29.Təhsil cəmiyyətin mühüm insitutu kimi Təhsilin sosiologiyası sosioloji biliyin bir sahəsi olub, sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənir. Bu istiqamətin meydana gəlməsi XX əsrin 20-ci illərinə təsadüf edir, başlıca olaraq, sosial stratifikasiya, əmək bölgüsü, ictimai proses olan təhsil və tərbiyə konsepsiyaları ilə sıx əlaqədə təşəkkül tapmışdır. Təhsilin sosiologiyasının problematikası kifayət qədər genişdir. Buraya əsasən aşağıdakıları aid etmək olar:
- təhsil sistemlərinin, xüsusən müasir təhsil sistemlərinin meydana gəlməsi, fəaliyyəti və inkişafı;
- elmi-texniki tərəqqi və qloballaşma şəraitində təhsilə verilən istehsal-texniki və sosial tələblər;
- təhsil sahəsində sosial bərabərlik və bərabərsizlik problemi;
- tədris müəssisəsi sosial sistem kimi;
- təhsil sisteminin siyasi institutlarla, cəmiyyətin sosial strukturu ilə, milli münasibətlərlə, insanların mənəvi dünyası ilə qarşılıqlı əlaqə və təsiri;
- fərdin sosiallaşmasında və inkişafında təhsil sisteminin, onun müxtəlif altsistemlərinin rolu.
Sosioloji biliyin bu sahəsinin əhəmiyyətini ondan görmək olar ki, Beynəlxalq Sosiologiya Assosiasiyasında artıq 1970-ci ildən «Təhsilin sosiologiyası» adlı tədqiqat komitəsi fəaliyyət göstərir. İnkişaf etmiş ölkələrdə təhsilin sosiologiyasına maraq ikinci dünya müharibəsindən sonra, xüsusən 60-70-ci illərdə əhəmiyyətli dərəcədə artmışdır.
Bu, iki mühüm səbəblə bağlı idi:
a) təşəkkül tapmış təhsil sistemi elmi-texniki tərəqqinin yeni tələblərindən geri qalırdı;
b) tələbələrin, əhalinin müxtəlif qruplarının ali və orta təhsilin demokratikləşməsi uğrunda kütləvi çıxışları genişlənmişdi.
Ayrı-ayrı ölkələrdə təhsilin böhranlı vəziyyətinə dair müxtəlif istiqamətli müzakirələr onunla nəticələndi ki, bu sahədə tədqiqatlar, elmi axtarışlar xeyli intensivləşdi. Təhsilin müxtəlif pillələrinin əhaliyə müyəssərliyi, təhsil alan gənclərin həyat tərzi, pedaqoji heyətlə qarşılıqlı münasibətləri, ictimai münasibətlər, maraqlar və gözləmələr sistemində vəziyyət və s. məsələlər əhatəli tədqiqat obyektinə çevrildilər. Bu halda elmi axtarışların istiqamətləri tədricən genişlənir, diqqətdən kənarda qalan, yaxud az diqqət yetirilən problemlərə dair tədqiqatlar meydana gəlirdi. Məsələn, «şansların bərabərləşməsində», sosial mobillikdə təhsil amili; fasiləsiz təhsilin sosial problemləri; işçilərin yenidən hazırlanmasının və ixtisasının artırılmasının müxtəlifliyi; məzunların əmək bazarında vəziyyəti; ali məktəblərin onların sosial-mədəni mühiti ilə qarşılıqlı əlaqə və təsiri; cəmiyyətin təhsil sisteminə təsir hüdudları; həmin sistemə iqtisadi konyukturanın, siyasi rejimlərin dəyişilməsinin, ideoloji amillərin nəticələrini neytrallaşdırmaq imkanlarının axtarılması, o cümlədən təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi; müxtəlif cəmiyyətlərdə təhsil sistemlərinin meydana gəlməsi, tarixi təkamülü, fəaliyyəti və inkişafı xüsusiyyətlərinin öyrənilməsi; orta və ali təhsilin sosial-selektiv rolu; təhsildə ayrı-seçkilik və bərabərsizlik hallarının aradan qaldırılması; bir sıra kompensasiyaedici proqramların işlənib hazırlanması və həyata keçirilməsi; təhsil sisteminin liberallaşdırılması və demokratikləşdirilməsi; təhsil alan şəxslərin maraqlarının nəzərə alınması və s. bu qəbildəndir.