9.3. Müasir Azərbaycanda dövlət qulluğu institutu Müasir dövlət qulluğu sisteminin yaradılmasına ümummilli lider Heydər Əliyevin töhfəsi. Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın düşdüyü yeni tarixi şəraitdə demokratik dəyərlər üzərində müstəqil dövlət quruculuğu prosesinə start verildi. Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiq yer tutdu, yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq referendumunda ölkə Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə, ölkənin gələcək inkişafı üçün müasir tələblərə cavab verən demokratik, hüquqi dövlətin əsası qoyuldu.
Azərbaycan Respublikasının Konstitusiyası müasir dünyada qəbul edilmiş normalara uyğun olaraq hakimiyyətin üç qanada bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə, Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının bünövrəsi qoyuldu. 1996-cı ildə Respublika Prezidentinin sərəncamına əsasən təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri ilə müstəqil dövlətin öz qanunvericilik bazasının yaradılması prosesinə başlandı. Komissiyanın qarşısına Azərbaycanda Avropa və qabaqcıl dünya ölkələrinin hüquq sisteminə tam uyğun olan sistemin yaradılması məqsədi qoyuldu. Zaman göstərdi ki, Hüquqi İslahat Komissiyası həqiqətən də bu məqsədə nail olmaq üçün ciddi səylər göstərmişdir: məlum olduğu kimi, ötən dövr ərzində Azərbaycanda 10-dan artıq yeni məcəllə və 1000-ə yaxın qanun qəbul edilmişdir.
Yeni Konstitusiya əsasında qəbul edilmiş mühüm normativ hüquqi aktlardan biri də məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və müdrik tövsiyələri ilə 21 iyul 2000-ci il tarixdə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, insanın, sıravi vətəndaşın rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin geniş bir təbəqəsini təşkil edən dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bağlı bir çox məsələləri tənzimləyir. Bu qanun Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlamışdır. Qanunda, xüsusilə dövlət qulluğu sahəsində dövlətlə məmurlar arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər tənzimlənir.
“Dövlət qulluğu haqqında”Qanuna sonradan 2002-ci il 13 fevral tarixli və 2002-ci il 2 iyul tarixli Azərbaycan Respublikası qanunları ilə müəyyən dəyişikliklər edilmişdir. Yeni redaksiyada təsdiq edilmiş “Dövlət qulluğu haqqında” qanun 6 fəsil və 35 maddədən ibarətdir.
İlk maddələrdə qanunun məqsədi bildirilir, dövlət qulluğu və dövlət qulluqçuları anlayışları açıqlanır, bu qanunun şamil edildiyi məmur kateqoriyaları göstərilir, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri müəyyənləşir, dövlət qulluğunun idarəetmə orqanlarının funksiyaları şərh edilir.
Növbəti fəsillərdə məntiqi ardıcıllıqla dövlət orqanı anlayışı və dövlət orqanlarının təsnifatı verilir, inzibati və yardımçı vəzifələrə aid ixtisas dərəcələri və onların verilməsi proseduru aydınlaşdırılır. Eyni zamanda, qanunda dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər və təminatlar, о cümlədən, pensiya təminatı, mükafatlandırma və cəzalandırma hallan öz əksini tapır. Bununla yanaşı, vətəndaşların dövlət qulluğuna girmək hüququ, dövlət qulluğuna qəbul qaydaları, inzibati vəzifələrin tutulması, dövlət qulluğunun şərtləri, dövlət qulluqçularının attestasiyası, dövlət qulluğunda irəli çəkilmək hüququ və dövlət qulluğuna xitam verilməsi məsələləri açıqlanır.
Qanunun “yekun müddəaları”nda dövlət qulluğu keçmənin digər məsələləri barədə açıqlamalar verilir.
“Dövlət qulluğu haqqında” Qanunun maddə və müddəalarının dərindən təhlili göstərir ki, bu qanunun tətbiqi və onun həqiqətdə işləməsi Azərbaycan cəmiyyətinin həyatına mühüm müsbət dəyişikliklər gətirəcək, xalqın və dövlətin “qızıl fondu” sayılan idarəçilik kadrlarının sosial müdafiəsini gücləndirməklə bərabər, onlara tələbkarlığı da qat-qat artıracaqdır. Bu isə öz növbəsində ümumi işin səmərəsini xeyli dərəcədə yüksəldəcəkdir.
Dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi. Yeni qanunvericilik təşəbbüslər. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra keçən müddət ərzində onun tətbiqi mexanizmini yaratmaq üçün daha 10-dan çox qanun və 20-dən çox fərmanla müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi müəyyənləşdirilmiş, dövlət qulluğunun bütün əsas cəhətlərinin qanunvericilik yolu ilə tənzimlənməsi təmin edilmişdir. Bu normativ aktlarla ilk dəfə olaraq dövlət qulluğuna qəbulun qaydaları, bunun üçün müsabiqə keçirilməsi və onun şərtləri, dövlət qulluğunda işləməyin mümkün olub-olmamasının yoxlanması, sınaq müddəti və staj keçməsi, dövlət qulluqçularının attestasiyasının keçirilməsi, onların icbari sığortası və əlavə haqq verilməsi, hakimiyyət səlahiyyətlərinin icrasına, qulluq stajına, ixtisas dərəcəsinə görə vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi, onlara ixtisas dərəcələrinin verilməsi, dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi məsələləri konkret olaraq nizamlanmışdır.
Həmin dövrdə qəbul edilmiş qanunlar aşağıdakılardır:
- “Dövlət qulluqçularının ayrı - ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” 22 iyun 2001-ci il tarixli qanun;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” 22 iyun 2001-ci il tarixli qanun;
- “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 29 mart 2002-ci il tarixli qanun;
- “Dövlət qulluqçularının icbari sığortası haqqında” 30 aprel 2002-ci il tarixli qanun;
- “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi barədə” 31 may 2002-ci il tarixli qanun;
- “Vətənə xidmətə görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə” 7 noyabr 2003-cü il tarixli qanun;
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” 7 noyabr 2003-cü il tarixli qanun;
- “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli qanun;
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 2007-ci il tarixli qanun.
Bu qanunların başlıqlarına diqqət yetirmək kifayətdir ki, belə bir qısa müddət ərzində ölkədə dövlət qulluğunun qanunvericilik bazasının nə dərəcədə möhkəmləndirilməsinin şahidi olasan.
Qeyd etdiyimiz kimi, “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra bir sıra yeni qanunlarla yanaşı xeyli sayda fərman və sərəncamlar da qəbul edilmişdir. Həmin sənədlər sırasında yaxın vaxtlarda qəbul edilmiş bir fərmanın xüsusilə qeyd olunmasına ehtiyac duyulur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” fərmanının əsas məqsədi və onun mahiyyəti “Dövlət qulluğu haqqında” qanunun real surətdə işləməsinə təkan verməkdir. Bu baxımdan “Təsnifat Toplusu” bir növ açar rolundadır. Şübhə yox ki, bu mühüm əhəmiyyətli sənədin təsdiq edilməsi ilə dövlət qulluğunun təşkilində yeni mərhələ başlanmışdır.
Mövzu 10. Bələdiyyələrin təşkili və idarə edilməsi
PLAN: 1. Yerli özünüidarə: əsas anlayışlar və nəzəriyyələr.
2.Yerli özünüidarəetmənin təşkili modelləri və xüsusiyyətləri.
3.Azərbaycanda bələdiyyələşmənin özəllikləri.