7.Torpaqda üzvi maddələrin mənbəyi
Torpaqda və biosferdə üzvi maddələrin ilkin mənbəyi ilkin produsetlər və ya avtotroflar, yəni mineral birləşmələrdən üzvi maddələri sərbəst sintez etmək qabiliyyəti olan orqanizmlərdir. Yerüstü ekosistemlərdə ilkin məhsulun əsas hissəsini yaşıl bitkilər istehsal edir. Torpağa təkcə ölmüş bitkilərin qalıqları (ilkin üzvi maddə) deyil, onların mikrobioloji transformasiyasının məhsulları, həmçinin heyvan qalıqları da (törəmə üzvi maddə) daxil olur. Torpağa daxil olan bütün üzvi qalıqlar mikroorqanizmlər və torpaq faunasının nümayəndələri tərəfindən emala məruz qalır. Bu emalın son məhsulu mineral birləşmələrdən ibarətdir. Torpağa daxil olan mikrobioloji mənşəyli törəmə üzvi qalıqların miqdarı ilkin məhsuldan bir neçə dəfə azdır. Lakin bu göstərici bir ildə 1 t/ha-a çata bilər. Ölmüş torpaq faunasından torpağa daxil olan üzvi qalıqların miqdarı əksər torpaqlarda ildə 100-200 kq/ha təşkil edir.
Müxtəlif tip torpaqlarda daxil olmuş üzvi qalıqların torpaq profilində paylanması eyni deyildir. Torpağa daxil olan üzvi qalıqların kimyəvi tərkibi əksər hallarda ölmüş orqanizmlərin tipindən asılıdır. Beləliklə, torpaqdakı üzvi maddələrin mürəkkəbliyi və müxtəlifliyi torpağa daxil olan üzvi qalıqların müxtəlifliyi ilə və onların sonrakı transformasiya şəraiti ilə qabaqcadan müəyyən edilmiş olur. Torpağın üzvi maddələrinin tərkibində bütün bitki birləşmələri, bakteriya və göbələk plazmaları, həmçinin onların qarşılıqlı təsirinin və transformasiyasının məhsulları daxildir. Bunlar minlərlə birləşmə olub, mövcudluq müddəti bir gündən yüz və ya min ilə kimi davam edə bilər. Əksər torpaq tiplərində torpaq profilində üzvi maddələrin əsas hissəsi üzvi birləşmələrin “ölü” ehtiyatından ibarətdir.
Köklərdən, mikroorqanizmlərdən, torpaq faunası nümayəndələrindən ibarət canlı biokütlə (edafon) müxtəlif torpaqlarda təqribən ümumi üzvi maddənin 2-15%-ni təşkil edir. Bitki və heyvanların parçalanmamış qalıqları torpaq nümunələrində gözlə və ya lupa ilə asanlıqla görünəndir. Bu qrupdan olan üzvi qalıqlar əksər mineral torpaqların cansız fazasının ümumi üzvi qalıqlarının 5-10%-ni təşkil edir. Humus – torpağın üzvi maddəsinin əsas hissəsidir. O, iki qrupa bölünür: Qeyri-spesifik üzvi birləşmələr əksər mineral torpaqlarda üzvi maddələrin ümumi kütləsinin 1-2%-ni təşkil edir. Bu birləşmələrə şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələri, üzvi turşular və s. daxildir. Spesifik humus birləşmələri – daha səciyyəvi spesifik hissə olub, əksər mineral torpaqlarda ümumi üzvi birləşmələrin 80-90%-ni təşkil edir.
Dostları ilə paylaş: |