1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Azərbaycanda maarifçilik fəlsəfəsi, əsas nümayəndələri



Yüklə 340,51 Kb.
səhifə51/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   47   48   49   50   51   52   53   54   ...   115
felsefeimtahansualları

Azərbaycanda maarifçilik fəlsəfəsi, əsas nümayəndələri
Bildiyimiz kimi, maarifçilik bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə bağlı olan fəaliyyətdir.XVIII əsrdən etibarən maarifçilik başlayaraq geniş şəkildə yayılmışdır.Lakin qeyd etmək lazımdır ki, maarifçilik ideyaları və maarifçilik fəlsəfi görüşləri qədim zamanlardan mövcud olmuşdur.Bu fəlsəfənin nümayəndələri həmişə cəmiyyətdəki savadsızlığın, nöqsanların, ziddiyyətlərin aradan qaldırılması üçün çalışmış və buna nail olmuşdular.
Maarifçilik ideyaları Azərbaycanda bir çox maarifçilərin gördüyü işlərdə və fəlsəfi ideyalarında özünü göstərirdi. Bu baxımdan maarifçilik ideyalarının Azərbaycan üçün nəticələri çox təsirli olmuşdur.
Azərbaycanın zadəgan ziyalı təbəqəsinin bir hissəsi XIX əsrdə təhsil almaq üçün İslam ölkələrinə, digər hissəsi isə Rusiyaya və Avropaya gedirdi. Sonuncular təhsil aldıqları ölkələrdə dil və elmlə bərabər həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnir və vətənə qayıtdıqda bu dəyərləri öz milli dəyərləri və mənəvi ənənələri ilə birləşdirərək Azərbaycan xalqının ideologiyasının və fəlsəfəsinin təşəkkülünə təkan verirdilər. Nəticədə Azərbaycanda universallığı ilə fərqlənən maarifçilik cərəyanı yarandı. Avropa və Rusiyada olduğu kimi Azərbaycan maarifçiləri də ictimai böhrandan çıxış yolunu xalqın maariflənməsində görürdülər.
XIX əsrdə Avropada baş qaldıran maarifçi fəlsəfi fikir tədricən Azərbaycan yayılmağa və təsir göstərməyə başlamışdır.XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başlamışdır. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni mühiti ilə əlaqədar olmuşdur.
Azərbaycançılıq və azadlıq ideyalarının təşəkkülündə milli maarifçilik fəlsəfəsinin oynadığı rolu Mirzəbala Məmmədzadə belə xarakterizə etmişdir: "Azərbaycan milli xartiyasının xülasəsi istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycan"a və "Yeni Qafqazya"yadək hər birinin olduqca böyük rolu və dəyərli rolu olmuşdur. Siyasi-ictimai fikirlərimizin tərəqqi və təkamül tarixini təşkil edən bu dövr bugünkü aydın və parlaq istiqlal məfkurəsinin təməlini təşkil edir. Hətta ən uzaq istiqlalımızı təyin etmək üçün belə keçirdiyimiz fikri-inkişaf tarixinə baxmaq və ondan milli hərəkatın ruh və mahiyyəti haqqında bir fikir almaq kifayət edər. O dövrün də özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, o dövrün də qəhrəmanları, məzlumları, şəhidləri və mücahidləri olmuşdur. Onların yorulmaq bilməyən çəkişmələri nəticəsindədir ki, bu gün biz minlərcə gənci ölümə sövq edən bir xartiya almışıq. Zənnimcə, Mirzə Fətəli və Həsənbəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal fikri, Azərbaycan milli xartiyası 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır... Özünün türkçülüyünü və azərbaycançılığını dərk etməyən bir xalq belə bir bəyannaməni 28 may İstiqlal Bəyannaməsini verə bilməzdi".
Tədqiqatçılar Azərbaycan maarifçiliyinin klassik və yeni formasının olduğunu qeyd edirlər. Klassik formada maarifçilik cərəyanının Azərbaycanda hələ orta əsrlərdə mövcudluğunu, onun Azərbaycanda və müsəlman Şərqində islam intibahının tərkib hissəsi kimi çıxış etdiyini, yeni dövr maarifçiliyinin isə XIX əsrdən başlandığını göstərirlər: "Maarifçiliyin mənbələrini bir tərəfdən orta əsrlərin zəngin mənəvi irsində, digər tərəfdən M.P.Vaqif və Q.B.Zakir realizmində axtarmaq lazım gəlir. Yeni dövrün maarifçiliyinin çox mühüm xüsusiyyətlərindən biri də onun xalqımızın milli idealı, milli hərəkatı ilə qırılmaz surətdə bağlı olması idi. Bu idealı müxtəlif cür həyata keçirməyə çalışdıqlarından, maarifçilikdə müxtəlif qollar və cərəyanlar yaranırdı. Orta əsrlər Azərbaycan maarifçiliyinin tarixi millətçilik və dilçilik hərəkatının yaranmasına zəmin yaradan yeni dövr Azərbaycan maarifçiliyi ideyaları isə bu ideyalarla birlikdə birinin digərinə nüfuz etməsi, çulğalaşması və qovuşması şəraitində yaranıb inkişaf etmişdir".
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsində azadlıq ideyalarının təşəkkülünün əsasında milli maarifçilik fəlsəfəsində rolu yüksək qiymətləndirilmişdir. Azərbaycan ziyalıları təhsil almaq üçün xarici ölkələrə üz tuturdular. Bu ölkələrdə təhsil alarkən həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnərək vətənə qayıdırdılar. Vətənə qayıdarkən isə bu dəyərləri öz milli dəyərləri ilə sintez edərək Azərbaycan xalqının ideologiyasının, fəlsəfəsinin, dünyagörüşünün təşəkkül tapmasına şərait yaradırdılar. 
Azərbaycan maarifçilik fəlsəfəsində mədəni bazanın və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən bir sıra fərqli xüsusiyyətləri mövcud idi. İlk növbədə bu dövrün maarifçilərinin dinə münasibəti çox fərqli idi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.

Bu dövrlərdə Azərbaycanda maarifçilik ideyalarının, fəlsəfi görüşlərinin yaranmasında maarifçilərin böyük xidmətləri olmuşdur.Bunlardan misal olaraq M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçi mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdür.

A.A.Bakıxanov 1794 -cü ildə Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycanın maarifçi mütəfəkkiri, alimi,şairi, yazıçısı və tərcüməçisidir. Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlər qələmə almışdır. Əsərlərini “Qüdsi” təxəllüsü ilə yazmışdır.Əsərlərində vətənpərvər, tarixçi, maarifçi bir ictimai xadim mövqeyindən çıxış etmişdir.
A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani - İrəm”, “Kəşfül - Qəraib”, “ Qanuni - Qüdsi” və s. kimi əsərlər qələmə almışdır. “Əxlaqın İslahı”, “Gülüstani - İrəm” əsərlərində məntiq, əxlaq və fəlsəfədən bəhs etmişdir. Onun fikrincə, fəlsəfənin əsas məqsədi təhsillənməkdən ibarətdir.Bakıxanov ağlı,təhsili, maariflənməyi həyatda hər şeydənyüksəkdə tutmuşdur. Onun fikrincə, Allahın verdiyi bilik,ideya insanın işığı, nurudur.
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olan Abbasqulu Ağa Bakıxanov təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində ifadə olunmuşdur.
A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları onun fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.
A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.
O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə ilə praktikanın əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.
Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.
“Təhzibül-əxlaq” əsərində Bakıxanov fəlsəfi görüşlərini irəli sürmüşdür. Əsərdə başlıca məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi keyfiyyətləri formalaşdırıb tərbiyə etmək olmuşdur.
Bakıxanov hər bir insanda, şəxsiyyətdə vicdani saflığa, doğruluq və düsrüstlüyə, mərdliyə, ədalətliliyə önəm vermiş vəonu yüksək qiymətləndirmişdir. Gəncləri şöhrətpərəstlikdən əl çəkməyə, təvazökarlığa meyl etməyə, hər bir insanla xoş rəftar etməyə, ədalətsizliyə yol verməməyə, əməyi sevməyə, əmək adamlarına hörmət bəsləməyə, vətənə məhəbbət dolu olmağa səsləmişdir. Onun əxlaq nəzəriyyəsində insanlığa verilən dəyər, vətənə və xalqa olan məhəbbət, demokratik dünyagörüşü öz əksini tapmışdır.
Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.
Mirzə Kazım bəy xürafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək qiymətləndirmişdi. Onun “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur.
Onun “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilmişdir.
XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin yaranması və inkişafında özünəməxsus yerləri ilə seçilən şair və mütəfəkkirlərdən olan Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani Hikmət” ədəbi məclisi, Seyid Əzim Şirvaninin maarifçiliyin inkişafı və cəhalətin, avamlığın tənqidi baxımından qələmə aldığı satiraları özünəməxsusluğu ilə seçilir.
Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. Axundovun fəlsəfi görüşləri onun yaradıcılığında mühüm yerə malikdir. Onun fəlsəfi görüşlərinin mənbələrinin əsasında rus, şərq və Azərbaycan fəlsəfəsi mədəniyyəti durur.Axundov qədim Yunan fəlsəfi fikri və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Axundova görə, fəlsəfənin başlıca vəzifəsi bütün kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Onun fəlsəfi təliminə görə, dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.
Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur,ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda inikası adlandırmışdır O, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.
M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi görüşlərinə görə ateist olmuşdur. O, dinlə elmin bir yerdə ola bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir.
Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarı olan Axundovun (M.F.Axundzadə) “Kəmalüddövlə məktubları”, “Mollayi Ruminin və onu təsnifinin babında”, “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində onun yüksək fəlsəfi ideyaları öz əksini tapmışdı.
Onun fikrincə, zaman ilə məkan vacib atributlardır. Maddi varlıq həmişə hərəkətdədir, qanunauyğunluğa əsaslanır. Bu baxımdan kainat həm yaradılan,həm də yaradandır. Onun fəlsəfi fikirləri rasionalizmə əsaslanırdı.
XIX əsr Azərbaycan maarifçilərindən olan təbiətşünas alim və mütəfəkkir Həsən bəy Zərdabi Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli qəzet və ilk milli teatr yaradıb, ölkədə ilk Azərbaycan müəllimləri qurultayının çağırılmasının təşəbbüsçüsü olmuşdu. Bir nəzəriyyəçi kimi Zərdabi xalqın "etnik özünümühafizəsi" probleminə mühüm diqqət yetirib. Onun bu konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət və din fenomenlərinə xüsusi diqqət verilirdi. "Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir" söyləyən Zərdabi xalqın mənlik şüurunu oyatmağa, onu xurafatdan xilas etməyə çalışır, milli qırğına təhrik edən erməni millətçilərini mətbuatda kəskin tənqid edirdi. Mövhumat və cəhalətin elm və maarifə zidd olduğunu göstərən Zərdabi dini idealizm mövqeyindən çıxış edən Lev Tolstoyun insanın ilahiləşdirilməsinə aparan görüşlərini də tənqid edirdi. Cəmiyyətdə sosial bərabərsizliyə insanların elmi və mənəvi kamilləşməsi ilə son qoyulacağına inanan Zərdabi maarif zəminində siniflər arasında ümumi dil tapmağa səsləyirdi. Zərdabi bütün yaradıcılığı boyu zəhmətkeş xalqın havadarı və müdafiəçisi olmuşdu. O, əsərlərində sosial və iqtisadi məsələləri qoymaqla yanaşı, onların elmi həllinə xüsusi diqqət vermişdi. Mütəfəkkirin fəlsəfi görüşləri haqqında məlumatı onun "Torpaq, su və hava" adlı əsəri verir. Burada Yer planetinin təkamülünün elmi-materialist təsviri, onun müxtəlif tarixi dövrləri, bitki və heyvanat aləminin əlaqələri göstərilir, insanın yaranması haqqında dinə zidd fikirlər irəli sürülür.
Yuxarıda qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.
Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin