1
Telman Orucov
Qədim Roma: qüdrətin qabarması və çəkilməsi
2
Yer üzündə elə bir xalq yoxdur ki, romalılar kimi doğma şəhərləriinn tarixini,
təkcə onun əsası qoyulması dövründən deyil, hətta şəhərin bünövrəsini qoyanın ana
bətninə düşməsi vaxtından bilsin.
Mark Tulli TSİTSERON
Romalı! Sən xalqları idarə etməyi öyrən - budur sənin sənətin: sülh şərtini
qoymaq, itaət edənlərə mərhəmət göstərmək, lovğalananları isə müharibə ilə ram
etmək!
VERGİLİ Maron "ENEİDA"
Roma respublikası və Roma imperiyası dünya tarixində ən böyük hadisələrdir.
Qədim Roma əhvalatları fasiləsiz bir möcüzədir, birbaşa ilahi qüvvənin işidir.
DANTE Aligyeri "MONARXİYA haqqında"
Cassius: - Age, thou art shamed;
Rome, thou lost the breed of noble bloods!
Kassi: - Epoxa, sən biabır olmusan;
Roma, sən nəcib qandan olan nəsli itirmisən!
Uilyam ŞEKSPİR "YULİ SEZAR"
3
Müqəddimə
Qədim Roma özünəməxsus böyük ruhu və nəhəng fəthləri ilə bəlkə də bir
qədər bizə yaddır. Lakin onun dərdlərinə, bəlalarına və eybəcərliklərinə müasir
gerçəklikdə tez-tez və geniş miqyasda rast gəldiyimizdən, bu qədim və keşməkeşli
dünyanın salnaməsinə nəzər salmaq marağı yaranır. Qədim yunanlar kimi romalılar
da heç vaxt Allah şəhəri naminə, öz vətənlərinə ikrahla baxmamışdılar, əksinə onu
ilahiləşdirirdilər. Onların nəzəri göylərə deyil, yerə dikilmişdi və heç də bu insanlar
cismani həzzlərdən qaçmırdılar. Ona görə də qədim romalıların həyatı mübarizələrlə,
qələbələr və sarsıntılarla, iti sürətli inkişaf və onu əvəz edən uğursuzluqlarla dolu idi.
Qədim Romanın başlanğıcından süqutuna qədər olan tarixi mərhələləri fikrən
müşahidə edərkən, burada insan təbiətinin ən uca mənəvi zirvələrini də, rəzilliyin ən
dərin uçurumlarını da görmək mümkündür. Burada vətənin mənafeyini hər şeydən
üstün tutan yenilməz insanlarla yanaşı, misgin mənəviyyat sahibləri də az deyildi.
Roma respublikasında mənəvi, əxlaqi dəyərlər devalvasiya olmağa, aşınmağa
başladıqdan sonra, qəhrəmanlıq salnaməsinin yerini iyrənc pozğunluq tamaşaları
tutmağa başladı. Bu pozğunluq getdikcə bütün cəmiyyətə sirayət edirdi. Platonun
vaxtilə dediyi sözlər bu prosesin izahında olduqca yerinə düşür: "Pozğun qocalar
olan yerdə, pozğun yeniyetmələr də olur".
Bu vaxtdan etibarən Roma öz daxili qüsurlarından, xəstəliklərindən daha çox
əziyyət çəkməyə başlayır. Axı otaqdakı vəhşi pişik uzaq səhradakı şirdən daha
təhlükəlidir. Qədim Roma elə bir iri məxluq idi ki, onu yalnız özü məhv edə bilərdi.
Tənəzzülü sürətlənən imperiya, sümükləri kövrəkləşdiyindən azacıq yıxılanda qol-
qılçası çilik-çilik olan qoca adam kimi, kənardan olan zərbələrə heç də davam
gətirmək iqtidarında deyildi.
Roma dövlətinin tarixini təhlil etməyə girişəndə, bu günümüzün dərk edilməsi
də xeyli asanlaşır. Yəqin buna görədir ki, antik dövrün tarixçilərindən tutmuş, bizim
eranın III minilliyinin başlanğıcına qədər çoxları qədim Romaya müraciət etmiş,
onun çiçəklənməsinin və süqut etməsinin səbəblərini araşdırmış, hər kəs öz dövrünün
problemlərinə də məhz bu tarixdə cavab axtarmışdır. Doğrudan da, Romanın
salnaməsi okeana bənzəyir, burada xırda, içində mirvari gizlədən dəniz ilbizi
balıqqulaqlarından tutmuş, qəzalara qərq olmuş iri gəmilərin qalıqlarına qədər, hər
şeyi tapmaq mümkündür. Qədim dövrlərin mərcan cəngəlliklərində tarixin qoruyub
saxladığı hər cür canlılara rast gələ bilirsən. Yəqin ki, İntibahdan sonrakı Avropanın,
ötən Orta əsrləri - tarixin bu qaranlıq dövrünü məhkum etməsi ilə yanaşı, iti
baxışlarını antik dünyaya dikməsi, qədim Yunanıstanı və Romanı öyrənməyə
girişməsi təsadüfi deyildi. Renessans elmi, mədəniyyəti və ədəbiyyatı inkişaf
etdirmək üçün ilk növbədə bu nəhəng xəzinədən faydalanmağa başladı. Antik dövrün
dərk edilməsi, adamların şüurunu orta əsrlərin mistizmindən azad edirdi, onların
reallığı müşahidə etməyə, təbiəti, cəmiyyəti, insanın özünü öyrənməyə girişməyə
sövq edirdi. Antik fəlsəfi fikrin əsasında müasir fəlsəfə təşəkkül tapdı. Antik dövrün
öyrənilməsi təbiət qanunlarının dərk edilməsinə, onlardan istifadəyə şəriat yaratdı.
Bu dövrün dövlət quruluşu formaları ilə yaxından tanışlıq yeni cəmiyyət
münasibətlərinin, idarə etmə prinsiplərinin meydana gəlməsinə yol açdı. ABŞ-ın
4
bani-ataları, yeni dövlətin əsasını qoyarkən Roma respublikasının təcrübəsinə
müraciət etmişdilər.
Kiçik bir kəndli icmasından başlanğıcını götürən Roma bir qədər sonra qədim
dünyanın ən güclü dövlətinə çevrilmiş, çox sayda yad ərazilər onun əyalətləri sırasına
daxil olmuş, digərləri isə ondan asılı olan dövlətlər rolunu oynamaq məcburiyyətində
qalmışdılar. Roma imperiyası özünün uzun ömürlüyü ilə, Makedoniyalı Aleksandrın,
çox körpə yaşında parçalanıb, məhv olan imperiyası ilə heç bir müqayisəyə girə
bilməz. Ərazi etibarı ilə Roma dünyanın ən böyük imperiyalarından biri olmuşdur.
Avropa sivilizasiyasının yaranmasında və formalaşmasında bu dövlətin təsiri
danılmazdır. Qədim romalılar İtalyan (Apennin) yarımadasını tədricən işğal etdikdən
sonra, öz ərazilərini bütün Aralıq dənizi hövzəsinə genişləndirirdilər, öz
imperiyalarını Avropada Atlantik okeanının sahillərinə qədər böyütdülər. Onların
işğalları təkcə ağalıq etməyə deyil, həm də çox sayda xalqları sivilizasiyalaşdırmağa
imkan verdi. Bu xalqlara onlar uzun müddət davam edən təsir göstərdilər. Bir çox
regionlara latın dili və Roma hüququ dərindən nüfuz etdi. Bu romalıların
mədəniyyətinin qeyri-adi və uzun müddət davam edən uğurlarının təsadüfi hal
daşımamasına parlaq sübutdur. Latın dili bir sıra Avropa xalqlarının dilinin
yaranmasında müstəqil rol oynamışdır. Roman hüququ bu elmin yaranmasında,
inkişafında mühüm rol oynamış, müasir hüquqşünaslığın bünövrəsini təşkil etmişdir.
Qədim Romanın xarablıqları belə, antik dövrün zəngin və dəbdəbəli
həyatından xəbər verir. Bu dövlətin tarixi heç də qurumuş mumiyalar sərgisi
olmayıb, ehtirasları və coşqunluğu ilə insanı heyrətə salan cəmiyyətdən xəbər verir.
Elə bil ki, bu əbədi şəhərin o dövrlərdəki abad küçələrində və meydanlarında baş
verən canlı hadisələrin şahidi olursan, çoxlu tanış sifətləri seyr edirsən. O dövrdə
cərəyan edən hadisələr elə bil ki, bu gün dünyada baş verən kataklizmlərlə səsləşir.
Ona görə də Roma əhvalatları bəşəriyyətin təkcə keçmişindən deyil, yüksəkliyi və
rəzilliyi, nəcibliyi və dəhşətləri, harınlığın yekrəngliyi və bədbəxtliyin rəngarəngliyi
ilə, həyatın dinamikası və təzadları ilə həm də bu gündən xəbər verir.
Romalılar, incəsənət sahəsindəki yaradıcılıqları, elmi axtarışları və ya fəlsəfi
fikir meydanındakı nailiyyətləri ilə sələfləri olan qədim yunanlarla müqayisədə çox
uduzurlar. Lakin onlar öz doğma torpaqlarına möhkəm vurğunluğa və inzibati
təşkilatçılıq məsələsində xüsusi qabiliyyətə malik idilər. Başlanğıcda kəndli və əskər
xalq olan romalılar yunan polisi timsalındakı şəhər sivilizasiyasına yüksəlməyə qadir
oldular. İncəsənət və müdrikliyə yiyələnməkdə romalılar yunanların varisləri olmaqla
yanaşı, siyasi dühası, düşüncə tərzi və nümunəvi dindarlığı bu xalqa belə bir möhkəm
inam vermişdi ki, guya onlar allahlar tərəfindən dəstəklənir və idarə olunurlar. Bu
onlara, işğal edilmiş ərazilərdəki xalqları özündən aralı məsafədə saxlamaq, bu
xalqların həyatında və inkişafında bir işğalçı kimi iştirak etmək əvəzinə, möhkəm
quruluşa malik olan imperiya yaratmağa imkan verdi. Xalqlar və irqlər arasında heç
bir maniə səddi ucaldılmadı. Həmin xalqlar isə bunlan xeyli mədəni və maddi fayda
götürmək imkanı əldə etdilər. Lakin quldarlıqsız yaşaya bilməyən bu cəmiyyətin
özünə məxsus ciddi qüsurları və naqis cəhətləri də var idi. Bunları nəzərə almaqla
belə, balans romalıların xeyrinə pozitiv olaraq qalır. Ona görə də müasir adamların
gözləri qarşısında Qədim Roma Qərb dünyasının müəllimi kimi canlanır.
5
Roma öz tarixində müxtəlif dövlət qurumlarını sınaqdan çıxarmış, yunan
filosoflarının dövlət haqqındakı nəzəri müddəalarını gerçəkliyə tətbiq etmiş,
çarlıqdan respublikaya, respublikadan isə imperiya siyasi rejiminə keçmişdir. Siyasi,
ictimai və sosial həyatdakı dəyişikliklər, dövlətin ərazisinin genişlənməsi, bir-birini
əvəz edən dövlət formalarını meydana gətirmişdir. Sınaq anlarında bu dövlət
görkəmli tarixi şəxsiyyətlərin zəkasına, iradəsinə, cəsarətinə və qeyri-adi istedadına
arxalanaraq, bu çətinlikləri dəf edə, öz varlığını isə hifz edə bilmişdi. Onun tarix
qalereyasında belə şəxsiyyətlərə addımbaşı rast gəlmək olur. Bu dövlətin qorunub
saxlanmasında, onun diktatura caynaqlarına düşməsinin qarşısının alınmasında,
despotiyanın xeyli müddət üçün kökündən çıxarılıb atılmasında xüsusi xidmətləri
olan bir sıra xilaskar insanlar indi də müasir bəşəriyyət üçün örnək rolunu
oynamaqda davam edirlər. Dövlətin miladdan əvvəlki tarixində, onlar məhz sınaq
dövrünün tələbi ilə meydana çıxmış, öz nəcib missiyalarını yerinə yetirmişdilər.
Onların siyahısına dövlət sistemi kimi çarlığı birdəfəlik məhv edən və respublika
quruluşunun təşəkkül tapmasına yol açan Lutsi Yuni Brutu, əbədi şəhəri qalların
işğalından xilas edən və buna görə də Romuldan sonra onun "ikinci dəfə əsasını
qoyan" şərəfini qazanmış Mark Furi Kamilli, əxlaqi saflıq və mənəvi dönməzlik
rəmzi olan, respublika quruluşunun əsl fədaisi Kiçik Mark Portsi Katonu, böyük
natiq və filosof, respublikanın qaragüruhçular tərəfindən məhv edilməsinin qarşısını
alan Mark Tulli Tsitseronu və nəhayət, respublika naminə ehtiram bəslədiyi və
sevdiyi Qay Yuli Sezarın çar olmaq barədəki iddialarının gerçəkləşməsinin qarşısını
almaq üçün, ona sui-qəsdə başçılıq edən Mark Yuni Brutu daxil etmək olar. Onlar
müxtəlif xarakterli şəxsiyyətlər olduqları kimi, onlara qarşı müxtəlif, bir-birindən
diametral qaydada fərqlənən münasibətlər mövcuddur. Lutsi Brut və Furi Kamill
müstəsna olmaqla qalanları ömürlərini faciəli sürətdə başa vurmuşlar. Katon Utikada
özünü öldürmüş, Yuni Brut Filippidəki döyüşdən sonra özünü intihar etmiş,
Tsitseron isə qətlə yetirilmişdir. Onların heç birini müqəddəslik haləsi bürüməsə də,
onlar öz həyatları, mübarizələri və ənənələri ilə Qədim Romanın şərəfinin və
şöhrətinin mübariz əsgərləri olmuşlar. Onlar döyüş səhnələrində elə də böyük
qəhrəmanlıq göstərməmiş, ərazilər zəbt etməmiş, şəhərlər tutmamışlar, lakin
diktaturaya qarşı mübarizədə çox az adam onlarla müqayisəyə girə bilər.
Uzaqdan əlbəttə böyüklüyə daha yaxşı qiymət verilir. Tarix məsafəsi də
dəyərlər rəfində hər şeyi daha düzgün, öz yerində düzməyə imkan verir. Müasir
dünyada mənəvi dəyərlər devalvasiya olduqca, rəzalət nəcibliyə, alçaqlıq əxlaqi
saflığa üstün gəldikcə, tarixi timsallarda həqiqi dəyərləri axtarıb tapmaqla, biz
özümüzü ağılsız səhvlərdən hifz edə bilirik. Əlbəttə, uca dağ uzaqdan da nəzərləri
cəlb edir, möhtəşəmliyi barədə təsəvvür yaradır, lakin onun zirvəsindəki təmiz və saf
havanı udmaq üçün bu dağa dırmaşmaq, başqalarının köməyi ilə də olsa onu fəth
etmək lazımdır. Ona görə də Qədim Romanı, onu metamorfozalarını duymaq,
nəhəng şəxsiyyətləri ilə təmasda olmaq üçün onun tarixini araşdırmağa xüsusi
ehtiyac hiss olunur. Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, Roma tarixçiləri
bu işə həvəs göstərənlərin hamısının ən yaxşı və nəcib bələdçiləridir. Onlar hadisələri
təkcə təsvir etməmişlər, həm də öz dühaları hesabına böyük ədəbi abidələr
yaratmışlar. Bu möhtəşəm binaların içərisinə daxil olduqda adam təkcə onun
6
gözəlliyinə deyil, həm də memar istedadına heyran olur. Lakin bu abidələri, onların
təsvir etdiyi tarixi səhnələri dərk etmək isə adamın özündən asılıdır.
Roma tarixində rəvayətlər də o qədər zərgər məharəti və dəqiqliklə təsvir
olunur ki, həqiqi tarixi hadisədən onu ayıra bilmirsən. Tarixi hadisələrin təsvirindəki
zəngin çalarlar, fəlsəfi izahlar isə o qədər cazibədardır ki, bunların çoxunu əfsanə
kimi qəbul edirsən. Ona görə də gəlin bu bələdçilərin, - qoy dahilər bu anlayışa görə
yazıların müəllifindən incilməsin, köməyi ilə Qədim Romanı dolaşaq və öyrənmək
üçün onun çox mürəkkəb və keşməkeşli tarixinə, cazibədar həyatına baş vuraq.
Tarixi şəxsiyyətlər haqqında da daha düzgün təsəvvürə malik olmaq üçün,
məhz onları yetişdirən tarixi şəraiti araşdırmaq lazımdır. Despotiya daim kölə
xarakteri formalaşdırdığı kimi, həqiqi respublika daha çox azad fikirli adamlar
yetişdirir. Ona görə də ayrı-ayrı şəxsiyyətlər öz dövrləri barədə daha geniş məlumat
verdiyindən onların təsvirinə də diqqət yetirək.
ROMA ŞƏHƏRİNİN VƏ DÖVLƏTİNİN YARANMASI
Roma böyük və əbədi şəhər, antik dövrdə isə dünyanın paytaxtı olduğuna görə
onun yaranması adi hal ola bilməzdi, mütləq əfsanələrlə zənginləşməli idi. Həm də
bu şəhər öz banisinin əcdadı məsələsinə də sadə bir iş kimi baxa bilməzdi. Şəhərin
əsasını qoyanın əcdadı da əfsanələrə layiq olmalı və qədim tarixə malik olan bir
dövləti təmsil etməli idi. Axı qısa müddət ərzində özünü dünyaya tanıdan şəhər-
dövlət öz möhtəşəmliliyinə layiq, salınmasını da təsvir edən sehirli hadisələrlə,
əfsanəvi şəxsiyyətlərlə əlaqədar olmalı idi. Romalılar tarixi şöhrətlərini yüksəltməyə
qadir olduqları kimi, bu şəhərin banisini də hər cür rəvayətlərlə qeyri-adi dərəcədə
böyütməyə nail oldular.
Romanın yaranması barədə əfsanə iki cür olmaqla, iki hadisə ilə əlamətdardır.
Bunlardan birincisi, m.ə. XII əsrdə troyalı Eney tərəfindən Romanı əhatə edən ərazi
olan Latsiumun məskunlaşması, digəri isə az qala beş yüz il sonra latinlı Romul
tərəfindən faktiki olaraq Roma şəhərinin əsasının qoyulmasıdır. Eneyin və
troyalılardan ibarət olan onun dəstəsinin Latin düzənliyinə gəlib çıxmasına son
vaxtlaradək təmiz əfsanə kimi baxılırdı. Ancaq aparılan qazıntılar təsdiq etdi ki,
İtaliyanın həmin uzaq epoxasında, sonrakı Bürünc dövründə dənizçilər bura
gəlmişdilər. Onların ticarət fəaliyyətinin şimali Toskaniyaya gəlib çıxması da
təsdiqlənir. M.ə. VI əsrdən etrusklara Eneyin şəxsiyyəti məlum idi və bu əfsanə
Etrusk ağalığı dövründə öz yolunu Romaya sala bilərdi. Romulun şəhəri salmasına
gəldikdə, bu da arxeoloqlar tərəfindən təsdiqlənən fakta əsaslanır ki, Palatin
təpəsində, m.ə. VIII əsrdə tikilən komalardan ibarət primitiv bir kənd olmuşdur.
Əlbəttə, bu rəvayətlərdə bəzən tarixi xronologiya da çox geniş dövrü əhatə
etdiyindən, onun dəqiqliyinə şübhə oyanır. Miladdan əvvəl XIII əsrdə baş verən
müharibənin iştirakçısı xeyli vaxtdan sonra Apennin yaranmasına gəlib çıxır və bu
müharibəni ilk dəfə qələmə alan Homerin yaşadığı dövrdə, faciədən beş əsr sonra
onun şahidinin nəslindən olan Romul bu şəhərin əsasını qoyur.
On il davam edən Troya müharibəsində yunanlar troyalılara qalib gəldilər.
Troya çarı Priamın övladları öldürüldü, arvadı Gekuba əsir düşdü. Lakin çarın
qohumu Eney müharibədə salamat qaldı, çünki o, başqa bir troyalı, Antenorla
7
birlikdə əvvəldən yunanlarla sülh tərəfdarı idi və onlar təklif edirdilər ki, çarın oğlu
Parisin Spartadan götürüb qaçırdığı Yelenanı, onun əri Sparta çarı Menelaya
qaytarsın. Məhv olunmuş, xarabazara çevrilmiş Troyada qalmaq mümkün
olmadığından, Eney özünə yeni məskən axtarmaq üçün öz gəmisində dənizdə qərbə
doğru üzməyə başladı və Yunanıstandan qərbdə, Adriatik dənizini keçərək, əvvəlcə
Siciliyaya, sonra isə Lavrent vilayətinə gəlib çıxdı.
Burada yerli çar Latin, Eneyin məşhur bir xalqın oğlu olduğunu bildikdən
sonra, onunla ittifaq bağladı və onları qonaq kimi qəbul etdi. Bu ittifaq, Latinin öz
qızı Laviniyanı Eneyə ərə verilməsilə daha da möhkəmləndi. Yeni ailədə oğlan uşağı
meydana gəldi və onun adını Askani qoydular. Lakin qonşu rutul tayfasının çarı Turn
da Laviniya ilə evlənmək istəyirdi, Eneyə qədər ona nişanlanmışdı da. Narazı qalan
çar, Latin və Eneylə müharibə etməyi qərara aldı və döyüşdə Latin öldü, lakin yerli
əhali və troyalılar rutullara qalib gəldilər. Bu iki xalq özlərini latinlər adlandırdılar.
Qonşuluqda olan qüdrətli etrusk tayfası ilə döyüş də uğurla nəticələndi.
Eney öldükdən sonra dövləti Laviniya idarə edirdi. Askani isə Alban dağının
ətəyində özünə yeni şəhər saldı və onu Alba Lonqa adlandırdı. Sonra da onun oğlu
çarlıq etdi və Silvi adı altında sülalə meydana gəldi. Bu sülalə uzun müddət çarlıq
etdi. Nəhayət, Amuli atasının vəsiyyətinin əksinə olaraq öz qardaşı Numitoru
kənarlaşdırıb, çarlığı öz əlinə aldı. O, qardaşının kişi cinsindən olan bütün nəslini
məhv etdi, onun qızı Reya Silviyanı isə, fəxri bəhanə ilə vestalka seçdirərək, ömürlük
bakirəliyə məhkum etdi ki, qardaşının nəslindən oğlan uşağı meydana gəlməsin.
Lakin hadisələr başqa cür inkişaf etməyə başladı. Reya təcavüzə məruz qaldı və əkiz
oğlan uşağı doğdu. Uşaqların atasının isə müharibə allahı Mars olduğunu elan etdi.
Kahinə qandalda dustaq edildi, uşaqları isə, çar əmr etdi ki, çaya atsınlar. Bu vaxtlar
Tibr çayı daşmışdı, çayın axınına yaxınlaşmaq mümkün deyildi, ona görə də
körpələri dayaz suya qoydular ki, onsuz da onlar batacaqlar. Su çəkiləndə körpələr
quruda qaldı və su içməyə gələn dişi canavar, uşaqların ağlamağını eşidib, onlara
yaxınlaşdı və körpələri əmizdirməyə başladı. Elə bu vaxt uşaqları çar sürüsünün
çobanı Favstul tapdı və evinə apardı. Burada körpələrə onun arvadı baxmağa başladı.
Çobanın arvadı Larentsiya intim yaxınlıq məsələsində heç kəsə imtina etmədiyinə
görə, çobanlar onu "dişi canavar" adlandırırdılar. Bəlkə də onun bu ləqəbi uşaqların
canavar tərəfindən xilas edilməsi barədə əfsanənin yaranmasında az rol
oynamamışdır.
Əkizlər böyüyən kimi meşələrdə ov etməyə, həm də çobana kömək etməyə
başladılar. Onlar quldurlara da hücum edir, götürdükləri qəniməti çobanlarla
bölüşürdülər. Quldurlar bir dəfə pusub qardaşları tutdular. Romul qaçmaqla canını
qurtardı, Remi isə quldurlar çar Amuliyə verdilər və çar isə onu edam edilmək üçün
oğlanın babası Numitora verdi. Belə bir vaxtda Favstul bütün sirləri Romula açdı.
Hadisələrdən agah olan Romul öz dəstəsi ilə gizli şəkildə çarın evinə yollandı. Rem
də başqa dəstə ilə Numitorun evindən köməyə gəldi və onlar çarı öldürdülər. Onların
babası Numitor Alba çarlığını əldə etdi. Qardaşlar isə çaya atıldıqları və tərbiyə
olunduqları yerdə şəhər salmaq istədilər. Şəhərin kimin adı ilə adlandırmaq üçün
quşların uçuşunu seyr etməyə başladılar və bu məqsədlə Romul Palatin təpəsini, Rem
isə Aventini seçdi. Camaat hər ikisini çar elan etdi, birini quşların ilk dəfə
görünməsinə, digərini isə quşların sayının iki dəfə çox olmasına görə. Deyişmə,
8
sonra isə dalaşma başlandı və qarışıqlıqda Remə ölümcül zərbə dəydi. Başqa
rəvayətə görə, Rem qardaşını ələ salmaq üçün yeni divarın üstündən keçdikdə,
hiddətlənmiş Romul onu öldürmüşdü ki, heç kəs mənim divarlarımı keçə bilməz. Bu
m.ə. 753-cü ildə baş vermişdi. Şəhər sağ qalan Romulun adı ilə adlandı. Əvvəlcə, o,
Palatin təpəsini möhkəmləndirdi. Sonra o, camaatı yığıb yığıncaq keçirdi və öz
qanunlarını elan etdi. Bu qanunlarla o, camaatı bir xalq kimi birləşdirdi. Özünə
mühafizəçilər təyin etdi.
Şəhər böyüməyə başladıqda Romul öz qüvvəsinə müdrikliyi də əlavə edərək,
yüz nəfər ağsaqqaldan təşkil olunan senat təsis etdi. Senatorlar öz adını "qocalıq"
sözündən götürmüşdülər. Bu adamlar həm də atalar adlandırıldı, onların nəsli isə bu
sözdən yaranan "Patritsilər" adına sahib oldu.
Roma elə güclənmişdi ki, qonşu şəhərlərlə rəqabət apara bilərdi. Lakin şəhərdə
qadın olduqca az idi, əhali əsasən çobanlardan təşkil olunmuşdu. O dövrdə qonşu
tayfaların qızları ilə ailə qurmaq qaydası yox idi. Bir də qonşular yeni yaranan
şəhərin sakinlərinə ikrahla baxdıqlarından, heç kəs onlarla qohum olmaq istəmirdi.
Bu vaxt Romul hiyləgərliyə əl atmalı oldu - o, təntənəli oyunlar keçirdi və qonşuları
da bura dəvət etdi. Digər qonşu tayfalarla yanaşı sabinlilər uşaqları və arvadları ilə
gəlmişdilər. Bayramın qızğın vaxtında verilən işarə ilə romalı cavanlar Sabin
qızlarını qaçırmağa başladılar. Qızların valideynləri bu dərdə dözməyib qaçdılar və
qonaqpərvərlik qanunlarını pozan romalılara lənət yağdırmağa başladılar. Qaçırılan
qızlar da çox hiddətlənmişdilər, lakin onları Romul sakitləşdirirdi ki, onlar ərə
gedəcək və onların, dövlət üçün də çox qiymətli olan övladları olacaqdır. Qoy püşk
kimə onların bədənini vermişsə, ruhlarını da onlara versin, qoy qızlar öz hirslərini
soyutsunlar. Oğlanlar da üzr istədilər ki, bu hərəkətə onları yalnız məhəbbət və
ehtiras məcbur etmişdir. Qadın təbiəti nə qədər möhkəm olsa da, məhəbbət və ehtiras
qarşısında əriməyə məhkumdur.
Lakin valideynlər sakitləşmək bilmirdi. Ona görə də romalılar sabinlilərlə
vuruşmaq məcburiyyətində qaldılar. Sabin çarı qızılla Roma qalasının rəisinin qızını
ələ aldı və qız Sabin döyüşçülərini qalaya buraxdı. Döyüşdə nəhayət, romalılar
üstünlük əldə etdikdə, Sabin qadınları saçlarını yanlarına tökərək və paltarlarını
cıraraq özlərini döyüşçülərin arasına atdılar ki, hər iki tərəfi sakitləşdirsinlər. Onlar
yalvarışla gah atalarına, gah ərlərinə müraciət edirdilər: qoy qayınatalar və
kürəkənlər şərəfsiz axıdılmış qanla özlərini ləkələməsinlər, öz qızlarının və
arvadlarının övladlarını ata qətli ilə murdarlamasınlar. "Əgər siz öz aranızda
xasiyyətlərinizdən utanırsınızsa, əgər nigah ittifaqı sizə xoş gəlmirsə, hiddətinizi
bizim üstümüzə tökün; müharibənin səbəbi, ərlərimizin və atalarımızın yaralarının və
həlak olmasının səbəbi bizik; Yaxşısı budur ki, biz ölək, nəinki ərsiz və ya atasız, dul
və ya yetim qalaq". Bu sözlərdən hamı riqqətə gəldi. Başçılar müqavilə bağlamağa
başladılar ki, nəinki barışsınlar, həmçinin iki dövlətdən bir dövlət yaratsınlar. Burada
onlar birlikdə hökmranlıq edəcəkdi, bütün hakimiyyət Romada cəmləşəcəkdi.
Vətəndaşların hamısı, sabinlilərin ayrı-seçkilik hiss etməmələri üçün "kvirit" adı aldı.
Romada bu vaxt 300 nəsil var idi. Romul hər biri 10 nəsildən ibarət olan 30 kuriya və
hər 10 kuriyadan bir triba olmaqla 3 triba yaratdı. Sabin qadınlarının şərəfinə
kuriyalara onların adı verildi.
9
Sabin çarı Tatsi öldükdən sonra hakimiyyət bütünlüklə Romula keçdi. Dövləti
yaradarkən Likurqun Spartada etdiklərini Romul burada həyata keçirməyə başladı.
Axı Spartada "Gerusiya" adlanan ağsaqqallar şurası fəaliyyət göstərirdi və onlar
ölkəni idarə etməkdə çara böyük köməklik göstərirdilər. Qədim Spartada çarlar bir
qayda olaraq seçki yolu ilə təyin edilirdi. Şəhərin yaxşı adamlarının nüfuzunun
hakimiyyətlə birləşməsi Romada da müsbət nəticələr verirdi.
Romul öz qonşuları ilə çoxlu müharibələr aparırdı, bu müharibələrdən əldə
edilən qənimət adamların varlanmasına şərait yaradırdı. İlk dəfə olaraq o, kasıbları -
plebeyləri (plebsi) qüdrətli adamların himayəsinə, klienteliyə verdi. Romul öldükdən
sonra dövlətin idarə edilməsi çətinləşdi, şəhər çarsız qaldı. Bu vaxt senat çarlıqlar
arası dövrü müəyyən etdi ki, bu dövrdə təzə daimi çar seçilənə qədər dövlət çarsız
qalmasın və həmin çar uzun müddətə xidmət etməsin. Romulun dövründə çar
müqəddəs məsələlərdə və qurban verilməsinə başçılıq edir, allahlara aid bütün
mərasimləri keçirirdi. Çar, qanunları və ataların ənənələrini qoruyurdu, ədalətin
bərqərar olmasına qayğı göstərirdi.
Ağır cinayətləri o, özü təhqiq edirdi, kiçikləri isə senatorlara tapşırırdı. Çar
həmçinin müharibə vaxtı qeyri-məhdud hərbi hakimiyyətə malik idi. Senat isə çarın
söylədiklərini və təkliflərini müzakirə etməli idi. Bütün bunları o, Spartadan əxz
etmişdi. Orada isə bütün hakimiyyət Gerusiyaya məxsus idi, çar heç də mütləq
hakimiyyət sahibi deyildi. Xalq kütlələrinə isə Romul üç səlahiyyət vermişdi:
magistratları seçmək və qanunlara riayət etmək, həmçinin müharibə haqqında
məsələni çar dediyi vaxt həll etmək. Xalq özü də bir yerdə deyil, kuriyalar
qaydasında çağrılmaqla səs verirdi.
ROMULDAN SONRAKI ÇARLARIN HAKİMİYYƏTİ
Romul 38 il, m.ə. 754-717-ci illərdə çarlıq etdi. Roma iki il çarlıqlararası
dövrü yaşamağa məcbur oldu. Senatorlar çar olmaq üçün öz aralarında gizli mübarizə
aparırdılar. Sabinlilər öz tərəflərindən çar qoymaq istəyirdilər, romalılar isə yadelli
çar barədə düşünmək belə istəmirdilər. Ona görə də çarlıqlar arasındakı dövrdə
ölkənin hakimiyyətsiz, qoşunu isə başçısız qoymamaq üçün senatorlar onluqlara
bölündü və hər onluqdan bir nəfər başçı seçməklə, dövlətin idarə edilməsini bu
qaydada bölüşdülər. İndi şəhəri on nəfər idarə edirdi, hər beş gündən digər onluq
hakimiyyəti öz üzərinə götürürdü, beləliklə il boyu dövlət çarsız qalmırdı və çar
rolunu dəyişən onluqlar qrupu əvəz edirdi. Beləliklə yüz nəfər bir çarı əvəz edirdi.
Lakin xalq buna etiraz etməyə başladı ki, bir çardan başqa heç kəsə itaət
etməyəcəkdir. Senat xalqa müraciət etdi ki, Romula layiqli varis tapsalar, atalar bu
qərarı təsdiq edəcəklər. Əvvəllər Romada qayda belə idi. Xalqın, komitsiyanın
qərarını senat təsdiq edirdi. sonralar isə qayda dəyişdi. Senatın qərarı xalq
yığıncağının - komitsianın müzakirəsinə və təsdiqinə verilirdi. Xalq isə senatın bu
hərəkətindən məmnun olaraq qərara aldı ki, Romada kimin çar olması barədə qoy
senat öz qərarını versin.
Bu vaxt Sabin şəhəri Kuraxda Numa Pompili adlı ədalətli və nəcib bir adam
yaşayırdı. Romalılar çarın sabinli olması təhlükəsindən qorxmalarına baxmayaraq
10
Numanın adını eşitdikdə, ona üstünlük verdilər. Çox təkiddən sonra o, öz razılığını
verdi və Romaya çar oldu. Bu m.ə. 715-ci ildə baş verdi.
Müharibə etməyi, döyüşməyi sevən Romulun yerinə sülhsevər bir adam çar
oldu. Silah gücünə yaranmış bu şəhəri o yenidən hüquq, qanunlar, adətlər təməli
üzərində qurdu. Ən başlıcası o adamların xasiyyətini mülayimləşdirmək istəyirdi, axı
müharibə xarakterləri xeyli codlaşdırıb, kobudlaşdırmışdı. Bu məqsədlə o, Yanus
(mənası "qapı" deməkdir) məbədi tikdi, sülh vaxtı bu məbədin qapıları daim bağlı
qalırdı, müharibə vaxtı isə əsgərlər bir açıq qapıdan girib, digərindən çıxırdı.
Qonşuları ilə tam sülh şəraitində yaşayan Numanın dövründə məbəd daim bağlı
saxlanırdı. Adamlar indi müharibədən deyil, allahlardan qorxmağa başladılar. O, ilk
çar idi ki, Roma dininə forma verdi. İlk dəfə Numa ili on iki aya böldü və ay
təqvimində ildə qalan 11 gün üçün daha bir ay əlavə etdi. Bundan başqa ev ocağı
ilahəsi Vestaya xidmət təşkil etdi. Bu məqsədlə bakirə qızlar ayrılır, onlara dövlətdən
maaş verilirdi. Bu qızlar onlara həvalə edilmiş odu sönməyə qoymamalı, həm də öz
bakirəliklərini ləkəsiz saxlamalı idilər. Onların öz günahları ucundan bəkarətləri
pozulduqda, ölüm cəzasına məhkum olurdular və türbəyə salınıb ağızları bağlanırdı.
Numanın dövründə dövləti sədaqət və and idarə edirdi, artıq qanunlara itaət və
cəza qarşısında qorxuya ehtiyac yox idi. Bu sahədə çar özü hamıya nümunə
göstərirdi. Onun ən böyük xidməti kimi isə tarixçilər, çarlıq etdiyi dövrdə onun sülhü
öz məmləkətindən heç də az qorumaması faktını qeyd edirdilər. Onun dövründə
dövlət o qədər möhkəmləndi ki, dinc şəraitdə yaşamağa və müharibəyə hazır olmağa
eyni dərəcədə qadir idi.
Romalılar və sabinlilər arasında ayrı-seçkiliyə son qoymaq üçün o, xalqı
məşğuliyyət növlərinə görə - qızıl işləri ustalarına, dülgərlərə, rəngsazlara,
çəkməçilərə, mis qab qayıranlara, dulusçulara və fleytaçılara böldü. Hər sex öz
iclasına, toplantılarına və dini mərasimlərinə malik idi. Beləliklə şəhərin sakinləri
arasında romalı və sabinli olmaqla əlaqədar olan ədavətə son qoyuldu. Əhali arasında
bu gildiyaların, sexlərin təsis edilməsi nəticəsində harmoniya və yekdillik yarandı.
Numa əkinçi əməyinə də yüksək qiymət verirdi. O, torpaqları kasıblar arasında
böldü ki, həm kasıblığa son qoysun, həm də cinayətkarlığın kökünü kəssin; digər
tərəfdən xalqı əkinçiliyə öyrətməklə, onarlın özlərinin yaxşı tərəfə dəyişilməsinə də
şərait yaradırdı. Əkinçi əməyi adamlara vətəni müdafiə etmək hissləri təlqin və
tərbiyə edir, tamahkarlıq mərəzindən onları azad edirdi. Əkinçilik əməyi həm də
adamlarda sülhə hörmət və bağlılıq, onların mənəvi kamilləşməsinə şərait yaradır.
Numanın çarlığı ondan bir neçə əsr sonra Platonun dediklərini təsdiq edirdi. Platona
görə hakimiyyət, yalnız o vaxt adamlara xilas, bəlalardan rahatlıq gətirər ki, çar
hakimiyyəti göylərin iradəsinə uyğun olaraq fəlsəfi zəka ilə birləşir və onlar birlikdə
ləyaqətin eyblərə üstün gəlməsinə kömək edir.
Numa özü elə ləyaqətlə çarlıq etdi ki, ondan sonra gələn çarlar onunla heç bir
müqayisəyə girə bilməzdi, bu isə onun şöhrətinə daha böyük parlaqlıq verdi. Numa
qırx üç il çarlıq etdikdən sonra vəfat etdi və sonralar onun qəbri açıldıqda oradan
onun əlyazmaları tapıldı.
Numa Likurqdan fərqli olaraq taxt-tacdan imtina etmədi. Likurq qanunları ilə
spartalılara xidmət göstərdi və sonralar bu qanunlardan başqaları da istifadə etməyə
başladı. Numa isə adamlara sarsılmaz mənəvi dəyərlər təlqin etdi, onların ruhunu
11
saflaşdırdı, müharibə aludəçiliyinə son qoydu və dövlətin varlığını və qüdrətini ilk
dəfə olaraq sülh şəraiti ilə möhkəm bağlamağa müvəffəq oldu. Numa çarların
tarixində təkcə müstəsnalıq təşkil etmir, onun hökmranlıq metodunun özü belə,
nəcibliyi və orijinallığı ilə seçilir. Əgər dünya tarixində çarlıqlar, monarxiya yalnız
Numa kimilərin əlində cəmləşsəydi, çarlıq taxtının dayaqlarını Numa dövründə
olduğu kimi müdriklik təşkil etsəydi, yəqin ki, bəşəriyyət heç vaxt bu dövlət
quruluşundan, belə idarəetmə formasından uzağa getməzdi, başqa formalara əl
atmazdı və nəticədə çoxlu qanlı müharibələrdən, qanla qidalanan inqilablardan
birdəfəlik xilas olardı.
Roma şəhərinin əsası qoyularkən də nəcib adamlar var idi. Onların hamısı
qrupların tərkibinə daxil olmaqla, ümumi əcdad vasitəsilə birləşirdi. Bu əcdad
tayfaya öz adını və xarakterini verirdi. Hər tayfa öz kultuna və ənənələrinə malik idi
və onlar inadkarlıqla dövrün dağıdıcı təsirinə qarşı əks mövqedə dururdular. Bu
vətəndaşlar üstəlik tayfa qanı ilə bir-birinə bağlanmışdılar, şəhər müxtəlif sayda
klientlərdən, kömək və dəstəyin əvəzində himayəçilərə sədaqət göstərməli olan
adamlardan ibarət idi. Tayfalar aşağı hissələrə bölünürdü, bunlar ailə idi. Ailə Roma
cəmiyyətinin daha çox məhdudlaşmış, lakin fundamental birliyi, icması idi. Onlar
pater familias adlanan ailə başçısının ətrafında qruplaşırdılar. Belə ailə başçılarının
nüfuzu Roma tarixində, çox hallarda heyrətləndirici nümunələrlə nümayiş olunur.
Monarxiya dövründə imtiyazlı sinif olan patritsilər tədricən formalaşmağa
başladı, onlar imtiyazlı tayfalardan düzəlirdilər. Onlara qarşı əks mövqedə duran
plebeylər idi. Onlar tayfa təşkilatından xaric edilmişdilər. Plebeylərin nə kultu, nə də
ümumi əcdadları yox idi. Onlar əvvəldən təşkilatlanmamış sinif kimi formalaşıb,
yoxa çıxan tayfaların köhnə klientlərindən və əcnəbilərdən düzəlirdi. Həmin
əcnəbilər isə Tibr çayı ətrafında məskunlaşmışdılar. Mülki, siyasi və dini hüquqları
olmadığından plebeylər əvvəldən həm də heç bir mülki vəzifəyə malik deyildilər, nə
hərbi xidmətə, nə də vergi verməyə yaramırdılar.
Monarxiya dövründə çar öz siyasi, hüquqi və hərbi hakimiyyətindən əlavə dini
hakimiyyətə də malik olurdu. Respublika dövründə bu hakimiyyət ömürlük təyin
edilən keşişə keçirdi, o, Rex Sacrorum adlanırdı. Yupiter, Mars və Kvirini keşişləri
uzaq mənşəyə malik idi və allahların qədim üçlüyünün yaşaması üçün təminat
verirdilər. Pontifiklər, xüsusən baş pontifik (Pontifex Maximus) geniş hakimiyyətə
malik idi.
Çarların siyasi və hərbi hakimiyyətləri mütləq idi. Bu hakimiyyət imperium
adlanırdı, hərbi komandan hüquqlarınadək böyümüşdü, lakin həm də dini ölçüyə
malik idi. Çarın hakimiyyətə çıxması mərasiminə faktiki olaraq avqur xidmətçiləri
tərəfindən nəzarət edilirdi. Salnamələrə görə, hər bir taxt-taca çıxma normal qaydada
xalqın səsverməsi ilə və Senatın təsdiqi ilə baş verirdi. Roma monarxiyası beləliklə,
irsi deyildi və bu qayda ən azı iki əsr yarım davam etdi.
Əfsanəyə görə, Romuldan başlayaraq çarlar siyasi cəhətdən Roma xalqını
təşkil edirdilər. Xalq üç tribaya və 30 kuriyaya bölünürdü. İbtidai tribalar müxtəlif
etnik elementlərə uyğun gələ bilərdi: latinlilər, sabinlilər və etrusklar. Hər bir triba on
kuriyaya bölünürdü. onlar tayfalara bənzəyirdilər və xarakterlərində məhdud idilər.
Hər kuriyaya kurio başçılıq edirdi, kuriya ümumi ərzağa və qurban vermələrə malik
12
idi. Birlikdə onlar Komitsia Kuriata adlanan yığıncağı formalaşdırırdılar, bu çarı
seçirdi, bir sıra qanunvericilik və ədliyyə hüquqlarına malik idi.
Numa öldükdən sonra çarlıqlar arası dövr meydana gəldi. Sonra xalq Tull
Hostilini çar seçdi və senat xalqın bu qərarını təsdiq etdi. Yeni çar öz sələfindən ciddi
surətdə fərqlənirdi və döyüşkənliyində Romulu da ötüb keçirdi. O, hərbi kodeks
yaratdı. O, özünə böyük hərbi şöhrət qazandı və müharibələr vaxtı böyük igidliklər
göstərdi. Müharibələrdən əldə etdiyi qənimətlər hesabına komitsia və kuriyanı
qaydaya saldı. O, müharibənin elan edilməsi üçün qayda yaratdı. Bu qaydaya görə,
əvvəlcədən xəbər verilməyən və elan edilməyən müharibə ədalətsiz və düzgün
olmayan müharibə sayılırdı. Tull hər yerdə müharibəyə bəhanə axtarırdı. Belə bir
bəhanəni tapmaq üçün çox gözləmək lazım gəlmədi. Roma kəndliləri albalıların,
Albadan olanlar isə romalıların mal-qarasını oğurlayıb aparırdılar. Romalılar dəymiş
ziyanı ödəməyi tələb etdikdə, buna verilən rədd cavabı Albaya müharibə elan etməyə
imkan yaratdı. Müharibə bir aydan sonra başlamalı idi. Hər iki tərəf hazırlaşmağa
başladı. Əslində bu müharibə bir növ vətəndaş müharibəsinə bənzəyirdi, çünki
rəqiblərin hər ikisi troyalıların övladları idi. Lavini öz başlanğıcını Troyadan, Alba
Lavinidən, romalılar isə Alba çar nəslindən götürürdülər.
Albalılar birinci olaraq Roma torpaqlarına girdilər və bu vaxt Alba çarı öldü.
Tull isə bundan istifadə edib albalıların torpağına girdi. Lakin döyüşdən əvvəl Alba
diktatoru ilə çar Tull danışıqlar apardı. Danışıqlar bir məsələni açıqladı ki, iki qohum
və qonşu xalq bir-biri ilə vuruşsa, qonşuluqda olan böyük Etrusk dövləti bundan
istifadə edib, bu müharibədə iştirak edənlərin hər ikisini - qalibi də, məğlubu da
zəiflədiklərinə görə özünə tabe edəcəkdir və əslində bu müharibə hər iki yaxın xalqın
qurban getməsi ilə nəticələnəcəkdir. Etruskların gücü təkcə quruda böyük olmaqla
qalmırdı, onlar dənizdə də çox qüvvətli idilər. Alba diktatorunun bu xəbərdarlığı
düzgün və vaxtında idi və Tull onun sözləri ilə razılaşmalı oldu. Onda çarlar belə
qərara gəldilər ki, hər iki tərəfdən olan üç qardaş əkizlər vuruşsunlar, qələbəni hansı
tərəf çalsa, hakimiyyət də həmin tərəfə verilsin. Romalılar tərəfdən Horatsi
qardaşları, Alba tərəfindən Kuriatsi qardaşları seçildi. Belə də müqavilə bağlandı ki,
hansı ölkənin vətəndaşları döyüşdə qalib gəlsə, həmin xalq digəri üzərində dinc
qaydada hökmranlıq edəcəkdir. Əkizlər vuruşmağa başladılar. Hər iki tərəfdən onları
qızışdırırdılar. Döyüşçülər üz-üzə gəldikdə Alba döyüşçülərindən üçü də yaralandı,
iki romalı isə həlak oldu. Bu vaxt üç Kuriatsi tək qalan Horatsinin üstünə düşdü.
Rəqiblərini bir-birindən aralamaq üçün o, qaçmağa başladı. Bununla da o, çox
düzgün olaraq hesab edirdi ki, onu təqib edənlər öz yaralarının ağırlığına görə
müxtəlif qaydada qaçacaqlar. Bir qədər qaçdıqdan sonra o, gördü ki, ona rəqib olan
qardaşlar bir-birindən xeyli aralanmışlar və onlardan biri ona daha yaxındır. Horatsi
onun üzərinə hücum etdi və bu vaxt Alba döyüşçüləri digər qardaşları həmin hücum
edilənə kömək etməyə çağırdılar. Lakin artıq gec idi. Horatsi bir rəqibi öldürdü və
başqa bir qardaşla döyüşə girdi. Albadan olan sonuncu qardaş yaxınlaşana qədər, o,
daha bir Kuriatsini öldürdü. Artıq vəziyyət bərabərləşmişdi, rəqiblər bir-birinə qarşı
təkbaşına dayanmışdılar.
Lakin rəqiblər arasında mühüm bir fərq vardı. Romalı salamat idi, Albadan
olan döyüşçü isə yaralanmışdı və qardaşlarının bir-birinin ardınca həlak olduğunu
görən, aldığı yaradan və qaçmaqdan əzab çəkən bu adam ümidsizlikdən özünü zərbə
13
altına atdı. Romalı qılıncını onun boğazına soxdu. Romalılar Horatsini böyük
sevinclə qarşıladılar. Lakin Horatsinin bacısı Kuratsilərdən birinin sevimlisi idi və
sevgilisinin plaşını qardaşının çiynində gördükdə o, ağlayıb qışqırmağa başladı. Ağı
deyərək o, adaxlısının adını hündürdən çəkirdi. Horatsi hiddətlənərək qılıncla
bacısını öldürdü. "Öz vaxtı çatmamış məhəbbətinlə nişanlının yanına yollan! Sən öz
qardaşlarının həm ölülərini, həm də dirisini, öz vətənini unutmusan. Düşmənə ağı
deyən hər bir romalı qız belə məhv olacaqdır".
Bu əməlinə görə, Horatsi tutulub məhkəməyə gətirildi. Onu ən ağır cəza
gözləyirdi, duumvir məhkəməsində hətta təqsiri olmayanların da bəraət almaq imkanı
yox idi. Məhkəmə ağır hökmünü elan etdikdə, iş xalqın müzakirəsinə verildi. Bu vaxt
ata Publi Horatsi elan etdi ki, hesab edir ki, qızı düzgün olaraq öldürülmüşdür və
xahiş etdi ki, bir az əvvəl çox övladı olan bu adamı, indi övladsız qoymasınlar. O
vaxtlar Romada atanın övladların həyatı, azadlığı və əmlakı üzərində tam
hakimiyyəti var idi. Xalq onun çıxışından sonra Horatsiyə bəraət verdi, bu qərara
ədalətdən daha çox, onun igidliyi təsir göstərdi.
Lakin Alba ilə sülh uzun sürmədi, romalılar ümumi düşmənlə - fidenlərlə
vuruşduqda, Alba əsgərləri diktatorla birlikdə geri çəkilərək xəyanət etdilər. Ona
görə də romalılar düşməndən daha çox müttəfiqlərindən təhlükə gözləyirdilər. Çar
Tull Alba diktatoru Mettini iki şəhər arasındakı müqaviləni pozan və müharibənin
təşəbbüsçüsü adlandırdı. Çar Mettini arabanın təkərlərinə bağlatdırdı və atlar
qaçmağa başladıqda, onun bədəni iki yerə bölündü. Tull bunu gələcəyə ibrət dərsi
olmaq üçün edirdi. Albaya süvarilər göndərildi ki, əhalini Romaya köçürsün.
Albalılar şəhəri tərk edəndən sonra romalılar bütün evləri uçurdular. Dörd yüz yaşı
olan şəhər yerlə yeksan edildi. Onun dağılması ilə Roma böyüməyə başladı, şəhərin
əhalisi iki dəfə artdı. Romalıların ordusu da xeyli gücləndi, təkcə Alba cavanlarından
Tull yeni on turma (hər biri otuz süvaridən ibarət hərbi dəstədir) süvari topladı və bu
qüvvəyə arxalanaraq Sabin vilayətinə hücum etdi. Bu döyüşdə romalılar qalib gəldi,
sabinlilər çoxlu itgi verib qaçmağa məcbur oldular. Bu qələbə romalılara böyük şərəf
gətirdi. Tull Hostili 32 il (m.ə. 672-640-cı illər) çarlıq etdikdən sonra öldü.
Tull Hostilinin vəfatından sonra yeni çarlıqlar arası dövr başlandı. Xalqın
yığıncağında Ank Martsi çar seçildi və atalar bu qərarı təsdiq etdi. O, çar Numa
Pompilinin qızının oğlu olmaqla nəvəsi idi. Ank xasiyyətinə görə təkcə babasına
deyil, həm də Romula çox oxşayırdı, davakar idi. O, Romanı genişləndirməyi
nəzərdə tuturdu. O, latin şəhəri Politoriyə hücum edib, onu tutdu və şəhərin əhalisini
Romaya köçürdü. Bu dövrdə bir çox təpələr məskunlaşmaqla birləşdi və Tibrin sağ
sahilindəki Yanikul təpəsi də şəhərə qatıldı. Ank Tibr çayının dənizə töküldüyü yerdə
Ostiya şəhərini saldı, bununla Romanı həmçinin dəniz dövləti etdi.
Onun çarlığı dövründə korinfli Demaratın oğlu Lukumon Etruriyanın Tarkvini
şəhərindən Romaya köçdü. O, çox işgüzar və varlı adam idi. Rəvayətə görə əlifbanı
da Yunanıstandan İtaliyaya, məhz onun atası Demarat gətirmişdi. O, Tarkvini
şəhərinə gəldikdən sonra etrusk qızı ilə evlənmiş və bu nigahdan Lukumon olmuşdu.
(Lukumon-etrusk dilində çar deməkdir). Lukumon da böyük etrusk nəslinin qızı ilə
evləndi. Lakin etrusklar sürgün edilmiş adamın oğlu kimi Lukumona pis münasibət
bəslədiklərindən, ailə Romaya köçməyə məcbur oldu. Romada onlar özlərinə ev
düzəltdikdən sonra Lukumon burada Lutsi Tarkvini adı ilə yaşamağa başladı. Öz
14
qabiliyyəti ilə o, tezliklə şəhərdə hörmət qazandı və vəsiyyətə görə çar uşaqlarının
hamisi təyin edildi.
Ank Martsi 24 il çarlıq etdi. O öldükdə onun böyük oğlanları var idi. Çarı
seçmək üçün yığıncaq çağırıldıqda, Tarkvini çarın oğlanlarını ova göndərdi.
Yığıncaqda o, çox məharətlə çıxış etdi. Axı o, dövlət işlərindən yaxşı baş çıxarırdı,
uzun müddət idi ki, Romada yaşayırdı, qanunları, romalıların adətlərini öyrənmişdi.
Bütün xüsusiyyətlərini nəzərə alaraq xalq onu yekdilliklə çar seçdi. O, bu vəzifəyə
layiq olduğunu onda göstərdi ki, daha çox dövlətin möhkəmləndirilməsi və
genişləndirilməsi qayğısına qaldı. Əvvəlcə o, latinlilərlə müharibə etdi və Apiola
şəhərini tutdu. Sonra Sabin müharibəsi başlandı. Bu döyüşdə romalılar hiyləgərliyə əl
atıb, çoxlu ağac yandırıb çayın qırağına yumaladılar. Yanğın nəticəsində körpü
sıradan çıxdı və bu sabinliləri çox qorxutdu, onlar qaçmağa başladılar, çox sayda
adam çayda həlak oldu. Döyüşün udulmasında Tarkvininin yeni yaratdığı süvari
dəstələri xüsusi rol oynadı. Sabinlilər qaçaraq dağlara üz tutdular. Tam darmadağın
edildikdən sonra onlar sülh xahiş etdilər. Müharibədən Tarkvini Prisk zəfərlə döndü.
Sonra o, bir-birinin ardınca latin şəhərlərini tutdu və bütün latinliləri özünə tabe etdi.
Bundan sonra o, dinc işlərlə məşğul olmağa başladı, şəhərin ətrafına daş hasar çəkdi,
Forum ətrafındakı alçaq sahələri qurutdu, buradan Tibr çayına kanallar çəkdi.
Kapitoli təpəsində Yupiter məbədinin əsasını qoydu.
Bu vaxt onun evində, qul qadının çarın bir klientindən doğulmuş Tulli adlı
oğlan uşağı vardı. Rəvayətə görə, bir dəfə çar yatan bu uşağın başının alovlanmağını
müşahidə etmişdi. Uşaq yuxudan duranda, alov da yoxa çıxdı. Çarın arvadı bu uşağı
göstərərək ərinə dedi ki, nə vaxtsa bu bizim işığımız, alçaldılmış çar evinin dayağı
olacaqdır. Tsitseron bu rəvayətin məcazi mənasını əsas götürərək yazır ki, "o, qullar
arasında tərbiyə alsa da, çar süfrəsinə qulluq edərkən, çar o vaxtlar bu oğlan uşağında
yanan ağıl qığılcımlarını görməyə bilməzdi; çünki o, hər bir işdə və söhbətdə çox
mahir idi. Ona görə də uşaqları hələ kiçik olduğundan, çar Servini çox sevdi və buna
görə xalq içərisində hamı onu çarın oğlu hesab edirdi". Çar öz qızını ona
nişanlandırdı. Bu o dövrdə qeyri-adi məsələ idi, çünki Servi qul qadının oğlu idi və
uşaqlıqda qul hesab olunmuşdu. Romada indiyədək çarlıq yadellilərə məxsus
olmuşdu, indi isə qula qismət olacağı gözlənirdi. Bununla razılaşmayan Ankın
oğlanları çarın özünə sui-qəsd etməyi qərara aldılar. Bunun üçün iki çoban seçildi.
Onlardan biri çara şikayətini etdikdə, digəri çarın başını balta ilə vurdu. Tarkvini
Prisk son nəfəsində olanda, mühafizəçilər qatilləri tutdu. Tarkvinin arvadı Servini
yanına çağırdı və ona and içdirdi ki, qayınatasının qanını yerdə qoymasın və bildirdi
ki, çarlıq artıq ona məxsusdur. Sonra Servi küçəyə çıxıb xalqa müraciət etdi ki, onlar
sakitliyi qoruyub saxlasınlar, axı çarın zərbə ilə ancaq qulağı batmışdır, balta yarası
isə dayazdır və çarın sağlamlığına heç bir təhlükə yoxdur, çox keçməz ki, onlar özləri
çarı görərlər. Hələlik isə o, göstəriş vermişdi ki, xalq Servi Tulliyə tabe olsun, çünki
bundan sonra o, mühakiməni aparacaq və çarın digər səlahiyyətlərini həyata
keçirəcəkdir. Bu vaxt xalqın qarşısına çıxan Servi çar kürsüsünə əyləşdi və bir sıra
məsələləri həll etdi, digərlərini isə guya çarla məsləhətləşməyə saxladı. Beləliklə, çar
Qədim Tarkvini öldükdən bir neçə gün sonra belə, onun ölümünü xalqdan gizlədib,
Servi öz vəziyyətini xeyli möhkəmləndirməyə nail oldu. Bu bir həqiqət idi ki, Servi
əvvəl vaxtlarda özünü mühafizəçilərlə əhatə edərək, xalqın seçkisi olmadan
15
hökmdarlıq edirdi. Ankın oğlanları isə sui-qəsdçilərin tutulduğunu və çarın sağ
qaldığını bildikdən sonra sürgünə yollandılar. Ankın oğlanlarının Tarkviniyə
bəslədiyi kimi, Tarkvininin oğlanlarının da onun özünə qarşı nifrət bəsləməməsi
üçün Servi iki qızını çarın oğlanları Lutsiyə və Arrunta ərə verdi.
Sonra Servi veyililərlə və digər etrusklarla müharibə apardı və qələbə çaldı.
Müharibədən o, Romaya daha heç də şübhə olunmayan çar kimi qayıtdı. İlk dəfə
olaraq Servi senz tətbiq etdi, bu tədbirin vasitəsilə həm hərbi, həm də dinc
mükəlləfiyyətlər əvvəlki kimi adambaşına deyil, hər kəsin əmlak vəziyyətinə
müvafiq olaraq müəyyən edilirdi. Bu dövrdən o, dərəcələr yaratdı. Romada altı senz
mövcud idi, sonnucu senzə məxsus olanlar əmlakı olmayanlar, başqa sözlə
proletarilər (onların əmlakı yalnız övladlarından ibarət idi) bütün mükəlləfiyyətlərdən
azad olunurdu. Yüz min ass pulu olan və daha böyük senzdən Servi 80 senturiya
düzəltmişdi. İkinci dərəcəyə yüz min assdan 75 min assa qədər pulu olanlar daxil idi
və onlardan iyirmi senturiya düzəldi. (Ass mis puldur və sestersidən - gümüş puldan
dörd dəfə ucuz idi). Üçüncü dərəcə üçün 50 minlik senz müəyyən olundu, onlardan
da 20 senturiya düzəldi. Dördüncü senz 25 min assdan ibarət idi. Beşinci dərəcə daha
geniş idi, onların senzi 11 min assdan ibarət idi. Altıncı, sonuncu senz digər adamları
əhatə edirdi və onlar hərbi xidmətdən azad idilər. Beləliklə, bütün ağırlıqlar
kasıbların çiynindən götürülüb varlıların üzərinə qoyuldu. Servi Tullinin vaxtında ilk
dəfə olaraq plebeylər Roma xalqının - Populus Romanus tərkibinə daxil oldu.
Sonra o, şəhəri dörd yaşayış mahalına və təpəyə böldü və onları triba
adlandırdı. Sonra əhalinin siyahıya alınması keçirildi. O, öz zəkası ilə dövlətin
qüdrətini möhkəmləndirmək istəyirdi.
Lakin çar Tarkvininin bir oğlu Serviyə qarşı kinini saxlayırdı və belə dedi-
qodu yayırdı ki, xalqın seçkisi olmadan o, çarlıq edir. Doğrudur, Servi əvvəlcə belə
seçki olmadan çarlıq etmişdisə, sonralar işğal etdiyi düşmən torpaqlarını adambaşına
böldükdən sonra, xalqdan soruşdu ki, onlar Servinin çarlıq etməsini istəyirlərmi? Bu
vaxt xalq yekdilliklə onu çar elan etdi. Lakin bu da çar oğlu Tarkvininin iştahını
azalda bilmədi. O, ataların razılığı olmadan torpaq paylanmasına görə Serviyə
böhtanlar atır, bu yolla senatda öz nüfuzunu artırırdı. Arvadı Tulliya da onu
qızışdırırdı. İki qardaş Servinin Tulliyə adlı iki qızına evlənmişdi. İki qardaş Lutsi və
Arrunt bir-birinə oxşamadığı kimi, onların arvadları Tulliyalar da bir-birindən
fərqlənirdi. Qisasçı Lutsinin arvadı fağır idisə, mülayim Arruntun arvadı qəzəbli və
çox şöhrət düşkünü idi. Ona görə də o, axırıncı ərini zəiflikdə ittiham edir, söyüb
biabır edirdi. Bununla kifayətlənməyib ərinin yanında öz bacısını da pisləyir, onu ən
pis söyüşlərlə yad edirdi. Ona görə də o, belə ərdənsə özünə dul qalmağı arzu edirdi.
Əgər onun özü istədiyi kimi cəsarətli əri olsa, çar kürsüsü onun əlinə keçərdi.
Beləliklə bir qardaşla bir bacı öldürüldü və sağ qalan dul qardaşla dul qalan bacı
evləndilər. Bundan sonra Servininin çarlığı üzərindəki təhlükə buludu qaralmağa
başladı. Tulliya bir an da olsun əri Lutsiyə rahatlıq vermirdi ki, o, Qədim Tarkvininin
oğludur və hakimiyyətə yiyələnməlidir. Qadın ərini məzəmmət edirdi ki, sənin atan
Korinfdən gəlib hakimiyyətə yiyələnmişdi, sən isə öz çar evinə qayıtmağa cəsarət
etmirsən.
Arvadının təhriki cavabsız qalmadı və Tarkvini senatorları ələ almağa girişdi.
Onlardan bəzilərinə hədiyyə, çoxlarına isə vəd verirdi. Nəhayət o, hərəkət etməyi
16
qərara aldı və silahlı adamlarla Foruma cumdu. O, kuriya qarşısında çar kürsüsündə
oturub ataların kuriyaya, çar Tarkvininin yanına çağrılmasını tapşırdı. Senatorlar
tezliklə gəldilər və qorxudan belə qərara gəldilər ki, Servinin işi artıq bitmişdir. Bu
vaxt Tarkvini Servini və onun nəslini söyməyə başladı ki, o, quldur, quldan
doğulmuşdur və çarlığı Tarkvinilərin atası öldükdən sonra, çarlıqlar arası dövr elan
ediləndən öz üzərinə götürmüşdür. O, çarlığı yığıncaq keçirilmədən, xalqdan
alınmadan ələ keçirmişdir. Onun çar olmasından ataların da xəbəri olmamışdır,
yalnız çarın qadını ona bu vəzifəni hədiyyə etmişdir.
Lutsi Tarkvini Servini onda ittiham edirdi ki, o, aşağı təbəqədən çıxdığına görə
bu əclaf təbəqəni müdafiə edir. Guya ki, o, senzi də ona görə təsis etmişdi ki, kasıblar
varlılara paxıllıq və nifrət etsinlər, varlılar sərvətlərindən bu dilənçilərə pay versinlər.
Bu vaxt Servi gəlib çıxdı və Tarkvininin, çar sağ ola-ola onun kürsüsündə əyləşməsi
kimi həyasızlığına narazılığını bildirdi. Tarkvini kobud şəkildə çara cavab verdi ki,
bu kürsü onun atasına məxsusdur və ona qul deyil, çar oğlu yiyələnməlidir. Bu vaxt
hər ikisinin tərəfdarları hay-küy qaldırdılar. Tarkvini Servini əlinə götürüb,
kuriyadan çıxardı və pilləkənlərdən atdı. Servi çoxlu qan itirib, evinə çatmağa can
atır, lakin yolda onu təqib edənlərin zərbələri altında həlak olur. Onun qızı Tulliya isə
Foruma gələrək, birinci olaraq ərini çar elan edir. Sonra isə geri qayıdarkən arabasını
atasının cəsədi üzərindən keçirir.
Servi Tulli qırx dörd il, m.ə. 578-534-cü illərdə çarlıq etdi. O vaxtdan
plebeylər Tulli familiyasından istifadə etməyə başladılar. Çarın adına gəldikdə, bu da
onun qul mənşəyinə işarə idi, latınca "serv" sözü "qul" deməkdir. Onun ölümü ilə
onun şöhrəti heç də azalmadı, çünki onunla birlikdə qanuni və ədalətli çar
hakimiyyəti də öldürüldü. Zorakı yolla çarlığı əlinə keçirmiş, onun üçün qan axıtmış
Lutsi Tarkvini, sonralar o, "Məğrur" ləqəbinə sahib oldu, o qədər cinayətlər törətdi
ki, hamı Servini də Numa kimi ədalətli çar kimi xatırlamağa başladı.
Çar Tarkvini öz qayınatasının dəfn olunmasına icazə vermədi, bunu da onunla
əsaslandırdı ki, Romul özü də dəfn olunmadan qeybə çəkilmişdir. Məğrur Tarkvini
özünü can güdənlərlə əhatə etdi. Onun başqa dayaqları yox idi, axı onu nə xalq
seçmişdi, nə senat onun seçilməsini təsdiq etmişdi. O, heç kəsin məhəbbətinə arxayın
olmadığı üçün, öz hakimiyyətini qorxu ilə qorumağa çalışırdı. O, ədalət məhkəməsi
aparmaq əvəzinə, təkbaşına hökmlər verir, adamları öldürtdürür, sürgün edir,
əmlakdan məhrum edirdi. Onun qəzəbinə təkcə şübhəli olanlar və ya onun xoşuna
gəlməyənlər deyil, həmçinin kimdən yaxşı var-dövlət ələ keçirmək mümkün idisə,
onlar da düçar olurdu. Buna görə də onun dövründə senatın tərkibi xeyli azaldı. O,
əslində ilk çar idi ki, qədimdən qalmış, senatla məsləhətləşmək qaydasını ləğv etdi və
dövlətə öz evi kimi sərəncam verməyə başladı. Müharibə və sülh məsələlərini də o,
təkbaşına, xalqla və senatla razılaşmadan həll edirdi. Sülh dövründə özünü olduqca
ədalətsiz göstərən Tarkvini müharibə dövründə də çox ağılsızlıqlar edirdi. O, döyüş
ustalığı və igidliklə vuruşmağı bacarmadığı üçün, hiylə və yalana əl atırdı. Bu yolla
o, bəzi uğurlar da qazanmışdı.
Lakin bəzi əlamətlər onu qorxudurdu. Ona görə də o, Yunanıstana, Delfdəki
orakulun yanına adamlar göndərmək qərarına gəldi. Oraya iki oğlunu - Titi və
Arruntu göndərdi və onlara yol yoldaşı kimi Lutsi Yuni Brutu seçdi. O, çarın bacısı
Tarkviniyanın oğlu idi, parlaq zəkaya və xoşagələn görkəmə malik idi. O, bilirdi ki,
17
şəhərin bir çox görkəmli vətəndaşları, həmçinin onun qardaşı öz dayısı tərəfindən
qəddarlıqla öldürülmüşdür və o vaxtdan qərara almışdı ki, öz davranışı ilə çarı
qorxuzmasın, əmlakla şirniklənməsin və əgər hüquqlarda müdafiə yoxdursa, kənarda
qalmaqla təhlükəsizliyini tapsın. Ona görə də o, özünü axmaq kimi qələmə verirdi,
hətta ona "küt" ləqəbi verilmişdi. Lakin bu ləqəbin altında mənən çox güclü bir adam
gizlənirdi və onun üzərinə Roma xalqının azad edilməsi missiyası qoyulmuşdu.
Bunun üçün isə əlverişli vaxtı gözləmək lazım idi.
Cavanlar Delfə gəlib çıxanda, atalarının tapşırığını icra edərək, orakuldan
soruşdular ki, Roma çarlığı kimin əlinə keçəcəkdir. Rəvayətə görə, orakul cavab
verdi ki, Romada ali hakimiyyət sizlərdən o gəncə qismət olacaqdır ki, o, birinci
olaraq anasını öpəcəkdir. Romada qalmış qardaşları Sekstin eşitməməsi üçün,
Tarkvini qardaşları bunu sirr kimi saxlamağı qərara aldılar, öz aralarında isə püşk
atdılar ki, qayıtdıqdan sonra kim ilk dəfə anasını öpsün. Brut isə fikirləşdi ki,
Pifiyanın sözləri başqa məna kəsb edir, buna görə də o, guya büdrəyərək yıxıldı və
dodaqlarını torpağa söykədi, axı torpaq bütün adamlar üçün ümumi anadır. Bundan
sonra onlar Romaya qayıtdılar.
Sırf təsadüf kimi, hərbi düşərgədə olan çarın böyük oğlu Sekst yoldaşı
Kollatinlə yeyib-içirdi. Söhbət arvadlardan düşəndə, hər kəs öz arvadını tərifləməyə
başladı. Mübahisə qızışdıqda, Kollatin deyir ki, sözlərə ehtiyac yoxdur, bir neçə saat
yol qət etdikdən sonra Lukretsiyanın bütün qadınlardan yüksəkdə durduğuna özün
inanacaqsan. Onlar atlara minib Romaya, oradan Kollatsiyaya gəldilər və Kollatinin
cavan arvadı Lukretsiyanı yun darayarkən gördülər. Əlbəttə, onun gözəlliyinə və
məlahətinə söz ola bilməzdi. Kollantin çar oğlunu evinə dəvət edir. Buradaca Sekst
Tarkvinidə Lukretsiyaya təcavüz etmək kimi murdar ehtiras yaranır. Gəlinin
gözəlliyi onu daha da cuşa gətirir. Bir neçə gündən sonra Kollantindən gizli Sekst
yenidən Kollatsiyaya, onun evinə gəlir. Qonağı sevinclə qəbul edirlər və nahardan
sonra onu qonaqlar üçün olan yataq otağına aparırlar. Bu vaxt o, yalmış
Lukretsiyanın yanına girir və onu qılıncla hədələyərək deyir ki, əgər qışqırsan həlak
olacaqsan. Yuxudan ayılan qadın görür ki, nəinki heç bir kömək yoxdur, hətta onu
real ölüm hədələyir. Tarkvini ona məhəbbətini izhar etməyə başlayır, yalvarışlarını
hədəyə qarışdırır. Lakin Lukretsiyaya heç nə təsir etmir, o, hətta ölümdən də
qorxmur. Bu vaxt Tarkvini onu biabırçılıqla qorxutmağı qərara alır və deyir ki, onun
meyidinin yanına öldürülmüş çılpaq qul cəsədi qoyacaqdır ki, adamlar güman
etsinlər ki, qadın murdar zinakarlıq vaxtı öldürülmüşdür. Bu dəhşətli hədə ilə
Tarkvini onun namusuna təcavüz etdi. Qəmdən dəli olan Lukretsiya atasının və
ərinin yanına qasid göndərir. Ərinə xəbər göndərir ki, sədaqətli dostları ilə gəlsin.
Başqa dostları ilə yanaşı Kollatinlə birlikdə Lutsi Yuni Brut da gəlir. Onlar
Lukretsiyanı yataq otağında tapırlar. Ərinin "necəsən?" sualına o, cavab verir: "Çox
pis. Qadında bəkarətini itirdikdən sonra yaxşı nə qalır? Sənin yatağında yad kişinin
izləri vardır, Kollatin; ancaq bədən biabırçılığa düçar olmuşdur, ruh isə günahsızdır,
qoy buna ölüm şahid olsun. Lakin bir-birinizə and için ki, zinakarlıq intiqamsız
qalmayacaqdır. Sekst Tarkvini dünən gecə qonaq kimi bura daxil oldu. Lakin
düşmənə çevrildi, silahla, zorla o mənim üçün və əgər siz kişisinizsə, həm də onun
üçün məhvedici olan kef əldə etdi".
18
Hamı and içməyə, bədbəxt qadına təskinlik verməyə, ittihamı zorakılığın
qurbanının üzərindən cinayətkarın üstünə keçirməyə başladı. Qadın onlara belə cavab
verdi: "Siz mühakimə edin ki, onun cəzası nədir, mən özümü günahda təqsirli
bilməsəm də, cəzadan özümü azad etmirəm; qoy Lukretsiyanın timsalı heç bir
əxlaqsız qadına öz həyatını hifz etməyə imkan verməsin". O, paltarının altında
gizlətdiyi bıçağı öz ürəyinə sancdı.
Hamı matəm içərisində olduqda, Brut əlində Lukretsiyanın sinəsindən
çıxardığı bıçağı tutaraq dedi: "Bu, çar cinayətindən əvvəl, ən təmiz olan qana and
içirəm ki, - və allahlar, sizi şahid kimi çağırıram ki, - bu gündən odla, qılıncla, nə ilə
bacarıramsa, Lutsi Tarkvinini, onun cinayətkar arvadını və bütün övladlarını təqib
edəcəyəm, nə onların, nə də başqa kiminsə Romada çarlıq etməsinə dözməyəcəyəm".
İlk dəfə olaraq Brut təkcə Məğrur Tarkvininin eybəcər çarlığına qarşı deyil,
bütünlükdə Romada çarlığın əleyhinə öz səsini qaldırır, iki əsr yarıma qədər davam
edən dövlət quruluşuna meydan oxuyur. Lakin bu çağırışın, bu üsyanın obyektiv
səbəbləri də vardır. Çar Məğrur Tarkvini bu dövlət quruluşunu özünün qəddar
hərəkətləri ilə bütünlüklə gözdən salmışdı. O, çarlığı zorakılıqla əldə etdiyi kimi, zor
və güc vasitəsilə əlində saxlamağa çalışırdı. Onun adamları kütləvi surətdə qətlə
yetirməsi və mülkiyyətdən məhrum etməsi xalqın səbr kisəsini doldurmuşdu. Kiçik
bir bəhanə ona qarşı olan narazılıqları öz kulminasiya nöqtəsinə çatdırmalı idi və
Lukretsiyaya edilən təcavüz məhz buna yol açdı. Kollatin və digər dostlar da and
içdikdən sonra, artıq hüzn və dərd hiddətə çevrildi və Brut hamını Romaya getməyə
çağırdı və bu vaxtdan artıq hərəkatın rəhbəri oldu. Hamı çarın digər zorakılıqlarını
yada salırdı. İgid cavanlar silahlanaraq dəstəyə qoşulurdu.
Silahlı dəstə Kollatsiyanı tərk edərək Brutun başçılığı altında Romaya yürüş
etdi. Bu dəhşətli xəbər Romada da ciddi iğtişaş yaratdı. Xalq yığıncağa toplaşdı və
Brut onların qarşısında çıxış etdi. O, öz çıxışında Sekst Tarkvininin özbaşınalığından
və zinakarlığından, Lukretsiyaya olan dəhşətli təcavüzdən danışdı. Bu, günahsız
qadının atası üçün ən böyük dərd qızının ölümü deyil, bu ölümə olan səbəbdir. Sonra
o, əvvəlki çar Servi Tullinin iyrənc qaydada qətlini və atasının cəsədinin üstündən
araba ilə keçən qızının rəzalətli hərəkətlərini yada saldı. Brutun çıxışı xalqın qəzəbini
daha da alovlandırdı və xalqda belə qətiyyət yarandı ki, çardan hakimiyyəti alsın və
Lutsi Tarkvinini arvadı və uşaqları ilə birlikdə ölkədən qovsun. Sonra Brut ordu
düşərgəsinə yollandı ki, ordunu çarın əleyhinə qaldırsın.
Romada hakimiyyəti isə bu vaxtlar şəhərin prefekti təyin edilmiş Lukretsiyə
tapşırdı. Bu ixtişaşlar vaxtı çarın arvadı Tulliya evindən qaçdı və onu kim harda
görürdüsə, lənətləyirdi. Çar qiyamdan qorxaraq Romaya hərəkət etdi ki, üsyanı
yatırtsın. Lakin Tarkviniyə şəhərin qapılarını açmadılar və onun qovulmasını ona
elan etdilər. Brut düşərgəyə gəldikdə isə, çarın oğlanlarını oradan qovdular. Onlardan
ikisi atalarına qoşulub etruskların yanına sürgünə getdi. Sekst Tarkvini isə Qabiya
şəhərinə gəldi ki, bura onun öz çarlığıdır, lakin burada köhnə düşmənləri tərəfindən
öldürüldü. Axı bu şəhərdə də qarətlərlə və edamlarla o, özünə çoxlu düşmən
qazandırmışdı. Məğrur Lutsi Tarkvini 24 il - m.ə. 534-510-cu illərdə çarlıq etdi. O,
Romanın ən biabırçı və sonuncu çarı oldu.
Beləliklə, Roma dövlətinin tarixində çarlıq dövlət quruluşu 243 il davam
etdikdən sonra süquta uğradı və Roma bu quruluşdan əl çəkməyə məcbur oldu.
19
Romada çarlıq despotiya elementləri qazandıqda, öz əvvəlki mahiyyətini itirib,
tiraniyaya meyl etdikdə, onun çürüklüyü qənaəti yarandı və romalılar ondan imtina
etdilər.
20
Dostları ilə paylaş: |