Tələbə: Anar Osmanov
İxtisas: Məşqçilik
Qrup: 110A11
Fənn: Menecment
Fənn müəllimi:
Mövzu: Beynəlxalq idman yarışlarının ölkənin iqtisadi potensialına təsiri
Son illər ərzində dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Dünya idman ictimaiyyətinin də ölkəmizdə bu sahədə gedən müsbət proseslərə çox böyük maraqla yanaşması və uğurlarımızı yüksək qiymətləndirməsi Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olmuşdur. Ölkə başçısının Azərbaycanın güclü idman ölkəsi kimi tanınması istiqamətində həyata keçirdiyi davamlı siyasətin bundan sonra da ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunun daha da artmasına şərait yaradacağı şübhə doğurmur.
Son illərdə Azərbaycanda idman sahəsində qazanılan nailiyyətlər onun inkişafına göstərilən yüksək diqqət və qayğının bəhrəsidir. Respublikada sosial-iqtisadi inkişafın güclənməsi milli olimpiya hərəkatının genişlənməsinə də ciddi təkan vermiş, xalqımız özünəməxsus ənənə və dəyərlər əsasında yeni milli, fiziki tərbiyə və kamilləşmə sistemi yaratmışdır. Azərbaycan artıq müxtəlif idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilməklə yanaşı, bu sahədə geniş potensiala malik olduğunu da nümayiş etdirməkdədir. Bu gün ölkəmizin əksər şəhər və rayonlarında milli olimpiya kompleksləri və mərkəzləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə idman meydançaları və təsisatları yaradılır. Bütün bunlar isə ölkədə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir.
İdmanın ən çox sıx əlaqədə olduğu sahə turizm sektorudur. Dünyanın bir çox şəhərinin və ya ölkəsinin turist cəlb etmək üçün mühüm idman tədbirlərinə evsahibliyi etmək istəyinin təməlində də məhz bu əlaqə dayanır. İdman turizmi respublikada inkişaf potensialı olan turizm növlərindən biridir. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, müxtəlif layihələr həyata keçirilir.
Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Ötən illər ərzində ölkədə bu istiqamətin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Həmin tədbirlər nəticəsində respublikada turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Beynəlxalq turizm bazarına inteqrasiya isə ilbəil, daha geniş şəkildə aparılır. “Valyuta gətirən sahələrdən biri də turizmdir” - deyən ölkə başçısı İlham Əliyev bu günün reallıqlarını əsas tutaraq xalqımızın zəngin irsinin dünyada təbliği və tanıdılması istiqamətində bu sahəyə daha çox üstünlük verilməsinin, xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini bir daha qeyd etmişdir: “Bir neçə il bundan əvvəl “Eurovision”, 2015-ci ildə I Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında “Formula-1” yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır... Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub. Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq... Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz var, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, hotellər, yollar var. Ona görə də bu istiqamətdə görüləsi işlər hələ çoxdur”.
Son illər ölkəmizdə güləş, gimnastika, boks, voleybol və digər növlər üzrə beynəlxalq idman yarışları təşkil edilib. 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarına evsahibliyi etdi. 49 ölkədən 6 mindən çox idmançının qatıldığı yarışlar ölkəyə xarici turistlərin cəlbi üçün mühüm təbliğat vasitəsinə çevrildi. Heç kimə sirr deyil ki, bu cür möhtəşəm yarışların hansı ölkədə və ya şəhərdə keçirilməsi ilə bağlı qərar verildikdə digər parametrlərlə yanaşı, həmin ölkənin siyasi sabitliyi, iqtisadi inkişaf səviyyəsi, infrastruktur imkanları, ekoloji vəziyyəti və s. ətraflı şəkildə araşdırılır. Azərbaycan bu seçimi Avropa Olimpiya Komitəsinin səsvermədə iştirak edən 48 üzv ölkəsindən 38-nin səsini almaqla böyük üstünlüklə tələb olunan şərtlərə cavab verən ölkə olduğunu dünyaya sübut etdi.
Məlumdur ki, dünyada beynəlxalq idman yarışları təkcə idman tədbiri deyil, eyni zamanda siyasi, iqtisadi layihələrdir, turizm imkanlarının genişləndirilməsinə açılan yollar, ölkəyə verilən faydalardır. Bunlar artıq qəbul olunan həqiqətlərdir. Bu gün dünyada mütəxəssislər tərəfindən idmanın iqtisadi aspektləri geniş tədqiqat obyekti kimi öyrənilir. Təcrübə göstərir ki, Olimpiya Oyunlarına evsahibliyi etmək istəyən dövlətlər bu Oyunları iqtisadiyyatda, turizmdə doğurduğu qısamüddətli müsbət təsirlərindən daha çox onun uzunmüddətli və strateji xarakterli faydalarını düşünürlər. Bu isə beynəlxalq Olimpiya Oyunlarına evsahibliyinin mühüm əhəmiyyətini göstərir. Bu baxımdan I Avropa və IV İslam Həmrəyliyi Oyunlarının uzunmüddətli dövrdə ölkə üçün faydaları Bakı və bölgələrin, başda idman olmaqla infrastrukturunun yenilənməsi, bu sahəyə yatırılan investisiyalar, eləcə də ölkənin dünyada geniş şəkildə tanınmasının təmin edilməsi nəticəsində qarşıdakı illər üçün iqtisadi artım, xarici investisiya və turizm potensialının mühüm dərəcədə yüksəlməsi ilə bağlı olacaqdır.
2015-ci ildə Avropa Oyunları ilə bağlı Bakı və rayonlarda dünya standartlarına cavab verən nəhəng idman qurğuları, olimpiya idman kompleksləri tikildi, irimiqyaslı şəhər infrastruktur layihələri həyata keçirildi və ekoloji tarazlığın təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırıldı ki, bu da ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Oyunların Bakıda keçirilməsinin Azərbaycanın, onun iqtisadi və turizm potensialının dünyaya tanıdılması baxımından misilsiz rolu xüsusi vurğulanmalıdır. İlkin məlumatlara görə, 61 kanal vasitəsilə dünyanın 145 ölkəsində 1100 saat yayımlanan Avropa Oyunları təxminən 824 milyon mənzildə izlənmişdir. Bu Oyunların açılış mərasimi isə 120 ölkədə canlı şəkildə yayımlanmışdır. Şübhəsiz ki, bu tanıtım gələcəkdə ölkəyə xarici turistlərin və investisiyaların cəlb edilməsi prosesinə öz müsbət təsirini göstərəcəkdir.
Mütəxəssislərin fikrincə, idman turizmi dünya ölkələri üçün ənənəvi olmayan ciddi gəlir mənbəyidir. İdman turizmində turist hər hansı bir idman fəaliyyətinə qoşulmaq və ya ona tamaşa etmək məqsədilə səyahətə çıxır. Xüsusilə olimpiadaların keçirildiyi şəhərlərə ciddi miqdarda turist axınının olduğu müşahidə edilir. İdman turistinin nəqliyyat, mehmanxana, qidalanma, əyləncə, pərakəndə ticarət bölmələrində çəkdiyi xərclər iqtisadiyyatda ciddi canlanma yaradır. Təsadüfi deyil ki, İdman Turizmi Beynəlxalq Şurasının apardığı tədqiqatlar göstərir ki, dünyada turizmdən əldə etdiyi gəlirlərin təxminən 32 faizi məhz idman turizminin payına düşür. Bu sektorun qeyd edilən müsbət iqtisadi səmərələrini nəzərə alan dövlətlər məhz buna görə də böyük beynəlxalq idman yarışlarının öz ölkələrində keçirilməsinə nail olmaq məqsədilə daim kəskin rəqabətdədirlər. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin son illər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsinə nail olması böyük nailiyyətdir. I Avropa Oyunları və “Formula-1” kimi beynəlxalq idman yarışlarından sonra 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirilməsinə nail olunması bu istiqamətdə aparılan uğurlu siyasətin davamlı xarakterini və getdikcə daha geniş miqyas almasını ortaya çıxarır.
2016-cı ildən başlayaraq Bakıda “Formula-1” Qran-pri yarışı keçirilir. “Bakı şəhər halqası”nda yüksək səviyyədə təşkil olunmuş yarışmanı izləmək üçün ölkəmizə 47 ölkədən 25 minədək turist gəlmişdir. “Formula-1” tamaşaçılar üçün ən bahalı idman yarışları hesab olunur. Bu il iyunun 23-25-də paytaxtımızda ikinci dəfə təşkil olunacaq yarışmanı izləmək üçün artıq biletlər satılır. Adətən bu yarışlara evsahibliyi edən ölkələr daha çox xarici turistlərin gəlməsinə, onların qalma müddətlərinin artırılmasına və həmin turistlərin iri mehmanxana və cəlbedici məkanlarda daha çox vəsait xərcləməsinə nail olmaq istiqamətində addımlar atır. Təbii ki, Bakı da bu beynəlxalq təcrübədən yararlanaraq yarışlar ərəfəsində, ondan əvvəl və sonra müxtəlif tədbirlər təşkil etməklə bu mənfəəti artıra bilər. Bu istiqamətdə görülən işlər strateji yol xəritəsində də öz əksini tapıb.
Ölkəmiz idman turizminin inkişafı üçün zəngin təbiətə malikdir. Piyada gəzinti üçün nəzərdə tutulmuş müəyyən marşrutlar, dağ turizmi, sepeloturizm (mağara turizmi), veloturizm, safari turizmi və digər idman növləri üzrə bu sahənin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin sahə ilə maraqlanan turistlərdən xüsusi fiziki hazırlıq, dözüm, cəsarət tələb olunur. Belə turizm xidmətləri təbii ki, təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilir.
Təbiət abidələrinə təşkil olunan turlar da fiziki rekreasiya fəaliyyəti ilə bağlı olmaqla yanaşı (yəni təbiət qoynunda dincəlməklə, yaxud maraqlı yerlərə turist səfərləri təşkil etməklə sağlamlığın bərpası), idman turlarının təşkili üçün əlverişli şərait yaradır. Bunlar əsasən alpinizm, su idmanı, velosiped, motorlu idman və digər növlərdən ibarət olur. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə edilməsi ərazinin coğrafi şəraiti ilə bağlı olur.
Reallıqlar göstərir ki, çimərliklər də dünya turizm sənayesində ən gəlirli sahələrdən biridir. Əksər insanlar isti günlərdə istirahətlərini dəniz sahillərində keçirməyə üstünlük verirlər. Hər il minlərlə xarici turist bu məqsədlə səyahətə çıxır. Dəniz sahillərində yerləşən ölkələr də təbiətin onlara bəxş etdiyi bu sərvətdən məqsədli şəkildə istifadə edərək bu turizm növündən böyük mənfəət götürürlər. Azərbaycanın Xəzər sahili bölgələrində çimərlik turizminin inkişaf etdirilməsi üçün də əlverişli imkanlar var. Hazırda sahilyanı ərazilərimizdə 90-dan çox çimərlik mövcuddur, yenilərinin salınması da davam edir. Bütün dünyada olduğu kimi, hər il çimərlik mövsümü başlamazdan öncə dəniz suyunun monitorinqi aparılır, çirkli su ərazilərindən istifadəyə qadağalar qoyulur, çimərliyə yararlı yerlər isə elan olunur. Hazırda respublikada Xəzər dənizindən çimərlik məqsədilə istifadə üçün müəyyən işlər görülür. Bir sözlə, müasir dövrdə çimərlik turizmində başlıca məqsəd yüksək xidmətlər təşkil etməklə daha çox turist cəlbinə nail olmaqdır.
Ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində atılan digər addımlarla yanaşı, şopinq festivalı da bu sahəyə öz töhfəsini verməkdədir. Aprel ayı ərzində ölkəmizə 187 min 577 turist səfər edib. 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım olub. Mayın ilk on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 21 faiz artım olub. Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən şopinq festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bu da Azərbaycanın bütün dünyaya tanıdılmasında mühüm rol oynayıb.
Beləliklə, Azərbaycanda turizmin, xüsusilə idman turizminin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir.
Faktlar göstərir ki, az bir müddətdə turizm sənayesinin yüksəlişi üçün böyük layihələr icra olunub. Dünya miqyasında tanınan brend hotellər tikilib istifadəyə verilib. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,1 faizini turizmdən gələn gəlirlər təşkil edir. Bütün bunlar - hökumət səviyyəsində keçirilən tədbirlər, beynəlxalq idman yarışları, indiyədək aparılan islahatlar deməyə əsas verir ki, artıq turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevrilməklə yanaşı, beynəlxalq turizm bazarına inteqrasiyasını da təmin edir. Digər tərəfdən, ölkədəki müasirlik, islami birlik, tolerant mühit, xalqın multikultural dəyərlərlə bağlılığı da bu hədəfin tam reallaşdırılması üçün geniş imkanlar açır.
Bir sözlə, Azərbaycanda həyata keçirilən idman siyasəti yeniyetmələr və gənc nəslin idmana olan marağını artırmış və demək olar ki, bütün bölgələrimizdə istifadəyə verilən Olimpiya idman kompleksləri yeniyetmə və gənclərin sevimli məkanlarına çevrilmişdir. İdmanın tərəqqisi də Azərbaycanın beynəlxalq idman ölkəsi kimi nüfuzunun artmasına imkan yaratmaqla yanaşı, respublikamızın iqtisadi potensialını da nümayiş etdirir. İnkişaf etmiş infrastruktura malik olması Azərbaycana milli iqtisadiyyatını daha da gücləndirmək üçün əlavə stimullar verir. Ən əsası, böyük idman tədbirlərinin Azərbaycanda keçirilməsi xarici sərmayənin təşviqi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərir. Mütəxəssislərin fikrincə, xarici sərmayələrin hökumətin xüsusi diqqət ayırdığı qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə, yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxarır.
Prezident İlham Əliyev ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsini həm Azərbaycanın potensialını, həm siyasətini, həm də imkanlarını göstərmək baxımından yüksək qiymətləndirir. Belə idman tədbirlərinin sadəcə idman yarışlarının olmadığını, həm də dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amil olduğunu diqqətə çatdırmışdır. “Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir”, – deyən ölkə başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atmışdır. Buna görə də, əminliklə demək olar ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti iqtisadi-siyasi səmərəsi böyük olan beynəlxalq idman layihələrinin bundan sonra da Azərbaycanda həyata keçirilməsinə geniş imkanlar yaradır. Bu, ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərəcək.
Dostları ilə paylaş: |