1. Bələdiyyə başçısı (sədr) - hüquqi şəxs olan bələdiyyə təşkilatının başçısı və icraedici orqanıdır. Qanun əsasında və seçki ilə hakimiyyətə gələn bələdiyyə başçıları öz səlahiyyətləri daxilində tamamilə müstəqildirlər və bələdiyyənin gündəlik həyatına cavabdehdirlər. Respublikamızda bələdiyyə sədri, yeni seçilmiş bələdiyyənin birinci iclasında, bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab edilir. Bəzi ölkələrdə bələdiyyə başçısı, əsasən də bölgənin inzibati mərkəzində yerləşən bələdiyyə başçıları təyinetmə yolu ilə hakimiyyətə gəlir, bəzilərində isə bələdiyyə başçıları 5 il müddətinə, birbaşa bələdiyyə daxilində yaşayan seçicilər tərəfindən seçilir. Bələdiyyə başçısı funksiyasını yerinə yetirmək üçün özünün İcra aparatını yaradır.
Bələdiyyə başçısının vəzifələri:
Hüquqi şəxsi təmsil etmək, məclis və komissiyaların qərarlarını həyata keçirmək, büdcə layihələri ilə əlaqədar təkliflər hazırlamaq, gərəkli razılaşmaları əlaqədar orqanın da qərarını alaraq imzalamaq, məhkəmələrdə bələdiyyəni təmsil etmək, əmrlər və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq, səmərələşdirici təkliflər irəli sürmək və bələdiyyənin fəaliyyətinə ehtiyac olsa nəzarət etmək.
Bələdiyyə başçısına qanunla başqa vəzifələr də verilə bilər.
2. Bələdiyyə iclası - bələdiyyənin ən böyük qərarverici orqanıdır. Bələdiyyə sərhədləri daxilində yaşayan seçicilər tərəfindən 5 il müddətinə seçilən məclis, əhalinin sayına görə 5-19 üzvdən ibarət olur. Ancaq üzvlərin sayındakı artım, əhali sayındakı artımla mütənasib deyil.
Əksər ölkələrdə bələdiyyə məclisinin normal və fövqəladə olmaqla iki növ iclası çağrılır. Normal iclas hər il, qanunla müəyyən edilən vaxtda, ildə üç dəfə çağrılır. Əsasən büdcə məsələsi müzakirə edilən iclas 30 gündən, digər iclasların müddəti 15 gündən artıq olmur.
Əhəmiyyətli və gözlənilməz işlər meydana çıxdığı halda fövqəladə iclas çağrılır. Bu cür iclasların keçirilməsi üçün ya bələdiyyə başçısının yazılı çağırışı, ya məclis üzvlərinin 1/3-nin təşəbbüsü, ya da icra hakiminin dəvəti lazımdır. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda bu hallar nəzərdə tutulmayıb. Həmin qanunun "Bələdiyyənin iclası" haqqındakı 16-cı maddəsində göstərilir:
- Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağrılır. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin iclasları həmin bələdiyyə ərazisində yaşayan əhalinin on faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə də çağrılır.
Bələdiyyə iclası hüquqi şəxs olan bələdiyyənin bir növ parlamentidir. Azərbaycanda bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə aktları dərc və ya əhaliyə digər üsulla elan edildiyi gündən qüvvəyə minir. Ancaq bəzi ölkələrdə mərkəzi idarənin yerli özünüidarələr üzərində inzibati nəzarət hüququ, bələdiyyə qərarlarından bəzilərinin həyata keçirilmədən öncə əlaqədar mərkəzi orqan tərəfindən təsdiq edilməsini nəzərdə tutur. Buna görə bələdiyyə qərarlarının bəziləri birbaşa reallaşdırıldıqları halda, bəziləri də mərkəzi idarənin təsdiqindən sonra qüvvəyə minir. Əlaqədar mərkəzi orqanın təsdiqinin zəruri olduğu qərarlar qanunla göstərilir. Qanunla belə bir xüsusiyyət nəzərdə tutulmayıbsa, məclisin qərarları birbaşa praktikaya tətbiq edilir.
Bələdiyyə məclisinin səlahiyyətlərinə:
- Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda səlahiyyətlərinin itirilməsi;
- bələdiyyə reqlamentinin təsdiq edilməsi;
- bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
- yerli vergi və ödənişlərin müəyyən edilməsi;
- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
- bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
- yerli sosial inkişaf və sosial müdafiə proqramlarının qəbulu və icra edilməsi.
Bələdiyyələrə qanunverici və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.
Əksər ölkələrdə bələdiyyə məclisi aşağıdakı hallarda buraxıla bilər:
- Qanunda müəyyən edilən normal və fövqəladə iclaslardan kənarda toplandıqda;
- Qanunla müəyyən edilən yerdən başqa yerdə toplanırsa;
- Qanunun verdiyi vəzifələri vaxtında həyata keçirməkdən çəkinib və bu hal bələdiyyə məclisinə aid işləri ləngidirsə;
- Siyasi məsələləri müzakirə edib və siyasi təmənna güdərsə.
Əksər ölkələrin konstitusiyalarında yerli özünüidarələrin seçilmiş orqanlarının orqanlıq statusu qazanmaları və itirmələri məsələsi məhkəmə vasitəsilə mümkünlüyü qeyd olunur. Buradan da göründüyü kimi, bələdiyyə məclisini buraxmaq məhkəmənin səlahiyyətindədir.