Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə normalarının əsas vəzifəsi, əvvəlcədən ən vacib şəhərlərin həyat tərzini yüksəltməkdən və obyektlərin, təsərrüfat sahələrinin sülh və müharibə dövründəki fövqəladə hadisələrdə işinin dayanıqlılığının artırmaqdan ibarətdir.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin layihələndirilməsi normaları aşağıdakıları əhatə etməlidir:
- əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsini;
- mümkün itki və dağıntıların azaldılmasını;
- obyektlər və xalq təsərrüfatı sahələrinin dayanıqlı işinin təmin edilməsini;
- dağılmış sənaye mərkəzlərində xilasetmə işlərinin tez və keyfiyyətli yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasını.
Fövqəladə hallarda obyektdə işin dayanıqlılığını artıran tədbirlər kompleksində mühəndis–texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük əhəmiyyətə malikdir. Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün görülür.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin yerinə yetirilməsi, planlı surətdə MM-nin maddi-texniki bazasının möhkəmlənməsi və öz vəzifəsini yerinə yetirmək üçün daim hazırlığını artırmaqdan ibarətdir. Bu tələbatlar bütün respublika ərazisində yayılır. Bunlara bütün nazirliklər və idarələr, layihə və quruculuq təşkilatları rəhbərlik edir. Ümumi tələbata uyğun olaraq nazirlik və idarələr, fövqəladə vəziyyət zamanı dayanıqlılığını artırmaq üçün görüləcək tədbirlərin ardıcıllığını, həcmini və xarakterini müəyyən edən göstərişlər işləyib hazırlayırlar. Qeyd edək ki, mühəndis–texniki tədbirlərin həcmi və xarakteri obyektin vacibliyindən, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda yarana biləcək təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, fəhlə və qulluqçuların sayından və digər şərtlərdən asılı olur.
Mühəndis–texniki tədbirlərin hazırlanması üçün verilən məsələlər, şəhər və obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün qoyulan məsələlərin əsas tərkib hissəsi olmaqla, uyğun MM qərargahları ilə razılaşdırılır. İri şəhərlər və mühüm əhəmiyyətli obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi gözlənilən ərazidə dağılma zonası müəyyənləşdirilir. Bu zona nüvə zərbəsinin, zərbə dalğasının izafi təzyiqinin qiyməti 10 kPa və daha çox olan ərazidir.
Bütün mümkün dağılma zonası iki zonaya ayrılır:
- Mümkün güclü dağıntı zonası izafi təzyiqin qiyməti 30 kPa və daha çox olan;
- Mümkün zəif dağıntı zonası izafi təzyiqin 10 kPa – 30 kPa qədər olan halda baş verir.
Mümkün dağıntı zonasının sərhəddi uyğun olaraq hesabat yolu ilə və MM mühəndis–texniki tədbirlərini planlı surətdə nəzərə almaqla, seçilən tikinti sənaye müəssisələri və xalq təsərrüfatının digər sahələrində yeni kommunikasiya xəttləri, eneji, su-qaz təchizatı, nəqliyyat və rabitə hesaba alınmaqla müəyyənləşdirilir.
Fəaliyyətdə olan normativ sənədlərlə əsas mühəndis–texniki tədbirlər müəyyən edilir və burada aşağıdakı ardıcıllıq nəzərə alınır və yerinə yetirilir:
- Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat;
- Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi planlaşmasına olan tələbat;
- Enerji-su və qaz təchizatının layihələşdirilməsi və tikilməsinə olan tələbat;
- MM-nin mühafizə qurğularının tikilməsinə olan tələbat.
Bu tədbirlərdən bir neçəsini, layihə və mühəndis-texniki təşkilatlarına aid olanları qısaca nəzərdən keçirək.
Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün ən effektli və real tədbir, respublikanın məhsuldar gücünü maksimal seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir. Bundan irəli gələn normativ sənədlərdə xalq təsərrüfatı obyektlərinin yerləşməsinə aşağıdakı tələbatlar müəyyən edilmişdir:
1) Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün respublika ərazisi üzrə bərabər yerləşməli və paylanmalı;
2) Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini cari təmin edən ərzaq anbarları, sərnişin və yük daşıyan dəmir yol stansiyaları şəhər ətrafında bərabər qaydada yerləşdirilməlidir;
3) Mümkün zəif dağıntı zonalarında, az əhəmiyyətli müssisələr, anbarlar və dəmir yol stansiyaları yerləşə bilər;
4) Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi xəstəxanalar, istirahət evləri, sanatoriyalar, düşərgə və sağlamlıq mərkəzləri mümkün dağıntı zonalarından kənarda yerləşdirilməlidir;
5) Su basmasına məruz qala bilən fəlakət zonalarında, mühüm əhəmiyyətli xalq təsərrüfatı obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşdirilməsi qadağandır;
6) Xüsusi əhəmiyyətli obyektlərin, təbii və süni yeraltı boşluqlarda yerləşdirilməsi məsləhətdir;
7) Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən müəssisələr, suyun axarı istiqamətində, yaşayış məntəqələrindən mümkün qədər aşağı ərazidə yerləşdirilməlidir.
