Ölkədə demokratik dövlət quruculuğu hər şeydən əvvəl dövlət idarəçiliyinin məqsədinin müəyyənləşdirilməsi mexanizmlərinin dəyişməsini, idarəetmənin bu yarımsisteminə obyektiv şəraitdən yaranmış, əsaslandırılmış və səmərəli xarakter verməyi nəzərdə tutur. Dövlət idarəçiliyi üçün müəyyən olunmuş məqsəd ölkədə mövcud olan obyektiv vəziyyəti dərk etməyin və ona subyektiv münasibətin məhsuludur. Dövlət idarəetməsi qarşısına qoyulan məqsədin bir tərəfdən bütün cəmiyyətə aid olması, digər tərəfdən dövlət hakimiyyətinə istinad etməsi, onun müəyyən olunmasını xüsusilə çətinləşdirir, onun müəyyənləşdirilməsini zəngin bilik və təcrübə tələb edən mürəkkəb intellektual prosesə çevirir.
Dövlət idarəçiliyi qarşısına qoyulan məqsədlər ən azı aşağıdakı tələblərə cavab verməlidir:
- Dövlət idarəetməsinin məqsədinin yaranması və formalaşması ictimai mənbəyə malik olmalıdır. Qeyd etmək lazımdır ki “dövlət idarəetməsinin məqsədinin yuxarılar tərəfındən görünməsini, yuxarılara aydın olmasını” iddia edən indiyə qədər qərarlaşmış stereotiplərdən fərqli olaraq dövlət idarəetməsinin məqsədi aşağıdan yaranmalı, həmin dövlətdə birləşən insanların tələbatından və mənafeyindən irəli gəlməlidir. Bunun səbəbi aydındır. Hər bir normal dövlətin mahiyyəti və məqsədləri ərazisində yaşayan xalqın maddi və mənəvi inkişafına şərait yaratmaqdan ibarətdir. Beləliklə, cəmiyyətin daxili vəziyyəti və onu narahat edən problemlərin həlli dövlət idarəetməsinin məqsədlərinin formalaşmasının başlıca mənbəyi olmalıdır;
Dövlət idarəetməsinin məqsədi aydın və əsaslandırılmış olmalıdır. Aydın olmalıdır ona görə ki, onu həm idarəedənlər, həm də əhali başa düşsün. Əsaslandırılmış olmalıdır ona görə ki, inandırıcı olsun və onun yerinə yetirilməsinə marağı olanları səfərbər edə bilsin;
Dövlət idarəetməsinin məqsədi mövcud vəziyyətin təhlili, əldə olunmuşların qiymətləndirilməsi və problemlərin müəyyənləşdirilməsi üzərində qurulmalıdır. Məqsədi müəyyənləşdirmək üçün cəmiyyətin ətrafında və daxilində formalaşan obyektiv şəraiti öyrənmək, subyektiv amillərin imkanını və qüvvəsini, dövlət idarəetməsinin potensialını düzgün qiymətləndirmək, hər bir idarə olunan obyektin idarəçilik təsirinə ehtiyacını müəyyənləşdirmək vacibdir. Bir sözlə, dövlət idarəçiliyinin məqsədi obyektiv olmalı, mövcud olan obyektiv və subyektiv amillərin təhlilindən yaranmış obyektiv məqsəd kimi müəyyənləşdirilməlidir;
Dövlət idarəetməsinin məqsədi nisbi və açıq xarakter daşımalıdır. Bu onunla əlaqədardır ki, məqsəd həmişə insan fəaliyyətinin gələcəkdə verə biləcəyi son nəticəni nəzərdə tutur. Lakin, gələcəyi tam aydınlığı ilə görməyin çox çətin olması da məlumdur. Bu səbəbdən məqsədlər nisbidir, şəraitdən asılı olaraq dəyişə, təkmilləşə bilər. Məqsəd açıq olmaqla gələcəyə doğru yönəlməli, gələcəyi görməlidir. Bu da öz ifadəsini proqnozlaşdırma, proqramlaşdırma və planlaşdırmada tapır;
Dövlət idarəetməsinin məqsədləri ierarxiya təşkil etməlidir. Şübhəsiz ki, cəmiyyət üçün, o cümlədən dövlət idarəetməsi üçün başlıca məsələ insanların azad, sakit və yaradıcı həyat fəaliyyəti üçün şərait yaratmaq, bu şəraiti qoruyub saxlamaq və yaxşılaşdırmaqdır. Dövlət idarəetməsinin məqsədləri şəxsiyyət, cəmiyyət və dövlət arasında səmərəli qarşılıqlı münasibətin formalaşmasına şərait yaratmaqdır.
Yaranma mənbələrinə, məzmununa və ardıcıllığına görə dövlət idarəetməsinin məqsədlərini aşağıdakı strukturlara ayırmaq olar:
İctimai-siyasi - cəmiyyətin kompleks, tam, tarazlaşdırılmış və əmin- amanlıq şəraitində keyfıyyətli inkişafını əhatə edən məqsədlər;
Sosial - insanların sosial həyatının vəziyyətinə və səviyyəsinə dövlətin təsirini əks etdirən məqsədlər;
Mənəvi-psixoloji - bir tərəfdən cəmiyyətin əldə rəhbər tutduğu mənəvi dəyərlərin dərk olunmasını, digər tərəfdən isə ictimai-siyasi və sosial məqsədləri həyata keçirmək üçün cəmiyyətin mənəvi potensialının artırılmasını nəzərdə tutan məqsədlər;
İqtisadi - iqtisadi münasibətlər sistemini xarakterizə edən, ictimai- siyasi və digər məqsədlərin reallaşdırılmasını təmin edən məqsədlər;
İstehsal - yuxarıda sadalanan məqsədlərə uyğun olan və onların həyata keçirilməsinə yardım edən, istehsal obyektlərinin yaranmasından ibarət olan məqsədlər;
Təşkilati - dövlət idarəetməsinin subyekt və obyektlərində təşkilati problemlərin həllinə yönəlmiş məqsədlər (uyğun funksional və təşkilati strukturların qurulması);
İnformasiya - nəzərdə tutulmuş məqsədləri zəruri, etibarlı və adekvat informasiya ilə təmin etməyə yönəlmiş məqsədlər və.s.
Dövlət idarəçiliyi nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis Q.V.Atamançuk ətraflı təhlil və ümumiləşdirmədən sonra dövlət idarəçiliyinin məqsədlər “ağacı”nın aşağıdakı dörd qrup tələblərə cavab verməsinin vacibliyini xüsusi qeyd etmişdir: obyektiv şəraitdən irəli gəlməli və əsaslandırılmış olmalı; ictimai inkişafın və insanların fəaliyyətinin obyektiv qanunauyğunluqlan və meyllərindən irəli gəlməli; bu və ya digər müsbət obyektiv inkişaf meyllərinin, münasibətlərinin mövcudluğu və fəaliyyətinə uyğun olmalı;
sosial yönümlü olmalı; başqa sözlə, insanların istək, tələbat və mənafelərindən irəli gəlməli, onlara cavab verməli, bununla da onlan həmin məqsədləri dərk etməyə, həmin məqsədləri müdafıə etməyə və bu məqsədlərin həyata keçirilməsi ətrafında sıx birləşməyə çalışmalı;
resurs cəhətdən təmin olunmalı, o cümlədən intellektual, maddi, maliyyə resurslarının ehtimal olunan miqdarı ilə deyil, həqiqi mövcud miqdarı ilə təmin olunmalı, ictimai həyat və fəaliyyətin konkret şəraiti və amillərilə əlaqələndirilməli;
sistemli təşkil olunmalı, özündə müəyyən ardıcıllıqla strateji, cari və taktiki məqsədləri, ümumi və xüsusi, əsas və köməkçi, son və aralıq, uzaq, yaxın və bilavasitə məqsədləri birləşdirməlidir.
Məqsədlər ağacının mərkəzi (müəyyənləşdirici) məqamı cəmiyyətin keyfıyyəti, onun saxlanması və dəyişdirilməsi ilə bağlı strateji məqsədlərin müəyyənləşdirilməsindən ibarətdir. Strateji məqsədlər operativ məqsədlərə, onlar isə öz növbəsində taktiki məqsədlərə bölünürlər. Bəzən strateji məqsədlərə başlıca məqsədlər, yerdə qalan məqsədlərə isə təminedici məqsədlər deyilir. Məqsədləri başqa əsaslara görə də fərqləndirmək olar: həcminə görə - ümumi (bütün dövlət idarəetməsi üçün) və xüsusi (onun ayrı-ayrı alt sistemləri, komponentləri üçün); nəticələrinə görə - son və aralıq məqsədlərə; zaman etibarı ilə - uzun müddətli, orta müddətli, qısamüddətli məqsədlərə ayırmaq olar. Məqsədlər ağacının qurulması məqsədlərin razılaşdırılmasını, onların subordinasiyaının təmin olunmasını, məqsədlərin cəmiyyətin tələbatlarına və maraqlarına uyğunluğunu təmin etməyi nəzərdə tutur. Dövlət idarəetməsinin məqsədlərinin hər birinin ayrılıqda və məqsədlər “ağacının” bütövlükdə əsaslandırılmış və həqiqi olması başqa şərtlərlə yanaşı, onun müvafıq resurslarla təminatı ilə əlaqədardır.
Dövlət idarəetməsi məqsədlərinin praktiki baxımdan reallığı - dövlətin sadəcə olaraq arzusu deyil, bir-birini tamamlayan məqsəd-vəzifədir, dövlətin böyük məsuliyyətlə öz üzərinə götürdüyü öhdəlikdir. Dövlət idarəçiliyi məqsədlərinin müəyyən edilməsində təbii və insan resursları müstəsna əhəmiyyət kəsb edir. Təbii resurslar istənilən qədər, tükənməz deyil. Onların perspektivdə, xüsusən sürətlə artmaqda olan tələbatla müqayisədə, genişlənməsi və artması da mümkün deyil, böyük əksəriyyəti istifadə olunduqdan sonra bərpa olunmur, ehtiyatı tükənir, hasilatı ilə əlaqədar xərclər artır. Odur ki, dövlət konkret dövrdə öz sərəncamında olan təbii resursların əhəmiyyətini lazımınca qiymətləndirməlidir. İnsan potensialı da heç də həmişə istənilən qədər, istənilən keyfiyyətdə olmur. İnsanın ixtisası, mənəvi-texniki səviyyəsinin yüksəlməsi üçün lazım olan xərclər artır. Lakin dövlətin sərəncamında çox xərc tələb etməyən, daim inkişaf edən və bərpa olunan sosial-siyasi xarakterli resurslar da var. Bunlardan səmərəli istifadə olunması dövlət idarəçiliyinin məqsədləri müəyyən edilərkən nəzərə alınır.
Birinci növbədə bu, hüquq resursudur. Sözün həqiqi mənasında bura müvafıq dünyagörüşü, adət-ənənə, həyat tərzi, insanların davranışı və onları hüquqi cəhətdən təmin edən qanunlar, digər normativ sənədlər və mexanizmlər daxildir. Tarixi təcrübədə hələ qədim dövrlərdən sübut olunmuşdur ki, fərdi (xüsusi) və ictimai hüquqlar insanların ictimai həyat fəaliyyətinin nizama salınması, təşkili və mümkün səmərəliliyinin təmin edilməsində ən çox sınaqdan keçirilmiş və həqiqi alət kimi çıxış edir. Bundan hazırda dünya siyasətində əsas yer tutan hüquqi dövlətin formalaşması məsələsi ortaya çıxır. Bu o deməkdir ki, dövlət idarəçiliyində qarşıya qoyulan hər hansı məqsəd hüquqi tələblərə cavab verməsi (ədalətlilik, insanpərvərlik, humanizm) baxımından qiymətləndirilməli, qanunvericiliklə möhkəmləndirilməli və qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Dövlət idarəçiliyində məqsədyönlülüyün həyata keçirilməsində mühüm resurslardan biri demokratiyadır - insanlarrın hüquq və azadlığına əsaslanan özünütəşkilin müəyyən sisteminin formalaşmasıdır. Bu uzun illərin arzusu olsa da yalnız müstəqillik illərində həyata keçirilməyə başlamışdır. Lakin özünütəşkilin həyata keçirilməsinin forma, metod və vasitələri tədricən təkmilləşdirilməlidir. Demokratiya cəmiyyətin təşkil olunan qüvvəsidir. Dövlət idarəetməsinin məqsədinə az xərc və maksimal nəticə ilə o zaman çatıla bilər ki, demokratiyanın potensialı praktikada reallaşdırılsın, insanlar dövlət idarəetməsinin məqsədi haqqında məlumatlı olsunlar, dərk etsinlər, onun tərəfındə dursunlar, onun həyata keçirilməsini istəsinlər və bu istiqamətdə işləmək imkanına malik olsunlar. Lakin, bunun üçün insanlar praktiki olaraq görməlidirlər ki, dövlət idarəçiliyinin həyata keçirilməsi nəticələri onların mənafeyinə və tələbatına uyğundur.
Dövlət idarəçiliyi məqsədinin müəyyənləşdirilməsi prosesininin təşkili məqsədin düzgün müəyyənləşdirilməsi və reallaşdırılmasının mühüm ehtiyat mənbəyidir. Düzgün təşkiletmə məqsədin dəqiq müəyyənləşdirilməsini təmin edir və işlənib hazırlanmasını asanlaşdırır.
Məqsəd, vəzifə, və onların həyata keçirilməsi vasitələrinin düzgün nisbətdə olması, bir-birini tamamlanması məqsədlərin reallığını, əsaslandırılmış olmasını və həyata keçirilməsini təmin edən mühüm şərtlərdir. Məqsəd özlüyündə aydın, real ola, hətta kütlə tərəfindən müdafiə oluna bilər. Lakin, onu yerinə yetirmək üçün vəzifələr düzgün müəyyən edilib dövlət idarəetmə orqanları arasında düzgün bölüşdürülmədikdə, vəzifələrin icrası üçün vasitələr, metodlar düzgün seçilmədikdə o, yerinə yetirilə bilməz.
2.4. Dövlət idarəetməsinin reallaşmasının sosial mexanizmləri Sosial mexanizm anlayışı özündə sosial instıtutlar, sosial normalar, siyasi iradə, idarəetmənin formalaşması və həyata keçirilməsi qurumlarını birləşdirir. Özünün mahiyyətinə görə dövlət idarəetməsi sosial (ictimai) idarəetmənin hissəsi olaraq, bir ictimai institut kimi ayrılmaz halda insan və onun fəaliyyəti ilə bağlıdır. Dövlət idarəçiliyinin genezisi (formalaşması və ya yaranması) və spesifıkası cəmiyyətin sosial strukturu ilə şərtləndirilir, ictimai əmək bölgüsünün nəticəsidir və dövlətin daşıdığı sosial funksiyaların və bütövlükdə idarəetmə fenomeninin təzahürüdür. Sistemin xüsusi növü kimi dövlət idarəetməsi insan fəaliyyətinin “şaquli” və “üfuqi” istiqamətlərdə formalaşan xüsusi münasibətlərini özündə əks etdirən sosial münasibətlər sisteminə daxildir, yəni onun alt çoxluğunu təşkil edir. Başqa sözlə desək, məhz idarəetmə münasibətlərində (sosial münasibətlərin növü kimi) muvafiq ierarxik sistem strukturu formalaşır.
İerarxik siyasi-ictimai strukturda (dövlət aparatı da bunlara aiddir), qeyd edilən münasibətlər çoxluğunda yuxarı səviyyədə yerləşən subyektin (idarə edənin) özünün iradəsini hakimiyyət dilində ifadə etmək və gerçəkləşdirmək qabiliyyəti mövcuddur və bu qabiliyyət aşağı səviyyədəki subyekti (idarə olunanı) özünə tabe edir.
Cəmiyyətdə baş verdiyindən və mahiyyətcə sosial proses xarakteri daşıdığından dövlət idarəetmə prosesi sosial subyektlər (adi halda sadəcə insanlar) arasında qarşılıqlı münasibətlərin və təsirlərin həyata keçirilməsidir. Bununla yanaşı dövlət idarəetməsinin sosial mexanizminin özünəməxsus cəhətləri vardır. Bunun xarakteristikasını verməzdən əvvəl “sosial mexanizm” anlayışının mahiyyəti ilə tanış olaq. İnsanların sosial qruplarının və təşkilatların qarşılıqlı əlaqələri və təsirləri nəticəsində sosiumda sosial hadisə və proseslərin mümkünlüyünə şərait yaradılır və məhz bunların hesabına sosiumun həyat fəaliyyəti və inkişafı təmin edilir. Bu münasibətlərin və əlaqələrin mümkünlüyü cəmiyyətdə hərəkətdə olan sosial mexanizm vasitəsi ilə olur. Hər bir sosiumun inkişaf səviyyəsi, münasibətlərin üstün formaları, qarşılıqlı proseslərin nisbəti və əhalinin nə dərəcədə subyekt yükü (məsələn siyasi sferada - elektoratın fəallığı) daşımasından asılı olaraq özünəməxsus sosial mexanizmi vardır. Spesifık mexanizm həm də tarixi şərait, ölkənin geosiyasi və regional xüsusiyyətləri, əhalinin adət-ənənələri, mənəvi dəyərləri və inancları, sosial-iqtisadi bazası və onun müxtəlif qruplarının həyat tərzinin təsiri nəticəsində formalaşır.
Dövlət idarəetmə prosesi “insan - cəmiyyət - dövlət - insan” qarşılıqlı əks-əlaqələr sistemində həyata keçirilir. Bu mexanizmin formalaşması və hərəkəti insanların təyin etdiyi nümunə-model əsasında baş verir və başlıca olaraq məhz insanın tələbatları, maraqları, istəklərinin əsasən birgə varlıq formalarında (əmək, məişət, asudə vaxt və.s.) ödənilməsinə yönəldilir. Bununla əlaqədar olaraq dövlət idarəetməsi dövlətin atributiv funksiyası (vəzifəsi) kimi yaranaraq bəşəriyyətin bütün tarixi inkişafı boyunca daima təkmilləşmişdir. Buna görə dövlət idarəetməsinin praktiki şəkildə reallaşması prosesi həmişə konkret cəmiyyətin tarixi-ictimai inkişaf mərhələsi ilə şərtləndirilir, həmin cəmiyyətin mədəni, siyasi, iqtisadi, hüquqi yetkinliyi və hökm sürən mənəvi idealları, dəyərləri ilə əlaqələndirilir. İdarəetmə özünün təzahürünü insan, cəmiyyət və dövlətin sistemli qarşılıqlı əlaqələrinin dinamikasında tapır.
Dövlət idarəetməsinin xarakteri və yetərliliyi öz növbəsində cəmiyyətin vəziyyətindən birbaşa asılı olur. Cəmiyyətin özünün demokratik xarakteri, onun məqsəd aydınlığı və digər sistemlilik mahiyyətini daşıyan xassələri geniş vətəndaş kütlələrinin idarəetmə prosesində iştiraka cəlb edilməsinə sövq edir. Bu iştirak seçki məntəqələrində səs vermədən başlayaraq sonralar mutləq fəal mövqe, kollektiv hərəkət, aksiyalarda şüurlu davranış və ictimai rəyın formalaşması kimi hadisələrdə öz təzahürünü tapır.
Dövlətin və sosiumun (idarəetmə nöqteyi-nəzərindən bütün əhəmiyyətli elementləri daxil olmaqla) qarşılıqlı təsir formalarının öyrənilməsinin əhəmiyyəti ilk öncə məhz dövlət hakimiyyəti və idarəetməsi üçün vardır, çünki dövlət aparatının funksional fəaliyyəti məhz dövlət qulluğu vasitəsilə fərdiləşmiş insan amilinin rolunu düzgün qiymətləndirməyə imkan vermişdir. Dövlət vətəndaşların ümumi maraqları əsasında onların həyat fəaliyyətinin təşkilini təmin edən sosial institutdur. Bundan fərqli olaraq vətəndaş cəmiyyəti vətəndaşlann şəxsi və fərdi maraqlan üzərində qurulmuşdur. Dövlət ümumi maraqlar və idarəolunma prinsiplərini güdürsə, bazar sistemi özəl maraq və özünütəşkil prinsipləri üzərində qurulmuşdur. Bununla yanaşı dövlət hakim təsirlərin bütün cəmiyyətə yönəldilməsini təmin edirsə, onda o, hamının və hər kəsin maraqlarına bu və ya digər mənada toxunmuş olur. Dövlət idarəetməsinin sosial mexanizmi insanların qarşılıqlı təsir etməsinin mütəşəkkil formasının sazlanmasını nəzərdə tutduğu zaman, həm də onların birliklərinin, sosial qrupların ümumi maraq və məqsədlərinin daha önəmli olması, qarşılıqlı öhdəliklər və məsuliyyətin təmin olunması qayğısına qalmalıdır.
Sosial mexanizmin vacib və mühüm elementi kimi dövlətin müxtəlif tələbatların ödənilməsi üçün yaratdığı çoxsaylı sosial institutlan qeyd etmək olar. İctimai-hüquqi sferada belə institutlar hakimiyyət, idarəetmə, maraq təmsilçiliyi, dövlət qulluğu, kommunikasiya və informasiya xidməti, ictimaiyyətlə əlaqələr xidməti və s. kimi fəaliyyət göstərir.
Dövlət idarəetməsinin spesifık xüsusiyyəti onun bütün cəmiyyəti əhatə etməsindən ibarətdir (dövlətin mühüm rolunu müdafiə edən nəzəriyyələr etatizmadı altında birləşmişdilər). Lakin bu əhatəlilik total xarakter daşımır. Uzun müddət ərzində hesab edilirdi ki, dövlət az qala cəmiyyətdə baş verən bütün prosesləri idarə etməlidir və onların gedişatına fəal müdaxilə etməlidir. Belə cəhdlərin olmasına baxmayaraq, bu, prinsipcə mümkün deyildir və əvvəl nəzərdən keçirilmiş mürəkkəb sistemlərin xassələrinə görə (yəni yarımsistem bütün sistemin mürəkkəbliyinə malik ola bilməz) dövlətin nə qədər mükəmməl və güclü olmasına baxmayaraq, cəmiyyət daha zəngin və daha mürəkkəbdir.
Sonralar meydana gələn liberal və neoliberal konsepsiyalar bunun əksinə olaraq dövlətin fəaliyyət sahəsini mümkün qədər azaltmağın zəruriliyini israr edirdilər. Bu təlimlər hesab edirdi ki, dövlətin funksional idarəetmə sahələrinə birbaşa müdaxiləsi əvəzində dolayısı tənzimləmə daha səmərəli və məhsuldar ola bilər. Liberallar və etatistlər arasında mübahisələr indi də davam edir.
İctimai sistemin komponentləri və ya onların ayrı-ayrı təzahür formaları qarşılıqlı əlaqələndirmə prosesində dövlət idarəçiliyinin reallaşdırma mexanizminin strukturunu yaratmış olurlar, çünki bu komponentlər bilavasitə dövlətin idarəetmə təsirlərini qavrayır və onların icrasında birbaşa iştirak edirlər. Buna görə əks-əlaqə prinsipinə əsasən idarəetmə prosesindən gözlənilən nəticələrin əldə edilməsi müvafıq ictimai tələbatların ödənilməsi deməkdir. Dövlətin ictimai sorğulara məruz qalma dərəcəsi onun cəmiyyətə açıqlığı göstəricisi kimi və vətəndaşların bu sorğuların dövlət tərəfindən mənimsənilməsinə cavab olaraq idarəetmə proseslərinə qoşularaq fəal və səmərəli iştirak etməsi sosial mexanizmin səmərəliliyindən xəbər verir və dövlət idarəetməsinin demokratik, sosial-hüquqi və ictimai-siyasi institut kimi səmərəliliyini xarakterizə edir.
Dövlət idarəetməsinin sosial mexanizminin layihələndirici formalaşma hissəsi əvvəlcədən təyin edilmiş elementlər ardıcıllığı ilə təsvir edilir: tələbatlar - maraqlar - ziddiyyətlər - məqsədlər - iradə - motivlər (yönümlər) - stimullar. Burada iki əhəmiyyətli məsələyə diqqət yetirək. Birincisi, tələbatlar bütün fəallıqların başlanğıcı olmaqla dövlət idarəetməsi mexanizmi vasitəsilə onların ödənilməsi prosesinə həmişə təsir göstərmirlər - maraqlar vasitəçi rolu oynayır. Maraqların dərk edilmiş tələbatlar kimi formalaşması ən azı üç məqamı özündə kəsb edir:
Bunların hər biri fərdi və kollektiv şüura məxsus olur. Beləliklə, idarəetmə prosesində təkcə tələbatların öyrənilməsi deyil, həm də onların maraq ifadəsini bilmək olduqca mühüm əhəmiyyət kəsb edir.
İkinci məqam isə qeyd edilən zəncirvari ardıcıllıqda ziddiyyətlər amilinin rolu ilə bağlıdır. Tələbatlar və maraqlar müxtəlifliyi onlar arasında müxtəlif ziddiyyətlərlə səciyyələnir. İdarəetmə prosesində bunlar qarşıya çıxan problemlər və onların həlli zərurəti ilə əlaqələndirilir.
Beləliklə, sosial mexanizmin formalaşdırma bloku məhz ən aktual prob- lemlərin gündəliyə çıxarılması (buna politologiya dilində - siyasi gündəlik deyilir) və çoxsaylı problemlərin güzəştli həll üsullarrını qurulmasını da özündə kəsb edir. Son olaraq mexanizm özündə hərtərəfli təminatı olan dövlət qərarlarını qəbulu və yerinə yetirilməsi prosesini də birləşdirir.
Sosial texnologiya dövlət idarəçilik mexanizmi kontekstində. Qeyd edilən dövlət idarəetmə prosesinin həyata keçirilməsi mexanizmləri sırasında sosial texnologiyaların xüsusi yeri vardır. İnkişaf etmiş dövlətlərdə qəbul olunmuş dövlət qərarlarının və proqramlarının həyata keçirilməsində sosial texnologiyalara geniş yer verilir. Sosial texnologiya -müəyyən edilmiş ictimai məqsədlərə çatmaq üçün tətbiq edilən üsul, vasitədir.Bu üsulun mahiyyəti məqsədyönlü və sosial məzmunlu fəaliyyətin ayrı-ayrı əməliyyatlar üzrə ardıcıl qaydada yerinə yetirilməsindən ibarətdir. Burada başlıca vəzifə birgə fəaliyyətin həmin əməliyyatlara düzgün bölünməsidir. Hər bir əməliyyat əvvəlcədən şüurlu və planlı qaydada işlənib-hazırlanır və bu işlər elmi biliklər əsasında yerinə yetirilir. Qısaca desək, əməliyyat (bu kontekstdə ona “tədbir” də demək olar) başlanğıcı və sonu birmənalı təyin edilən, məzmunu və axan müvafıq ölçmə və qiymətləndirmə prosedurları vasitəsilə nəzarətdə saxlanıla bilən müstəqil bir iş vahididir. Onun icraçıları və cəlb olunan resursları zaman üzrə nizamlı, birmənalı və etibarlı qaydada təyin edilməlidir. Sosial texnologiya əməliyyatlar (tədbirlər) silsiləsi kimi işlənib-hazırlanarkən fəaliyyətin aparıldığı sahənin spesifıkliyi nəzərə alınmalıdır.
Dövlət idarəçiliyində istifadə olunan və səmərəliliyini təsdiq etmiş sosial texnologiyaların əsas nümunələri aşağıdakılardır:
seçkili orqanların formalaşması üçün seçkilərin keçirilməsi və vətəndaşların iştirakı;
ictimaiyyətlə münasibətlərin qurulması və siyasi reklam;
yerli əhəmiyyətli sosial problemlərin müayinəsi və onun müzakirəsinə maraqlı tərəflərin birbaşa cəlb olunması;
zəif təbəqələrlə sosial işin təşkili və həyata keçirilməsi;
yerlərdə kiçik və orta sahibkarlığın inkişafına dəstək verən mikromaliyyələşdirmə mexanizmlərinin təşkili;
mütəmadi məlumatlandırma və mühüm informasiyaların və biliklərin yayımı texnologiyaları və s.
İdarəetmədə sosial texnologiyaların tətbiqi onun iki formada qurulması imkanını, iki cəhəti nəzərdə tutur: birincisi, prosedur və əməliyyatlardan ibarət bir layihə kimi, ikincisi, bu layihəyə uyğun olaraq təşkil edilən praktiki fəaliyyətin özü kimi. Yəni dövlət idarəçiliyində sosial texnologiyalar bir sıra sosial problemlərin həllində layihə şəklində hazırlana bilər.
Qeyd edilməlidir ki, sosial texnologiyalar idarəçilik mədəniyyətinin elementi kimi də çıxış edirlər, onların geniş və səmərəli tətbiqi dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin məhsuldarlıq və keyfiyyət göstəricisinə çevrilmiş olur. Müasir zamanda sosial texnologiyalar sosial elmlərin nailiyyətlərini və praktikanı özündə birləşdirən ictimai fəaliyyət sahəsinə çevrilmişdir.
İdarəetmə texnologiyalarının bir qismi müəyyən mənada sosial texnologiyalardır. Onların mənimsənilməsi müxtəlif idarəetmə situasiyalarının təsnifləşdirilməsindən başlanmalıdır, çünki onların əsas növləri konkret problemi və problemlə bağlı adekvat idarəçilik forması və metodlarını nəzərdə tutur. İdarəçilik texnologiyalarının tipik növləri kimi aşağıdakıları qeyd edirlər:
diaqnostika (problemlərin müayinəsi);
layihələndirmə;
planlaşdırma və proqramlaşdırma;
konkret yarımsistemin proqram üzrə islah edilməsi.
Digər bölgüyə görə informasiya texnologiyaları, yeniliklərin tətbiqi üzrə innovasiya texnologiyaları, təlim texnologiyalan və sosial münaqişələrin həlli texnologiyalan idarəçilik üsullan kimi tanınmışdır.
Tətbiqi miqyasına görə mərkəzləşmiş, regional və yerli texnologiyaları qeyd edirlər.
Dövlət idarəçilik fəaliyyətinin xüsusi aspektləri və sahələri vardır ki, burada idarəçilik texnologiyalarının tətbiqi olduqca aktualdır:
ictimai inkişaf prosesinin proqnozlaşdırılması, proqramlaşdırılması, qiymətləndirilməsi, monitorinqi və bunların dövlət idarəetmə subyektinin komponentlərinin formalaşması, təşkili və fəaliyyət göstərməsində tətbiqi;
fəaliyyət texnologiyası bu sahədə ilk növbədə ümumiləşmiş və standartlaşmış göstəricilər və indikatorlar sisteminin formalaşmasından başlamalıdır, hərtərəfli əsaslandırılmış, müxtəlif məzmunlu və formatlı informasiyaların toplanması, sistemləşdirilməsi, emalı və təhlili üzrə çoxpilləli və paylanmış (sahələr və ərazi üzrə) dövlət informasiya sistemi fəaliyyət göstərməlidir və bu sistem operativ təhlilləri keçirməyə qadir olmalıdır.
Ərazilərin və ictimai sahələrin inkişafı sahəsində dövlətin siyasəti çərçivəsində kompleks inkişafın planlaşdırılması və proqramlaşdırılması üçün vahid metodika və müddətlər üzrə bütün təşkilat və müəssisələri əhatə edən dövlət texnologiyasına ehtiyac vardır. Bu isə siyasi, hüquqi, təşkilati, iqtisadi-maliyyə, sosial və kadr resurslarının inteqrativ istifadəsinə imkan yaradan xüsusi sistemli texnologiya vasitəsilə mümkün ola bilər.
Buradan aydın olur ki, dövlətin qəbul etdiyi və yeritməyə başladığı inkişaf siyasəti yalnız mövcud idarəçilik sisteminin təkmilləşməsi, intellektual-texnoloji zənginləşməsi proseslərinin işə salınması vasitəsilə mümkündür. Bir sıra müəlliflər bu tələbi eyni zamanda həmin siyasətin uğurluluğunun meyarı kimi də qiymətləndirirlər: əgər idarəetmə subyekti qarşısında duran mürəkkəb problemin öhdəsindən gəlmək niyyətindədirsə, onda onun idarəçilik təsirləri müvafiq olaraq sistemli mükəmməllik keyfiyyətinə malik olmalıdırlar.
Bir sıra kompleks (iqtisadi, texnoloji, ekoloji, sosial, psixoloji və.s.) elmi tələblərə cavab verən sahələrarası, birgə ərazi və beynəlxalq kompleks məqsədli proqramların işlənməsi və reallaşdırılması müvafıq istiqamətlər üzrə uzunmüddətli dövlət idarəçilik fəaliyyətinin başlıca məzmununu təşkil etməlidir.