“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəçiliyinin xüsusiyyətləri



Yüklə 0,54 Mb.
səhifə6/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   2   3   4   5   6   7   8   9   ...   57
referat 3390

Dövlət idarəçiliyinin xüsusiyyətləri

Bütün idarəetmə formaları içərisində dövlət idarəçiliyi xüsusi yer tutur. Dövlət idarəçiliyi dedikdə dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədilə praktiki, təşkiledici və tənzimləyici qarşılıqlı təsiri nəzərdə tutulur. Əlbəttə, mürəkkəb ictimai hadisələrə verilən təriflər həmişə şərti və nisbətən məhdud xarakter daşıyır, hansısa vacib bir xüsusiyyət, qarşılıqlı əlaqə nəzərə alınmır. Burada dövlət idarəçiliyinə verilmiş tərif də belədir. Lakin dövlət idarəçiliyinin belə müəyyən edilməsinin əsas müsbət cəhəti ondadır ki, dövlət idarəçiliyinin tamlığını, sistemliliyini, geniş əhatə dairəsini əks etdirən üç cəhət nəzərə alınıb:

  1. Dövlətin sistemli təşkil olunmuş idarəetmə subyekti olması;

  2. İnsanların ictimai həyat fəaliyyətinin idarəetmə təsirinə məruz qalması və bu təsiri qarşılıqlı surətdə qəbul etməsi;

  3. Qarşılıqlı idarəetmə təsirinin özünün dövlətlə cəmiyyət arasında aktiv qarşılıqlı əlaqə yaratması.

Bu tərif dövlət idarəetməsinin çoxtərəfli təzahürünün nəzəri əsaslarını verməklə onu düzgün başa düşmək və praktiki istifadə etməyə imkan verir.
Dövlət idarəçiliyi cəmiyyətin idarə olunmasının mühüm formalarından biridir. Dövlət idarəçiliyinin onu başqa idarəetmə formalarından fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətləri vardır:
Birincisi, cəmiyyətin idarə olunması sistemində dövlət idarəçiliyinin məqsədyönlü, təşkiledici və tənzimləyici təsiri müəyyənedici xarakter daşıyır və hakimiyyətin gücünə əsaslanır. Doğrudan da dövlət ona görə dövlətdir ki, onun əlində insanlara qarşı dövlət hakimiyyəti - məcburetmə hakimiyyəti var. Məhz bu hakimiyyətlə insanları müxtəlif vasitələrlə (iqtisadi, siyasi, sosial, informasiya) məcbur edilirlər ki, dövlətin onlar haqqında məqsədi, təşkiletmə və tənzimləmə fəaliyyəti həyata keçsin, onlar könüllü surətdə və ya məcburiyyətlə dövlət iradəsinin üstünlüyünü, birinciliyini qəbul etsinlər. Dövlət idarəçiliyində dövlətin müəyyənedici təsiri dövlət hakimiyyəti ilə, dövlətin qanunları, normativ-hüquqi aktları ılə möhkəmləndirilir və yerinə yetirilməsi təmin edilir. Dövlətin müəyyənedici təsiri sadəcə olaraq arzu, çağırış mövqeyi deyil, bu dövlətin hakimiyyət qüvvəsinə söykənən və qanunçuluğa əsaslanan mövqeyidir və mütləq yerinə yetirilməlidir.
Dövlət idarəçiliyinin ikinci spesifık xüsusiyyəti onun genişliyi və bütün cəmiyyətə şamil olması və yayılması, hətta bəzən dövlətin sərhədlərindən kənara çıxması, onun yeritdiyi beynəlxalq siyasət çərçivəsində başqa ölkələri də əhatə etməsidir. Əlbəttə, bu genişliyi həddən artıq şişirtmək, bütün sahələrə tamamilə aid etmək də düzgün olmaz. Başqa sözlə, bu tezis belə bir təsəvvür yaratmamalıdır ki, guya dövlət insanların bütün hərəkət, davranış və fəaliyyətinə qarışır, yaxud qarışmalı, onların bütün qarşılıqlı münasibətlərini idarə etməlidir. Hətta totalitar dövlətdə müstəsna hallarda belə bu təşəbbüslər müsbət nəticə verməmişdir. Son nəticədə az-çox azadlıq mövcud olmuşdur. Beləliklə, dövlət və cəmiyyət arasında normal qarşılıqlı münasibət insanların böyük həcmdə azadlığını, müstəqilliyini və özünüidarəsini nəzərdə tutur.
Lakin burada əsas cəhət ondan ibarətdir ki, insanların azadlığı, müstəqilliyi və özünüidarəetmə hüququnun əhatəsi və sərhədləri ictimai institutlarla birlikdə, həm də əsasən dövlət tərəfindən müəyyən edilir. Məhz dövlət qanunvericilik vasitəsilə cəmiyyət həyatının bütün sahələrində insanların davranışının ümumi, əsas, tipik qaydalarını işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Bu baxımdan dövlət insan fəaliyyətinin bütün sahələrinə məqsədyönlülük verir, təşkiledici və tənzimləyici təsir göstərir, özünün hakimiyyət qüvvəsi ilə onlara riayət edilməsini təmin edir.
Dövlət idarəetməsinin başqa bir mühüm xüsusiyyəti onun sistemli xarakter daşımasıdır. Dövlət həm daxili tərkib hissələrinə, həm də yerinə yetirdiyi funksiyalara görə çox mürəkkəb inzibati-siyasi təşkilatdır və o, idarəetmə subyekti kimi çıxış edərkən özünün idarəetməsinə sistemlilik xüsusiyyəti verir. Başqa idarəetmə formalarından fərqli olaraq dövlət idarəetməsi həmin xüsusiyyəti özündə birləşdirmədən ya mövcud ola bilməz, ya da mövcud olsa da formal xarakter daşıyar, qarşısında duran məqsəd və vəzifələri icra edə bilməz. Dövlət idarəetmə sisteminə on milyonlarla müxtəlif xarakterli, dünyagörüşlü insanlar, çoxsaylı dövlət orqanları və dövlət təşkilatı strukturları, bunlarda işləyən çoxsaylı vəzifəli şəxslər və başqa xidmətçilər daxildir. Dövlət idarəetməsində müxtəlif və yüksək qiymətli materiallar, maliyyə və intellektual resurslar, geniş və zəngin informasiya istifadə olunur. Dövlət idarəçiliyi özü külli miqdarda idarəetmə tədbirləri və qərarlarından, təşkilati fəaliyyətdən ibarətdir. Əgər bu strukturların hər biri müstəqil fəaliyyət göstərib, öz məqsəd və vəzifələrini ayrılıqda, müstəqil reallaşdırmağa çalışsa, dövlət idarəçiliyi baş tutmaz, cəmiyyətdə özbaşınalıq, hərc-mərclik hökmranlıq edər, ölkə böyük itkilərə məruz qalar.
Dövlət idarəçiliyi üçün sistemlilik prinsipial əhəmiyyət kəsb edir. Ancaq sistemlilik dövlət idarəçiliyinə onun müxtəlif həlqələri arasında zəruri razılaşdırma, koordinasiya, subordinasiya, müəyyən məqsədyönlülük, səmərəlilik xarakteri verir.



    1. Yüklə 0,54 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin