Xi əsr Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi və şair; ərəb dili və ədəbiyyatı, qrammatika və



Yüklə 38,27 Kb.
tarix02.01.2022
ölçüsü38,27 Kb.
#37345
Xətib-Təbrizinin-nəzəri-görüşləri-referat


Giriş

Xətib Təbrizi – XI əsr Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi və şair; ərəb dili və ədəbiyyatı, qrammatika və leksikoloqiyası elminin banilərindən biridir. Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı", "müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı", "bütün ədəbiyyatşünasların rəhbəri" adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən "XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət"- deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə məlum deyildir. Salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər.

Əbü-l-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqqında deyəcəkdi ki," ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə." Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab

2

verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?"



Salnaməçilər Əbül-Əlanın yanında təhsilini bitirdikdən sonra Xətibin müxtəlif Şərq ölkələrində dövrün ən məşhur alimlərinin yanında da biliyini artırdığını yazırlar. Profsssor M. Mahmudov göstərir ki, səyahətə çıxmazdan qabaq Xətib bir müddət öz vətəni Təbrizdə yaşayıb. Bu, müəlliminin ölümündən sonra (1057-ci ildə), yaxud bir qədər əvvəl olmalı idi. Xətib Təbrizdə çox qalmır. Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. O, burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə dostluğu başlayır.

Bir müddət sonra Misirə yola düşən Xətib Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1066-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılır. Bu mədrəsə əvvəlkilərdən yalnız həcmi və genişliyi, təchizatı, bütün Şərq ölkələrindən dəvət olunmuş alim və müəllimləri əhatə edən kollektivi ilə deyil, həm də öz inzibati quruluşu etibarilə fərqlənərək, bizə məlum olan ilk dövlət universitetini xatırladır. Burada pedoqoq və tələbələr tamamilə dövlətin təminatında idilər. Mədrəsə müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Xətib Təbrizi "Nizamiyyə" mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olmuşdu.

1109-cu ilin yanvarın 3-də, bazar günü böyük alimin ürəyi dayandı. Xətib Təbrizi Bağdadın "Bab Abraz" qəbristanlığında dəfn olunmuşdur.

3

Xətib Təbrizinin nəzəri görüşləri



Nəzəri fikir tariximizdə özünəməxsus yeri olan, bədii əsərlərə yazdığı müfəssəl, məzmunlu şərhlərlə ədəbiyyatşünaslıq elmimizin, bədii təhlil sənətinin bünövrə daşlarını qoyan Xətib Təbrizinin ədəbi-nəzəri irsi uzun müddət Azərbaycan oxucusu üçün əlçatmaz olmuşdur. Ancaq ölkəmizdə şərqşünaslıq elminin inkişafı, ərəb filologiyası ilə məşğul olan mütəxəssislərin formalaşması Xətib Təbrizinin sənət xəzinəsinin açarını əldə etməyə imkan vermişdir.

İstedadlı, cəfakeş şərqşünas alim Malik Mahmudovun uzunmüddətli tədqiqatının nəticəsi kimi 1972-ci ildə "Xətib Təbrizi" adlı monoqrafiyanın işıq üzü görməsi, on il sonra, 1982-ci ildə yenə həmin müəllifin "Piyada Təbrizdən Şamaqədər"  kitabının nəşri, müstəqillik illərində yeni milli metodologiyanın tələblərinə uyğun şəkildə araya-ərsəyə gətirilmiş 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabında görkəmli ədəbiyyatşünasın həyatı və yaradıcılığı haqqında geniş oçerkin verilməsi həm Xətib Təbrizinin dövrü, mühiti, şəxsiyyəti, həm də onun zəngin ədəbi-nəzəri irsi haqqında dolğun elmi təsəvvürün yaranmasına səbəb olmuşdur. 

Malik Mahmudovun "Onu (Xətib Təbrizini - R.Y.) ilk növbədə Azərbaycan elmi fikrinin ən azı üç əsrlik inkişaf tarixi yaratmışdır" qənaəti son dərəcədə məntiqi və inandırıcıdır. Təsadüfi deyil ki, Xətib Təbrizini "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı" (YaqutRumi), "fazil şeyx, ədəb elminin rəhbəri, ədəbiyyatşünaslığın bayraqdarı" (Məhəmməd Rasim) hesab etmiş tanınmış şərqşünas alimlər, o cümlədən akademik İ.Y.Kraçevski bu görkəmli ədəbiyyatşünasın yaradıcılığına çox yüksək qiymət vermişlər.

Yəhya Əli  oğlu  Xətib Təbrizi (1030-1109) Təbrizdə  yoxsul  bir ailədə  anadan olmuşdur. Elmə marağı onu doğulduğu şəhərdən ayrılıb Məərrəyə getməyə həvəsləndirmişdir. Görüb-götürmək, öyrənmək həvəsi Xətib Təbriziyə  uzun müddət  payi-piyada  yol  getməyin,  ac-susuz  qalmağın  bütün  əzablarını unutdurmuş, o, məşhur ərəb şairi və alimi Əbu-l-Əla Məərridən (973-1057) şeir sənətinin, ədəbiyyatşünaslıq elminin sirlərini öyrənmişdir. Biliyini  təmənnasız şəkildə qabiliyyətli  insanlara  öyrətməkdən  zövq alan Əbu-l-Əlanın elmi səviyyəsi gənc Xətibi heyrətləndirmiş və o, heyranlığını "Görəsən ərəblər elə bir söz deyiblərmi ki, onu Əbu-l-Əla bilməmiş olsun?" sualı ilə ifadə etməyə müvəffəq  olmuşdur.  Müəllimin vəfatından  sonra  Təbrizə  qaydan  Xətib  sonra yenə də səyahətini davam etdirmiş, Suriyaya, Dəməşqə, Misirə  gedib görkəmli alimlərlə ünsiyyət qurmuş, öz biliyini daha da dərinləşdirmişdir. 1067-ci ildə Bağdadda "Nizamiyyə" mədrəsəsi açılandan  ta ömrünün  son günlərinədək Xətib Təbrizi orada olduqca səmərəli müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

Bu görkəmli alim ömrü boyu ərəb dilində yazıb  yaratsa da, onun  bütün əsərlərində türk düşüncə tərzi, türk ruhu özünü büruzə verməkdədir. YII-YIII əsrlərdə əsir tutularaq  Məkkə və Mədinəyə aparılan azəri türkləri tezliklə öz istedadları ilə, yaratdıqları gözəl əsərlərlə bütün ərəb dünyasını əsir etmişlər. İbn Qüteybə Dinəvərinin (828-889) "Mədinədə elə bir məvali şair (ərəb poeziyası ənənələri zəminində formalaşan əcnəbi şair - R.Y.) yoxdur ki, o əslən Azərbaycandan olmasın" fikrini tarixin qaranlıqlarına işıq salan son dərəcə önəmli faktlar sırasına daxil etmək olar.

Xətib Təbrizi müəyyən mənada "məvali şairlər"in davamçısı idi. Ərəb şairindən, alimindən dərs alan Xətib Təbrizi ömrünün sonuna kimi "Nizamiyyə" mədrəsəsində ərəblərə şeir sənətinin sirlərini öyrətmişdir. Öz müəllimi, orta əsr ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Əbu-l-Əla Məərrinin, eləcə də digər məşhur ərəb şairlərinin əsərlərini yazılı şəkildə izah etmək təşəbbüsü göstərməklə şərh sənətinin, nəzəriyyənin, eləcə də mətnşünaslığın təməl daşını qoyan Xətib Təbrizi bədii təhlilin, nəzəri-estetik fikrin prinsiplərini də hazırlamışdır: "Ən yaxşı şərh odur ki, qısa və aydın olsun, uzun və cansıxıcı olmasın" (s.112);

Şairlərin mədhiyyə ilə məşğul olmalarını bəyənməyən Xətib Təbrizi çox doğru qənətə gəlirdi ki, şairləri bu yola sürükləyən yoxsulluqdur.

O, "Həməsə" (qəhrəmanlıq), "Səqt-əz-zənd" (Çaxmaq daşının ilk qığılcımı) və s. əsərləri şərh edərkən yeri gəldikcə vəzn və qafiyə, bədiyyat, üslub məsələləri haqqında da söhbət açmış, "Əruz və qafiyə elminin yekunu" (Kafi fielmey əruz va qavafi") adlı tədqiqatında isə zəngin ərəb poeziyası nümunələri əsasında həmin nəzəri problemlərlə bağlı dəyərli fikir və mülahizələrini irəli sürmüşdür.

Xətib Təbrizinin nəzəri-estetik görüşlərində təkcə bədii formaya yox, məzmuna da xüsusi diqqət yetirilirdi. Alim bədii inikas zamanı həyat həqiqətlərinin real şəkildə əks etdirilməsinə daha çox önəm verir, şairi yalanlardan uzaq qaçmağa səsləyirdi. O, "Şərh əl-Həmasə" əsərində yazırdı: "Yalanlardan ilham alan bir şairin yaratdığı əsərlər onun öz evinin divarlarından kənara çıxa bilməyəcək, dərhal ölüb gedəcəkdir. Həyat həqiqətlərinə sadiq qalan poeziyanın isə ömrü əbədi, bədii təsir gücü ölçüsüzdür" (Malik Mahmudov, "Piyada Təbrizdən Şama qədər", Bakı, 1982, s.93).

Xətib Təbrizinin ədəbi-nəzəri irsini böyük bir cafakeşlik və məhəbbətlə araşdıran Malik Mahmudov çox doğru qənaətə gəlir ki, Xətib Təbrizi ideyanı, fikri, məzmunu poetik sənətin ən ümdə keyfiyyəti səviyyəsinə qaldırmaqla şeirə yeni baxışın əsasını qoyur. Azərbaycan alimi ilk dəfə olaraq forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini irəli sürür və şairin yaradıcılığına qiyməti bu prinsip əsasında verir (Malik Mahmudov, "Piyada Təbrizdən Şamaqədər", Bakı, 1982,  s.96-97). Bu isə sənətə yeni meyarlarla yanaşmanın metodologiyasını hazırlamaq baxımından çox əhəmiyyətli bir məsələ idi. Ona görə ki, Xətib Təbriziyə qədər Şərq poetikasında məzmundan çox bədii formaya, ifadəyə daha çox üstünlük verilirdi. Xətib Təbrizi isə "mənaların verilməsi şərhdə zəruridir və belə olmasa oxucu ondan heç bir fayda götürə bilməz" qənətinə gəlirdi.

Buradan bədii şərhin əsas vəzifələrindən birinin "şairin əsas fikrlərini oxucuya çatdırmaqdan ibarət olması" ideyası meydana çıxır. Görünür, çox-çox sonralar meydana gələn "ədəbi tənqid yazıçı ilə oxucu arasında körpü olmalıdır" fikri də məhz on birinci əsrdə yaşayıb-yaradan Azərbaycan aliminin mülahizələrindən qaynaqlanmışdır.

Ədəbi prosesdə oxucu amilinin mühüm faktor olması fikri də ilk dəfə Xətib Təbrizinin əsərlərində bu və ya digər şəkildə öz əksini tapmışdır. Bu isə onun öz müəlliminin düşüncələrindən qaynaqlandığı şübhə doğurmur. MalikMahmudovun kitabında oxuyuruq: "Əbu Təmmamın yüksək bədii üslubda yazılmış şeirlərinin mənasını başa düşməyən müasirləri bir gün ona belə bir sual verirlər: - Siz nə üçün başa düşülən dildə şeir demirsiniz? Şair bu sualdanheyrətlənərək onlara sualla cavab verir: - Bəs siz nə üçün deyiləni başa düşmürsünüz?" (Göstərilən əsəri, səh.73). Deməli, şeiri təkcə necə yazmaqdan yox, həm də necə şərh etməkdən, necə anlamaqdan da çox şey asılıdır. Xətib Təbrizinin öz müəlliminin divanına yazdığı şərhdə oxuyuruq: "Ola bilsin ki, bir beyt iki məna versin, bunlardan biri daha qüvvətli olsun. Bunları o şəxs ayıra bilər ki, düşüncəsi aydın, zehni isə iti olsun" (Malik Mahmudov, göstərilən əsəri, səh.102). Deməli, bədii mətni şərh etməklə bərabər, onu anlamaq da son dərəcə vacib məsələlərdəndir. Elə indinin özündə də "düşüncəsi aydın, zehni iti" oxucuya çox böyük ehtiyac vardır.

Xətib Təbrizinin digər fikir və mülahizələri də şərh sənətinin mahiyyətini anlamağa yardımçı olur, yazıçı, tənqidçi və oxucu arasındakı dialektik əlaqəni anlamağa istiqamət verir: "Ola bilsin ki, şərh etdiklərimdən bəziləri mənim göstərmədiyim başqa bir məna versin. Əgər oxucu şeirlərin mənasına və şirlərin mövzularına bələd olsa hiss edər ki, mənalar həqiqətən müştərəkdir. Məsxərəçilərin, şeirin mənalarından xəbərdar olmayanların. Ərəblərin kəlamında səriştəsiz olanların düşüncəsi bu mənaları ayıra bilməz, şairin səviyyəsinə yüksələ bilməz" (Malik Mahmudov, göstərilən əsəri, səh.103). "Şeir kütləvi, mənalar isə müştərəkdir. Mümkündür ki, sağlam düşüncə izahda şairin vermək istədiyi mənanı onun ifadə etdiyindən daha güclü versin. Əgər münsif bu məsələyə düzgün yanaşsa başa düşər ki, bu, kitabın ümumi qayəsinə və mənasına daha yaxındır" (Malik Mahmudov, göstərilən əsəri, səh.104).

Əbu Təmmamın divanına yazdığı müqəddimədə özündən əvvəlki şərhçilərin yazılarına münasibət bildirən, bu yolla getməyəcəyini, başqa üsullar seçəcəyini bəyan edən Xətib Təbrizi elə bil ki, şərh sənətinin mahiyyətini, onun meyarlarını müəyyənləşdirmişdir: "Əbu-lƏla öz kitabında Əbu Təmmamın şeirlərindən çətin beytləri dağınıq şəkildə götürərək izah etmişdir. Mən isə onun şeirlərini əvvəldən axıra qədər yazacaq, çətin sözlərini və bəzi qrammaatikməsələləri izah edəcək, mənalarını açacaq, şeirlərlə əlaqədar tarixi xəbərlərə toxunacağam ki, bunlar zəruridir. Yeri gəldikcə Əbu-l-Əlanın izah etdiyi çətin beytlərdə söylədiyi fikirlərə, Əbu Əli Əhməd Mərzuqinin "Əbu Təmmamın zülməti üzərində qələbə" adlanan kitabındakı mülahizələrə, Amədinin şairin şeirləri barəsində söylədiklərinə, Sulinin rəvayətlərinə, Qali ləqəbi ilə tanınmış Əbu Əlidən və digər şeyxlərdən rəvayət olunan fikirlərə işarə edəcəyəm. Məqsədə ziyan verməyəcək dərəcədə qısa və yığcam olmağa çalışacağam.

Mən divanın şərhində alimlərin fikrini müqayisə eldib sonra onlara üstünlük verəcəyəm. Çünki onlardan bəziləri doğru hərəkət etmiş, bəziləri isə yanılmışlar". (Malik Mahmudov, göstərilən əsəri, səh.138-139).

Buradan belə nəticə çıxarmaq olar ki, bədii təhlil, şərh zamanı təkcə əsərin özünə yox, onun haqqında yazılan bütün məqalələrə, tarixi səndlərə, mövzuya uyğun rəvayət və əfsanələrə belə müraciət etmək, müqayisələr aparmaqla elmi nəticəyə gəlmək çox vacib məsəldir. Ancaq bu işin öhdəsindən hər adam yox, tükü tükdən seçməyi, elmi nəticələr çıxarmağı bacaran analitik təfəkkürlü insanlar gələ bilərlər ki, Xətib Təbrizi də məhz belə bir alim olmuşdur.

Əbu Təmmamın belə bir beyti var:

 

Şikayət etdim dövrana cismimin zəifliyindən,



O da məni göndərdi Əbdülhəmidin üstünə.

 

Bu beyti Xətib Təbriziyə qədər şərh edənləri təccübləndirən o idi ki, Əbu Təmmammədhiyyə janrının tələblərini pozmuşdur. Ona görə ki, xəstələnən adam həkimin yanına gedər, varlı adamın yox. Xətib Təbrizi isə həmin beyti beləşərh edirdi: "Fəqirlik, pulsuzluq şairin ac qalmasına səbəb olmuş və bunun nəticəsində də bədəni zəifləmişdir. Bunun üçün həkimə yox, varlı şəxsə müraciət etmək lazımdır. Şairin zəifliyini həkimin verdiyi dərmanlarla müalicə etməkolmaz, ona maddi kömək göstərilməlidir. Əbu Təmmam öz beytində məhz bu məqsədi izləmiş və mədh olunan şəxsdən səxavət göstərməyi xahiş etmişdir. Bu, mədhiyyə şeirinin tələblərinə uyğundur" (Malik Mahmudov, göstərilən əsəri, səh.143-144).



Xətib Təbrizinin şərhində nəyə əsas diqqət yetirildiyi göz qabağındadır. Ancaq bizə elə gəlir ki, həmin beyti başqa cür şərh etmək olar. Məlumdur ki, Əbu Təmmam vüqarlı adam olmuşdur. Elə buna görə də onun mədhiyyə yazmaqyolu ilə pul diləməsi məqbul görünmür. Şəxsən mənə elə gəlir ki, həmin beytdəki əsas fikir misranın sətiraltı mənasındadır. Şair kinayəli şəkildə deyir ki, mənim yoxsul olmağımın səbəbkarı varlılardı, dövran da məni məni yoxsuleləyənlərdən birinin - Əbdülhəmidin üstünə göndərir.

Əlbəttə, bunu deməklə məqsədimiz böyük ədəbiyyatşünası tənqid etmək deyildir. Onu nəzərə çarpdırmaq istəyirik ki, təməlini Xətib Təbrizinin qoyduğu şərh sənətinin hazır meyarları, ülgüləri yoxdur ki, ona baxıb əsəri dəyərləndirəsən. Şərhçinin bədii mətnə fərdi yanaşmasından çox şey asılıdır və hər bir ədəbiyyatşünas onu öz zövqünə, anlamına uyğun şəkildə izah etməyə çalışır ki, bu da təbiidir.

Yüksək ədəbi zövqə, poetik duyuma malik olmadan, nəinki ədəbiyyatın, şeir sənətinin qanunauyğunluqlarını, eləcə də digər elmləri mükəmməl bilmədən, müqayisələr aparıb elmi nəticələr çıxarmaq qeyri mümkündür. Görünür Xətib Təbrizi məhz bunları nəzərdə tutduğu üçün bu qənətə gəlmişdir ki, şeiri təhlil etmək onu yazmaqdan çətindir. Ədəbiyyatşünas şairin lakonik cizgilərlə, eyhamlarla, sətiraltı mənalarla əks etdirdiyi fikirləri başa düşməsə, onları necə şərh edə bilər?

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək mümkündür ki, ədəbi-nəzəri fikir tariximzin formalaşmasında Xətib Təbrizinin özünəməxsus yeri və rolu olmuşdur. Nəinki Azərbaycanda, Şərqdə, eləcə də bütün dünyada şərh sənətinin, mətnşünaslığın təməlini qoyan bu görkəmli şəxsiyyətin elmi-nəzəri irsinin öyrənilməsi, onun bədii əsərlərin şərhi və təhlili üçün formalaşdırdığı ədəbi meyarların nəzərə alınması ədəbiyyatşünaslıq elmimizin gələcək inkişafına həmişə yardımçı olmaq iqtidarındadır.



Nəticə

Xətib Təbrizinin yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. Bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa Xətib Təbrizi Qurana dördcildlik şərhlərin, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək, Xətib Təbrizini ərəb dilinin "anası" adlandırır. Professor M. Mahmudov alimin əsərlərini məzmununa görə dörd qismə bölməyi lazım bilir: poetik əsərlərə şərhlər, dilçilik risalələri, ilahiyyata dair tədqiqlər və poetik problemlərə həsr olunanlar.

Birinci qismə aid əsərləri arasında məşhur ərəb şairi Əbu Təmmamın (796-843) "Həmasə" ("Qəhrəmanlıq") adlı toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan İraqa gələrkən o, Həmədanda öz dostu Əbü-l-Vəfa Salamın yanında düşür. Vaxtını boş keçirməmək Əbu Təmmam Həmasə adı altında ərəb şairlərinin poeziya antologiyasını tərtib edir. Bu topluda ərəb şeirinin mövcud olduğu üç yüz il ərzində yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər olması bir olur. Toplu o qədər məşhurlaşır ki, Əbu Təmmamın öz yaradıcılığı bir tərəfdə qalır. Xətib Təbrizi məhz bu mənada deyir ki, "Əbu Təmmam özünü "Həmasə"də bir şair kimi bütün yaradıcılığındakından daha yaxşı nümayiş etdirir." Sonradan eyni şey Xətibin öz başına da gəlir. Onun şərhləri öz yığcamlığı və ifadə aydınlığı ilə "Həmasə"nin özündən də artıq şöhrət qazanır. Xətib Təbrizi bu mövzuya daha iki dəfə müraciət edir. Birinci qısa şərhlərdə ayrı-ayrı şerlərin, ikincisində beytlərin izahı verilmişdisə, sonuncu əsər daha kamil və samballı idi. Bizə yalnız müəllifinə əbədi şöhrət gətirmiş ikinci şərh çatmışdır. Həmin əsər Avropada 1850-ci ildə dörd iri cilddə latınca, 1828, 1873 və 1938-ci illərdə ərəb dilində nəşr olunmuşdur. Çox maraqlıdır ki, hələ Əbül-Əla Məərrinin yanına gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü köçürmüşdü. 1082-1083-cü ildə Xətib Təbrizi ərəb alimləri arasında ilk dəfə öz müəllimi Əbül-Əla Məərrinin "Səqt-əz-zənd" ("Çaxmaq daşının ilk qığılcımları") əsərinə şərh yazır.

Artıq ahıl yaşlarında o, özünün son əsəri olan "Kitab əl-kafi fi-l əruz və-l-qəvafi" ("Əruz və qafiyə haqqında elmin yekunu") üzərində işə başlayır. Bu əsər ərəb poetika nəzəriyyəsinə həsr olunur və tezliklə böyük şöhrət qazanır. Şərqin bir çox alimləri poetika nəzəriyyəsinə dair araşdırmalarında bu kitaba istinad edirlər. Kitabın mətnini daha yaddaqalan etmək üçün şair Əhməd Fulci (öl. 1425) onun məzmununu nəzmə çəkib.

Avropa alimləri bu kitaba XIX əsrdən etibarən maraq göstərməyə başlayırlar. Müasir dövrdə bir neçə dünya kitabxanalarından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin tənqidi mətni hazırlanmışdır. Həmin əsəri ilk dəfə tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: "Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi" əsəri ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqda bütöv bir təlimdir."

Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi, şairin özü tərəfindən üzü köçürülmüş və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır. Həmin şərh şair Müfəzzəl Dabinin "Müfəzzəliyyat" adlı antologiyasına yazılmışdır.



Ədəbiyyat

  1. Malik Mahmudov, "Piyada Təbrizdən Şama qədər", Bakı, 1982, s.93

  2. Malik Mahmudov, "Piyada Təbrizdən Şamaqədər", Bakı, 1982,  s.96-97

  3. Malik Mahmudov, göstərilən əsəri, səh.102

  4.  Azərbaycan diasporunun görkəmli simaları

  5. https://az.wikipedia.org/

  6. http://anl.az/

Yüklə 38,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin