Şiddətli təsiredici maddələr “B” qrupuna aiddir. “B” şkafında saxlanılır. Şkafın üzərinə “Heroica” sözü yazılır. Bu qrup dərmanlara aid resept yazılarsa onda həmin dərmanların dozası XDF üzrə yoxlandıqdan sonra hazırlanmalıdır. Bəzən zəhərləyici və şiddətli təsir göstərən (A və B siyahılarında saxlanan) dərman maddələri poroşokların tərkibində elə kiçik dozalarda (0,05 q-a qədər) verilir ki, bunları adi əl tərəzilərində düzgün çəkmək mümkün olmur. Ona görə də həmin maddələri düzgün dozalandırmaqdan ötrü əvvəlcədən onların triturasion poroşokları hazırlanır. Triturasion poroşoklar süd şəkəri ilə hazırlanır. Süd şəkərinin xüsusi çəkisi alkaloid duzlarının xüsusi çəkisinə uyğun və az hiqroskopik olduğu üçün ondan əsasən köməkçi maddə kimi istifadə edilir. Ona görə də hazırlanmış triturasiya uzun müddət aptekdə saxlanıldıqda və istifadə olunduqda təbəqələşmə əmələ gəlmir.
Triturasiyalar hansı zəhərləyici və şiddətli təsir göstərən dərman maddəsindən hazırlanırsa, həmin maddəyə uyğun siyahı üzrə saxlanılır və onun adı ilə adlanır.
ŞİDDƏTLİ TƏSİREDİCİ VƏ ZƏHƏRLƏYİCİ MADDƏLƏRDƏN POROŞOKLARIN HAZIRLANMASI
Güclü təsiredici maddələr ilə resept hazırlandıqda ilk növbədə köməkçi maddəni çəkib həvəngə tökmək, əzib qarışdırdıqdan sonra güclü təsiredici maddəni tökmək lazımdır.
Rp.:Pulveris Diqitalis 0,05
Papaverini hydrochloridi 0,02
Chinini sulfatis 0,15
M.f. pulv.
D.t.d № 10 in capsules
S. 1 kapsul gündə 3 dəfə
1,5 xinin sulfat çəkilib həvəngdə spirtin köməyi ilə toz halına salınır. 1 hissə həvəngdə saxlanılır, qalan hissə ağ kağız üzərinə tökülür. Sonra həvəngə 0,2 papaverin h/x qarışdırılır, sonra 0,5 üskükotu poroşoku və kənarda olan xinin sulfat əlavə edilir, qarışdırılır. 0,22 qramdan 10 poroşok nişasta kapsulaya doldurulur, kağız torbaya yığılır,etiket vurulur.
Ekstraktlarla poroşokların hazırlanması
Dərman bitkilərindən alınan sulu, spirtli çıxarışlara ekstraktlar deyilir. Ekstraktlar fiziki halına görə 3 qrupa bölünür.