Şəhərlərin, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi zamanı əsas tələbat aşağıdakılardan ibarətdir:
1) Şəhər və yaşayış rayonlarının respublikanın bütün ərazisində bərabər yerləşdirilməli;
2) Yaşayış olan şəhərlərin böyüməsini və iri şəhərlərin tikilməsini məhdudlaşdırmalı;
3) Şəhərin əhali məskunlaşmış yerlərini sahəsi 250 ha çox olmayan yaşayış rayonlarına ayırıb eni 100 m-dən az olmayan yaşıl zolaqlar salmalı;
4) Nəqliyyatın şəhərdən kənara çıxması üçün şəhər daxili küçələr salmalı;
5) Küçələrin dəmir yol xətti ilə və həmçinin öz aralarında kəsişmə yerləri eyni səviyyədə ehtiyat keçidlərilə əsas yoldan 50 m-dən az olmayan məsafədə təmin olunmalı;
6) Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye müəssisələri arasında sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq üçün magistral xətlə əlaqələnməli;
7) Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı zonasından kənarda yerləşdirilməli;
8) Tramvay və trolleybus parkları iri şəhərlərdə hissə-hissə şəhər ətrafı yerlərdə yerləşdirilməli;
9) Parklarda, bağlarda, bağçalarda və tam tikilməmiş meydançalarda, yanğın söndürmək üçün süni su tutumları yaratmalı;
10) Mümkün dağıntı zonalarında sənaye binalarını maksimum dərəcədə az mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikməli;
11) Binaları yanmayan və çətin yanan materiallardan hazırlamalı;
12) Texnoloji avadanlıqları mümkün qədər açıq meydançalarda yerləşdirməli;
13) Mümkün dağıntı zonasında yerləşən yeyinti sənaye binaları və qurğuların ərzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli maddələrin keçməsinə qarşı tədbirlərin görülməli;
14) Şəhərlərdə olan hamam və avtomobil yuma məntəqələri elə qurulmalıdır ki, fövqəladə vəziyyət zamanı onlardan istifadə oluna bilsin;
15) Anbar otaqları zirzəmi və yarım zirzəmilərdə tikilməli və onların qapı və pəncərələri minimum qədər az olmalıdır.
Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən biri kəsilərsə, bu müəssisənin öz işini dayandırmağa məcbur edir və nəticədə planlaşdırılmış məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər və yaşayış məntəqələrində insanların həyat fəaliyyəti pozulur. Buna görə də göstərilən sistemlərin təchizatının yüksək səviyyədə olması üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan aşağıdakıları göstərmək olar:
1) hökmən azı iki mənbədən götürülməli;
2) bu mənbələr bir-birindən kənar yerləşdirilməlidir ki, onlar eyni vaxtda dağılmasınlar;
3) bu mənbələr öz aralarında elə birləşdirilməlidir ki, lazım olan vaxt ehtiyat mənbə sistemə rahat qoşula bilsin;
4) mümkün dağıntı zonalarında bu mənbələr yeraltı qoruyucu çuxurlarda yerləşdirilməlidir;
5) hər bir mühüm əhəmiyyətli obyektin özünün bu təchizat sistemlərinin ehtiyat mənbələri olmalıdır;
6) obyektlərdə yanğını söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır;
7) təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün dağıntı zonasından kənarda yerləşdirilməlidir.
Bu cür elementlərə aşağıdakılar aiddir:
a) enerji təchizat sistemində - elektrik stansiyaları, idarəetmə mərkəzləri, yüksək gərginlikli elektrik ötürücü xəttləri;
b) su təchizatı sistemində - nasos stansiyaları və təmizləyici qurğular;
c) qaz təchizatı sistemində - qaz paylayıcı stansiyaları və magistral qaz kəmərləri.
8) təchizat xətlərində avtomat və yarım avtomat ayrıcı və bağlayıcı qurğular qoyulmalıdır.
9) yeni təchizat sistemi hazırlanarkən köhnəsini ehtiyat mənbəyi kimi saxlamaq məsləhətdir.
10) Obyektlərin başqa yanğın növünə keçirilməsinə baxılmalıdır. Bu zaman su təchizatından texnoloji proseslərdə maksimum istifadə etmək üçün o dövr etdirilməlidir. Suyun zəhərlənməsinin qarşısı maksimum alınmalıdır, obyektlərdə yanğını söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat boruları olmalıdır ki, bundan lazım gəldikdə magistral boru kəmərlərində və obyektin özündə istifadə olunmalıdır.
Bundan başqa MM mühəndis-texniki layihələşdirmə və normalarında hər bir sistem üçün ayrılıqda, çoxlu tələbatlar müəyyənləşdirilmişdir. Lakin bu tələbatların çox hissəsi tikinti üçün deyil, istifadə üçün olduğundan biz onlara baxmırıq.
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir. Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir. Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.
Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir. Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir. Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.
Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir.