e)Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta –yəni vedaların yekunu adlandırılır.
Vedanta upanişadlarda əksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanın müəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.
Riqveda himnlərindən birində vahid ali puruşa şəxsiyyətinin mövcudluğu ideyasına rast gəlinir. O bütün kainata nüfuz etsə də ondan kənardadır. Kainatın bütün canlı və cansız obyektləri, sadə insanlar və müqəddəslər burada poetik formada ali şəxsiyyətin hissələri kimi təsvir edilir. Upanişadlarda bütün mövcudiyyətin bu vəhdəti vahid şəxssiz gerçəklik konsepsiyasında, və yaxud vahid can, vahid Brahman konsepsiyasında əksini tapır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda).
Vedanta təlimi sonrakı dövrlərdə də inkişaf etdirilmişdir. Bu təlimin görkəmli ardıcıllarından olan Şankara (788-720) advayta-vedanta monist təlimini, Ramanuca (XII əsr) isə vişişta-advayta təlimini yaratmışlar.
3)Qeyri-ortodoksal fəlsəfi sistemlər. a)Çarvak-lokoyata. Hind fəlsəfəsində “çarvak” sözü materialist anlamı verir. Xatırladaq ki, materializm materiyanı yeganə gerçəklik hesab edən fəlsəfi doktrinadır. Materializm ağıl və şüuru materiyanın məhsulu kimi şərh edir. Bununla belə “çarvak” sözünə heç də materiyanın hərfi tərcüməsi kimi baxmaq olmaz. Bəzi versiyalara görə “çarvak” sözü materialist baxışları ilə məşhur olan müdrikin adından götürülüb. Başqa bir versiyaya görə isə “çarvaklar” adı “ye, iç, şənlən” şüarı ilə çıxış edən materialistlərə verilib. Belə ki, “çarv” –yemək, çeynəmək mənasını da verir. Və yaxud, materialistlərin sözləri xoşagəlimliyi, tez başa düşülənliyi ilə (“çaru” –xoşagələn, tez başa düşülən, “vak” –söz) seçildiyi üçün onlar “çarvaklar” adlandırılıb. Materializmi işarələmək üçün lokayata sözündən də istifadə edildiyi üçün( lokayatamata -adi insanın baxışları) bu təlim həm də çarvak-lokayata adlandırılır. Çarvak-lokoyata təliminin kim tərəfindən yaradıldığı dəqiq bəlli deyil. Bununla belə bir çox hind fəlsəfə tarixçiləri bu təlimin Brihaspati tərəfindən yaradıldığını iddia edirlər.