Siyasi İdarəetmə



Yüklə 278,5 Kb.
səhifə1/2
tarix04.01.2020
ölçüsü278,5 Kb.
#30052
  1   2
Avropa Ittifaqinin yaranmasi

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


K U R S İ Ş İ

Fakültə: Siyasi İdarəetmə

İxtisas: Beynəlxalq münasibətlər

Kurs: II

Qrup: 12/2

Tələbə: Qasımzadə İlhamə

Mövzu: Avropa İttifaqının yaranması

Elmi rəhbər: Ömərova İlhamə

Bakı-2014


Mündəricat

Giriş................................................................................................................3
Fəsil 1. Avropa inteqrasiyası yönündə ilk addımlar....................................... 5

    1. Avropa İttifaqının yaranmasını şərtləndirən amillər............................. 5

    2. Avropa İttifaqı ilə bağlı Amerika Birləşmiş Ştatlarının və Avropa dövlətlərinin mövqeyi……………………………………………………. 7

Fəsil 2. Avropa İttifaqının təşəkkül tapması …………………………………. 12

2.1. Avropa İttifaqının yaranmasının hüquqi əsasları……………………… 12

2.2. Avropa İttifaqının fəaliyyəti və icra mexanizmi……………………….. 24
Nəticə……………………………………………………………………………. 25

Ədəbiyyat Siyahısı……………………………………………………………… 27



GİRİŞ

Mövzunun aktuallığı: Avropa İttifaqının tarixi II Dünya Müharibəsinin məhrumiyyətlərindən və səfalətlərindən doğan bir tarixdir. Avropa ölkələrinin müharibənin dağıntılarından keçərək bugünkü inkişaf səviyyəsinə çatmasının özü əsrlər boyu bir-birilə hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə rəqabət aparmış dövlətlərin kompromisə nail olmaq üçün apardıqları mübarizənin əyani göstəricisidir. Bu mübarizə nəticəsində yaranan birlik zaman keçdikcə inkişaf etmiş, əvvəllər iqtisadi mahiyyət daşıyan təşkilata, daha sonra isə siyasi kimliyə çevrilmək üçün addımlar atmışdır. Yaradıcılarının belə bu qədər inkişaf edəcəyini gözləmədikləri birlik hazırda bu qədər yol qət etməsinə baxmayaraq, hələ də bəzi məsələlərdə çatışmazlıqlar yaşamaqda davam edir.

Avropa İttifaqının yaradılması istiqamətində aparılan işlərdə dönüş nöqtəsi kimi 1946-cı ilin sentyabr ayında Sürixdə Uinston Çörçillin «Avropa ailəsi» ideyası barədə çıxışı böyük əhəmiyyətə malikdir. Müharibədən sonra Fransanın milli planlaşdırma üzrə komissarı Jan Monne Avropa Kömür və Polad Birliyi adı altında yeni bir təşkilatın yaradılması fikrini irəli sürmüşdür. Avropa İttifaqının qurulmasında əsas fikir sahibi olan Monnenin fikirlərindən təsirlənən, o dövrün Fransa Xarici İşlər Naziri Robert Şuman Fransa və Almaniya arasındakı kömür və polad ehtiyatlarının birləşdirilməsini, müharibə sənayesinin əsas xam maddələri olan bu materialların istehsalının və istifadəsinin millətlərüstü bir quruma verilməsini tövsiyə etmiş və Avropa İttifaqı macərası məhz beləcə başlamışdır.

XX əsrin 50-ci illərində Avropa İqtisadi Birliyi yaradıldı. Bu Birlik ilk növbədə son dövrlərdə baş verən siyasi, iqtisadi və ictimai proseslərdən doğan zərurətdən yarandı. AİB-nin təşkilatlanması, bir siyasi qurum kimi formalaşması məsələsi II Dünya Müharibəsindən sonra Mərkəzi Avropa ölkələrinin siyasi dairələrində ara-sıra müxtəlif kontekstlərdə müzakirə edilsə də, yalnız 90-cı illərin əvvəllərində SSRİ dağıldıqdan sonra bu proses daha da aktuallaşdı. Bu nəhəng siyasi layihənin reallaşması yolunda ilk addımlar atıldı. Sovet sisteminin dağılması ilə iki sistem arasındakı illər boyu davam edən soyuq müharibə dövrü başa çatdı. Belə olan halda, həm Qərbi Avropa dövlətləri, həm də postsovet dövlətləri öz daxili və xarici siyasətlərinə yenidən baxmağa və onu dəyişməyə məcbur oldular. Qərbi Avropa dövlətləri qloballaşma müstəvisində inteqrasiya yolunu seçərək öz aralarında və yaxud digər ölkələrlə baş verə biləcək müharibələrin qarşısını almaq, regionda və dünyada uzunmüddətli sülhü təmin etmək, dünyada demokratiya ənənələrini daha da genişləndirmək, insan haqlarını qorumaq, əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və nəhayət dünyada, eləcə də Avropada iqtisadi və siyasi sabitliyi təmin etmək məqsədilə birmərkəzli və yaxud çoxmərkəzli ictimai-siyasi modellər şəklində birləşmək qərarına gəldilər.



Problemin işlənmə dərəcəsi: Verilmiş mövzunu araşdırmaq üçün həmin mövzu ilə əlaqədar aparılmış təqiqat işləri və ədəbiyyat siyahısı ilə tanış olmaq lazımdır. Avropa İttifaqının başlanğıcdan etibarən tarixi inkişafını araşdırsaq, əslində Avropa birliklərini əmələ gətirən qurumların varlığını, davamiyyətini təmin edən müqavilələri araşdırmalıyıq. Avropa İttifaqına gedən yolda atılan addımlar, onun hüquqi əsasını təşkil edən müqavilələr və Aİ-nın inkişaf mərhələləri R.İbadovun, R.Əliyevanın, E.Tatoğlunun kitablarında öz əksini tapmışdır.

Tədqiqatın məqsəd və vəzifələri: Avropa İttifaqının yaranmasını, onun inkişaf yolunu, əldə etdiyi nailiyyətləri izləmək bu tədqiqatın əsas məqsədidir

Qarşıya qoyulmuş məqsədə uyğun olaraq tədqiqatın vəzifələri aşağıdakılardır:


  • Avropa İttifaqının yaranmasını şərtləndirən amillərini təhlil etmək;

  • Amerika və Avropa dövlətlərinin mövqeyini qiymətləndirmək;

  • Avropa İttifaqının yaranmasının hüquqi əsaslarını göstərmək;

  • Avropa İttifaqının fəaliyyəti və icra mexanizmini araşdırmaq.

