Mövzu: 7. Dövlətin kadr siyasəti Plan:
7.1. Dövlətin kadr siyasəti konsepsiyası.
7.2. Kadr siyasətinin prinsipləri və icra mexanizmləri.
7.3. “Fəaliyyətin qiymətləndirilməsi” və “Kadr attestasiyası” prosedurlarının xüsusiyyətləri.
7.4. Məmur kadrlarının hazırlanması və ixtisasının artırılması.
7.5. Kadr siyasətinin mənəvi əsasları. Müasir məmur kadrlarına cəmiyyətin tələbləri.
7.1. Dövlətin kadr siyasəti konsepsiyası Dövlətin kadr siyasətinin formalaşması və həyata keçirilməsi olduqca mürəkkəb və ziddiyyətli prosesdir. Bu proses bir sıra kompleks tədbirlərin həyata keçirilməsi ilə səmərəli ola bilər: dövlətin kadr siyasətinin formalaşması, bu siyasəti tənzimləyən və istiqamətləndirən mükəmməl qanunların qəbul edilməsi; təşkilati-inzibati məsələlərin həlli; elmi-tədqiqat işlərinin aparılması. Dövlətin kadr siyasətinin formalaşması mərhələlərinin aydınlaşdırılması, bu siyasətin yaxın gələcək və uzaq perspektivlərinin dəqiqləşdirilməsi, statistik məlumatlara əsaslanan proqnozların verilməsi, nəzəri konsepsiyaların işlənib hazırlanması, onun mahiyyətinin, prinsiplərinin və icra mexanizmlərinin müəyyənləşdirilməsi də vacib şərtdir.
Bir çox demokratik dövlətlərin təcrübəsində kadr siyasəti konsepsiyasının hazırlanmasına və onun reallaşmasına ciddi surətdə əməl olunur.
Dövlətin kadr siyasəti konsepsiyası-dövlətin kadr problemlərinin həlli, kadr potensialının inkişafı və ondan səmərəli istifadə olunması məqsədilə hazırlanmış, müasir dövrə və perspektivə yönəlmiş fundamental elmi ideyalar toplusudur.
Konsepsiya - bir növ kadr siyasətinin fəlsəfəsi, onun sənəd şəklində nəzəri bünövrəsidir. Konsepsiya о zaman dövlətin kadr siyasətinə çevrilir ki, sənəddəki ideyalar ali hakimiyyət orqanları tərəfindən rəsmi qaydada qəbul edilsin, təsdiqlənsin və kadr proseslərinə dövlətin təsir mexanizmləri işə salınsın.
Beləliklə, aydın olur ki, konsepsiya ideyalar toplusu, müəyyən mənada dövlətin kadr fəaliyyətinin proqram mövqeyidir. Dövlətin kadr siyasəti isə bu mövqenin mükəmməl qanunvericilik əsasında, müəyyən prinsiplər və metodlar vasitəsilə həyata keçirilməsidir. Dövlətin dəqiq və hərtərəfli düşünülmüş kadr siyasəti konsepsiyası olmadıqda kadr prosesləri dolaşa bilər, onların planlaşdırılması və proqnozlaşdırılması qeyri-mümkün olar, kadrların seçilməsi və yerləşdirilməsində kobud səhvlərə yol verilər, cəmiyyətdə xoşagəlməz və hətta ağır nəticələr baş verə bilər.
Dövlət qulluğu nəzəriyyəsində “Kadr siyasəti” və “Kadr işi” anlayışları fərqləndirilir.“Kadr siyasəti” anlayışı idarəçiliklə bilavasitə bağlıdır və geniş dövlət əhəmiyyətli fəaliyyət dairəsini əhatə edir. “Kadr siyasəti” - bir növ fəaliyyət proqramıdır.“Kadr işi” isə kadr siyasətinin həyata keçirilməsinə dair subyektlərin (şəxslərin) fəaliyyətidir. Nəzərə alınmalıdır ki, kadr siyasəti sosial proses kimi çoxsubyektli və çoxsahəli struktura malikdir və məzmununa görə “dövlətin kadr siyasəti” anlayışından xeyli dərəcədə genişdir, çünki dövlətin kadr siyasətinin subyekti rolunda yalnız dövlət çıxış edir. Cəmiyyətdə isə kadr siyasətinin digər subyektləri də mövcuddur və onların hər birinin ümumdövlət əhəmiyyətli məsələlərin həllində, heyətin idarə olunmasında özünəməxsus məqsədləri, strategiyası və taktikası vardır. Bunlar - siyasi partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlan, iri təsərrüfat subyektləri və.s.-dir. Dövlətin kadr siyasəti - xalqın arzu və istəyini ifadə edən, ölkənin əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və inkişafını təmin edən strategiyadır. Eyni zamanda bu siyasət kadr münasibətlərinin tənzimlənməsinə dair rəsmi qəbul edilmiş dövlət fəaliyyətinin məqsəd və prinsipləri sistemini əks etdirir.
Dövlətin kadr siyasəti konsepsiyası heç də bağlı kabinet şəraitində hazırlanmalı deyildir. Bu siyasət nəzəriyyəbazlıqdan uzaq olmalı, reallıqlara və elmə əsaslanmalıdır. Konsepsiya və onun əsasında həyata keçirilən siyasət cəmiyyət üçün о zaman səmərəli və faydalı ola bilər ki, onun hazırlanmasında tanınmış alimlər, inzibati-siyasi elita və yüksək təcrübəyə malik məmurlar iştirak etsin, onların birgə səyləri və təşəbbüsləri qəbul edilsin.
Dövlətin kadr siyasəti konsepsiyasının hazırlanmasında nəzərə alınmalıdır ki, kadr problemləri yalnız təşkilati və inzibati xarakterli məsələlərin həlli ilə kifayətlənməməlidir; bu siyasət çərçivəsində sosial-iqtisadi, hüquqi, mənəvi, sosial-psixoloji və digər problemlərin həlli də öz əksini tapmalıdır. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olmaqla kadr siyasəti ümumdövlət siyasəti əsasında formalaşır.
Dövlətin kadr siyasəti aşağıdakı xüsusiyyətləri özündə əks etdirməlidir:
elmi cəhətdən əsaslanmış, real və yaradıcı olması;
kadr işinə kompleks yanaşılması, bu işin forma, metod, prinsip və məqsədlərinin vəhdəti;
strateji baxımdan perspektivli olması;
kadr problemlərinin həlli mexanizminə, sosial bazasına və məqsədlərinə görə demokratik olması;
humanizm və yüksək etika üzərində qurulması;
həyata keçirilməsinin qanunvericilik çərçivəsində mümkünlüyü.
Hüquqi dövlətdə kadrların seçilməsi, yerləşdirilməsi və fəaliyyət göstərməsi qanunvericiliklə tənzimlənir. Yalnız qanun vəzifəli şəxslərin subyektivizm meyllərinin qarşısını ala bilər və yalnız mükəmməl qanunvericilik bazası üzərində qurulmuş hüquqi mexanizmlər və məmur münasibətləri dövlətin kadr siyasətinin sivil olmasına zəmanət verə bilər. Kadr siyasətinin əsas amillərindən biri də odur ki, dövlətin və vətəndaşın maraqlarının ahəngdar vəhdəti təmin edilsin, fərdi maraqlarla cəmiyyətin maraqlan bir-birini tamamlasın. Bu baxımdan dövlətin kadr siyasətinin başlıca vəzifələri kimi aşağıdakıları göstərmək olar:
dövlət qulluğunda çalışan hər bir işçinin peşə yüksəlişini stimullaşdırmaqla və vəzifədə irəli çəkilməsinə bərabər sosial şərait yaratmaqla onun bilik, bacarıq və səriştəsinin üzə çıxmasına hüquqi təminatların verilməsi;
dövlət idarəetmə sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunması ilə komplektləşdirilməsi.
Bu məqsədlərə nail olmaq üçün cari məsələlərin həlli ilə yanaşı dövlətin kadr siyasəti strategiyasının da müəyyənləşdirilməsi vacibdir.
Dövlətin kadr siyasətinin prioritet strateji istiqamətləri aşağıdakılardan ibarətdir:
- ölkənin əmək ehtiyatlarının və bütövlükdə kadr prosesinin idarə olunmasına dair elmi cəhətdən əsaslanmış kadr siyasətinin normativ-hüquqi və informasiya bazasının yaradılması;
- sahibkarlıq strukturları ilə birgə bazar iqtisadiyyatı tələblərinə uyğun kadr təminatı sisteminin yaradılması (kütləvi xarakterli peşələr üzrə mütəxəssis hazırlığı – fermerlər, sahibkarlar, menecerlər və s.);
- azad əmək bazarının formalaşması, əhalinin məşğulluğuna maksimum dərəcədə təminat verilməsi, işsizliyin aradan qaldırılması.