A N A R
Əsərlər
III
Sizsiz (roman-xatirə)
Həyatım ağrıyır (povest-xatirə)
Anılar, ağrılar, ağılar
Gecə düşüncələri
Bu kitabın çapı
Ekson Azərbaycan Əməliyyat Şirkəti,
MMM EksonMobilin törəmə şirkəti
tərəfindən maliyyələşdirilmişdir
Bakı — 2004
2
Redaktor:
Arif Əmrahoğlu
Rəssam:
Azər
ANAR. Əsərlər. III cild,
Nurlan, Bakı, 2004, 689 səh.
Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış
Ekson Azərbaycan Əməliyyat Şirkətinə,
MMM EksonMobilin törəmə şirkətinə
dərin minnətdarlığını bildirir
3
SİZSİZ
(roman – xatirə)
ANAM NİGARA, ATAM RƏSULA. Sizsiz qalıb sizdən
yazdığım bu yazını sizin solmaz, sönməz,
yadımızdan silinməz xatirənizə həsr edirəm.
4
BIRINCI HİSSƏ
Kim bilir? Bəlkə də...
Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxt
düzümündə İndi yoxdur yalnız Keçmiş və Gələcək var;
Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların –
Arxadaqalanla İrəlidəngələnin – rastlaşdığı yer, toqquşduqları
nöqtə isə mövcud deyil.
...Ya da bəlkə...
İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə!
Son sükut
Ömrün yorğunluğuna məlhəm,
Sakit, sərin bir kölgə!!
Qədim yunan müdriki "Bir çayda iki dəfə çimmək olmaz" –
deyib. Amma bir çayda bir dəfə də çimmək mümkünsüzdür.
Sənin çimdiyin vaxt ərzində bu çay artıq o çay deyil; sənin
suya girdiyin çay axıb gedib, onun axarı bir an, bir saniyə
dayana bilməz. Çayın axmazdan fərqi odur ki, axması var.
Vaxt kimi. "An dayan, sən nə gözəlsən!"
An dayana bilməz.
An-saniyə, Anmaq-yada salmaq, Anım-assosiasiya.
Oxucularla görüşdə birisi soruşur;
–Adınızın mənası nədir?
–Anar-anmaq felindəndir, anmaq-yada salmaq, anar – yada
salar, Anar-yada salan.
–Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul.
–Yox, bu uydurmadır, Kim uydurubsa, maraqlı uydurub.
Amma doğru deyil, belə şey heç vaxt atamla anamın ağlına
gəlməyib. Təkrar edirəm:
–Anar-anmaq felindəndir, anmaq-yada salmaq.
5
...Anıram, yada salıram. Keçib getmiş saatları, günləri
qaytarmaq istəyirəm. Vaxtın ətəyindən yapışıb saxlamaq
istəyirəm.
Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.
An dayana bilməz.
Vaxtın indisi yoxdur, olmuşları, olacaqları var. Yazdığım bu
cümlələri də, heç bircə cümləni, bircə kəlməni İndi yazmıram.
Yazacağımacan bu cümlələr, sözlər hələ yoxdur, qabaqda-
gələcəkdədir, yazıb qurtardığım hər cümlə, bitirdiyim hər söz
isə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hər
hərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarın
pəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxada
qalır və yalnız cümləni tamamlayacaq nöqtə hələ qabaqdadır
ki, onu da indi qoyuram.
İndi?
Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı.
İlahi, bütün bu dayaz fəlsəfələr nəyə gərəkdir? İki ildən
artıqdır ki, içimi lim-həlim dolduran, hər an məni çuğlayan,
göynədən yazını günü günə, saatı saata sata-sata yubadıb
uzaqlaşdırıram, neçə vaxtdan bəri yazmaq istədiyimi
yazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi, yazmağa
başlayanda da mətləbə keçməkdən qorxuram.
Qorxuram qələmim qanaya.
Gəlişi gözəl deyilmiş sözdür.
İç Oğuzlar və Dış Oğuzlar kimi hər bir ayrı fərd də, hər bir
insan da iki bölünür, parçalanır, haçalanır, iki dünyada yaşayır
– dişarı dünyasında və içəri dünyasında. Mən "İç dünyası"
deyil, "İçəri dünyası" deyirəm, çünki "iç" sözü "daxili aləm"
anlamında çox işlənsə də, çağdaş şerimizin ərköyün
sözlərindən birinə çevrilsə də, nəsə ürəyimə yatmır – fizioloji
bir çalar var bu kəlmədə, "iç-içalat", "iç-qovurma"; yada düşür.
"İçəri şəhərimiz" varsa, İçəri dünyamız ola bilməzmi?
Doğrudur, xalq "içim özümü yandırır, çölüm özgəni" deyir.
6
Bu ifadənin məna tutumuna, fikir siqlətinə valehəm.
Dünyanın təməl mətləblərindən biri – insanın təkliyi,
tənhalığı, özgələr tərəfindən heç vədə anlanılmaması (Sartr:
cəhənnəm-başqalarıdır, – deyir) kontaktsızlıq, rabitəsizlik,
əlaqəsizlik, insanın zahiri bəliriylə-çölüylə, daxili varlığı-içərisi
arasındakı təzad, uyğunsuzluq, uyarsızlıq – beş kəlmədən
ibarət bu deyimdə nə qədər qısa, yığcam ifadə edilib. Vəzndən
yüngül, qıvraq, qiymətdən ağır bu cümlə insanın dünyayla
münasibəti barədə böyük bir həqiqəti demirmi?
İnsanın içəri dünyasıyla çöl dünyası daimi təmasda,
qaynayıb-qarışmada olsalar da, bir-birindən möhkəm sədlər –
sərhədlərlə ayrılıblar – içərimizdəki hər sözü, fikri, hissi bu
hüdudlardan dışarı buraxmırıq, buraxanda yüz kərə götür-qoy
edirik, düşünüb-daşınırıq, dönə-dönə fikirləşirik ki, sərhədi
adlayıb keçən sözümüz, duyğumuz çöl dünyasında necə
görünəcək, necə səslənəcək, bizə dostmu qazanacaq,
düşmənmi?
Bizim xeyrimizə olacaq, zərərimizə?
Şöhrət gətirəcək bizə, ya nifrət?
Eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyən
hər yeni insanı, ideyanı, təəssüratı, sərhəddə çək-çevirə salırıq,
yüz ölçüb bir biçirik-bu gələn kimə bənzər, bu gələn nəyə
bənzər? Casus kimi, çuğul kimi gəlir-içərimizi ələk-vələk edib
bizi "aləmə demək" üçün? Pozucu kimimi gəlir içərimizdə
tikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün?
Yaxud gələcək söhbətlərinə, qeybətlərinə yem axtaran, qida
gəzən yüngülməcaz bir maraqlı kimimi?
Seviriksə içəridən sezirik: əlbəttə, çöldə gördüyümüzdən
düşür bu toxum daxilimizə, amma içərimizdə cücərir,
pöhrələyir, boy atır; sevgimiz içərimizdən boylanır. "Boylanır"
sözünün hər iki mənasında – həm ucalmaq, boy atmaq
anlamında, həm də boylanıb baxmaq, çəpərdən o taydakı aləmi
seyr etmək mənasında.
İçəri dünyamız da çölümüzdəki böyük dünya qədər genişdir,
7
əhatəlidir, enişli-yoxuşlu, istili-soyuqludur, əlvandır.
İçərimizdə özümüzün bəlkə heç vaxt fəth edə bilməyəcəyimiz
zirvələrimiz var, onların ucalığına dırmaşdıqca ciyərlərimizə
dağ havasının sərinliyi dolur. İçərimizdə dibi görünməz
uçurumlarımız, yarğanlarımız, quyularımız da var. Elə
dərinliklərimiz var ki, onların dibinə bəlkə də insan heç zaman
çata bilməyəcək; İçərimizdə çala-çuxurlarımız var, keçilməz
cəngəlliklərimiz var, göz-gözü görməyən zülmətlərimiz var.
İçəri dünyayla çöl dünyası arasında çox uzaq bir yol, çox
böyük bir məsafə var – bu yol, bu məsafə kirpiklərimiz
uzunluğundadır.
İki dünyamız arasında çox möhkəm bir sədd, ağır bir qapı
var-gözümüzün qapağı. Gözümüzü açırıq-İçəri dünyamızdan
çöl dünyasına çıxırıq. Gözümüzü yumuruq, kirpiklərimiz
qovuşur. İçəri dünyamıza qayıdırıq.
Qoca, çox tənha bir yazıçının şakəri varmış – bəzən
ətrafında çoxlu adamlar olanda, gur məclisdə, qalabalıqda
gözlərini qapayarmış. Soruşanda: "ürəyim darıxır", deyərmiş.
Bir gün gözlərini əbədi yumanda yeganə dostu: "görünür, ürəyi
elə darıxıb ki, daha dözə bilməyib", – dedi.
Çöl dünyasında nə qədər gəzib-dolaşsaq da, son səfərimiz
torpağa yox – İçəri dünyamızadır. Torpağa bizi bizdən sonra
başqaları gömürlər. Biz isə özümüz yolumuzun son mənzilinə
çatmaq üçün son səddi adlayıb ardımızca qapını bağlayırıq-
gözlərimizi yumuruq. Bu dəfə həmişəlik...
İçəri dünyamıza-ilk və son dünyamıza qayıdırıq.
Ancaq bir an da var "həyatla ölüm arasında bir qarış yol"da.
İki aləm arasındakı bir an.
İki aləm arasındayam,
biri gerçək,
sevincli, həyəcanlı,
xatirəli, unudumlu, nisyanlı.
Biri bilinməzlik,
o yanlı.
8
Kim bilir? Kim bilir nə qədər qalıb bilinməzlik mənzilinə, o
yanın sahilinə. Nə qədər möhlətə var –"bir il, bir gün, bir saat?"
Hələ ki, "vaxt var ikən" bu bir kirpiklik məsafəni keçirəm,
gözlərimin ağır qapılarını örtürəm, içəri dünyama çəkilib,
xatirələr aləminə dalıram.
Anıram...
"Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları
bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər,
baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç
bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr
yolunun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçün
təəssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi
göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş
günlərdən dinlədiyimiz tanış səslərdir".
Yuxarıdakı şerlər də, bu sözlər də Rəsul Rzanındır.
"Həyat qəribə şeydir. Onun elə səhifələri var ki, anlamaq,
izah etmək çətin, unutmaq daha çətindir".
Bu sözlər də onundur.
"Biz hər zaman xatirələrimizdən daha yaşlıyıq".
Bu da…
Ömrünün son iyirmi ili bir–birindən ağır xəstəliklər,
əsəbilik, yorğunluq, bir növ biganəlik onun binədən çox
möhkəm olan səhhətini, həyatsevər, nikbin təbiətini, illah da
bütün mərəzlərə mətanətlə dözən ürəyini qəlpə-qəlpə
parçalayır, əridir, söndürürdü, amma ömrün möhlətindən söz
düşəndə həmişə: "mən mütləq XX əsrin axırını görəcəm, –
deyirdi, – XXI əsri qarşılayacağam, təzə minillikdə heç olmasa
bircə gün yaşayıb sonra gedəcəm".
Biz, onun yaxınları, hətta həkim qohumlarımız da bu
zarafatı guya ki, ciddi qəbul edirdik, "əlbəttə, hökmən" –
deyirdik. Halbuki, bunun xülya olduğunu hamımız başa
düşürdük.
9
Özü başa düşmürdü məgər?
"Şəhərin yay günləri" pyesinin qəhrəmanı Qiyas – onun
təxminən 40-42 yaşı var – deyir: "Mənim ömrümün çoxu
gedib, azı qalıb".
Bu pyesi yazanda mənim 39 yaşım vardı. Əlbəttə, Qiyas
müəllifin prototipi deyil, ancaq hər tamaşada aktyorun dilindən
bu sözləri eşidəndə mənə elə gəlirdi ki, bu, elə mənim də ömür
möhlətimdir. Kövrəlirdim.
Müəllifin öz əsərindən kövrəlməsi çöçün gəlir adama,
gülməli gəlir, lağa qoyulmalı məsələdir, elə deyilmi?
Amma bu yazıda mən nəinki hər hansı yalanı qələmimin
dörd həndəvərinə buraxmayacağam; nəyisə gizlətmək, nə
barədəsə susmaq, hansı duyumunsa üstündən keçmək də
istəmirəm.
İndi yaşım 46-dır. Daha lap qəti bilirəm ki, ömrümün çoxu
gedib, azı qalıb.
Yağış mənimlə gedir.
yumru, uzunsov damcılarla
qonub qatar pəncərəsinə.
Qulaq asıram qatar təkərlərinin
yeknəsək səsinə.
Arxada qalır taqqıltılar.
Sanki,
Ömür damcı-damcı düşür, qayıtmazlığa.
Günlər gedir
çoxluqdan azlığa.
Barı atama qismət olmayan mənzilə çatmaq, XX əsri yola
salmaq, III minilliyi qarşılamaq mənə nəsib olaydı.
Amma nə fərqi var? Tutalım, lap bu həddə də çatdım, onu
da ötdüm, atamın yaşını – 71-i də haqladım, 80-ə, 90-a da
yetdim. Bu halda belə, mənimçün indən belə yalnız Keçmiş
var.
Əgər İndi yoxdursa, insan yalnız Keçmişlə və Gələcəklə
Yaşayırsa, mənimki-Keçmişdir.
10
Keçmiş – xatirələr, anımlar, Gələcək – ümidlər,
gümanlardır, hər ikisi real olduğu qədər qeyri-real, gerçək
olduğu qədər sirabdır, ilğımdır, mirajdır.
Beləysə, gerçəkdən olmuşların anımlarıyla yaşamaq
doğrulub-doğrulmayacağını bilmədiyin ümidlərə qapılmaqdan
üstün deyilmi?
Xatırlayıram,
neçə belə axşamın arxasında
ömrün uzaq sahilində
dağ kimi
qalaq-qalaq yığılmış illərin
arxasında
qalan günləri...
Atamındır bu sətirlər:
Xatirələrin yaxını
ağrıdan olur,
göynədən olur.
Uzaqları
daha mülayim, sakit.
Bunlar da...
...Anıram...
"Anari, xoş gördük!
Səninlə az danışdıq və deyəsən məndən, incidin. Yox,
incimə, oğlum. Mən indi sənə uşaq kimi yox, yetkin bir gənc
kimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisi
olasan, ananın, bacılarının qayğısına qalasan. Yaz görüm nə
var, nə yox? Təzə nə yazırsan?
Mən işləməyə başlamışam, ara-sıra xırda şerlər də yazıram.
Bura işləmək üçün yaxşıdır. Ancaq adam darıxır, yaman
darıxır. Mən də güc vuracağam işləməyə.
...Daha nə yazım. Elə maraqlı bir şey yoxdur.
11
Özün necəsən? Bakıda nə təzə əhvalat var?
Hələlik. Öpürəm sizi.
Mənim yaxşı balam, istəkli oğlum. Təranə ilə aran necədir?
Bax, onu incitsən, mən burda hiss edəcəm və işləyə bilməyəcəm
ha.
Rəsul.
Peredelkino".
"Salam, əziz oğlum!
Necəsən?
Bakıda təzə nə var? Sizə ingilislərin "Hamlet"i haqqında
kitabçanı göndərirəm. Maraqlı şeylər var burda.
Anari, üç dəfə zəng eləmişəm, səni evdə tapa bilməmişəm.
Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başa
düşməmisən? Mən sənə öyüd-nəsihət vermək istəmirdim və
istəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazım
olmasın gərək. Ancaq o son sözlərimi bir də dəqiqləşdirməyə
məcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəym.
Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunu
dərslərinə, yaradıcılığa verməlisən.
Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməzac bir gənc
kimi yox, insan kimi aparacaqsan özünü.
Öpürəm səni. Məktub yaz.
Səni istəyən atan.
Peredelkino".
Bu məktubların hər ikisi əllinci illərin əvvəllərində, mənim
14-15 yaşım olanda yazılıb. Atamın otuz ilə yaxın bir
müddətdə mənə müxtəlif yerlərdən və müxtəlif yerlərdə
yazdığı və indi qırx dördü əlimdə olan məktublarından
ilkləridir. Onları və sonrakı məktubları cüzi ixtisarlarla
verirəm.
"Anar, salam!
Doğrudur, sənin təbiət gözəlliyindən xoşun gəlmir, ancaq
12
burda olsaydın, sən də Soçinin dağlarına, yollarına, dənizə
baxıb heyran qalardın.
Mən "x" işarəsi ilə göstərdiyim otaqda oluram. Qabaq
tərəfimiz dəniz, böyrümüz və arxa tərəfimiz yaşıl parkdır.
Burda qəribə ağaclar var. Dünyanın hər yerindən gəlmə
ağaclar buranın parklarına, küçələrinə ayrıca bir görkəm
verir. Əsas küçələrdən biri təxminən 150-200 metro boyunca
hər iki tərəfdən çinar ağacları ilə hasarlanmışdır. Göyçaydakı
çinarlar yadındadırmı? Bunlar daha da qollu-budaqlıdırlar.
Burda adamlar indidən dənizdə çimirlər. Havalar bir az
yağışlıq idi, indi düzəlib.
Hələlik bu qədər.
Dərslərin necə gedir? Ciddi çalışırsanmı? Ani bala, unutma
ki, yay zamanı arxayın, yaxşı istirahət edə bilməyimiz sənin
indiki çalışmağından asılıdır. Kitab–filan oxuma, ancaq və
ancaq dərslərinə güc ver. Öpürəm səni. Məndən hamıya,
nənələrinə, bibilərinə, Ənvərə, Oğuzgilə salam de.
Rəsul.
29 /IV–54 Soçi".
"Anarım!
Buralar elə gözəldir ki, söyləməklə təsvir etmək olmaz.
Buradakı mənzərələrin gözəlliyini heç olmazsa bir qədər verə
bilmək üçün gərək Ayvazovski, Levitan və Şişkinin üçünün
talant və həvəslərini bir yerə yığıb onlara Puşkin şerinin
oynaqlığını, Füzulinin riqqət və həsrətini, Lermontovun hərarət
və ehtirasını və..–in quruluğunu əlavə edəsən – çünki burda
quru ağaclar, otsuz daşlar və adamda nifrət oyadan bəzi
vücudlar da var. Yalnız belə bir əməliyyat nəticəsində bəlkə də
bugünkü Soçi, xüsusilə mən istirahət elədiyim sanatori
haqqında bir təsəvvür oyatmaq olar.
Ani bala, işin necə oldu? Dərslərin necədir? 4-lər ləğv
olunubmu? Futbol aləmində nə var? Bizimkilər uduzurlar, ya
hələ yox?
13
Kağız yaz. Öpürəm səni.
Rəsul.
18/V.54 Soçi".
"Anar!
Məktubunu almamışam. Yəqin ona görə ki, sən bu məktubu
hələ yazmamısan. Gündüzlər beş saat yatıb, altı saat böyrü
üstə uzanandan sonra vaxtın qalsa, mənə məktub yaz.
Buralar yaxşıdır. Dincəlirəm. Teleqramın üçün çox sağ ol.
Rəsul.
19/V.54 Soçi".
Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər halda
sinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz-qəmsiz
yaşamanın yüz ilinə bərabərdir.
1981-ci ildə yüz gün ərzində dünyada ən əziz iki adamımı
itirdim; Aprelin 1-də dünyanın yalan günündə, şux zarafatlar
günündə – atam vəfat etdi və indiyəcən bu həqiqətin
gerçəkliyinə inandıra bilmirəm özümü. İyulun 10-da anam
öldü.
İkisi də mənim gözlərimin qabağında can verdilər.
Atam yarım saatın içində keçindi.
Aprelin 3-də onu torpağa tapşırdıq və dəfn gününün
sabahısı, ayın 4-də – Moskvadan gəlmiş həkimlər anamın son
qəti diaqnozunu dedilər: ümidsizdir, – dedilər, – möhləti bir
həftədən bir aya qədərdir, – dedilər.
Bu hökm verilən saatdan sonra üç ay altı gün yaşadı.
Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi.
Anam atamın vəfatını bilmədi, düz yüz gün bu xəbəri ondan
gizlətdik. Daha doğrusu, doxsan səkkiz gün-axır iki günü huşu
özündə deyildi, heç nə dərk etmirdi.
Bir gün
bir saat,
bir an
14
ayrıla bilsəydim yaddaşımdan,
dincələrdim;
yaddaşımın ayrılığını bayram edərdim,
hara getsəm,
harda olsam
yanımdadır yaddaşım,
Bilmirəm yaddaşımın
yapışqan sədaqətindən
necə can qurtarım,
hara qaçım.
Yaddaşım yaşadıqca yaddaşımda yaşayacaq yüz gün –
mənim yüz günüm haqqındadır bu yazım. Yüz gün və iki ölüm
haqqında...
...İki həyat haqqında. İki bənzərsiz insanın son günləri
haqqında. İki sənətkarın böyük ömürləri haqqında, bir də
mənim özümün kiçik ömrüm haqqında.
Ömrümün yüz günü haqqında.
Yüz günü və bütün başqa günləri – bu yüzlükdən qabaqkı,
bu yüzlüyün içindəki və sonrakı günlərim, gecələrim,
həftələrim, aylarım haqqında.
Onların ömürləriylə keçən ömrüm, onların ölümləriylə
keçən ömrüm, onlarsız keçən ömrüm haqqında.
Keçən, keçmək, keçinmək – nə qəribə sözdür. Ömür keçir,
qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir.
Dünyada birtəhər dolanmaq, başını girləmək, aza qane olub
keçinmək olar. Amma "keçinmək" sözünün bir məşum mənası
da var: Keçindi-öldü...
Bir gün mənsiz olacaqsan
Sənsiz olacağam deməyə
gəlmir dilim.
Bu sətirləri Rəsul Rza Nigar Rəfibəyliyə yazıb.
Bir son bahar da düşdü
ömrümün
təqvimindən
15
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda–
sənin yolunda qaldı.
Bir qocaman dağ olasan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli
necə qopardım!
...Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
Bu misralar da Nigar Rəfibəylinindir. Biri-birisiz olmadılar
bu dünyada. Bircə gün də.
"Anar, salam!
Nigarla sənə bəzi materiallar göndərmişdim. Bu gün
universitetin qəbul qaydalarını sənə göndərirəm. Həm söhbət
nəticəsində, həm də qəbul qaydalarından məlum olur ki, bütün
fakültələrdə rus dili və əcnəbi dillərə çox fikir verilir. Sən
bütün imtahanları əla verəndən sonra Moskvaya gəlincəyə
qədər rus və ingilis dilləri ilə ciddi məşğul olmalısan. Bu il ali
məktəblərə qəbul məsələsi çətinləşdiyi və ciddiləşdiyi üçün
daxil olmaq istəyənlər möhkəm hazırlaşacaqlar.
Hansı institutu seçmək barəsində mən sənə bir məsləhət
vermədən əvvəl aldığım məlumat əsasında bu institutların bir
ötəri şəklini çəkim.
Qorki adına Yazıçılar İttifaqının institutu Puşkin meydanına
yaxın, keçmiş "Dom Gertsena" deyilən binada yerləşir. Bilirsən
ki, vaxtilə Mayakovski bu evin başabəla "şöhrəti" haqqında
yazmışdı. O zaman burada Yazıçılar klubu varmış. Yazıçı
qardaşlar burda möhkəm əyyaşlıq, pozğunluq və başqa bu kimi
16
işlərlə məşğul olurlarmış. O zamandan xeyli vaxt keçib, çox şey
dəyişib, indi bu binada institut və 2 illik yüksək tipli Yazıçılar
kursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin yazdığı
o boqema və pozğunluqlardan ilişib qalan bir çox "əməllər"
hələ də qalır.
...studentlərdən bir çoxu – güclərini qızışmış üzüm suyu və
bu kimi "dəli sulara" vururlar. Amma məlumdur ki, hər sərxoş
yazıçı olsaydı, onda bütün pivə dükanları, çaxır zavodları və
kabaklar yazıçı məktəbi adlanardı və bütün sərxoşlar Yazıçılar
İttifaqına üzv olardı. Sən deyərsən ki, belələri yazıçılar
sırasında az deyil, ancaq bilirsən ki, bu heç də belə adamların
talant dərəcəsinin yüksəkliyinə dəlalət etmir.
Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanların
çoxu bu institutun ancaq "yaradıcılıq" institutu olduğunu zənn
edir. Həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqa
dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla
məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyat
və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur.
Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünü
genişləndirmək üçün təmkinlə hər cürə zəhmətə və
məhrumiyyətə qatlaşan tələbələr də var...
Əgər doğrudan da, "obrazovannı" adam olmaq, ali savad
almaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaq
istənilirsə, əlbəttə, bu institutda da bunlar mümkündür. Burada
ədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir.
Yaxşı cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz və
nəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər.
Universitetin də qəbul kağızını sənə göndərirəm. Burda
bütün şöbələr haqqında məlumat var. Görürsən ki, burda da
dil məsələsinə çox fikir verilir.
Humanitar elmlər köhnə binada, dəqiq elmlər... yeni binada,
Leninskie Qorıdadır. İlk nəzərdə əhəmiyyətsiz və sadə görünən
bu fakt heç də təsadüfi deyildir.
Hər cəhətdən Lenin təpələrindəki binada olan fakültələr
17
daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələr
müəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdən
sənət versə də, əslində nisbətən az şey verir. Özün düşün,
xüsusi təhsil görməmiş redaktor, yazıçı, tərcüməçi, hətta tarixçi
və filosof belə nə qədər istəsən var, ancaq xüsusi təhsil
görməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğul
olan adam mində bir olur. Demək istəyirəm ki, "toçnıe nauki"
daha elmi, daha konkret və daha geniş məlumat verir. Bu
fakültələri qurtaran adam üçün böyük Sovet İttifaqının hər
yerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərin
tətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bu
kimi şeylərlə çox bağlıdır.
Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır. İndi
fizikanın açdığı yeni sahələr təsəvvürə sığmayan bir dərəcədə
geniş və romantikdir. Bu yaxınlarda "Pravda"da akademik (adı
yadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcı
maşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlir
ki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenə
də bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında,
yazmaq bacarığın və bacarmadığın haqqında getmir. Mən
sənin oxuduğum şeylərinə əsasən deyə bilərəm ki, sənin əsl
ciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur.
Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyat
təcrübələri ilə zənginləşsə, yaxşı nəticələr verəcəkdir. Ancaq
bunu da unutma ki, sən bir geoloq, bir həkim, bir fizik olsan,
bu, sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüm
əlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütün
bu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir.
Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunları
belə mühüm bir zamanda sənə deməyi borc bilirəm.
Sən bilirsən ki, mənim təhsilim çox qırıq, qeyri-müntəzəm
olub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinə
oxşasın.
Universitetin filoloji və jurnalistika fakültələri də vardır.
18
Bunlar dil-ədəbiyyat müəllimləri, redaksiya işçiləri, ədəbi
işçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, ali
məktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcədə
tələbənin özündən asılıdır.
Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etmək
mümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir.
Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki,
orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridə
qalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyən
bir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nə
eləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakin
bunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı sənin bilik
sərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burda
müəllim ancaq sənə məsləhət verə bilər, sənin çalışmağına,
səyinə əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə səni
əvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil,
orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, ali
məktəbdə birə-beş dəfə artıq səndən iradə, müstəqil hərəkət
tələb olunur.
Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüş
dairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti,
Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyat
bir dənizə bənzəyir ki, onun dərin, dayaz yerlərini, küləkli, sakit
tərəflərini öyrənməsən, onun girdabı harda, sualtı daşları harda
olduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez öz
burulğanında məhv edə bilər...
...İyul ayının birindən burda həm universitet, həm də Qorki
İnstitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhət
elə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvaya
bir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən
(buna əmin olmaq istəyirəm), onda konsultasiya olmasa da
keçər. Ancaq məktəbi nə nəticə ilə qurtarmağından asılı
olmayaraq rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır.
Mütləq bir aylıq, ay yarımlıq müəllim tutmaq lazımdır, həm
19
rus dili, həm də ingilis dili ilə hər gün məşğul olmaq lazımdır.
Unutma ki, bu il institutlara medallıları da çox ciddi yoxlama
ilə qəbul edəcəklər. Əgər yaxın zamanda medallılar haqqında
qayda dəyişməsə də "sobesedovanie" deyilən şey özü bir növ
imtahandır. Bu söhbət zamanı tələbənin ümumi həyat görüşü
dairəsini, inkişafını yoxlayırlar.
Əziz oğlum! Mən sənə heç bir yüngüllük, güzəşt vəd etmək
istəmirəm. Mənə elə gəlir ki, sənin buna ehtiyacın da yoxdur.
Mən səni ancaq ciddi çalışmağa, ən ciddi imtahan, ən ağır
zəhmətə hazır olmağa çağırıram.
Ən sonda deyə bilərsən ki, bəs mənə hara girməyi məsləhət
görürsən? Mən sənə dəqiq elmlərdən birini, məsələn,
geologiyanı məsləhət görürəm, lakin sən Qorki institutuna, ya
MQU-nun filologiya, ya jurnalistika şöbələrinə girmək
qərarına gəlsən, mən yox demərəm və mənim arzuma əks
getdin deyə sənə heç bir məzəmmət eləmərəm. Çünki sənə
bütün təfərrüatı yazdım. Mən inanıram ki, bütün yazdıqlarımı
nəzərə alıb sən öz qəlbinin, öz könlünün səsini eşidər və doğru
qərar qəbul edərsən. Bununla mən sənin atacağın ciddi bir
addımın məsuliyyətini sənin çiyninə qoymaq istəmirəm...
Mənim məqsədim budur ki, sənin istək və iradəni zorlamayım.
Hələlik bu qədər. Sağ ol, oğlum!
...Məndən Nigara salam. Məktubu ona da oxu, gör onun
fikri nədir.
Atan Rəsul.
27 may, 1955-ci il. Moskva".
Matəmin birinci günlərinə, ilk dövrlərinə nisbətən sonrakı
mərhələləri daha ağır, daha göynəklidir. İlk vaxtlar sarsıntı,
yaranın isti-isti, hələ çox da qövr eləməyən yeri, ağrısı
hisslərimizi bir növ dondurur, kütləşdirir, qavrama, dərk etmə,
duyma qabiliyyətimizi korşaldır. İtkinin dibi görünməz yarğanı
qarşımızda hələ bütün dəhşətli dərinliyiylə açılmayıb. Matəm,
ələm, yas, necə deyərlər, rəsmiləşib, mənəvi cəhətdən
20
məqbuldur, qanunidir, təbiidir, heç kəsdə təəccüb doğurmur.
Adət-ənənə var, əsrlərin, nəsillərin dəbi var. Şərikləri var
dərdinin. Qırxına qədər.
Bəs qırx birinci gün? Və bu qırx birinci gündən başlayaraq
bütün başqa günlərin, ayların sırası? Hə, bir də il var, il vermək
var. Dəblərin, qayda-qanunların, adət-ənənələrin matəmə
rüsxət verdikləri daha bir gün. Son hüzür, son pəs məzar.
Qonum-qonşuların, tanış-bilişlərin qəbir üstünə bu sayda, bu
tərkibdə, müəyyən olunmuş, deyilmiş saatda toplanacaqları son
matəm günü. Son borc...
Son xatirə...
Bəs ilin bütün başqa günləri, həftələri, ayları? Bəs başqa
illərin dəqiqələri, saatları, günləri?
Gecələri?
O gündüz dəqiqələri, o uzandıqca uzanan, bitib-tükənməyən
gecə saatları ki, dərdinlə əlbəyaxa, itkinlə təkbətək qalırsan?
...dərdimi kimə deyim,
dünya dolu adamdır!!
Kimə deyəsən dərdini, kimə ərkin çata bilər, ərkin çatsa
belə, yeri gəldi-gəlmədi dərdini süfrə kimi açmaq ağlağanlıq
deyilmi? Sabir demişkən, "ağladıqca kişi qeyrətsiz olar".
Yox, əlbəttə, yox, ağlamaq olmaz, içinin göz yaşıyla,
qəhərlə dopdolu olduğundan söz açmaq da yaramaz. Dərdə,
möhnətə ayrılmış zaman möhləti, vaxt limiti qurtardı.
Dünyada dərdsiz-qəmsiz adam yoxdur. Hərənin öz itkisi, öz
yarası var. Əgər hamı bütün həyatı boyu elə ağrılarını,
yaralarını, nisgilini yaşada-yaşada ömür sürsə, dərdini onunla-
bununla bölüşsə, onsuz da min bir qayğıyla yüklənmiş insanları
öz qəm-qüssəsiylə də yükləsə, dünyanın işi necə olar görəsən?
...və ancaq bu zaman, bu məqamda adamlarla dopdolu
dünyada, yüzlərlə, minlərlə insanın arasında həqiqi
kimsəsizliyin zəhər acısını dadırsan, yalqızlığın, təkliyin, dinib-
danışmazlığın dibsiz dərinliyini görürsən – gözlərin qaralır.
Dünyadan, dünyanın səslərindən, haray-həşirindən, ala-
21
bəzəkliyindən qaçmaq istəyirsən, özün-özündən qaçmaq,
qurtulmaq istəyirsən.
Qaçmağa yer tapmırsan.
1981-ci ilin avqust axşamında doqquzuncu mərtəbənin
eyvanında bir nəfər dayanmışdı. Mənzilində tək idi. Ailəsi
şəhərdə yox idi. Eyvandan aşağı – doqquz mərtəbə
məsafəsindən görünən, üstündə belədən-beləyə maşınlar,
adamlar şütüyən küçəyə baxırdı.
Küçə çağırırdı onu elə bil. Liftlə, pilləkənlərlə yox, bax
beləcə, bir anlıq sıçrayışla, tullanışla qoynuna atılmağa,
asfaltda həkk olunmağa, həyatla ölüm arasındakı bir ömürlük
yolu bircə anda qət etməyə çağırırdı.
İradəni sıxıb-sıxıb toplamaq, qəti, son qərara gəlmək, bir-iki
asanca, yüngülcə fiziki hərəkət, bir anlıq, beş anlıq uçuş...
Qayıtmazlığı, geridönməzliyi haqqında düşünməyə belə macal
tapmayacağın uçuş. Zərbə, ağrı, qaranlıq və son...
Sükut və zülmət dünyası. Hamlet demişkən: sonrası –
səssizlik.
Nə xatirələr, nə itkilər, nə keçmişin şirini, indinin acısı,
gələcəyin boşluğu. Heç nə... Heç nə...
Küçə çağırır, doqquzmərtəbəli evin ətəyi ətəyinə qısılmağa
çağırır... Liftsiz, pilləkənsiz. Eyvan məhəccəri – adamın
qurşağınacan.
Məni dincəlməyə çağırır,
əbədi ayrılıqla
kövrəlmiş keçmişim.
"İntihar zəiflikdir" deyənlərə inanmayın. Belə bir addımı
atmaq hər adamın hünəri deyil. Amma bəlkə intiharın
astanasında, beş qarışlıq, bir məhəccərlik, doqquz mərtəbəlik
məsafəsində özünü tutub saxlaya bilmək də iradə istəyir.
Mən yaşamalıyam. Özümçün yox, başqalarıyçün,
yaxınlarım, uzaqlarımçün. Güvəndikləri, inandıqları mən olan
neçəsi varsa – onlarçün. Dirilərçün, qalanlarçün, olanlarçün.
22
...və Onlarçün – olmayanlarçün, gedənlərçün. Ölənlərçün. Mən
durduqca Onlar da dururlar. Bunu dost da bilir, düşmən də.
Mən yaşadıqca Onlar da yaşayır. Buna sevinən də var,
təəssüflənən də...
"Göz yaddaşımda" – işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi,
sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti...
"Qulaq yaddaşımda" – səsləri, sözləri, sətirləri, danışıq
ədaları, ləhcə xüsusiyyətləri, Göyçayın və Gəncənin dialekt,
şivə kəlmələri...
"Beyin yaddaşımda" – fikirləri, amalları, inamları,
aldanışları, "qəlb yaddaşımda"–ümidləri, nisgilləri, sevgiləri...
Əlbəttə, bütün bunları yaşadan tək mən deyiləm. Bütün
bunlar Onların şerlərindədir.
Şerlər isə Ədəbiyyatındır, Xalqındır, Azərbaycanındır.
Mən yolçuyam,
Mən yoldayam.
Od nə çəkdi,
küldən soruş!
Hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra
Mən bilmirəm.
Eldən soruş!
Dostları ilə paylaş: |