Mövzu: 6. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsi Plan:
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti və məzmunu.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti və metodları.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin formaları, növləri və strukturu.
6.1. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti və məzmunu Dövlət idarəetmə nəzəriyyəsinin ən vacib problemlərindən biri dövlət idarəetməsinin hüquqi təminatından, hüquqi tənzimlənməsindən ibarətdir. Dövlət idarəetməsinin hüququ tənzimlənməsi dedikdə, geniş mənada, ictimai həyat fəaliyyətinin elə cəhətlərinin nizamlanması nəzərdə tutulur ki, bunlar ümumi iradəni, insan haqlan və azadlıqlarının reallaşdırılması ilə bağlı tələbat və maraqları, humanizmi, sosial ədaləti, tarixi varisliyi, ictimai proses və münasibətlərin dayanaqlığı və etibarlılığını, səlahiyyətli dövlət orqanlarının dövlət işlərinin idarə edilməsi sahəsində norma yaradıcılıq və norma tətbiqetmə fəaliyyətini ifadə edirlər. Dar mənada isə, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi dövlət orqanlarının təşkili və onların fəaliyyət qaydalarının müəyyənləşdirilməsi sahəsində dövlətin fəaliyyətini nəzərdə tutur. Bu halda onun təyinatı dövlət orqanlarının təşkili və fəaliyyəti, onların qarşılıqlı münasibətləri ilə, yəni məqsədləri, funksiyaları, strukturu, metodları, prosedurları, əməliyyatları və dövlət idarəetməsinin digər elementləri ilə bağlı meydana çıxan ictimai münasibətlərin nizamlanmasından ibarət olur.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsi dövlətin hüquqi normaların köməyi ilə ictimai münasibətlərə təsiri prosesidir ki, bunun da nəticəsində ictimai münasibətlərin normativ-hüquqi nizamlanması baş verir. Dövlət maraqlarının ifadə olunduğu ictimai münasibətlər, yəni cəmiyyətin işlərini idarə etmək sahəsində dövlətin vəzifə və funksiyalarının praktiki reallaşdırılması ümumiləşdirilmiş şəkildə dövlət-idarəetmə münasibətləri adlandırılır. Bu münasibətlər yalnız dövlət hakimiyyət orqanlarının mövcud qanunvericiliyə uyğun olaraq təşkili və fəaliyyəti ilə deyil, həm də onların səlahiyyətlərinə uyğun olaraq dövlət hakimiyyət funksiyalarının reallaşdırılması ilə bağlı yaranır, dəyişdirilir və ləğv edilir. Bütün bunlar cəmiyyətin və dövlətin idarə olunması məqsədi ilə həyata keçirilir.
Hüquqi tənzimləmə ictimai münasibətlərə təsir prosesində dövlət tərəfindən reallaşdırılan hüquqi funksiyadır. Bu funksiya vasitəsilə ictimai münasibətlərin iştirakçılarının davranışı hüquqi normalarda nəzərdə tutulan tələblərə uyğunlaşdırılır. Normaların legitimliyi və icrasının məcburiliyi isə cəmiyyət tərəfindən dəstəklənir və dövlətin hakimiyyət gücünün tətbiqi imkanları ilə təmin olunur.
Hüquqi tənzimləməyə dövlət idarəetməsinin tərkib hissəsi kimi baxmaq olar, Çünki bu funksiya müstəsna olaraq dövlətə məxsusdur. Dövlət hüququn zəmanətçisi kimi çıxış edir. Bu zaman o, hüquq tətbiqetmə, hüquqmühafizə sahəsində inhisara malikdir.
Məlumdur ki, dövlət siyasi sistemdə müstəsna yer tutmaqla müxtəlif üsullarla cəmiyyətin digər institutlarının mövcudluğu və fəaliyyəti üçün zəruri şəraiti təmin edir. Dövlət hüquqi sistemin subyekti olaraq vətəndaşdan tutmuş cəmiyyətə qədər hər bir hüquq subyektini həm milli dövlət sərhədləri daxilində, həm də beynəlxalq aləmdə özünü ifadə, özünü inkişaf və özünü təsdiq imkanları ilə təmin edir. Bu mənada dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərləri ilə, şəxsiyyətin azad və hərtərəfli inkişafı üçün şəraitin yaradılmasında onların yeri və rolu ilə açıqlana bilər.
Hüquq anlayışını qanunla qarışdırmaq olmaz. Qədim dövrlərdən hüquq müəyyən edilmiş forma və prosedur üzrə qəbul olunmuş qanunlardan əvvəl yaranan bir məfhum kimi başa düşülür. Qanun isə yalnız hüququ özündə əks etdirməklə onu başqaları üçün öhdəliyə çevirir. Hüquq insanların ictimai və şəxsi fəaliyyətini nizamlamaq sahəsindəki tələbatlan və maraqlan ilə, onların ümumi iradəsi ilə sıx bağlıdır. Hüquq özündə şəxsiyyətin haqq və azadlıqları, humanizm, sosial ədalət, ictimai proseslərin tarixi dayanıqlılığı və etibarlılığı kimi məqamları əks etdirir. Bu isə о deməkdir ki, hüquq heç də sadəcə hakim sinfin və ya monarxın iradəsi, yaxud ali dövlət hakimiyyəti tərəfindən təsdiq olunan (parlament və ya prezident) qanun deyil. O, insanların şüurunun, davranışının, fəaliyyət və münasibətlərinin tərkib hissələrindən biridir və onların bir-birilə əlaqəsini, həmrəyliyini, əməkdaşlığını, vahid bir cəmiyyətə məxsusluğunu ifadə edir. Hüquq öz əksini qanunda tapa bilər və bu zaman hüquqi təsir gücünə malik ola (dövlət strukturları vasitəsilə reallaşdırıla) bilər və ya insanların şüurunda, adət və ənənələrində saxlanıla və beləliklə, bilavasitə həyata keçirilə bilər.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti dövlət hakimiyyətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı münasibətlərdə insanların məqsədəuyğun davranış qaydalarının normativ şəkildə təyin edilməsindən ibarətdir. Bu isə hüquqi tənzimləmənin funksional təyinatım və dövlətin hakim iradəsinin həyata keçirilməsinin hüququ təminatının uyğun texnologiya və üsullarını müəyyən edir. Mahiyyət etibarilə belə tənzimləmənin məzmununu idarəetmə fəaliyyətinin praktiki həyata keçirilməsi texnologiyalarından daha çox dövlət idarəetməsinin səmərəliliyini təminetmə mexanizmi, dövlətin cəmiyyətə (onun formalaşması, fəaliyyəti və inkişafı proseslərinə) təsirinin strateji vasitəsi kimi dövlət qərarlarının işlənib hazırlanması, qəbulu və reallaşdırılması texnologiyaları təşkil edir.
Hüquqi münasibətlər hüquq normalan ilə tənzimlənən ictimai münasibətlər olub insanlar və onların təşkilatları arasında ən müxtəlif fəaliyyət sferalarında meydana çıxır. Dövlət idarəetməsində hüquqi münasibətlər dedikdə, dövlətin və cəmiyyətin işlərinin idarə olunmasının zəruriliyi ilə bağlı dövlət hakimiyyətinin reallaşdırılması nəticəsində yaranan ictimai münasibətlərin hüquq normaları ilə tənzimlənməsi başa düşülür.
Hüquqi münasibətlər, bir qayda olaraq, ikitərəfli xarakter daşıyır: subyektlərdən birinin hüquqlarına digərinin vəzifələri uyğun gəlir və əksinə. Hüquqi münasibətlərin iştirakçılarının hər ikisi son nəticədə subyektlərin hüquq və vəzifələrini müəyyənləşdirən, onların reallaşdırılmasına zəmanət verən dövlətlə bağlıdır.
Beləliklə, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi insanlar üçün icrası məcburi olan, ictimai rəyin və dövlət aparatının imkanları ilə təmin olunan hüquqi davranış normalarının dövlət tərəfindən müəyyənləşdirilməsindən ibarətdir ki, bu da dövlətin-cəmiyyətin hakim qüvvəsinin tələbləri olub, ictimai həyat fəaliyyətini nizamlamaq üçün zəruridir. Bu normalar sosial şərtləndirilmiş, əsaslandırılmış və səmərəli, sistemli təşkil olunmuş və hökmən praktiki reallaşdırılan olmalıdır.