1. Yerli özünüidarə: əsas anlayışlar və nəzəriyyələr
İdarəetmə elmi və təcrübəsi sübut edir ki, xalis şəkildə iyerarxik və laterial təşkilatlara nadir hallarda rast gəlmək mümkündür. Əsasən cəmiyyətin bütün sferalarında və sahələrində fəaliyyət göstərən təşkilatlar və bunlara xas olan idarəetmə mexanizmi özündə hər iki təşkilata aid olan elementləri, davranış parametrlərini və qaydalarını birləşdirir. Belə idarəetmə mexanizmi müasir demokratik dövlət idarəçiliyində də hökm sürür. Burada bəzi məsələlər iyerarxik yolla – bir mərkəzdən idarə olunursa, digər məsələlər isə laterial qaydada tərəflər arasında razılığa gəlmə, konsensus və vətəndaşların öz iradəsini azad şəkildə ifadə edərək səs verməsi ilə nizamlanır. Deməli, mərkəzləşdirilmiş idarəetmə ilə qeyri-mərkəzləşdirilmiş özünüidarə cəmiyyətin ən iri və mürəkkəb təşkilatı olan – dövlətin idarə edilməsinin mühüm vasitələri və atributlarıdır. Onlar cəmiyyətin bütün sferalarına sirayət edərək qlobal və lokal, şaquli və üfüqi, sahəvi və ərazi məsələləri nizamlamağa və ölkədə baş verən sosial-iqtisadi dəyişiklikləri tənzimləməyə qadirdilər.
Ərazi və regional idarəetmənin yaranması və təkamülünün birinci pilləsi kimi sahəvi yanaşmanı hesab etmək olar. Bu da öz inkişafını sənaye inqilabı dövründən götürür. Sahəvi yanaşmanın məzmunu ondan ibarətdir ki, ərazinin ayrı-ayrı hissələri müəyyən bir sahəvi idarəetmə sisteminin fəaliyyət sferasına daxil edilir. Özü də bir çox hallarda eyni ərazi hissəsi müxtəlif sahəvi idarəetmə sistemlərinin fəaliyyət çərçivəsinə qatılır. Sahəvi yanaşma yerli hakimiyyət orqanlarının cüzi idarəedici rolu ilə müşayiət olunur. İdarəetmə qərarlarının qəbul olunmasında yerli hakimiyyət orqanlarının iştirakı rəmzi məna daşıyır. Böyük təsir gücünə sahəvi idarəetmə subyektləri, ələlxüsus ərazidə daha çox iş yerləri açan və sərmayə qoyan təsərrüfat subyektləri – iri şirkətlər, konsernlər və maliyyə-sənaye qrupları malik olurlar. Bu halda yerli əhəmiyyətli idarəetmə qərarları sahəvi təsərrüfat subyektlərinin maraqlarını təcəssüm etdirir. Sahəvi yanaşmanın əsas çatışmayan cəhəti ondan ibarətdir ki, o, ərazi və regional siyasətin kompleksliyini və qabaqlayıcılığını təmin edə bilmir. Bu yanaşma hər hansı bir sahəvi problemin həll olunmasına yönəlir. İdarəetmə reaksiyası həmişə gecikir: problem yaranır, sonra isə onun aradan qaldırılması üzrə işlər görülür. Təbiətdən istifadənin optimallaşdırılması, təbiətin qorunması, ərazinin sosial və mədəni inkişafının təmin olunması sahəvi təsərrüfat subyektlərinin məqsədini əks etdirmir. Bu da son nəticədə ərazi və regionların inkişafına mənfi təsir göstərir. Nisbətən xalis şəkildə ərazi və regionların sahəvi idarə edilməsi keçmiş SSRİ-də və Yaponiyada fəaliyyət göstərirdi. Avropa və Şimali Amerikada sahəvi yanaşmaya qarşı həmişə aşağı (qraflıqlar, kommuna və bələdiyyələr) və orta səviyyələrin (ştatlar, əyalətlər, departamentlər) əhəmiyyətli rolu dururdu. Bu, ərazi və regional idarəetmədə özünüidarəni və bələdiyyələşməni nəzərdə tutur.
Yerli özünüidarə təcrübəsinin qədim tarixi vardır. İlk dəfə eramızdan əvvəl II əsrdə İtaliyanın iri şəhərlərində özünüidarə orqanları yaranmışdır. Bundan başqa, qədim Misirdə, Çində, Bizansda və Yunanıstanda ərazinin özünüidarəsi sistemi mövcud olmuşdur.
Cəmiyyətin inkişafında ən ali məqsəd olan rasional vətəndaş cəmiyyətinin formalaşması əhəmiyyətli dərəcədə yerli özünüidarəetmənin inkişaf etdirilməsindən asılıdır. Yerli özünüidarəetmə inkişaf etmiş demokratik, hüquqi və sosial dövlətin və bu dövlətdə mövcud olan vətəndaş cəmiyyətinin ən mühüm əlamətlərindən biridir.
Yerli özünüidarə nəzəriyyəsinin banisi sayılan J.J.Russo, A.Tokvil, A.Vasilçikov, B.Çiçerin yerli özünüidarə orqanlarına ictimai-hüquqi hakimiyyətin orqanları kimi deyil, dövlətin maraqlarından fərqli olan xüsusi ictimai maraqların ödənilməsi üçün təsis edilən yerli ittifaqlar kimi baxırdılar. Bu fikir yerli özünüidarənin liberal-ictimai nəzəriyyəsini əks etdirir. XIX əsrdə alman alimləri Rudolf Qeneyts və Lorne Şteyn isə göstərdilər ki, yerli özünüidarə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir, o, dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsi deməkdir.
Keçmiş SSRİ-də yerli özünüidarə haqqında müxtəlif fikirlər söylənilirdi. Bəziləri bütün ölkəni bürümüş sovetliklərə yerli əhəmiyyətli, yəni müəyyən inzibati-ərazi vahidinə aid olan təsərrüfat və mədəni məsələləri həll edən müstəqil qurum kimi, digərləri sovetliklərə demokratik mərkəziyyət prinsipini dağıdan özünüidarə kimi, üçüncülər isə yerli özünüidarənin inkişafında mərkəzi hakimiyyətin zəifləməsi, dövlətin ölməsi və getdikcə ictimai özünüidarənin yaranması kimi baxırdılar. Həqiqətdə isə sovet dövründə yerli özünüidarəetmə orqanları xalq deputatları sovetləri – Kommunist Partiyası və dövlətin icraçı orqanlarının əlavəsinə çevrilmişdilər.
Demokratik cəmiyyətdə baş verən sosial və ictimai proseslərin səmərəli şəkildə idarə edilməsi yerli özünüidarənin genişləndirilməsini nəzərdə tutur. Yerli özünüidarənin mövcudluğunun təminatçısı kimi demokratik dövlət çıxış edir. Müasir dövrdə o, əsasən özünüidarənin dövlət nəzəriyyəsində olduğu kimi qurulur. Dövlətin mərkəzi orqanları tərəfindən yerli hakimiyyət təsisatlarına səlahiyyətlərin ötürülməsi şəklində təşəkkül tapır və inkişaf edir.
Müəyyən mənada yerli özünüidarə partisipativ təşkilata xas əlamətlərlə səciyyələnir. Partisipativ təşkilatda sosial sistemin üzvlərinin idarəetmədə iştirakı təmin olunur. Təşkilatın üzvləri idarəetmə qərarının qəbul olunmasında, məqsədlərin müəyyənləşdirilməsində və problemlərin həllində iştirak edirlər. Müasir yerli özünüidarə də yerli əhalinin ərazisinin sosial-iqtisadi inkişafı qərarlarının qəbulu və reallaşdırılmasında iştirakını nəzərdə tutur.
Dövlət idarəçiliyinin ən yaxşı sistemi xalqa yaxın olanıdır. Bəşəriyyətin yüzillər boyu yaratdığı demokratik dəyərlər öz əksini geniş şəkildə yerli özünüidarədə tapır. Yerli özünüidarə yerli əhali tərəfindən seçilmiş orqanlar vasitəsilə ərazinin infrastrukturuna daxil olan obyektlərə məqsədyönlü, planlaşdırıcı, koordinasiyalaşdırıcı və motivləşdirici idarəetmə təsiri kimi qiymətləndirilməlidir.
Yerli özünüidarəyə dəqiq tərif 1985-ci ildə Avropa Şurası üzvləri tərəfindən qəbul olunmuş yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında verilmişdir: «Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq, onu idarə etmək hüququ və real bacarığı başa düşülür».
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununda yerli özünüidarə «… vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir».
Yerli özünüidarə hüquqları vətəndaşlara ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə imkanları yaradır.
Məşhur alim A.D.Qradski yerli özünüidarəni hakimiyyət bölgüsünün bir təzahürü hesab edirdi. O, yerli özünüidarəni mərkəzi hökumətin təmin edə bilmədiyi maraqların nəticəsi kimi izah edirdi. Digər tərəfdən alman alimi B.E.Nolde yerli özünüidarəni, dövlət funksiyasını bu və ya digər ölçüdə müstəqil şəxslərin və müəssisələrin həyata keçirməsi forması kimi, rus alimi B.N.Çeçerin dövlət funksiyasının təmsilçiliyini və məsuliyyətini yerli səviyyəyə dövr etməsi kimi aydınlaşdırırdı. İ.İ.Yevtixeyev isə yerli özünüidarəetməni sosial qrupların dövlət idarəetməsi daxilində tapşırıqları, obyektiv hüquq çərçivəsində. özlərinin müstəqilliyinə təminat olan seçki əsasında yaradılan rəhbər orqanları və bu rəhbər orqanların muxtariyyəti əsasında yerinə yetirilməsi kimi izah edirdi .
Rus hüquqşünası M.İ.Sevainkov yerli özünüidarəetməni yerli sakinlərin öz problemlərinin həllində iştirakını təmin edən idarəetmənin yerli forması kimi izah edirdi.
Yuxarıda deyilən fikirləri araşdırıb belə qənaətə gəlmək olar ki, yerli özünüidarəetmə anlayışına mövcud müxtəlif baxışlar onun siyasi-hüquqi tərəfi ilə sıx bağlıdır. "Yerli özünüidarəetmə" anlayışındakı mürəkkəblik, bu mövzunun bütün dövrlərdə tədqiqinə geniş maraq oyatmış, müxtəlif alimlərin bununla bağlı fikirləri, ideyaları və baxışları əsasında müxtəlif nəzəriyyələr və konsepsiyalar formalaşmışdır. Müasir dövrdə yerli özünüidarə haqqında elmə əsas altı nəzəriyyə məlumdur. (50)
1. "Azad icma" nəzəriyyəsi;
2. "İctimai təsərrüfat" nəzəriyyəsi;
3. "Dövlətçilik" nəzəriyyəsi;
4. "Dualizm" nəzəriyyəsi;
5. "Siyasətdənkənar" yerli özünüidarəetmə nəzəriyyəsi;
6. "Sosial xidmət" nəzəriyyəsi.
Yuxarıda qeyd olunan nəzəriyyələr ciddi ardıcıllıqla meydana gəlmiş daha sonrakı nəzəriyyə əvvəlki nəzəriyyənin təkmilləşməsi və ya tənqidi əsasında yaranmışdır.
Fikrimizcə, bu nəzəriyyənin araşdırılması yerli özünüidarə anlayışının və bütövlükdə yerli özünüidarəetmə institutunun daha dərindən aydınlaşdırılmasına və bu haqda konkret nəticəyə gəlinməsinə imkan verəcək.
Dostları ilə paylaş: |