26.Dağ qaratorpaqları
Dağ qaratorpaqları Böyük Qafqazın dağətəyi və alçaq dağlıq zonalarında (Bozqır Açınohur düzü) və Şamaxı yaylalarında, Kiçik Qafqazda Murovdağın və Qarabağ silsilələrinin şimal yamaclarında, həmçinin Gədəbəy rayonunda inkişaf etmişdir. Bozqır yaylasında bu torpaqlara 600 m-dən 1200-1500 m-dək yüksəkliklərdə 34640 ha sahədə rast gəlinir. Dağ qaratorpaqları özünün yayılmasında müstəqil coğrafi zona əmələ gətirmir, meşənin aşağı sərhədlərində meşə torpaqlarının ətrafında ayrı-ayrı massivlər və adalar şəklində yayılır. Bəzi hallarda bu torpaqlara ot örtüyü yaxşı inkişaf etmiş seyrəkləşmiş quru meşələrdə və meşələrin sıradan çıxarıldığı dərindən bozqırlaşmış meşə-bozqır massivlərində rast gəlmək mümkündür. Dağ qaratorpaqlarının yayıldığı dağ və çəmən bozqırlarının iqlimi mülayim isti və quru qış fəsli ilə səciyyələnir.
Azərbaycan dağ qaratorpaqlarının inkişafında iki dövr (faza) özünü aydın göstərir. Bunlardan biri quruma dövrü olub əsasən iyul-avqust aylarını əhatə edir. Alçaq temperaturun hakim olduğu nisbətən qısa qış mövsümündə torpaqların rütubətlənməsi prosesi gedir. Respublikamızın dağ qaratorpaqları relyefin nisbətən yüksək elementlərində topallı-taxılkimilər müxtəlif otlu çəmən bozqırları, həmçinin Böyük və Kiçik Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində mülayim quru bozqırların ağotlu-topallı müxtəlif otlu senozları altında formalaşırlar. Bu torpaqların inkişafında ot bitkilərindən ağot, şırımlı-topal, daşdayan, tükburun ayrıq, ala tonqolotu, incə nazikbaldır böyük rol oynamışdır. Topallı otlar çim yaradan bitki olub bozqırları əmələ gətirir. Daşdayan ən çox meşə altından çıxmış sahələrdə yayılaraq, bərk və kələ-kötür çim qatı yaradır, dənəvər və dənəvər-topavari struktur əmələ gətirir.
Dağ qaratorpaqlarının aşağıdakı yarımtipləri ayrılır: yuylmuş, adi, karbonatlı və bərkimiş qaratorpaqlar.
Yuyulmuş dağ qaratorpaqları. Bu yarımtipə daxil olan dağ qaratorpaqları Böyük Qafqazın şimal-şərq və cənub-şərq yamaclarında, Kiçik Qafqazda isə Murovdağın şimal və cənub yamaclarında çox da geniş olmayan sahələrdə yayılmışdır. Şamaxı yaylasında bu torpaqlar əsasən 1000-1200 m yüksəklikdə formalaşmışdır. Yuyulmuş qaratorpaqlar böyük məsafədə bozqırlaşmış qəhvəyi torpaqlarla həmsərhəd olmaqla dağların yaylavari düzənliklərində, az mailli şimal yamaclarda, nisbətən rütubətli şəraitdə inkişaf edir.
Adi dağ qaratorpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar Böyük və Kiçik Qafqaz dağlıq vilayətlərində təbii drenləşmiş nisbətən yüksək təpəli dağ şleyflərində geniş yayılmışdır. Bu qaratorpaqlar adətən yuyulmuş qaratorpaqlardan aşağıdakı qurşaqda ağ otlu topal bozqırları fonunda delüvial çınqıllı yaxud lösşəkilli gillicələr üzərində formalaşırlar.
Karbonatlı dağ qaratorpaqları yarımtipi. Karbonatlı qaratorpaqlara Böyük Qafqazın şimal-şərq hissəsində Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzələrində xeyli geniş sahələrdə rast gəlinir. Kiçik Qafqazın cənub hissəsində Kəlbəcər və Laçın meşələrinin kənarlarında bu torpaqlara ayrı-ayrı zolaqlar və ləkələr şəklində təsadüf edilir. Yüksəklik etibarilə göstərilən torpaqlar Ağyazı düzündə 600-700 m, Şamaxı yaylasında isə 1000-1200 m yüksəkliklərdə yayılmışdır. Karbonatlı dağ qaratorpaqları meşə altından çıxmış sahələrin dərindən bozqırlaşması nəticəsində formalaşmışdır.
Bərkimiş dağ qaratorpaqları yarımtipi. Bu yarımtipə aid edilən qaratorpaqlar Kiçik Qafqazda Murovdağ silsiləsinin şimal yamacında, Qarabağın cənubunda, Böyük Qafqazda isə Bozqır yaylasında və dağətəyi qurşaqda, vahid zona yaratmayaraq çox da böyük olmayan massivlər şəklində yayılmışdır. Şamaxı yaylasında təsvir edilən torpaqlara 1000-1200 m, Altıağac massivində isə 1200-1500 m yüksəkliklərdə təsadüf etmək mümkündür. Böyük Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində bu torpaqlar qəhvəyi dağ-meşə, boz-qəhvəyi və bozqırlaşmış qəhvəyi torpaqlar arasında yerləşmişdir. Bir sıra torpaqşünaslar bu torpaqlarda bərkimiş horizontun əmələ gəlməsini vaxtilə meşənin təsiri altında olması ilə əlaqədar yüksək rütubətliliklə izah edir, onları qara rəngli bərkimiş torpaqlar adı ilə xüsusi genetik tipə aid edir, bu torpaqların öz inkişafında hidromorf torpaqəmələgəlmə mərhələsindən keçdiyini və s. Göstərirdilər.
Dostları ilə paylaş: |