4.Birinci dünya müharibəsinin xarakteri və iştirakçı dövlətlərin məqsədləri Birinci dünya müharibəsi bütün iştirakçıları dövlətlər tərəfindən işğalçı, imperialist və ədalətsiz olmaqla dünya ağalığı və onu yenidən bölmək uğrunda müharibə idi.
Müharibədə iştirak edən hər bir dövlətin məqsədləri var idi.
Almaniya dünyanı öz xeyrinə yenidən bölmək uğrunda mübarizə aparırdı. Müharibəyə dair Almaniya proqramı uzun illər boyu işlənilmiş və müxtəlif dəyişikliklərə məruz qalmışdı. Almaniyanın müharibədəki məqsədləri Panalman ittifaqının 1914-cü il 28 avqust tarixli tələblərində qəti olaraq müəyyənləşdirildi: sənayecə inkişaf etmiş Belçikanı işğal etmək və onun Afrikadakı müstəmləkələrinə sahib olmaq; Rusiyanın təbii ehtiyatlar cəhətdən zəngin torpaqlarını tutmaq və münbit torpaqlarda alman yaşayış məntəqələri salmaq; Fransanın Lonqvi və Brie dəmir filizi hövzələrini özünə birləşdirmək, Fransa ilə sərhədi Belfor, Tuliya, Verdendən və Soma çayından qərbə keçirtmək və həmçinin fransız müstəmləkələrinə sahib olmaq; İngiltərənin dəniz hökmranlığına son qoymaq, dünya bazarlarında ingilis rəqabətini zəiflətmək, dəniz dayaq məntəqələri əldə etmək və ingilis müstəmləkələrini tutmaq; məğlub ediləcək dövlətlərdən külli miqdarda pul təzminatı almaq; gələcəkdə “Böyük Almaniyanın” inkişafı üçün heç bir təhlükənin olmamasından ötrü bütün rəqiblərini tamamilə zəiflətmək.
Avstriya-Macarıstanın müharibəyə dair proqramına Balkanlarda hegemonluğa sahib olmaq, Serbistanı, Polşa çarlığını, Podolu və Volını özünə birləşdirmək, qələbə təqdirində ölkədə milli ziddiyyətləri aradan qaldırıb möhkəm dövlət yaratmaq, Avropa işlərində mühüm rol oynamaq və b. daxil idi. Avstriya-Macarıstanın bu proqramı həyata keçirtməsində Almaniya da maraqlı idi. Proqramın yerinə yetirilməsi alman kapitalının Avstriya kapitalı ilə birlikdə Balkanlara, Egey dənizi rayonununa və Türkiyəyə ixracına şərait yaradardı, Üçlər ittifaqı dövlətlərini İran körfəzi ilə ərazi cəhətdən birbaşa birləşdirərdi. Bunun da mühüm hərbi-strateji və iqtisadi əhəmiyyəti olardı.
Rusiyanın işğalçılıq planlarına Almaniyanın qüdrətini məhv etmək, Qalisiyanı, Neman çayının aşağı axarını özünə birləşdirmək, İstanbulu işğal etmək, boğazlara sahib olmaq, Avropada imperialist niyyətlərini həyata keçirtmək və b. idi.