7.5. Kadr siyasətinin mənəvi əsasları, müasir məmur kadrlarına cəmiyyətin tələbləri Dövlətin kadr siyasətinin məqsədləri, onun əsas prinsipləri, həyata keçirilməsinin metodları təşkilati, hüquqi və digər amillərlə yanaşı bu siyasətin mənəvi aspektinin göstəriciləri kimi də özünü birüzə verirlər. Cəmiyyətə şərəf və ləyaqətlə xidmət göstərmək, ədalətli və təmiz, vicdanlı olmaq, prinsipiallıq, yüksək məsuliyyət hissi və digər mənəvi keyfiyyətlər dövlət qulluqçularının və bütövlükdə dövlətin nüfuzunun artırılmasının mühüm komponentləridir. Mənəviyyat eyni zamanda dövlət qulluqçusunun xidməti yararlığının göstəricisi kimi də çıxış edir. Təbii olaraq ictimai rəydə dövlət qulluqçularının nüfuzu insanın əsas mənəvi keyfiyyətləri kimi qiymətləndirilən ədalət və məsuliyyətlə birbaşa bağlıdır.
Dövlət kadr siyasətində mənəvi amillər şübhəsiz ki, olduqca əhəmiyyətlidir. Bunun dərk edilməsi üçün ictimai elmdə “mənəviyyat” anlayışının araşdırılmasına diqqət yetirmək yerinə düşər.
Mənəviyyat-ictimai şüurun bir forması olmaqla yanaşı, eyni zamanda şəxslərarası münasibətlərin bir formasıdır. Kollektiv əməkdə, dərk etmədə, ictimai və inzibati fəaliyyət sahəsində, ailə münasibətlərində, asudə vaxtın keçirilməsində, bir sözlə, hər yerdə insan ətrafdakılarla mürəkkəb ünsiyyət sisteminə daxil olur və beləliklə şüurlu surətdə (yaxud şüuraltı formada) bu və ya digər davranış normalarına əməl etməyə məcbur olur. Cəmiyyət - ümumi qaydalar və normalar əsasında birgə yaşayan fərdlər toplusudur. Mənəviyyat insan cəmiyyətində mühüm tənzimləyici rola malikdir. Bu, mənəviyyatın başlıca funksiyasıdır. Həmin funksiya hüquqa da xasdır. “Mənəviyyat” və “hüquq” anlayışları arasındakı fərqi dərk etmək üçün ictimai münasibətlərin tənzimlənməsi baxımından mənəviyyatın hüquqdan4 əsas fərqlicəhətinənəzər salaq:
Hüquq fərdlərin bir-biri ilə, fərdlə cəmiyyət arasındakı münasibətləri yalnız qüvvədə olan mövcud qanunlar əsasında (və onların vasitəsilə) tənzimləyir. Qanunlar yoxdursa hüquqi tənzimləmə də yoxdur. Mənəviyyat isə həyatın hər bir sahəsində fərdlərin bütün münasibətlərinin tənzimlənməsi funksiyasına malikdir.
Hüquq özünün tənzimləmə funksiyasını inzibati məcburetmə vasitələrilə - qorxu, müxtəlif cəza tədbirləri və s. üsullarla həyata keçirir. Mənəviyyat isə bu funksiyanı həyata keçirərkən adətə, ənənəyə, ictimai rəyə və digər müxtəlif tərbiyəvi xarakterli tədbirlərə əsaslanır.
Hüquqi normalar bir qayda olaraq məcburi xarakter daşıyır. Şəxsi iradə və istəklərdən asılı olmayaraq qanunlara riayət etmək hamı üçün məcburidir. Lakin mənəvi amil insan davranışının və onun əməllərinin real tənzimləyicisi kimi о zaman çıxış edir ki, insanın şüuru tərəfindən bu və ya digər mənəvi normalar və dəyərlər şəxsən dərk edilsin.
Mənəviyyatı hüquqdan fərqləndirən xüsusiyyətlərdən biri də onun özünəməxsus tənzimləyici mexanizminin olmasıdır. Elmi terminologiyaya görə bu mexanizmin mahiyyəti qiymətləndirmə əsasında imperativ xüsusiyyət kimi özünü biruzə verir. İnsan qeyri-ixtiyari surətdə ətrafında baş verən hadisələri, müəssisələrdə çalışan işçiləri, rəhbərləri, hakimiyyət strukturlarını və sairlərini qiymətləndirir.
Beləliklə, daha yüksək demokratik inkişafa malik olan və azad cəmiyyətdə dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin daha mükəmməl olması zəminində mənəvi tənzimləmənin səmərəsinin də daha yüksək olacağı ehtimalı artır.
Bir çox ölkələrin dövlət qulluğu sistemlərinin təcrübəsində mənəvi tələblərə əməl olunmasının vacibliyini təsdiqləyən “Dövlət qulluğunun etik məcəlləsi” adlı rəsmi sənəd qəbul edilir. Bu normativ sənədin əsas tələbi ondan ibarətdir ki, hər bir dövlət qulluqçusu qulluğa qəbul edildiyi gündən məmurluq fəaliyyətinin sonunadək məcəllənin mənəviyyatla bağlı tələblərinə tam əməl edəcəyini öz imzası ilə təsdiqləsin. Dünya təcrübəsində ilk dəfə bu məzmunda sənəd 1958-ci ildə ABŞ Konqresinin qərarı ilə qəbul edilmişdir. О zaman qəbul edilmiş “Dövlət qulluğunun etik məcəlləsi” mənəvi davranış qaydaları və hərəkətlərinin ümumi prinsiplərini açıqlayan 10 bənddən ibarət idi. Sonradan, 1978-ci ildə “Dövlət orqanlarında işləyən qulluqçuların etikası barədə” daha konkret qanun qəbul edildi. 1990-cı ildə həmin qanuna bir daha baxıldı, “Dövlət aparatı məmurları və vəzifəli şəxslərin etik davranışının prinsipləri” adı ilə yeni redaksiyada qanun qəbul edildi.
Dövlət qulluğunun etik məsələlərinə dair oxşar normativ sənədlər Avropanın bir çox ölkələrində, Kanada, Avstraliya və Yeni Zelandiyada da qəbul edilmişdir. Son illərdə bu məzmunda normativ sənədlər postsovet məkanının bəzi ölkələrində (Rusiya, Ukrayna, Qazaxıstan) də qəbul edilmişdir. Azərbaycan dövlət qulluğu sisteminin təkmilləşməsi üçün vacib əhəmiyyətə malik olan “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunmuş və 31 may 2007-ci ildə qəbul edilmişdir.
Azərbaycan xalqı öz ümummilli lideri ilə fəxr edir və daim fəxr edəcəkdir. Şübhə yoxdur ki, Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları məhz Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik rəhbərliyi altında mümkün olmuşdur. Onun hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanda əsl hüquqi dövlət quruculuğuna başlanmış və həmin proses bu gün də davam etməkdədir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdəki bütün məruzə və çıxışlarında ölkənin gələcəyə doğru inkişaf yolları müəyyən edilmiş, bunun üçün zəruri olan vasitələr göstərilmişdir. Bu işdə başlıca məsələ və əsas istiqamət dövlətin bünövrəsini möhkəmlətmək üçün aparılan islahatlar olmuşdur. Dövlət qulluğu sistemini təkmilləşdirmək sahəsindəki islahatlar da bu silsilədə mühüm əhəmiyyət kəsb etdi. Dövlət qulluğu sahəsini tənzimləyən möhkəm qanunvericilik bazası yarandı, mexanizmlər işə salındı, bu sahə yeni qəbul edilmiş qanun və fərmanlarla xeyli təkmilləşdi. Artıq bu gün demək olar ki, Azərbaycanda dövlət qulluğu institutu yaradılmışdır və bu institut sistemli şəkildə fəaliyyət göstərir. Bununla belə, heç də arxayınçılıq meyllərinə yol vermək olmaz, çünki daim inkişafda olan həyat cəmiyyətin yeni tələblərini meydana çıxarır. Bu baxımdan Azərbaycanda yeni dövrün tələblərinə uyğun olaraq və dünya təcrübəsinə üz tutaraq dövlət qulluğunun modernləşməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Bunun üçün bir daha dövlət qulluğunun cəmiyyətdəki yerinə və roluna, onun əsas mahiyyətinə nəzər salaq.
Ümumiyyətlə götürdükdə, hər hansı müasir demokratik dövlətin başlıca məqsədi ölkə vətəndaşlarının mənafelərini qorumaqla onların həyat səviyyəsinin daim yaxşılaşdırılmasıdır. Bu, dövlətin strateji məqsədidir. Buna nail olmaq üçün dövlət ilk növbədə dövlət qulluğundan və dövlət qulluqçularından istifadə edir. Dövlət qulluğu bir növ hakimiyyətin reallaşdırılması mexanizmi kimi özünü biruzə verir: bütün dövlət orqanlarında və təşkilatlarında fəaliyyət və münasibətlərin məcmusu kimi dövlətin funksiyalarını həyata keçirir. Dövlət qulluğu dövlətin əsas sosial təsisatlarından biridir və dövlət qulluğunun sosial rolu, sosial statusu mövcud sosial-iqtisadi quruluşun xarakterindən, dövlətin tipindən, idarəetmə rejimindən, qulluqçuların kəmiyyət və keyfiyyət tərkibindən, bu qulluğun fəaliyyətinin xarakterindən, onun hüquqi tənzimlənməsindən asılıdır. Buna görə də dövlət qulluğu öz mahiyyəti etibarilə dövlətin funksiyalarının həyata keçirilməsinin sosial-inzibati təsisatıdır.
Bu təsisat təkcə idarəetməni həyata keçirmir. O, vətəndaşların həyat və fəaliyyəti üçün müəyyən təminatlar, bütövlükdə cəmiyyətə təsir göstərən sosial standartlar və normalar işləyib hazırlayır, vətəndaşların daha ümumi və əsas tələbatlarının ödənilməsini, keyfiyyətli həyat şəraitini təmin edir. Beləliklə, dövlət qulluğu, gördüyünüz kimi, tədricən sosial yönümlü təsisata çevrilir.
Statistik məlumatlardan aydın olur ki, dövlət qulluqçularının cüzi hissəsi qanunvericilik hakimiyyətində, əksəriyyəti isə icra və məhkəmə orqanlarında çalışırlar.
Dövlət qulluğunun ümumi prinsipləri və funksiyaları barədə geniş diskussiyalar açmaq və müzakirələr aparmaq olar. Bu, cəmiyyətdə daim aktual olan mövzudur. Lakin nəzərə almalıyıq ki, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri Azərbaycan Respublikası Konstitusiyasında və “Dövlət qulluğu haqqında” qanunda öz əksini olduqca geniş formada tapmışdır.
Dövlət qulluğunun səmərəliliyinin artırılması bilavasitə kadr siyasəti ilə bağlıdır. Peşəkar məmur kadrlarının hazırlanması və dövlət orqanlarında təsnifat tələblərinə uyğun olaraq yerləşdirilməsi dövlət əhəmiyyətli məsələdir. Hazırda Azərbaycanda dövlət qulluğunun müasir qanunvericilik bazasının yaradılması ilə dövlətin kadr siyasətinin ölkənin mənafeyinə cavab verə biləcək səviyyədə həyata keçirilməsi üçün real zəmin formalaşmışdır.
Dövlət qulluğunda olmaq əslində dövlətin, millətin, cəmiyyətin, insanların xidmətində olmaq deməkdir. Bu cəhətdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, çalışdığı bütün vəzifələrdə onun öz ölkəsi və milləti üçün gördüyü misilsiz işlər öyrənilməyə və tətbiq edilməyə ən yaxşı nümunədir. Elmlər Akademiyasının işçiləri ilə görüş zamanı Heydər Əliyev bir daha həyatın bütün sahələrində qanunun aliliyini təsdiqlədi. Onun mövqeyi bu sözlərlə açıqlanır: “...Heç kəsə özbaşınalıq etmək imkanı vermək olmaz. Qanun, qanunun aliliyi, qayda hamı üçün eyni olmalıdır. Heç kəs özü üçün bir xüsusi qanun icad edə bilməz. Bizim dövlətimiz var, dövlətin qanunları var, hamı dövlətin qanunlarına tabe olmalıdır, qanunlara riayət etməlidir”.
Dövlət qulluğunda, məmurluq fəaliyyətində qanunçuluqla mənəviyyatın qarşılıqlı əlaqədə olmasını ümummilli liderimiz həmin çıxışında aşağıdakı sözlərlə tamamlamışdı: “Sağlam mənəviyyat... bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, о insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir”. Dövlət qulluqçusunun mənəvi keyfiyyətlərindən danışarkən ilk növbədə, onun şərəf və ləyaqətinin qorunması düşünülür. Şərəf və ləyaqət əsrlər boyu insanların ən çox diqqət yetirdikləri məsələlərdən olmuşdur. Müxtəlif dövrlərin tanınmış filosofları və dövlət xadimləri bu məsələlərə xüsusi yer ayıraraq şərəfi - vətəndaş şərəfinə, qulluq şərəfinə, hərbi şərəfə, kişi və qadın şərəfinə və s. bölərək onu qoruya bilən insanlara xüsusi hörmət bəsləmişlər. İnsanın harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq onun üçün vətəndaş şərəfi birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu, insanı öz Vətəninin mənafeyi naminə səy göstərməyə, onun sərvətlərini artırmağa, şöhrətini yüksəltməyə, dövlətin qanunlarına hörmətlə yanaşmağa, ictimai asayişi qorumağa sövq edir. Şəxsiyyət qarşısında belə tələblərin qoyulması demokratik, hüquqi dövlətin müddəalarından irəli gəlir. Qulluq şərəfi kateqoriyasının əhəmiyyəti təkcə şəxsiyyətin özü tərəfindən dərk edilib qiymətləndirilmir. Dövlət qulluğu vətəndaşların gözü qarşısında olduğundan dövlət qulluqçularının fəaliyyəti, onların peşəkarlıq, işgüzarlıq və şəxsi keyfiyyətləri daim ictimaiyyətin diqqət mərkəzindədir. Yəni, qulluq şərəfi başqalarının nəzərində о deməkdir ki, müəyyən vəzifə tutan şəxs həqiqətən bunun üçün xüsusi keyfiyyətlərə malik olmalı və bütün hallarda öz xidməti vəzifələrini dəqiq icra etməlidir.
Etiraf etmək lazımdır ki, ictimai rəydə müasir məmurlara münasibət birmənalı deyildir. Cəmiyyətin bir qismi dövlət qulluqçusuna mənfi obraz - bürokrat kimi baxır və belə hesab edir ki, məmurların əksəriyyəti öz şəxsi mənafeyini və vəzifə ambisiyalarını hər şeydən üstün tutur. Digər qismi isə hesab edir ki, dövlət qulluqçuları vicdanlı və davranışda qüsursuz insanlardır. Yaddan çıxarmaq olmaz ki, dövlət qulluqçusunun şərəf və ləyaqətini müəyyən edən amillərdən biri də onun prinsipiallığı, bir insan kimi öz mənliyinə hörmət etməsidir. Dövlət qulluqçusu şərəf və ləyaqət hissini uca tutursa həmkarlarının nöqsan və qüsurlarını onlara cəsarətlə bildirməli, bu barədə açıq söhbət aparmalıdır. Şərəf sözü qulluqçu üçün abstrakt anlayış olmamalı, onun gündəlik fəaliyyət, davranış meyarına çevrilməlidir.
Dövlət qulluqçusu təkcə öz vəzifəsini səylə yerinə yetirməsi ilə kifayətlənməməlidir. O, yalnız tutduğu vəzifəyə, özünə qarşı olan hər hansı hücumlara deyil, həmçinin dövlətçiliyə, dövlətin siyasətini bilavasitə həyata keçirən yüksək vəzifəli şəxslərə qarşı olan hücumlara da cəsarətlə və dərhal reaksiya verməli, daim fəal həyat mövqeyi nümayiş etdirməlidir.
“Müasir tələblərə cavab verə biləcək dövlət qulluqçusu hansı keyfiyyətlərə görə seçilməli və hansı parametrlərə uyğun gəlməlidir” sualına təxminən belə bir cavab yerinə düşərdi. “Bu, bir qayda olaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığı, idarəetmə təcrübəsi olan, fəal və səriştəli mütəxəssisdir. О qanunların incəliklərinə bələddir, öz vəzifəsində hüquq normalarına əsaslanaraq mürəkkəb situasiyalarda düşünülmüş qərar qəbul edə və düzgün çıxış yolu tapa bilir”.
Bir cəhət də çox vacibdir ki, dövlət qulluqçusu vətəndaşların ona etdiyi müraciətlərinə şübhə doğurmayan cavablar verə bilsin. Onun bütün hərəkətlərində dəqiqlik və təmizlik olmalıdır. Vicdan anlayışı onun həyat normasına çevrilməlidir.
Dövlət qulluqçusu о zaman tam formalaşıb peşəkar və səriştəli idarəçilik sahəsinin mütəxəssisinə çevrilə bilər ki, o, vəzifə pillələrində tədricən irəliləsin, işi hərtərəfli öyrənsin və yalnız öhdəsindən gələ biləcəyi işlərə qoşulsun. Vəzifə pillələrində həddindən artıq sürətlə irəliləmək və dərindən bilmədiyi işdən yapışmaq dövlət qulluqçusuna xələl gətirər, onun nüfuzunu aşağı salar. Eyni zamanda bu cəmiyyətin mənafeyinə də zidd olar.
Dövlət qulluqçusunun üzərinə elə bir məsuliyyət qoyulur ki, о, bəzi nemətlərdən və istəklərdən özünü məhrum etməyi bacarmalıdır. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər məmurların mənəvi saflığına, şərəf və ləyaqətinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətdə ədalət prinsiplərinin yüksək tutulmasını təsdiqləyir.
Dövlət qulluqçularından vəzifə öhdəliklərinin yerinə yetirilməsində tələb olunur ki, başqa dövlət qulluqçularının işini çətinləşdirən və yaxud, işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsinlər, vətəndaşların müraciətlərinə vaxtında baxılmasına əməl etsinlər. Eyni zamanda məmurların qulluq etikası normalarına əməl edilməsinə də ciddi tələblər qoyulur.
Göründüyü kimi, müasir dövrdə dövlət qulluqçularına cəmiyyətin tələbləri artmaqdadır. Bununla belə, cəmiyyətin etimadmı doğrultmaq da çətinləşir. Aydındır ki, belə olduğu halda məmurların peşə və ixtisas hazırlığına, onların idarəçilik sahəsində formal yox, real biliklərinin artırılmasına, onlarda yüksək işgüzar və mənəvi keyfiyyətlərin formalaşmasına dövlətin diqqəti və qayğısı da artmalıdır.