Mövzu: 2. Dövlət və cəmiyyətin idarə edilməsi Plan:
2.1. İdarəetmənin mahiyyəti və cəmiyyətin idarə olunmasına qoyulan tələblər.
Dövlət idarəçiliyinin xüsusiyyətləri.
Dövlət idarəçiliyinin məqsədləri.
Dövlət idarəetməsinin reallaşmasının sosial mexanizmləri.
Dövlət idarəçiliyində maraqların təmsilçiliyi.
Dövlət idarəetməsinin obyektləri: mahiyyəti, növləri və təsir imkanları.
Dövlət idarəçiliyinin resursları və ictimayyətlə əlaqələr.
2.1.İdarəetmənin mahiyyəti və cəmiyyətin idarə olunmasına qoyulan tələblər
Cəmiyyətdə idarəetmə prosesi idarəetmənin ən çətin və mürəkkəb sahəsidir.
Cəmiyyətdə idarəetmə müəyyən qruplarda, kollektivlərdə, siniflərdə birləşən və müxtəlif mənafeləri olan insanların fəaliyyətinə qarşılıqlı təsir göstərmək formasıdır.
İdarəetmədə əksər hallarda “insan-texnika (texnologiya) - təbiət-insan” prosesi getsə də burada idarə edən də, idarə edilən də insandır və ya insan qrupudur. İdarəetmə özü də insanın tələbatının ödənilməsinə yönəldilir.
Cəmiyyətin idarə olunması sosial (ictimai) elmlərin predmetidir. Insanlar cəmiyyətin əsas məhsuldar qüvvəsi olmaqla təbiətin və cəmiyyətin obyektiv qanunlannı dərk edir və ondan istehsal, bölgü, mübadilə və istehlak prosesinin tənzim və idarə olunmasmda istifadə edirlər. Burada idarəetmə elminin obyekti sosial-iqtisadi sistem, predmeti isə istehsal prosesi və insan fəaliyyətinintəşkilidir. Bu növ idarəetmə xalq təsərrüfatının bütövlükdə idarə olunmasını, müəssisələrin, sahələrin, regionların, birliklərin, kollektivlərin və onlann daxili tərkib hissələrinin idarə olunmasını əhatə edir. Beləliklə, biz idarəetmə anlayışı ilə cəmiyyətin, konkret sahə və ərazilərin, müəssisələrin, canlı və cansız təbiətin idarə olunmasını fərqləndirməliyik.
İdarəetmə insanların özləri tərəfindən onların yaşamaq tələbatı kimi yaranmış və mədəni cəmiyyətin bütün inkişaf mərhələlərində mövcud olmuşdur. İdarəetmə insanların həyat fəaliyyətini məqsədyönlü tənzimləmək, onların mənafelərini və tələbatlarını ödəmək üsul və vasitələrinin məcmusudur.
Cəmiyyətin idarə olunması məhsuldar qüvvələrin inkişafı və onun təşkili ilə sıx surətdə əlaqədardır. Məhsuldar qüvvələr inkişaf etdikcə cəmiyyətin siyasi təşkili və idarə olunmasının forma və metodları da təkmilləşir və məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğunlaşdırılır. Bu səbəbdən hər bir tarixi dövrdə idarəetmə mövcud cəmiyyətə uyğun olur - öz məzmun və məqsədini də həmin cəmiyyətdən alır, bu cəmiyyətin qorunub saxlanmasına, səmərəli inkişafına xidmət edir, cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq dəyişir və təkmilləşir. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi yüksəlir - cəmiyyətin texniki-iqtisadi, sosial strukturunda, ərazi təşkilində əsaslı dəyişikliklər baş verir - cəmiyyətin dəyişməsi idarəetməni də dəyişməyi və təkmilləşdirməyi tələb edir. Sonra bu proses yenidən təkrar olunur. Beləliklə, idarəetmə açıq sistemdir. Burada hər şey dəyişir, əsas məsələ insanlann həyat və fəaliyyətində ortaya çıxan problemləri vaxtında həll etməkdir. İdarəetmənin predmeti nə olursa olsun (texnika, texnoloji proses, təbii yaradıcılıq məhsulu) fərqi yoxdur, onun o biri tərəfində insan, mərkəzində isə insanların qarşılıqlı münasibətləri və mənafeləri durur.
İdarəetmədə məqsədyönlülük əsas şərtdir. Həm də məqsəd konkret vəzifələrlə tamamlanır, məqsəd-vəzifə prinsipi yaranır. Məqsəd aydın, yerinə yetirilə bilən olmalı və real şəraitdən irəli gəlməlidir. Məqsəd müdafiə olunmaq, hüquqi və maliyyə təminatı almaq imkanına malik olmalı, ictimaiyyət tərəfındən dərk edilməli və müdafiə olunmalıdır.
İdarəetmə təşkil etmək (müəssisəni, istehsalı, əhalini, kollektivi, cəmiyyəti və.s.) və məqsədyönlü fəaliyyətə real şərait yaratmaq kimi vacib xüsusiyyətləri də özündə birləşdirir. Beləliklə, cəmiyyətdə idarəetmə insanların ictimai, kollektiv və qrup halında həyat və fəaliyyətinə məqsədyönlü (şüurlu, qərarlaşdırılmış, qabaqcadan düşünülmüş), təşkiledici və tənzimləyici təsir və qarşılıqlı təsir göstərmək formasıdır. Bu təsir bilavasitə özünüidarə formasında və yaradılmış xüsusi strukturlar (dövlət, ictimai birliklər, partiyalar, firmalar, kooperativlər, müəssisələr, ittifaqlar) tərəfindən göstərilir.