ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
187 
 
insanın  keçirdiyi  daxili  hisslərin  təzahür  formasıdır,  özünü  kifayət 
qədər  ifadə  edə  bilməsidir.  Mənsub  olduğu  xalqın  təmsilçisi  kimi 
şərəf və güclü ləyaqət hissinin olması əxlaqın sabit xətt üzrə inkişaf 
etdiyini  sübuta  yetirir.  Şah  İsmayıl  «Xətai  əxlaqi  keyfiyyətləri 
müəyyənləşdirərək,  buraya  mərdliyi,  qəhrəmanlığı,  dostluğu,  səda-
qəti, doğruçuluğu və başqa insani sifətləri daxil etmişdir. O xalqın, 
vətənin mənafeyini müdafiəyə  yönəldilmiş hər bir işə tərəddüdsüz, 
cəsarətlə girişməyi bir iradi keyfiyyət kimi öz müridlərində görmək 
istəyirdi. O, dost tapmaq üçün illərlə götür-qoy  etməyi,  hər  yetənə 
inanmamağı,  dostu  sınaqlardan  çıxarmağı  lazım  bilirdi.  Xətai  yol-
daşlıq və dostluqda qeyri-sabit olanlardan, yalançı və riyakarlardan 
uzaq olmağı məsləhət bilirdi» (41, 71).      
Normal insanın əxlaqı meyarı tərəqqidir. İnsanın münasibətlərə 
uyğun müvafiq qərarlar çıxarması onu fərdlərdən şəxsiyyətə doğru 
yetişdirdiyi əxlaqa borcludur. O, milli adət və ənənələr ruhunda tər-
biyə alır, onlara əsaslanaraq fəaliyyət göstərir və müəyyən vərdişlər 
əldə  edir.  Ailədəki  birgə  əmək  onun  üzvlərini  bir-birinə  nə  qədər 
bağlasa  da  mənəvi  tellərlə  bağlılıq  daha  sıx  və  dərin  olmalıdır. 
Daimi  ünsiyyətdə  olma,  uşaqların  məsuliyyətli  olmasına  çalışmaq 
kimi vəzifələr qarşıda durur. Onda ailənin bütövlüyü, sağlam təməli 
daha möhkəm olur. Ayıq-sayıq olmaq, özünü dərk etmək, səhvlərini 
daha yaxşı anlamaq üçündür.  
Məlumdur ki, hər bir şəxs əxlaqını onun öz daxili təbiətinə uyğun 
tərzdə  və  vicdanının  səsinə  müvafiq  həyata  keçirir.  Ə.Əhmədov 
yazır:  «ümumbəşəri  əxlaq normalarının, nəcib  mənəvi  keyfiyyətlə-
rin, sağlam estetik zövqün faydalarından, insan həyatında rolundan 
bəhs  edən  yazılara,  estetika  və  etikanın  ən  mühüm  kateqoriyaları-
nın,  anlayışlarının  mahiyyətini  açıqlayan  araşdırmalara,  klassik 
sənətkarlarımızın,  ulularımızın,  müdriklərimizin  bu  gün  də  öz 
əhəmiyyətini  itirməyən,  bizi  daim  mənəviyyatca  saflaşmağa,  ülvi-
ləşməyə səsləyən hikmətli sözlərinin, öyüd və nəsihətlərinin şərhi-
nə, təbliğinə nə qədər böyük ehtiyac vardır» (33, 5).  
Cəmiyyət inkişaf etdikcə əxlaqi keyfiyyətlərdə də müəyyən irə-
liləyiş özünü göstərir. Zamanın qanunauyğunluqlarından doğan də-

 
188 
 
yişikliklər fərqli baxışların formalaşması kimi xüsusiyyətlər də orta-
ya çıxır. Lakin insanın dünyagörüşündəki ədalət, vicdan, rəhm,  fə-
dakarlıq və s. kimi yüksək mənəvi dəyərlər əxlaqın dəyişməyən xü-
susiyyətləridir.  Hər  bir  insan  cəmiyyətdə  öz  əxlaqına  görə  qiy-
mətləndirilir.  Bu  qiymət  də  ona  cəmiyyət  tərəfindən  vacib  sayılan 
tələblərə  əməl  edilməsilə  verilir.  İnsan  haqqında  fikir  yürüdərkən 
əqidə  və  inamı  ilə  yanaşı,  həmçinin  bilik  və  bacarığı,  məsuliyyət 
dərəcəsi əsas şərt kimi qəbul edilir, o, əməlinə görə dəyərləndirilir.    
Vicdan  insanın  daxili  aləminin  tərəzisidir.  O,  psixoloji  dərket-
mənin  ifadəsidir və daxildən gələn həyəcanın  təzahürüdür. Müsbət 
və ya mənfi anlamda insanlar qaçıb vicdandan qurtara bilmir. Daxili 
səs olduğu üçün vicdandan qaçmaq olmur. Öz əməllərinin mühaki-
mə  mənbəyi  insan  ruhunun  hakimi  kimi  istiqamətləndirici  rola 
malikdir.  İnsanın  təməl  mahiyyəti  mənəvi  dəyərlərə  münasibətdən 
asılıdır. Bu da onun ideal səviyyəyə qalxmasını təmin edir.  
Estetik tərbiyə də bütövlükdə övlad tərbiyəsinin tərkib hissəsi-
dir. Ə.Əhmədov yazır: «Ailə dolğun mədəni həyatla yaşadıqda onun 
estetik maraqları geniş və rəngarəng olduqda, uşağın estetik hisslər 
və təsəvvürlər aləmi asanlıqla, sanki  nəzərə  çarpmadan formalaşır. 
Valideynlər  üçün  ailə  tərbiyəsi  hər  şeydən  öncə  özünütərbiyədir. 
Valideynlərin  özünütərbiyəsi  uşaq  şəxsiyyətinin  müvəffəqiyyətlə 
formalaşdırılması üçün son dərəcə zəruridir. Estetik tərbiyə məsələ-
lərinə valideynlərin düzgün münasibəti, onların bu işdə fəal iştirakı 
müvəffəqiyyətin rəhnidir»  (33, 144–145). Bu xüsusda B.Qurbanov 
qeyd edir ki, «Məlumdur ki, insanın estetik zövqü ən kiçik yaşların-
dan formalaşmağa başlayır. Uşağın  predmetlər aləmi  ilə tanışlığını 
isə oyuncaqlarsız təsəvvür etmək olmur. Yaddan çıxarmamalıyıq ki, 
oyuncaqlar  uşaqların  həyatında  heç  də  yalnız  əyləncə  funksiyasını 
daşımır. O, uşaqları gözəllik aləminə gətirir, gözəllik haqqında on-
lara ilk anlayışlar verir» (35, 55). K.Əzimov yazır ki, orta əsr müsəl-
man estetik təlimi üçün bütövlükdə aşağıdakı ideyalar xarakterikdir: 
«1.Yaxşı və xeyirxah o adamdır ki, onun xoş zövqü xarici davranışı 
ilə  uyğun  gəlir  və  nəticədə  onun  davranışı  əla  müəyyən  edilir.  2. 
İnsanın etik və estetik idealı-yüksək təhsilli, intellektual, elmin əsas-

 
189 
 
larına  sahib,  tərbiyəli  və  mədəni.  3.  Əla,  aristokratik  zövqə  görə, 
yaxşı  orta  əsr  müsəlman  bədii-estetik  mədəniyyətində  humanist  və 
demokratik xətt qəbuledilməzdir» (21, 47).  
Orta  əsr  dövrünü  araşdırarkən  əldə  olunan  materiallar  onu  de-
məyə əsas verir ki, ailə və onun daxili ənənəsi sabit mənəvi dəyər-
lərə söykənməli və möhkəm olmalı idi. Böyüklərə hörmət və kiçik-
lərə qayğı  prinsiplərini əsas götürərək münasibətlərin  tənzim olun-
ması bir mühüm məsələ kimi bütün dövrlər üçün zəruridir. Əsl in-
san yaşadığı zaman kəsiyində özünə müəyyən bir yol cızır. Həyatın 
sınaqlarına  sinə  gərərək  bu  yolda  mətin  addımlarla  irəliləyir.  Nə 
olursa, olsun yüksək mənəvi dəyərlərini heç bir zaman  çətin anda 
belə  itirmir.  Cəmiyyət  qanunauyğunluqlarının  təsir  dairəsi  daha 
güclü olmaqla əhəmiyyət kəsb edir. Çünki insan cəmiyyətin bir his-
səsidir,  o,  hərəkətilə  və  fəaliyyətilə  istər-istəməz  müəyyən  qanun-
lara tabe olan bir varlıqdır. Cəmiyyətin inkişafı ilə insan da püxtə-
ləşir, təkmilləşir, yüksək inkişaf səviyyəsinə çatır.     
Təhlillər onu deməyə əsas verir ki, orta əsrlərdə ənənəvi tərbiyə 
üsulları bunlardan ibarət olmuşdur: 
 
1. İnandırma və təsiretmə. 
2. Alışdırma və vərdişetmə. 
3. Rəğbətləndirmə və cəzalandırma.  
 
Tərbiyə  prosesində  ən  mühüm  tərbiyə  vasitəsi  kimi  inandırma 
və təsiretməni  qeyd etmək lazımdır. Bu da ünsiyyət  vasitəsilə  ger-
çəkləşir.  Cəmiyyət  içərisində  yaşayıb  ünsiyyət  saxlamamaq  müm-
kün deyildir.  Bu insanlığın  əsas tələbatından doğan və əhəmiyyətə 
malik  olan  bir  əlaqədir.  Ünsiyyət  ta  qədim  zamanlardan  insanlar 
arasında münasibətlərin səviyyəsini müəyyənləşdirir. Ünsiyyət vasi-
təsilə,  danışmaqla  bilavasitə  qarşısındakının  məqsədini,  səyini  və 
düşüncəsini daha dəqiq anlamaq mümkün olduğuna görə o tərbiyə-
nin vacib məsələsidir. Bununla böyük təsiredici vasitələrdən istifadə 
etmək olar. Məhz ünsiyyət vasitəsilə müəyyən məqsədə nail olmaq 
olar. Belə ki, müəyyən dəyişikliyə müvəffəq olmaq üçün qarşısında-

 
190 
 
kının vəziyyətinə  daxil olmaq lazımdır, dərdini anlamaq zəruridir. 
Bu və ya digər məsələyə münasibətini dəqiqləşdirdikdən sonra ün-
siyyəti  genişləndirməklə,  tarixi  hadisələrdən  gətirilən  misallardan, 
məişətin özünəməxsus  qayda və qanunlarından ibrətverici  örnəklər 
gətirməklə  böyük  təsirə  nail  olmaq  olar.  Qeyd  etdiyimiz  kimi, 
haqqında  bəhs  etdiyimiz  orta  əsrlər  məişətdə  islam  dininin  dərin 
kök  salıb  geniş  intişar  tapdığı  bir  zaman  olduğundan  Quranda  öz 
əksini tapan və şəriətlə qanunlaşdırılmış davranış qaydalırı bu dövr 
üçün əsas meyar sayılmışdır. Bununla yanaşı, əsrlərdən bəri inkişaf 
edərək  bu  günümüzədək  qorunub  saxlanılan  mütərəqqi  adət  və 
ənənələrimiz də tərbiyə məsələsində mühüm əhəmiyyət kəsb edir.  
Tərbiyədə təsir qüvvəsinin rolu böyükdür. Lakin bir şeyi nəzərə 
almaq  lazımdır  ki,  burada  əsas  məsələ  ünsiyyətdə  iştirak  edənlərin 
arasındakı qarşılıqlı inam və etibarın olmasıdır. İnsanlar arasında tə-
mas onların bir-birini daha yaxşı qavraması və anlamasında əhəmiy-
yət  kəsb edir. Belə bir zəmin əsasında   yaranan səmimi münasibət 
dərdinə şərik olmaq insanları bir-birinə yaxınlaşdırır və tərəflər bir-
birini qiymətləndirir. Burada davranış və rəftaretmə xüsusi əhəmiy-
yət kəsb edir. Təsir edənlə təsir olunan arasındakı qarşılıqlı anlaşma 
emosional  vəziyyət  anlayış  göstərmə  əsas  xüsusiyyətlərdir.  Bu  da 
şəxslər  arası  münasibətlərin  effektivliyini  təmin  edən  əsas  amildir. 
Məqsədi dəqiqləşdirmək əsas şərtdir. Hər bir insanın o andakı  psi-
xoloji  vəziyyətini  düzgün  dəyərləndirmək,  qarşısındakını  alçaltma-
mağa  xüsusi  səy  göstərmək  vacibdir.  Burada  həyat  təcrübəsi, 
şəraitin düzgün dəyərləndirilməsi, etik qanunlar və xalqın əsrlər bo-
yu  formalaşan  adət  və  ənənələri  çərçivəsində  hərəkət  etmək  güclü 
təsir qüvvəsi  yaratmağa kömək edir. Bütün bunları nəzərə almaqla 
inandırma yolu ilə məqsədə nail olmaq olar. Ünsiyyətin səmərəliliyi 
insanlar arasında düşüncə və əqidə birliyinin olması ilə bağlıdır.  
Zəngin  təcrübə  əsasında  ağsaqqalların  müdrik  nəsihətlərinin 
çox mühüm təsirə malik olduğu Nizami Gəncəvi tərəfindən də qələ-
mə  alınmışdır.  «Kərpickəsən  qocanın  hekayəsi»ndə  qoca  deyir  ki, 
mən  əlimi  bu  sənətə  ona  görə  uzatmışam  ki,  heç  kimin  qabağında 
dilənməyəm, öz zəhmətimlə ruzimi qazanam. Qocanın məzəmmətli 

 
191 
 
sözlərindən cavan oğlan ağlaya-ağlaya gedir. Burada şair tərbiyədə 
ünsiyyət vasitəsilə inandıraraq təsiretmənin nə kimi əhəmiyyəti ol-
duğunu  göstərməyə  çalışmışdır.  Bu  cür  fikirlərə  Nizaminin  əsərlə-
rində tez-tez rast  gəlmək mümkündür. Məhinbanunun Şirinə öyüd-
nəsihəti də bu qəbildəndir. Məhinbanu Şirinə o qədər təsirli  sözlər 
deyir  ki,  axırda  Şirin  ona  and  içib  dediklərini  qulağında  sırğa  edir. 
Burada  şair  ağıllı  nəsihətin,  məsləhətin  təsiramiz  rolunu  qeyd  edir. 
O, fikirlərinin nə qədər tərbiyəvi  əhəmiyyətə malik olduğunu söylə-
yir. Buradan çıxan nəticə odur ki, ailə və onun daxili ənənəsi sabit 
mənəvi dəyərlərə söykənməli və möhkəm olmalıdır. Böyüklərə hör-
mət  və  kiçiklərə  qayğı  prinsiplərini  əsas  götürərək  münasibətlərin 
tənzim olunması bir mühüm məsələ kimi bütün dövrlər üçün zəruri-
dir.  Yüksək  mənəvi  keyfiyyətlər  olan  şərəf,  ləyaqət,  abır-həya,  is-
mət, hörmət, sədaqət və s. müsbət keyfiyyətlərin qiymətləndirilərək 
başqalarına da aşılanması Azərbaycan ziyalılarının əsərlərində də öz 
əksini tapıb. Nizami özü haqqında belə deyir:   
 
Səndən kənarda (uzaqda) sənin keşiyini çəkən, 
Daxili aləmini tərbiyə edən var. 
O sənin qulaqlarına yaxşı nəsihət verəndir (20, 158). 
 
Burada  şair  yazdıqları  ilə  şahlara  ağıl  dərsi  verə  biləcək  bir 
müdrik  insan  olduğunu  vurğulamağa  çalışır  və  eyni  zamanda 
müdrik nəsihətə diqqət yetirilməsi məsələsini vurğulayır.  
Alışdırma  və  vərdişetmə  uşaqlıq  çağından  tədriclə  aşılanır. 
Bununla  yanaşı, tərbiyədə uşaqların rəğbətləndirilməsi bir işə sövq 
etmək  üçün  onun  əhəmiyyətinin  vurğulanması  əsas  şərtlərdəndir. 
Lakin məsuliyyətsizlik, laqeydlik, təsərrüfat işinin icra olunmaması, 
tənbəllik kimi gərəksiz keyfiyyətlər qarşısında uşaqların danlanma-
sı, döyülməsi kimi cəzalandırma tədbirləri həyata keçirilirdi.  
Orta əsrlərdə bir sıra cəza qaydaları tətbiq olunurdu. Məlumdur 
ki, cəzanın məqsədi qorxutmaqdır. Cəza həm ailə daxilində, həm də 
bütövlükdə  cəmiyyətdə  törədilən  müəyyən  hərəkətə  görə  dürüst 
olması  və  düz  yola  gətirilməsi  üçün  insana  tətbiq  edilən  tədbir 

 
192 
 
vasitəsidir.  Orta  əsrlərdə  cəzanın  döymək,  şillə  vurmaq,  asmaq, 
boyun vurmaq, dəri soymaq, qulaq kəsmək, heyvanlara yem etmək 
kimi  növləri  olduğu  məlumdur.  Bunun  mahiyyətində  əslində  o 
dayanırdı ki, bu tədbir başqalarına görk olsun. O törənə biləcək yeni 
lüzumsuz hərəkətlərin qarşısını almaq məqsədi daşıyırdı.  
Tərbiyənin müvəffəqiyyəti ailədə əsas götürülən prinsiplərin zə-
ruri şərt kimi qəbul olunması və hər üzv tərəfindən tanınmasından, 
yekdil  qərarın  alınmasından  çox  asılıdır.  Bu  sadalananlara  ciddi 
surətdə  riayət  olunması  hərtərəfli  düşünülmüş  şəkildə  yanaşılması 
zəruri şərt hesab olunur. Burada həmçinin mövcud cəmiyyət qanun-
larının yönləndirilməsi də nəzərə alınmalıdır. Ailədə övladın mütilik 
ruhunda tərbiyəsi mənfi nəticələr doğura bilər. Qayda və qanunlara 
əməl etməyə yardım göstərmək ailənin vəzifə borcudur. 
Mənlik  şüurunun  formalaşması  onun  nəyə  qadir  olduğunu  və 
özünü  təsdiqetmə  qabiliyyətinin  realizə  olunmasına  xidmət  edir. 
Dolğun  həyat  tərzi  keçirmək,  mənalı  ömür  yolu  yaşamaq,  uşaqları 
kor-koranə  həyatın  axınına  buraxmaq,  onların  kortəbii  şəkildə  tər-
biyə almasına seyrçi qalmaq tərbiyə işində qəbul edilməyən bir ad-
dımdır  və  çox  ağır  nəticələri  ola  bilər.  Çünki  bu  cür  yanaşma  sə-
mərə  verə  bilməz.  Həlledici  amil  kimi  ailə  daxili  münasibətlərlə 
bərabər maddi vəziyyətin də qənaətbəxş olması ortaya çıxır. Ailədə-
ki şərait üzvlər arasındakı münasibət uşağa sirayət edir və onun hə-
yatında  dərin  izlər  buraxır.  Bu  isə  gələcəkdə  onun  həyatında  sabit 
xarakter  alır.  Ailə  dayaqlarının  sarsılmaması  üçün  birgə  cəhdlərlə 
onun  qorunmasına  səy  göstərilir.  Atalar  məsəli  də  vardır:  «əzizim 
əzizdir,  tərbiyəsi  ondan  da  əzizdir.»  Uşağın  özünü  həmişə  başqa-
larının  nəzarəti  altında  hiss  etməsi  də  onu  bezdirə  bilər.  Lakin  bu 
nəzarəti daim saxlamaq üçün də onu sezilməyəcək səviyyədə həyata 
keçirmək  lazımdır.  Valideynlərin  görüş  dairəsinin  çərçivəsi  dar 
olduqda, savad kasadlığı dünyagörüşünün məhdudluğu istər-istəməz 
uşaqlara da öz təsirini göstərir.  
İnsanlar  nəcib  sifətləri  ilə  qiymətləndirilirlər.  Xüsusən  dostluq 
haqqında  məlumat  verən  müəlliflər  onları  sadiq,  səmimi  və  qayğı-
keş  bir  insan  kimi  təsvir  edirlər.  Dostluq  insanların  bir-birilə  daha 

 
193 
 
yaxın  olub  doğmalaşmasına  gətirib  çıxaran  hisslərdir.  Dostluq  sir-
daşlıq  zəminində  formalaşır.  Orta  əsr  şairi  Suli  Fəqih  kimsənin 
sirrini faş etməyin doğru olmadığı barədə öyüd verir, sirri açmaqla 
insanın özünün xar olduğunu qeyd edir (66, 10-11). Dost müəyyən 
həyat  yolunda  seçilən  ən  sadiq  insandır.  Dostluq  münasibətlərinin 
əsasında  təmizlik  və  təmənnasızlıq  durur.  İllərin  sınağından  keçən 
adamlar  arasında  yaranan,  insani  hisslərin  yüksək  təzahürüdür.  İn-
san münasibətlərinə dostluq yeni rəng, yeni çalarlar gətirir. Başqala-
rı ilə bölüşə bilmədiklərini yalnız onunla paylaşmaq, dərdini anladıb 
şərik tapmaq insan həyatında mühüm rola malikdir. Məsələn, Məc-
nunun dostu, Xosrovun dostu və s. Dostluq nəcibliyin, səmimiyyə-
tin,  hörmətin,  xeyirxahlığın,  fədakarlığın,  sədaqətin  rəmzidir.  XVI 
əsr şairi Həqirinin tərbiyə məsələlərinə dair verdiyi məlumatlarında 
maraqlı  fikirlər  vardır  ki,  bu  da  ibrətamiz  məsləhət  kimi  olduqca 
əhəmiyyətlidir. 
 
Dost olmaq istəsən bir gün birilə 
Yaxşı, həm pisini gözündən keçir. 
Xoş olsa rəftarı, ürəyi pakdır, 
Onunla xoş bir gün ömründən keçir. 
Yaman əhvallıdır gəlmir xoşuna, 
Səlam əleyk eylə, qıraqdan keçir! (9, 384–385) 
 
Şair burada olduqca maraqlı bir məqama toxunur. Belə ki, dost 
seçərkən diqqət  yetirilməsi gərəkli olan xüsusiyyətlərə fikir vermə-
yin vacibliyini söyləyir. 
Leyli  və  Məcnun  bir-birinə  hüsn  rəğbət  bəsləyirlər.  Bir  yerdə 
olduqlarından  bir-birilərinə  öyrəşirlər.  Onların  arasında  yaranan 
səmimi ünsiyyət xoş ülfətə çevrilir, nəticədə bircə dəqiqə belə ayrı 
qala  bilmədiklərini  hiss  edirlər.  Gənclik  çağlarının  ilk  məhəbbət 
hissi saf dostluq zəminində pöhrə verir. Bir-biri üçün yarandıqlarını 
dərk edirlər. Leyli və Məcnunda ilk məhəbbət bir-birinə bağlılıqda 
özünü  göstərir.  Sevənlər  arasında  yalnız  bir  həqiqət  vardır,  o  da 
onların  başqalarını  görə  bilməmələri.  Məhəbbət  dostluq,  səmimiy-
yət  və  s.  keyfiyyətlərin  vəhdətini  əks  etdirir.  Sevimli  adam  barədə 

 
194 
 
daim  düşünmək.  Leyli  və  Məcnun  zamanın  şərtlərinin  fərqinə 
varmadan öz hisslərini ölənəcən qoruyub saxlamağı bacarırlar. 
Qonşuluq münasibətlərinin təməlində tarix boyunca yardımlaş-
ma, əl tutma və arxa durmaq kimi xüsusiyyətlər dayanmışdır. Qon-
şular müxtəlif olur. Xəstəlik zamanı əl tutan yaxın qonşu olur. Elçi-
lik, nişan, xınayaxdı və toy mərasimlərinin əsas iştirakçıları qonşu-
lar  olur.  Bununla  bərabər  qonşular  dəfn  mərasiminin  də  düşdüyü 
ailələrə  öz  yardım  əllərini  uzadır,  yas  düşən  evi  mütəmadi  ziyarət 
etməklə,  onun  kədərinə  şərik  olduqlarını  bildirərək  dərdini  azalt-
mağa çalışırlar.  
Qonşulara  bütün  dövrlərdə  böyük  hörmət  edilmişdir.  Hətta  bu 
hörmət təbliğ və tərbiyə edilmişdir. Qonşudan evə ağsaqqal  və ağ-
birçək gələndə ayağa qalxaraq onlara yer verilmiş, ilk növbədə hal-
əhval tutulmuş və bundan sonra ilk olaraq süfrə açılaraq çay təklif 
edilmişdir. Qonşu özünü öz evindəki kimi hiss etmişdir. Qonşunun 
qonaqdan  fərqi  onun  ailə  fərdlərilə  daha  yaxın  olmasında,  hər 
zaman yaxınlığı qorumasında özünü göstərir. 
Azərbaycan xalqının himayəçilik ruhu yüksək olmuşdur. Xüsu-
sən aztəminatlı ailələrin dolanması üçün, əmək qabiliyyəti olmayan-
lara  yardım,  ailə  başçılarını  itirən  uşaqlara  qohum-əqrəbanın  sahib 
çıxması kimi hallar təkcə bu günə xas keyfiyyət deyil, əsrlərin də-
rinliklərindən gəlir. Qoruyuculuq,  qəyyumluq, arxa durmaq, huma-
nizmdən doğan keyfiyyətlərdir ki, bu Azərbaycan xalqına daha çox 
xarakterikdir.  Xüsusən  də  orta  əsrlərdə  qəyyumluq,  himayədarlıq  
insani  münasibətlərdə  müharibələrdən,  xəstəlikdən  və  digər  səbəb-
lərdən  doğan  zərurətə  çevrilirdi.  Burada  təbii  ki,  mədəni  tarixi  xa-
rakter daşıyan hisslər də öz sözünü deyir. Azərbaycanda bu hisslər 
orta əsrlər dövründə atabəylik institutunun formalaşmasında bilava-
sitə  özünü  göstərir.  Göstərilən  xüsusiyyətlər  konkret  cəmiyyətin 
ayaqda qala bilməsinə və inkişafına xidmət edir.  
Ailə  tərbiyəsi  probleminə  cavab  tapmaq  üçün  araşdırdığımız 
orta əsrlər dövründə yaşayan şair və mütəfəkkirlərimizin yaradıcılı-
ğında verilən məlumatlara nəzər yetirmək vacibdir. Qeyd etməliyik 
ki,  «görkəmli  şəxsiyyətlərin  təlim-tərbiyə  haqqında  fikirlərinin 

 
195 
 
öyrənilməsi bir də ona görə zəruridir ki, onların ideya, mənəvi irsi 
bu gün də öz əhəmiyyətini saxlayır» (31, 7). Orta əsrlərin müxtəlif 
dövrlərinin şair və mütəfəkkirlərinin əsərlərində müəlliflər ümumiy-
yətlə,  ailə  səadəti  və  tərbiyə  problemini  ön  plana  çəkmişlər.  Onlar 
bununla bağlı öz zəmanələrinin mütərəqqi fikirlərini yaradıcılıqları 
boyunca  işıqlandırmağa  çalışmış,  sözügedən  məsələyə  öz  şəxsi 
münasibətlərini  də  bildirməyə  üstünlük  vermişlər.  Eyni  zamanda 
Azərbaycan  haqqında  məlumat  verən  bir  sıra  əcnəbi  mənbə 
müəlliflərinin  əsərlərində  də  ailə  tərbiyəsi  məsələsinə  qismən  də 
olsa, yer verilmişdir.  
Orta  əsr  müəlliflərinin  əsərlərində  yer  alan  dəyərli  məsləhətlər 
və nəsihətlər ənənəvi tərbiyə metodunun əsasını təşkil edir və böyük 
tərbiyəvi  əhəmiyyətə  malikdir.  İnsanların  biliklərinin  zənginləşmə-
sində  mənən  saflaşmasında,  daxilən  təmizlənməsində  onların  yara-
dıcılığının  təsir  gücü  yüksəkdir.  Mütəfəkkirlərin  təbliğat  xarakterli 
fikirləri, xalq adət və ənənələrindən doğan tərbiyə məsələsinə diqqət 
yetirmələri  xüsusilə  diqqətəlayiqdir.  Bu  əsərlər  əsil  tərbiyə  örnəyi-
dir. Çünki onlar xalqın psixologiyasından doğur və gündəlik həyat-
da davranış tərzinin təzahürüdür.   
Orta  əsr  müəlliflərinin  əsərlərində  xalqımıza  xas  humanizm 
tərənnüm olunur. Məsələn, Xaqani yaradıcılığında humanist dünya-
görüşü özünü qabarıq şəkildə göstərir. Q.Kəndli–Herisçi göstərir ki, 
Xaqani  «humanizminin  əsasında  pislik  qarşısında  yaxşılıq  et, 
gözəlliyi və yaxşılığı müdafiəyə qalx, pisliyi, zülmü cəsarətlə, tərəd-
düdsüz  rədd  et,  zülmə  qarşı  kəskin  müqavimət  göstər!  Yoxsulları 
müdafiə et, insanlar qardaşdırlar, dərvişlik və zənginlik mənəviyyat-
la  bağlıdır,  cəmiyyətdə  zahirə  yox,  mənəviyyata  fikir  verilməlidir. 
Bu,  cəmiyyət  üçün  ölçü  olmalıdır.  Xaqaniyə  görə,  geyimlə  yox, 
yüksək və ülvi insani əməllərlə könül saflığına, insanlıq mərtəbəsi-
nə çatmaq olar» (24, 27; 32). Xaqaninin nəsihətamiz fikirləri örnək 
alınasıdır.  Xüsusən  «gənclərə  nəsihət»ində  o,  fitnə  törətməkdən 
uzaq  olub  nifaq  salmamağa,  vəfalı,  dostluqda  möhkəm  olmağa, 
haqq  yolunda  çalışmağa,  böyüklük  göstərməyə  və  hünərlə  şöhrət 
qazanmağa çağırır. O, eyni zamanda şərab içilməsinə qarşı da çıxır. 

 
196 
 
Xaqaninin  insani  dəyərlərə  verdiyi  qiyməti  Q.Kəndli-Herisçi  belə 
şərh edir: «Xaqaniyə görə insanlığın mərtəbələri aşağıdakılardır:  
Birinci  mərtəbə  düşkünlük  –  mənəvi  yoxsulluq  adlanır.  Bu  o 
deməkdir ki, insana səmimiyyət göstərib, məhəbbət etdikdə o, pislik 
və  gözügötürməməzliyə  yol  verir.  Bu,  insanın  mənəviyyatına  yol 
tapmış aldanma və şeytanlıq bəlgəsidir. 
İkinci mərtəbə o deməkdir ki, insana  yaxşılıq etdikdə yaxşılıq, 
pislik  etdikdə  pislik  etsin.  Bu,  bəşəriyyətin  kökündən  doğan  bir 
keyfiyyətdir. 
Üçüncü  mərtəbə  o  deməkdir  ki,  insana  pislik  etdikdə,  o  pislik 
etməyir, ancaq pislik qarşısında yaxşılıq da göstərmir. Bu, əsl insani 
sifətdir. 
Dördüncü mərtəbə o deməkdir ki, insan pislik qarşısında yaxşı-
lıq etsin. İkiüzlülük qarşısında sədaqət göstərsin, müxalifət qarşısın-
da ülfət  etsin, yalandan üzə gülməyi duysa da, ürəyində kin saxla-
masın...  Bu,  insanlığın  insan  şəxsiyyətinə  ötkün  kəsilməsinin  son 
həddidir. Bu o deməkdir ki, artıq insan mənəviyyatı ilə göylərə yük-
səlmiş, müqəddəs bir işıqla könlü işıqlanmışdır. İnsanlığın bu mər-
təbəsində  düşüncənin  axsayacağı  və  duracağı  bir  yer  yoxdur»  (24, 
36).  Bütün  bu  deyilənlər  şairin  həyat    və  insanlıq  haqqında  fəlsəfi 
düşüncələridir. Qətran Təbrizi «sözü əvvəlcə ölç, sonra söylə» deyir 
(54,  397).  Xaqani  yaradıcılığında  ibrətamiz  fikirlərindən  və  tövsi-
yələrindən biri də budur: 
 
İstəsən güzgü tək saf olsun ürək
Sinəndən on şeyi atasan gərək: 
 
Haram, qeybət, kinə, paxıllıq, tamah, 
Kibr, riya, həsəd, ədavət, kələk (16, 415). 
  
Məhsətinin verdiyi məsləhət də diqqəti cəlb edir.          
 
Boy-buxunu, çiyni nöqsanlıdan dad, 
Namərd kişilərdən yaxşıdır arvad, 

 
197 
 
Bivəfa dostlardan düşmən yaxşıdır 
Etimadsız dostu yadından çıxart (17, 24). 
 
Nəsimi yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, tərbiyəvi 
əhəmiyyət  kəsb  edən  şerlər  də  vardır.  Onun  aşağıdakı  misrası 
təqdirəlayiqdir: 
 
Ey özündən bixəbər qafil, oyan,  
Həqqə gəl, kim həqq deyil batil, oyan! 
Olma fani aləmə mail, oyan, 
Mərifətdən nəsnə qıl hasil, oyan! 
 
Bulmuşam həqqi, «ənəl-həqq» söylərəm, 
Həqq mənəm, həqq məndədir, həqq söylərəm! 
Gör bu əsrarı nə muğlət söylərəm, 
Sadiqəm qovmümdə səddəq söylərəm! (18, 32) 
 
Şair ədalətsizliyə, zülmə etiraz edirdi. Onun şerləri bütün Yaxın 
Şərq  dünyasında  geniş  yayılmışdır.  Nəsimi  yaradıcılığından  aydın 
olur  ki,  şair  azadfikirli  bir  şəxsiyyət  kimi  şöhrət  qazanmışdır. 
Hürufiliyin  təbliği  sahəsində  sərbəst  hərəkətinə  görə  çəkinmədən 
mübarizə  əzminə  malik  olması  bir  çox  din  xadimlərinin  qəzəbinə 
səbəb olurdu. Nəsimi lirikasının mahiyyəti fəlsəfi və dini baxımdan 
daha çox tədqiqə yararlıdır. Amma bütün bunlara yanaşı, digər orta 
əsr müəllifləri kimi Nəsimi də öz yaradıcılığında eşqə, ailə bağlılığı-
na, tərbiyəvi fikirlərə və s. yer vermişdir. Nəsimi ədalətli olmağa və 
həqiqəti söyləməyə çağırır. 
Tərbiyə  problemində  Arif    Ərdəbilinin  özünün  ibrətamiz  nəsi-
hətlərinin də rolu və əhəmiyyəti böyükdür. Şair  tərbiyə problemini 
işıqlandırmağı  qarşısına  məqsəd  qoymasa  da,  insanı  bir  şəxsiyyət 
kimi  dəyərləndirərkən  xüsusilə  vurğulayır  ki,  insanlar  arasında  o 
adam  kişidir  ki,  ürəklə  dostun  qəm  və  kədərinə  şərik  olsun.  Şair 
göstərir  ki,  şadlıqda  dostu  ilə  badə  içən  adam  bərk  ayaqda  da  kişi 
kimi çalışmalıdır (27, 72).              

 
198 
 
İnsanların inkişaf mərhələsində keçdikləri yol uzundur. Bu yol-
da yaş həddi məsələsi də əhəmiyyət kəsb edir. İnsan psixologiyası-
nın  formalaşmasında  yaş  həddinin  rolu  danılmazdır.  Çunki  insan 
çox şeyi müəyyən zaman keçdikdən sonra dərk edir. Bu baxımdan 
da tərbiyə məsələsinə hərtərəfli yanaşmaq məqsədəuyğundur. Qeyd 
etməliyik ki, A.Mollayevin də göstərdiyi kimi «Xaqani 7 yaşa kimi, 
evdə  əmisinin  köməyi  ilə  dünyaya  göz  açır,  onun  vasitəsilə 
tərbiyələnir. Bundan sonra, yeddi yaşdan başlayaraq əlifba təliminə 
qədəm  qoyduğunu,  yazı  öyrəndiyini,  sonra  isə  körpə  məktəblərdə 
olduğu  kimi,  «Quran»ı  oxuyub  sona  çatdırır.  «Quran»da  qeyd 
edilmiş  elmləri  birbəbir  öyrənməyə  başlayır.  Maraqlı  budur  ki, 
Xaqani yeddi yaşa qədərki dövrü ailə tərbiyəsi dövrü, sonrakı dövrü 
isə  təlim–tərbiyə  dövrü  kimi  başa  düşür.  Nəhayət,  yeddi  il  təlim 
olunduqdan  sonra,  müstəqil  olaraq  digər  elmləri  öyrənməyə 
başlayır.» Müəllif həmçinin, Xaqaninin yeddi il evdə təhsil aldıqdan 
sonra  yeddi  il  də  kitabxanada  təhsilini  davam  etdirib,  21  yaşında 
təhsil  və  təlimini  tamamladığını  söyləyir  (32,  29).  Nizami  də 
Xosrova  atasının  məhz  yeddi  yaşında  müəllim  tutduğunu  söyləyir 
(38, 55). Buradan aydın olur ki, orta əsrlərin XII əsrində yeddi yaş 
təhsilə ən uyğun hədd hesab olunmuşdur.  
Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətində deyilir: 
 
Ey on dörd yaşlı gözümün işığı! 
İki dünya elmlərində tam yetkin
O gün ki yeddi yaşındaydın,  
Çəməndəki gül kimi idin. 
İndi ki on dördünə çatmısan, 
Sərv kimi yüksəkliyə baş qaldırmısan,  
Qafil oturma, oynamaq vaxtı deyil, 
Hünər, başıucalıq vaxtıdır.  
Bilik ardınca get, böyüklük öyrən ki, 
Gündən-günə sənə yaxşı nəzərlə baxsınlar. 
Ad və nəsəb (mənşə) kiçik yaşlı üçündür. 
Böyük ağacın nəsli axtarılmaz. 

 
199 
 
O yerdə ki, böyük olmağın lazımdır, 
Mənim  oğlum olmağının sənə faydası yoxdur. 
Aslan kimi özün ordu qıran ol! 
Öz xislətinin övladı ol! 
Səadət istəyirsənsə, səbəbini mühafizə et! 
Allahın xalqı ilə ədəblə riayət et! (15, 51) 
 
Nizaminin bu ibrətamiz fikirləri orta əsrlər dövründə tərbiyənin 
nə qədər böyük rola malik  olduğunu göstərir. Maraqlı cəhət  budur 
ki, şair bu fikirlərilə yaş həddinin fərqini də qeyd edir. Yeddi yaşla 
on dörd yaşlının bir olmadığını göstərir.  
Yaşla bağlı fikirlərə orta əsr müəlliflərinin əsərlərində yer veril-
məsi  insanın  inkişafı  yolunda  keçdiyi  müəyyən  mərhələlərin  oldu-
ğunu təsdiq etmələri bir həyat həqiqətidir. Belə ki, müəyyən zaman 
çərçivəsində  uşaqlarda  mənlik  şüuru  formalaşmağa  başlayır.  Bu 
həm  ailənin,  həm  də  cəmiyyətin  təsiri  ilə  formalaşır.  Yaş  həddi 
insanın  mənəvi  simasının  getdikcə  kamilləşməsini  əks  etdirir.  Bu 
həmçinin  zamanla  daha  da  inkişaf  edən  insanın  öz  duyğularına, 
tələbatına, qabiliyyətinə və s. şüurlu şəkildə yanaşmasıdır, münasi-
bət göstərməsidir. Bildiyimiz kimi, əqidə, ideal, maraq, meyl bütün 
bunlar  müəyyən  yaş  həddi  boyunca  formalaşır.  Nizaminin  fikri 
maraq doğurur:  
 
Ömür iyirmidən və ya otuzdan ki, keçdi, 
Daha qafillər kimi yaşamaq yaramaz.  
Ömrün şadlığı qırx ilədək olur, 
Qırx yaşında qol-qanad tökülür. 
Əllidən sonra sağlamlıq olmaz, 
Göz kütləşər, ayaq susdalar. 
Altmış ki, çatdı, oturmaq vaxtıdır, 
Yetmiş olan kimi alət işdən düşür. 
 
Səksənə, doxsana elə ki, yetdin 
Dünyadan çoxlu məşəqqətlər görərsən. 

 
200 
 
Əgər oradan mənzili yüzə çatdırsan, 
Zahirən diri olsan da ölü kimisən (38, 53). 
  
Orta  əsrlərdə  müəyyən  yaş  həddi  qızların  davranışına  olan  tə-
ləbləri  artırır,  məzmununa  müəyyən  dəyişikliklər  qatırdı.  Buna 
həddi-büluğa  çatmaq deyirlər. Yeri  gəlmişkən qeyd edək ki,  həddi 
büluğa  çatmamış  uşağa  səğir  deyilirdi.  Qız  ismətini  qorumaq 
Azərbaycan  xalqının  ən  vacib  tərbiyə  məsələsidir.  «Qızlar  nikah 
bağlanana və gərdək qurulanadək öz ismətlərini qorumalıdırlar. Ər 
evinə  qızların  pak  və  alnıaçıq  getməsi,  ailə  həyatının  pozulmaz 
qanunu, gələcək ailə təməlinin möhkəmliyi rəmzidir» (26, 104).  
M.H.Naxçıvani  ailə  tərbiyəsində  yaş  xüsusiyyətlərinin  mühüm 
rol  oynadığını  qeyd  etmişdir.  O,  bu  barədə  fikirlərini  «Uşağın 
anadan  olması  və  nəşv-nüma  etməsi  haqqında»  fəslində  ətraflı 
qələmə  almışdır...Naxçıvani  valideynlərin  də  tərbiyə  elmindən  baş 
çıxarmalarını zəruri hesab edir və bunu tərbiyə işi üçün əsas qəbul 
edirdi.  Naxçıvani  tərbiyədə  hekayətlərin,  maraqlı  rəvayətlərin,  bir 
sıra şöhrətli dövlət ictimai xadimlərin sərgüzəştlərinin, nağılların və 
s. və i.a. böyük rolu da olduğunu qeyd edir və valideynlərə bunları 
bilməyi və övladlarını nümunə göstərməyi təklif edirdi» (32, 196).  
Mollayev yazır: «Əvhədinin yaş dövrü aşağadakı kimidir: 
1.  İnsan  cinsinin  yaranması  (rüşeym  halından  başlayaraq  ta 
doğulana qədərki 9 aylıq dövr. 
2. Beşik dövrü (6 yaşadək)  
3. Anlama dövrü (məktəb dövrü) 
4. Elm, ədəb dövrü (müstəqil fəaliyyət dövrü) Bu dövrü həddi – 
büluq dövrü də adlandırır» (32, 146–147).  
Bütövlükdə  insan  anlayışına  Xaqaninin  münasibəti  bəllidir. 
Lakin onun nadan adamlar haqqında verdiyi xasiyyətnamə də nəzər 
diqqəti cəlb edir. O yazır: 
 
Məntiqsiz, dəlilsiz yalan danışmaq 
Nadan adamların işidir ancaq (16, 44). 
 

 
201 
 
Göründüyü kimi, bir ağıl dərsi verən şair hər şeydən öncə deyi-
lən sözlərin, verilən ifadələrin müəyyən məntiqə sığdığını və dəlillə 
əsaslandırılmasının  əhəmiyyətini  təsdiqləyir.  İ.Mollayev  Xaqani 
haqqında  yazır:  «O,  yalnız ağılla,  «aləmə iti  nəzərlə baxan»  adam-
ları tərbiyəli və «daim irəli gedənlər» sırasına aid edirdi. İnsanda isə 
saf  və  lüzumlu  fikirlərin  əmələ  gəlməsindən,  insanın  özünün 
püxtələşməsində  müstəsna  yeri  müəllimə  və  onun  fəaliyyətinə 
verirdi» (32, 38).     
Məktəb və mədrəsələrdə verilən təlim-tərbiyənin güclü vasitəsi 
kimi mühüm əhəmiyyətə malikdir. Tərbiyə bir növ şəxsiyyətin for-
malaşmasıdır. Təlimlə tərbiyə daim vəhdətdədirlər. Tərbiyə mühitlə 
əlaqədə  olduğundan  həmçinin  mühitin  də  tərbiyəyə  təsiri  vardır. 
Belə ki, cəmiyyətdə baş verən hadisələr və proseslər tərbiyəyə mən-
fi və müsbət mənada təsir edə bilər. Ailə ilə bərabər təhsil ocaqları-
nın da əhəmiyyəti məlumdur. Məhsəti mədrəsədən bəhs edir: «Gə-
lib mədrəsədə quraq intizam»  - deyərkən onun mövcudluğunu təs-
diq etməklə yanaşı, həmçinin orada intizamın əsas şərtlərdən biri ol-
duğunu vurğulamışdır (17, 21). Q.Əhmədov Beyləqanda məktəb və 
mədrəsələrin olduğunu qeyd etməklə yanaşı bu barədə məhz Məsu-
dun  qeydlərinə  əsaslanaraq  yazır:  «Məsudun  «məktəbdən  qayıdan 
uşaqlardan»,  «məktəblilərin  imla  yazı  lövhələrindən»  söz  açması 
maraqlıdır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən 
biri  şəhərin  qərbində,  qala  divarlarından  xaricdə  yerləşmişdir.  Bizə 
belə  gəlir  ki,  Məsudun  haqqında  danışdığı  mədrəsə  came  məscidi 
sayılan  Mil  minarədə  yerləşirdi.  Məlumdur  ki,  orta  əsrlərdə  məs-
cidlərdə şənbə günündən başqa qalan günlərdə ictimai tədbirlərlə və 
tədris  işi  ilə  də  məşğul  olurdular»  (11,  130).  Qeyd  edək  ki,  Şah 
İsmayılın  tərbiyəçisi  və  yürüşlərdə  onun  yaxın  adamı  olan  qazi 
Şəmsəddin Gilaninin mənbələrdə adı çəkilir (44, 193). 
Yusif  Məddah  tərbiyə  ilə  bağlı  məsələlərdə  təhsil  ocağının 
(mədrəsələrin) bu xüsusda əhəmiyyətini belə izah edir: 
 
Məktəbə verdilər ikisin belə 
Ta bular elmü ədəb təlim qıla (29, 150). 

 
202 
 
 
Yusif Məddah məktəbdə elm, ədəb qaydaları və təlim öyrədildi-
yini  vurğulayır.  Tərbiyənin  formalaşmasında  bu  sadalananların 
əsaslı təsir qüvvəsinə malik olduğunu göstərir. Yusif Məddah yazır: 
 
Hasil etdilər bular elmü ədəb. 
Yazı yazmaq, oxumaq ögrəndilər, 
Çünki yeddi yaşına dəgdi bular. 
Verdi oğlunu silahşurə Humam 
Ki, ərlik təbirin ögranə tamam.  
On iki yaşına irdikcə tamam, 
Qıldılar ol ikisin təlim müdam (29, 150–151). 
 
Şair Əssar Təbrizi də öz yaradıcılığında təlim və tərbiyə məsə-
lələrinə yer vermişdir. Belə ki, o tərbiyə məsələsində xüsusən ustad 
müəllim  əməyinə  yüksək  qiymət  verir,  bilik  xəzinəsini  nur  və  işıq 
adlandırır. Əsl müəllim haqqında fikirlərini o belə açıqlayır: 
 
O möhtəşəm müəllimə, adlı-sanlı ustada, 
Tapşırdılar uşaqları, alışdırsın həyata. 
Uşaqların təliminə başladı o durmadan, 
Açdı bilik qapısını üzlərinə mehriban. 
Onlar dərsdən zövq aldılar ləyaqətlə hər səhər 
Bilikləri hifz olundu hər gün birə on qədər. 
Fəzilətin xəznəsinə idrakları nur saçdı, 
Hər birisi bu nur ilə işıqlandı, dil açdı (29, 100–101). 
 
Şair  dediklərinə  bir  də  onu  əlavə  edir  ki,  tənbəl  olmaq  olmaz. 
Müəllif  əzmlə  çalışmağın  tərəfdarıdır  və  bu  xüsusda  göstərir  ki, 
bilikli olmaq üçün əmək sərf etmək lazımdır. 
 
Çalışmayan ən sadə bir məsələni anlamaz, 
Bilik əmək tələb edir, tənbəl bilikli olmaz (29, 106). 
 

 
203 
 
Müəllimə yüksək qiymət verərkən onu kamil, fəzilətli bir ustad, 
hər bir elmə vaqiflikdə ad çıxaran möhtərəm insan kimi təqdim edir. 
Əssar Təbrizi orta əsrlərin tədris müəsisəsi olan mədrəsədən də bəhs 
edir  (29,  103).  Marağalı  Əvhədinin  əsəri  olan  ««Cami–Cəm»  hər 
şeydən əvvəl elmə, biliyə, ağıla himn kimi səslənir... Əvhədiyə görə 
tərbiyə  olunası  əxlaqi  keyfiyyətlər  bir-birindən  təcrid  olunmuş 
şəkildə  götürülməməlidir,  əksinə,  insanda  bu  keyfiyyətlərin  birinin 
tərbiyəsi o birinin də yaranmasına və təşəkkülünə səbəb olur. Necə 
ki,  düzlük  və  doğruçuluq  tərbiyəsi  hər  şeydən  əvvəl  humanizm  və 
mərdlik  tərbiyəsi  ilə  əlaqədardır»  (41,  68).  Xaqani  tərbiyə  ilə 
yanaşı,  təlim  məsələlərinin  də  əhəmiyyət  kəsb  etdiyini,  ustad 
insanlara,  öz  işini  yaxşı  bilən  müəllimlərə  hörmətlə  yanaşmağın 
vacib olduğunu söyləyir: 
 
Ustad qabağında əlibağlı dur, 
Körpə uşaq kimi dilibağlı dur! 
Məktəbdə elm oxu, fənn öyrən, dərs al, 
Hər nə oxumusan bir-bir yada sal (16, 45).  
 
Göründüyü  üzrə,  orta  əsr  müəlliflərinin  çoxu  kimi  Xaqani  də 
müəllimə  böyük  qiymət  verir.  O,  həmçinin  məktəbdə  dərs  alan 
uşaqların oxuduqları fənləri yenidən təkrar edərək yada salmalarını 
da vacib sayır. Təkrar biliyin anasıdır fikrini bir daha təsdiqləyir.  
N.Tusinin bir sıra dünya şöhrəti qazanmış filisof alimlərin fikir 
və  mülahizələrindən  bəhrələnərək  ərsəyə  gətirdiyi  «Əxlaqi-Nasiri» 
əsəri  tərbiyə  probleminin  ümdə  məsələlərini  əks  etdirdiyinə  görə 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  əsər  özündə  ehtiva  etdiyi  ali, 
tərbiyəvi əhəmiyyət kəsb edən fikirlərilə olduqca yüksək dəyərlən-
dirilir. Ailə, əxlaq, tərbiyə, mənəviyyat və digər məsələlərin də  yer 
aldığı  həmin  əsərdə  əks  olunan  dəyərli  nəsihətlər  indi  də  öz 
əhəmiyyətini qoruyub saxlayır. Tusinin verdiyi məsləhətlər, qiymət-
li  mülahizələr  dərindən  düşünmək  üçün  əsas  verir,  eyni  zamanda 
insanın  mənəvi  cəhətdən  kamilləşməsinə  xidmət  edir.  Nəsirəddin 
Tusinin  ailə  haqqındakı  fikirlərinin  mahiyyətində  dayanan  mühüm 

 
204 
 
məsələlərə yığcam olaraq belə təhlil verə bilərik: 1. Ailə qurmağın 
əhəmiyyət  kəsb  etməsi,  2.  Ailə  daxili  münasibətlərdə  müvazinətin 
saxlanılmasi, 3. Tərbiyə problemi.  
Nəsirəddin Tusi «Əxlaqi–Nasiri» əsərində göstərir ki, uşaq gö-
zəl işlərə meyl göstərirsə, ondan heç bir şeyi əsirgəməməli, istedadı-
nın sönməsinə yol verilməməlidir. Uşağı həmişə onun təbiətini kor-
laya  biləcək  adamlarla  və  şeylərlə  oturub  durmaqdan  və  oynamaq-
dan  çəkindirmək  lazımdır.  Müəllif  uşağa  qarşı  yetərincə  həssas  və 
hörmətlə davranmağın tərəfdarıdır. Tusi uşaqlara adət və ənənələri, 
davranış  qaydalarını  və  dini  vəzifələri  öyrətməyi  məsləhət  bilir.  O 
qeyd edir ki, xeyirli işləri tərifləmək, zərərli  işləri isə pisləmək la-
zımdır, uşaqlarda pis adətlərə və bəd əməllərə qarşı nifrət oyatmaq 
zəruridir. Bunun üçün isə onları körpəlikdən tərbiyə etmək vacibdir, 
çünki  tənbeh və tərbiyə  uşağa keçə bilər. Burada müəllif çox düz-
gün bir məsələyə toxunmuşdur ki, hər şeyin öz vaxtı var. Xoşagələn 
hərəkəti varsa, tərifləyib həvəsləndirmək, əksinə bir pis iş görübsə, 
o zaman bilməmək üzündən etdiyini demək yaxşıdır. Çox danlayıb 
hər şeyi də qadağan etmək doğru deyil, çünki acığa düşüb haman işi 
bir də görməyə  sövq edər, bəlkə də incə hiylələrə əl atar. Elə etmək 
lazımdır ki, yemək qaydalarını bilsin, yatağan olmasın və heç nəyi 
gizlətməsin,  oturub-durmaq  qaydalarını,  susub-danışmaq  üsullarını 
öyrətmək lazımdır. Bərkə-boşa öyrətməli ki, hər sınağa hazır olsun, 
əziyyət  çəkməyi  adət  etməlidir  ki,  dözümlü  ola  bilsin.  O,  özünə, 
müəlliminə  və  yaşca  böyük  olanlara  hörmət  etməyi  bilməlidir. 
Yaxşı  tərbiyə  görmüş  uşaqlar  onunla  bir  məktəbdə  oxumalıdır  ki, 
onlardan öyrənə bilsin, elmə həvəsi artsın.  
Tusinin  «Əxlaqi  Nasiri»  əsərində  önə  sürülən  tərbiyəvi 
məsələlərdən  danışarkən  müəllifin  mühüm  məsələyə  toxunduğunu 
da qeyd etmək lazımdır. Belə ki, uşağın daxili, mənəvi aləmi onun 
gələcək inkişafını müəyyənləşdirir. Bəzən uşaqlar bu daxili dünyanı 
büruzə verməkdən utanıb çəkinir. Bu cür uşaqlara qarşı daha həssas 
yanaşılmalıdır.  Hər  bir  uşaq  ayrı–ayrılıqda  fərqlidir,  özünəməxsus 
keyfiyyətlərə malikdir. Tərbiyəvi yanaşmada mütləq bu xüsusiyyət-
lərə diqqət yetirmək lazımdır (19).  

 
205 
 
Övlad  gələcəyin  qurucusudur.  Onun  xoşbəxtliyinin  rəhni  isə 
valideyn  qayğısı  və  nəvazişidir.  Uşaqların  həddindən  çox  əzizlən-
məsi, bütün hərəkətlərinin yerli-yersiz alqışlanması mənfi nəticələrə 
gətirib  çıxara  bilər.  Hər  davranışına  sərbəstlik  verilməsi  də  yanlış-
dır.  Yerli-yersiz  tərifləmək  rəğbətləndirmə  sayıla  bilməz.  Uşaqları 
qul ruhunda böyüdüb tam itaətkarlıq tələb etmək də doğru deyildir.  
Orta  əsr  müəlliflərinin  əsərlərində  tərbiyə  məsələlərinə  dair 
Nizami  yaradıcılığının  misilsiz  rolu  vardır.  Buradakı  tərbiyəvi  sə-
ciyyə  daşıyan  müxtəlif  istiqamətli  (elmi,  fiziki  və  s.)  problemlərin 
həllinə  şairin  nail  olması  bütövlükdə  orta  əsrlərdəki  tərbiyə  məsə-
ləsinə olan münasibətdir (1, 83–84). Ümumiyyətlə, orta əsr müəllif-
lərinin əsərlərində Azərbaycan xalqının ailə tərbiyəsinə dair verdiyi 
məlumatları  bu  cür təsnif etmək olar: 1. Mənəvi – əxlaq tərbiyəsi 
2. Maarifçilik ruhunun aşılanması. 
Övlad tərbiyəsində ağıl, dözüm, dəyanət tələb olunur. İlk vaxt-
lar uşaq körpə ikən ətraf mühitə onun qayda və qanunlarına uyğun-
laşma  prosesi  başlayır.  Bu  zaman  uşaq  çox  kövrək  olur.  Reallıqla 
xəyali olanın çulğalaşdığı  bir zamandan böyüyərək obyektiv aləmi 
kəşf edir, sosial dünyaya atılır. Övladın erkən yaşlardan bütün hərə-
kətlərini izləmək lazımdır. Övladın sadə və təmiz dünyasına nüfuz 
etməyə çalışmaq lazımdır. Ailə daxilindəki uzlaşma uyğunluq uşaq-
ların tərbiyəsinə təsir göstərir. Orta əsrlərdə bu uzlaşma haqqında və 
onun  övlad  tərbiyəsində  roluna  dair  maraqlı  məlumata  Nizami 
Gəncəvi  «Yeddi  gözəl»  əsərində  rast  gəlmək  olar.  Nizami  «Yeddi 
gözəl»də  göstərir  ki,  sağlam  bədənləri  olsa  belə,  valideynlərin 
əməllərində  və  düşüncələrində  özünü  büruzə  verən  nöqsanlar  və 
qüsurlar övladın şikəstliyinə gətirib çıxara bilər. Elə bu xüsusda da 
şair belə məsləhət verir: 
 
Hər ikiniz gərək düz danışasınız. 
Onu bil ki, o düz danışıqdan 
Bu tifilin xəstəliyi aradan qalxar (37, 159–160). 
 

 
206 
 
Şair  burada  şikəst  bir  uşaqdan  bəhs  edərkən  təbii  ki,  əslində 
üstüörtülü də olsa, onun mənəvi şikəstliyinə işarə etmişdir. O gös-
tərmək  istəyir  ki,  ailə  daxilində  yalana  yol  vermək  olmaz.  Ailə 
daxilində  hər  hansı  məsələyə  münasibətdə  işlə  sözün  arasında 
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir. 
O,  bir  də  ailə  tərbiyəsindəki  nöqsanları  da  vaxtında  aradan  qaldır-
maq  lazım  olduğunu  vurğulamışdır.  Şairin  bu  xüsusda  bir  fikri  də 
olduqca maraqlıdır. O yazır:  
          
Sənin övladın səninlə necə rəftar eləsə, bil ki, 
O da öz övladından haman rəftarı görəcək. 
Övladın yaxşılığı, pisliyi haqqında qəm eləmə, 
Sənə nə etsə, öz uşağından da onu görəcək (38, 60).                                
 
Nizami təlim və tərbiyənin məqsədyönlü və düzgün aparılması-
nı əsərləri boyu təbliğ edərək onu yüksək qiymətləndirir. O yazır: 
 
Təlim-tərbiyə nəticəsində it belə nəciblik əldə edirsə, 
Deməli adam oğlu mələk səviyyəsinə yüksələ bilər (37, 48). 
 
XII əsrin nümayəndəsi olan Qivami Mütəərrizi də yaradıcılığın-
da ailə məsələlərinə cüzi də olsa, yer vermişdir. Müəllif yaradıcılı-
ğında «mürəbbi» sözünü işlətmişdir (12, 397). Bildiyimiz kimi, qə-
dim  zamanlarda  bəzi  varlı  ailələrdə  uşaqların  təlim  və  tərbiyəsi  ilə 
məşğul olmaqdan ötrü xüsusi tərbiyəçi müəllimlər tutulurdu ki, on-
ları  da  mürəbbi  adlandırırdılar.  Ailə  tərbiyəsi  məsələlərində  örnək 
olaraq  tərbiyəvi  əhəmiyyət  kəsb  edən  fikirlər  irəli  sürən  Qivami 
Mütəərrizi gənclərə xitab edərək yazır: 
 
Meyə uyan cavan, qocanı dinlə! 
Vermə cavanlığı mey üçün yelə (12, 400).  
 
