230
yaxınlaşmağa başladı. Mən Mürşüdə ehtiyatsızlıq etməməyi məsləhət
bildim və yaxınlıqdakı təpədən o tərəfə getməməyi tapşırdım. Onlar bir
qədər soldakı təpəyə yaxınlaşaraq, oradakıların kim olduqlarını çağıraraq
soruşdular. Amma cavab gəlmədi. Mürşüd elə zənn etdi ki, onlar da
bizim artilleriya kəşfiyyatçıları ola bilərlər. Həm də kapitan bu ərazilərdə
özü kəşfiyyat aparmış, bu yerlərdə ermənilərin olmadığını bildirmişdi.
Onlar qarşı tərəfdən cavab gəlmədiyini görüb açıqlığa çıxaraq, tala ilə
təpəyə yaxınlaşmağa başladılar. Bu həddindən artıq ehtiyatsızlıq idi. Mən
nə qədər çağırıb onları saxlamağa çalışsam da kapitan M.Məmmədov
mənə əhəmiyyət vermədi və onlar irəliləyərək talada görünməz oldular.
Bu kapitan Mürşüd Məmmədovun qorxmadan düşmən üzərinə axırıncı
gedişi oldu.
Mən pulemyotçu Elxana, və yanımızda qalan əsgərlərə-Mehdiyev
Mirzəli və Həsənov İlqara döyüşə hazır olmaq əmri verdim. Özüm də
yarım metr hündürlüyündə bir daşın arxasına uzanaraq, 1-ci tağım
komandiri çavuş Məmmədə tağımı dərədən çıxarıb sağ cinahda qarlı
təpədə mövqe tutmasını tapşırdım. Məmməd əyilə-əyilə aşağıya-tağımın
gizləndiyi dərəyə doğru qaçdı. Pulemyotçu Elxan pulemyotu təzəcə
qurmuşdu ki, qəflətən Mürşüd Məmmədovun dəstəsi talada atəşə tutuldu
və eyni vaxtda bizim dayandığımız təpə də hər tərəfdən avtomat və
pulemyotlarla atəşə tutuldu. Döyüş başladı. Meşə talasında olanlar güclü
düşmən atəşinə məruz qaldılar. Bizim dayandığımız təpəlik də üç
tərəfdən atəşə tutulmuşdu. Taladakılar yüksəklikdə mövqe tutmuş
düşmənin əl qumbaralarının, avtomat və pulemyotlarının atəşi altında
geriyə sürünməyə cəhd etsələr də artıq gec idi. Mən onları qorumaq və
düşmən atəşi altından geriyə çıxarmaq üçün əsgərlərə əmr etdim ki,
düşməni atəş altında saxlasınlar və özüm də avtomatla ermənilərin atəş
nöqtələrini atəşə tutdum...
Balaca bir daşı özümüzə səngər seçmişdik. F.Alışov ratsiya ilə
məlumat verirdi. Yanımızda bir pulemyotçu, rabitəçi və iki əsgər var idi.
Başımızı qaldırmağa imkan yox idi. Bir düşmən snayperi, bir avtomatçısı
və bir pulemyotçusu bizim dayandığımız təpəni aramsız olaraq atəşə
tutmuşdu. Pulemyot və avtomat güllələri yağış kimi yağırdı. Mən bir
daha diqqətlə ətrafı gözdən keçirdim. Sağ tərəfdən-Lök qalasının
üstündən və sol tərəfimizdəki yüksəklikdən də bizə atəş açıldığını
müəyyən etdim. Döyüş meydanından geriyə sürünərək çıxan baş
leytenant Çıraq Bayramov və baş leytenant Adil Nağızadə bildirdilər ki,
sol tərəfdən meşənin yuxarısından da bizə pulemyotla atəş açırlar,
mühasirədəyik. Kapitan Mürşüd Məmmədovun, gizir Kamal Hacıyevin
və bir neçə əsgərin talada vurulduğunu da Çıraq Bayramov dedi.
Hər şey