56.SSRİ üçün İkinci Dünya müharibəsinin nəticələri. SSRİ müharibədən sonrakı ilk dövrdə (1945-1953-cü illər): daxili və xarici siyasət
1945-ci ilin mayın 9-11-də Avropada, sentyabrın 2-də isə Sakit okean və Uzaq Şərqdə müharibənin qurtarması ilə İkinci dünya müharibəsi başa çatdı. bu müharibə öz nəticələrinə görə SSRİ üçün daha ağır idi. Müharibədə SSRİ 27 milyon nəfər adam itirdi SSRİ-nin itkisi ABŞ-ın itkisindən təxminən 70 dəfə çox idi. Müharibə SSRİ-yə həm də çox böyük maddi zərər vurdu. Kənd təsərrüfatında əkin sahələri əksildi. Əhalinin kişi qisminin sayı azaldı. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi. İkinci dünya müharibəsi nəticəsində SSRİ-də 11 min adam Sovet İttifaqı qəhrəmanı adı ilə (Azərbaycandan 121 nəfər) 7 milyon adam isə müxtəlif orden və medallarla təltif edildi. Yeganə G.K.Jukov dörd dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü.
İkinci dünya müharibəsindən sonra SSRİ dünyanın ikinci böyük–super dövlətinə çevrildi. Müharibə həm də SSRİ-yə imkan verdi ki, azad edilməsində iştirak etdiyi Avropa ölkələrində «sovet modeli»ni tətbiq etsin. İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazisində də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris konfranslarının qərarları əsasında Köniqsberq (Kalininqrad), həmçinin Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və Bessarabiya SSRİ-yə verildi. Tuva RSFSR-in muxtar vilayəti oldu. SSRİ ilə Polşa arasında qarşılıqlı ərazi mübadiləsi haqqında müqavilə bağlandı. SSRİ mərkəzi Belostokda olan rayonu Polşaya verdi. Polşa da öz növbəsində mərkəzi Vladimir-Volınski şəhərində olan rayonu SSRİ-yə verdi. 1947-cı ilin fevralın 10-da Finlandiya ilə bağlanmış Paris sülhünə əsasən Petsamo vilayəti Finlandiyadan alınaraq, yenidən SSRİ-yə verildi. Xanko yarımadası da SSRİ-nin 1954-cü ilə qədər ixtiyarında qaldı. Yaponiya İkinci dünya müharibəsində məğlub olduğuna görə 1904-1905-ci illərdə olmuş rus-yapon müharibəsi nəticəsində Rusiyadan alınmış Kuril adaları və Saxalinin cənub hissəsi də yenidən SSRİ-yə qaytarıldı. Port-Arturda SSRİ 1954-cü ilə qədər öz hərbi bazalarını yerləşdirmək imkanı qazandı. 1946-cı ildə SSRİ Əfqanıstanla iki ölkə arasında sərhədin Amudərya çayı axarı üzrə müəyyən edilməsi haqqında saziş bağladı. SSRİ İkinci dünya müharibəsindən sonrakı ilk dövrdə (1945-1952-ci illər). SSRİ hələ İkinci dünya müharibəsinin gedişində xalq təsərrüfatının bərpasına başladı. 1943-cü ilin avqustunda SSRİ Xalq Komissarlar Soveti «Alman işğalından azad edilmiş rayonlarda təsərrüfatın bərpası haqqında» xüsusi qərar qəbul etdi. Sovet torpaqları azad edildikcə, köçürülmüş mal qara və insanların geri qaytarılması başlandı. Ölkə iqtisadiyyatı 1945-1946-cı illərdə hərbi xətdən dinc xəttə keçirilməyə başladı.
1946-cı ilin fevral-martında Stalin müharibədən qabaq irəli sürülmüş şüara: sosializm quruculuğunun başa çatdırılması və kommunizmə keçmək şüarına qayıtdı. 1946-cı ilin martında SSRİ XKS SSRİ Nazirlər Soveti adlandırıldı. 1946-cı ilin mayında SSRİ Ali Sovetinin sessiyasında 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik plan haqqında qanun qəbul edildi. Dördüncü beşilliyin əsas vəzifəsi müharibə nəticəsində bərbad hala düşmüş xalq təsərrüfatını, ilk növbədə isə sənaye və nəqliyyatı bərpa etmək, onu müharibədən əvvəlki səviyyəyə çatdırmaq və ötüb keçmək idi. 1946-cı ildə ölkədə baş verən quraqlıq və aclıq nəticəsində 1 milyon adam tələf oldu. Kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox aşağı idi. İşçi qüvvəsi az idi. Ona görə sənaye və kənd təsərrüfatında məhbuslar, sürgün olunanlar və əsirlərdən geniş istifadə edilməyə başlandı.
Müharibədən sonra dövlət bütün qüvvələri səfərbərliyə alaraq xalq təsərrüfatının bərpası işinə başladı. Səkkiz saatlıq iş günü bərpa olundu. İş vaxtından əlavə məcburi işləmək ləğv olundu. 1948-ci ildə «Təbiəti dəyişdirməyin Stalin planı» meydana gəldi. Planda meşə qoruyucu tədbirlər görmək, suvarma sistemlərini inkişaf etdirmək, gölcüklər, su anbarları yaratmaq nəzərdə tutulurdu. Sonradan bu plana hökümətin iri kanallar tikilməsi haqqında qərarları da əlavə edildi. 30-cu illərdən tətbiq olunan «Paketlər» praktikası adlanan praktika, yəni heç bir siyahidən keçməyən xeyli pul ödəmələri praktikası da fəaliyyət göstərməkdə davam edirdi. SSRİ-də xalq təsərrüfatının sürətli bərpasında Almaniyadan təzminat əvəzində gətirilən avadanlıqlar da mühüm rol oynadı. 1947-ci ildə SSRİ-də pul islahatı keçirildi. Pulun dəyəri birə on qat yüksəldi. 1947-ci ildə ölkədə talon sistemi ləğv edildi. 1947-1950-ci illərdə çox işlənən zəruri tələbat mallarının dövlət qiyməti beş dəfə azaldıldı. Talon sistemini ləğv edildikdən sonra ərzağın qiyməti bahalaşdı. Yalnız yüksək əmək haqqı alan elm, mədəniyyət xadimlərinin, istehsalatın böyük rəhbərlərinin olduqca məhdud təbəqəsinə həyatın çətinlikləri, demək olar ki, toxunmurdu. 1948-ci ildə sənayedə plan yerinə yetirildi və sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. Sonrakı illərdə isə hətta onu ötüb keçdi. Azərbaycanda Daşkəsən, Mingəçevir, Sumqayıt kimi yeni sənaye şəhərləri yarandı. Kənddə vəziyyət yenə də yaxşı deyildi. Kənd təsərrüfatı məhsulunun təhvili planlaşdırılarkən kəndin imkanlarına deyil, dövlətin tələbatına əsaslanırdılar. Kənd təsərrüfatının texniki təchizatı aşağı olaraq qalırdı. Kolxozçunun öz həyət-bacasında saxladığı hər şeyə qoyulan vergi o qədər böyük idi ki, mal-qara saxlamaq, meyvə ağacları yetişdirmək sadəcə olaraq əlverişli deyildi. Kəndlilər vergi yükündən xilas olmaq üçün bağlarını qırırdılar. Kolxoz və sovxoz məhsulunun satınalma qiymətləri o qədər aşağı idi ki, bəzən kolxozçuların əmək haqqını ödəmək olmurdu. Kolxozçuların yerdəyişmə azadlığını müharibədən əvvəl məhdudlaşdıran normalar saxlanılırdı. Onlar əslində pasport almaq imkanından məhrum idilər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat, pensiya təminatı onlara aid edilmirdi. Kənd əhalisinin tikintilərə və zavodlara qəbulunun təşkili kəndlilərin şəhərə axınını güclənirirdi. SSRİ kənd təsərrüfatında müharibədən əvvəlki səviyyəyə 1950-ci ildə çatdı. Müharibə ərəfəsində SSRİ-yə birləşdirilmiş Pribaltika respublikaları, Qərbi Ukrayna, Qərbi Belarusiya, Şimali Bukovina və Bessarabiyada kollektivləşmə həyata keçirildi. Bu dövrdə iri kolxozların yaranması prosesi sürətləndirildi. Sosial sahədə də müəyyən işlər görüldü. 1952-ci ildə partiyanın XIX qurultayında dördüncü beşilliyə yekun vuruldu.
Müharibədən sonra siyasi strukturda da müəyyən dəyişiklikliklər oldu. Yerli sovetlər, respublikaların Ali Sovetləri və SSRİ Ali Sovetinə seçkilər keçirildi. İlk dəfə olaraq məhkəmələrin və iclasların müstəqil və qapalı seçkiləri aparıldı. Bütün bunlarla bərabər dövlət tərəfindən totalitar rejm daha da gücləndirildi. Dövlət islah əmək düşərgələri sistemi (DİƏDS) özünün ən yüksək zirvəsinə çatdı. Cinayətkarlıq ciddi problemə çevrildi. Çünki əllərdə xeyli silah var idi. Müharibə qurtardıqdan sonra dərhal ordudan tərxisolunma başlandı. Keçmiş döyüşçülər öz ailələrinə, dinc əməyə qayıdırdılar. Lakin onlar öz vətənlərində təhqirlə qarşılanırdılar. Onların hamısı Stalinin şübhə, inamsızlıq, anlaşılmazlıq maşınından keçməli olurdu. Bu, hərbi əsirlərə xüsusilə aid idi. Müharibənin lap əvvəlində hələ 1941-ci il avqustun 16-da imzalanmış əmrdə deyilirdi ki, əsir düşən komandirlər və siyasi işçilər fərari hesab olunur və onların ailələri həbs edilməlidir. Əsir düşmüş əsgərlərin ailələri dövlət yardımından və müavinat almaqdan məhrum edilirdilər. Müharibə qurtardıqdan sonra əsirlikdən azad olunanların kütləvi yoxlanışı başlandı. Vətəndə onları istintaqlar gözləyirdi.
Müharibədən sonra Stalin hərbçilərin nüfuzunun güclənməsindən ehtiyat edirdi Bir sıra yüksək rütbəli hərbçilər, o cümlədən aviasiya marşalı A.R.Novikov, generallardan R.N.Ponedelin, N.K.Kirillov mühakimə edildilər. Stalin Jukovun xalq arasında olan nüfuzundan qorxaraq onu cəzalandırmadı. Halbuki Beriya dəfələrlə Stalini inandırmağa çalışırdı ki, Jukov Sovet hökumətinin düşmənidir. Stalin buna inanmadığını bildirməklə bərabər, onu Moskvadan uzaqlaşdırmış, Ural hərbi dairəsinin komandanı təyin etmişdir. Müharibədən sonra kütləvi təqiblərin yeni dalğası başlandı. 1948-ci ildə təşkil olunan «Leninqrad işi» üzrə 2 minə qədər adam həbs edildi. «Həkimlər işi» deyilən proses hazırlandı. Yəhudi həkimlərə qarşı təqib gücləndi.
Milli siyasət sahəsində də ciddi nöqsanlara yol verildi. 1951-ci ildə türk xalqlarının milli eposları, o cümlədən «Dədə Qorqud» və «Manas» dastanları «irticaçı və xalqa zidd» eposlar kimi qələmə verildi. Milli muxtariyyat tələb edən Yəhudi Antifaşist komitəsinə amansızcasına divan tutuldu.
Müharibə dövründə sovet adamlarının Avropada olması, Avropa həyat tərzi ilə tanışlığı onların dünyagörüşündə kəskin zədiyyətlər yaranmasına səbəb oldu. Onlar Avropadakı demokratiyanı öz ölkələrində görmədiklərini artıq başa düşməyə başladılar. Bütün bunlar xalqda demokratik əhval-ruhiyyə yaratmış, ziyalılarda diktaturanı zəiflətmək, kəndlilərdə kolxozlardan imtina etmək, müttəfiq respublikaların əhalisində milli siyasəti dəyişdirmək istəyi doğurmuşdu. Hətta bir sıra yerlərdə, Moskva, Voronej, o cümlədən, Bakıda müharibədən sonra antisovet təşkilatlar da yaranmışdı. Lakin onlar fəaliyyət göstərə bilmədilər. Əlbəttə, bütün bunlar sovet rəhbərliyinin diqqətindən yayına bilməzdi. Ona görə kosmopolitizmə qarşı mübarizə pərədsi altında SSRİ yenidən xarici aləm üçün qapanmağa başladı. SSRİ vətəndaşlarının xarici ölkələrin vətəndaşları ilə nigaha girməsinin qadağan edilməsi haqqında 1947-ci ildə qanun qəbul edildi. Bu dövrdə partiyanın rəhbər rolu artırılmağa başladı. 1946- cı ildə «Partiynaə jizn» adlı jurnal çap edilməyə başladı. Jurnalın səhifələrində partiyanın təbliği gücləndirildi. Ölkədə elm, mədəniyyət xadimləriə qarşı hücumlar gücləndi. Bu dövrdə ÜİK(b)P MK-nın qəbul etdiyi bir sıra qərarlar bunun parlaq təzahürləri idi. «Dram teatrların repertuarlarını yaxşılaşdırmaq haqqında», «Leninqrad» və «Zvezda» jurnalları haqqında, «Böyük həyat» kino-filmi haqqında qəbul edilən qərarlardan məqsəd burjua həyat tərzinin sovet mədəniyyətinə, sovet incəsənətinə təsir etməsinin qarşısını almaq idi. Bu dövrdə bir sıra görkəmli elm xadimlərinə qarşı da təqiblər güclənirdi.
SSRİ-nin bu dövrdə xarici siyasətində SSRİ-ABŞ münasibətləri mühüm yer tuturdu. 1949-cu ilə qədər ABŞ atom üzərində dünyada yeganə inhisara malik olan dövlət idi. ABŞ-da 1949-cu ildə SSRİ-nin 10 şəhərinə 300 bomba atmaq planlaşdırılmışdı. XX əsrin 80-cı illərində Harri Trumenin arxivində 10 gün ərzində yerinə yetirilmək üçün SSRİ-yə verilməsi nəzərdə tutulmuş ultimatumun layihəsi tapılmışdır. Ona SSRİ-nin ultimatumu yerinə yetirə bilməyəcəyi təqdirdə məhv ediləcək şəhərlərin siyahısı də əlavə edilmişdi. 1947-ci ildə Korolyov ilk dəfə raket ixtira etdi. 1948-ci ildə SSRİ-də zəncirvari nüvə reaksiyası alındı. 1949-cu ildə isə SSRİ atom silahını əldə etməklə ABŞ-ın atom üzərində inhisarına son qoymuş oldu. 50-ci illərin əvvəllərində SSRİ-də məşhur alimlər Saxarov, Bert tərəfindən istilik nüvə silahı kəşf olundu.
Hələ İkinci dünya müharibəsinin son dövründə müttəfiqlər arasında Polşa, Almaniya, Şərqi Avropa məsələsində baş verən ixtilaflar dünyanın qərb və şərq qütblərinə bölünməsinə, onların arasında ziddiyyətlərin kəskinləşməsinə, «soyuq müharibə»nin başlanmasına və SSRİ-nin onun başlıca ifaçılarından biri olmasına gətirib çıxardı. SSRİ 1945-ci ildə BMT təşkil edilərkən alman faşizmindən zərər çəkmiş respublikalar kimi Ukrayna və Belarusiyanın da onun tam hüquqlu üzvü olmasına nail oldu. SSRİ İkinci dünya müharibəsindən sonra ilk növbədə sosializm düşərgəsini genişləndirmək və öz mövqeyini bu düşərgədə möhkəmləndirmək prinsipini əsas götürdü. Avropanın «sovet modeli»ni qəbul etmiş ölkələrində SSRİ öz qoşunlarını saxlamaqla bərabər, «kömək» pərdəsi altında, onların daxili həyatına müdaxiləni də gücləndirdi. Təkcə Yuqoslaviya SSRİ-nin siyasətini tənqid etdi. 1947-ci ilə SSRİ sosialist ölkələrinin Məlumat bürosunu təşkil etdi ki, sosialist ölkələrindən birində baş verən hadisələr digər sosialist ölkələrinə də çatdırılsın. 1949-cu ilin yanvarında SSRİ-nin başçılığı altında Marşall planına cavab olaraq sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradıldı. SSRİ Almaniyanın birləşdirilməsi məsələsində razılığa gəlməyərək 1949-cu ildə özünə düşən Şərq işğal zonasında Almaniya Demokratik respublikasını yaratdı. SSRİ İngiltərənin mandat sistemi ilə İkinci dünya müharibəsinə qədər idarə etdiyi Fələstin ərazisində müstəqil Ərəb və yəhudi dövlətləri yaranması haqqında 1947-ci il noyabrın 29-da BMTnin qətnamə qəbul etməsində yaxından iştirak etdi. SSRİ-nin fəal köməyi ilə 1949-cu ilin oktyabrında Çin Xalq Respublikası təşkil edildi. Monqolustan, Vyetnam və Şimali Koreyada sosializm quruluşuna keçid başlandı. 1950-1953-cu illərdə olmuş Cənubi və Şimali Koreya arasındakı müharibədə SSRİ Şimali Koreyanın tərəfində yaxından iştirak etdi və Koreyanın indiyə qədər parçalanmış halda qalmasının səbəbkarlarından biri oldu. Yaponiya ilə sülh müqaviləsini imzalamaqdan imtina etdi.