Qazi Bürhanəddinin ərənlərə aşadıdakı kimi xitab etməsi tərbi-
yəvi əhəmiyyət kəsb edir. 

 
207 
 
 
Ərənlər öz yolunda ər tək gərək, 
Meydanda ərkək kişi nər tək gərək
Yaxşı – yaman, qatı – yumşaq olsa xoş 
Sərvərəm deyən kişi ərkək gərək (29, 90). 
 
Buradan belə bir fikir hasil olur ki, hər kim ki, cəsarətlə meyda-
na girirsə, özünü sərvər hesab edirsə, o halda əməlləri də ona uyğun 
olmalıdır. 
Orta  əsrlərin  tərbiyə  problemini  öz  yaradıcılıqlarında  əks 
etdirməklə, şairlərimiz qeyd edirlər ki, bu məsələ düzgün qoyulmuş-
sa, deməli, ailə daxilində bu özünü mütləq hər sahədə göstərəcəkdir. 
Təlim,  tərbiyə  və  elmi  biliklərin  aşılanması  –  bütün  bunlar  insan 
üçündür. İnsanın bir varlıq kimi qiymətləndirilməsi əsas məsələdir. 
İnsanın tərbiyəvi xüsusiyyətləri, əxlaqi keyfiyyətləri onun nitqində, 
təfəkküründə,  ünsiyyətində  yaşam  tərzində  büruzə  verir  və  onun 
mənəvi  simasını  əks  etdirir.  Zaman  keçdikcə  həmin  keyfiyyətlər 
yetkinləşir. Tərbiyə insanın cəmiyyətdə özünü təsdiq vasitəsi və bir 
növ şəxsi möhürüdür. 
İnsanların biliklərinin zənginləşməsində mənəvi  saflaşmasında, 
daxilən təmizlənməsində orta əsr müəlliflərinin yaradıcılığının təsir 
gücü  yüksəkdir.  Mütəfəkkirlərin  təbliğat  xarakterli  fikirləri,  xalq 
adət  və  ənənələrindən  doğan  tərbiyə  məsələsinə  diqqət  yetirmələri 
xüsusilə  diqqətəlayiqdir.  Bu  əsərlər  əsl  tərbiyə  örnəyidir.  Belə  ki, 
«Bəşəriyyətin tarixi təkamül əsasında yaratdığı tərbiyə nəzəriyyə və 
praktikasından  tam  faydalanmaq  üçün  artıq  geniş  imkan  yaranmış-
dır. Bu imkanlardan biri də tərbiyənin metod və priyomları üzrə in-
diyə  qədər  istinad  etdiyimiz  elmi  mənbələrin  çoxalmasıdır.  Həmin 
mənbələrdən ən mükəmməli Qurani-Kərim, buna yazılmış təfsirlər, 
Məhəmməd Nəsirəddin  Tusi irsi, Nizami Gəncəvinin insansevərlik 
nəzəriyyəsi, Şərq dünyasının böyük şəxsiyyətlərinin yaratdığı yazılı 
abidələr, Qərb dünyasında qazanılmış təcrübədir» (5, 14). Bu əsər-
lərdə xalqımızın ailə məsələləri və mənəvi-psixoloji aləmi öz əksini 
tapır.  

 
208 
 
K.Əzimov  yazır  ki,  optimizm  Nizaminin  mənəviyyat  təliminin 
əsas prinsiplərindən biridir, həyat və insan haqqında mütəfəkkirlərin 
bilavasitə əsas konsepsiyasına daxildir. Müəllif qeyd edir ki, Niza-
miyə  görə  optimizm  –  ləyaqətdir,  ona  görə  mütəfəkkir  onu  müd-
rikliklə bağlayır hansı ki, dünyanın dərki işində o qədər lazımdır və 
öz  «mən»inin  şəxsiyyətini  təsdiq üçün vacibdir. Nizami  yaradıcılı-
ğında  insanın  hər  şeydən  güclü  olduğu  tezisi  təsdiq  olunur  (21, 
119). K.Əzimov Nizami humanizminin  «qızıl qayda»  əsasında qu-
rulduğunu  söyləyir.  Yəni  başqalarına  qarşı  elə  davran  ki,  onların 
səninlə  necə  davranmalarını  sən  istərdin.  İnsanın  fikir  tarixində 
«qızıl  qayda»nın  humanist  mahiyyəti  ondan  ibarətdir  idi  ki,  o  hər 
bir  insanın  xoşbəxtliyə,  insanlara  hörmət  və  məhəbbətə  hüququnu 
nəzərdə tutur (21, 123). Müəllif bir daha göstərir ki, Nizami huma-
nist  idi.  O,  insan  ləyaqətini  vəsf  edirdi,  insanı  dünyanın  özəyi  və 
məqsədi  kimi  görürdü.  O,  ədalətin  carçısı,  yoxsul  və  evsizlərin 
müdafiəçisi  idi,  xalqını  hədsiz  sevirdi  (21,  132).  Orta  əsr  müəllif-
lərinin  əsərlərindəki  fikirlər  irəliyə  doğru  addım  sayılmış  və  həyat 
təcrubəsinin xeyli zənginləşməsini təmin etmişdir.  
Marağalı «Əvhədi insanın öz hərəkət və davranışlarında məsu-
liyyətli  olmasına  böyük  əhəmiyyət  verirdi.  Bu  hər  şeydən  əvvəl, 
mütəfəkkirin  insana  məxluqatın  ən  qiymətli  varlığı  kimi  yanaşma-
sından irəli gəlirdi... Görkəmli mütəfəkkir təlim və tərbiyəni bədxah 
əməllərin  qarşısını  almağın  başlıca  şərtlərindən  biri  kimi  qiymət-
ləndirir və belə hesab edirdi ki, cəmiyyətin düzgün, təhlükəsiz yolla 
inkişafında    elm  və  maarifin  rolu  əvəzsizdir.  Əvhədinin  fikrincə, 
cahil  valideynlərdən  törəmiş  və  uşaqlıqdan  pis  tərbiyə  almış  insan 
ətrafdakılara  heç  vaxt  hörmət  etməyəcəkdir.  Belə  insan  əxlaqi 
cəhətdən  səbatsız  olacaq,  özünü  həmişə  cəmiyyəti  qarşı  qoyacaq-
dır» (34, 34; 35–36).  
Əssar  Təbrizi  yaradıcılığında  humanizm  təbliğ  olunur,  «Əssar 
yaxşılığı  insan  üçün  ən  zəruri  keyfiyyətlərdən  biri  hesab  edirdi. 
Onun  fikrincə,  yaxşılığı  bacaran  insan  həmişə  öz  mərdanəliyi, 
cəsarəti  və  məğrurluğu  ilə  seçilmiş,  ətrafdakılara  nümunə  olmuş-
dur...  İnsanpərvərlik,  düzlük  və  təmizlik,  möhkəm  iradə  və  əqidə 

 
209 
 
dönməzliyi demokratik fikirli böyük mütəfəkkirin – cəsarətli Əssar 
Təbrizinin əsl həyat idealı olmuşdur» (34, 53; 71).  
Nəslin  davamçısı  kimi  uşaqlara  tərbiyə  ilə  bərabər  təlimin  də 
aşılanması  ailədə mühüm  şərt kimi  qabarıq şəkildə özünü göstərir. 
Zahirən sadə görünsə də, əslində uzun illərin təcrübəsinə əsaslanan, 
hər bir xalqın mənəvi dəyərlərinin göstəricisi tərbiyədir. Ata və ana 
öz hərəkətləri ilə nümunə olurlar. Bir tək valideynlər deyil, tərbiyə 
probleminə cəlb olunmuş müəllimlər, tərbiyəçilər və s. davranışları, 
hərəkətləri, ümumiyyətlə bütün fəaliyyətlərilə nümunə olmalıdırlar. 
Bəllidir ki, «insanın tələbatı cəmiyyətdə konkret tarixi şəraitdə for-
malaşır və inkişaf edir. Tələbatların məzmunu da, təmin olunma va-
sitələri də cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir. Uşaqların tərbi-
yə prosesinin əsas istiqamətlərindən biri də məhz bu cəhətdir» (26, 
16). 
Tərbiyə  yalnız  ailə  daxilində  deyil,  cəmiyyət  içində  də  verilir. 
Bu  proses  üzvi  surətdə  bir-birilə  bağlıdır.  Dürüst  və  hərtərəfli 
tərbiyə  yolunda  cəmiyyət  içərisində  insanın  özünü  necə  apara  bil-
məsi də zəruridir. Ətraf mühitlə, yəni cəmiyyətlə münasibət birdən-
birə formalaşmır, ailə daxilində böyüyən uşaqlar kənarda da özlərini 
nə cür aparmalı olduqlarını ilk növbədə ailədən öyrənirdilər.  Uşaq-
ların yaş və fərdi keyfiyyətləri əsas götürülür.  
Dövrün  inkişafını  yığcam  şəkildə  belə  qiymətləndirmək  olar: 
«artıq VII əsrin axırı, VIII əsrin əvvəllərində əl-Azərbaycani nisbəsi 
ilə  yazıb  yaradan  şairlər  meydana  çıxır.  Bu  dövrdə  Musa  Şəhavət, 
İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi Azərbaycan şairlərinin 
Mədinədə  geniş  şöhrət  qazandığını  görürük»  (57,  26-27).  Sonrakı 
dövrlərdə «Azərbaycan şəhərlərində mədrəsələr və məhəllə məktəb-
ləri var idi ki, bu mədrəsələrdə sxolastik dini elmlərlə bərabər ərəb 
dilinin  sərf-nəhvi,  fars  şairlərinin  əsərləri,  eyni  zamanda  təbabət, 
nücum elmləri keçilirdi. Azərbaycan ziyalıları ərəb və fars dillərinin 
vasitəsilə Şərq, eləcə də qədim yunan mədəniyyəti ilə tanış olurdu-
lar. Əbutamam, Əbunəvas, İbni-Müqlə, İbni Hani kimi ərəb şairləri, 
Rudəki,  Dəqiqi,  Ünsüri,  Firdovsi,  Xəyyam,  Fəxrəddin  Gurgani, 
Əsədi Tusi kimi  İran və Orta Asiyanın klassik şairləri Azərbaycan 

 
210 
 
ziyalılarına  tanış  idi.  Azərbaycan  şairləri  öz  müasirləri  olan  Əsiri, 
Əxistəki, Rəşidəddin Vətvat kimi Orta Asiya şairləri ilə məktublaşır 
və  deyişirdilər»  (28,  64–66).  Bu  məsələ  orta  əsr  müəlliflərinin 
yaradıcılığından da sezilir. Belə ki, onlar öz əsərlərində elmi, fəlsəfi, 
dini,  ədəbi,  tarixi  problemlərə  yer  verərkən  özlərindən  əvvəl  yaşa-
mış  dəyərli  əsər  müəlliflərinin  fikirlərindən  də  bəhrələnmiş  və  bu 
fikirlərin gözəl bilicilərinə çevrilmişlər.  
Orta əsr müəlliflərindən olan və Nəsimi kimi şairin yetişməsin-
də əvəzsiz rolu olan Fəzlullah Nəiminin də yaradıcılığında tərbiyəvi 
əhəmiyyət kəsb edən məsələlər İ.Mollayev tərəfindən belə şərh olu-
nur: «İstər Nəiminin  hürufilik təriqətində və istərsə də bundan irəli 
gələn  fəlsəfi  görüşlərində  insan  təkmil  həssənat  mücəssiməsi  kimi 
qiymətləndirilmişdir...  Nəimi  insana  hər  şeyi  bilməyi,  hər  şeyi  öy-
rənməyi təklif edərək, «oxuyub öyrənməyi» zəruri sayırdı... Bir söz-
lə, Nəimi insanı, onun idrakını, nəfsini, münasibətini, gözəl hisslə-
rini,  əsl  insani  keyfiyyətlərini,  eşqini,  yoldaşlığını,  dostluğu,  əxla-
qını,  fəaliyyətini,  əməyini,  zövqünü,  xeyirxahlığını,  cansızlara  can 
verməsini,  yaradıcılığını,  sirləri  aşkar  etmək  üçün  oxumasını,  hər 
şeydən baş çıxarmasını, ədalətsizliyini və s. və i.a. kimi keyfiyyətlə-
rini  öz  əsərlərində  əxlaq  nöqteyi-nəzərindən  tərənnüm  edərək,  yal-
nız  yaxşı  sifətləri  ilə  ilahi  bir  qüvvə  kimi  nəzərə  çarpdığını  qeyd 
edirdi» (32, 207–209). 
İ.Mollayev yazır: «Öz dövrünün həyat təcrübələrini, dini fəlsəfi 
baxışlarını,  sufilik  və  hürufilik  təsirindən  real  nəzərlərlə  tərənnüm 
edən  Xətai  qorxmazlıq,  cəsurluq,  iradə  sahibi  olmaq,  səxavətlilik, 
düzgünlük,  «mərifət kəsb etmək», «özünü bilməz insanlardan uzaq 
olmaq»,  «kamal  sahibləri  ilə  dost  olmaq»,  dostluq,  sədaqətlilik  və 
etibarlılıq,  yoldaşlıq,  «zülmə  boyun  əyməmək»  və  i.a.  kimi  əxlaqi 
keyfiyyətlərdən  geniş  bəhs  etmiş  və  tərbiyənin  məqsədini,  «ağıllı, 
müdrik, kamil, və əxlaqlı insan» yetişdirməkdə görmüşdür. Xətainin 
elm,  irfan,  təlim,  əql,  idrak,  zəka,  kamillik,  gözəlliyi  qiymətlən-
dirməyi  bacarmaq,  fiziki,  əqli,  əxlaqi  tərbiyə  haqqında  indi  də 
təravətli səslənən fikirləri vardır» (32, 291–292)  

 
211 
 
Qeyd  edək  ki,  «Xalq  yaradıcılığındakı  ən  gözəl  əxlaqi  keyfiy-
yətlər,  nəcib  davranış  normaları,  didaktik  istiqamət  Q.Təbrizinin, 
Ə.Bəhmənyarın,  Ə.Xaqaninin,  X.Təbrizinin,  N.Gəncəvinin,  Ş.Xə-
tainin,  M.Füzulinin,  M.P.Vaqifin  və  b.  əsərlərində  yüksək  pilləyə 
qaldırılmış,  inkişaf  etdirilmiş  və  dərin  məzmun  almışdır.  Onlar  öz 
əsərlərində böyüyən nəslin təlim-tərbiyə məsələlərinə geniş yer ver-
məklə  maarifçi  filosof  və  orijinal  fikir  sahibləri  kimi  şöhrət 
tapmışlar»  (58,  20).  Qətiyyətlə  demək  olar  ki,  «orta  əsr  milli 
tərbiyəşünaslığımızın  beynəlxalq  aləmdə  nailiyyəti  hesab  edilən 
N.Tusi yaradıcılığı bu gün də milli-mənəvi, elmi-pedaqoji irsimizin 
qızıl  fondunu  təşkil  edir»  (41,  67).  Nəsimi  «əxlaq  tərbiyəsi  üçün, 
hər  şeydən  əvvəl,  mənəvi,  maddi  və  fiziki  çətinliklərə  dözmək 
qabiliyyətinin aşılanması yolu ilə şəxsiyyətdə bütün mənfi hisslərin 
və sifətlərin ləğv olunmasına nail olmağı tələb etmişdir» (41, 70).  
Orta  əsrlərin  müsəlman  dünyasında  tərbiyə  problemində  halal 
və haram anlayışları mövcud idi. Ərəbcə həllə – yol verilmək anla-
mı kəsb edən halal sözü, islam dininə etiqadı olanlara icazə verilən 
bir  sıra  hərəkətlər  deməkdir.  Hətta  müsəlmanlar  üçün  bir  sıra 
heyvanların ətləri halal, bəzilərininki isə haram sayılmışdır. Halalın 
əksinə olan haram isə bir sıra hərəkətlərə qadağa və məhrumiyyətlə-
rin  qoyulmasıdır.  Bunlar  əsasən  şərab  içmək,  tiryəkdən  istifadə 
etmək, qumar oynamaq, sələmçilik məqsədilə pul vermək, zina et-
mək və s. haram sayılmışdır. Sufi təriqətinin numayəndələri dili, əli 
və  beli  bağlı  olmağı  təbliğ  etmişlər.  Dili  bağlı,  yəni  qeybət 
etməmək,  əli  bağlı,  yəni  oğurluq  etməmək  və  nəhayət,  beli  bağlı 
yəni başqasının qadınına göz dikməmək.  
Müsəlman cəmiyyətinin qanunları fiqh vasitəsilə müəyyən olu-
nurdu.  Fiqh  hüquq  qaydalarının  prinsiplərini  əks  etdirən  elmi  bi-
liklər toplusudur. Cəmiyyətin bütün sahələrini əhatə edən hüququn 
tənzimlədiyi bütün məsələlər fiqhdə izah olunur. Həyatın bütün sa-
hələrini cəmləşdirən hüquqi  qanunlar (ailə, cinayət,  inzibati, mülki 
və  s.)  tənzimləmə  xarakteri  kəsb  edir.  Bu  tənzimləmə  isə  adət  və 
ənənələrə,  şəriətə  söykənir.  Bununla  yanaşı,  əsrlərin  süzgəcindən 
keçib gələn bir sıra qəti qərarlaşmış adət və ənənələr zamana öz mö-

 
212 
 
hürünü vurmuşdur. Öz köklərilə qədimlərə gedən bu adətlər ürf ad-
lanır. Ürfdə əsasən ictimai rəy mühüm əhəmiyyət kəsb edir. Bunun-
la bərabər, qiyasın da müəyyən rolu vardır. Ərəbcə ölçü mənası bil-
dirən «qiyas məsələni Quranda və sünnədə olan müddəalara bənzət-
mək  yolu  ilə  həll  etməyə  imkan  verir.  Qiyas  islamın  yayıldığı  ilk 
əsrdə,  əhl-əl-hədis,  yəni  ənənəçilər,  ancaq  tarixi  mənbələrə  əsas-
lanma  tərəfdarları  ilə  əhl  əl-rəy,  yəni  məntiqi,  rasional  mənbədən 
istifadə olunması, bu və ya digər məsələni müsəlmanın şəxsi rəyinin 
köməyi  ilə  həll  etməyin  mümkünlüyü  fikrinin  tərəfdarları  arasında 
mübahisələr gedən vaxt meydana gəlmişdir» (59, 42-43).  
Ailədə  onun  funksiyasının  əsasını  təşkil  edən  uşaqların  doğul-
ması orta əsrlərdə planlaşdırılmayan bir iş idi. Nə qədər uşaq olursa-
olsun, onun qarşısının alınmasına səy göstərilmirdi. Öz zamanı üçün 
bu  işdə  müəyyən  planlaşdırma  və  qarşısı  alınma  yolları  mümkün 
deyildi.  Ailələrdə  uşaqların  çoxalması  ilə  yanaşı,  kütləvi  yayılan 
xəstəliklərin  qarşısı  alınmadığına  görə  ölüm  hadisələri  də  çox 
olurdu.  Orta  əsrlərdə  hərbi  yürüşlər  zamanı  törədilən  qətlləri  də 
buna əlavə etsək, mənzərə daha da aydın olur.  
 
1. Təsərrüfatda işçi qüvvəsi kimi baxılırdı. 
2.  Xalqın  ənənəsi,  artıb  törəmək,  varislik  və  bundan  doğan 
psixoloji düşüncə tərzi. 
3. Say etibarilə böyük ailənin daha da güclü olmasını nümayiş 
etdirirdi. 
4. Ailənin daha da möhkəm olmasını təmin edirdi. 
 
Həyatın uzun yollarında getdikcə təkmilləşən ailə münasibətlə-
rində  köklü  dəyişikliklər  baş  verir.  Zamanla  ailə  üzvləri  də  yaşa 
dolur.  
Orta əsrlər dövründə Azərbaycan ailəsindəki tərbiyə problemini 
araşdırarkən  məlum  oldu  ki,  ara-sıra  çatışmayan  cəhətlərinə  bax-
mayaraq,  bütövlükdə  o,  mütərəqqi  xüsusiyyətlərə  malikdir  və  bu 
günümüzdə  mənəvi  dəyərlərimizin  qorunması  və  gələcək  nəsillərə 
çatdırılmasında əvəzsiz vasitədir. 

 
213 
 
Uşağın daxili, mənəvi aləmi onun gələcək inkişafını müəyyən-
ləşdirir. Bəzən uşaqlar  daxili dünyalarını büruzə verməkdən utanıb 
çəkinir.  Bu  cür  uşaqlara  qarşı  daha  həssas  yanaşılmalıdır.  Hər  bir 
uşaq  ayrı-ayrılıqda  fərqlidir,  özünəməxsus  keyfiyyətlərə  malikdir. 
Tərbiyəvi  yanaşmada  mütləq  bu  xüsusiyyətlərə  diqqət  yetirmək 
lazımdır. Ailənin daxili həyatında hər kəsin öz işi və fəaliyyəti qəti 
olaraq  müəyyənləşdirilirdi.  Yaşından  və  cinsindən  asılı  olaraq  hər 
kəsin müəyyən vəzifələri vardı. 
Orta  əsr  müəlliflərinin  əsərlərində  tərbiyə  məsələlərinə  dair 
Nizami  yaradıcılığının  misilsiz  rolu  vardır.  Buradakı  tərbiyəvi 
səciyyə daşıyan müxtəlif istiqamətli (elmi, fiziki və s.) problemlərin 
həllinə şairin nail olması bütövlükdə orta əsrlərdəki tərbiyə məsələ-
sinə  olan  münasibətdir  (1,  83–84).  Ə.Əhmədov  yazır:  «Poemada 
(Nizaminin  «Sirlər  xəzinəsi»  nəzərdə  tutulur.  –  Ş.B.)  bol-bol  rast 
gəldiyimiz hikmətli sözləri, idiomatik ifadələri, öyüd və nəsihətləri 
təqribən aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.  Mənfi  insani  keyfiyyətləri  qamçılayan  beytlər;  Nizami  belə 
keyfiyyətlərdən uzaq olmağa çağırır. 
2. Beytin bir sətrində, yaxud şer parçasının bir hissəsində insanı 
eybəcərləşdirən mənəvi qüsurlardan söhbət gedir, digər sətrdə və ya 
hissədə  bu  mənəvi  qüsurların  antipodu  olan  gözəl  insani  xüsu-
siyyətlərdən  bəhs  olunur.  Təbiidir  ki,  Nizami  öz  həməsrlərində 
məhz nəcib insani xüsusiyyətlər görmək istəyirdi. 
3. Beytlərdə, yaxud şer parçalarında yalnız ali insani keyfiyyət-
lər tərənnüm olunur. 
4.  Ömrün  yetkinlik  çağının  düşüncə  və  qənaətlərindən  bəhs 
edən öyüd və nəsihətlər» (33, 212).   
Təlim,  tədris,  tərbiyə  məsələləri  də  M.H.Naxçıvaninin  diqqət 
mərkəzində duran problemlər sırasındadır. O, öyrənməyi hər zaman 
gərəkli  hesab  edirdi.  Şərqin  iri  mədəniyyət  mərkəzlərinin  adlarını 
qeyd  edərək  bunlarla  mədəni  və  elmi  əlaqələrin  saxlanılmasını  ön 
plana  çəkirdi,  məsləhət  görürdü  və  «M.H.  Naxçıvani  rəiyyəti  başa 
salmaq,  həm  də  başa  düşməkdə  biliyə,  aqilliyə  malik  olmağı  əsas 
sayırdı. O qeyd edirdi ki, qarşılıqlı müsahib danışanı,  ərz və hökm 

