millətlərin və başqa dini mənsubiy-
yətə malik olanların isimlərindən götürürlər.
Azərbaycanın müxtəlif bölgələrində qoyulan adlar bəzən təkrar-
lanır. Bu cür adlara məhz daha çox həmin bölgədə rast gəlmək olur.
Məsələn, bakılılarda adqoymada fərqli xüsusiyyət özünü onda gös-
tərir ki, uşaqlara əksər hallarda ikili tərkibli adlar qoyulur. Məsələn,
Ağasəlim, Ağabala, Əlibala, Gülbala, Atabala, Əlibaba, Məşədixa-
nım, Zərnigar, Qızxanım, Anaxanım, Xanbacı, Ağadadaş və s. Ağ-
dam bölgəsində ailənin oğlanlarına Qardaşxan, Qırımxan, Murad-
xan kimi sonluğu təkrarlanan adların qoyulması hallarına rast gəl-
mək mümkündür. Şah, ağa, xan, bəy tərkibli adlar da tarixən
mövcud olmuşdur.
Elə adlar vardır ki, onların dərin qatlardan orta əsrlərdən gəldiyi
məlum olur. Şairlərimizin adlarında və onların əsərlərində bu özünü
büruzə verir: Afşin, Babək, Cavanşir, Nizami, Arif, Afaq, Nüşabə,
Şirin, Füzuli, Nəsimi, Fərhad, Məhin banu və s. O.Mirzəyev qeyd
edir ki, XII əsrdə Ərdəbil hakimi Xasbəy adını daşımışdır. Şah
İsmayıl Xətainin qızı Firəngiz adını daşıyıb (31, 26; 231). Tarixi
mənbələrdən alınan məlumatlarda çəkilən hökmdar adları onların
orta əsrlərin yadigarı olduğunu söyləməyə əsas verir. Məsələn,
Toğrul, Şəmsəddin, Səncər, Qazan, Hülaki və s.
Son zamanlar elə əvvəllər də olduğu kimi Məkkə ziyarətinə ge-
dib gəldikdən sonra adların əvvəlinə Hacı kəlməsi əlavə olunur. Bu
onların müqəddəs yerdə ziyarətdə olduqlarının göstəricisi kimi mə-
163
nalandırılır. Hətta kişilərə öz adlarının qarşısına hacı kəlməsi əlavə
olunursa, məsələn, Hacı Qadir, ziyarətdə olmuş qadınların hamısına
sadəcə «hacıxanım» deyə müraciət edilir. Uzun müddət tarixdə
adların qarşısında məşədi və kərbəlayi sözləri işlədilmişdir. Bu da
İranın Məşhəd və İraqın Kərbəla şəhərlərinə ziyarətə gedən zəvvar-
ların adlarının əvvəlinə əlavə olunurdu. Bununla yanaşı, qeyd edək
ki, «xüsusi adların bir qismi də kişilərə və ya qadınlara məxsus və-
zifə, peşə və titul bildirən xan, bəy, ağa, hacı, seyid, mir, mirzə, xa-
nım, banu kimi sözlərlə ifadə olunur. Belə sözlər bir sıra xüsusi ad-
lara qoşularaq yeni adlar əmələ gətirmişdir. Məsələn, Xanqulu,
Xancan, Xanmirzə, Mirzəxan, Vəlixan, Xanmurad, Balabəy, Vəli-
bəy, Kərimbəy, Seyidəhməd, Seyidəli, Mirtalıb, Hacıxan, Hacımir-
zə, Ağamusa, Ağagül, Ağakərim, Gülağa, Mirəli, Ağamir, Şeyxəli,
Mirzəbala, Ağamirzə, Xansənəm, Şəhrəbanu, Xanımana» (14, 37).
Cəbrayıl, Mikayıl kimi adların qoyulması mələklərin adıyla bağlı
olmuşdur.
Bizdə işlənən Yusif adının bir sıra dünya xalqlarında qarşılığı
vardır. Bunlara misal olaraq ruslarda Osip, ingilislərdə Cozef, ital-
yanlarda Cuzeppe, ispanlarda Xose və s. göstərmək olar. Qeyd et-
məliyik ki, «həmin ad yəhudilərin qədim babalarına məxsusdur.
İosif gözəl deməkdir. Onu yəhudilərdən yunanlar götürmüşlər, son-
ra da başqa Avropa ölkələrinə və bütün Şərqə yayılmışdır» (14, 43).
Azərbaycanda şair və yazıçıların təxəllüs götürməsi uzun əsrlər
boyu bir ənənə halını almışdır. Bəzi hallarda bu həmin şəxsiyyət-
lərin doğulduğu yerin adı ilə bağlı olmuşdur. Nizami Gəncəvi, Məh-
səti Gəncəvi, Qətran Təbrizi, Məmməd Səid Ordubadi və s.
Təsadüfi deyildir ki, xalq arasında doğum gününün hər il qeyd
olunması ənənəsi formalaşmışdır. Belə vaxtlarda doğum günün de-
yil, məhz «ad günün mübarək» deyirlər. Bu da ada böyük əhəmiy-
yət verilməsinin göstəricisidir. Adla bağlı atalar sözlərində də ma-
raqlı və məzəli incilər mövcuddur. Məsələn, «Adı addan götürərlər.
Adı dillər əzbəridir. Adını çək, qulağını bur. Adın çıxdı doqquza,
geri getməz səkkizə. At min, ad qazan. Atdan düşsən də, addan düş-
mə. Quş qanadı ilə tanınar, insan adı ilə» (28, 88-90). Tapmacalarda
164
yaxşı ad-san haqqında deyilir: əzilməz, üzülməz, min ilə çürüməz
(29, 142).
O.Mirzəyev qeyd edir ki, Şərq ölkələrində tarixi şəxsiyyətlər
içərisində Sultan əl-Adil, Malik əl-Adil, Vəzir əl-Adil və s. kimi
adlar olub ki, sonralar sadəcə Adil kimi məişətimizə daxil olub.
«Kitabi-Dədə Qorqud» dastanında Aruz və Uruz obrazları
vardır. Şübhəsiz, hər ikisi eyni adın fonetik formalarıdır. Nəzərə
alınsa ki, müasir qazax və qırğız xalqlarında Oruz, Oruzbay adları
mövcuddur. Bu xüsusda T.Hacıyev belə hesab edir ki, Varaz ismi
də həmin antroponomin fonetik variantıdır (31, 28-29).
Atabəy adı isə tarixi məlumatlardan aydın olduğu kimi atabəy
vəzifəsi, bir növ qəyyumluq mahiyyəti daşıyan titul kimi var
olmuşdur, sonralar isə ada çevrilmişdir.
Bir sıra adların dəqiq vaxtını müəyyən etmək mümkün olmasa
da, təbiətlə bağlı adların qədimliyini söyləmək mümkündür. Çünki
insanların ad qoyarkən inandıqları, onlara məna yüklədikləri təbiət
qüvvələrinə, əşya və bitkilərə xüsusi rəğbətlə yanaşdıqları bəllidir.
Bu baxımdan da bitki və heyvan adlarının daha qədim olduğunu
qeyd etmək olar.
Beləliklə deyə bilərik ki, adqoymanın qədim tarixi olduğu
şübhəsizdir. Adqoyma bütün dövrlər üçün eyni məzmun kəsb etmiş-
dir. Ailə məsələlərində ad qoyma hər zaman diqqət mərkəzində
durmuşdur. Onlar özlərində zamanın gerçəkliyini, xalqlar arasında
mövcud olan əlaqələri, dini münasibətləri ehtiva edir. Adın qoyul-
ması müəyyən mərasimlə müşayiət olunmuşdur. Adlar millilik
nişanəsidir və başqa dillərə heç vaxt tərcümə olunmur. O, insanlar
üçün ən zəruri vasitədir. O insanın varlığını öləndən sonra da yaşa-
dan nişanədir. Adlar müəyyən məna yükünü daşıyır. Uşaqlar öz
adını seçmir, ona bu ad verilir. Adların seçilməsində onun uğur
gətirəcəyinə inam üstünlük təşkil edir. O, nəsildən-nəsilə ötürül-
məklə onun sanki davam etdirilməsi mahiyyəti daşıyır. Müasir
dövrdə söz xəzinəsi incilərindən seçilərək uşaqlara yeni-yeni adlar
qoyulmaqdadır. Azərbaycanlıların yuxarıda sadalanan şəxs adları
xalqın tarixi və həmçinin mədəni həyat tərzini əks etdirərək
165
antroponimiyanın özünəməxsusluğunu göstərir. Adlar hər bir xalqın
mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini
öyrənməkdə yardım etməklə bərabər, qədim dini təsəvvürlərin
müəyyən olunmasında da antroponimiya mənbə rolu oynaya bilər.
Dostları ilə paylaş: |