Kurs işinin strukturu: : Mövzu girişdən,dörd paraqrafı əhatə edən iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Fəsil 1. Avropa inteqrasiyası yönündə ilk addımlar


    1. Avropa İttifaqının yaranmasını şərtləndirən amillər

II Dünya müharibəsi başa çatanda Avropa dağıntılar, məhrumiyyətlər və ümidsizlik içərisində çapalayan bir qitə idi. Milyonlarla insan döyüş meydanlarında həlak olmuş və ya yaşadıqları evlərin uçmuş divarları altında qalmışdır.

Əsir düşərgələri nəinki Almaniyanın, eləcə də, bütün bəşəriyyətin reputasiyasına qara ləkə vurmuşdu. O dövrdə Avropanı qəzəb, nifrət, qisasçılıq hissləri və yoxsulluq bürüsə də, müharibənin ağır nəticələrindən bezmiş insanlar köklü dəyişikliklər istəyirdilər. Bu cür düşünən insanlar əsrlərlə davam edən antoqonizmə, dini qarşıdurmaya, həmçinin çoxlu ölüm və dağıntı ilə nəticələnən dövlətlərarası rəqabətə, milli münaqişələrə son qoymağa çağırırdılar. XX əsr də daxil olmaqla Avropa indiyə qədər çoxlu müharibələr görmüş və bu sahədə, necə deyərlər, təkmilləşmişdi. Ötən əsrin birinci yarısında Avropa iki Dünya müharibəsinin təkcə şahidi yox, həm də iştirakçısı olmuşdur. Müharibədən sonrakı Avropaya fərqli istiqamət, qitəni bütövləşdirməyə aparan yeni inteqrasiya prosesləri lazım idi. Bir daha müharibənin olmamasına, Avropanın sülh içində yaşamasına çalışan bəzi dövlət adamları artıq meydana çıxmışdı. Bunlar o adamlar idi ki, milli sərhədlərə xüsusi önəm verməyərək, əməkdaşlıq etmiş, vətənpərvər qüvvələrlə birlikdə azadlıq və qələbə uğrunda mübarizə aparmış, faşist işğalına müqavimət göstərmişlər. Məhz işğal altında olmuş Avropa ölkələrindəki müqavimət hərəkatları azadlığa və dostluğa nail olmaq üçün birgə çalışmağın mümkünlüyünü əyani surətdə göstərmişdilər. [ 2. Səh. 9 ]

İkinci Dünya Müharibəsindən sonra Avropada inteqrasiya prosesləri böyük sürətlə gedirdi. “Avropa Birliyi” yaratmaq planları bu dəfə geniş bir ictimaiyyət dəstəyini qazanmışdı. Bu inteqrasiya prosesləri nəticəsində yaradılacaq dövlətlərüstü qurum Avropa ölkələri arasında illərdir davam edən müharibələrin və düşmənçiliyin qarşısını ala bilərdi. Avropa dövlətlərinin liderləri bu cür düşünən insanlara qoşularaq, sülh, əmin-əmanlıq və tərəqqi naminə yeni gələcəyin axtarışına çıxdılar. Avropanın əsas dövlətləri və Amerika Birləşmiş Ştatları müəyyən əsaslara söykənərək, Avropanı bütöv və birləşmiş şəkildə görmək istəyirdilər. Səbəblərin müxtəlifliyinə baxmayaraq, məhz bu dövlətlərin Avropadaxili inteqrasiya proseslərinə başlamağa yönəlmiş vahid siyasəti bu gün Avropa İttifaqı adlandırdığımız birliyin əsasını təşkil etdi. [ 3. Səh.10]

II Dünya müharibəsindən iki böyük dövlət – Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı – əsas qalib kimi çıxdı. Müharibə ilə bağlı ehtiyaclara yönəldilmiş iqtisadiyyatın sürətli inkişafı həm Birləşmiş Ştatlarda, həm də Sovet İttifaqında dünyanın digər dövlətləri ilə müqayisəedilməz dərəcədə böyük imkanlar yaratmışdı. Bu dövlətlər saysız-hesabsız adi silahlarla yanaşı çox keçmədi ki, atom bombası da əldə etdilər. Sovet İttifaqı bir az da irəli gedərək, kütləvi qırğın silahlarından istifadə potensialı yaratmaqla dünyanı lərzəyə saldı. Getdikcə super gücə çevrilən hər iki dövlət başa çatmış müharibədən sonra yeni və bu dəfə daha təhlükəli bir münaqişəyə cəlb olunmamaq üçün ehtiyatlı davranmağa başladı. Eyni zamanda, hər iki dövlət əmin idi ki, gələcək rəqabətin və yaxud potensial münaqişənin baş verə biləcəyi döyüş meydanları onların öz əraziləri yox, digər ölkələrin əraziləri olacaqdır. Yeni başlayacaq münaqişənin və yaxud döyüş meydanının məhz Mərkəzi və yaxud Şərqi Avropa olacağını düşünən Sovet İttifaqı, işğal etdiyi Şərqi Avropa ölkələrin özü ilə bir bloka qoşmaq planını reallaşdırdı. Bunun müqabilində ABŞ kommunizmin yayılmasının qarşısına sipər çəkmək üçün demokratik ruhlu kapitalist ölkələrdən ibarət ön cəbhə yaratmaq məqsədilə Qərbi Avropa dövlətlərini birləşdirməyə yönəlmiş addımlar atmağa başladı. Eyni zamanda, Avropadakı əsas dövlətlərin də qitədəki bu inteqrasiya proseslərinə dəstək vermək və yaxud onun əleyhinə çıxmaqda öz maraqları var idi. [ 2. Səh. 10 ]




    1. Avropa İttifaqı ilə bağlı Amerika Birləşmiş Ştatlarının

və Avropa dövlətlərinin mövqeyi

Müharibədən sonra Amerika Birləşmiş Ştatlarına genişlənməkdə olan sovet və kommunizm təhlükəsindən müdafiə üçün ön cəbhə kimi birləşmiş Qərbi Avropa lazım idi. ABŞ-da çoxları belə düşünürdü ki, faşizm ilə azad dünya arasındakı müharibə Şərqlə Qərb arasındakı ideoloji müharibə ilə əvəz olunacaq ki, bu da dünya dövlətlərini ya Amerika Birləşmiş Ştatlarının, ya da Sovet İttifaqının düşərgəsində olmaq seçimi qarşısında qoyacaqdır. Ehtimal olunan bu münaqişə sonralar soyuq müharibəyə çevrildi. Qeyd etdiyimiz proses Berlin divarının çəkilməsində və bu iki super dövlətin bir-birinə qarşılıqlı nifrətini əks etdirən dəhşətli və təhlükəli nüvə qarşı durmasında özünü əyani şəkildə büruzə verdi.

Avropada inteqrasiya proseslərinin labüdlüyünü Birləşmiş Ştatların hərbi və təhlükəsizlik maraqları ilə yanaşı, siyasi və iqtisadi maraqları da diqtə edirdi. Çünki Amerika Birləşmiş Ştatları müharibədən dünya bazarlarında hər hansi rəqibi tam üstələyə biləcək sənaye və texnologiya potensialına malik iqtisadi və siyasi güc mərkəzi kimi çıxmışdı. Şübhəsiz ki, Qərbi Avropanın dağılmış, viran qalmış ölkələri ABŞ üçün böyük bazar idi. Müharibəyə olan tələbatını ödəməyə yönəlmiş ABŞ iqtisadiyyatı sənaye məhsullarının istehsalında böyük potensial yaratmaqla öz şirkətlərinə xeyli qazanc gətirmişdi. Avropa isə demək olar ki, öz mövcudluğunu qoruyub saxlamaq uğrunda çarpışır, ərzaq və paltar çatışmazlığından əziyyət çəkirdi. Amerikanın maliyyə resursları Avropanın yenidən qurulmasına yönəldilməli idi. Bu iş Marşall Planının həyata keçirilməsi ilə geniş vüsət aldı.

Marşall Planı Avropa ölkələrinə böyük miqdarda Amerika kapitalının, investisiyalarının qoyulmasını nəzərdə tuturdu. Avropanın yenidən dirçələcək dövlətləri isə öz növbəsində, Amerika iqtisadiyyatının inkişafını təmin edəcək bazar rolunu oynayacaqdı.

Beləliklə, Amerika Birləşmiş Ştatlarını Avropada inteqrasiya proseslərini dəstəkləməyə 4 əsas səbəb sövq edirdi.


  1. Marşall Planına uyğun olaraq, Avropanın iqtisadi dirçəlişi yalnız yardım alan dövlətlərin birliyi və yüksək səviyyədə əməkdaşlığı sayəsində mümkün ola bilərdi.

  2. Birləşmiş Ştatlara kommunizm təhlükəsindən müdafiə üçün “cəbhə xətti” lazım idi. Sovet İttifaqının işğalçı siyasətinin qarşısını isə yalnız birləşmiş Avropa ala bilərdi.

  3. Avropanın dirçəlməsinə və Avropa dövlətləri arasında inteqrasiya proseslərinin nizamlanmasına ABŞ-ın dəstək verməsi Amerika mallarının yeni bazarlara ixracına təminat verə bilərdi.

  4. Artıq iki Dünya müharibəsinin məcburi iştirakçısına çevrilmiş Amerikada belə bir fikir formalaşmışdı ki, hər iki müharibə Avropanın öz problemlərini həll edə bilməməsi ucbatından baş vermişdir. Avropa dövlətləri arasında əsrlərdən bəri formalaşmış millətçiliyin və düşmənçiliyin bundan sonra yeni bir müharibəyə çevrilməsinə imkan vermək olmazdı. Dövlətlərin məhz birliyə və əməkdaşlığa sövq edən proses Yeni Avropada sülh və əmin-amanlığın təmin edilməsinə kömək ola bilərdi.

Hitler hakimiyyətinin və faşist Almaniyasının apardığı militarist siyasət axırda milyonlarla insanın ölümü ilə nəticələnən dəhşətli bir müharibənin başlanmasına gətirib çıxardı. Bu bəladan sonra nifrət hissi ilə alışıb yanan insanlar Almaniyanın cəzalandırılmasını tələb edirdilər. Lakin Nürenberq məhkəməsinin qərarı və o cümlədən, bəzi faşist rəhbərlərin edam olunması çoxlarının ürəyini soyutmadı. Bununla belə, qeyd etmək lazımdır ki, hələ 1919-cu il Versal Müqaviləsinin alçaldıcı şərtləri, habelə I Dünya müharibəsindən sonra Almaniyanı həddindən çox cəzalandırmaq tələbləri bu ölkədə diktatura rejiminin qurulmasına öz töhfəsini vermişdi. Doğrudur, II Dünya müharibəsinin daha müdrik və bağışlamağa meylli qalibləri Almaniyanın üzərindən “günah”ı götürmək üçün heç də ciddi iş görmədilər. Bununla belə, onlar Qərbi Almaniyaya sülh, əmin-amanlıq və tərəqqi gətirəcək təkliflər verməklə almanları da qarşılıqlı addımlar atmağa ruhlandırırdılar.

Qərbi Almaniya da, öz növbəsində, Fransa və digər qonşularla alyans qurmaq imkanlarını layiqincə qiymətləndirdi. Ona görə ki, bu addım Qərbi Almaniyaya özünün militarist keçmişindən uzaqlaşdığını nümayiş etdirmək üçün əlverişli imkanlar yaradırdı.

Müharibə Almaniyanın öz iqtisadiyyatını da viran qoymuşdu. Bu əməkdaşlığın müqabilində dünya birliyi Almaniyanın dağılmış iqtisadiyyatını yenidən qurmaq üçün həyata keçirilən proqramların uğurlu olmasını təmin edəcəkdi. Almaniya bu əməkdaşlığın və həmrəyliyin qarşılığında demokratiya, sabitlik və beynəlxalq legitimlik əldə edəcəkdi.

Qərbi Almaniyanın ilk kansleri olan Konrad Adenauer başa düşürdü ki, SSRİ ilə ABŞ arasında konfrantasiya fonunda yeni beynəlxalq mühit formalaşmaqdadır. Qatı antikommunist olan Adenauer Almaniya Federativ Respublikasını Qərb alyansına sıx bağlamaq üçün yollar axtarmağa başladı. O, Almaniyanı ABŞ-ın və bir sıra Avropa ölkələrinin üzv olduğu müdafiə alyansı – NATO-nun ayrılmaz tərkib hissəsi və Avropanın yenidən dirçəlməsinə yönəlmiş prosesin fəal üzvü kimi görürdü.

Almaniyada faşistlərin hakimiyyəti ələ almasına millətçilik və dövlətin suverenliyinə fanatik yanaşma tərzi də rəvac vermişdi. Qərbi Almaniya siyasətçiləri artıq milli eqoizmə və özünüməhvə aparan millətçilik siyasətinə alternativlər axtarırdılar. Buna görə də, onlar elə dövlətlərüstü qurumlar yaradılmasına üstünlük verdilər ki, bu qurumlara üzv olan dövlətlər, təmsil olunduqları təşkilat çərçivəsində rəqabət və qarşıdurma siyasətinə alternativ olan qarşılıqlı asılılıq və inteqrasiya siyasətini yürütsünlər. İqtisadi, siyasi və sosial sahələrdəki əməkdaşlıq imkan yaradırdı ki, Almaniya qonşularından qorunmaq üçün lazımlı vasitələrin israfçılığına yol vermədən inkişaf etsin. Avropa Birliyi Almaniyanı köhnə düşməni olan Fransanın müttəfiqinə çevrilmək imkanını reallaşdıran yeni bir gələcəyə hazırlayırdı.

XIX əsrin ortalarından XX əsrin ortlarına qədər – 100 il ərzində - Fransa və Almaniya arasında üç böyük müharibə olub. Bu müharibələrin hər birinin nəticəsində Fransanın əraziləri işğala məruz qalıb. II Dünya müharibəsi zamanı Fransa işğal olunmaqla yanaşı, həm də 1940-cı ildə qurulan Vişi hökumətinin nasist rejimi ilə əməkdaşlıq etməsinə görə də qınaq obyektinə çevrildi. Müharibənin sonuna yaxın işğaldan azad edilmiş Fransa Almaniyanın dirçəlişindən doğa biləcək təhlükədən qorunmağın yollarını aramağa başladı. Buna görə də Fransa ümumi birliyin yaradılmasını üç əsas səbəb üzündən dəstəklədi.

Birinci, Fransa Qərb ilə Şərq qarşıdurmasının dominantlıq etdiyi yeni qlobal sistemdə aparıcı rol oynamaq istəyirdi. O, yeni dünyanın müəyyənləşmiş ikiqütblü sisteminin əleyhinə olaraq, hesab edirdi ki, Fransanın da daxil olduğu böyük dövlətlərin maraqlarının tarazlıq sistemi davam etməlidir. Bu səbəbdən də zənn edirdi ki, Avropa dövlətlərinin cəmləşdiyi bir alyansda liderlik Fransanı dominant güc mərkəzinə çevirər, onun Avropada və dünyadakı mövqeyini daha da möhkəmləndirər.

İkinci, Fransa Almaniyanın gələcəkdə birləşəcəyindən və xüsusilə, onun yenidən silahlanmaq ehtimalından çəkinirdi. Tarix göstərmişdi ki, güclü, müstəqil Almaniyada həmişə militarizm meylləri meydana çıxır. Qədim bir məsəldə deyilən: – “Dostu özünə nə qədər yaxın buraxırsansa, düşməni gərək ondan da yaxında saxlayasan” – fikrini əldə rəhbər tutan Fransa anlamışdı ki, yenidən güclənən Almaniyadan qorunmağın ən yaxşı yolu bu dövlətlə bir-birindən aslı olan qarşılıqlı münasibətlər qurmaqdır. Bu amil iki dövlət arasında hər hansı potensial müharibə ehtimalını iqtisadi və siyasi cəhətdən qeyri-mümkün edərdi. Beləliklə, hər iki dövlət bir-birinin maraqlarına qarşılıqlı xidmət etməklə öz mənafelərini qorumağı üstün tutdular. Avropadakı inteqrasiya proseslərinin uğurla getməsində də əsas aparıcı qüvvə, məhz Fransa-Almaniya alyansı oldu.

Üçüncü, coğrafi cəhətdən strateji məkanda yerləşməsi Fransanı Avropa Birliyinə daha qətiyyətlə qoşulmağa sövq etdi. Fransa bu inteqrasiya proseslərindən öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün istifadə etmək əzmini ortaya qoydu.

İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın Baş naziri Uilston Çörçil ikiqütblü dünyanın və ideoloji qarşıdurmanın yaxınlaşdığını ilk hiss edən liderlərdən idi. O bu prosesləri dünyanı kapitalizm və kommunizm düşərgələrinə bölən “dəmir pərdə” kimi qiymətləndirirdi. Çörçil 19 sentyabr 1946-cı ildə İsveçrənin Surix şəhərindəki çıxışında Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatlarını qurmağa çağırdı. Bəziləri belə hesab edirdi ki, o öz ölkəsini də bu birlikdə görür, amma bu heç də belə deyildi. Çörçil Böyük Britaniyanı Avropadan ayrı təsəvvür edirdi. O, Böyük Britaniyanın yerini bir-biri ilə qarşılıqlı təmasda olan üç güc mərkəzinin – Avropa, Amerika və özünün əvvəlki müstəmləkələr Birliyinin ortasında olan əlaqələndirici kimi görürdü. Çörçilin fikrincə, məhz Britaniya bu üç mərkəzi bir-birilə bağlayan əlaqələndirici rolunu oynamalı idi. Şübhəsiz ki, Britaniya bu üç mərkəz ilə öz milli maraqlarına uyğun olaraq münasibətlər qurmuşdu və onlardan heç biri Britaniyanın gələcək siyasi perspektivləri baxımından dominant rol oynamırdı. Britaniyanın Birləşmiş Avropa Ştatlarının yaradılmasında maraqları demək olar ki, Amerikanın maraqları ilə üst-üstə düşürdü. Belə ki, Britaniya öz qonşuluğunda yerləşən bu dövlətlər arasında sülhün, sabitliyin təmin olunmasını və qorunub saxlanılmasını istəyirdi.

Avropa Birliyinin formalaşmasının son mərhələsində böyük Britaniya hətta Avropa Kömür və Polad Birliyinə alternativ olaraq Avropa Azad Ticarət Assosiasiyasını da yaratdı. Lakin sonralar Böyük Britaniya belə bir mövqe tutduğundan peşman olaraq, özü Avropa Birliyinə daxil olmağa cəhdlər göstərdi. Amma Fransa iki dəfə də bu cəhdin qarşısını alaraq, Britaniyanın Avropa Birliyinə onun daxil olmasına imkan vermədi. Britaniya yalnız üçüncü cəhddən – Avropa Birliyinə onun daxil olmasına qəti etiraz edən Fransa prezidenti Şarl de Qolun vəfatından sonra – Birliyə üzv qəbul edildi. Nəhayət, Böyük Britaniya anladı ki, Avropa Birliyinə daxil olmaq ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. [ 2. Səh. 12 ]

“Benilüks ölkələri” adlandırılan Belçika, Niderland və Lüksemburq da kiçik dövlət olduqları üçün tarixən Fransa ilə Almaniya arasında baş vermiş münaqişələrdən daim əziyyət çəkdiklərini göz önünə gətirərək, Qərbi Almaniya və Fransanın birgə fəaliyyət göstərəcəyi Birliyin patronajı altına keçməyə dərhal razılıq verdilər. Onlar, həmçinin, Birlikdə təmsil olunmaqla Avropa və dünya siyasətinə təsir etmək imkanı qazanacaqlarına ümid edirdilər.

Avropa Birliyinin təsisçiləri olacaq bütün ölkələr belə bir təşkilatın yaradılmasının milli mənafelərinə tam uyğun olacağı qənaətində idilər. Onlar Avropa Birliyinə işsizliyi azaldacaq, ödəmə sistemlərini, valyuta sabitliyini təmin edəcək və nəhayət, qitəyə iqtisadi inkişaf gətirəcək bir təşkilat kimi baxırdılar. [ 3. Səh. 15 ]
Fəsil 2. Avropa İttifaqının təşəkkül tapması
2.1. Avropa İttifaqının yaranmasının hüquqi əsasları

Fransanın xarici işlər naziri olmuş Robert Şuman və milli planlaşdırma üzrə komissar Jan Mone tarixə Avropa Birliyinin əsasını qoyan iki görkəmli şəxs kimi daxil olublar. Faşizmə qarşı birgə müqavimət hərəkatı Avropada dövlət sərhədlərindən kənara çıxan əməkdaşlığın yeni formasını yaratmışdı. Buna görə də “Qarşılıqlı əlaqələrə, dostluğa söykənən əməkdaşlıq niyə də davam etdirilməsin?” sualı ətrafında düşünənlərin sayı artırdı.

Robert Şumanın 1950-ci il mayın 9-da etdiyi məruzə tarixi baxımdan Avropa Birliyinin doğum günü hesab olunur və hər il “Avropa Günü” kimi qeyd edilir. Avropanın yenidən müharibə girdabına yuvarlanmasına heç bir vəchlə yol verməmək qarşıya qoyulan ən başlıca məqsəd idi. Fransa və Almaniya əsas resursları – kömür və poladın – birgə işlənməsinin Avropada gələcək inteqrasiyanın əsasını təşkil edə biləcəyi qənaətinə gəldilər. Buna görə də Şuman kömür və poladin istehsalına nəzarət edən birgə Ali Hakimiyyət orqanının yaradılmasını təklif etdi. Bu Ali Hakimiyyət orqanı Almaniya və Fransanın kömür və polad sənayelərinin bir-birindən qarşılıqlı asılılığını və nəticə etibarilə bu iki ölkə arasında müharibənin qeyri-mümkünlüyünü təmin etməli idi.

Beləliklə, Avropa Kömür və Polad Birliyi (AKPB) Ali Hakimiyyət orqanının, Nazirlər Şurasının, habelə Ədalət Məhkəməsinin və Parlament Assambleyasının yaradılması planlaşdırıldı. İtaliya, Belçika, Hollandiya və Lüksemburq da Fransa və Almaniyanın səylərinə qoşularaq, 18 aprel 1951-ci ildə Paris Müqaviləsini imzaladılar. Bu müqavilə 23 iyun 1952-ci ildə qüvvəyə mindi. Elə həmin gün Jan Mone Ali Hakimiyyət orqanının Prezidenti təyin olundu. Lüksemburq bu təşkilatın müvəqqəti mənzil-qərargahı seçildi. Bununla da Avropanın inteqrasiyasına gedən yolda ilk addımlar atıldı.

1952-1955-ci illərdə Avropadakı inteqrasiya proseslərinə siyasi çalarlar qatmaq cəhdləri oldu. Avropa Müdafiə Birliyinin və Avropa Siyasi Birliyinin yaradılması istiqamətində atılmış səmərəli addımlar dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi ənənəvi prinsiplərlə müəyyən ziddiyətlər təşkil edirdi.

1955-ci ilin iyulunda Mesina şəhərində keçirilmiş görüş altı dövlətin birgə iqtisadi ittifaqının yaradılması kimi olduqca əhəmiyyətli bir qərarın qəbul edilməsi ilə nəticələndi. Belçikalı dövlət xadimi Pol Spakın təqdim etdiyi məruzə Roma Müqaviləsinin əsasını qoydu.

Roma Müqaviləsi Avropa Birliyinin əsasını qoyan müqavilə hesab edilir. Roma Müqaviləsinə əsasən altı dövlət Avropa İqtisadi Birliyi, Avropa Atom Enerjisi Birliyini və Avropa Kömür və Polad Birliyini bir təşkilat kimi birləşdirərək Avropa Birliyini yaratdılar. 25 mart 1957-ci ildə 6 dövlətin imzaladığı və 1 yanvar 1958-ci ildə qüvvəyə minən Roma Müqaviləsi Avropa Birliyinin dörd əsas institutunu yaratdı:


  1. Ali Orqan səlahiyyətlərini üzərinə götürən Avropa Komissiyası;

  2. Parlament Assambleyası;

  3. Nazirlər Şurası;

  4. Ədalət Məhkəməsi.

Müqavilə ticarətlə bağlı maneələrin aradan qaldırılmasını, müxtəlif gömrük rüsumlarının ləğv edilməsini və Birliyin üzvü olmayan ölkələrlə ticarətin ümumi xarici tariflərinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Yaradılacaq yeni Gömrük İttifaqı insanların, məhsulların, xidmətlərin və kapitalın maneəsiz hərəkətini təmin etməli idi. Müqavilədə qeyd olunur ki, əsas məqsəd “Avropa xalqlarının çox sıx ittifaqını” yaratmaqdır.

Dəvət olunmasına baxmayaraq, Böyük Birtaniya nəinki bu Müqaviləyə qoşulmadı, əksinə, ona alternativ olaraq Avstriya, Danimarka, Norveç, Portuqaliya, İsveç, İsveçrə və Böyük Britaniyanı birləşdirən Avropa Azad Ticarət Assosiasiyasının yaradılmasında fəal rol oynadı.

1958-ci ildə Robert Şuman sonralar Avropa Parlamentinə çevrilən Avropa Birliyi Parlament Assambleyasının ilk Prezidenti oldu. Beləliklə, Avropada inteqrasiya prosesləri Avropanın siyasi, sosial və iqtisadi gələcəyini dəyişəcək miqyasda ciddi və dönməz xarakter aldı. [ 2. Səh. 20 ]

2 noyabr 1961-ci ildə fransalı siyasətçi Kristian Fuşe daha dərin siyasi inteqrasiyanı tövsiyə edən “Fuşe planı”nı açıqladı. Buna plana görə Avropa Siyasi Birliyi qurulmalı idi. Beləliklə, Avropa İqtisadi Birliyi üzvləri arasında siyasi, mədəni və hərbi sahədə də inteqrasiya prosesləri gedəcəkdi. Avropa İqtisadi Birliyi təşkilatları ASB-nin Nazirlər Şurasının əmrinə verilməli idi. Bu təklif Avropa İqtisadi Birliyinin komissiyasının səlahiyyətlərini məhdudlaşdırırdı. Belçika, Hollandiya və Lüksemburq kimi ölkələr buna etiraz etdilər. Bu planın uğursuzluğa düçar olmasına baxmayaraq, altı dövlət digər sahələrdə də daha sıx əməkdaşlıq yolunu seçdilər. [ 4 ]

8 Aprel 1965 tarixində Brüsseldə Avropanın 3 qurumunun birləşdirilməsinə dair saziş imzalanmışdır. Bu sazişin nəticəsində AKPB, AİB və AAEB birləşdirilərək vahid bir AİB şurası, AİB komissiyası və AİB Parlamenti yaradılmışdır. Bu saziş ilə Daimi Təmsilçilər Komitəsi qurulmuşdur. [ 1. Səh 248]

Birliyin əldə etdiyi uğurlar başqa dövlətləri də bu quruma daxil olmağa ruhlandırdı. 1959-1960-cı illərdə Yunanıstan və Türkiyə Avropa İqtisadi Birliyinə assosiativ üzv olmaq üçün müraciət etdi. 1961-ci ildə İrlandiya, Danimarka və Böyük Britaniya, 1962-ci ildə Norveç Avropa Birliyinə daxil olmaq üçün müraciət etdilər. Lakin Fransa prezidenti Şarl de Qol Böyük Britaniyanın Avropa Birliyinə daxil olmaq niyyətinə şübhə ilə yanaşırdı. Məlum olduğu kimi, II Dünya Müharibəsi zamanı Şarl de Qol Böyük Britaniyada mühacir həyatı yaşamışdı. Hələ Londonda olarkən Şarl de Qol dəfələrlə Birləşmiş Ştatların və Böyük Britaniyanın onu Azad Fransa lideri kimi başqası ilə əvəz etmək cəhdləri ilə üzləşmişdi. Şarl de Qol belə hesab edirdi ki, Avropa Birliyinin qapılarını Böyük Britaniyanın üzünə açmaq elə Amerika Birləşmiş Ştatlarını arxa qapıdan Avropa Birliyinə daxil etmək deməkdir. Başqa sözlə desək, Böyük Britaniya ABŞ üçün Troya atı rolunu oynayacaqdı. Şarl de Qol britaniyalılara və amerikalılara Avropa Birliyində Fransanı əsas “oyuncu” statusundan məhrum etmək istəyən qüvvələr kimi baxırdı. Buna görə də məhz Şarl de Qolun təkidli səyləri nəticəsində Böyük Britaniyanın Avropa Birliyinə daxil olmaq üçün etdiyi müraciət rədd edildi və Birliyin genişləndirilməsi on ildən də çox təxirə salındı. Amma bu on il ərzində Avropa Birliyi əsas diqqəti altı üzv dövlət arasında münasibətlərin daha da dərinləşməsinə yönəltdi. Bu prosesin mərkəzində üzv dövlətlər arasında sıx əlaqələrin yaradılması, xüsusilə Fransa və AFR arasında olan alyansın daha da möhkəmləndirilməsi dururdu. Bu iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələri 22 yanvar 1963-cü il tarixdə Yelisey sarayında Fransa-AFR Müqaviləsinin imzalanması ilə rəsmiləşdirildi. Beləliklə, Fransa-Almaniya alyansı Avropa Birliyinin gələcəkdə dərinləşdirilməsinin və genişləndirilməsinin arxasında duran əsas aparıcı qüvvəyə çevrildi.

1 iyul 1965-ci ildə Fransa Birlik daxilində öz gücünü göstərərək, Avropa Birliyinin Nazirlər Şurasındakı nümayəndəsini geri çağırdı və “boş stul” böhranını yaratmaqla Birliyin gələcək işlərində iştirak etməyə meylli olmadığını nümayiş etdirdi. Buna səbəb Fransa ilə Birliyin digər beş üzvü arasında xüsusi səs çoxluğu ilə səsvermə qaydaları barədə yaranan fikir ayrılığı idi. Şarl de Qol belə hesab edirdi ki, bu cür səsvermə qaydasının qəbul edilməsi hər bir üzv dövlətin suverenliyinə təhlükə yarada bilər. Bu qaydaya görə hər hansı bir üzv dövlətin etirazına baxmayaraq, mühüm siyasi, iqtisadi və sosial məsələlər xüsusi səs çoxluğu ilə qəbul edilə bilərdi. Fransa Prezidenti isə qərarların yekdillik prinsipi ilə qəbul olunması qaydasını qətiyyətlə müdafiə edirdi və bununla da Birliyin hər bir işində məhz dövlətlərarası münasibətlərin üstünlük təşkil etməsini istəyirdi. 1966-cı ilin yanvarında Şarl de Qol Birlik daxilində qərarların qəbul edilməsi zamanı dövlətlərarası münasibətlərə üstünlük verilməsinə nail olundu. Başqa sözlə desək, Birliyə daxil olan hər bir üzv dövlətin öz milli maraqları ilə ziddiyyət təşkil edən qərarların qəbul edilməsinə veto qoymaq hüququ tanındı. Eyni zamanda, bir çox qərarların qəbulunda yekdilliklə səsvermə xüsusi səs çoxluğu ilə əvəz edildi. “Lüksemburq Kompromisi” adlanan bu qərar Birlik daxilində daha da dərinləşmənin qarşısını növbəti 20 il müddətinə almağa müvəffəq oldu.

Birliyin xarici iqtisadi əlaqələrinin genişləndirilməsinə baxmayaraq, 1967-ci ildə Danimarkanın, Böyük Britaniyanın və İrlandiyanın üzvlüyə qəbul üçün etdikləri İkinci müraciət də rədd edildi. Yunanıstanda hərbçilərin dövlət çevrilişi ölkədə diktaturanın qurulmasına və beləliklə, bu ölkənin Birlikdəki assosiativ üzvlüyünə son qoyulmasına səbəb oldu. [ 2. Səh. 24 ]

1970-ci ildə Daviqnon layihəsinin meydana çıxması ilə Birliyin Siyasi Əməkdaşlıq strukturunun yaradılması istiqamətində irəliyə doğru ilk ciddi addım atıldı. Artıq Şarl de Qol da 1969-cu ildə hakimiyyətdən getmişdi. Birliyin siyasi inteqrasiyasının qarşısını almağa yönəlmiş mövqeyi xarici siyasət sahəsində də əməkdaşlığa doğru konkret addımlar atılması ilə əvəzlənmişdi. Daviqnon layihəsi 27 Oktyabr 1970-ci ildə Lüksemburqda keçirilən Xarici İşlər Nazirlərinin iclasında altı üzv dövlət tərəfindən qəbul edildi. Xarici İşlər Nazirlərinin, habelə Xarici İşlər Nazirlikləri SiyasiDepartamentləri rəhbərlərinin mütəmadi görüşlərinin keçirilməsi barədə qəbul edilmiş qərarlar əməkdaşlığın səviyyəsini yüksəldərək, onu yeni mərhələyə çıxardı. Daviqnon layihəsi nəticəsində yaradılan Avropa Siyasi Əməkdaşlığı hər hansı bir müqavilədə öz əksini tapmadığı üçün üzv dövlətlər arasında problemlərə yol açmış, əməkdaşlığa maneələr törətmişdir.

[ 5 ]


1973-cü ildə, danışıqların çətin keçməsinə baxmayaraq, Avropa Birliyinin genişləndirilməsinə dair razılıq əldə olundu. Beləliklə, Danimarka, İrlandiya, Norveç və Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyünə qəbul barədə müqavilə imzalandı. Lakin Norveç keçirilmiş referendum bu müqavilənin ratifikasiyasına rədd cavabı verdiyinə görə bu ölkə Avropa Birliyinə qəbul olunmadı. [ 1. Səh 250 ]

1975-ci ildən 1979-cu ilə qədər Birlik özündə vahid Avropa valyutasını yaratmağı ehtiva edən Avropa Monetar Sistemin formalaşdırmaqla inteqrasiya proseslərini daha da sürətləndirdi. Avropa vətəndaşları üçün xüsusi əhəmiyyətli hadisə Avropa Parlamenti üzvlərinin birbaşa səsvermə yolu ilə seçilməsi barədə qərarın qəbul edilməsi oldu. Avropa Parlamentinə ilk seçkilər 1979-cu ildə keçirildi və doqquz üzv dövləti təmsil edən Avropa Parlamentinin 410 seçilmiş üzvü ilk iclasına həmin ilin 17 iyulda toplaşdı. Xanım Simon Veyl Avropa Parlamentinin Prezidenti seçildi.



1981-ci ildə Yunanıstan, ondan beş il sonra – 1986-cı ildə isə İspaniya və Portuqaliya Avropa Birliyinə üzv qəbul edildi. Bu üç yeni üzvün yerləşdiyi coğrafi məkan Avropa Birliyinin cənuba doğru genişlənməsini göstərirdi. Birlik genişləndikcə özünə bir sıra yeni problemlər də yaradırdı. Belə ki, yeni üzvlüyə qəbul edilmiş hər üç dövlət Birliyin digər üzvlərindən iqtisadi və siyasi inkişaf baxımından xeyli geri qalırdı. Bu ölkələrin uzun illər diktatorlar tərəfindən idarə olunmasını nəticəsində yaranmış yanlış iqtisadi idarəetmə və ağır iqtisadi durum onlara Avropa Birliyi tərəfindən külli miqdarda yardım göstərilməsini qaçılmaz edirdi. [ 2. Səh. 26 ]

İnsanların azad hərəkəti prinsipi - Avropa İttifaqı çərçivəsindən kənarda qarşılıqlı əməkdaşlığı nəzərdə tutan 14 iyun 1985-ci ildə Almaniya və Fransa arasında bağlanmış Şengen razılaşması ilə tənzimlənirdi. Sonradan bu müqaviləyə BENİLÜKS ölkələri də qoşulmuşdu. İlkin mərhələdə müqavilə üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarətin sadələşdirilməsini, 1 yanvar 1990-cı ildən isə, ümumiyyətlə belə yoxlamaların ləğvini nəzərdə tuturdu. Şengen razılaşması digər dövlətlərin böyük marağına səbəb oldu. Belə ki, Şengen razılaşması formal sərhəd yoxlamalarını dayandırmaqla və ya yoxlama qaydalarını sadələşdirməklə insanların azad hərəkətinə şərait yaradırdı. Bu da, öz növbəsində, vahid daxili bazar münasibətlərinin inkişafına, investisiya qoyuluşuna, yeni törəmə və birgə müəssisələrin açılmasına, iş yerlərinin sayının artırılmasına müsbət təsir göstərir, iştirakçı dövlətlərin kənar sərhədlərində nəzarətin gücləndirilməsinə gətirib çıxarırdı. Bu səbəbdən Şengen razılaşmasına qoşulan üzv dövlətlərin sayı getdikcə artırdı.1990-cı ildə İtaliya, 1991-ci ildə İspaniya və Portuqaliya, 1992-ci ildə Yunanıstan, 1995-ci ildə isə Avstriya müqaviləyə qoşuldu.

17-28 fevral 1986-cı ildə Lüksemburq və Haaqa konfranslarının nəticəsi olaraq 12 üzv dövlət tərəfindən «Vahid Avropa Aktı» imzalandı
«Vahid Avropa Aktı» 34 maddə və 20-dən artıq təklifi və digər məzmunlu sənədləri özündə birləşdirən 1 yekun aktından ibarətdir. Aktın I maddəsində göstərilir ki, Vahid Avropa Aktının məqsədi Avropa Birliyinə gətirib çıxaran üzv dövlətlərin siyasi əməkdaşlığına nail olmaqdır. Vahid Avropa Aktı həmin dövr üçün böyük ümid mənbəyi olsa da, keçid xarakterli olması ilə fərqlənirdi. Üzv dövlətlərin birləşməsi prosesinin təkmilləşdirilməsi üçün mövcud hüquqi baza çətinlik yaradırdı. Vahid valyuta mexanizminin işə salınması, iqtisadi, valyuta, vahid sosial siyasətin, eləcə də, xarici siyasət, ümumi təhlükəsizlik məsələləri sahəsində yeni hüquqi bazaya zərurət yaranmışdı. Avropada və yer kürəsinin digər hissələrində köklü dəyişikliklər baş vermişdi. Belə ki, Şərq ölkələrində sosialist rejimlərin çökməsi Varşava Müqaviləsi əməkdaşlığının sonu ilə nəticələnmişdi. SSRİ ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. İkinci Dünya müharibəsindən sonra Almaniyanı iki hissəyə ayıran «Berlin divarları» sökülmüşdü və Almaniya vahid dövlət kimi mövcudluğuna qayıtmışdı. Belə bir şəraitdə Avropa Birliyinin beynəlxalq aləmdə müstəqil və legitim qüvvə kimi təqdim olunmasına zərurət artırdı. Hələ 1990-cı ilin əvvəllərindən Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmud Kol yeni və xüsusi əhəmiyyətli təşəbbüslə çıxış etdilər. Onların təşəbbüsü təkcə iqtisadi əməkdaşlığı deyil, ümumi Avropa siyasətini və kollektiv təhlükəsizlik məsələlərini də əhatə edirdi. Bu məqsədlə Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən görüşlərdə zəruri məsələlərin – siyasi, iqtisadi və valyuta birliyinin, Avropa Mərkəzi Bankının yaradılması məsələlərinin müzakirəsi üçün hökumətlərarası iclasların keçirilməsi qərara alındı.  Bu məqsədlə yeni müqavilə layihəsi hazırlandı. Layihənin müzakirə edilməsi üçün 9-10 dekabr 1991-ci ildə Hollandiyanın Maastrix şəhərində Avropa Birliyi üzvlərinin iclası keçirildi. 12 üzv dövlət başçısı tərəfindən bəyənilən müqavilə rəsmi olaraq «Avropa İttifaqı haqqında saziş» adlandırılsa da, əksər hallarda, iclasın keçirildiyi şəhərin şərəfinə «Maastrix müqaviləsi» adlandırılır. [ 6 ]

Avropa İttifaqı Müqaviləsi 7 fevral 1992-ci ildə imzalansa da, yalnız 1993-cü ilin 1 noyabrında qüvvəyə minmişdir. Bu müqaviləyə uyğun olaraq, Avropa Birliyi bundan sonra “Avropa İttifaqı” adlandırıldı. Müqavilə ittifaqdaxili inteqrasiyanın dərinləşməsini keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Avropa İttifaqı barədə Müqavilə köklü dəyişikliklərə gətirib çıxardı. İttifaqın iki səviyyədə inkişaf etdirilməsi barədə razılaşma Böyük Britaniyanı qane edirdi. Razılaşmaya görə dövlətlərə istəmədikləri sahələr üzrə əməkdaşlıqdan kənarda qalmaq hüququ verilirdi. Məsələn, Sosial Xartiyaya qoşulmayan dövlət vahid bazar ilə əlaqədar məsələlərdə iştirak edə bilərdi.

1995-ci ildə Avropa İttifaqı öz qapılarını İsveçin, Finlandiyanın və Avstriyanın üzünə açdı və bununla da Avropa İttifaqı üzvlərinin sayı artaraq 15-ə çatdı. Böyük Britaniyanın daha da dərinləşmənin əleyhinə olmasına baxmayaraq, 2 oktyabr 1997-ci ildə imzalanan və 1 may 1999-cu ildə qüvvəyə minən Amsterdam Müqaviləsi Avropa İttifaqı barədə Müqavilənin bəzi hissələrinin yumşaldılmasına nail oldu. Birgə qərar qəbuletmə proseduru sadələşdirildi və Avropa Parlamentinin inteqrasiya proseslərində səlahiyyətləri genişləndirildi. Daxili İşlər və Ədliyyə sahəsində dəyişikliklər edildi, soyuq müharibədən sonra yaranmış mühiti əks etdirən ümumi xarici və təhlükəsizlik siyasəti yenidən quruldu.

Bundan sonra 2001-ci il 26 fevralda Nis Müqaviləsi imzalandı və 1 fevral 2003-cü ildə qüvvəyə mindi. Məsələ bundadır kı, 1997-ci ildə imzalanan Amsterdam Müqaviləsi Aİ daxilində struktur dəyişikliklərini tam əhatə edə bilmədi. Avropa İttifaqı öz tarixində ən böyük genişlənməyə hazırlaşdığı dövrdə daha dərin inteqrasiyaya nail olmaq üçün iş mexanizminin təkmilləşdirilməsini ən vacib məsələlərdən biri hesab edirdi. Nis Müqaviləsi məhz qeyd etdiyimiz məsələlərlə bağlı islahat paketini qəbul etməklə yadda qaldı. Müqavilədə nəzərdə tutulan islahatlar İttifaqın genişlənməsi prosesinin rəvan keçməsini təmin etməyə yönəlmişdi. Əsas məqsəd də daha sıx əməkdaşlığın vacib olduğu sahələrə xüsusi səs çoxluğu ilə səsvermə qaydasını şamil etmək idi. Qeyd etmək lazımdır ki, Nis Müqaviləsi müəyyən irəliləyişlərə təkan versə də, köklü islahatların axıra qədər aparılmasına nail ola bilmədi və bir çox suallar hələ də açıq qalmaqdadır.

[ 2. Səh. 35 ]

2004-cü ildə Avropa İttifaqı öz sıralarına daha 10 yeni üzv qəbul etdi. Digər iki ölkə (Rumıniya və Bolqarıstan) isə İttifaq üzvlüyünə qəbulun sonuncu mərhələlərindədir. Son olaraq 2013-cü ildə Xorvatiya da ittifaq sıralarına qoşuldu. [ 7 ]

Hazırda Azərbaycan Avropa İttifaqı ilə bir sıra sahələrdə faydalı əməkdaşlıq edir. Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələrin tarixi 1990-cı illərin əvvəllərinə gedib çıxır və Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi ölkələrinə göstərdiyi dəstəyə (TACİS proqramı) əsaslanır. Azərbaycanın bu mötəbər qurumla münasibətlərinin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” ikitərəfli münasibətlərin hüquqi bazasının əsasını təşkil etmişdir.



Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur. Azərbaycanın müstəqillik qazandığı dövrdən başlayan bu əməkdaşlıq daha da inkişaf edərək davam etməkdədir. [ 10 ]

Yüklə 278,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin