Vladimir Lenin Karl Marks



Yüklə 207,64 Kb.
səhifə1/3
tarix07.03.2017
ölçüsü207,64 Kb.
#10550
  1   2   3
Vladimir Lenin

Karl Marks

(Qısa bioqrafik oçerk, marksizmin izahı ilə)
1914–cü ilin iyul avqust aylarında yazılmışdır.

İlk dəfə 1915–ci ildə Qranat ensiklopedik lüğətinin 1–ci nəşrinin 28–ci cildində nəşr edilmişdir.

İmza: V.İlyin

Müqəddimə 1918–ci ildə yazılmışdır.

1918–ci ildə V.Lenin “Karl Marks” broşurasında “Priboy” nəşriyyatında Moskvada nəşr edilmişdir.

MÜQƏDDİMƏ

 

Karl Marks haqqında indi ayrıca kitabça şəklində nəşr olunan məqaləni (yadımdadırsa) 1913-cü ildə Qranat lüğəti üçün yazmışdım. Məqalənin axırında, başlıca olaraq xaricdə, Karl Marks haqqında nəşr olunan ədəbiyyatın çox müfəssəl siyahısı əlavə edilmişdi. İndiki nəşrdə bu ixtisara salınmışdır. Sonra lüğətin redaksiyası Marks haqqındakı məqalənin axırında, Marksın inqilabi taktikasının şərhinə görə çıxarıb atmışdı. Təəssüf ki, məqalənin həmin son hissəsini burada yenidən yazmağa imkanım yoxdur, çünki onun qarası Krakovdamı, yoxsa İsveçrədə - harada isə kağızlarımın içində qalmışdır. Ancaq yadımdadır ki, məqalənin bu son hissəsində mən Marksın Engelsə yazdığı 16.IV.1856-cı il tarixli məktubun bir yerini sitat gətirmişdim. Məktubun həmin yerində Marks yazırdı: Almaniyada hər şey proletar inqilabını kəndli müharibəsinin bir növ ikinci nəşri ilə möhkəmləndirməyin mümkün olub-olmayacağından asılı olacaqdır. Bu mümkün olarsa, iş çox  yaxşı olar. İndi yuvarlanıb sosializmə tam xəyanət dərəcəsinə, burjuaziyanın tərəfinə keçmək dərəcəsinə çatan bizim menşeviklər 1905-ci ildən bəri məhz bunu anlamamışlar.


  N.Lenin

Moskva,14.V.1918

 

Marks Karl  1818-ci ildə yeni üsulla mayın 5-də Trir şəhərində (Reynboyu Prussiya) anadan olmuşdur. Onun atası vəkil olub 1824-cü ildə protestantlığı qəbul etmiş yəhudi idi. Ailəsi varlı və mədəni bir ailə idi, lakin inqilabçı ailə deyildi. Marks Trirdə gimnaziyanı qurtaran kimi, əvvəlcə Bonnda, sonra isə Berlində universitetə daxil olub hüquq elmlərini, ən çox isə tarix və fəlsəfəni öyrənirdi.1841-ci ildə Epikür fəlsəfəsi haqqında universitet dissertasiyası yazıb oranı bitirmişdir.O zamanlar Marks öz baxışları cəhətdən hələ hegelçi-idealist idi.O, Berlində Hegelin fəlsəfəsindən ateist və inqilabi nəticələr çıxarmağa çalışan sol hegelçilər  dərnəyinə (Bruno Bayer və başqaları) qoşulmuşdu.



     Universiteti qurtardıqdan sonra, Marks professor olmaq ümidi ilə Bonna köçür.Lakin 1832-ci ildə Lüdviq Feyerbaxı kafedradan məhrum edən,1836-cı ildə onu yenə də universitetə buraxmayan,1841-ci ildə gənc professor Bruno Bayeri Bonnda mühazirə oxumaq hüququndan məhrum edən hökumətin mürtəce siyasəti Marksı alimlik yolu ilə getməkdən əl çəkməyə məcbur edir.Bu zaman Almaniyada sol hegelçilik baxışları çox sürətlə inkişaf edirdi.Lüdviq Feyerbax xüsusilə 1836-cı ildən etibarən teologiyanı tənqid etməyə və materializmə tərəf dönməyə başlaayır və 1841-ci ildə Feyerbaxın baxışlarında materializm tamamilə üstün gəlir (“Xristianlığının mahiyyəti”); 1843-cu ildə yenə onun “Gələcəyin fəlsəfəsinin əsas müddəaları  adlı əsəri çıxır. Sonralar Engels Feyerbaxın bu əsərləri haqqında yazmışdır ki,bu kitabların azadedici təsirini hiss etmək lazım idi. “Biz (yəni sol hegelcilər,o cümlədən Marks) “dərhal feyerbaxçı olduq”. Sol hegelçilərlə yaxınlığı olan Reyn  radikal burjuaları bu zaman Kölndə “Reyn Qəzeti” adlı müxalifətçi bir qəzet təsis etdilər (1842-ci il yanvarın 1-dən çıxmağa başlamışdı). Marks və Bruno Bayer bu qazetə baş əməkdaş sifətilə dəvət olunmuşdular;1842-ci ilin oktyabr ayında isə Marks baş redaktor olur və Bondan Kölnə köçür. Qəzetin inqilabçı-demokratik məsləki Marksın redaktorluğu vaxtı gündən-günə daha müəyyən bir şəkil alırdı,odur ki,hökumət əvvləcə bu qəzeti iki və üçqat senzuradan keçirirdi,sonra isə 1843-cü il yanvarın 1-dən tamamilə bağlamaq qərarına gəldi. Marks bu zaman redaktorluqdan əl çəkməli olur,lakin onun getməsi kömək etmir və qəzet 1843-cü ilin mart ayında bağlanır.Engels, Marksın “Reyn Qəzeti ndə çap olunmuş böyük məqalələrindən əlavə, bir də Mozel vadisindəki şərabçı kəndlilərin vəziyyəti haqqındakı məqaləsini qeyd edir. Marks qəzetdə işləyərkən siyasi iqtisadı kifayət qədər bilmədiyini görür və böyük bir səylə siyasi iqtisadı öyrənməyə başlayır.

     1843-cü ildə Marks Kreytsnaxda, uşaq yaşlarından dostluq elədiyi və hələ tələbə ikən nişanlandığı Cenni fon Vestfalenlə evlənmişdir. Onun arvadı Prussiyanın irticaçı zadəgan ailəsindən idi. Cenni fon Vestfalenin böyük qardaşı ən şiddətli irtica dövrlərindən birində,1850–1858-ci Prussiyada daxili işlər naziri olmuşdu.1843-cü ilin payızında Marks Parisə gəlir ki, xaricdə Arnold Ruge(1802–1880; sol hegelçi idi,1843-cü ildən sonra mühacir, 1866–1870-ci illərdən sonra bismarkcı olmuşdur) ilə birlikdə radikal bir jurnal çıxartsın. Bu “Alman-Fransız Salnaməsi  jurnalının ancaq birinci nömrəsi çıxmışdır. Jurnalı Almaniyada gizli yaymaq çətin olduğuna və Marks ilə Ruge arasında ixtilaf əmələ gəldiyinə görə jurnal daha çıxmadı. Marks bu jurnaldakı məqalələrində artıq bir inqilabçı kimi çıxış edir, “mövcud olan nə varsa, hamısını amansız tənqid etmək”, xüsusən  “silahla tənqid etmək  fikrini irəli sürür, kütlələrə  proletariata müraciət edir.



     1844 – cü ilin sentyabr ayında Fridrix Engels bir neçə günlüyə Parisə gəlir və bu zamandan etibarən Marksın ən yaxın dostu olur. Onlar ikilikdə Parisin inqilabçı qruplarının o zamankı coşğun fəaliyyətində ən qızğın  surətdə iştirak edirdilər (o zamanlar Prudon təliminin xüsusilə böyük əhəmiyyəti  vardı və Marks 1847-ci ildə çıxan “Fəlsəfə yoxsulluğu adlı əsərində bu təlimi qətiyyətlə darmadağın etdi) və xırda burjua sosializminin müxtəlif təlimlərinə qarşı kəskin mübarizə apararaq, inqilabçı proletar sosializminin   ya kommunizmin (marksizmin) nəzəriyyə və taktikasını hazırladılar (Marksın bu dövrdəki,1844–1848-ci illərdəki əsərlərinə dair Ədəbiyyata bax). 1845-ci ildə Marks Prussiya hökumətinin tələbi ilə, təhlükəli bir inqilabçı kimi Parisdən sürgün edilir. O, Brüsselə köçür.1847-ci ilin yazında Marks və Engels gizli təbliğat cəmiyyəti olan “Kommunistlər ittifaqı na qoşulur,bu ittifaqın II qurultayında (1847-ci ilin noyabrında, Londonda) ən fəal surətdə iştirak edir və ittifaqın tapşırığı ilə 1848-ci ilin fevral ayında çıxmış olan məhşur “Kommunist  Partiyasının Manifesti ni tərtib edirdilər. Bu əsərdə yeni bir dünyagörüşü, ictimai həyat sahəsini də əhatə edən ardıcıl materializm, inkişaf haqqında ən müfəssəl, ən dərin bir təlim olan dialektika, sinfi mübarizə nəzəriyyəsi və yeni cəmiyyətin, kommunizm cəmiyyətinin yaradıcısı olan proletariatın bütün dünya tarixində oynadığı inqilabi rol haqqında nəzəriyyə dahiyanə bir aydınlıqla şərh edilmişdir.

     1848-ci il fevral inqilabı başlandıqda Marks Belçikadan sürgün edilir. O, yenə Parisə gəlir, oradan da mart inqilabından sonra Almaniyaya, Kölnə köçür. Orada 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək  “Yeni Reyn Qəzeti” çıxırdı və onun baş redaktoru Marks idi.Sonralar bütün dünya ölkələrində baş verən bütün proletar hərakatı və demokratik hərakat bu yeni nəzəriyyənin doğruluğunu təsdiq etdiyi kimi, 1848–1849-cu illərdəki inqilabi hadisələrin gedişi də onu tamamilə təsdiq edir.Qalib gələn əksinqilab Marksı əvvəlcə məhkəməyə verir(1849-cu il fevralın 9-da bəraət qazanır), sonra isə (1849-cu il mayın 16-da) Almaniyadan sürgün edir. Marks əvvəlcə Parisə gedir,1849-cu il iyunun 13-dəki nümayişdən sonra buradan da sürgün edilib Londona köçür və ömrünün axırına qədər orada yaşayır.

     Marksla Engelsin bir-birinə yazdıqları məktublardan (1913-cü ildə nəşr edilmişdir) xüsusilə aydın göründüyü kimi,Marks mühacirətdə çox ağır şəraitdə yaşamışdır.Ehtiyac Marksı və onun ailəsini tamamilə boğurdu;Engels böyük bir fədakarlıqla daim ona pul göndərib kömək etməsəydi, Marks nəinki  Kapital ı yazıb başa çatdıra bilməzdi,hətta yoxsulluğu üzündən hökmən həlak olub gedərdi.bundan başqa, xırda burjua sosializminin və ümumiyyətlə qeyri-proletar sosializminin bir çox təlim və cərəyanları Marksı daim amansız mübarizə aparmağa ,bəzən ən quduzcasına və vəhşilikləedilən şəxsi hücumların qarşısını almağa məcbur edirdi ( “Nerr Vogt”).Marks mühacir dərnəklərindən kənarda duraraq, bir sıra tarixi əsərlərində öz materialist nəzəriyyəsini hazırlayır və əsasən öz qüvvəsini siyasi iqtisadı öyrənməyə həsr edirdi.Marks bu elmi Siyasi iqtisadın tənqidinə dair (1859) və  (I cild,1867) əsərlərində inqilabiləşdirmişdir (aşağıda Marksın təliminə bax).

     50-ci illərin axırlarında və 60-cı illərdə demokratik hərəkat canlandığı dövr Marksı yenidən əməli fəaliyyətə sövq edir. 1864-cü ildə (sentyabrın 28-də) Londonda məhşur I İnternasional, “Beynəlxalq Fəhlə Birliyi yaradılır. Marks bu cəmiyyətin ilhamçısı, onun ilk “Müraciət”inin və bir çox qətnamə, bəyanat və manifestlərinin müəllifi idi.Marks müxtəlif ölkələrin fəhlə hərəkatını birləşdirərək, qeyri-proletar sosializminin, marksizmdən əvvəlki sosializmin müxtəlif formalarını (Madzini, Prudon, Bakunin, ingilis liberal tred-yunionizmi,Almaniyada sağ lassalçı təmayülləri və sairəni) birgə fəaliyyət yoluna salmağa çalışaraq, bütün butəriqət və məktəbciklərin nəzəriyyələrinə qarşı mübarizə apararaq,müxtəlif ölkələrdə fəhlə sinfinin apardığı proletar mübarizəsi üçün vahid bir taktika hazırlayırdı.Marksın olduqca dərin,sərrast,parlaq və təsirli, inqilabi bir qiymət verdiyi Paris Kommunası(Fransada vətəndaş müharibəsi  1871) məğlub olduqdan (1871) və bakuninçilər İnternasionalda Haaqdakı konqresindən sonra(1872) Marks İnternasional Baş şurasının nyu-Yorka köçürülməsinə nail oldu. I İnternasional öz tarixi rolunu başa çatdıraraq öz yerini dünyanın bütün ölkələrində fəhlə hərəkatının ölçülməz dərəcədə daha çox artması dövrünə, bu hərəkatın məhz eninə artması dövrünə, ayrı-ayrı milli dövlətlərdə kütləvi sosialist fəhlə partiyalarının yaranması dövrünə verdi.

     İnternasionalda çox gərgin işlədiyinə və nəzəri məsələlərlə daha gərgin məşğul olduğuna görə Marksın səhhəti tamamilə pozulmuşdu. O, çoxlu yeni material toplayıb bir sıra dilləri (məsələn, rus dilini0 öyrənərək, siyasi iqtisadı yenidən işləyib hazırlamaq və “Kapital”ı başa çatdırmaq işini davam etdirirdi, lakin xəstəlik onun Kapital”ı qurtarmasına imkan vermədi.

     1881-ci il dekabrın 2-də Marksın arvadı vəfat etdi.1883 cü il martın 14-də Marks öz kreslosunda sakitcə oturarkən gözlərini əbədi olaraq yumdu. Marks öz arvadı ilə bir yerdə, Londonun Heygeyt qəbiristanında dəfn edilmişdir. Marksın uşaqlarından bir neçəsi hələ kiçik yaşlarında Londonda, ailəsi yoxsul olub çox korluq çəkdiyi zaman ölmüşdür. Üç qızı: Eleonora Evelinq, Laura Lafarq və Cenni Longe–İngiltərə və Fransa sosialistlərinə ərə getmişdir. Cenni Longenin oğlu fransız sosialist partiyasının üzvüdür.

 

 



                                           MARKSIN  TƏLİMİ

 

     Marksizm – Marksın baxışları və təlimi sistemidir.Marks, XIX əsrdə bəşəriyyətin üç ən qabaqcıl ölkəsindəki üç əsas ideya cərayanı:klassik alman fəlsəfəsini,klassik ingilis siyasi iqtisadını və ümumiyyətlə fransız inqilabi təlimləri ilə əlaqədar olan fransız sosializmini davam etdirmiş və dahiyanə bir surətdə başa çatdırmışdır.Marksın hətta əlehdarları da etiraf edirlər ki, onun baxışlarında mükəmməl bir ardıcıllıq və bütövlük vardır, bu baxışlar bütünlükdə götürüldükdə müasir materializm və müasir elmi sosializmdir, dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının nəzəriyyəsi və proqramıdır,odur ki,biz marksizmin əsas məzmununu, yəni Marksın iqtisadi təlimini şərh etməzdən əvvəl, onun ümumiyyətlə dünya görüşünün müxtəsər xülasəsini verməliyik.



 

 

                                                   FƏLSƏFİ MATERİALİZM



 

     Marksın baxışları müəyyən bir şəkil aldığı zamandan,1844-1845-ci illərdən başlayaraq Marks materialist və xüsusən L.Feyerbaxın tərəfdarı olmuş və sonralar da belə hesab etmişdir ki, L.Feyerbaxın zəif cəhətləri yalnız onun materializminin lazımınca ardıcıl və hərtərəfli olmamasıdır.Marks, Feyerbaxın   ümumdünya-tarixi əhəmiyyətini, “tam bir dövr təşkil edən  əhəmiyyətini məhz Hegel idealizmindən tamamilə uzaqlaşmasına və materializmi irəli sürməsində görürdü ki, bu materializm də hələ “XVIII əsrdə xüsusən Fransada yalnız mövcud siyasi təsisata qarşı deyil, həm də... hər cür metafizikaya (ayıq fəlsəfədən  fərqli olaraq “sərxoş spekulyasiya” mənasındakı metafizikaya) “qarşı mübarizə demək idi  ( “Əbədi Mirasdakı   “Müqəddəs ailə”). Marks yazırdı: “Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yaradıcısıdır,qurucusudur)... Mənim fikrimcə isə, əkisinə, ideal olanlar insanın başına köçürülmüş və orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir” (Kapital”, I, 2-ci nəşrə müqəddimə). Fr.Engels Marksın bu materialist fəlsəfəsinə tamamilə uyğun olaraq və bu fəlsəfəni şərh edərək Anti Dürinq”də (bax) belə yazırdı: –Marks bu əsərin əlyazmasını oxuyub tanış olmuşdu – “...Dünyanın vəhdəti onun varlığından ibarət deyil,onun maddiliyindən ibarətdir ki,bunu da... fəlsəfənin və təbiətşünaslığın uzun zaman ərzində çətin inkişafı sübut edir... Hərəkət materiyanın varlıq formasıdır.Heç yerdə və heç bir zaman hərəkətsiz materiya və materiyasız hərəkət olmamışdır və ola da bilməz... Əgər belə bir sual versək ki, təfəkkür və idrak nədir və bunlar insan beyninin məhsuludur və insan özü də müəyyən bir təbii şəraitdə və təbiətlə birlikdə inkişaf etmiş təbiət məhsuludur.Buna görə özlüyündə aydındır ki, insan beyninin məhsulları da nəticə etibarilə təbiət məhsulu olub təbiətin başqa rabitəsinə zidd deyil,ona uyğundur”.”Hegel idealist idi,yəni beynimizdəki fikirlər onun nəzərində həqiqi şeylərin və proseslərin az-çox mücərrəd inikasları (Abbilder, əksləri, Engels bəzən “surətləri  deyir) deyildi, əksinə, şeylər və bunların inkişafı, Hegelin nəzərində dünya əmələ gəlməzdən əvvəl harada isə mövcud olan bir ideyanın inikasları idi .Fr.Engels “Lüdviq Feyerbax  adlı əsərində, Feyerbax fəlsəfəsi haqqında öz baxışlarını və Marksın baxışlarını şərh edir və Hegel ilə Feyerbax haqqında,habelə tarixi materialistcesinə anlamaq məcələsinə dair 1844-1845-ci  illərdə Marksla birlikdə yazdığı köhnə əlyazmasını bir də oxuduqdan sonra çapa göndərdiyi  bu əsərondə bele yazır: “Hər  bir fəlsəfənin və xüsüsən ən yeni fəlsənənin ən böyük əsas məsələsi, təfəkkürün varlığa,ruhun təbiətə münasibəti məsələsidir...bunlardan hansı o birindən əvvəldir:ruh təbiətdən,yoxsa təbiət ruhdan... Filosoflar bu suala verdikləri cavaba görə iki böyük cəbhəyə ayrılmışlar. Ruhun təbiətdən əvvəl mövcud olduğunu iddia edən və deməli, dünyanın yaradılmış olduğunu bu və ya başqa şəkildə qəbul edənlər... idealist cəbhəni təşkil etdilər. Təbiəti əsas başlanğıc hesab edənlər isə materializmin müxtəlif məktəblərinə mənsub oldular”. İdealizm(fəlsəfi idealizm) və materializm anlyışlarını hər hansı bir başqa mənada işlətmək dolaşıqlıq yarada bilər.Marks yalnız,həmişə bu və ya başqa bir şəkildə dinlə əlaqədar olan idealizmi deyil, xüsusilə bizim zəmanəmizdə geniş geniş yayılan Yum və Kant nöqteyi-nəzərini,müxtəlif növ aqnostisizmi,kritisizmi,pozitivizmi də qəti rədd edərək hesab edirdi ki,belə bir fəlsəfə “mürtəcelik edib  idealizmə güzəştə getmək və olsa-olsa “camaatın gözü qabağında pozulan materializmi utana-utana dal qapıdan içəri buraxmaq deməkdir.Bu barədə,Engelsin və Marksın göstərilən əsərlərindən başqa 1866-cı il dekabrın 12-dən Marksın Engelsə yazdığı məktuba bax:bu məktubda Marks məşhur təbiətşünas T.Hekslinin adi hallarda olduğundan daha”artıq materialistcəsinə”  çıxışını qeyd edir və onun: “biz həqiqətən müşahidə edib düşündüyümüzə görə,heç bir zaman materializm zəminindən uzaqlaşa bilmərik sözlərini misal gətirib onu aqnostisizmə və yumizmə tərəf qaçmaq üçün “gizli yol  saxlaması üstündə töhmətləndirir.Xüsusən azadlığın zərurətə münasibəti məsələsinə Marksın necə yanaşdığını qeyd etmək lazımdır: “zərurət dərk edilmədikcə,kordur.Azadlıq zərurəti dərk etmək deməkdir (Engels”Anti-Dürinq” də)=təbiətin obyektiv qanunauyğunluğunu və zərurətin dialektik yolla azadlığa çevrilməsini(dərk edilməmiş,lakin dərk edilə bilən “özündə şeyin “bizim üçün şeyə , “şeylərin mahiyyətinin” “təzahürlərə”  çevrilməsi ilə bərabər)qəbul etməkdir. “Köhnə” materializmin,o cümlədən Feyerbax materializminin(xüsusilə Buxner-Foqt-Moleşottun bayağı  materializminin) əsas nöqsanı Marks və Engelsin fikrincə ondan ibarətdir ki,1) bu materializm “başlıca olaraq mexaniki  materializm idi,kimyanın və biologiyanın(bizim zəmanəmizdə isə bunu da əlavə etmək lazım gələrdi:materiyanın elektrik nəzəriyyəsinin) ən son inkişafını nəzərə almırdı; 2) ondan ibarətdir ki,köhnə materializm qeyri-tarixi və qeyri-dialektik bir materializm idi(dialektikanın ziddinə olan metafizik materializm idi), inkişaf nöqteyi-nəzərini ardıcıl və hərtərəfli yeritmirdi;) ondan ibarətdir ki, onlar “insanın mahiyyətini “bütün ictimai münasibətlərin”(müəyyən konkret tarixi münasibətlərin) məcmusu  kimi deyil,abstrakt mənada anladılar və buna görə də dünyanı ancaq izah edirdilər,halbuki məsələ bu dünyanı “dəyişdirmək  üstündədir, yəni onlar “inqilabi əməli fəaliyyətin əhəmiyyətini”  anlamırdılar.

 
                                                              DİALEKTİKA



 

     Marks və Engels inkişaf haqqında ən mükəmməl, dərin və məzmunca zəngin bir təlim ola Hegel dialektikasını klassik alman fəlsəfəsinin ən böyük nailiyyəti hesab edirdilər.İnkişaf,təkamül prinsipinə verilən hər hansı başqa bir tərifi onlar birtərəfli,məzmunca yoxsul bir tərif,təbiətdə və cəmiyyətdəki inkişafın həqiqi gedişini (çox vaxt sıçrayışlarla, sarsıntılarla,inqilablarla olan gedişini) eybəcər bir hala salıb qol-qanadını sındıran bir tərif hesab edirdilər. “Marksla mən şüurlu dialektikanı (idealizm və o cümlədən hegelçilik tərəfindən darmadağın edilməkdən) “xilas etmək və təbiəti materialistcəsinə anlamaq zəmininə keçirmək vəzifəsini öz qarşısına qoyan demək olar yeganə adamlarıq”. “Təbiət dialektikanı təsdiq edir,həm də məhz ən yeni təbiətşünaslıq təbiətin bunu son dərəcə zəngin bir şəkildə təsdiq etdiyini (bu sözlər radium,elektron,elektronların çevrilməsi və i.a kəşf ediləndən qabaq yazılmışdır!), “gündən-günə çoxlu material topladığını göstərir və sübut edir ki,nəticə etibarilə təbiətdə hər şey metafizik yolla deyil,dialektik yolla əmələ gəlir”.

     Engels yazır: “Böyük əsas fikir, yəni: dünya hazır və mükəmməl cisimlərdən ibarət olmayıb, proseslərin məcmusundan ibarətdir,həm də zahirən dəyişilməz kimi görünən cisimlər, habelə bu cisimlərin insan beynindəki fikri şəkilləri, anlayışlar həmin proseslər məcmusunda fasiləsiz surətdə dəyişir,gah törəyir, gah da məhv olub gedir deyən bu böyük əsas fikir Hegel zamanından bəri hamının şüurunda o qədər möhkəm yer tutmuşdur ki, ümumi şəkildə bu fikri bəlkə də heç kəs inkar etməyə qalxışmaz. Lakin bu fikri sözdə qəbul etmək bir şey,ayrı-ayrı hallarda və hər bir müəyyən tədqiqat sahəsində tətbiq etmək isə başqa şeydir”. Dialektik fəlsəfə üçün həmişəlik bərqərar olan, şərtsiz və müqəddəs olan heç bir şey yoxdur. Dialektik fəlsəfə hər şeyin üzərində və hər bir şeydə onun labüd olan süqut əlamətini görür, həm də arası kəsilməz törəmə və məhv olma prosesindən başqa, ibtidaidən aliyə doğru sonsuz yüksəlmə prosesindən başqa heç bir şey dialektik fəlsəfə qarşısında dura bilməz. Dialektik fəlsəfənin özü yalnız, bu prosesin düşünən beyində inikasıdır”. Beləliklə, Marksın fikrincə, dialektika “həm xarici aləmin,həm də insan təfəkkürünün ümumi hərəkət qanunları haqqında elmdir”.  

     Marks Hegel fəlsəfəsinin bu inqilabi cəhətini götürüb inkişaf etdirmişdir.Dialektik materializmin “başqa elmlərdən yüksəkdə duran heç bir fəlsəfəyə ehtiyacı yoxdur”.Əvvəlki fəlsəfədən təfəkkür və onun qanunları haqqında təlim-formal məntiq və dialektika qalır”. Dialektikaya isə, Marksın fikrincə, habelə Hegelə görə indi idrak nəzəriyyəsi, qnoseologiya adlandırılan nəzəriyyə daxildir ki, bu nəzəriyyə öz obyektini tarixi cəhətdən də təsdiq edib idrakın törəməsi və inkişafını, bilməzlikdən dərk etməyə keçilməsini öyrənib ümumiləşdirməlidir.

     Bizim zəmanəmizdə inkişaf,təkamül ideyası,demək olar,bütünlüklə ictimai şüurda özünə yer etmiş,lakin oraya Hegel fəlsəfəsi vasitəsiylə deyil,başqa yolarla daxil olmuşdur.Lakin Marks və Engelsin Hegelə əsaslanaraq,bu ideyaya verdikləri tərif yayılmış təkamül ideyasından olduqca mükəmməl və məzmunca çox zəngindir.Keçilmiş pillələri sanki təkrar,lakin bunları başqa cür,daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf(inkarı inkar”) düz xətt üzrə deyil,spiral xətt üzrə olan inkişaf;-sıçrayışlı,sarsıntılı,inqilabi bir inkişaf;- “tədriciliklə fasilələr ;kəmiyyətin keyfiyyətə keçməsi;-müəyyən bir cismə təsir göstərən və ya müəyyən bir hadisə içərisində,yaxud müəyyən bir cəmiyyət daxilində hərəkət edən müxtəlif qüvvələr və təmayüllərin ziddiyyəti və toqquşmasının inkişafa içəridən verdiyi təkanlar;-hər bir hadisənin bütün cəhətləri(həm də tarix daim yeni-yeni cəhətlər meydana çıxarır) arasındakı qarşılıqlı asılılıq və olduqca sıx,möhkəm bir əlaqə,həm də vahid və qanunauyğun bir dünya  hərəkəti prosesini yaradan əlaqə;-inkişaf haqqında(adi təlimə nisbətən) daha məzmunlu bir təlim olan dialektikanın bəzi cəhətləri bunlardır.(Müqayisə et: 1868-ci il yanvarın 8-də Marksın Engelsə yazdığı məktub;burada Marks Şteynin “quru trixotomiyalarına” iztehza edir ki, bunları dialektik materializmə qarışdırmaq mənasız olardı).
 

Yüklə 207,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin