Ümumelmi metodlar empirik (yunanca empiria tərcümə deməkdir) və nəzəri (yunanca theoreo nəzərdən keçirmək deməkdir) metodlardan ibarətdir. Empirik metodlar dedikdə: 1) Müşahidə - tədqiq edilən obyekti birbaşa müdaxilə etmədən passiv surətdə öyrənməkdən və həmin obyekt haqqında keyfiyyətli, dəyərli məlumatları toplamaqdan ibarətdi. 2) Ölçü götürmək – müşahidənin nəticələrindən bəhrələnərək kəmiyyətcə dəyərli məlumatların əldə edilməsi deməkdir. 3) Eksperiment – tədqiq edilən obyektə fəal surətdə müdaxilə edərək artıq baş vermiş dəyişikliklər və yaxud inkişaf dinamikası üzərində təcrübələr aparmaqdır. Eksperiment real və xəyali şəkildə ola bilər. Xəyali eksperimenti nəzəri model də adlandırırlar.
Tarixi tədqiqatın əsas metodlarını ilk növbədə tarixin idrakında abstraksiya, müqayisəli-tarixi metod, tarixi hadisələr arasında səbəb-nəticə əlaqələri arasında analiz və sintezin aparılması, tarixi hadisələrin tiploji təsnifatının aparılması tarixi-sistemli analiz, struktur-diaxron analiz və s. bu kimi metodlar təşkil edir. Hər bir əsas tarixi tədqiqat metodu özündə ümumelmi metodların bir sıra kompleks xüsusiyyətlərini, o cümlədən məntiqi prosedurları, məsələn məntiqi prosedura olan bu analogiya bir çox ümumelmi müqayisə metodlarının əsasını təşkil edir, yaxud ümumelmi müqayisə metodunun prinsipləri, əsasları üzərində tarixi tipologiyalaşdırma metodu işlənib hazırlanmışdır.)
Elmi-tarixi nəzəriyyə və konsepsiyalar yeni xüsusi tarixi metodların işlənib hazırlanması və artıq istifadə edilən metodların korrektliyini təyin etmək, o cümlədən adı çəkilən metodların köməyi ilə əldə edilən nəticələrin adekvatlığını qiymətləndirmək üçün əsas rol oynayır. Tarixi tədqiqatın xüsusi metodları digər fənlərin tədqiqat metodlarından (sosiologiya, demoqrafiya, coğrafiya, iqtisadiyyat, psixologiya, riyaziyyat, linqvistika, kimya və d.) bəhrələnən xüsusi metodlardan və bir də tarixi idrakın öz içərisində intişar tapan xüsusi metoddan ibarətdir. Qədim salnamələrin, xronikaların, arxeoloji mənbələrin, keçmiş inzibati sənədlərin, tarixi şəxsiyyətlərin şəxsi yazışmalarının və digər bir-birinə bənzəməyən sənədlərin interpretasiyası zamanı xüsusi metodlardan istifadə edilir. Tarixçi hansı elmlərin tədqiqat metodlarından istifadə etsə də, o yenə də tarixi tədqiqat metodlarının prinsiplərini gözləyir, yaxud ona əməl edir, yəni o ya hər hansı bir tarixi hadisəni digər tarixi hadisələrlə müqayisə edir, ya da tiplogiya aparır, yaxud onların sistemli xüsusiyyətlərini öyrənir.
Dostları ilə paylaş: |