24.XX əsrin 20-ci illərində İtaliyanın xarici siyasət
1926-ci ildə İtaliyada qeyri-məhdud faşist diktaturasının 4 ili tamam oldu. Yaradılmış sabitlik nəticəsində bu dörd ildə ölkə iqtisadiyyatı xeyli inkişaf etdi. Hökumət ABŞ və Ingiltərədən istiqrazlar aldı.
Ölkə daxilində xeyli güclənən Mussolini hökuməti fəal xarici siyasət yeritməyə başladı. 20-ci illərdə İtaliyanın xarici siyasətinin başlıca məqsədi Aralıq dənizinə sahib olub onu "italyan gölü"na çevirmək, "Böyük İtaliya" yaratmaq, Yaxın Şərqdə mülklər əldə etmək və öz nüfuzunu möhkəmləndirmək idi.
Ancaq Italiyanın niyyətləri keçmiş müttəfiqləri tərəfindən narazılıqla qarşılandı. Xarici siyasətdə şovinist və millətçi şüarlar üstünlük təşkil etdi. İtaliya hökuməti Aralıq dənizində və Yaxın Şərqdə çoxlu iddialar irəli sürdü 1923-cü ildə İtaliya yunan adası olan Korfunu tutmaq istəsə də Ingiltərə buna imkan vermədi. İtaliya hələ 1919-cu ildə ordu yeridərək tutmaq istədiyi Fium limanını 1924-cü ildə Yuqoslaviyadan aldı. Albaniya İtaliyanın protektoratlığı altına düşdü. Bundan sonra italyan şirkətləri alban iqtisadiyyatında əhəmiyyətli rol oynamağa başladı.
Mussolini hökuməti SSRİ ilə də münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atdı. 1924-cü ildə iki ölkə arasında diplomatik münasibətlər yaradıldı.
Italiyanın xarici siyasətinin qarşısında duran ən mühüm məsələlərdən biri Həbəşistandakı Eritreya və Somali müstəmləkələri arasında dəmiryolu çəkmək üçün konsessiyalar almaq və onun qərb hissəsində iqtisadi nüfuz qazanmaq idi. 1925-ci ilin dekabrın əvvəllərində İngiltərənin xarici işlər naziri O.Çemberlenla B.Mussolini arasında Rapalloda keçirilən görüşdən sonra bu problem prinsipcə həll edildi. Mussolini və Romadakı ingilis səfiri Qrehem notalar mübadiləsi edərək problemi yoluna qoydular. Qrehem 1925-ci il dekabrın 14-də Mussolininin adına nota göndərərək iki ölkə arasında qarşılıqlı inam və mehriban əməkdaşlığın vacibliyini əsas götürərək İtaliyanın istəklərinin yerinə yetirilməsinə İngiltərənin razı olduğunu bildirdi.
İngiltərənin köməyinə cavab olaraq İtaliya Tana gölündə bəndin tikintisinə, Su dan sərhədindən bu bəndə qədər avtomobil yolunun çəkilişi və istismarına yardım etməli idi. Mussolini 1925-ci il 20 dekabr tarixli cavab notası ilə ingilis şərtlərinə razı olduğunu bəyan etdi. Bu istəklərin həyata keçirilməsi Həbəşistanın faktiki olaraq bölüşdürülməsi demək olduğundan Millətlər Cəmiyyətində kəskin etiraza səbəb oldu.
İtaliya ilə Həbəşistan arasında aparılan danışıqlar 1928-ci ildə müvafiq müqavilənin imzalanması ilə başa çatdı. Həbəşistanda italyan istəkləri yerinə yetirildi.
Dostları ilə paylaş: |