113 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri ayının sonuna qədər bu ixtisaslara qəbul olunacaq tələbə sayını və digər şərtləri bildirəcəkdir”. Protokolda həmçinin təhsilin müxtəlif sahələrində, orta və ali məktəb
müəllimlərinin mübadiləsi, dərslik və nəşriyyat, türkdilli respublikalarda
tədris olunacaq ortaq tarix və ədəbiyyat kitablarının yazılması kimi
məsələlərdə əməkdaşlığın qurulması və daha da genişləndirilməsi əksini
tapıb. Azərbaycan nümayəndə heyəti səfər zamanı Türkiyənin müxtəlif
tədris müəssisələrinə baş çəkib, orta və ali təhsil sistemi ilə yaxından
tanış olub. Bu səfərdən və qeyd olunan Protokolun imzalanmasından
sonra Azərbaycanla Türkiyə arasında tələbə mübadiləsi sahəsində
əməkdaşlığın məzmununda çox ciddi dəyişikliklər baş verib. Bu vaxta
qədər Azərbaycan vətəndaşları xarici dövlətlərə, xüsusilə Türkiyəyə təhsil
almağa göndərilərkən onların ölkəyə daha vacib olan ixtisaslar üzrə təhsilini
təmin etmək məsələsində müəyyən nöqsanlara yol verilirdi. Çox zaman bu,
müəyyən qanunauyğunluğa əsaslanmadan tələbələrin ixtiyarına buraxılırdı.
Nəticədə, bəzi ixtisaslar üzrə ali təhsilli mütəxəssislər ehtiyac olmasa
da Türkiyədə hazırlanırdı. Məsələn, 1997/1998-ci tədris ilinin statistik
məlumatlarına əsasən, Ankara, Qazi, İstanbul, Mərmərə, Egey, Doqquz
Eylül, Səlcuq, Uludağ və On doqquz Mayıs universitetləri üzrə aparılmış
təhlil göstərir ki, bu ali məktəblərdə tələbələrimizin 34,1%-i pedaqoji, 27%-i
iqtisadi, idarəetmə və ictimai elmlər fakültələrində (maliyyə, iqtisadiyyat,
menecment, beynəlxalq əlaqələr, sosiologiya, psixologiya), 8,2%-i hüquq
və jurnalistika, 8%-i ilahiyyat, 5,1 %-i mühəndislik, 4,1%-i kənd təsərrüfatı
və 4,3%-i tibb ixtisasları üzrə təhsil alıblar. Soydaşlarımızın 9,2%-i ali
məktəblərin nəzdində fəaliyyət göstərən ikiillik ali peşə məktəblərinə
(məslək yüksək okulları) qəbul edilib. Göründüyü kimi, tələbələrimizin 1/3
hissəsi respublikamızın bir çox ali məktəblərində mövcud olan ixtisaslar
üzrə təhsil alıblar.
Qeyd olunan Protokol Azərbaycanda həyata keçirilən və aparılacaq
təhsil islahatlarına Türkiyə tərəfinin hərtərəfli yardım göstərməsi və bu
sahədə faydalı əməkdaşlığın qurulması üçün də real zəmin yaradıb. Təhsil
naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 1999-cu
il 22 iyul – 4 avqust tarixində Türkiyəyə növbəti səfəri yeni perspektivlər
açıb. Məqsəd Türkiyədə aparılan təhsil islahatlarının gedişi ilə tanış
olmaq, bu ölkənin təcrübəsini yaxından öyrənmək idi. Həmin il Dünya
Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının ayırdığı kredit hesabına
Azərbaycanın Təhsil Nazirliyi orta təhsil sistemində islahatlara başlamışdı.
Qərb təhsil sisteminə inteqrasiya yolunda böyük uğurlar əldə etmiş Türkiyə