Mövzu:9 İdarəçiliyin möhkəmləndirilməsi.70-80-ci illərdə sosial-iqtisadi uğurlar
Plan
1.XX-ci əsrin 70-80-cı illərində Heydər Əliyevin mədəni irsimizə sahib çıxması
2.XX-ci əsrin 70-80-cı illərində Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar
1.XX əsrin 60-cı illərinin ortalarında növbəti dəfə Ermənistanda azərbaycanlılar əleyhinə hərəkat başladı. 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. Bu, azərbaycanlıların sıxışdırılmasına yeni təkan verdi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. Moskvanın köməyi ilə Respublika rəhbərliyinin qətiyyətsizliyi üzündən Azərbaycandakı erməni lobbisinin mövqeləri gücləndi. Dağlıq Qarabağda millətçilik dərinləşir, ermənilər burada yaşayan azərbaycanlıları açıqca sıxışdırırdılar. Hətta 1967-ci ildə Xankəndində bir neçə nəfər azərbaycanlı qətlə yetirildi. Respublika rəhbərliyi isə seyrçi mövqe tutaraq, “xalqlar dostluğunu” möhkəmləndirmək üçün tədbirlər görürdü. Azərbaycan SSR Ali Sovetinin Rəsayət Heyəti 1969-cu il mayın 7-də sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin iyulunda Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi. Azərbaycan SSR-ə rəhbərlik 1969-cu ilin iyulunda Heydər Əlizra oğlu Əliyevə tapşırıldı. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdır. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Heydər Əliyev 1969-cu il avqustun 5-də özünün islahat platformasını irəli sürdü. O, respublikanın siyasi, sosial-iqtisadi və mədəni həyatını dərindən təhlil etdi, ciddi nöqsanların olduğunu göstərdi. Eyni zamanda nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirildi, ölkədə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamının möhkəmləndirilməsi zərurəti irəli sürüldü. Heydər Əliyev özünün bacarığı və ağıllı siyasəti ilə mərkəzin diqqətini cəlb etdi. O, ölkədə böyük nüfuz qazandı. 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. Bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə səmərəli istifadə etdi. Heydər Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi. 630 min nəfərlik yeni iş yerləri açıldı. Heydər Əliyev 1975-ci ildə Bakıda Məişət Kondisionerləri zavodunun tikilməsinə nail oldu. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlər böyüdü. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və s. kimi yeni yaşayış massivləri salındı. 1982-ci ildə Hüseyn Cavidin nəşinin qalıqlarının İrkutsk vilayətindən gətirilib doğma vətənində, Naxçıvanda dəfn edilməsi xalqın mənəvi dəyərlərinə göstərilən qayğının təzahürü idi. Heydər Əliyev hakimiyyəti dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. Bölgənin iqtisadi və mədəni inkişafı diqqət mərkəzində saxlanılırdı. Şuşanın mədəni və iqtisadi inkişafına qayğı göstərilirdi.
2.Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyəti sayəsində 1970-ci illərdə – Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin artım sürətinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan yüksəlirdi. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılmışdı. Respublika elektrotexnika sənayesinin flaqmanı Sovet İttifaqının ən böyük zavodlarından biri – Bakı Məişət Kondisionerləri zavodu idi. Bu zavod 1975-ci ildə H.Ə.Əliyevin təşəbbüsü ilə tikilmişdi. Aparılan islahatlar nəticəsində Azərbaycan SSRİ-nin ən iri elektrotexnika sənayesi mərkəzlərindən biri oldu. Həmin dövrdə ölkənin bütün neft-mədən avadanlığının üçdə iki hissəsi, məişət kondisionerlərinin hamısı, sintetik kauçuk və bir sıra digər kimya məhsullarının xeyli hissəsi Azərbaycanda istehsal olunurdu. Respublikanın 350 növ yüksək keyfiyyətli məmulatı dünyanın 65 ölkəsinə ixrac edilirdi. Azərbaycan ərazisinin şimal-qərb hissəsini Bakı–Tiflis dəmir yolu xətti ilə birləşdirən Yevlax– Balakən (uzunluğu 162 km) dəmir yolu başa çatdırılıb istifadəyə verilmişdi. Azərbaycanın SSRİ-nin ən iri elektrotexnika sənayesi mərkəzlərindən biri olduğunu hansı faktlarda görmək mümkündür? XX əsrin 60-cı illərindən başlayaraq, əsasən, Sovet İttifaqının başqa ərazilərində, xüsusilə Qərbi Sibirdə yeni neft yataqlarından çox böyük həcmdə daha ucuz xammal çıxarılırdı. Yanacaq sənayesinin inkişafına lazımi qədər vəsait ayrılmaması nəticəsində respublikada 1960-cı illərin ikinci yarısından neft hasilatı ildən-ilə aşağı düşməyə başladı. Lakin 1980-ci illərin ikinci yarısından onun hasilat səviyyəsi sabitləşdirildi. Bu illərdə Azərbaycanda təbii qazın çıxarılması sahəsində də uğur qazanıldı. Bakıda müasir texnologiyaya əsaslanan neft emalı üzrə yeni qurğuların yaradılması nəticəsində Azərbaycan qonşu respublikalardan gətirilən xam neftin də emalını həyata keçirirdi. Neft hasilatının respublikada sabitləşməsi fürsətindən istifadə edərək Azərbaycanın Xəzər sektorunda geniş miqyasda geoloji-kəşfiyyat işlərinin aparılmasına başlanıldı. Məhz həmin illərdə respublikanın neft sənayesinin Xəzər dənizi hesabına böyük gələcəyini nəzərə alaraq son dərəcə mühüm bir tədbir həyata keçirildi. Sovet İttifaqının ümumi vəsaitindən alınan 400 milyon dollar hesabına Bakıda Dərin Özüllər zavodu kimi çox nəhəng bir zavodun tikilməsi reallaşdırıldı. Zavod 1986-cı ildə fəaliyyətə başladı.
Dostları ilə paylaş: |