 
214 
 
edəni başa düşmək üçün, müsahibi qədər də düşüncəyə malik olma-
lıdır ki, bu da mədrəsələrdə, darültəhsildə, xanəgahda və məscidlər-
də  yerinə  yetirilir»  (32,  177). Belə ki,  «Onun  fikrincə,  ata-anasını, 
bacı-qardaşını, qohum və qövmini bilikli görən uşaqda istər-istəməz 
tədərrüs və təlimə maraq oyanmalıdır. Naxçıvani bütün əsərlərində 
yaşlıların  təlim  tərbiyəsindən  geniş  danışaraq  «özlərində  olarsa, 
vələdlərinə də keçəcəyi»ni əsas sayırdı» (32, 179).   
M.H.Naxçıvaninin məsləhətləri daha çox hökmdarlara yönəldil-
mişdir. Belə ki, verdiyi məsləhətlərində ölkənin əmin-amanlığını tə-
min  etmək  üçün  əhalini  də  varlandırmaq,  bilikli  adamlar  yetişdir-
mək, təsərrüfat və sənətkarlığa diqqət ayırmaq, tədrisi inkişaf etdir-
məyin  zəruriliyini  dönə-dönə  vurğulayır,  «M.H.Naxçıvani  uşağa 
öyrətməyi ananın, sonra isə atanın əsas vəzifəsi hesab edir və bunu 
övlada süd ilə qana keçirtməyi məsləhət görürdü. Halal süd əmmiş 
uşağın, halal əməklə məşğul olacağına şübhə etmirdi» (32, 184). O, 
müəllimə yüksək qiymət verirdi və hesab edirdi ki, müəllim özünü 
deyil,  rəiyyəti  fikirləşməlidir,  özü  üzərində  daim  çalışmalıdır, 
ədalətli  bilik  sahibi  olmalıdır,  bir  sözlə  şəxsiyyət.  Ailə  tərbiyəsinə 
böyük  əhəmiyyət  verərək o tərbiyənin  təməlinin ailə daxilində qu-
rulduğunu qeyd edir: «Naxçıvani bütün müsbət insani xüsusiyyətlə-
rin  mənbəyini  ata  və  anaların  pak  əməyində,  düz  ürəyində,  rəiy-
yətdə, vətənə və dinə olan etiqadında axtarırdı ki, bu da orta əsrlər 
üçün  çox  səciyyəvi  idi»  (32,  190).  M.H.Naxçıvaninin  yazdığı 
««Dəstur» bir tədris kitabı kimi həm yaşlılar, həm də uşaqlar üçün 
maraqdan kənar deyildir. Görünür ki,  M.H.Naxçıvani öz dövründə 
fəaliyyət  göstərən  məktəb  və  mədrəsələrdə  davam  edən  təlim 
üsulları  və  prinsiplərini  dərindən  bilmiş  və  «Dəstur»un  yazılması 
prosesində  sual-cavabdan,  dialoqdan,  müqayisədən,  yaşa,  gücə  və 
biliyə  müvafiqlikdən,  təlim  materialının  tərbiyələndirici  prinsipin-
dən və s. geniş istifadə etmişdir» (32, 186). Orta əsr müəlliflərinin 
yaradıcılığına belə yer verilməsi ona görədir ki, onların əsərlərində 
Azərbaycanın tərbiyə məsələləri təsvir olunmuşdur.  
M.H.Naxçıvani  valideynlərə  mal  bölgüsündə  ədalətli  olmağa 
çağırırdı.  Mustafa  Zərir  atasının  Yusifi  başqa  övladlarından  daha 

 
215 
 
çox  sevməsinin  qalan  qardaşlara  mənfi  təsiri  olduğunu  qeyd  edir. 
Əsərdə qeyd olunur ki, atası Yusifə 6 min qoyun, başqa oğlanlarına 
isə 3 min qoyun verir (40, 212;216). Əziz övlada cigərguşə deyilir. 
Ata-baba  adətlərinə  sadiq  qalmağı  təbliğ  edən  Mustafa  Zərir 
yazır:  
 
Diləgüm ol kim, dinindən çıqmiyə, 
Atəsi, dədəsi dinini yıqmiyə (40, 288).  
 
Burada  şair  əsrlərdən  bəri  qorunan  el  adət  və  ənənələrinə 
əhəmiyyət  verdiyini  göstərərək  onları  təbliğ  edir.  Burada  onu  da 
qeyd etmək lazımdır ki, təbliğ olunan ideya sırf feodal cəmiyyətinin 
mahiyyətini açıqlayır. Belə ki, orta əsrlər boyunca dədə-baba qayda-
larına sözsüz riayət etmək, əsli-nəsli ilə öyünmək, islam dininə qarşı 
çıxmamaq kimi fikir və düşüncələr hakim idi.  
Orta əsr müəlliflərinin əsərlərindən aydın olur ki, onlar forma-
laşmaqda  olan  gənc  nəslin  hərtərəfli  inkişafını  hər  zaman  düşün-
müşlər. Onların əsərlərində tərbiyəvi fikirlərə, elmə və tədrisə veri-
lən  əhəmiyyət  onların  daxili  təbiətindən  doğur  və  bir  zərurət  kimi 
təqdim  edilir.  Onların  nöqteyi-nəzərincə  cəmiyyətin  inkişafında 
təlim  və  təhsilin  rolu  böyükdür.  Tərəqqini  bunda  görərək  ən  ali 
məqsəd kimi əsərlərində dönə-dönə göstərməyə çalışmışlar. Orta əsr 
müəlliflərinin  əsərlərində  əxlaq,  mənəviyyat,  cəmiyyət  qanunları, 
mədəniyyət  tərbiyə  və  elmin  əhəmiyyəti  üzvü  vəhdət  təşkil  edir. 
Xüsusən  antik  dövrün  filosoflarının  dünyagörüşlərinə  müraciət 
etmələri  onların  insan,  elm,  həyat  həqiqətləri  barədə  fikirlərindən 
faydalanmaları orta əsr müəlliflərinin əsərlərini daha da zənginləşdi-
rir. Daim inkişafda olan bəşəriyyətin mühüm məsələsi kimi tərbiyə  
prosesi  hər bir xalqın ailə münasibətlərində əhəmiyyət kəsb edir. 
Tərbiyə o vaxt səmərə verə bilər ki, ailə daxilində ədalət hökm 
sürür.  Əgər  övlad  ailə  içərisində  onun  bütün  üzvlərinə  qarşı 
böyüklər  tərəfindən  ədalətli  mövqe  görürsə,  o  zaman  onun  özü  də 
bundan dərs götürər.  

 
216 
 
Yüksək  mənəvi  keyfiyyətlər  olan  şərəf,  ləyaqət,  abır-həya,  is-
mət, hörmət, sədaqət və s. müsbət keyfiyyətlərin qiymətləndirilərək 
başqalarına da aşılanması Azərbaycan ziyalılarının əsərlərində də öz 
əksini tapıb. F.Rüstəmov yazır: «Azərbaycanda pedaqoji fikrin çox 
qədim tarixi vardır. İlk  pedaqoji təsəvvürlərin təşəkkülü xalqın qə-
dim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə 
bağlı olmuşdur. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə 
əsasən  əldə  edilən  pedaqoji  biliklər  ilk  növbədə  şifahi  xalq  yara-
dıcılığında və bədii ədəbiyyat  nümunələrində əks olunmuşdur. Tə-
lim-tərbiyə ilə bağlı Azərbaycan xalqının tarix boyu gündəlik müşa-
hidələrinin, əməli fəaliyyətlərinin nəticəsi kimi qazandıqları və folk-
lor nümunələrində, adət-ənənələrdə, etnoqrafik materiallarda, tarixi 
sənədlərdə, maddi-mədəniyyət abidələrində, pedaqoji yönümlü əsər-
lərdə və akademik pedaqogikada sistemə salınıb inkişaf etdirilən pe-
daqoji  ideyaların  hamısı  əvvəlcə  xalq  pedaqogikasında  mövcud  ol-
muşdur. Xalq pedaqogikası elmi pedaqoji fikrin və akademik peda-
qogikanın inkişafında mühüm rol oynayan ilkin məxəzdir» (58, 20).  
Ağsaqqalların cəmiyyətdəki mühüm rolu əsrlər boyu davam et-
mişdir.  Hələ  «Kitabi-Dədə  Qorqud»  dastanında  ağsaqqal  dədə  ob-
razı yaradılmışdır. Müdriklik rəmzi kimi təqdim olunan Dədə Qor-
qud el-oba içində ən mötəbər adam, uzaqgörən insan, etibarlı el ağ-
saqqalıdır.  Məsləhət  üçün  məhz  ona müraciət  edilir.  Azərbaycanda 
ağsaqqallıq bütün dövrlərdə üstün sayılmışdır. Eldə bir dava və  ya 
qan düşəndə barışdırmaq məqsədilə böyük nüfuz sahibi olan ağsaq-
qallara müraciət edilib. Onlar da işi ədalətli şəkildə yoluna salmağa 
çalışıblar. Bu cür insanları nurani qoca adlandırıblar. Böyük hörmə-
tə malik olmaları ilə seçilənlər sırasında olublar. Eləcə də ağbirçək-
lər  ailə  daxilində  və  el-obada  sayılan  söz  sahibi,  həyat  təcrübələri 
olan qadınlar idilər. Böyük kimi xeyir-şər işlərində onlar dəvət olu-
nardılar.  Lakin  bütövlükdə  Tokarevin  də  yazdığı  kimi,  ailə  mə-
nəviyyatında  və  cinslər  arasındakı  münasibətlərə  islami  baxışlarda 
patriarxal nəsli quruluşun təsiri özünü əks etdirirdi. Qadın tabe olan 
varlıqdır.  Bununla  yanaşı,  Quranda    qadının  insani  və  vətəndaşlıq 

 
217 
 
hüquqları  da  tanınır.  Kişinin  qadına  hədsiz  zülmkarlığı  qınanır, 
mülki və irsi hüququnun olduğuna işarə edilir. (25, 527)  
Mədəniyyətin etnomilli mahiyyəti qiymətləndirilərkən o reallı-
ğın  mənəvi  mənimsənilmə  təcrübəsi,  dil,    milli  psixologiya,  etno-
milli özünü dərk, ənənəvi davranış qaydaları, həyat tərzi, milli incə-
sənət və s. kimi qeyd edilir. (49, 100) Beləliklə, islam dini bir sıra 
xalqların  məişət  və  mədəniyyətinə  öz  damğasını  vurdu.  O  xilafətə 
daxil olan müxtəlif xalqların həyat tərzini dəyişə bildi. Müasir Azər-
baycan ailəsində orta əsrlərə xas olan bir sıra ənənəvi xüsusiyyətlər 
itmişdir. 
Ailə  ilə  bağlı  çoxlu  atalar  sözləri  vardır.  Məsələn,  atalar 
sözlərinin birində deyilir ki, söz götürənin ev oturanın. Burada bö-
yük hikmət əks olunmuşdur. Ev oturanın deməklə, ailənin qorunma-
sında möhkəm təməl yaradıb onu tərk etməmək, nəzərdə tutulur. Ev 
onda ev olur ki, onun işığını yandıran, qoruyan vardır. 
Dində əmr olunan bir sıra davranış qaydaları mövcuddur. Bun-
lar  əsasən  aşağıdakılardan  ibarətdir:  ilk  növbədə  insanları  yoxdan 
var edən bir olan Allahın varlığını qəbul edərək onu sevmək, insan-
lar üçün yaratdığı bütün nemətlər üçün şükr edərək ona çoxlu dualar 
etmək,  günahların  bağışlanmasını  diləmək,  böyüklərə  hörmət,  ki-
çiklərə  qayğı  göstərmək,  yardımsevər  olmaq,  ehtiyacı  olanlara  əl 
tutmaq, savab qazanmaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, 
maddi cəhətdən yoxsul olanlara kömək etmək, qonaqpərvər olmaq, 
ədaləti qorumaq, insanlar arasında yaranan davaların yatırılmasında 
vasitəçi  olmaq,  əmanətə  xəyanət  etməyərək  onu  öz  malınız  kimi 
qorumaq, əhvedici  olmaq, təvazökar olmaq, sözündə bütöv  olmaq, 
alicənab  və  nəzakətli  olmaq,  insanlar  arasındakı  münasibətlərdə 
gülərüz və xoşniyyətli olmaq və s. Strabon qeyd edir ki, albanlarda 
nəinki  valideynlərə,  eyni  zamanda  başqa  qocalara  da  ehtiram 
yüksək  səviyyədədir  (51,  477).  F.R.Xuncinin  də  əsərində  şəriət 
qanunlarına sadiq qalmaq tövsiyəsi haqqında danışılır (13, 106).          
Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin