Xəbər bülleteni №12



Yüklə 6,18 Mb.
səhifə1/13
tarix26.12.2016
ölçüsü6,18 Mb.
#3547
  1   2   3   4   5   6   7   8   9   ...   13

Xəbər bülleteni № 12

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Oktyabr 2015

Vergilər Nazirliyi bir ayda daxil olmuş müraciətlər barədə arayış açıqlayıb


21.10.2015

Vergilər Nazirliyi Çağrı Mərkəzinin sentyabr ayındakı fəaliyyəti barədə arayış açıqlayıb. Transparency.az-ın məlumatına görə, arayışda qeyd olunur ki, canlı əlaqə zamanı nazirliyə 1495 sual ünvanlanıb, müraciətlərin 35 faizdən çoxu gün ərzində, 20 faizə yaxını növbəti iş günü ərzində, 12 faizdən çoxu 2 gün ərzində, 9 faizə yaxını 3 gün ərzində cavablandırılıb.
Arayışın tam mətni

Energetika naziri: “Tarix yeni bir böhran mərhələsinə qədəm qoyub”

21.10.2015



Energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində məqaləsi dərc olunub. Transparency.az-ın məlumatına görə, nazir yazır ki, qlobal məkanda baş verən son gərgin proseslərlə tarix yeni bir böhran mərhələsinə qədəm qoyub: “Son illərə qədər özünün cəlbedici tərəqqi modeli ilə möcüzəvi nailiyyətlər qazanmış Çin də daxil olmaqla bir sıra iri dövlətlərdə iqtisadi inkişaf tempinin xeyli zəifləməsi, genişmiqyaslı inflyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranı dalğasının öz hüdudlarını getdikcə genişləndirməsi və bütün bunların həm də neftin kəskin ucuzlaşması şəraitində baş verməsi dünyada təbii qlobal inkişaf qanunauyğunluqlarından daha çox geosiyasi amillərin idarə etdiyi ziddiyyətli reallıqların ortaya çıxdığını göstərir.

Uzun illər ərzində bütün dünyada sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsi rolunda çıxış edən əsas təsirlərin, o cümlədən enerji resurslarının mövqeyi indi kifayət qədər zəifləyib, bunun müqabilində siyasi amillər ön plana keçib. Elə buna görə də dünyanın bir çox ölkələrində özünü göstərən iqtisadi böhranın əhatə dairəsi böyüdükcə neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadi amillərlə izahına meyl azalır və “gizli sövdələşmələr nəzəriyyəsi” bu xüsusda daha maraqlı görünməyə başlayır.

Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələrin dünyanın nizamını pozması, Yaxın Şərqdə, Ukraynada cərəyan edən proseslər, enerji resursları ilə zəngin regionların xaotik durumu müasir dünyamızın son dərəcə təhlükəli perspektivlərlə üz-üzə qaldığını, bu ağır vəziyyətdən xilas üçün qlobal səylərin birləşdirilməsinin labüdlüyünü göstərir”.

Natiq Əliyev G20 ölkələrinin energetika nazirlərinin oktyabrın əvvəlində İstanbulda keçirilən toplantısından söz açaraq qeyd edir ki, Azərbaycanın da qatıldığı bu tədbirin mövzuları enerjiyə çıxış, alternativ enerji mənbələri və enerji səmərəliliyi kimi ümumdünya əhəmiyyətli məsələlər olub: “Hər kəs üçün enerjiyə çıxış”, “Alternativ enerji” və “Enerji səmərəliliyi” mövzularına həsr olunmuş hər üç sessiyada səhraaltı Afrikada enerji çatışmazlığının doğurduğu narahatlıqlar, 2035-ci ilə qədər Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər və investisiya yatırımına ehtiyac məsələləri diqqətə çatdırılıb, dünyada alternativ enerjidən istifadənin sürətli inkişafı və bunun ekoloji baxımdan həm təmiz, həm də sərfəliliyi qeyd edilib, enerji təhlükəsizliyinin təminatında enerji səmərəliliyinin vacibliyi vurğulanıb.

Azərbaycan tədbirin əsas mahiyyətini təşkil edən mövzular üzrə zəngin tarixi təcrübəyə malikdir. Ölkəmiz elektrik enerjisi təminatına 100 faiz nail olub, son 10 ildə generasiya güclərinin artırılması və yeni xətlərin çəkilməsi nəticəsində Azərbaycan elektrik enerjisi təhlükəsizliyi məsələsininin də öhdəsindən uğurla gəlib, əhalinin qaza olan tələbatının tam ödənilməsi üçün qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədinin mühüm bir hissəsi artıq reallaşdırılıb, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri də enerji sektorunun əhəmiyyətli inkişaf istiqaməti kimi seçilib”.

Nazir yazır ki, 2015-ci ilin doqquz ayı ərzində ölkədə 30441,6 min ton proqnoza qarşı 31 409,5 min ton, yəni 967,9 min ton çox neft çıxarılıb: “Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir və boru kəməri vasitəsilə hazırda Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunur. Hesabat dövrü ərzində ölkədən 26,4 milyon ton neft ixrac edilib. Doqquz ay ərzində ölkədə 21,6 milyard kubmetr qaz çıxarılıb. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon qaz hasil edilir”.

Nazir qeyd edir ki, 2015-ci ilin doqquz ayı ərzində Azərbaycanda 16,9 milyard kilovat-saat enerji istehsal olunub: “Hesabat dövrü ərzində 85,8 milyon kilovat-saat idxala qarşı 222,1 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib”.

Səlim Müslümov BMT rəsmisinə sosial-iqtisadi durumdan danışıb

21.10.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamla görüş olub. Rəsmi məlumata görə, nazir Səlim Müslümov qonağa ölkədəki sosial-iqtisadi durumdan danışıb: “Dünyada kəskin böhran səbəbindən bir çox ölkələrin iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan makroiqtisadi inkişafını uğurla davam etdirir. Cari ilin 9 ayında ölkədə ümumi daxili məhsul 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub”.

Nazir 2004-cü ildən bəri 1,4 milyonadək, təkcə bu ilin 9 ayında 87 min iş yerinin açıldığı ölkədə işsizliyin 5 faizədək, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını bildirib: “Habelə gənclərin məşğulluğunun təminatında mühüm uğurlar əldə olunur və hazırda dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupu üzrə 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% olduğu halda Azərbaycanda bu göstərici 13,5%-dir. Dövlət məşğulluq orqanları gənclərin iş yerləri ilə təminatını diqqətdə saxlanır. Məsələn, bu ilin 9 ayında məşğulluq orqanlarının münasib işlə təmin etdiyi 22470 nəfərdən 9235 nəfəri (41%), peşə hazırlığına cəlb olunan 2776 nəfərdən 2094 nəfəri (75,4%), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilən 3089 nəfərdən 1389 nəfəri (45%) gənclər olub. Bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib”.

Nazir BMT rəsmisinə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə də məlumat verib.



Bakıda yeni məhkəmə kompleksi açıldı

21.10.2015


Prezident İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib.

Bina hökumətin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində inşa olunub. Ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binada Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşir.

Prezidentə məlumat verilib ki, kompleksdə 14 məhkəmə zalı fəaliyyət göstərir. Vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Kompleksdə elektron məhkəmənin tətbiqi üçün bütün zəruri infrastruktur var.

Xəbəri AZƏRTAC yayıb.

Mandat uğrunda 769 namizəd mübarizə aparır

21.10.2015



Oktyabrın 21-də Transparency.az/cnews Mərkəzi Seçki Komissiyasının saytına nəzər salaraq deputatlığa namizədlərin sayını hesablayıb. Məlum olub ki, deputatlığa namizədliyi qeydə alınanların siyahısında 769 nəfərin adı qalır. Bu, parlamentdə 1 yerə orta hesabla 6 iddiaçı deməkdir.

Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək.

Rəsmi rəqəmlərə görə, ən çox ən çox namizəd 16 saylı Yasamal ikinci seçki dairəsində qeydə alınıb. Bu dairədə mandat uğrunda 10 nəfər mübarizə aparır. 79 saylı İmişli seçki dairəsindən deputatlığa 9 nəfər iddialıdır.

Ən az namizəd 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur dairələrinə düşüb. Bu dairələrin hər birində 3 namizəd var.

Mirqədirovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə getdi

21.10.2015



Həbsdə olan  jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə materiallar oktyabrın 21-də məhkəməyə göndərilib. Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə ittiham olunur. Prokurorluğun apardığı istintaqa əsasən, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.

Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilir. Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib. Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Transparency.az bildirir ki, Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.

Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ötən ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.

Diplomat qadınların sayı 181, qadın hakimlərin say 65-dir

21.10.2015




Azərbaycanda diplomat qadınların sayı 181, rayon icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78, qadın hakimlərin say 65-dir. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notarial orqanlarında çalışanların isə 40 nəfəri qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu rəqəmləri oktyabrın 21-də Bakıdakı “Four Seasons” mehmanxanasında keçirilən dəyirmi masada səsləndirib. Dəyirmi masada BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında komitəsinin (CEDAW) Azərbaycanla bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək erkən nikah, qadın zorakılığı, qadın hüquqlarının pozulması kimi aktual problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda erkən nikah halları digər dövlətlərlə müqayisədə azdır.

BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktor Karl Kulessa qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə qanun qəbul edilməsi təqdirəlayiqdir və mühüm bir addımdır, qanunun tam icra olunması da çox vacibdir.

O deyib ki, dünyada qadınların 30 faizi fiziki və cinsi zorakılığa məruz qalır, bu ən çox Afrikada və Yaxın Şərqdə müşahidə olunur.

DSMF regional vətəndaş forumu keçirib

21.10.2015


Dövlət Sosial Müdafiə Fondu (DSMF) açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər planına uyğun olaraq oktyabrın 21-də Lənkəran şəhərində regional “Açıq qapı günü” — vətəndaş forumu keçirib. Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı tədbirdə iştirakçıların sığorta-pensiya sisteminə dair sualları cavablandırılıb, müzakirələr aparılıb.

Müzakirələrdə danışan Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilir: “Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb”.

Qədimov sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda fondun mərkəzi məlumat bazasında 1 milyon 293 minə yaxın pensiyaçı, 3 milyon 136 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb, bu da ölkə əhalisinin 45 faizindən çox hissəsini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bildirilib ki, fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir.




Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin