BÖYRƏK ŞİŞLƏRİ NECƏ AŞKAR EDİLİR? Bel nahiyyəsində qeyri-spesifik ağrı və ya böyrək şişinə şübhə olan hallarda, böyrəklərin ultrasəs müayinəsi geniş tətbiq olunur. Bu müayinənin üstünlükləri onun əlverişli (ucuz) qiyməti, əlçatanlığı və təhlükəsizliyidir. Həmçinin, rentgen müayinəsindən fərqli olaraq, ultrasəs müayinəsində zərərli təsirləri olan rentgen şüalarından yox ultrasəs dalğalarından istifadə edilir. Ultrasəs müayinəsi zamanı adi böyrək sistini şişdən və ya kompüter tomoqrafiyasının aparılmasını tələb edən şübhəli bir törəmədən aydın şəkildə ayırd etmək olar.
Ultrasəs müayinəsinin çatışmazlıqlarına aşağıdakılar aiddir: piylənməsi olan xəstələrdə tam etibarlı nəticə verməməsi, bəzən bağırsaqlardakı qazların və ya qabırğaların mane olması səbəbindən ultrasəs müayinəsi ilə şişin aşkarlanmasının çətinləşməsi. Bundan əlavə, müayinə nəticələri ultrasəs aparan həkimin təcrübəsindən və ixtisaslaşmasından asılıdır.
BÖYRƏK XƏRÇƏNGİNİN MÜALİCƏSİ. MÜASİR YANAŞMA Böyrək xərçəngi hallarında müalicə seçiminə təsir edən əsas amil şişin yayılmasıdır (metastazlaşmasıdır), yəni şiş hüceyrələrinin digər orqanlarda da olub olmamasıdır.
Cərrahi müalicə
Adətən bu patologiya zamanı şişlə birgə böyrək, ətraf toxumalar, o cümlədən böyrəyi əhatə edən piy toxumaları, limfa düyünləri və bəzən böyrəküstü vəzin (radikal nefrektomiya) çıxarılması əməliyyatı aparılır. Bəzi hallarda, şişin bədəndən tam çıxarılması, şişə bitişik olan digər orqanların da çıxarılmasını tələb edir.
Böyrək şişləri ölçü olaraq kiçik olan xəstələrdə laparoskopik radikal nefrektomiya aparılır. Belə əməliyyat bir neçə kiçik punksiyon dəlik vasitəsilə, böyük kəsik olmadan aparılır. Şiş olan çıxarılmış böyrək, qarının aşağı hissəsində kiçik bir kəsiklə götürülür. Belə müdaxilənin üstünlüyü əməliyyatdan sonra orqanizmin daha sürətli bərpasıdır.
Böyrək şişi olan xəstələrin bir hissəsində şiş venoz sisteminə, həttə bədəninin ən böyük venası olan aşağı boş venaya nüfuz edə bilir. Bu hallarda əməliyyat daha mürəkkəb olur və böyük qan itkisi ilə müşayiət edilə bilər.
Hal-hazırda böyrək şişlərinin orqanqoruyucu (böyrəyin saxlanması ilə) adlanan müalicənin tətbiqi tez-tez həyata keçirilir. Kiçik ölçülü şişlərin əlverişli yerləşməsi hallarında, bütöv böyrəyi çıxarmadan yalnız böyrək toxumasının bitişik hissəsi ilə şişin tamamilə çıxarılması (böyrək rezeksiyası) mümkündür.
Müəyyən bir əməliyyatla bağlı son qərar kompüter tomoqrafiyası zamanı əldə edilən məlumatların təhlilindən sonra cərrah tərəfindən qəbul edilir. Cərrahi müalicəyə əks göstərişləri olan çox yaşlı xəstələrdə kiçik şişlər zamanı yalnız müşahidə mümkündür. Bu yanaşmada əməliyyat yalnız xəstələrin kiçik bir hissəsində müşahidə olunan şiş ölçüsünün artması zamanı həyata keçirilir.
Kiçik böyrək şişlərinin alternativ müalicə üsulu radiotezlikli (radiofrekans ) ablasiyadır – ultrasəs, kompüter tomoqrafiyası və ya laparoskopiya nəzarəti altında şişə daxil olan və yüksək temperatur əmələ gətirən xüsusi zond vasitəsilə şişin məhv edilməsidir. Bu müalicənin üstünlüyü travmatikliyin aşağı səviyyədə olması, həmçinin yaşlı və ya ağır xəstələrin buna yaxşı tab gətirməsidir.
Şüa terapiyası
Böyrək xərçəngi şüa müalicəsinə az həssasdır. Hal-hazırda böyrək xərçənginin müalicəsində şua terapiyası yalnız sümük və ya beyin metastazları olan xəstələrdə ağrı kəsici efektinə görə istifadə olunur.
Kimya terapiyası
Bu günə qədər böyrək xərçəngi olan xəstələrdə ənənəvi şiş əleyhinə kimya terapiyası dərmanlarının istifadəsinin nəticələri təsəlliverici deyil. Böyrək xərçəngi zamanı demək olar ki, mövcud olan bütün kimya terapiyası dərmanlarından istifadə edilmişdir. Təəssüf ki, kimya terapiyası dərmanlarından heç biri böyrək xərçəngində effektivliyini göstərməyib.
İmmunoterapiya
Metastatik böyrək xərçəngi üçün immunoterapiya hazırda ən effektiv müalicələrdən biridir. Böyrək xərçəngi zamanı əsasən, iki immunoloji dərman istifadə olunur – interleykin-2 və interferon-alfa. Hər iki dərmanın oxşar effektivliyi ilə bərabər, interferon ilə müalicə zamanı daha az yan təsir inkişaf edir, buna görə də klinik praktikada əsasən interferon istifadə olunur.
Hədəfli (eng. target) terapiya
Son illərdə, şiş hüceyrələrinin inkişafının müxtəlif molekulyar mexanizmlərinə “hədəf” təsir göstərən bir sıra yeni dərmanlar hazırlanmışdır. İnkişaf etmiş böyrək xərçəngi zamanı bir sıra dərmanların istifadəsi ənənəvi immunoterapiyadan daha təsirli olmuşdur.
Lakin, hazırda bu dərmanların son dərəcə bahalı olmaları onların klinik praktikada geniş yayılmasına mane olur. Hədəfli terapiyanın imkanlarının öyrənilməsi hazırda davam edir.
MÜALİCƏDƏN SONRA MÜŞAHİDƏ NECƏ APARILMALIDIR? Müalicə başa çatdıqdan sonra, xəstəliyin inkişafının davam etməsinin və ya residivin əmələ gəlməsini vaxtında aşkar etmək üçün vaxtaşırı müayinədən keçmək lazımdır.
Xəstəliyin mərhələsindən və aparılan müalicədən asılı olaraq, həkim müayinələrin tezliyini və həcmini təyin edəcəkdir.
Standart müayinələrə aşağıdakılar daxildir:
•qarın boşluğunun ultrasəs müayinəsi
•döş qəfəsinin rentgenoqrafiyası
•qanın ümumi və biokimyəvi analizi
•sidiyin ümumi analizi.