3.Kanal rejimi və quruluşu
Marketinq kanalları öz ümumi məhsulları üçün əməkdaşlıq edən firmalardan ibarətdir. Hər bir kanal üzvü digərindən asılıdır. Məsələn müştərilərin ehtiyaclarını ödəməyə imkan verən maşınların istehsalı ilə məşğul olan “Ford” şirkəti həmin məhsulların satışı ilə məşğul olan dilerlərdən asılıdır. Dilerlərin fəaliyyəti isə öz növbəsində “Ford” şirkətinin fəaliyyətindən asılıdır.
Kanal üzvülərindən hər biri kanalda ixtisaslaşmış fəaliyyəti ilə seçilir. Belə ki, məsələn, “Sony” şirkətinin rolu müştərilərin xoşladığı elektronika məhsulları istehsal etmək və həmin məhsullara ümummilli miqyasda reklamlar vasitəsilə tələb formalaşdırmaqdan ibarətdir. Kanalda olan başqa bir vasitəçinin rolu isə sözügedən şirkətin məhsullarını münasib yerdə nümayiş etdirməkdən ibarət ola bilər. Bütövlükdə götürüldükdə kanalın səmərəli fəaliyyəti kanalda iştirakçı qismində çıxış edən iştirakçıların öz öhdələrinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirmələrindən asılıdır.
Kanalın ümumi uğuru həmin kanalda fərdi şəkildə iştirak edənlərin uğurlarından asılıdır. Ona görə də kanalın səmərəli fəaliyyəti naminə onların(iştirakçıların) öz işlərinin öhdəsindən bacarıqla gəlmələri çox asılıdır. Kanal iştirakçıları biri-birinin rolunu başa düşməli, qəbul etməli, öz fəaliyyətlərini əlaqələndirməli və ümumi məqsədə nail olmaq üçün əməkdaşlıq etməlidirlər. Buna baxmayaraq, ayrı-ayrı kanal üzvüləri məsələyə bəzən geniş səpgidə yanaşırlar. Belə ki, kanalın ümimi məqsədləri naminə edilən əməkdaşlıq bəzən fərdi maraqlarla ziddiyyət təşkil edir. Belə ki, kanal üzvüləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinə baxmayaraq, bəzən fərdi maraqlar da izləyirlər və bu, onların fərdi qaydada hərəkət etmələrinə gətirib çıxarır. Bir sıra hallarda kanal iştirakçıları arasında vəzifə və hüquqların bölünməsi məsələsində fikir ayrılıqları meydana gəlir. Məqsədlər, rollar və hüquqlar üstündə yaranan bu cür narazılıqlar kanal münaqişələri adlanır.
Üfiqi və şaquli kanal münaqişələrini fərqləndirirlər. Üfiqi kanal münaqişələri kanalda eyni səviyyədə duran firmalar arasında yaranır. Məsələn, “Ford”un Çikaqodakı dilerləri arasında yaranan münaqişə üfiqi kanal münaqişəsinə yaxşı nümunədir. Bu səviyyədə dilerlər arasında yaranan münaqişə onlardan bəzilərinin sözügedən şəhərdə qiymətləri azaltmaqla daha çox satışa nail olmaq səbəbindən və yaxud dilerlərdən bəzisinin başqa bir dilerin satış ərazisinə daxil olmaq ucbatından yarana bilər.
Şaquli kanal münaqişəsi eyni kanalın müxtəlif səviyyələrində vasitəçi kimi çıxış edən firmalar arasında yaranır və bu cür münaqişələr daha tez-tez baş verir. Məsələn, “H&R Block” franyayzerləri “övladları olduqları şirkətin İnternet vasitəsilə müştərilərə məhsul satmalarını təqdir etmir və onlar həmin şirkətə öz narazılıqlarını bildirirlər.
Onu da qeyd edək ki, kanaldakı bəzi münaqişələr sağlam rəqabət zəminində yarana bilər. Bu tip münaqişələr kanalın ümumi effektivliyinə müsbət təsir göstərə bilər. Amma kəskin və kanalda uzun müddət davam edən münaqişələr kanalın ümimi effektivliyinin azalması ilə nəticələnir. Ona görə də bu cür münaqişələrin qarşısı vaxtında alınmalı və münaqişələr kanalın effektiv fəaliyyətinin təmin olunması üçün idarə edilməlidir.
Dostları ilə paylaş: |