3. Bələdiyyə əncüməni də bələdiyyə məclisi kimi bir qərarverici orqandır. Bələdiyyə əncüməni bələdiyyə məclisinin öz üzvləri arasından seçdiyi nümayəndələrlə bələdiyyənin şöbə müdirlərindən təşkil edilir. Ancaq əncüməndə təyinetmə yolu ilə gələn üzvlər olan şöbə müdirləri çoxluq təşkil edir. Bunun səbəbi əncüməndə texniki işçilərin çoxluq təşkil etməsidir. Bələdiyyə xidmətini həyata keçirmək bu xidmətlər üzrə ixtisaslaşmış işçilərə daha çox tələbat doğurur. Lakin bələdiyyə məclisinin üzvlərinin sayı təyinetmə yolu ilə gələn üzvlərin sayının yarısından çox ola bilməz.
Bələdiyyə əncüməni qərarverici orqan kimi iki funksiyanı yerinə yetirir. Birinci funksiyası qanunla birbaşa əncümənin səlahiyyətlərinə daxil olan vəzifələri həyata keçirməkdir.
İkinci funksiyası isə bələdiyyə məclisinin iclasları arasındakı dövrlərdə onun vəzifələrini həyata keçirməkdir. Bələdiyyə əncüməni bələdiyyə başçısının sədrliyi ilə baş katib, tikinti, hüquq, mühasib, personal və ümumi işlər şöbəsi başçılarından təşkil olunur.
Azərbaycanda isə bələdiyyə əncüməninin funksiyasını bələdiyyənin daimi və başqa komissiyaları həyata keçirir. Daimi və başqa komissiyalar bələdiyyənin səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün yaradılır. Bu komissiyalar öz fəaliyyətlərinin təşkili məqsədilə öz işinə ekspertlər cəlb edə bilər. Daimi və başqa komissiyaların əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;
- yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
- bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
- seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.
Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.
Qeyd etmək lazımdır ki, mərkəzi idarə yerli özünüidarələr üzərində inzibati nəzarət səlahiyyətinə malikdir. Beynəlxalq təcrübədə bələdiyyələr üzərindəki inzibati nəzarəti aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Bələdiyyə orqanlarının qərarları üzərində nəzarət;
2. Bələdiyyə orqanları üzərində nəzarət;
3. Bələdiyyə personalı üzərində nəzarət.
Yuxarıda qeyd etdiyimiz kimi, bəzi ölkələrdə bələdiyyə orqanları olan bələdiyyə məclisinin və əncüməninin qərarlarının bir çoxu həyata keçirilmədən əvvəl aidiyyatı üzrə mərkəzi orqanlar tərəfindən təsdiq edilməlidir.
Beynəlxalq təcrübədə bələdiyyə orqanları üzərindəki nəzarətin qovuşduğu nöqtə məhkəmənin lazımi hallarda bələdiyyə məclisini ləğv etmək və ya buraxmaq səlahiyyətinə malik olmasıdır.
Bələdiyyə personalı üzərindəki inzibati nəzarət isə çox qarışıqdır. Məsələn, bəzi ölkələrdə (Türkiyədə) bələdiyyə qulluqçularına yüksək dərəcədə maaş və mükafat vermək üçün Nazirlər Kabinetinin qərarı lazımdır. Müxtəlif qanunlarda bələdiyyələr tərəfindən həyata keçirilən səhiyyə, sosial yardım və texniki xidmətləri icra edən personalın, uyğun nazirliklər tərəfindən təyin olunmaları barədə müddəalar vardır.
"Bələdiyyələrin statusu haqqında" Qanunda göstərilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir.
Hər bir ölkədə bələdiyyələr haqqında qanunda bələdiyyələrin vəzifələri həmin ərazidə yaşayan əhalinin müştərək və mədəni ehtiyaclarını ödəmək üçün həyata keçirdikləri müxtəlif növlü gündəlik xidmətləri ifadə edir. Əksər ölkələrdə bu vəzifələrin sayı və vaciblik dərəcəsinə görə ardıcıllığı qanun, nizamnamə və təlimatlarda aydın və konkret şəkildə göstərilir. Müasir dövlətlərdəki normal bələdiyyələrin həyata keçirdikləri vəzifələr 70-ə qədərdir. Bu vəzifələr 3 qrupda birləşdirilə bilər (20):
1. Bütün bələdiyyələr üçün məcburi olan vəzifələr;
2. Bütün bələdiyyələr üçün ixtiyari olan vəzifələr;
3. Gəliri qanunla müəyyən edilən səviyyəni aşan bələdiyyələr üçün məcburi olan vəzifələr.
Hər bir bələdiyyənin, ilk növbədə, borcu qanunla məcburiliyi göstərilən vəzifələri yerinə yetirmək, sonra isə maliyyə imkanlarının yol verdiyi qədər ixtiyari vəzifələri reallaşdırmaqdır. Azərbaycanda isə bələdiyyələrə dair qanunvericilikdə nəinki bələdiyyələrin vəzifələri məcburi və ixtiyari hissələrə bölünmüş, hətta bu vəzifələrin konkret və tam siyahısı göstərilməmişdir. Bu vəzifələri müəyyənləşdirmək və vaciblik dərəcəsinə görə həyata keçirmək bələdiyyələrin özlərinə həvalə olunmuşdur. Bu öz-özlüyündə müsbət hal olsa da, indiki Azərbaycan reallığında bir sıra problemlər doğuracaq.
Yuxarıdakı vəzifələri yerinə yetirmək üçün bələdiyyələrə bir sıra hüquqlar, səlahiyyətlər və imtiyazlar verilməsi qanunla nəzərdə tutulmalıdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində (ABŞ, İngiltərə, Fransa, Türkiyə) bələdiyyələrə aşağıdakı kimi hüquqlar, səlahiyyətlər və imtiyazlar verilir:
1. Qanunla nəzərdə tutulmuş vəzifələri yerinə yetirdikdən sonra bölgə əhalisinin ortaq və mədəni ehtiyaclarını ödəyəcək digər xidmətlər göstərə bilər;
2. Bələdiyyə sakinlərinin sağlamlıq, istirahət və rifahını təmin edən və bölgə nizamını qorumaq məqsədilə qanunların verdiyi səlahiyyətlərə əsaslanaraq əmrlər vermək, qadağalar qoymaq və həyata keçirmək, əksinə davrananları cəzalandırmaq hüququna malikdir;
3. Öz sərhədləri daxilində kommunal xidmətlər göstərmək hüquq, səlahiyyət və imtiyazı bələdiyyələrə aiddir. Bu vəzifələri bələdiyyələr birbaşa özləri reallaşdırarsa, onlara əlavə məhdud imtiyazlar da verilir;
4. Bələdiyyələr qanunla onlara verilən yerli vergi və rüsumları müəyyən edib toplamaq hüququna da malikdir.
Bundan başqa, bələdiyyələr sırf iqtisadi fəaliyyətlərlə də məşğul olmaq hüququna malikdir.
Beynəlxalq təcrübə göstərir ki, praktikada böyük əhəmiyyət daşıyan məsələlərdən biri də bələdiyyə sərhədlərinin müəyyən edilməsidir. Əgər bələdiyyə sərhədləri düzgün müəyyən edilməzsə bu bir sıra ixtilaflara gətirib çıxarır. Buna görə bələdiyyələrin sərhədləri cızılarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınır:
- Əvvəllər bələdiyyəyə aid bütün torpaqlar bələdiyyə sərhədləri içərisində qalır;
- Sərhədi dərələr, təpələr və digər dəyişməyən yerlərdən keçirmək mümkün deyilsə, sərhəd daşlar qaldırılaraq müəyyən edilir.
Beynəlxalq təcrübədə bir icra hakimiyyəti sərhədləri daxilindəki bələdiyyələr arasındakı sərhəd ixtilafları bələdiyyə başçısının yazılı müraciəti əsasında, əlaqədar bələdiyyə məclisinin bildirdikləri münasibət də nəzərə alınmaqla, icra hakimiyyəti şurasında müzakirə edilib, icra hakimiyyəti məclisində təsdiq olunaraq həll edilir.
Azərbaycan qanunvericiliyində isə göstərilir ki, bələdiyyələrlə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
Bələdiyyə – mənşəcə ərəb sözüdür və şəhər idarəsi deməkdir. Ərazi vahidlərində özünüidarəetməni aparmaq üçün bələdiyyənin xüsusi icra aparatı, mülkiyyəti, büdcəsi, yerli qeyri-adi formaları, yerli vergilər müəyyən etmək və yığmaq səlahiyyətləri vardır.
Yerli özünüidarə forması kimi bələdiyyənin səlahiyyətləri nisbi şəkildə 2 yerə bölünür: 1)məcburi; 2)könüllü (fakültativ) səlahiyyətlər.
Ümumdövlət əhəmiyyətli məsələlərin həlli ilə bağlı səlahiyyətlər bələdiyyələrin icra etdiyi məcburi səlahiyyətlərinə aiddir. Buraya mənzil-kommunal, su təchizatı, nəqliyyat, təhsil və səhiyyə, ictimai təhlükəsizlik işlərinin görülməsi daxildir.
Könüllü, yəni fakültativ işləri isə bələdiyyələrin özləri müəyyənləşdirir. Buraya ictimai parkların, kitabxanaların saxlanması, aztəminatlı ailələrə yardım, onlara və əlillərə mənzil tikintisi və s. aid edilə bilər.
Yerli özünüidarənin forması kimi bələdiyyələr 4 mühüm əlamətlərə malik qurumlardır:
1) Bələdiyyələr ayrıca büdcəyə və mülkiyyətə malik olur;
2) Yerli məsələlərin həllində muxtariyyətə və sərbəstliyə malikdir;
3) Seçkili hakimiyyətə gələn, qərarverən və icraedici vahidləri var;
4) Hüquqi şəxs statuslu qeyri-dövlət təsisatıdır.
Bələdiyyələrin vacibliyi ondan ibarətdir ki, o, bir tərəfdən dövlət idarəçiliyini optimallaşdırır, onu daha da səmərəli edir, digər tərəfdən isə məhdud ərazidə məskunlaşmış əhalinin insan hüquqları və azadlığının qorunmasını, yerli problemlərin həllinə vətəndaşların mütəşəkkil qaydada qoşulmasını təmin edir.
Əksər inkişaf etmiş ölkələrdə əhalinin sayı 2000 nəfərdən çox olan ərazidə bələdiyyə qurulmur. Azərbaycanda bu norma 500 nəfər götürülmüşdür.
Bələdiyyələr öz fəaliyyətlərində bütünlüklə yerli əhaliyə, ayrıca vətəndaşlarla, fiziki və hüquqi şəxslərlə, ən nəhayət, dövlət orqanları ilə qarşılıqlı münasibətdə olur, onların qarşısında siyasi, iqtisadi, sosial və hüquqi məsuliyyət daşıyır. Dövlət orqanları bələdiyyələrin fəaliyyətinə nəzarət etməklə yanaşı, bəzi məsələlərin həll olunmasında onlarla ortaq olur.
Bələdiyyələr üzərində hökumət nəzarəti mexanizmi müxtəlifdir. Federativ dövlət quruluşuna malik ABŞ-da bu işi ştatlar və departament dairələri, AFR-də torpaq hökuməti həyata keçirir. İngiltərə, Fransa, İtaliya və Yaponiya kimi unitar dövlətlərdə bu nəzarəti mərkəzi hökumət aparır. Fikrmizcə, yerli özünüidarə orqanlarının işinə hökumət və onun yerlərdəki nümayəndələri tərəfindən müdaxilə aşağıdakı istiqamətlər üzrə ola bilər:
Ümumdövlət sosial-iqtisadi layihələrin ortaq şəkildə dövlət sahibkarlığı əsasında həyata keçirilməsi;
Bələdiyyə orqanlarının işinə nəzarət;
Eyni rayon və şəhərdə yerləşən bələdiyyələrin fəaliyyətinin koordinasiyası;
Bələdiyyələrarası yerli inzibati və iqtisadi orqanların yaradılması;
Birbaşa qaydada bələdiyyənin fəaliyyətinin tənzimlənməsi və nizamlanması;
Yerli büdcələrin formalaşmasının mərkəzi hökumətdən asılılığı.
Bu istiqamətlər üzrə aparılan işlər yerli özünüidarəni səmərəli etməklə bərabər bələdiyyə orqanlarının işində ümumxalq əhəmiyyətli məsələlər üzrə mərkəzi hökumətin istənilən qərarının bələdiyyələr üçün sözsüz, məcburi qaydada yerinə yetirilməsini mümkün edir.
Yerli özünüidarə orqanı kimi bələdiyyələrin cəmiyyətin müxtəlif qrupları və vətəndaşları qarşısında məsuliyyət daşıması birtərəfli şəkildə mövcud olmur. Eyni zamanda, yerli özünüidarəyə cəmiyyət tərəfindən bəzi təminatlar verilir:
yerli özünüidarənin həyata keçirilməsinə nə dövlət orqanları, nə ictimai-siyasi qurumlar, nə də ayrıca götürülmüş fiziki və hüquqi şəxs qarışmamalıdır;
dövlətin mərkəzi orqanları birtərəfli şəkildə bələdiyyələrin səlahiyyətlərini nə məhdudlaşdıra bilər, nə də əlindən ala bilər;
yerli özünüidarə orqanlarının mənafeləri və hüquqları məhkəmə hakimiyyəti ilə qorunur;
səlahiyyətləri çərçivəsində yerli özünüidarə orqanları tərəfindən qəbul olunan hüquqi aktların vətəndaşlar və hüquq təşkilatları tərəfindən icrası məcburidir.
Beləliklə, Azərbaycanda yerli özünüidarə ilə bağlı aparılan işləri və qabaqcıl Qərb ölkələrinin təcrübəsini nəzərə alaraq bələdiyyələrin təşkilinin əsas prinsiplərini müəyyənləşdirmək olar:
1.Yerli özünüidarə orqanlarının dövlət hakimiyyəti orqanlarından təşkilati cəhətdən ayrılığı;
2. Bələdiyyələrin seçkili olması;
3. Yerli özünüidarənin lazımi səviyyədə maddi və maliyyə resurslarının olması;
4. Ümumdövlət əhəmiyyətli işlərin görülməsində bələdiyyə və hökumət orqanlarının birgə fəaliyyət göstərməsi;
5. Yerli özünüidarənin təşkilinin və fəaliyyət göstərməsinin qanuni çərçivəyə salınması.
Mövzu 11. Yerli büdcə, bələdiyyələrin maliyyəsi və iqtisadiyyatı PLAN: 1. Bələdiyyə mülkiyyətinin iqtisadi məzmunu, strukturu və formalaşması problemi
2. Bələdiyyə mülkiyyətinin təzahürü xüsüsiyyətləri
3. Bələdiyyə mülkiyyətinin formalaşması
4. Yerli maliyyə və onun tərkibi